Bazar günü, 2024-12-22, 8:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 15 » POZĞUN MÜHİTDƏN KÖÇ ETMƏK
7:20 PM
POZĞUN MÜHİTDƏN KÖÇ ETMƏK
İslam dinində maraqlı mövzulardan biri də pozğun mühitdən köç etmək məsələsidir. Elə bir mühit ki, orada insanın dini xətərdədir. Bu vaxt insan o mühitdən uzaqlaşmalı və münasib bir yerə köç etməlidir. Deməli, hər hansı bir insan pozğun mühitdə bilərəkdən qalıb günah işlər törətməkdə davam etsə, günahını mühitin təsiri ilə üzrləndirə bilməz. Elə buna görədir ki, Quranda belə şəxslərə xəbərdarlıq edilmişdir, Tarixdə oxuyuruq: Məkkə şəhərində İslam dinini zahirdə qəbul etmiş müsəlmanlardan bir dəstəsi öz yığdıqları mal-dövlətə görə Peyğəmbərlə (s) Mədinə şəhərinə köç etmədilər. Sonralar isə bu şəxslər Bədr döyüşündə kafirlərin dəstəsinə qoşuldular və müsəlmanlara qarşı müharibədə iştirak edib həlak oldular. «Nisa» surəsinin 97-ci ayəsində bu şəxslər barəsində belə oxuyuruq:
«Özlərinə zülm eləyən şəxslərə, mələklər canlarını almağa gələn zaman «Vəziyyətiniz necə idi?»-deyəndə, onlar dedilər: «Biz yer üzündə sıxılmış vəziyyətdə qalan şəxslər idik». Mələklər isə dedilər:
«Bəs Allahın yeri geniş deyildimi? Barı bir köç edəydiniz». Cəhənnəmdir onların sığınacağı. Ora necə də pis yerdir!».
Quranda 26 dəfə köç etmək barədə danışılmışdır. Bu ayələrin bəzisində dinsiz mühitdən köç edənlərə Allah tərəfindən çoxlu mükafat veriləcəyi qeyd olunmuşdur.
Quran ayələrində olduğu kimi, hədislərdə də dini qorumaqdan ötrü köç etməyin əhəmiyyəti haqqında çoxlu ibrətamiz ifadələr işlənmişdir.
İslam Peyğəmbəri (s) buyurur:
مَنْ فَرَّ بِدِينِهِ مِنْ اَرْض اِلى اَرْض وَاِنْ كانَ شِبْراً مِنْ الاَْرْضِ اِسْتَوْجَبَ الْجَنَّةَ وَكانَ رَفيقَ مُحَمَّد وَاِبْرهِيمَ عَلَيْهُمَا السَّلامُ
«Öz dinini qorumaqdan ötrü bir yerdən başqa bir yerə, bir qarış da olsa belə, köç edən şəxs behiştə layiqdir. Və belə bir şəxs (behiştdə) Məhəmməd və İbrahimlə bir yerdə olacaqdır.»(Müntəxbül-təvarix, səh. 875.)
Məhəmməd (s) və İbrahim (ə) tarixin ən böyük köç edənləri olduqları üçün hicrət edən şəxs də bu peyğəmbərlər cərgəsinə daxil olur.
Başqa bir hədisdə oxuyuruq:
İmam Sadiqin (əleyhissəlam) hüzurunda fəsad və günahla dolu bir şəhərin adı çəkildi. İmam orada olan Müfəzzəl adlı bir şagirdinə buyurdu:
وَفَرَّ مِنْها اِلى قُلَّةِ الْجِبالِ وَمِنَ الْحَجَرِ اِلَى الْحَجَرِ
«Dinini qoruyub saxlamaq istəyirsənsə, orada yaşama. Çünki ora pozğunluq və çaxnaşma yeridir».(Səfinətül-bihar, 2-ci cild, 528-ci səh.)
Bu hədisdən də aydın olur ki, qarışıq, pis mühitin insanın günaha düşüb pozulmasında mühüm rolu var. Və insan öz dininə ehtiram əlaməti olaraq belə mühitlərdən uzaqlaşmalıdır.
İslam dini insanlara öz işlərini Allahın razılığı əsasında görmələrini təlim edir. Bu dində ən mühüm məsələlərdən biri də ixlasdır. Yəni bütün işləri ancaq və ancaq Allahın razılığına çatmaq üçün görmək lazımdır. Deməli, insanlar iş görən zaman yaşadıqları mühiti və yaxud avam camaatı yox, Allahın fərmanını nəzərə almalıdırlar. Amma əgər bu cür olmazsa, yaşadığımız mühit ilahi və mənəvi ab-havadan çıxıb, camaatın istəkləri ilə qatışacaqdır.
İmam Musa Kazim (ə) özünün çox dərrakəli bir şagirdi olan Hişam ibni Həkəmə buyurur:
يا هِشامُ! لَوْ كانَ فِي يَدِكَ جَوْزَةٌ وَقالَ النّاسُ لُؤْلُؤَةٌ ما كَانَ يَنْفَعُكَ وَاَنْتَ تَعْلَمُ اَنَّها جَوْزَةٌ، وَلَوْ كانَ فِي يَدِكَ لُؤْلُؤَةٌ وَقالَ النّاسُ اِنَّها جَوْزَةٌ ما ضَرَّكَ وَاَنْتَ تَعْلَمْ اَنَّها لُؤْلُؤَةٌ
«Ey Hişam! Əgər sənin əlində bir qoz olsa camaat isə onu qiymətli daş olduğunu desə, onların bu sözü sənin fikrində heç bir dəyişiklik yaratmaz. Çünki sən onun qoz olduğunu bilirsən. Əksinə sənin əlində qiymətli bir daş olsa, camaat isə onun qoz olduğunu desə, bu vaxt da sənə heç bir ziyan dəyməz. Çünki sən onun qiymətli daş olduğunu bilirsən».(Üsuli-kafi, 2-ci cild, 356-cı səh.)
Loğmanın oğluna etdiyi vəsiyyətində belə oxuyuruq:
لا تُعَلِّقْ قَلْبَكَ بِرَضَى النّاسِ فَاِنَّ ذلِكَ لا يَحْصُلُ
«Özünü camaatın razılığına bağlama. Çünki hamının səndən razı qalması mümkün deyil».
Sonra Loğman bu sözü əməldə də oğluna başa salmaq istədi. Onlar evdən çölə gəlib tövlədən ulağı çıxartdılar. Loğman ulağa minib hərəkət etdi. Oğlu isə piyada atasının ardınca yola düşdü. Onlar yarı yolda bir dəstə adama rast gəldilər. Camaat onları görəndə dedilər: «Bu kişi çox daş ürəkli və rəhmsiz kişidir.» Bu sözü eşidəndə Loğman oğlunu ulağa mindirib, özü piyada hərəkət etməyə başladı. Bu dəfə onlar ayrı dəstə camaatla üzləşdilər. Camaat Loğmanla oğlunu görəndə dedilər: «Bu ata və oğul çox pis adamdırlar. Atanın pisliyi ona görədir ki, oğluna yaxşı tərbiyə verməyib. Oğulun pisliyi isə ona görədir ki, atasına hörmətsizlik edir.» Bu sözü eşidəndə onlar hər ikisi birlikdə ulağa minib yola düşdülər. Onlar yenə də bir dəstə camaatla rastlaşdılar. Camaat bunları görəndə dedilər: «Yaman rəhimsiz adamdırlar, çünki bunlar dilsiz heyvana birlikdə minib onu incidirlər.» Bu sözdən sonra onlar hər ikisi ulaqdan düşüb piyada getməyi qərara aldılar. Lakin bundan sonra onlar daha bir səhnə ilə üzləşdilər. Bu dəfə onların rastına çıxan camaat onları piyada görəndə dedilər: «Bu iki nəfərin işi çox qəribədir. Belə bir gözəl miniyi qoyub piyada yol gedirlər.» Bu vaxt Loğman üzünü oğluna tutub dedi: «Oğlum! Gördün ki, müxtəlif fikirli camaatın razılığını toplamaq mümkün deyil?». Sonra buyurdu:
فَلا تَلْتَفِتْ اَلَيْهِمْ وَاشْتَغِلْ بِرَضى اللهِ جَلَّ جَلالُهُ
«Deməli, onların razılığının yox, ancaq böyük Allahın razılığını fikirləş».
İmam Baqir (ə) buyurur:
«Allahın razı olmadığı bir işi görüb camaatın razılığını qazanmaq istəyən kəs, bir zaman camaatın qəzəbinə düçar olacaqdır. Əksinə, Allahın razı olduğu bir işi görüb camaatın qəzəbinə düçar olan şəxs hər bir düşmənçilik, həsəd və zülmdən amanda olacaqdır və Allahın dininə kömək edəcəkdir».


Category: Exlaq | Baxış: 1292 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 Günahkar-Bəndə   (2013-11-29 1:16 PM) [Daxil et]
maraqlidi ...............

Allahın razı olmadığı bir işi görüb camaatın razılığını qazanmaq istəyən kəs, bir zaman camaatın qəzəbinə düçar olacaqdır.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]