Bazar günü, 2024-12-22, 9:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 14 » Qələmə xəyanət
4:09 PM
Qələmə xəyanət


Allah-taala Qurani-kərimdə qələmə and içir…

Mətbəənin J.Gutenberg tərəfindən ixtira edilməsindən - yəni XVII əsrdən üzü bəri "Mətbuatın vəzifəsi nə olmalıdır, o, necə nəzarət altına alınmalıdır, jurnalist kimə qarşı məsuliyyət daşıyır?” şəklindəki mübahisələr bu günə qədər gəlib.

Mətbuat-media dünyasında bu məsələ ilə bağlı olaraq fikir birliyi, beynəlxalq miqyasda bağlayıcılığı olan qaydaların mövcud olmadığını deyə bilərik. Ancaq bir çox məsələdə yerli çərçivəni aşaraq, beynəlxalq səviyyəyə çatan və qəbul edilən məfhumlar var. Bu məfhumlar ABŞ-da, İngiltərədə, Avropada və Türkiyədə də qəbul edilib. Bu prinsiplərdən vaz keçilməməsi bitərəf, müstəqil, obyektiv jurnalistikanın əsas şərti olub, bir çox ölkənin böyük media qurumları o prinsiplərə əməl edilməsini özünün əsas vəzifəsi saymaqdadır.

Məsələyə tarixi perspektivdən baxsaq, görərik ki, XVI və XVII əsrlərdə mətbuatın vəzifə və məsuliyyəti və müəyyən mənada məqsədi iqtidarın siyasətini dəstəkləmək və "Müqəddəs dövlətin” əmrinə hazır vəziyyətdə olmaq idi. Çünki Monarxın absolyut gücü bunu tələb edirdi. O dönəmlər üçün dövlət hər şey idi – dövlətin qarşısında isə fərd heç bir şey idi. Siyasi sistem və onun başında duranlar tənqid edilə bilməzdi. Mətbuatın vəzifəsi dövlətin əmrlərini "təbəəyi – qullara” çatdırmaq idi.

XVII əsrin sonu XVIII əsrin əvvəllərində güclənən burjuaziya sinfi sayəsində mətbuat və jurnalistlər peşə sahələrində və məqsədlərində dəyişikliyə getdilər. Özlərini "Rasionalist fəlsəfə” ilə "Təbii haqlar” məfhumları ilə inkişaf etdirdilər. Artıq vəzifələrini dövlətə xidmət etməkdən ibarət hesab etməməyə başladılar. Əsas vəzifələrinin ictimaiyyətə məlumat vermək olduğunu anladılar. Yəni, qulluq dövründən yurddaşlıq dövrünə yüksəliş başladı. Ölkələrində nələrin yaşandığını öyrənməyə başlayan fərdlər hökumətlərin siyasətini tənqid etməyə və bu siyasətlərə nəzarət etməyə qadir olduqlarını başa düşdülər. Cəmiyyət və mətbuat avtoritar münasibətlərdən "azad” münasibətlərə keçdi.

XX əsrin birinci yarısında "azad” münasibətlərdən yeni münasibətlər dönəminə keçildi. Liberalizmin qucağında dünyaya gələn bu yəni münasibətlər sistemi "Toplumsal məsuliyyət” düşüncəsinin hakim olduğu dönəmdir. Çünki "azad” sistemdə hər şey "sərbəst bazar” sisteminə indekslənmişdi. Sərbəst bazar əmtəə üzərində yaratdığı təsiri fikirlər üzərində yarada bilmədi. Mətbuat vasitələri, mətbuat sərmayəsi müəyyən şəxs və ailələrin əlində toplandı. Az saydakı mətbuat və media baronu bu gücdən öz iqtisadi və siyasi mənafeləri üçün istifadə etmək yolunu tutdu.

İstənilən və gözlənilən səviyyədə "fikirlərin sərbəst bazarı” yaranmadı. Güclülərin səsi yer kürəsində, fəzada əks-səda verdiyi halda , gücsüzlərin səsi eşidilmədi . Başqa sözlə desək, media nəzarətdən çıxdı; digər tərəfdən isə media hər şeyə nəzarət edən vəziyyətə gəldi.

Bax bu nöqtədə – toplumsal məsuliyyət anlayışı çərçivəsində etik qaydalardan sıx şəkildə bəhs edilməyə başlandı . Bu sual verildi : Mətbuata – mediaya kim nəzarət edəcək?
Mediaya qanunlar nəzarət edəcək. Qanunlarla birlikdə mediaya ictimaiyyət və etik qaydalar nəzarət edəcək.

Jurnalistika etikasında 6 prinsip çox önəmlidir: Doğru olmaq , həqiqi olmaq , ədalətli olmaq, obyektiv olmaq , bitərəf olmaq , müstəqil olmaq . Bunlar jurnalistikanın həm legitimlik , həm də oxucu qazanmasının əsas şərtləridir. İctimaiyyətin gərçəkləri bilmə hüququna sahib çıxmaq və bunun üçün lazımi işləri yerinə yetirmək mətbuatın, medianın, jurnalistikanın əsas vəzifəsidir. Jurnalist ən böyük məsuliyyəti ictimaiyyətə qarşı daşıyır. Bu sorumluluq onu çalışdığı iş yerinin sahibi ilə konsensus yaratmaq mövqeyinə düşməkdən uzaq tutur. Əgər qəzet bazarda yaxşı satılarsa , o qəzetin sahibi bazardan qazandığı pulla jurnalistin maaşını ödəyər. Ancaq bələ bir iş əlaqəsi jurnalistin müstəqilliyi üzərində təzyiq ünsürü olmamalıdır. Heç bir şərt altında bu prinsip unudulmamalıdır: jurnalistin xalqa qarşı məsuliyyəti bütün məsuliyyətlərdən irəlidədir.

Beynəlxalq Jurnalistika Federasiyası (FIJ) tərəfindən qəbul edilmiş peşə prinsiplərinin I maddəsində doğruluq anlayışının vaz keçilməz əhəmiyyəti bu şəkildə göstərilməkdədir : "Doğruya və ictimaiyyətin həqiqətləri öyrənmə haqqına sayğı duymaq jurnalistin birinci vəzifəsidir”.

Amerikan Peşəkar Jurnalistlər Cəmiyyətinin "Etika kodları”nda isə "Jurnalistin borclu olduğu yeganə şey-ictimaiyyətin həqiqəti bilməsidir”, - deyə yazılıb.
Jurnalistin doğru davranış qaydaları, xüsusilə məhkəmə ilə bağlı məsələlərdə böyük əhəmiyyət kəsb edir. Məhkəmədə davam edən proseslərlə bağlı olaraq ədalətli mühakiməyə təsir göstərəcək olan xəbərlər; hələ ki, şübhəli şəxs qismində olan, suçu qətiləşməyən adamlarla bağlı məhkəməsiz cəza mənasını daşıyan suçlamalar; ibtidai istintaqı çətin vəziyyətdə qoyan və onu zəiflədən, yönləndirən xəbərlər; gerçəkliyindən əmin olunmadan təqdim edilən və jurnalisti tərəf vəziyyətinə gətirən yazılar jurnalistika etikasına uyğun deyil.

Öz vəzifəsini yerinə yetirərkən jurnalist təz-təz sual verib onlara cavab almağa çalışan şəxsdir. Bu nöqtədə jurnalistin özünə də suallar verərək cavab axtarması media etikasının başqa bir ölçüsünü təşkil edir.
"Xəbəri doğru , ədalətli, həssas, obyektiv şəkildə yazdımmı?” Jurnalist bu sualın cavabını könül rahatlığı ilə verə bilməlidir.
"Başqaları üçün müqəddəs və məhrəm olan mövzulara toxunurammı? Bunun üçün haqlı səbəblərim varmı? Səbəb olsa bələ , yazılarımda o insanların ürəyini necə qırmaya bilərəm?”
Jurnalist bunun kimi sualları həmişə ağlında saxlamalıdır. Əksi-təqdirdə mətbuat – media etikasından, jurnalist etikasından söhbət etməkdə çətinlik çəkərik.

Musa Hacıöməroğlu
Lent.az (arxiv)
 

Category: Diger me'lumatlar | Baxış: 821 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]