Şənbə günü, 2024-11-23, 1:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 19 » ÖZÜNÜ TANIMAQ VƏ NƏFSI SAFLAŞDIRMAQ
10:09 PM
ÖZÜNÜ TANIMAQ VƏ NƏFSI SAFLAŞDIRMAQ

ÖZÜNÜ TANIMAQ VƏ NƏFSI SAFLAŞDIRMAQ


İnsanın yalnız bir həqiqəti (nəfsi) var, lakin o müxtəlif cəhətlərə və yönlərə malikdir. İnsanın vücudu idraksız və şüursuz torpaq maddəsindən başlanır, mələkuti - mücərrəd bir cövhərlə sona çatır. Allah-taala Qur`ani Kərimdə buyurur: "O Allah ki, hər bir şeyi yaxşı yaratdı, Özü də insanın yaradılışını torpaqdan başladı. Sonra onun nəslini dəyərsiz suyun xülasəsindən (nütfədən) qərar verdi. Sonra onu gözəl və mö`tədil, normal  bir halda bəzədi, Özünün (mücərrəd və Ona mənsub olan dəyərli) ruhundan ona üfürdü, sizin üçün qulaq, göz və qəlb qərar verdi. Yenə də siz Allahı çox az zikr edirsiniz!”[1]


İnsanın vücud baxımından müxtəlif dərəcə, cəhət və mərtəbələri vardır. O, bir tərəfdən təbii bir cisimdir və onun xassələrinə (tə`sirlərinə) malikdir. Digər tərəfdən inkişaf etməkdə olan cisim olub onun xassələrinə malikdir. Həm də (canlı) olub canlıların xassələrinə malikdir və nəhayət o, bir insandır və onun da heyvanlarda mövcud olmayan müəyyən əlamət və xassələri vardır.


Deməli insan bir həqiqətdən ibarətdir, lakin onun vücud baxımından müxtəlif dərəcə və mərtəbələri vardır. Belə ki, insan "mənim çəkim və formam” deməklə özünün inkişaf etməkdə olan cisim mərtəbəsindən xəbər verir. Amma "mənim yeməyim, inkişafım ” dedikdə inkişaf edən cisim mərtəbəsindən xəbər verir. "Mənim hərəkət, şəhvət və qəzəbim” dedikdə öz heyvani mərtəbəsindən xəbər verir. "Mənim əqlim, düşüncəm və təfəkkürüm” dedikdə isə özünün ali-insani mərtəbəsini bəyan edir. Deməli insanın müxtəlif "mən” və "öz” ləri vardır: cismani "öz”, nəbati "öz”, heyvani və insani "öz”. Dəyər və əsalət insani "öz”ə məxsusdur. İnsanı insan edən, onu sair heyvan və canlılardan üstün edən də məhz onun mələkuti, mücərrəd və Allah tərəfindən verilən ruhudur.


Hikmətli Allah Qur`ani Kərimdə insanın yaradılışını belə vəsf edir: "Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə və ananın bətnində) qərar verdik. Sonra nütfəni ələqə və ələqəni yumşaldılmış ət halına saldıq, o əti sümüyə döndərdik, sonra o sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən yaxşısının kamil qüdrətinə afərin!”[2]


Məhz insanın yaradılışı barəsində Allah-taala buyurur: "Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə səcdə etmək əmrini verib buyurur: "Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona verdikdə, siz ona tərəf səcdə edin!”[3]


İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində buyurulur "Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə səvar etdik, hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.”[4] Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.


Deməli insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə onda, heyvani və cismani "öz”ünü yox, insani "öz”ünü pərvəriş verməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana, onun insani yönünün qurulmasında və pərvəriş verilməsində kömək etsin. Peyğəmbərlər insanlara buyurmuşlar ki, özünüzün insani "özünü” unutmayın, əgər insani özlüyünüzü heyvani istəklərinizə qurban versəniz sizə çox böyük bir ziyankarlıq üz verəcəkdir.


Qur`anda buyurulur: "Ey Peyğəmbər, onlara de: Ziyankar o kəslərdir ki, nəfslərini (insani nəfslərini) və öz əhli-əyalını qiyamətdə əldən vermiş olsunlar və aşkar ziyankarlıq da məhz budur.”[5]

Heyvani həyatdan başqa bir şey düşünməyənlər həqiqətdə öz insani şəxsiyyətlərini itirmişlər və onu axtarmaq fikrində deyillər.


Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurub: "O kəsə təəccüb edirəm ki, itiyini axtarmaq üçün çalışır, halbuki özünün (insani) nəfsini (gövhərini) itirmişdir və onu axtarmaq fikrində deyildir.”[6]


Bundan da pis və dərdli ziyan ola bilməz ki, insan dünyada özünün həqiqi və insani şəxsiyyətini uduzub əldən versin. Belə şəxslər üçün heyvanlıqdan başqa bir şey qalmayacaqdır.


İNSANI RUH VƏ HEYVANİ NƏFS

İnsan nəfsi barəsində nazil olan ayələr və nəql olunan rəvayətlər iki qismə bölünür: Bunlardan bir qismi nəfsi çox dəyərli, mələkuti, şərafətli və mücərrəd aləmdən gələn, bütün insani dəyər və səciyyələrdən də fəzilətli olan bir gövhər kimi vəsf edir. Bu qisimdə insana tövsiyə edilir ki, onun qorunub saxlanmasında, qüvvətləndirilməsində və pərvəriş verilməsində ciddi cəhdlə çalışsın, belə bir dəyərli gövhərin əldən verilməməsinə, nəticədə ziyan görülməməsinə sə`y göstərsinlər. Misal üçün Qur`anda buyurulur: "Ey Muhəmməd! Səndən ruhun həqiqəti barəsində soruşurlar, cavabında de: Ruh mənim Pərvərdigarımın əmrindəndir (əmr aləmindəndir) və sizə verilən elm çox az bir şeydir.”[7]


Bu aləmdə ruh əmr (təcərrüd) aləmindən – maddi aləmin fövqündə dayanan bir aləmdən gələn varlıq ünvanı ilə vəsf edilir.


Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə) nəfs barəsində buyurur: "Nəfs çox bir qiymətli gövhərdir, hər kəs onu qoruyub saxlasa onu çox yüksək məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq etsə onu alçaqlığa çəkəcəkdir.”[8]


Başqa bir hədisdə buyurur: "Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə onu fani və ötəri işlər görməklə alçaqlığa çəkməz.”[9]


Başqa bir hədisdə isə belə buyurur: "Hər kəs öz nəfsini şərafətini anlasa onu şəhvətlərin və batil arzuların alçaqlığından qoruyar.”[10]


Yenə buyurur: "Hər kəsin nəfsi şərafətli olsa onun atifələri və insani duyğuları çox olacaqdır.”[11]


Yenə buyurur: "Hər kəsin nəfsi şərafətli olsa, onu (başqalarından bir şey) istəmək zillətindən uzaq saxlayar.”[12]


Bu kimi ayə və rəvayətlərdən mə`lum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir, hər bir kəs onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.


İkinci qismdən olan ayə və rəvayətlərdə nəfs çox şər, insanın düşməni və bütün pisliklərin mənşəyi kimi təqdim edilir və tövsiyə edilir ki, onunla mübarizə aparıb onu məğlub etmək lazımdır, əks halda insanın bədbəxtliyinə səbəb olacaqdır. Misal üçün, Qur`anda buyurulur: "Amma hər kəs öz Rəbbinin məqamından qorxsa və nəfsini, onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır.[13]


Qur`anda Həzrəti Yusifin dilindən belə deyilir: "Mən öz nəfsimə bəraət qazandırmıram, çünki nəfs həmişə insanı pisliklərə əmr edir, yalnız Allahın rəhm etdiyi kəslərdən başqa.”[14]


Peyğəmbəri Əkrəm (s)buyurub: "Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.”[15]


Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: "Nəfs həmişə insanı pisliklərə doğru əmr (sövq) edir. Belə isə hər kəs onu əmanətdar hesab etsə nəfs ona xəyanət edər, hər kəs ona e`timad etsə nəfs onu həlak edər, hər kəs ondan razı olsa nəfs onu daxil olunan ən pis yerə daxil edər.”[16]


Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)başqa bir hədisdə buyurur: "Öz nəfsinə xatircəm olmaq şeytanın ən möhkəm fürsətlərindəndir.”[17]


İmam Səccad (ə) belə deyir: "Pərvərdigara! Sənə şikayət edirəm o nəfsdən ki həmişə pisliklərə göstəriş verir, günah və xətalara üz gətirir, günahı sevir, özünü Sənin qəzəbin qarşısında qərar verir və məni günahlara və fəlakət yollarına çəkir!”[18]


Bu kimi ayə və rəvayətlərdən mə`lum olur ki, nəfs çox pis və şər varlıqdır, bütün pisliklərin mənşəyidir, onunla mübarizə aparıb məğlub etmək lazımdır.


Bə`ziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır, yaxud belə fikirləşə bilər ki, insanın iki nəfsi vardır: biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs, digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki bu iki təsəvvürün hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur, ikincisi isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur, onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən ayrı olması da düzgün deyildir., lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə malikdir. Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir heyvandır, yüksək mərtəbədə isə ona ilahi ruh üfürüldüyü və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma "nəfs sənin düşmənindir, ona e`timad edərsənsə o səni həlak edər, onunla cihad və mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə, yə`ni heyvani mərtəbəsinə işarədir. Əgər "öz nəfsini gücləndir və ona pərvəriş ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər "onunla mübarizə aparıb məğlub et” deyilirsə onun heyvani və alçaq mərtəbəsi nəzərdə tutulur.


Bu iki "öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə mövcuddur. Heyvani "öz” insanı həmişə öz meyl və istəklərini tə`min etməyə sövq edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani "öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün insan özünün heyvani qərizələri və meylləri nəzarət altına alıb cilovlamalı, onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti "öz” qələbə çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru seyr etdirir. Amma əgər heyvani "öz” qələbə çalarsa insan əqlinin çırağı sönür və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.


[1] "Mu`minun” surəsi, 12-14-cü ayələr

[2] "Mö`minun” surəsi, 12-14

[3] "Hicr” surəsi, ayə:29

[4] "Isra” surəsi ayə:70

[5] "Zumər” surəsi, ayə:15

[6] "Ğürərul-hikəm”, səh.495

[7] "Isra” surəsi, ayə:85

[8] "Ğürərül-hikəm”, səh.226

[9] "Ğürərül-hikəm”,səh.669

[10] "Ğürərül-hikəm”,səh.710

[11] "Ğürərül-hikəm”, səh.638

[12] "Ğürərül-hikəm”, səh.669

[13] "Naziat” surəsi ayə:41

[14] "Yusif” surəsi, ayə:53

[15] "Biharul-ənvar”, 70-ci cild, səh.64

[16] "Ğürərül-hikəm”, səh.226

[17] "Ğürərul-hikəm” səh.54

[18] "Biharul-ənvar”, 94-cü cild, səh.143

 

Category: Exlaq | Baxış: 1197 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 emrahzade   (2011-01-21 9:11 PM) [Daxil et]
ALLAH razi olsun
biggrin

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]