Bazar günü, 2024-12-22, 9:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 21 » Əmirəl-Мöminin Əli ибн Əbutalib əleyhissəlamın həyati (4)
5:39 AM
Əmirəl-Мöminin Əli ибн Əbutalib əleyhissəlamın həyati (4)

5. Xilafətdən şəhadətədək
Əli əleyhissəlamla beyət tərzi
Osmanın maliyyə və idarə pozğunluqları beytül-malı yüz faiz qeyri-şəri yollarla istifadə etməsi Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman camaatın, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi haqqındakı şikayətlərinə baxmadığına görə, nəhayət camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat Əli əleyhissəlama beyət etdi. Bu baxımdan Osmanın ölümündən sonra iş başına keçən Əli əleyhissəlamın hökuməti qiyam və camaatın sabiq hökumətin zülmlərinə qarşı qaldırdığı qiyam nəticəsində yaranmış bir hökumət idi.
Osmanın hökumətinin pozğunluqlarından biri də bu idi ki Həkəm ibn Əbul-Ası oğlu Mərvanla birgə Mədinəyə gətizdirmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Taifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr və Ömər) də onu Mədinəyə qaytarmağa cürət etməmişdilər. Osman onları Mədinəyə gətizdirdikdən sonra öz qızını Mərvana ərə vermiş və Mərvanı xilafətin icra aparatına başçı təyin etmişdi. Bu da təbiidir ki camaatın qəzəblənməsinə səbəb olmuşdu.
Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı. (Məsudi, Mürucuz-zəhəb, c.2, səh. 346.) Osman nə vaxt camaatla yumşaq davranmaq istyirdisə Mərvan daha çox camaatı qəzəbləndirirdi. Axırda müsəlmanlar qəzəblənib Osmanın evinə tökülərək onu qətlə yetirdilər.
Əli əleyhissəlamın parlaq məqamı
Qiyamçıların yeganə məqsədi Osmanı hökumətdən kənarlaşdırmaq idi. Düzdür Əli əleyhissəlamın adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi lakin qiyamçılar gələcək üçün (yeni xəlifə təyin etmək üçün) qəti bir qərara gəlməmişdilər. Elə buna görə də, Osmanı öldürdükdən sonra yeni bir çətinliklə-xəlifə seçmək çətinliyi ilə üzləşməli oldular.
Digər tərəfdən Əli (əleyhissəlam) Əbdürrəhman ibn Ovf Osman Təlhə Zübeyr və Səd ibn Əbil Vəqqasdan ibarət altı nəfərlik şura üzvlərindən ikisi yəni Əbdürrəhman ibn Ovf və Osman artıq dünyadan getmişdilər. Qalan dörd nəfər arasında Əli (əleyhissəlam) camaatın daha sevimlisi idi. Belə ki, fəzilət və İslamdakı parlaq keçmişinə görə digər şura üzvlərinin heç biri ona çatmırdı. Bu da camaatın Əli əleyhissəlama tərəf gəlməsinə səbəb oldu.
Əli (əleyhissəlam) vəziyyəti nəzərə alıb Osmanın dövründəki dəyişiklikləri mülahizə etməklə, həmçinin müsəlmanların ilkin həqiqi İslamdan uzaq düşmələrini nəzərə alaraq yaxşı bilirdi ki Osmanın fəsadla dolu olan hökumətindən sonra xəlifə olmaq çox çətin bir işdir. Camaat xüsusilə tayfa başçıları onun nəzərdə tutduğu islahatlarla razılaşmayacaq və onun ədalətinə dözə bilməyəcəklər. Buna görə də, qiyamçılar Əli əleyhissəlama xəlifə olmasını təklif edəndə, Əli (əleyhissəlam) qəbul etmədi.
Tarixçilər yekdil nəzərlə Osmanın hicrətin otuz beşinci ili zil-həccə ayında öldürüldüyünü qeyd edir ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif fikirlər söyləmişlər. (Yəqubi Osmanın ölümünü zil-həccənin on səkkizi, c.2,səh.165, Məsudi isə zil-həccənin qurtarmasına üç gün qalmış bildirir.(Mürucuz-zəhəb) c.2, səh.346.) Bir məsələ məlumdur ki Osmanın ölümü ilə Əli əleyhissəlamın xəlifə olması arasında azı dörd-beş gün fasilə olub. (Yəqubi Əli əleyhissəlamın xilafət başına gəlməsini zil-həccənin qurtarmasına bir həftə qalmış Məsudi isə deyir ki, Osman ölən kimi camaat Əli əleyhissəlama beyət etdi. Başqa bir yerdə isə deyir ki, deyilənə görə Əli əleyhissəlamla beyət dörd gün sonra baş vermişdir.) Bu bir neçə gün ərzində müsəlmanlar heyrət və hökumətsizlik mühitində yaşadılar.
Qiyam başçıları Əli əleyhissəlama müraciət edirdilər. Amma Həzrət o qədər də zahir olmurdu. Çünki qiyamçıların onunla beyət etmək istədiklərini gördüyündən və xilafət başına keçmək üçün vəziyyətin yaxşı olmadığını bildiyi üçün qiyamçıların bu təklifini özünə hüccət bilməyib buyurardı: «Məndən əl çəkin gedin başqa adam tapın. Çünki indi vəziyyətin siması müxtəlif olub cəhətləri ayrı-ayrıdır. (Vəziyyət çox qarışıqdır.) Ürəklər bu vəziyyətə dözməz ağıl bunu qəbul edə bilməz. Fəsad buludları İslam səmasının üstünü örtmüş və doğru yol tanınmaz qalmışdır. Bilin ki əgər sizin təklifinizi qəbul etsəm sizinlə öz elmimlə rəftar edəcək və onun-bunun sözlərinə qulaq asmayıb dedi-qoduçuların sözlərinə etina etməyəcəyəm. Ancaq məndən əl çəksəz mən də sizin kimilərdən biri olacağam. Bəlkə də mən yeni xəlifənin sözlərinə sizdən yaxşı qulaq asacaq və əmrlərini sizdən yaxşı yerinə yetirəcəyəm. Mənim sizin rəhbər və xəlifəniz olmağımdansa sizin vəzir və məsləhətçiniz olmağım yaxşıdır.»  (Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 92.)
Ancaq get-gəllər müsəlmanların təkidli istəkləri keçmiş zülmlərdən cana gəlmiş və ədalət aşiqi olan camaatın axınları Həzrət Əli əleyhissəlamın evinə çoxaldığından Əli (əleyhissəlam) özünə vəzifə bilib camaatın beyətini qəbul etdi.
Əli (əleyhissəlam) Nəhcül-bəlağənin bir neçə yerində camaatın onun xilafət başına gəlməsi üçün evinə axınları və camaatın beyət etmək üçün təkidləri barədə söhbətlər etmişdir. Bir yerdə belə buyurur: «Camaat susamış dəvənin su görərkən sarbanın əlindən azad olub suya hücum etdikləri kimi mənim üstümə hücum etdi. Bir-birini sıxışdırıb çiyin-çiyinə dəyirdilər. Vəziyyət o hala çatmışdı ki mən deyərdim məni öldürmək istəyirlər ya da bir dəstə başqa bir dəstəni öldürmək istəyir. Sonra bu işi (xilafətin qəbul etməsini) araşdırdım. Bütün cəhətlərini ölçüb biçdim. Belə ki yuxunu gözümdən çəkmişdi.»  (Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 54.) Başqa bir yerdə İmam (əleyhissəlam) camaatın onun ətrafına toplaşmasını canlandırıb camaatın onun xilafəti qəbul etməsini eşidib sevindiklərini həyəcanlanmalarını bəyan edərək buyurur: «Siz mənim əlimi (beyət etmək məqsədilə) açdınız mən isə bağladım. Siz onu özünüzə tərəf çəkirdiniz mən isə onu geri dartırdım. Ondan sonra susamış dəvələrin su içmək üçün suya yaxınlaşarkən bir-biri ilə çiyin-çiyinə dəydiyi kimi mənim ətrafıma toplaşdınız. Belə ki ayaqqabımın bağı qırıldı əba çiynimdən düşdü və zəif insanlar ayaq altında qaldılar.
O gün camaatın mənimlə beyət etmək üçün yaranmış sevinci o həddə çatmışdı ki hətta uşaqlar belə sevinirdilər. Evdə oturmuş qocalar ayaqları titrəyən halda beyət mənzərəsini müşahidə etmək üçün yola düşmüşdülər. Xəstələr də bu mənzərəni müşahidə etmək üçün yataqlarından qalxmışdılar.» (Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 229.)
Əli (əleyhissəlam) məşhur «Şiqşiqiyyə» xütbəsində də camaatın şüurlu pişvazı barədə və eləcə də xilafəti qəbul etməsi barədə söhbət etmişdir: «Məni qorxudan o idi ki camaat kaftar kimi sıx şəkildə hər tərəfdən mənim üstümə hücum çəkib məni əhatə etmişdi. Belə ki Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) ayaq altda qaldılar paltarım iki tərəfdən cırıldı camaat qoyun sürüsü kimi mənim ətrafıma toplaşdı. And olsun toxumu bölən və insanı yaradan Allaha! Əgər o camaat beyət üçün ətrafıma toplaşaraq mənə arxa olmaları ilə hüccət mənə tamamlanmasaydı və həmçinin, Allahın alimlərdən zülmkarların zülmü və məzlumların aclığı qarşısında sükut etməmələri barədə peymanı olmasaydı, mən xilafət məqamından əl götürüb ondan üz döndərər onun sonunu başlanğıcındakı piyalə ilə doyuzdurardım. (Yəni necə ki ilk üç xəlifənin dövründə kənarda qalmışdım indi də kənarda qalardım.) Onda yaxşı bilərdiniz ki sizin dünyanız mənim nəzərimdə keçi burnunun suyundan da dəyərsizdir.» (Nəhcül-bəlağə, Xütbə 3 (Şiqşiqiyyə xütbəsi), (Sübhi Saleh).)
Üç cəbhədə mübarizə
Əli əleyhissəlamın hakimiyyətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə Əli əleyhissəlamın hökuməti qarşısında müxalif bir dəstə yaratdı. Bu müxalifət sonda «Nakisin» «Qasitin» və «Mariqin» döyüşləri ilə nəticələndi. İndi də həmin döyüşlər barədə ayrı-ayrılıqda qısa məlumat veririk:
Nakisin (Nakisin ərəb sözü olub, «Əhdlərini sındıranlar» mənasını bildirir. Əli əleyhissəlama beyət etdikdən sonra bir dəstə beyətini sındırıb Əli əleyhissəlamın üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr onlara başçılıq edirdi. (Mütərcimdən)) döyüşü (cəməl döyüşü)
Nakisin döyüşünün səbəbi bu idi ki Təlhə və Zübeyr Əli əleyhissəlama beyət etdikdən sonra ondan Bəsrə və Kufə şəhərlərinə vali (başçı) təyin olunmalarını istədikdə, İmam (əleyhissəlam) onların bu istəyi ilə razılaşmadı. Nəhayət onların hər ikisi "ümrə”ni bəhanə edərək Məkkəyə yola düşdülər. Orada (Məkkədə) Bəni-Üməyyə tərəfindən qarət olunmuş beytül-maldan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qanını almaq qəsdi ilə Bəsrəyə üz tutdular. Bəsrəni tutub öz əllərinə keçirdilər. Əli (əleyhissəlam) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində Əli (əleyhissəlam) qalib gəldi və «nakisinlər» məğlubiyyətə uğradılar. Bu döyüş hicrətin otuz altıncı ilində baş vermişdir.
Qasitin («Qasitin» haqdan dönmüşlər, zülmkarlar deməkdir.) döyüşü (siffeyn döyüşü)
Müaviyə hələ Əli (əleyhissəlam) xəlifə olmazdan neçə il qabaq Şamda özü üçün xilafətə keçmək hazırlıqlarını görmüşdü. Əli (əleyhissəlam) xilafətə gəlcək Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali təyin edilmişdi.) və onun bir an belə işdə qalmasına razılıq vermədi. (Müaviyə də təbii ki İmamın fərmanı ilə razılaşmadı.) Bu müxalifətin nəticəsi o oldu ki İraq və Şam qoşunları «Siffeyn» adlı bir çöldə üz-üzə gəldilər. Əli (əleyhissəlam)ın ordusunun qələbəyə bircə addımı qalmışdı. Ancaq Müaviyə (Əmr Asın köməyilə) hiylədən istifadə edərək Əli əleyhissəlamın ordusunda təfriqə və ixtilaf yaratdı. Nəhayət Əli (əleyhissəlam) ordusunun təkidi nəticəsində məcbur qalıb Əbu Musa Əşəri ilə (Əli əleyhissəlamın tərəfindən) Əmr Asın (Müaviyə tərəfindən) danışıqlarına razı oldu. Belə ki onlar (Əbu Musa Əşəri və Əmr As) İslam və müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli idilər. Əli əleyhissəlamın ordusundan olanların onu Əbu Musa Əşərini Əmr Asla danışıqlara göndərməsi barədəki təkidləri o dərəcəyə çatmışdı ki əgər Əli (əleyhissəlam) bununla razılaşmasaydı, bəlkə də bu narazılıq İmamın ölümü ilə nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar.
Tərəflərin öz nəzərlərini bildirmək zamanı çatdıqda Əmr As Əbu Musa Əşərini aldatdı (Əmr As danışıqlardan qabaq Əbu Musa Əşərini görmüş onunla danışıqlar barədə söhbət etmişdir. O, söhbətində bildirmişdi ki, müsəlmanlar iki nəfərin - Əli və Müaviyənin üstündə bir-biri ilə müxalifət yaradıblar. Gəl sən Əli əleyhissəlamın nümayəndəsi kimi onu xilafətdən kənara qoy, mən də Müaviyənin nümayəndəsi kimi onu xilafətdən kənara qoyum. Sonra müsəlmanlar yığışıb özlərinə yeni bir xəlifə təyin etsinlər. Əbu Musa Əşəri Əmr Asın hiyləsinə aldanıb onunla razılaşdı. Ancaq Əmr As öz dediyinə əməl etməyib Müaviyəni xilafətdə saxladı. (Mütərcimdən)) və Müaviyənin alçaq niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan sonra Əli əleyhissəlamın ordusundan bir dəstəsi İmamın danışıqları qəbul etməsinə görə onunla müxalifət etməyə başladı. Onlar İmamı danışıqlarla razılaşdığına görə tənqidə tutdular.
Qasitin döyüşü hicrətin otuz yeddinci ilində baş vermişdir.(Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.)
Mariqin döyüşü (Nəhrəvan döyüşü)
Mariqin (yolunu azmışlar) Əli əleyhissəlamı Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub İmamdan danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli (əleyhissəlam) elə bir şəxs deyildi ki öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əli əleyhissəlama qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli əleyhissəlamla bu dəstə arasında döyüş baş verdi. Əli əleyhissəlamın ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Tarixçilərin yazdığına görə bu döyüş hicrətin 38 yaxud 39-cu ilində baş vermişdir.

Əlinin (ə) dövləti idarə sistemində tutduğu əhəmiyyətli islahat addımları
Peyğəmbər (s)-in hicrətindən sonra Mədinədə qurduğu İslam hökumətinin ikinci nümunəsi olan Əli (ə)-ın bərpa etdiyi həmin dövlət təəssüflər olsun ki, çox da ömür sürmədi. Hərçənd Əli (ə) daxildə baş verən münaqişələr, xəyanətkar ünsürlərin törətdiyi təxribatların ucbatından nəzərdə tutduğu islahat ideyalarının həyata keçirməyə nail olmadı, lakin İslam hökumətinin prinsiplərinə əsaslanan ideal dövlət numunəsini ərsədə işıqlandıra bildi. Həzrətin təşkil etdiyi dövlətin parlaq strukturu ətrafında geniş mülahizələrə burada macal olmasa da, imkan daxilində hökuməti idarə istiqamətində onun əhəmiyyət verdiyi çox qiymətli örnək və ülgü kimi mahiyyət kəsb edə biləcək yüksək ideyalarına müxtəsər də olsa toxunacağıq:
1. Əli (ə) elə ilk başdan xilafəti qəbul etməyinin mahiyyətini ədalətin icrası kimi irəli çəkərək onu, xüsusilə ictimaiyyətdə rifah və maddi təminatın, bir-birinə tam əks olan iki sinfi qütbün həlli perspektivində arayırdı. (Nəhcül-Bəlağə, xütbə 3.)
Qabaqda keçdiyi kimi çox qabarıq dərəcədə sosial problemə çevrilən iki aclar və toxlar təbəqələri arasındakı sinfi ayrıseçkiliyə öz münasibətini bildirən Həzrət deyirdi: Allah bilici və alimlərlə əhd-peyman bağlayıb ki, belə vəziyyətin qarşısında sükut etməsinlər.
2. Həzrət (ə) mənsəb və iqtidarı yalnız xalqa xidmət, ictimai hüquqların bərpası və batili (zülm və haqsızlıq) məhv etmək üçün vəsilə bilmiş (Nəhcül-Bəlağə, xütbə 33.) və heç vaxt ona sui-istifadə mənbəyi yaxud yağlı bir tikə kimi tamah gözü ilə baxmamışdır. Deyilənlərə açıq və aydın dəlil onun dövlətçiliyidir. Elə buna görə də, nə vaxtdan bəri iqtidara susamış Təlhə və Zubeyr kimilərinə hər hansı mənsəb və rəhbərliyi tapşırmaqdan qəti imtina etmiş və nəticədə onların müxalifəti və təxribatları ilə qarşılaşmışdır.
3. O, möminlərin əmiri və xəlifəsi olduğuna baxmayaraq son dərəcə sadə bir güzaranla keçinir və vəzifələrə seçdiyi şəxslərə də orta və sadə tərzdə həyat sürməyi tövsiyə edirdi. (Nəhcül-Bəlağə, məktub 45.) Dünyanın cazibədarlığına tam etinasızlıq, cəlbedici maddi rəngarənglik və təmtəraqdan uzaqlıq Həzrətin şəxsiyyətində ən spesifik xüsusiyyətləri, onun dövlətçiliyində ən üstün xarakterik çalarları aşılayır.
4. Onun dövlət nümayəndələrinin seçki və təyinində əsas qarşıya qoyduğu meyarları təqva, sağlam ömür və parlaq keçmiş, rəhbərlik bacarığı, qətiyyətli dindarlıq və digər layiqli keyfiyyətlərdən ibadət idi. Qohumluq və digər nisbət əlaqələrini onun vəzifə bölgüsündə hətta zərif izlərini belə görə bilmərik. Həzrətin bütün İslam ölkəsində rəhbərlik etdiyi 51 nəfər vali və nümayəndəsi arasında mühacir, ənsar, yəmənli, nəzarlı, haşimi və qeyri-haşimi, hicazlı, iraqlı, qoca və cavan şəxslər göründüyü halda oğulları imam Həsən, imam Hüseyn və Məhəmməd Hənəfiyyə, qızı Zeynəbin (ə.h.) əri Abdullah ibn Cəfər kimilərindən əsər-əlamət yoxdur. Halbuki, bu adamların özləri də yaş və qabiliyyət baxımından vəzifə və rəhbərliyə layiq kəslər idi və bir çox həssas mövqelərdə, müharibə və döyüş meydanlarında mühüm rol oynayırdılar. Lakin Həzrət hər hansı vəzifənin öz qohum-əqrəbasına həvaləsində ciddi pəhriz edirdi.
5. İmam (ə) bir çox hakim və rəhbərlərin (keçmişdə və indi) yeritdiyi "hədəf vəsiləyə bəraət qazandırır” siyasi prinsipinin tam əksinə olaraq öz ali və müqəddəs məqsədlərinin həyata keçməsində heç vaxt mənafe yönümlü əyri yollara əl atmırdı. Məlum olduğu kimi elə xəlifəliyin ilk günlərində bəzi xeyirxah tərəfdarlarının beytül-malın bölüşdürülməsində hələlik mənsəb, şərəf və sərvət sahiblərinin səhm və payına qismən də olsa artıq ödəyərək yeni qurulmuş hökumətin dayaqlarını möhkəmləndirmək təklifini rədd edərək buyurmuşdu: Siz deyirsiniz ki, hal-hazırda rəhbəri olduğum adamlara zülmə yol verərək qalib gəlim?! Allaha and olsun, nə qədər ki, dünya durur, belə şeyə yol vermərəm! Əgər bu mal öz malım olsaydı belə etməzdim. O ki qaldı bu Allah malıdır! (Nəhcül-Bəlağə, xütbə 126.)
Əks tərəfdə isə qatı düşmən olan Müaviyə öz çirkin və şeytani məqsədlərinə nail olmaq üçün heç nəyi əsirgəmir, şəriətə zidd olaraq hər bir alçaqlığa əl atırdı. Beləliklə də, bəzi sadəlövh və şüursuz adamlar Müaviyənin ağıllı, siyasətçi və zirək kimi İmamdan üstün olduğunu təsəvvür edirdilər. Həzrətin isə bu məqamda buyurduğu kəlamı diqqəti özünə cəlb edir: Allaha and olsun, Müaviyə məndən ağıllı deyildir. O, həqiqətdə kələkbazlıq, yaramazlıq və alçaqlıq edir. Əgər kələkbazlıq və hiyləgərlik çirkinlik olmasaydı, mən ən zirək adam olardım. (Nəhcül-Bəlağə, xütbə 200.)
6. Həzrət heç vaxt müxaliflər və ya düşmənlərlə üsul və zabitəni tapdamır, ixtiyarındakı qüdrətdən istifadə edərək onları öz azadlıq hüquqlarından məhrum etmirdi. Bu o vaxta qədər davam edirdi ki, özləri öz əleyhinə zəmin hazırlamasınlar. Həzrətin, vəzifəyə çatmayacağından naümid olub etiraz hissi ilə kənara çəkilmiş Təlhə və Zubeyrin ümrə həccini bəhanə edərək Məkkəyə getməsinə icazə verməsi bunun aşkar nümunəsidir. (Tarixi Yaqubi, c. 2, s. 180.) Zahirən sırf təxribat yönümlü bu səfərin gedişatını aydın görən İmam (ə) hələ bir xəta baş verməmiş onların qarşısını almadı. Həmçinin nadan və cahil qövm olan Xəvaric "siffeyn” döyüşündən sonra qayıdarkən yolda qoşundan ayrılıb Nəhrivan ərazisində düşərgə saldıqdan, eləcə də təxribat və terror əməliyyatlarına başlamazdan əvvəl Həzrət onlara belə buyurmuşdu: Nə qədər ki, bizimləsiniz (düşmənə qoşulmamısınız) sizin üç hüququnuz qorunur:
1. Əgər məscidlərdə namaz qılmaq istəsəniz, azadsınız, sizə mane olunmayacaq.
2. Nə qədər ki, bizimlə əl-ələ verib çalışırsınız beytül-maldan məhrum olunmayacaqsınız.
3. Nə vaxta qədər ki, bizimlə müharibəyə başlamamısınız sizinlə döyüşə girməyəcəyik.
Həzrətin əlində onları tam yatırmaq iqtidarı olduğu halda, beləcə, onların yersiz müxalifət və etirazlarını böyük təmkinlə qarşıladı və nəhayət dinc qalmayaraq terror əməliyyatlarına əl atmaqla çox yaramaz işlər ilə iğtişaş yaratdıqları zaman çarəsiz onların üzərinə qoşun yeritdi.
7. Əli (ə) iş başına ləyaqətli, sağlam nümayəndələr təyin etməsinə baxmayaraq onların iş üsulu və rəftarlarından daim xəbərdar olmaq üçün nəzarət məqsədi ilə xüsusi adamlar ayırmışdı. Heç bir hərəkət və hadisə onun gözündən yayınmır, lazım gəldikdə onların haqqında münasib yerli qərarlar verirdi. Bunun gözəl nümunəsi Həzrətin əyan-əşrafların ziyafət məclisində iştirak etmiş Osman ibn Hüneyfə və yazdığı şiddətli danlaq məktubudur. (Tarixi Təbəri, c. 4, səh. 53.) Məsələnin incəliyi burasındadır ki, məktubun yazıldığı tarix Həzrətin xilafətə gəldiyi ilk aylara təsadüf edir (çünki Osman ibn Hüneyf "cəməl” döyüşünədək Bəsrənin valisi olmuş və bu döyüş Həzrətin xilafətinin 6-cı ayında baş vermişdi) və o vaxt İmamın başı çox gərgin surətdə quruculuq, nizam-intizam işlərinə qarışmış, demək olar bütün vaxtını üçüncü xəlifə Osmanın qətlindən sonra bütün İslam ictimaiyyətini bürüyən böhranlı vəziyyətin həllinə ayırmışdı. Bununla belə İmamın uzaq bir nahiyədə öz valisinin hətta bir qonaqlıqda belə hüzurundan xəbərdar olub onu məzəmmət etməsi dəqiqliyi və digər xüsusiyyətləri onu əbədi rəhbər kimi cahanda yaşadır.
Əli (əleyhissəlam) nəhayət dörd il bir neçə ay (9 ay) hökumətdə olduqdan sonra hicrətin qırxıncı ili Ramazan ayının on doqquzuncu gecəsi həmin mariqindən biri olan Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) zərbətlənib iki gün sonra şəhadətə qovuşmuşdur.
Son
 Müəllif: Mehdi Pişvayi   

Category: Tarix | Baxış: 948 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]