Bazar günü, 2024-12-22, 8:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 6 » Nemətləri axirətə aparan
5:11 AM
Nemətləri axirətə aparan
image

Sahibi olduğu hər bir şeyin İlahi bir nemət olduğunu kifayət qədər dərk etməyən insan həyat səhnəsinə addımını atandan etibarən hər gün yeni bir nemət izinə düşür. Bəzən izinə düşdüyünü əldə edir, bəzən isə məyus halda yarı yoldan geri qayıdır. Əldə etdikdə özündən, məyus olduqda isə Xaliqdən bilir. Nəticə etibarilə hər iki halda onu hər gün müxtəlif yollara sürükləyən nemət əldə etmək arzusunu düzgün qiymətləndirmir.

Bəlkə insan «hər şeyi sənin üçün yaratdım, ey insan» Allah kəlməsinə güvənir?! Bəlkə də özünün ən ali varlıq olmasına?! Bəlkə düşünür ki, nə yaradılıbsa ondan istifadə etməlidir?! Bəlkə də düşünür ki, ona əta olunanı özü əldə edir?!

Təbii ki, Allah Təala yaratdığı hər bir şeyi insan qarşısında ram etmişdir. İnsandan sadəcə düzgün düşünüb yaradılan hər bir şeyin düzgün əldə edilməsi istənilir. Daha doğrusu neməti əldə etmək yolu, qaydası Allah tərəfindən bəyan olunub, insana yalnız əməl edilməsi qalır. Amma öz verdiyi əhdi belə unudan insan Yaradanın bəyanını lazımınca xatırlaya bilirmi?!

İnsan həmişə azad olmaq istəyir və bu yoldakı maneələrlə razılaşa bilmir. Əslində insan azad yaradılsa da Allahın qayda-qanunları çərçivəsində azaddır. Bu qanunları pozub azad olmaq insana yaraşmır. Çünki qanun pozuntuları ilə Allahın ən ali məxluqu zirvəsini fəth etmək mümkün deyil. Müəyyən çərçivədəki azadlıqla Yaradanın bəyanatını olduğu kimi xatırlamaq insan üçün mümkün ola bilər. Bu zaman artıq heç bir əbəs güvənc yeri olmadan yaradılanlar izinə düşmək olar.

Yaradılanlar izinə .. Özü də yaradılmış və yaradılanlar izində.. Uca Yaradan nemətləri yaratmış və insanı bu nemətləri əldə etmək üçün sərbəst etmişdir. Heç bir qadağa qoymamışdır. Qadağa olan qanun pozuntularıdır.

Amma yeni nemət arzulayan insan sahibi olduqlarına diqqət yetiribmi?! Bəlkə onların içində dəyərliləri var?! Bəlkə də arzuladığı elə onlar arasındadır?!

Başı min cür nemət arzusuna qarışan insan ona sevinc gətirən bir şeyi əldə edərkən sevinər, Allahın onu sevdiyindən etdiyini zənn edər və təkəbbürlənər. Amma istədikləri puç olduqda Allahın onu zəlil etdiyini düşünüb üsyan edər. Necə ki Qurani Kərimdə «Fəcr» surəsində 15-16-cı ayələrdə buyurulur: «Nə zaman Rəbbi onu imtahana çəkib ehtiram etsə, o «Rəbbim mənə ehtiram göstərdi»-deyər, amma nə zaman Rəbbi onu imtahana çəkib ruzisini əskiltsə «Rəbbim məni alçaltdı, mənə xor baxdı» deyər».

Budur insan. Budur onun İlahi nemətə verdiyi qiymət. Həqiqətdə yeni nemət izinə düşməsək belə o qədər sahib olduğumuz nemət var ki. Sahibi olduğumuzun təşəkkürünü etməmiş yenə də bizə təşəkkür borcu yaradan nemət arxasınca qaçırıq. Birindən ehtiyacımız olduğu bir şeyi alıb ona təşəkkür etməmiş yenidən onun qapısını döyüb yeni bir şey istəsək, əta edərmi?! Etsə də, ona bir təşəkkür borcunun olduğunu növbəti ehtiyacında mütləq dilə gətirəcəkdir.

Diqqət etsək, əlimizdə olanla o Allahdan yenə nə qədər nemət istəyirik. Heç bizdən təşəkkür belə istəmir. Yenə də verir. O verməklə Ondan heç nə əskilməz. Amma həmişə verməklə insan ayılmaz.Qəflətdə qalar, neməti nemət kimi dəyərləndirməz. Əldə edilməsini asan hesab edər, itirdikdə isə heyfslənməz.

İnsan nemətlərə dəyərsiz, yalnız müəyyən dövr üçün tələb olunan istəklərindən doğan ehtiyac kimi baxır. Ehtiyacı olduqda nemət kimi istəyir, əldə etdikdə nemət olduğunu unudur. Həqiqətdə nemətlər dünya malıdır. Amma kiminsə bu nemətlərdən məhrum olduğunu gördükdə ona halımız acıyır. Bu rəhm əvəzinə bəlkə əlimizdə olanlara şükr etsək daha yaxşı olar?! Həmçinin dünya malı olsa da hər bir nemət Allahdandır axı. Allahdan olanın mütləq axirət sevinci də var. Nemətlər də dünya malı olsalar da, şükrünü etdikdə insana axirət sevinci bəxş edər. Necə ki, İmam Hadi (ə) buyurur: «Nemətlər dünya malıdır, amma şükr, nemətləri özü ilə axirətə aparar.»

Yeni nemət axtarışına düşənlər cərgəsinə qoşulmaqdansa, nemətləri axirətə aparan şükr yolunun yolçusuna çevrilək ki, axirətdə bizə sevinc bəxş edəcək qapını aça bilək. 

ihq.az

Category: Exlaq | Baxış: 890 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]