Bazar günü, 2024-12-22, 9:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 23 » Oxumaq bizim nəyimizə lazımdı axı?
7:30 PM
Oxumaq bizim nəyimizə lazımdı axı?

Oxumaq bizim nəyimizə lazımdı axı?


     Ay müsəlmanlar, bilmirəm başıma haranın daşını töküm. Vaxt var idi ki, bizim məmləkətdə savadlı, oxumuş adam tapmaq çox müşkül məsələ idi. Yavaş-yavaş "Qori seminariyası” açdılar, "Əkinçi” qəzeti çıxardılar, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları irəli çıxıb camaatı savadlandırmaq üçün əllərindən gələni elədilər. İş o yerə çatdı ki, Hacı Zeynəlabdin Tağıyev 1901-ci ildə qızlar üçün "Qızlar məktəbi” açdı. O vaxt cahil "dindar”lar şiddətlə buna qarşı çıxırdılar. O dövrün məşhur ruhanisi, Mədinədə təhsil almış Axund Əbu Turab isə İslam dinində oxumağın həm qızlara, həm də oğlanlara vacib olduğunu sübut eləmək üçün öz qızını da Tağıyevin məktəbinə göndərdi. Avam "dindar” kütləsi bu dəfə də əl çəkməyib, İslamda ancaq dini elmlərə yer olduğunu bildirdilər. Qarşılığında Avropa və Rusiyada təhsil almış ziyalılarımız bunun tam tərsini söyləyir və Avropa təcrübəsini nəzərə alaraq məktəblərdə din dərsləri keçməyin mənasız olduğu fikrini irəli sürürdülər. Halbuki orta əsr xristianlığı ilə İslam müqayisə olunmaz dərəcədə fərqli xüsusiyyətlərə malikdirlər. Naəlac qalan Axund Əbu Turab "Bizə hansı elmlər lazımdır” adlı kitab yazıb dərc elətdirdi. Bu kitabın mahiyyəti ondan ibarət idi ki, "Təkcə təbiət elmlərini bilməklə insan olmaq mümkün deyil, İlahi hikməti və elmləri bilməklə insan kamala çata bilər! İnsan tibb elmini öyrənməklə təkcə bədən xəstəliklərinə əlac tapa bilər, təkcə bu elmə yiyələnməklə insanlığını kəsb edib, İlahi məqama nail ola bilməz .” Sözüm ondadır ki, o vaxtın məşhur ruhanisi İslamın elmə verdiyi dəyəri müdafiə etmiş, həm dünyəvi, həm də dini elmlərin lazım olduğunu bildirmişdir. Əlqərəz, illər keçdikcə insanlar savadlandılar; qızlar da oxudu, oğlanlar da. Cahil dindarlar da İslam elminin təhsilə verdiyi dəyəri gördülər, bildilər. O vaxtkı cahil "dindarlar”lardan indi tapmaq müşkül məsələdir. Amma di gəl ki, cahillik hələ də qalmaqdadır. Özü də o vaxt xalqın başbilənləri "dindarları” başa salır, qızlarını məktəbə qoymağa təşviq eləyirdilər. İndi isə görün nələr baş verir. Dindarlar öz qızlarını məktəbə göndərir, "başbilən”lər isə onları içəri buraxmır. Əvvəllər "Nə geyimdə məktəbə göndərirsən göndər, istəyirsən çadra geydir, amma göndər, qızın başında bilik olsun ” deyirdilər. İndi isə "nə qədər açıq geyinir geyinsin, amma hicabda gəlməsin” deyirlər. Qəribə millətdir e... O vaxtlar ozünü təmiz müsəlman sayanlar qoçulara pul verərək qızları oxumağa çağıran intiligentləri döydürür, lazım olanda öldürürdülər. İndi isə "intiligent”lər qızlarının oxumağını tələb edənləri döydürür, həbs edirlər. O vaxtlar Axund Əbu Turabın və onun kimi başqa ziyalıların səsini Sovet İttifaqı boğdu. Bütün dinləri tiryək sayan Sovet dövləti nəinki təhsildə dini yolverilməz hesab etdi, hətta Allaha inanmağı da dövlətə xəyanət elan elədi. Nəticədə Axundun dediyi kimi, müxtəlif dünyəvi elmlərə yiyələnən, lakin insanlıqdan, İlahi məqamdan uzaq olan ziyalılar ordusu yarandı. Sovet İttifaqı dağılandan sonra bunlar "Allah ürəyimizdədir” deyərək, Allaha olan inamlarını (əgər varsa) qəlblərinin həbsxanasında həbs etdilər. Bununla da Tanrı qarşısında vəzifələrini bitmiş hesab etdilər. 
     Bilmirəm bu savadlılıq kimə lazım idi. Camaat əkinçiliklə, maldarlıqla yağ-bal kimi dolanırdı da! Neyləyirdik oxuyub, oxuduqlarının Yaradanını dananları? Hamı savadlı olanda oxumamaq da olmur, oxuyanları da soyundururlar, soyunmaq istəməyənləri də oxumağa qoymurlar. Deyən lazımdı, ay zalımın oğlu, oxumaq üçün göz lazımdır ki, görəsən, ağız lazımdı ki, cavab verəsən, əl lazımdır ki, lövhədə yazasan. Onlardan da hicablı qızlar rahat istifadə edirlər. Daha saç, qulaq, boyun, ayaq nəyə lazımdır? Bax bunu başa düşmürəm. Ay hicablıların valideynləri! Uşaqlarınızı aparın qoyun urus, türk, amerikan, yəhudi, lap lazım olsa, erməni məktəbinə. Doğma məmləkət məktəblərində sizə yer yoxdur. Axı doğma ata-baba dininizə uyğun yaşayırsınız! Bu ölkə isə Avropaya inteqrasiya (dilim də yatmır) olunur. Tarix boyu kimlərinsə boyunduruğu altında yaşamaq ənənəsi pozulmamalıdır axı! Nə olsun, adımız müstəqildir? Boyunduruq – elə boyunduruqdur da! Əgər belədirsə, bu savadlanmaq bizim nəyimizə lazımdı axı?! 
     
     
     Müəllif: Kəmalə Mirməcidli
     Redaktor: Mehriban Məhəmmədli

     
Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: Diger me'lumatlar | Baxış: 1722 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 ezrail   (2011-02-24 8:43 PM) [Daxil et]
Bismillahir Rahməhmanir Rahim. Mende sizinle tamamilə razıyam. Sözde müsteqil ölkeyik amma onun bunun elmini mənimsiyirik və özümüzünküləşdiririk. Bu isə müsəlman ölkələri üçün biyabırçılıqdı. Görün biz kimin yolunu gedirik ne gündəyik bu gün , amma birde qerbe baxın kimin yolunu gedirler ve ne veziyetdediler.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]