Bazar günü, 2024-12-22, 3:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 28 » Nifaq
5:38 AM
Nifaq
 
NİFAQ
1-Şəxsiyyətimizi tərbiyə etməyə çalışmalıyıq.
2-Ən pis əxlaqi xüsusiyyətlər.
3-Nifaq evini yandırın!

       İnsanın səadət və xoşbəxtliyə çatmasını, tə’min edən və onu zinətləndirən ən mühüm amil onun "şəxsiyyətidir". Bu qiymətli xəzinə insanın həyatına əzəmət bəxş edərək onu ən yüksək məqam və tərəqqiyə çatdırır. Bəşər, insan olmaq baxımından bir-birləri ilə bərabər olsalar da, şüur, tərzi-təfəkkür, psixoloji vərdiş və əxlaqi xüsusiyyətlər baxımından bir-birlərindən fərqli olurlar. Elə insanları bir-birlərindən ayıran, onlara dəyər və üstünlük verən şey də onların "şəxsiyyətidir".
        Digər təsiredici amillərdən fərqli olaraq şəxsiyyətin qoyduğu təsir bir başa və daimi olur.
        Bəşər bu dünyaya əxlaqi xüsusiyyətlərini daha da təkmilləşdirmək, şüur və tərzi-təfəkkür səviyyəsini təkamülə doğru istiqamətləndirmək üçün qədəm qoymuşdur. Buna nail olduqda o, özünün insani vəzifələrinin nədən ibarət olduğunu dərk edib, onu ən gözəl səviyyədə icra etməyə müvəffəq olur.
         Sağlam bir şəxsiyyətə yiyələnmək və daxil qüvvələrin səadətə doğru istiqamətləndirilməsi cəmiyyət üzvlərinin hər birinin öz qarşısına qoyduğu ən başlıca məqsəd olmalıdır. İnsan bu yolda nə qədər çox fəaliyyət göstərərsə müvəffəqiyyətə də bir o qədər çox ümid bəsləyə bilər. Çünki, yüksək şəxsiyyətdən savayı heç bir şey insanın mənafeyini təmin edə, onu səadətə qovuşdura və təlatümlə dolu olan həyat dənizində üzməyə hazır edə bilməz.
         "Şopen Hauer" deyir: "Şəxsiyyətlərin bir-birlərindən fərqlənməsi təbii bir haldır və onun insanların səadət və ya bədbəxçiliklərinə qoyduğu təsir insanların qoyduqları qanunlardan irəli gələn ixtilafların qoyduğu təsirdən olduqca çoxdur. İnsanın şüur, güc, mənəvi saflıq və bu kimi üstün xüsusiyyətləri həyatda əldə olunması mümkün olan var-dövlət, vəzifə və dərəcə kimi üstünlüklərlə müqayisə olunmazdır. Şüurlu bir insan yalnız bir guşəyə çəkilərək fikir və xəyala dalmaqla ən şirin duyğuları özündə hiss edə bilər. Lakin cahil və nadan insanlar həyatlarında nə qədər dəyişiklər aparıb, müxtəlif tədbirlərə əl atsalar da ruh və cisimlərinə əzab verən ağrıdan yaxa qurtara bilmirlər. "
           İnsanın səadət və xoşbəxtliyə nail olmasına səbəb olan ən başlıca amillərdən biridə ağıl və şüurun güclü fəaliyyətidir. Bunun üçün də biz bu amili qoruyub saxlamaq üçün yiyələndiyimiz məlumatları daha da genişləndirməliyik.
           Şəxsiyyətin gücləndirilməsi üçün atılan addımlardan biri də daxili istedad və bacarıqlardan istifadə və bəhrələnməyin yolları ilə tanış olmaqdır. Bunun üçün insan qarşısına çıxan bütün maneələri dəf etməli və bütün xoşagəlməz xüsusiyyətlərdən uzaq olmağa çalışmalıdır. Lakin o, özünün həqiqi dəyərini dərk etməyincə, heç bir müvəffəqiyyət əldə edə bilməz. Belə olduqda isə vücudunda səmərəli dəyişikliklər aparıb xoşagəlməz ünsürlərdən uzaqlaşması qeyri-mümkün bir hala çevrilir. O, nəinki təkamülə nail olmur, əksinə daha da tənəzzülə uğrayır.
İnsanın rəftarı və dediyi sözlər qəlbinin dərinliklərindən gəlməyincə heç bir dəyər və əhəmiyyət kəsb etməyəcəkdir. Şəxsiyyətin formalaşaraq sabit hal almasını yalnız o zaman bilmək olar ki, ruhun və qəlbin dərinliklərindən mənşə’lənsin. Şərəf və təkamül nişanələri də məhz belə olduqda özünü büruzə verər. Qeyri-sabit şəxsiyyət isə hər şeydən daha çox mənfi təsir bağışlayıb, öz ağrı-acıları ilə insanı uçuruma sürükləyər.

ƏN PİS ƏXLAQİ XÜSUSİYYƏTLƏR

         Ən xoşagəlməz əxlaqi xüsusiyyətlərdən biri də "nifaq və ikiüzlülükdür. " Azadlıq və səadətə layiq və ən yüksək məqama çatmağa qadir olan insan yalan və vəfasızlıq kimi xoşagəlməz xüsusiyyətlərə aludə olduqda, nifaq və ikiüzlülük yoluxucu xəstəlik kimi insanın bütün vücudunu bürüyür. Nifaq, insanın vücudunda bir çox əxlaqi xüsusiyyətlərin meydana gəlməsinə böyük maneə yaradır. Nəfsani təkamülün qarşısını alan hər bir şey isə ruhi təkamül və xoşbəxt həyatla kəskin şəkildə müxalifət edir.
          Nifaq insanın şərəf və mənəviyyatına ağır zərbə vurur. Əxlaqi dəyərlərin aradan getməsinə səbəb olmaqla yanaşı, insanın müvəffəqiyyəti üçün zəruri olan etimadın əvəzinə qəlbə iztirab və bədbinlik toxumu səpir.
             Fırıldaqçı və hiyləgər şəxslər böyük məharətlə özlərini hamıya sevdirir və xeyirxah bir insan kimi tanıtdırmağa nail olur. Ruhi bağlılığı olmadan zahirdə iki nəfər küsülünün hər biri ilə səmimi münasibətlər yaradıb riyakarlıqla birinin tərəfini saxlayır, digərinə qarşı isə müxalif mövqe tutaraq ixtilafların daha da dərinləşməsinə səbəb olurlar.
Bəli! Zahirdə camaatın rəyi ilə müvafiq olub, lazım gəldikdə isə həqiqətdən boyun qaçırmaq münafiq və ikiüzlü şəxslərin ən bariz xüsusiyyətlərindəndir.
            Hansı cəmiyyətdə olursa-olsun, münafiqlər düşmənlərdən daha təhlükəli olurlar. Dahi şəxslərdən biri deyir: "Düşmən həm zahirdə, həm də batində öz çirkin niyyətlərindən əl çəkməz. Çünki düşmənçiliyin yalnız bir rəngi vardır. Kaş ki, dostlar da düşmənlər tək qətiyyətli olaydılar! Şübhəsiz ki, münafiq və riyakar dostlar düşməndən daha pisdirlər. "
            Münafiqlər şərəfli həyatdan məhrum olan şəxslərdir. İkiüzlülüyə adət edən şəxslər heç vaxt ünsiyyətdə olduğu insanların qəlblərində özlərinə yol tapa bilməzlər. Həqiqəti gizli saxlamağa cəhd etdikləri üçün daim rüsvayçılıqla üzləşər və öz əməlləri ilə iç üzlərini büruzə verərlər. İctimaiyyətin bədbəxtçiliyinə səbəb olan amillərdən biri də cəmiyyətin müxtəlif təbəqələri arasında hiylə, riyakarlıq, yalan və etimadsızlığın baş alıb getməsidir. Nifaq cəmiyyətə yol tapıb qəlblərdə özünə yer etdiyi zaman camaatın mənəviyyatına ağır zərbə vurmaqla yanaşı, cəmiyyəti bütünlüklə öz arxasınca çəkib uçuruma sürükləyir. Samuel Smaylz deyir: "Yaşadığımız dövrün ictimai və siyasi adamlarının əxlaqı uçurum və pozğunluğa doğru gedir.
            Bu günlər şəxsi qəbul otaqlarında deyilən sözlər tribunalarda söylənilənlərdən olduqca fərqlidir. Ümumi məclislərdə camaatın rə’y və təklifləri tərif olunur, şəxsi yığıncaqlarda isə istehza və məsxərə olunur. İnsanın vicdanı bu günlər başqa vaxtlardan daha çox əziyyət çəkir. Onların şəxsi mənafeləri isə məslək və məramla bir anda olsun ayaqlaşmayıb daim dəyişməkdir. Beləliklə, riyakarlıq mənfi xüsusiyyətlər cərgəsindən çıxıb adi hala çevrilir. Əgər üst təbəqə riyakarlığa adət edərsə, alt təbəqə də onlardan geri qalmamağa çalışır. Çünki onlar üst təbəqəni özlərinə örnək götürürlər və beləliklə, riyakarlığa adət etməyə başlayırlar. Bu günlər əldə olunan şan-şöhrət insanın gözəl xüsusiyyətlərindən xəbər vermək əvəzinə, bir çox hallarda onun mənəvi düşkünlüyündən xəbər verir. Rus atalar məsəlində deyilir: "Möhkəm fəqərə sümüyü olanlar heç vaxt yüksək dərəcələrə çatmayacaqdır. "Lakin şan-şöhrət, maddiyyat vurğunu olanların fəqərə sümüyü külək əsən tərəfə əyilir və nəfsani istəklərdən tam asılı vəziyyətdə olur. Aldatma, həqiqəti ümumi kütlədən gizlətmə və zahirdə alt təbəqənin istəyi əsasında hökm vermə, ən pisi isə ictimai münaqişələr yaratma vasitəsilə əldə olunan şan-şöhrət sağlam mənəviyyata malik olan şəxslərin nəzərində ən mənfur bir hərəkətdir. Həmin şəxslərə isə onlar heç bir dəyər və əhəmiyyət verməzlər. "
              Saf mənəviyyat və insaniyyətdən xəbər verən nişanələrdən biri də düzlük və səadətdir. Sağlam ruhdan mənşələnən tapan bu yüksək xüsusiyyət insanın şəxsiyyətinə birlik bəxş edir. Həmçinin, sülh və əmin-amanlığı təmin etməklə yanaşı, cəmiyyəti güclü və həmahəng edir. Təbii ki, insan özünün sadiq dostlarına daha çox səmimiyyət və mehr-məhəbbətlə yanaşır. Onun bu şəxslərə qarşı səmimiyyəti nə qədər güclü olarsa, münafiq və ikiüzlülərə qarşı da bir o qədər çox nifrət bəsləyər.

NİFAQ EVİNİ YANDIRIN

       İslamın sürətlə irəlilədiyi illərdə mövqeiyyətlərinin ciddi təhlükəylə üzləşdiyini görən münafiqlər islamı aradan götürmək üçün digər müxalif cərəyanlardan daha çox fəaliyyət göstərməyə başlayırlar. Zahirdə Peyğəmbərlə (s) əhd-peyman bağlasalar da, əməldə əmrə tabe olmaqdan boyun qaçırar və ya müsəlmanları istehza edərək, onlarda ruhi düşkünlük yaratmağa çalışardılar. Sağlam əxlaq və mənəviyyatdan məhrum olan bu azlıqlar müsəlmanların Peyğəmbərə (s) olan iman və sədaqətlərini görə bilmirdilər. Onların başında duran "Əbu Amir Rahib" adlı şəxs Peyğəmbərlə (s) Mədinəyə hicrət etməzdən əvvəl yəhudi və nəsrani məzhəblərinə rəhbərlik edirdi. Tutduğu mövqeiyyətə görə cəmiyyətdə güclü nüfuza malik olan bu şəxs hələ çox-çox əvvəllər dəfələrlə camaata Peyğəmbər (s) in zühur edəcəyindən xəbər verərdi. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra İslamı qəbul edir, lakin Peyğəmbərin (s) nüfuzunun artmasıyla tutduğu mövqeiyyətdən məhrum olacağını görüb dözmür və Məkkəyə gəlir. O, burada İslam və müsəlmanlara qarşı əks-təbliğata və yerli əhalini onlara qarşı təhrik etməyə başlayır. Müşriklərlə birlikdə müsəlmanlara qarşı bir neçə döyüşdə iştirak edir, lakin heç bir nəticə əldə edə bilməyib oradan Ruma (İtaliyaya) qaçır. Rahib, burada da öz çirkin niyyətlərindən əl çəkməyib İslamı aradan götürmək üçün bir neçə təhlükəli tədbirə əl atır. Planlarını həyata keçirmək üçün Mədinədəki havadarlarına orada məscid tikməyi əmr edir.
         Lakin Peyğəmbərin (s) icazəsi olmadan bunun həyata keçirilməsi qeyri-mümkün idi. Bunun üçün də münafiqlərə rəhbərlik edən şəxslərdən biri Peyğəmbərdən (s) icazə alır. Nəhayət icazə verilir və məscidin tikintisi başlanır. Peyğəmbər (s) "Təbuk" döyüşündən qayıtdıqdan sonra münafiqlər ona qarşı sui-qəsd hazırlayır və məscidin açılışına dəvət edirlər. Lakin Peyğəmbər (s) onların belə bir çirkin niyyətlərindən agah olub məscidə getməkdən imtina edir və oranı Allahın əmri ilə "Zirar" (zərərli yer) adlandırır. Orada hər hansı bir tədbir və yığıncaq keçirməyi qadağan edərək "Nifaq evinin" yandırılmasını əmr edir.
            Qurani-Kərim bu kimi mənfi ünsürlərə qarşı kəskin və barışmaz mövqe tutaraq onların iç üzlərini beləcə açıqlayır. "İsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda "Biz Allaha və qiyamət gününə iman gətirdik"-deyirlər: Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində nifaq və həsəd mərkəzi var. Allah onların (şəkk, kin və nifaq) mərkəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar.
        Onlara yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!"-deyildikdə, "İslahedicilər yalnız bizik – deyə cavab verərlər. Agah olun ki, fəsadedicilər yalnız onların özləridir və lakin (bunu) dərk etmirlər."[Beqere suresi, 8-11-ci ayeler]
        Nifaq və ikiüzlülük bir növ ruhi xəstəlik və acizlikdir. Əli (ə) bu haqda buyurur: "Münafiqlərdən uzaq olun, çünki onlar özləri haqdan uzaq düşmüşlər və başqalarını da bu yola sürükləyirlər. Zahirdə sağlam görsənsələr də bir növ ruhi xəstəliyə düçar olmuşlar. "
           Helen Şaxter deyir:
          "Bəziləri yalnız özlərini tanıtdırmaq üçün kimlərə qarşısa müxalif mövqe tutub onlarla düşmənçilik edərlər. Yəni hansı əqidədə olduqlarını bilmədən belə, heç bir əsası olmadan, başqalarına yersiz iradlar tutmağa çalışarlar. Çünki onlar üçün ən dözülməz hal kimsənin onlarla etimad etməməsi və diqqət mərkəzində qalmamalarıdır. Məhz bunun nəticəsində onlar başqalarına qarşı müxalif mövqe tutar və öz çirkin niyyətlərindən əl çəkməzlər. "
          Əli (ə)-dan nəql olmuş başqa bir rəvayətdə deyilir: "Münafiqlərin cözləri aldadıcı, batinləri isə xəstə olar. "
           Münafiqlərin daim arxalanacaqları yer olmadığı üçün, heç bir məqsəd və hədəfi olmayan həyat tərzi sürərlər. Peyğəmbər(s) onların belə bir mənasız həyat tərzləri haqda belə buyurur: "Münafiqlər iki sürü arasında sərgərdan qalan quzuya bənzərlər. "
           Onların əlamət və nişanələri barədə isə buyurur: "Münafiq o kəslərdir ki, danışdıqları vaxt yalan deyər, xəyanət edər və bağladıqları əhd-peymana vəfa etməzlər. "
           İmam Baqir (ə) buyurur: "İnsanın ikiüzlü və yalançı olması çox pis bir haldır. Belələri dostları ilə birlikdə olduqda onları tərifləyər, ayrıldıqdan sonra isə tənqid edərək onların ünvanlarına xoşagəlməz sözlər deyərlər. Dostları nailiyyət əldə etdikdə həsəd və paxıllıq edər, onlar hər hansı bir çətinliklə qarşılaşdıqda isə tək qoyar və kömək etməkdən boyun qaçırarlar."
           Münafiqlərin ən bariz xüsusiyyətlərindən biri də daim özlərini müdafiə edib başqalarını borclu çıxarmalarıdır. Əli (ə) onların belə bir mənfur xüsusiyyətləri haqda buyurur: "Münafiq və ikiüzlü şəxslər daim özlərini haqlı bilərək müdafiə edər, camaatı isə tənqid atəşinə tutaraq istehza edərlər. "
        Samuel Smaylz deyir:
       "Riyakar insanlar daim özlərini düşündükləri üçün heç vaxt başqaları barədə fikirləşməzlər. Bu hiss onlarda o qədər güclü olur ki, özlərini hamıdan uca və üstün tutmağa başlayırlar. "
İmam Sadiq (ə) buyurur: "Loğman oğluna belə dedi: "Münafiq o kəsdir ki, dediyi sözlər və gördüyü işlər fikri ilə bir olmayıb, aşkarda gördüyü işlər gizlində gördüyü işlərin tam əksinə olsun. "
İnsanın şüur və təfəkkürü onun daxilindən xəbər verir. Əgər birisi cildə girərək ruhiyyə və riyakarlığını gizlətmək istərsə, heç bir şey əldə edə bilməz, əksinə özünün iç üzünü açacaqdır.
         Günlərin birində bir şəxs İmam Sadiq (ə)-a deyir: "Tanışlarımdan biri məni görməyə gəldi və mənimlə son dərəcə səmimi rəftar etdi. Onun dediklərinin həqiqət olduğunu necə müəyyən edə bilərəm? İmam Sadiq (ə) cavabında buyurdu: "Əgər onun məhəbbəti sənin qəlbində özünə yer edibsə, bil ki, söylədiklərini səmimi-qəlbdən demişdir və həqiqətdir. Yox, əgər soyuqluq hiss edərsinizsə, bilin ki, aranızda ayrılıq düşmüş, ruh və əqidənizdə dəyişiklik baş vermişdir. "
        Doktor Marde deyir:
        "Əgər belə təsəvvür edirsiniz ki, özünüzü başqalarına quru dillə tanıda biləcəksiniz,bilin ki, bununla yalnız özünüzü aldatmış olacaqsınız. Başqaları sizin barənizdə siz düşündüyünüz kimi fikirləşmirlər. Onlar sizi əxlaq və daxili xüsusiyyətlərinizlə tanıyırlar. Sizinlə ünsiyyətdə olan şəxslər tərzi-təfəkkürünüzün sağlam olub-olmamasını hiss edirlər. Danışmadıqda belə onlar sizin hədəf və məqsədlərinizdən agah olurlar və sizin barənizdə elə bir qəti fikirdə olurlar ki, nə qədər etiraz etsəniz belə, öz fikirlərindən dönmürlər. Bəzən birinin başqa birisi barədə "Filankəsi görməyə gözüm yoxdur, ondan xoşum gəlmir"- dediyini eşidirik. Bu sözləri deyən şəxs nəzərdə tutduğu şəxsdən gülərüzlük və mehribançılıq görsə də, onun kim olduğunu hiss etdiyi üçün yenə də sevmir və mümkün qədər uzaq olmağa çalışır. Bütün bunlar müxtəlif tərzi-təfəkkürdən irəli gəlir və biz özümüz də başqalarında belə bir təsir qoya bilirik. Bizim hiss etdiyimiz və fikirləşdiyimiz şeylər gözəgörünməz dalğalar kimi ətrafımızda pərakəndə olur. "
          Əli (ə) buyurur: "Sağlam mənəviyyat və tərzi-təfəkkür danışan dildən daha yaxşıdır. Bütün bunlar insanın kim olduğundan xəbər verir. "
Əlbəttə, bilməliyik ki, nifaq dedikdə həm əqidə və əxlaqda, həm də rəftar və davranışda müşahidə olunan nifaqların hamısı nəzərdə tutulur. İslam, müsəlman cəmiyyətini birlik və həmrəyliyə dəvət etmiş və onları səmimiyyətə, nifaq və riyakarlıqdan uzaq olmağa sövq etmişdir.
 
Müəllif: Seyyid Müctəba Lari
 
Category: Exlaq | Baxış: 1021 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]