Bazar günü, 2024-12-22, 11:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 23 » Mizanul-hikmət
6:43 AM
Mizanul-hikmət
 
And içmək
 
1. Pak və müqəddəs Allaha and içməyin qadağan olunması
Quran:
«Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir». (Bəqərə surəsi, ayə 224)

Hədis:
1. İmam Sadiq (ə): «Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-Taala buyurmuşdur: «Allahı öz andlarınıza vasitə etməyin». (əl-Kafi, c.7, səh.434, hədis 1)

2. Yalan and içmədən çəkinmək
1. «Səvabul-əmal» kitabından: «Allah-Taala buyurmuşdur: «Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm». (Səvabul-əmal, səh.261, hədis 2)
2. Allahın Peyğəmbəri(s): «Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar». (Səvabul-əmal, səh.270, hədis 3)
3. İmam Sadiq (ə): «Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır». (Səvabul-əmal, səh.269, hədis 1)
İmam Sadiq (ə): «Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər». (Biharul-ənvar, c.104, səh.209, hədis 19)
3. Zalıma and içdirməyin yolu
İmam Əli (ə): «Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-Taalanı vahidliyi ilə mədh etmişdir». (Nəhcül-bəlağə, hikmət 253)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

İslama görə, doğru olsa belə, çox andiçmə son nəfəsdə imansız getməyə səbəb olur. Çünki belə and Allahın isminə qiymət verməməkdir. Əslində doğru danışan adam çox nadir hallarda and içir. Yerli-yersiz and içənlər üçün isə Peyğəmbər(ə) buyurub: "Ticarətdə Valləhi belədir, Billəhi elədir" - deyib and içənlərə və vəzifə sahiblərindən (məmurlardan) "sabah gəl, o biri gün gəl" - deyənlərə də yazıqlar olsun". Kəlam müasirlik baxımından çox aktualdır.

İslam aləmində İlahi kəlam olan Qurana əl basıb, ona and içmək adət halını aldığı üçün, o, yalnız bir görüşə görə məqbul hesab edilib. Yeri gəlmişkən, həm şiə aləminin mərcəi-təqlidi sayılan Fazil Lənkəraninin "Şəriət hökmlərinin izahı" kitabında (bax: M, 2747-2752), həm də sünni mənbələrində and içməyin Qurana və varlıqlardan hər hansı birinə yox, yalnız Allaha edilməsi vurğulanır. O ki qaldı əli Qurana qoyub, and içməyə, bu zaman tövsiyyə edilir ki, niyyət hökmən Allaha edilsin. "And olsun bu Quranın Sahibinə ki..." kimi.
Toxumu yarıb bitirənə, bədəni xəlq edənə and olsun ki...", "Valləhi", "Allaha and içirəm ki...", "And olsun səni haqq üçün Peyğəmbər göndərən Allaha" və i. Burada imanda elməl-yaxından eynəl-yaxına, ondan da haqqal-yaxına qovuşan Həz.Əlinin bir andını qeyd etməmək mümkün deyil. Pərdəarxası hadisələri görən böyük kəramət sahibinin belə and içməsi də olub: "And olsun Allaha ki, sizin hər birinizin haradan və necə gəldiyini, hara və necə gedəcəyinizi xəbər verərəm. Özü də bunu çətinlik çəkmədən edərəm. Fəqət mənim üzümdən Rəsulullahı da inkar edəcəyinizdən qorxuram!!"

Göründüyü kimi, istər səmavi kitablarda, istərsə də Peyğəmbər(ə) kəlamlarında Məhəmməd(ə) də daxil olmaqla, heç bir kəs Allahdan başqasına and içməyib. Zira, Ondan başqasına edilən ibadət və dualar haram olduğu kimi, Allahdan qeyrisinə də and içmək doğru deyil. Allahdan başqasına necə and içilə bilər ki, and içilən məxluq da Onun məmulatıdır. Allah isə yaratdığı və sərgilədiyi hər bir əsərinə and içə bilər. Çünki mülkün sahibi Odur. Bunu Quran və ondan əvvəlki müqəddəs kitablar da təsdiq edir. Məs: Quranda Rəbb and içərkən bu sözlərdən istifadə edib: "(Ya Məhəmməd!) Canına and olsun ki..." (hicr 72); "And olsun ki, insanı biz yaratdıq" (Qaf 16); "And olsun ki, Biz sizin kimiləri çox məhv etmişik, amma heç ibrət alan varmı"(Qamər 51). And olsun - göyə və gecə gələnə, dan yerinə, cüt və təkə, Məkkəyə, Günəş və onun işığına, aya, gündüzə, insanı, göyü və yeri yaradana; Əncir və zeytuna, Tur dağına, atlara, qiyamətə, şəhadət verənlərə, ulduzlara, mələklərə, Peyğəmbərlərə, Allah kəlamlarını təbliğ edənlərə, qələmə, kitablara, küləklərə, gəmilərə, buludlara və s. və i.

And içməyin şərtləri: 1) And içən şəxs həddi-buluğa yetişməli və ağlı başında olmalıdır. 2) yerinə yetirilməsinə and içilən iş haram və məkruh olmamalıdır; tərk edilməsinə and içilən iş isə vacib və müstəhəb olmamalıdır. 3) Allahın müqəddəs zatından olan Allah, Rəhman, Rahim kimi isimlərə and içilməlidir. Əgər Allahın isimlərindən insanlara qoyulan adlardan istifadə edilərsə (Əziz, Cabbar, Kərim, Rauf, Cəlil və s.), bu zaman nəzərdə Allah tutulmalıdır. 4) And içmək dil ilə deyilməlidir. Yazmaq və qəlbdə qəsd etmək səhih deyil. Lal adam işarə ilə and içməlidir. 5) Görüləcək və ya görülməyəcək iş dərk olunmalıdır ki, anda əməl etmək mümkün olsun.

Əgər insan unutqanlıq və ya çarəsizlik üzündən andına əməl etməsə və ya o, andına əməl etməməyə məcbur edilsə, kəffarə lazım deyil. And içən özünün və ya başqasını zalım şərindən xilas etmək üçün yalandan and içsə də, günah deyil. Lakin bu zaman onun niyyətinin yalan olmaması vacib şərtdir. Əsəbi halda qəsd etmədən və ya ixtiyarsız olaraq and içmək də səhih deyil. Çünki andiçmə düşünülmüş, qərarlı və əzm tələb edən bir prosesdir. Ümumiyyətlə, andiçmə və kəffarə barədə Quran buyurur: " Allah sizi bilmədən, (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin bilə-bilə və qəsdən içdiyininz andları pozmağa görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu yedirdib, doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun" (Məidə 89).

Allaha ünvanlanan andların növləri: 1. Yəmini ləğv, yəni səhv və doğru olduğu zənn və güman edilən yalan andlar. Məs., bir şəxsin borcunu ödəmədiyi halda, ödədiyini zənn edərək, "Valləhi ödəmişəm" - deyib, and içməsi kimi. Əksər təlimə görə, burada kəffarə verilmir. Allahdan əfv və bağışlama umulur. 2. Yəmini Qamus, yəni bilərəkdən, qəsdən edilən yalan and. Məs., Borcunu ödəmədiyi halda, bilərəkdən "Valləhi ödəmişəm" - deyərək yalandan içmək kimi. Belələri üçün Peyğəmbər(ə) buyurub: "Kim (bilərəkdən) yalandan and içsə, Allah onu Cəhənnəmə atar". Göründüyü kimi, bu böyük günahdır. Bu zaman peşiman olmalı, dərhal Tövbə edilməlidir.

Həmin günaha görə kəffarə verilməz, çünki ortada bilərəkdən edilən bir qəsd var. Əgər bu günaha görə haqqı tapdalanan varsa, hökmən ondan halallıq da alınmalıdır.

3. Yəmini Munakidə, yəni mümkün olan və gələcəyə aid müəyyən bir şey barədə içilən and. Məs., "Valləhi sabah borcumu verəcəyəm" demək kimi. Bu anda əməl etmək vacibdir. Əgər bu and ümumin (cəmiyyətin) zərərinə olarsa, o zaman ona əməl olunmaz və and pozulur. Lakin kəffarə verilir və Allahdan əfv dilənir. Əgər birisi borcunu verməməyə and içərsə, həmin anda əməl etmək yox, etməmək vacibdir. Bu zaman and pozulur və kəffarə verilir. "Andların dəfələrlə pozulduğu təqdirdə, hər and üçün kəffarə verilirmi" sualına ictihad sahibləri yekdil rəydə deyillər. Bəziləri kəffarənin bir dəfə, digərləri isə əməl edilməyən hər anda görə verilməsini hökm ediblər.

İstər keçmiş, istərsə də çağdaş dünyanın istənilən dövlətində ən müqəddəs və məsul anlardan biri də andiçmə prosesidir. Məhkəmələrin, həkimlərin, şahidlərin, seçilən prezidentlərin içdikləri andlar Allah və onun xalqına sədaqət rəmzidir. 1895-ci ildəki inaqurasiya nitqində prezident Linkoln "İlahi üçlüy"ə yox, vahid Allaha and içdi. O Linkoln ki, deyirdi: "Əsl demokratiya Allahın yerdəki xəlifəsi olan xalq hakimiyyətidir". İnaqurasiyada Allaha and içən Karter isə KİV vasitəsilə xalqa çatdırdı ki, "Vətəndaş qanunlarına riayət etmək lazımdır. Əgər Allah kəlamları ilə dünyəvi qanunlar ziddiyyət təşkil eləsə, onda biz Allah qanunlarını əsas götürəcəyik". Pifaqor demişkən: "Allahdan sonra valideyn və qanunlara tabe olmaq lazımdır".

Xalis and Allahın yaratdıqlarına (məxluqa) yox, Allaha edilir. And həm də, "bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin həmişə aldatmaq olmaz". (A.Linkoln) tezisinin qarantı olmalıdır. Çox məsul və taleyüklü günlərini yaşayan Azərbaycan məhz həmin andlara möhtacdır. Bəli, biz təmiz, halal əllərini müqəddəs Qurana basan və öhdəsinə düşən vəzifənin ağırlığını qəlblərinin zəkatı ilə dərk edən insanların: "And olsun Allaha ki, ailəmin və xalqımın səadəti, İslamın ucalığı, ərazimizin suverenliyi və qanunların bərqərarı naminə əlimdən gələn hər şeyi edəcəyəm" andına və onun felən işləkliyinə möhtacıq.

Allahım, bu seçimdə çaşdırma bizi, doğrunu söylət, sapdırma bizi, haqqa yönəlt. Amin
 
Category: Diger me'lumatlar | Baxış: 881 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]