Cümə axşamı, 2024-12-26, 3:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 21 » Munafiqlik
11:22 PM
Munafiqlik

 

Munafiqlik


İmam Sadiq (ə.s.) buyurur:


«Kim müsəlmanlara qarşı iki üzlü və iki dilli davranarsa, qiyamət günü atəşdən iki dil ilə gətiriləcək».

Müsəlmanlara qarşı ikiüzlü olmağın mənası, insanın onlara qarşı zahirində öz batinində olanının əksini göstərməsidir. Məsələn, zahirdə onları sevməsi və səmimiyyət göstərməsi, lakin batinində bunun əksini düşünüb, yanlarında dostluq və mehribanlıq göstərdiyi halda, arxalarında bunun təsirini biruzə verməsi münafiqlikdir.

İki dilli olmasının mənası isə şəxsin bir kəslə danışdıqda onu tərifləməsi və ya ona qarşı dostcasına rəftar edib yaltaqlanması və onun arxasından isə dediklərinin yalan olduğunu iddia edib onun qeybətini etməsidir.

Bu açıqlamalara görə, nifaqın birinci sifəti əməl, ikinci sifəti isə sözlərdir. Bəlkə də bu hədis münafiqliyin iyrənc sifətlərinə işarə edir və bu iki sifət münafiqlərin ən çox yayılmış sifətləri olduğu üçün onlan xüsusi qeyd etmişdir.

Nifaq bir nəfs rəzilliyi və murdar bir vərdişdir ki, bunlar da onun iki əlamətidir. Bunun bəzi dərəcə və mərhələləri var ki, inşaallah biz bir neçə hissə halında onlar haqqında bəhs edəcək və müalicə yollarını göstərməyə çalışacağıq.

Münafiqliyin dərəcələri haqqinda

Nifaq və ikiüzlülüyün də digər pis və yaxşı xüsusiyyət və vərdişlər kimi zəiflik və güclülük baxımından bəzi dərəcələri vardır.

İnsanın müalicəyə başlamadığı və ona olan asılılığını davam etdirdiyi hər bir rəzil xüsusiyyət getdikcə şiddətlənir və üstünlüklərdə olduğu kimi onlarda da inkişaf səviyyəsi sonsuzdur.

Əgər insan ona pisliyi əmr edən nəfsini özbaşına buraxarsa, nəfsin pisliyi olan meylindən və şeytanın köməyinə görə daha çox fəsada tərəf yönələr və günlər keçdikcə də rəzilliklər öz şiddətini artırar. Bu rəzil xüsusiyyət nəfsin rəzil ünsürlərindən birinə çevrilər və bütün zahiri və batini qüvvələri öz hakimiyyəti altına alar.

Bu halda əgər rəzillik, şeytanı rəzillikdirsə, Qurani Kərim bunu bizə xəbər vermişdir: «Və onlara: Əlbəttə ki, mən sizə nəsihət verənlərdənəm»" deyərək and içdi. Adəm və Həvvaya «Mən sizə nəsihət verənlərdənəm» deyə and içir, lakin əslində gördüyü iş bunun əksidir. Bir şeytan rəzilliyi olan nifaq və ikiüzlülüyə görə məmləkət şeytana təslim olur, nəfsin zatı ilə cövhərinin batini surəti şeytan şəkili alır, zahiri surəti ilə də hər nə qədər bu dünyada insan kimi görünsə də, o aləmdə şeytan kimi görünməsi mümkündür.

Bu halda, əgər insan bu sifəti özündən uzaqlaşdırmayaraq nəfsi özbaşına buraxarsa, qısa bir müddət ərzində elə bir hal alar ki, insan bütün qalan zaman və imkanlarını bu rəzillik üçün xərcləyər, danışdığı şəxslərə qarşı ikidilli və ikiüzlü ünsiyyət saxlayar, içində olduğu hər cəmiyyətə nifaq toxumları səpər, şəxsi mənfəət, mənəmçilik və özünü bəyənməkdən başqa bir şey düşünməz, sədaqət, səmimiyyət, qeyrət və mərdliyi ayaq altına atar, bütün iş, hərəkət və duruşlarından ikiüzlülük iyi gələr və heç bir fəsad, qəbahət və alçaqlıqdan çəkinməz.

Belə bir şəxs bəşəriyyət və insanlıq zümrəsindən uzaqdır və şeytanla birlikdə həşr olunacaq.

Bu deyilənlər birbaşa münafıqliyin cövhərindəki şiddət və zəiflikləri ilə əlaqədar idi. Bu hal, bu dərdə tutulan şəxslər baxımından da fərqliliklər təşkil etməkdədir. Çünki münafiq bəzən Allahın dinində nifaq salar, bəzən gözəl xasiyyət və əxlaqi fəzilətlərdə, bəzən saleh əməl və ilahi ibadətlərdə, bəzən adi iş və ürfani quruluşlarda, eyni şəkildə də bəzən Rəsulullaha (s.a.v.) və hidayət imamlarına (ə.s.) qarşı nifaq edər, bəzən övliya, alim və möminlərə, bəzən müsəlmanlara və Allahın digər millətlərə mənsub qullarına qarşı belə davranar.

Əlbəttə ki, qeyd olunanlar iyrənclik, pislik və qəbahətdə bir-birindən fərqlidirlər. Lakin bunların hamısı iyrəncliklər və pisliklər sırasında yer alırlar və eyni xəbis ağacın budaqları və yarpaqlarıdırlar.

Nifaq və ikiüzlülüyün bir çox fəsada mənbə olmasi haqqinda

Münafiqlik və ikiüzlülük, şərəfli insanın əsla özünə yaxın buraxmayacağı pis və murdar bir sifətdir. Bu sifətin sahibi, insanlıq icmasından kənarda olduğu kimi, heç bir heyvana da xas deyil. Oxşarlıq və misalları arasında rəzillik və rüsvayçılığın mayası olduğu kimi, axirətdə də zəlillik və ağradıcı bir əzabla üz-üzə qalacaq. Bu hədisdə buyurulduğu kimi, axirətdəki şəkli iki dilli bir ilan surətdir ki, bu vəziyyət onun Allahın məxluqatı arasında rəzil və rüsvay olmasına, peyğəmbərlər, rəsullar və müqərrəb mələklərin hüzuranda başı aşağı durmasına səbəb olacaq. Eləcə də həmin hədis, qarşılaşacağı əzabın ağırlığını da göstərməkdədir. Çünki, əgər bədən üzvü bir atəş ünsürünə dönərsə, təsirləri də bir o qədər artar. (Şiddətindən Allaha sığınıram).

Başqa bir hədisdə Rəsulullah (s.a.v.) belə buyurur:

«Qiyamət günü ikiüzlü insanın dillərindən biri başının arxasından, o biri isə başının önündan çıxmış halda gələr. Hər iki dili yanan vəziyyətdədir və bütün bədəni alovlanmışdır. Sonra da: «Budur dünyada ikidilli və ikiüzlü olan şəxs» deyilərək təqdim olunar. Və qiyamət günü bu ayə ona şamil olar: «Allahın birləşdirməyi əmr etdiyi şeyləri ayıranlar və yer üzündə fitnə fəsad salanlar... Onların üzərinə lənət var. Məskənləri necə də pisdir».

Nifaq və ikiüzlülük bir çox məhvedici fəsada da mənbə olur ki, bu fəsadların hər biri insanın həm dünyasını, həm də axirətini puç edən yoxluq küləyinə təslim etməsi mümkündür. «Fitnə-fəsad çıxarmaq» kimi ki, Qurani-Kərimin hökmünə görə qətldən daha betərdir. «Güdmə və dedi-qodu» kimi ki, Imam Baqir (ə.s.) bu barədə belə buyurur:

«İş-gücləri söz daşımaq və adam güdmək olanlara cənnət haramdır.»

Eləcə də «qeybət» kimi ki, Peyğəmbərin (s.) buyurduğuna görə zina etməkdən də betərdir. Həmçinin «möminləri incitmək, təhqir etmək, sirlərini faş etmək» ki, hər biri insanı məhvə aparacaq səbəblərdir.

Bəzilərinin başqalarına qarşı kinayə və qaş-göz vurma kimi hərəkətlər edərək, sonra da onlarla xoş və səmimiyyətlə rəftar etməsi də nifaq və ikiüzlülüyün əhatəsinə daxil olmaqdadır.

İnsan hal və hərəkətlərinə çox diqqət etməlidir. Çünki nəfs və şeytanın təbləri çox incədir və çox az insan o tələlərə düşməkdən xilas ola bilər.

İnsanın yersiz bir kinayəsindən və ya işarəsindən ötrü iki üzlülər və iki dillilər zümrəsinə daxil olması və qalan ömrü boyunca da bu rəzilliyə mübtəla olduğu halda özünü sağlam və salamat zənn etməsi də mümkündür.

Bu halda insan mükəmməl bir həkim və işini bilən bir tibb nəzarətçisi kimi öz nəfsinin hallarını, əməl və hərəkətlərini nəzarət altına alaraq müalicə etməli, nəzarəti heç bir zaman azaltmamalıdır. Bilməlidir ki, heç bir xəstəlik qəlb xəstəliyindən daha gizli və eyni zamanda daha çox öldürücü deyil. Buna görə bu barədə heç bir tibb işçisi insanın özündən daha şəfqətli və daha çox ürək yandıran ola bilməz.
Category: Exlaq | Baxış: 843 | Added by: el-kafirel_kufri | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]