Bazar günü, 2024-12-22, 6:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Mart » 5 » Namaz haqda bezi melumatlar
6:28 AM
Namaz haqda bezi melumatlar
 
SƏCDƏNİN TƏ’SİRLƏRİ 
 


      Səcdə insanı Allaha yaxınlaşdırır, günahları təmizləyir, şeytanı məhv edir və insanı behiştə yola salır. İndi isə bu barədə bir neçə hədisə nəzər salaq:
         Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: "Günahlarım çox, əməlim azdır.” Həzrət (s) buyurdu: "Səcdələrinin sayın artır. Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə günahları tökür.”
Bir dəstə müsəlman Peyğəmbərin (s) yanına gəlib behişt üçün zəmanət istədi. Həzrət (s) buyurdu, bir şərtlə ki, uzun səcdələrlə bu işdə mənə kömək edəcəksiniz.
          İmam Sadiq (ə) buyurur: "Səcdələrinizi uzadın. Çünki insanın səcdəsi şeytanı çox narahat edir. Şeytana əmr olundu ki, Adəmə (ə) səcdə etsin, o itaət etmədi. Lakin insan itaətkar oldu və nicat tapdı.”
İslam peyğəmbəri (s) öz yaxınlarından birinə buyurdu: "Əgər qiyamətdə mənimlə olmaq istəyirsənsə, Allah qarşısında uzun səcdələr et.”
 
KƏRBƏLA TORPAĞINA SƏCDƏ

          Bə’zi təbii və maddi şeylər mə’nəvi və dəyərli məfhumları xatırladır. Şəhid torpağı da bu qəbildəndir.
Müstəhəbdir ki, insan Seyyidüş-şühədanın (Hüseynin) (ə) qəbrinin torpağına səcdə qılsın. Çünki imam Hüseynin (ə) pak türbətinə səcdə Kərbəla hadisələrini yada salır, insanı cihad və şəhadətlə tanış edir, həmin məqama yaxınlaşdırır. İmam (ə) türbətindən isar və fədakarlıq qoxusu duyulur və bu yolla şəhidlər məktəbindən gündəlik dərs almaq olar.
           İmam Sadiq (ə) yalnız imam Hüseynin (ə) qəbrinin torpağına səcdə edirdi. O deyirdi: "İmam Hüseyn (ə) torpağına səcdədə nur var. Bu nur mane olan pərdələri yırtır.”

ŞÜKR SƏCDƏSİ

         Allah-təalanın ne’mətlərinə təşəkkür mə’rifət, ədəb və bəndəlik nişanəsidir. Ayə və rəvayətlərdə ne’mətlərə şükür etmək tövsiyə olunur. Ne’mətləri yada salmaq insanın Allaha məhəbbətini artırır və ne’mətləri davamlı edir.
         Ne’mətlərə şükür bəşər gücündən xaric olsa belə, insan bacardığı qədər Allahın ne’mətlərinə və yaxşılıqlarına təşəkkür etməlidir. Şükür formalarından biri torpağa səcdə edib Allaha şükür deməkdir.
           Şükür səcdəsi namazın tə’qibatlarındandır. Mərhum Əllamə Məclisi         "Biharul-ənvar” kitabının 83-cü cildini bütövlükdə (yalnız axırıncı səhifələrdən savay) namazın tə’qibatları haqda rəvayətlərə həsr etmişdir. Bu kitabda şükür səcdəsi barədə pak imamlardan (ə) 63 hədis nəql etmişdir.
           Namazdan sonra səcdə namaz üçün əldə edilmiş tövfiqə görə şükürdür.Şükür səcdəsində üç dəfə "şukrən lillah” demək kifayətdir. Lakin hədisdə belə deyilir: Əgər insan bir nəfəsə "ya Rəbb, ya Rəbb” desə, Allah ona xitab edər: "Ləbbeyk! Ma hacətək?” "Qəbul etdim! Nədir hacətin?”
          İmam Sadiq (ə) buyurur: "Namazdan sonra şükür səcdəsi namazın kamilləşməsinə, Allahın razılığına və mələklərin təəccübünə, xoşlanmasına səbəb olur. Allah onlardan dəfələrlə soruşur: "Bu bəndənin mükafatı nədir?” Onlar deyirlər: "Sənin rəhmətin və behiştin, onun müşküllərinin həll olması və hər bir xeyir.” Lakin bu sözdən sonra heç bir cavab eşitmir və Allaha ərz edirlər: "Biz bu səcdənin mükafatının nə olduğunu bilmirik? Allah-təala buyurur: "O mənə şükür etdi, mən də ona təşəkkür edirəm.” Allah-təala bu cümlə ilə mələklərə bildirir ki, Allahın ondan razılığı və ona təşəkkürü behişt, rəhmət və müşküllərin həllindən üstündür.”
         Hədisdə deyilir: Allah həzrət Musaya (ə) buyurdu: "Səni peyğəmbərliyə seçməyimin səbəbi namazdan sonra etdiyin səcdələr idi.”
 
 
MÜSTƏHƏB NAMAZLAR (NAFİLƏLƏR)

          Gündəlik (17 rəkət) vacib namazlardan əlavə çox savabı olan namazlar mövcuddur. Bu namazlar vacib namazlara əlavə olunduğu üçün onlara nafilə deyilir.
Müstəhəb namazlar 34 rəkətdir. Yə’ni vacib namazlardan iki dəfə çox.
1. Sübh namazının nafiləsi –iki rəkət, sübh namazından əvvəl;
2. Zöhr namazının nafiləsi –səkkiz rəkət, zöhr namazından öncə;
3. Əsr namazının nafiləsi –səkkiz rəkət, əsr namazından öncə;
4. Məğrib namazının nafiləsi –dörd rəkət, məğrib namazından sonra;
5. İşa namazının nafiləsi –iki rəkət oturaq halda işa namazından sonra;
6. Gecə namazının nafiləsi –on bir rəkət sübh azanından öncə. Bu namazın səkkiz rəkəti "gecə nafiləsi”, iki rəkəti "şəf’” və bir rəkəti "vitr” adlanır.
           Hədisdə buyurulur: "Nafilə namazları hədiyyə kimidir və bütün hallarda qəbul olunur.”Müstəhəb namazlar üzərində tə’kid olunmasına baxmayaraq, bu namazlar istək və eşqlə qılınmalıdır. İnsan özünü vadar etməməlidir. Əvvəlcə çalışmalıdır ki, ruhi hazırlıq və qəlb istəyi yaransın.
        İmam Riza (ə) buyurur ki, qəlblər bə’zən hazır olur, bə’zən isə yox! Qəlblər hazır olanda ibadət edin.
Bu səbəbdən müstəhəb namazlar vacib namazlara nisbətən asanlaşdırılıb. Bu asanlaşdırma insanları daha çox cəzb etmək üçündür.
1. Müstəhəb namazı həm oturaq halda, həm ayaq üstə qılmaq olar.
2. Müstəhəb namazda yalnız "həmd” surəsini oxuyub rükuya getmək olar.
3. Müstəhəb namazda birinci rəkətlə ikinci rəkət arasında şəkk namazı batil etmir və namazqılan şəxs onu istədiyi şəkildə davam etdirə bilər.
4. Müstəhəb namazda artıq və ya əskik kəlmələr üçün "səcdeye-səhv” yoxdur.
5. Vacib namazların məsciddə qılınması daha yaxşıdır. Lakin nafilələr haqqında belə bir göstəriş verilməyib.
Bütün bu asanlaşdırmalar insanları ibadətlərə təşviq etmək üçündür. Hətta müstəhəb namazı vaxtında qıla bilməyən şəxs onun qəzasını qıla bilər. Bir hədisə əsasən Allah-təala mələklərə buyurar: "Baxın bəndəmə! Ona vacib etmədiyimin qəzasını qılır!” (Başqa bir hədisdə belə əlavə olunmuşdur: "Sizi onu bağışlamağıma şahid edirəm”)Başqa bir hədisdə buyurulur: "Nafilə namazı vacib namazlarda baş verən nöqsanları aradan götürür.”
Nafilə namazı insanın verdiyi sədəqə kimidir.
 
MÜSAFİR NAMAZI

          Namaz heç bir halda insanın boynundan götürülməyən mühüm vacibatlardandır. Hətta səfərdə, döyüş meydanında, xəstə vəziyyətdə və sair hallarda.
          Əlbəttə, namaz ayrı-ayrı şəraitlərdə müxtəlif şəkillərdə olur. Lakin daim insana vacibdir!
Müsəlman səfərdə yol boyu namazlarını qılmalıdır. İnsan qatarda, avtobusda, soyuqda, istidə, tələsərkən namaza yüngül yanaşmamalıdır. Avtobus və ya qatar yemək, yaxud zəruri ehtiyac üçün dayandıqda vaxt itirmədən namazı qılmaq lazımdır. Əgər sürücü avtobusu saxlamasa ondan avtobusu dayandırmasını tələb etmək lazımdır.
 
 
DİGƏR NAMAZLAR

            Bəndə ilə Allah arasında ünsiyyət yaratmaq üçün bir çox namaz tövsiyə edilmişdir. O cümlədən, ğüfeylə namazı, hacət namazı, birinci qəbir gecəsinin namazı (ləylətül-dəfn), ayın əvvəlinin namazı və başqa namazlar dua kitablarında göstərilmişdir. Maraqlananlar bu kitablara müraciət etsinlər. Bu məqamda yazını sona çatdırırıq. Ümid edirik ki, söhbətlərimiz özümüz və başqaları üçün faydalı olacaq, axirət yolunda azuqə kimi bəhrə verəcək.

ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN
Müəllif: Möhsin Qəraəti
 
Category: Diger me'lumatlar | Baxış: 5907 | Added by: el-kafirel_kufri | Rating: 3.3/6
Total comments: 1
0  
1 Ya_Zeyneb   (2013-05-08 8:38 PM) [Daxil et]
Nafilə Namazları haqqında daha geniş yaza bilərsiniz?

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]