Bazar günü, 2024-12-22, 10:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » May » 4 » Qadin ishlemelidirmi?
10:16 AM
Qadin ishlemelidirmi?

Qadin ishlemelidirmi?
 
Qadının işləməsi və ya işləməməsi məsələsi yalnız müsəlmanların müzakirə obyektinə daxil olan bir məsələ deyil. İslam dininin şərtlərini və ya qaydalarını etiraf etməyən xalqlar və cəmiyyətlər belə, qadının necə işləməsi haqqında həmişə danışıblar.

Hər bir cəmiyyət və təşkilat müxtəlif fikir və rəylərlə danışıb. Əlbəttə İslam dinini qəbul edənlər qadının işləməsi haqqında çox yazılar oxumuş, çoxlarını da oxşar mövzular sayaraq artıq bu cür mövzulara fikir verməməyə qərar vermişlər.
Biz qadının işləməsi barədə deyilənlərin, yazılanların əksəriyyəti ilə razıyıq və rəylərin düzgün olduğunu qəbul edirik. Hər bir yaradılanın müxtəlif vəzifəsi olduğu kimi, kişi ilə qadının da vəzifələri müxtəlifdir. Bu baxımdan bir çox fikir bildirənlər qadının daha çox evdə oturub lazımi işlərlə məşğul olmasını uyğun görüblər. Düzdür, qadının ev şəraitini yaxşılaşdırması, kişiyə lazım olan ehtiyacları ödəməsi, uşaqlarını tərbiyə etməsi və sairə kimi işlər çox bəyənilir. Həmçinin, qadının kişidən həm düşüncə həm də fiziki baxımdan fərqli olmasını da qəbul etməliyik. Ancaq mövzuya daha real və aktual olaraq baxsaq, biz bildirilən fikir və rəylərlə qadınların mənzildən çıxıb işləməsinin qarşısını ala bilmərik. Müasir dövrdə elə işlər və ixtisaslar var ki, onlar məhz qadınlara xas olmalıdır, burada kişinin işləməsi heç də uyğun sayılmır. Əgər biz qadının evdən çıxmaması rəyi ilə hökm versək, onda həmin işləri kişilərin görməsinə razılıq verəcəyikmi?! Məsələn, doğum evlərində, qadın məsləhətxanalarında, qızlar üçün tədris müəssisələrində kişilərin olması nə qədər uyğundur? Hətta bəzi başqa müəssisə və şirkətlərdə, qadınların müraciət etdiyi yerlərdə kişilərin olması nə dərəcədə bəyənilir? Təsəvvür edin ki, qadın paltarları satılan bir dükana qadınlarımızdan biri gedib hər hansı bir paltar almaq istəyir, bu paltarın forması və ölçüsü barədə, satıcı kişi iləmi məsləhətləşməlidir?! Bəs yaxşı alt geyimi almaq istəyərkən?! Deyəcəksiniz ki, problem deyil, mən gedib öz yoldaşıma, anama və ya bacıma alt geyimi alaram, təki o, evdə otursun, hə?! Bank, telefon, poçt, kitabxana və sairə kimi müştəri xidmətləri olan şirkətlərdə müraciət edən qadınlarla kimlər əlaqə bağlamalıdır? Bu cür halları çox saymaq olar, amma gəlin mövzudan qaçmayaq. Əlbəttə, zərif cinsin nümayəndələri bizim zəif yerimizdir deyə bu cür mövzulara həssas yanaşırıq, iradlarımızı tez bildiririk, emosionallığımızı idarə etməkdə çətinlik çəkirik. Amma aktual və real bir şeyi düzgün formada fikirləşə bilsək, yəqin ki, həll yollarını da tezliklə tapmaq olar.
Qadının evdən çıxması, başqa yerdə işləməsi mövzusuna toxunulan kimi həmişə bunun mənfi tərəfləri qeyd olunur. Halbuki həmin mənfi tərəfləri imkan dairəsində yox etmək bəzən mümkündür, eyni zamanda müsbət tərəfləri də unutmaq olmaz. Qadının işləməməyini üstün tutanlar uşaqların tərbiyəsi ilə məşğul olmasını, qadının özünə artıq əziyyəti verməsini, kişisinə verdiyi əziyyəti, cəmiyyətdə törətdiyi fəsadları və sairini əsas gətirirlər
Yuxarıda sadalananlar daha qısa, lakonik olaraq qeyd olunub. Belə ki bu sadalananların timsalında bir çox başqa məsələni də qeyd etmək mümkündür. Ancaq məsələyə təkcə tənqidi yöndən yanaşmasaq, bəzi problemləri həll edə bilərik. Yeni doğulmuş uşağın anasına işdən icazə verərlərsə, o, 2 il uşağının yanında ola bilər. Ondan sonra uşaq bağçalarının xidmətindən istifadə edərək ana axşamlar da uşaqlarının tərbiyəsi ilə məşğul ola bilər. Əlbəttə uşağın daim ananın yanında olması daha düzgündür, amma bəzən o anaya cəmiyyətdə də ehtiyac var, axı onun vəzifəsini əvəzləyən birisini tapmaq çətindir.
Bəli, qadın həm ev işlərinin qeydinə qalmaq, həm uşaqların tərbiyəsi həm də səhərdən axşama kimi işləmək əziyyətini çəkir. Bir tərəfdən də bir çox işə başı qarışan qadın həyat yoldaşına o qədər diqqət göstərə bilmir. Ancaq işləmək istəyən və vəzifəsini dərk edən qadın bunları idarə etməyi bacarmalıdır, əgər edə bilmirsə, o zaman evdə oturması daha məsləhətdir. İstisnalar isə həmişə mövcud olacaqdır.
Əsasən qadının cəmiyyət arasına çıxması, kişilər ilə bir yerdə olması, onlara qaynıyıb-qarışması və onlarla birgə iş görməsi əsas problemdir. Bu yöndə isə qadın çalışıb əks cinsin nümayəndəsi ilə sıx əlaqədə olmayan, bir otaqda təklikdə qalmayan bir yerdə çalışmalıdır. Çox şeylər qadının özündən də asılıdır. Qəlbində Rəbbinin təqvası olan, daim Rəbbini yad edən və Rəbbinin onu nəzarət etdiyini hiss edən, şəriətin buyurduğu kimi geyinib evdən çıxan, yalnız öz işi ilə məşğul olan, lazımsız işlərdə və söhbətlərdə iştirak etməyən qadın daim qorunacaqdır! O qadın cəmiyyətdə bir fəsad törətməyəcəkdir və ətrafındakılar da ona hörmətlə yanaşacaqlar. Bu zaman həm özü rahat olacaq həm də Rəbbi ondan razı qalacaqdır. Yenə deyirik: istisnalar həmişə mövcuddur.
Ancaq, gəlin, bu mövzuya başqa bir yöndən - müsbətlər yöndən baxaq:
Qadınların işləməsi daha çox uyğun olan yerlərdə qadınların olması əsasən cəmiyyətdə rahatlıq yaradır. Məktəbdə qızına dərs keçən, ona elmi öyrədən şəxsin qadın olduğunu bildikdə ata rahatlıq tapır. Qız isə qadınlar və qızlarla daha gözəl ünsiyyət yaradır və əks cinsin nümayəndəsindən çəkinmək və ya tərəddüd etmək sıxıntıları yaşamır. Kitabxanada işləyənlərin qadınlardan olması da qızlara lazımi kitabların, ədəbiyyatın, müxtəlif mövzulara dair məlumatların əldə edilməsində rahatlıqla həmin qadınlara müraciət etmələrinə imkan verir. Doğum evində yalnız qadınların işləməsini bilən ər, ata və ya qardaş bununla rahat olur. Daxili və xarici problemlərin həllində qadın da kişiyə kömək edir. Xarici problemlərdən və vəziyyətdən xəbəri olmayan qadın həyat yoldaşını bəzən anlamır. İş problemləri, işin əziyyəti və işlədiyi yerdə üzləşdiyi çətinliklərə görə qadın ərinin çətinliklərini anlayır, ona bir çox şeylərdə güzəştə gedir. Sosial və maddi yöndən qadın evinə və ərinə köməklik etmiş olur. Eyni zamanda işləməyi bacaran, cəmiyyət arasına çıxa bilən, evini və özünü idarə edə bilən qadın boşanarsa belə, problemlərlə az üzləşir, çıxış yolları tapmaqda çox da çətinlik tapmır. Uşaqları bir az böyümüş, məktəbə gedən uşaqların anaları günlərinin bir hissəsini boş keçirməmək üçün işləməlidirlər.
Bütün sadalananlara baxmayaraq, həmişə istisnalar olacaqdır. Qadının azmasının qarşısını almaq, cəmiyyətdə xələl törətməməsi, ailəyə və insanın özünə rahatlıq verməsi üçün çox vaxt qadının evdə işləməsi və evdə qalması qərarını verirlər. Bəzən qadına evdə də iş tapşırmaq olar. Bu zaman kişi öz işlərinin az bir hissəsini də olsa qadına başa salıb ona tapşıra bilər. Elə işlər də vardır ki, qadın onları ev şəraitində də görə bilər, axı dövrümüzdə internet və telefon bir çox işi həll edir.
Qadının işləməsi problemini valideynlər elə uşaq vaxtından övladlarına öyrədə bilər və bu məsələni həll edə bilərlər. Bunun üçün qızın düzgün ixtisas seçməsi, cəmiyyətdə qadına ehtiyac duyulan vəzifənin mənimsənməsi gələcəkdə ailə problemlərinin qarşısını alar və bir çox mübahisəyə son qoya bilər.
Sonda qısa da olsa qeyd etmək istəyirik ki, bu mövzu haqqında daha ətraflı danışmaq mümkündür. Ailədəki vəziyyətdən, cəmiyyətdəki hallardan və sair kimi səbəblərdən asılı olaraq bu məsələni daha geniş müzakirə etmək olar. Amma qadının işləməsinə, cəmiyyət arasına çıxmasına razılıq veririksə, onun kişidən fərqli bəzi şərtləri mütləq olmalıdır. İşin və vəzifənin qadının qadınlığına uyğun olması, kişilərlə çox sıx əlaqədə və təklikdə olmaması, uşaqlarının tərbiyəsinə pis təsir etməməsi, ərini hüquqlarından məhrum etməməsi, himayəsində olduğu şəxsdən (atadan, qardaşdan, ərdən və s.) icazə alması, iş yerinin İslamın bəyənmədiyi hallarla "dolu” olmaması (insanların mədəniyyətsiz ünsiyyəti, natəmizlik, əxlaqsızlıq və s.), qadının şəriətin qaydalarına uyğun evdən çıxması mütləq şərtlərdəndir.
 
Category: Bezi meslehetler | Baxış: 1097 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]