Bazar günü, 2024-12-22, 4:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 6 » Qəza və Qədər
7:36 PM
Qəza və Qədər
Qəza və Qədər


Bismillahir-rəhmanir-rəhim

 

Sünni və şiə əqidəsinə görə qəza və qədər.

 

Bir araşdırma: Daha sonralar şiəliyi qəbul etmiş sünni bir gəncin dedikləri:

"Daha əvvəllər qəza və qədər mövzusu mənim üçün çətin və anlaşılmaz bir mövzu idi. Bunu aydınlaşdıracaq bir təfsir tapa bilmirdim. Bir tərəfdən əhli-sünnə baxışında insanın təbiətinə uyğun fellərə yönəldildiyini və Allah taalanın hər kəsə anasının bətnində ikən iki mələk göndərib ruzisini, əməlini, şəqavət və ya səadət əhli olacağını yazdığını öyrənmişdim. Bir tərəfdən də ağlım və vicdanım Allahın adil olduğunu və qullarına zülm etmədiyini deyirdi. Necə ola bilər ki, Allah Özünün yazıb məcbur etdiyi feildən ötrü insanları hesaba çəkib cəzalandıra? Bir tərəfdən fikirləşirdim ki, Allah taala həqiqətən güc sahibi və Cəbbardır. Ondan nə edildiyi soruşulmaz, onlar (məxluqat) sorğuya çəkilər. (Ənbiya surəsi, ayə 23). "O istədiyini edəndir.”(Buruc surəsi, ayə 16.)

"Məxluqatın bir qismini cənnət üçün, digər bir qismini cəhənnəm üçün yaratmışdır.”

Digər tərəfdən "O qullarına qarşı Rəhman və Rəhimdir, bir zərrə belə zülm etməz.” (Nisa surəsi, ayə 40.)

"Sənin Rəbbin qullara zülm edən deyildir.” (Fussilət surəsi, ayə 46).

"Allah insanlara zülm etməz, fəqət insanlar özləri-özlərinə zülm edərlər.”(Yunis surəsi, ayə 44) kimi ayələrlə qarşı-qarşıya qalırdım. Fikirləşirdim insan etdiklərinə cavabdehdir. ”Hər kim bir zərrə qədər xeyir etsə onu görəcək və hər kim bir zərrə qədər şər iş görsə əvəzini görəcək.” (Zilzal surəsi, ayə 7-8).

Bəzən də insanın yönləndirildiyini düşünürdüm; ”Allah istədiyini azğınlığa uğradar və istədiyini hidayət edər.” (Fatir surəsi, ayə 8).

Bu qəza və qədər barədə alimlərə sual verdikdə onların cavab tapmadıqlarını və buna görə də bu mövzuya çox dalmamağı deyirdilər. Hətta bunu bəhs etməyin haram olduğunu deyirdilər. ”Bir müsəlman qəza və qədərin Allahdan olduğuna inanmalıdır və bunu qəbul etməlidir...” Onlara sual verəndə ki, necə olur Allah bir qulu günah işləməyə məcbur edə və sonra da onu cəhənnəmə ata?! Onda da məni küfrlə təhdid edib qorxudurdular. Bu səbəblə ağıllar çaşıb, evlənmə boşanma, hətta zinanın da qədərə bağlı olduğuna inanılmağa başlanmışdi. Hətta yemək-içmək də əvvəldən təqdir edilmişdir. Halbuki bu Quranla ziddir. Çünki Quranda deyilir:

”Siz xoşunuza gələn qadinlarla evlənin.”

(Nisa surəsi, ayə 3).

Bu da evlənərkən həyat yoldaşının seçiminin insanin öz əlində olduğunu bildirir. Bəqərə surəsi 229-cu ayədə isə "Boşamaq iki dəfə olur, ondan sonra ya gözəlliklə qadını saxlamaq, ya da xoşluqla buraxmaq” deyilir. Zinanın da insanın öz əlində olduğunu söyləyən ayə var. ”Və zinaya yaxın düşməyinki, o çox ayıb və pis bir yoldur.”

(İsra surəsi, ayə 32).

Hətta şərab və adam öldürməyin də ixtiyari və iradi bir iş olduğunu Allah Quranda bizə belə bəyan edir: ”Allahın haram qıldığı nəfsi hər hansı bir haqq olmadıqda (qisas kimi) öldürməyin.” ”Yeyin, için, amma israf etməyin; O israf edənləri sevməz.” (Əraf surəsi, ayə 31). Bu ayələri deyərkən onlar da mənə Ali-İmran surəsi 26-cı ayəsini dəlil olaraq gətirib, hər şeyin Allahın əlində olduğunu sübut etməyə çalışdılar: ”Deki: ”Ey Allahım, ey mülkün Sahibi, mülkü istədiyinə verər və istədiyindən də mülkü alarsan; isdədiyini əziz edər, istədəyini zəlil edərsən. Xeyir sənin əlindədir, Sən hər şeyə qadirsən.”” Mən də cavabında dedimki, Allahın istəyi mövzusunda və bir şeyi etmək istədikdə insan və cinlərin ona qarşı gələ bilməyəcəklərini mən də qəbul edirəm. İxtilafımız insanların əməlləri möxzusundadır.

Ondan sonra yenə cürbəcür bəhanələr gətirdi və sonda "Sizin dininiz sizə mənim dinim mənə”-deyərək söhbəti bağladı. Onda mən dedimki, sizin etiqadiniza görə hər şeyi Allah edir və qulun seçmə haqqı yoxdur. O halda nəyə görə bunu xilafət haqqında demirsiniz? Yəni nəyə görə xilafət barədə də hər istədiyini edən odur, insanların seçmə haqqı yoxdur demirsiniz. Onda mənə: ”Bəli, Allah əvvəlcə Əbubəkri, Öməri, Osmanı və daha sonra da Əlini xilafətə seçdi. Əgər Əlini birinci istəsəydi Ona heç kim mane olmazdı” -deyərək özü də bilmədən özünü çətinə salmış oldu. Dedim:

”Onda ya Allahın ilk 4 xəlifəni özü seçdiyini, sonrakıları isə insanların ixtiyarına buraxdığını, ya da Rəsulallah (s)-in vəfatından qiyamətə qədər bütün xəlifələrin Allahın seçdiyini qəbul etməlisən.” O 2-cısini qəbul etdiyini dedi. Sonra ona "Sizin sözünüzdən belə çıxırki, sultan və padşahlar tərəfindən törədilən günah və azğınlıqların faili də əstəğfirullah və nəuzubillah Allah tərəfindəndir?”

"Bəli belədir” -deyə mənə cavab verdi. Hətta Fransanın Tunisi tutmasının da bununla əlaqədar olduğunu təsdiq etdi. Ona Əbubəkrin Səqifədə xəlifə seçilməsi haqında ayəmi endiyini sual elədim. Mənə, "yox Peyğəmbər (s)-dən sonra vəhy yoxdur” dedı. Amma Allah onun seçilməyini istəməsəydi insanlar bir şey edə bilməzdilər. Və mən ona heç cür başa sala bilmədimki, Allahın insanları bir şeyə məcbur etməsi başqa şeydi, amma bu işi insanların necə görəcəyini öz elm sifətilə əvvəlcədən bilməsi başqa şeydi. (Necəki Allah namazı hamıya əmr edib. Amma hamı qılmır. Və kimin qılıb qılmayacağını Allah öz elmiylə bilir. Belə deyilki, onun namaz qılmamasını əvvəldən qədərində yazaraq onu qılmamağa məcbur edib. Belə bir iş Allahın ədalətindən uzaqdır.)

Bəli bir çoxlarının müdafiə etdiyi və mənim də sünni olan zaman inandığım qəza-qədər inancı bu idi. Bu səbəblə insanların böhrana girəcəyi təbii bir şeydir. Beləki insanlar bir şeyi etmək istədilkəri zaman bunu Allahın etməsini gözləyər və məsuliyyəti də Onda görər. Bu halda oğurluq edən, zina edən, qız uşağına təcavüz edib sonra öldürən bir adama "bunu niyə etdin?” deyəndə, "hər şey Allahın əlindədir, Rəbbim belə edibmiş” deyəcək. O zaman Allahın qız uşaqlarının diri-diri torpağa basdırılmasını istəyib sonra da "Hansı günahdan ötrü öldürülmşdür?” -deyə soruşması qəbul edilən deyil. Ey Rəbbim sən belə bir işdən münəzzəhsən!

Bir az araşdırma aparsaq bunun əməvilərin uydurması olduğunu görərik. Beləki, Allah mülkünü onlara verib xalqa hakim etdiyini iddia edərək xalqın müxalifət etməsinə mane olmaq və belə bir müxalifətin Allaha və Onun iradəsinə qarşı çıxmaq olması və cəzasının öldürülmək olduğunu ifadə edirdilər. Beləliklə də onların haqsız hakimiyyətinə qarşı çıxanları öldürməyi bir növ sığortalayırdılar və bu qətlə haqq qazandırırdılar. Bu sözə sübut olaraq bir çox tarixçilərdən dəlil gətirmək olar.

”Tarixi-Təbəri”-də qeyd olunubki, Osmana xilafətdən əl çəkməsini söylədikdə demişdir:

”Mən Allahın mənə geydirdiyi bir köynəyi çıxartmaram”.

Buradan belə çıxırki, bu xilafəti bir köynək kimi Allah ona geyindirib və Ondan başqa heç kim onu ala bilməz.

Maviyə xalqa belə dedi:

”Mən sizinlə oruc tutub zəkat verəsiniz deyə savaşmadım. Mən sizlərə hökm etmək üçün savaşdım. Siz istəməsiniz də Allah bu məqamı mənə verdı.”

Bu xütbədən görürük ki, Maviyə bir az da irəli gedib, xalqa hökm etmək üçün müsəlmanlarla savaşıb, onları öldürmək də Allahın ona köməkçi olduğunu iddia edir. (Çox məşhur bir xütbədir.)

Kərbəla əsirləri məlun İbn Ziyadın məclisinə gətiriləndə, İbn Ziyad imam Zeynulabidinə (ə) işarə edərək "bu kimdir?” deyə soruşdu. Cavab verəndəki həzrəti Hüseyn (ə)-ın oğlu Əli (ə)-dır, dediki, ”Allah Hüseynin oğlunu öldürmədi?” Onda Xanim Zeynəb (ə) ona ”xeyr, onu Allahın və Rəsulunun(s) düşmənləri öldürdü.” cavabını vermişdir. Buradan görürük ki, etdikləri əməlləri pərdə arxasına salmaq üçün hər vasirədən istifadə etmişlər.

Beləliklə insanların işlərində məcbur olduqları inancı Bəni Üməyyə və köməkçilərinin uydurması və çirkin əməllərini həyata keçirmək üçün bir vasitədir. Beləliklə istədiklərini edib sonra da bunun daha əvvəl Allah tərəfindən yazılmış olduğunu deməklə, özlərinə bəraət qazandırırdılar.

İndi isə nəzər yetirib görək Allahın hüccəti, Peyğəmbərin ağır əmanəti, elmin çırağı olan Əhli-beyt imamları (ə) qəza-qədər haqqında nə deyir.

Şiə alimləriylə tanış olduqdan və kitablarını oxuduqdan sonra qəza-qədər haqqında sanki yeni bir elm tapdım. Bir nəfər həzrəti Əli (ə)-dan bu barədə sual edəndə imam belə dedi:

”Yazıqlar olsun sənə, sən qəza qədərin mütləq bir şey olduğunumu sanirsan? Belə olsaydı artıq savab və cəza verməyin bir mənası qalmazdı və söz verən boş yerə söz vermiş olardı. Allah taala qullarına ixtiyarən əmr etmiş və ixtiyarən nəhy etmişdir. Onların təkliflərini asanlaşdırmış, çətinləşdirməmişdir. Az bir əmələ çox savab vermişdir. Allah taala məğlub olaraq üsyan edilməmiş, zorla da heç kimi itaət etməyə məcbur etməmişdir. Peyğəmbərləri oyuncaq olsun deyə göndərməmiş, kitabları boş yerə nazil etməmişdir. Göyləri, yeri və onların arasında olanları boş yerə yaratmamışdır. Bu kafirlərin xəyalıdır. Cəhənnəm atəşindən ötrü vay olsun kafirlərə.”

Bu mövzuda bunda daha açıq bir söz və daha sağlam bir dəlil görməmişdim. Əməllər sərbəst və ixtiyarəndir. Allah əmr etmiş amma seçimi bizə buraxmışdır. ”Allah üsyan edilərək məğlub edilməmişdir” sözünün mənası budur ki, Allah bir işi insanlar üçün məcbur qılsaydı, aləm birləşsəydi Ona qalib gələ bilməzdi. Başqa sözlə insanların bir işi görməməyi nəuzubillah Allahı məğlub etməsi deyil. Əksinə Allahın insanlara itaət və üsyanda bir sərbəstlik və seçim haqqı verməsidir. Bunu Allah taala Kəhf surəsi 29-cu ayədə belə açıqlayır:

”Deki, haqq Rəbbinizlədir. Kim istəyir imansın, kim də istəyir inanmasın (kafir olsun)”.

Daha sonra imam (ə) mövzuya bir az da açıqlıq gətirir ki, bəzilərinin inandığı kimi əgər insan feillərində məcbur olsaydı, o zaman artıq peyğəmbər göndərib, kitab endirmək bir növ oyun, faydası olmayan bir iş olardı. Allah taala isə oyun və əbəs işdən uzaqdır. Peyğəmbərlərin (s) göndərilməsi və kitabların enməsi insanları islah edib, onları zülmətdən çıxarıb nura hidayət edərək nəfsani xəstəliklərini müalicə etmək və səadətli bir həyatın nümunəvi yolunu onlara açıqlamaq üçündür.

Bir qrupun cəbrə və bir qrupun da təfvizə (tam ixtiyar) inandığı bir vaxtda şiənin qəza və qədər mövzusunda inancını incələyərkən bunun çox sağlam bir inanc olduğunu görərik. Elə Əhli-beyt imamları (s)-in varlığı da islamı inancları islah etmək və bu yoldan sapanları təkrar doğru yola çəkmək üçündür. Əhli-beyt imamları deyir:

”Nə cəbr (məcburiyyət) doğrudur, nə də təfviz. Bu ikisi arasında bir şeydir.”

Biri həzrəti imam Sadiq (ə)-a bu sözü deyərkən nəyi qəsd etdiyini soruşanda belə cavab verdi: ”Yer üzündə yeriməyin yıxılmağın kimi deyil.”

Bunun mənası budur ki, biz yeriyərkən öz ixtiyarımızla yeriyirik, amma yıxılanda iradəmizdən asılı bir şey olmur. Beləcə nəticəyə gəlmək olar ki, ən doğru görüş, cəbrlə təfviz arasında olan görüşdür. Yəni bir qism işlər bizim öz əlimizdə olub, ikinci qism işlər isə iradəmizdən xaricdir. Bunlara boyun əyməliyik. Birincidən ötrü hesaba çəkilərik, amma ikinciyə görə məsuliyyət yoxdur. O halda insan həm muxtardır (ixtiyar sahibi), həm də məcbur.

1-İnsan bir işdə düşünüb, nəhayət etmək və ya etməmək qərarı aldığı fellər:

Allah Şəms surəsində buna işarə etmişdir: ”And olsun cana və əzasını düzüb-qoşana ...And olsun kim özünü yaxşıca təmizləmişsə qurtulmuşdur, muradına çatmışdır. Və and olsun ki, kim özünü kirlətmiş, pisliyə gönmüşsə ziyana girmişdir.”

O zaman nəfsin təzkiyyəsi və çirklənməsi insanın öz əlində olduğu kimi, fəlah və ya zərərə uğramağı da bu seçimin mütləq və ədalətli nəticəsidir.

2-İnsan onu əhatə edən Allah taalanın iradə və istəyinə boyun əymişdir:

Yəni bütün dünyaya hakim olan qanunlarına qarşı məcbur edilmiş vəziyyətdədir. İnsan özünün kişi və ya qadın seçə bilməz. İnsan rəng və irqini də seçə bilməz. Hansı ata-anadan dünyaya gələcəyini də seçə bilməz. Bundan başqa bəzi genetik xəztəliklərə də boyun əymək məcburiyyətindədir. Yorulsa yatar, acısa yeyər, susasa su içər.

Bu bəhsi Əhli-beyt imamlarından olan, elmi hər kəs tərəfindən təsdiq edilən, hətta 14 yaşına çatmamış zamanının ən bilikli adamı olaraq tanınan 8-ci imam həzrəti Əli ibn Musa Rza (ə)-ın sözləriylə bitirirəm.

İmama "nə cəbr doğrudur, nə də təfviz, ikisi arasında bir şeydir.” sözünün mənası soruşulanda belə demişdir:

”Allah taalanın bizim işlərimizi edib, sonra bizə o feildən ötrü əzab verdiyini zənn edən kimsə cəbrə qail olmuşdur. Allah taalanın yaratmaq və rizq işini öz hüccətlərinə təfviz etdiyini xəyal edən kimsə isə haqq yoldan sapmışdır. Cəbrə qail olan kafirdir, təfvizə qail olan isə müşrikdir. ”İkisi arasında bir şeydir” sözünün mənası Allahın əmr etdiyi şeyi edib, nəhy etdiyindən qaçmağın yoluna inanmaqdır.”

Yəni Allah taala onu xeyri edib etməməyə qadir etdiyi kimi, şərri də edib etməməyə qadir etmişdir. Xeyri əmr edib, şərri nəhy etmişdir.

Bu sözlər ən sadə, hətta savadsız bir adam üçün də açıq və aydındır. Çünki, Əhli-beyt (ə) hər cür elmin mahir bilicisidir. Necə ki, Rəsulallah (s) Əhli-beyt (ə) haqqında buyurmuşdur: ”Onlardan (Əhli-beytdən) önə keçməyin həlak olarsınız. Və onlardan geri də qalmayın ki, yenə həlak olarsınız. Onlara elm öyrətməyə qalxmayın ki, onlar sizdən daha biliklidirlər.”

 

İslammaarifinde elmi tədqiqat mərkəzi


islammaarifinde.com


Category: Diger me'lumatlar | Baxış: 1112 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 2
0  
2 Ənfal   (2011-01-08 4:00 PM) [Daxil et]
Allah sizden de razi olsun xanim. Buyurun paylasa bilersiz. Halaldir. Amma bezi xeberler basqa saytlardan kocurulduyu ucun istisna etmek vacibdir.

0  
1 Narxanım   (2011-01-08 2:55 PM) [Daxil et]
Allah razı olsun.Mən bu saytdan bəzi yazıları götürrüəm və dostlarımın da görməsi üçün facebookda paylaşıram. Bu yazılarda haqqı olanlar Allaha xatir haqqınızı halal edin.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]