Bazar günü, 2024-12-22, 9:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 16 » Əmirəl-Мöminin Əli ибн Əbutalib əleyhissəlamın həyati (3)
5:27 AM
Əmirəl-Мöminin Əli ибн Əbutalib əleyhissəlamın həyati (3)
4. Peyğəmbərin (s) vəfatından Əli əleyhissəlamın zahiri xilafətinədək
Bu bölməyə başlamazdan əvvəl xatırladırıq ki İmamət məsələsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından (hicrətin on birinci ili səfər ayının iyirmi səkkizi) İmam Həsən Əskəri əleyhissəlamın vəfatınadək (hicrətin iki yüz altımışıncı ili rəbbiül-əvvəl ayı) təxminən dörd mərhələdən ibarətdir. Hər mərhələ İmamların dövrün hakiminə qarşı tutduqları mövqelərə əsasən bir sıra xüsusiyyətlərə malikdir. Bu dörd mərhələ aşağıdakılardır:
1) İmamın səbr etməsi və ya dövrün hakimləri ilə yola getməsi mərhələsi.
Bu mərhələ Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından (18-ci hicri ili) Əli əleyhissəlamın zahiri xilafətinə qədərki (35-ci hicri ili) dövrünü əhatə edir.
2) Əli əleyhissəlamın xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ Əli əleyhissəlamın dörd il doqquz ay ondan sonra isə İmam Həsən əleyhissəlamın bir neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq bu iki İmam (Əli (əleyhissəlam) və Həsən (əleyhissəlam)) bir çox çətinliklərlə üzləşmiş İslamın müxtəlif düşmənləri tərəfindən təzyiqlərə məruz qalmışdır ancaq bununla belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur.
3) Həqiqi İslam hökuməti və dövlət quruluşu qurmaq üçün aparılan az müddətli səylər mərhələsi. Bu mərhələ İmam Həsən əleyhissəlamın sülhündən (hicrətin qırx birinci ili) İmam Hüseyn əleyhissəlamın şəhadətinə qədər (hicrətin altımış birinci ili məhərrəm ayına qədər) olan iyirmi ili əhatə edir. İmam Həsən əleyhissəlamın sülhündən sonra şiənin yarımgizli işi başlamış və məqsədi, hökumətin münasib fürsətdə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə qaytarılması olan proqramlar hazırlanmışdı. Bu imkan elə də çətin şey deyildi. Yəni Müaviyənin ölümündən sonra bu işi həyata keçirmək olardı.
4) Nəhayət dördüncü mərhələ həmin məqsədin və proqramların uzun müddət davam etməsi mərhələsi. Bu mərhələnin iki əsrə yaxın müxtəlif sahələrində bir sıra müvəffəqiyyətlər və uğursuzluqlar əldə olmuş ideoloji işlərdə yüzlərlə münasib taktikalarda və minlərlə ixlas və şücaətlə dolu işlərdə qəti uğurlar əldə edilmişdir.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatı və İmamət məsələsi
Əli (əleyhissəlam) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (səlləllahu əleyhi və alih) başqa heç kəs fəzilət təqva fiqh hökumət (qəzavət) Allah yolunda cihad etmək və bu kimi gözəl xüsusiyyətlərdə Əli əleyhissəlama çatmazdı. Məhz bu üstünlüklərə görə Əli (əleyhissəlam) dəfələrlə Allah və Peyğəmbər tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. Onların hamıdan əsası «Qədir Xum» hadisəsidir. Buna görə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra ehtimal verilirdi ki Əli (əleyhissəlam) hökumətə gələrək müsəlmanlara başçılıq edəcək. Ancaq heç də belə olmadı və xilafət yolu Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra tamamilə dəyişdi. Əli (əleyhissəlam) siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.
İki əsas yol ayrıcı
Əli (əleyhissəlam) İslam hökumətinin təhrif olunmasına heç vaxt dözə bilməzdi və bu cür işin qarşısında sakit durmağı da ar sayırdı. Dəfələrlə sübutlar və mətin ehticacları (meydan oxuması) ilə xəlifə və onun ətrafındakıları tənqid atəşinə tutaraq onlara öz etirazını bildirirdi. Ancaq tarix və hadisələrin sonrakı cərəyanı göstərdi ki bunların heç bir faydası yoxdur. Xəlifə və onun ətrafındakılar öz vəzifələrindən möhkəm yapışmışdılar. Belə olduqda Əli (əleyhissəlam) iki əsas yolayrıcında durmalı olur; Ya yeni hökuməti qanunsuz sayan öz həqiqi səhabələrinin və Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin həqiqi dostlarının köməyi ilə ayağa qalxmalı və qüdrətə arxalanaraq hökuməti ələ keçirməli ya da bu vəziyyətə dözməli və mümkün olan qədər müsəlmanların müşkülatını həll etməli və öz vəzifəsini yerinə yetirməli idi. İlahi rəhbərlərin rəhbərlik məqamından məqsədləri vəzifəyə yetişmək deyil. Onların məqsədləri vəzifədən qat-qat üstün bir şeydir. Rəhbərin vücudu ona görədir ki məqsədə çatmaqda səy etsin. Buna görə də, əgər bir gün rəhbər iki yolayrıcına çatıb vəzifə və məqsədin ikisindən birini buraxmalı olsa gərək vəzifədən əl çəkib məqsədi vəzifədən üstün tutsun. Belə iki yolayrıcına çatan Əli (əleyhissəlam) ikinci yolu seçdi. O vəziyyətin gedişatı və İslam cəmiyyətinin vəziyyətini araşdırıb belə nəticəyə gəldi ki əgər o hökuməti ələ keçirmək üçün ayağa qalxıb mübarizə aparsa Peyğəmbərin (səlləllahu əleyhi və alih) iyirmi üç il çəkdiyi bütün əziyyətlər heç olacaq bu yolda tökülən bütün qanlar hədər gedəcək. Əli (əleyhissəlam) bu məsələyə «Şiqşiqiyyə» xütbəsində toxunaraq buyurur: «Mən xəlifəlik vəzifəsindən əl çəkdim ondan kənar oldum. Mən bu fikirdə idim ki təkbaşına ayağa qalxıb özümün və camaatın haqqını müdafiə edim yoxsa bu cür qaynar bir mühitdə və belə bir zülmətdə səbr edim? Bu mühit qocaları əldən salmış cavanları isə qocaltmışdır. İmanlı kişiləri ömrünün son anlarına qədər əziyyətdə qalmağa vadar etmişdir. (Nəhəyət) gördüm ki səbr etmək ağıl və düşüncəyə daha yaxındır. Buna görə də, səbr etdim. Ancaq səbr edərkən gözünə tikan batmış boğazına sümük qalmış şəxsə bənzəyirdim. Öz gözümlə görürdüm ki mirasımı qəsb edirlər.» (Nəhcül-Bəlağə (Sübhi Saleh), Xütbə 3.)
Əli (əleyhissəlam) İslam hökumətinin özünün əsl yolundan çıxmaması və İslam dininin əsasını qorumaq üçün səbr etdiyinə başqa yerlərdə də işarə etmişdir. O cümlədən Osman xəlifə seçilərkən şuranın rəyi Osmanın lehinə başa çatdıqdan sonra və o, xilafət başında oturduqdan sonra üzünü şuranın digər üzvlərinə tutub buyurdu: «Mənim xəlifə olmağa hamıdan səlahiyyətli olduğumu hamınız yaxşı bilirsiniz. And olsun Allah-taalaya ki müsəlmanların işi nə qədər öz qaydasındadır və nə qədər məndən başqasına zülm olunmursa səbr edəcəyəm.» (Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 74.)
Daxili və xarici təhlükələr
Qeyd etdik ki Əli (əleyhissəlam) qiyam edib xilafəti ələ keçirdiyi təqdirdə irəli çıxacaq təhlükələri nəzərə alıb səbr etməli oldu. Ola bilər biri fikirləşsin ki o vaxt yenicə təməli qoyulmuş İslam hökuməti üçün hansı təhlükələr ola bilərdi?
Bu sualın cavabını daxili və xarici təhlükələr və Əli əleyhissəlamın qiyam etməsinin qarşısını alan maneələrlə aydınlaşdırıb onları aşağıdakı şəkildə bəyan etmək olar:
1) Əgər Əli (əleyhissəlam) xilafəti ələ keçirmək üçün qiyam etsəydi, özünün həqiqi dostlarını və qəlbən o Həzrətin İmamətinə etiqadları olan bir çox yoldaşlarını mübarizə nəticəsində itirəcəkdi. (Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20.) Həmçinin Həzrət silahdaşlarının az olduğunu qiyama qalxa bilmədiyinin səbəbləri kimi vurğulayaraq bir yerdə belə deyir: "Kaş, qırx nəfər cəsur adamım olaydı!...” (Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20; Bihaul-Ənvar, c. 30, səh. 15.) Bundan əlavə, Əli əleyhissəlamın xəlifə olmasına razılıq verməyən peyğəmbərin səhabələri də arada qırılacaqdılar. Bu dəstənin xilafət məsələsində Əli əleyhissəlamla müxalif olması kinə və qərəz üzündən Əli əleyhissəlamın xəlifə olmasına razılıq verməməsinə baxmayaraq onlar başqa işlərdə Əli əleyhissəlamla müxalif deyildilər. Bütpərəstlik məsihiyyət və yəhudiliklə müqabil olan bu dəstənin ölümü ilə İslam çox zəifləyərdi. Əli (əleyhissəlam) əhdlərinə vəfasız çıxan Təlhə və Zübeyrin başlarına topladığı ordunu dağıtmaq üçün Bəsrəyə hərəkət edərkən bu məsələyə toxunaraq buyurmuşdur: "Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdikdən sonra Qüreyş eqoistcəsinə özlərini bizdən üstün sayıb rəhbərliyə hamıdan səlahiyyətli olduğumuz halda, bizi öz haqqımızdan məhrum etdilər. Mən gördüm bu işin müqabilində səbr etmək müsəlmanlar arasında təfriqə salıb boş yerə qan tökməkdən üstündür. Çünki camaat təzəcə müsəlman olmuş din südlə dolub köpüklənmiş bir tuluğa bənzəyirdi. Balaca bir səhv qəflət onu xarab edər və balaca bir insan onu dağıda bilərdi...” (Şərhi Nəhcül Bəlağə (İbn Əbil Hədid) c. 1, səh. 308; Biharül Ənvar, c. 29, səh. 633.)
2) Peyğəmbərin (səlləllahu əleyhi və alih) ömrünün sonlarında müsəlman olmuş bir çox qəbilə və tayfalar hələ lazım olan İslami təlimləri tam öyrənməmişdilər. İman nuru onların qəlbində hələ tam şəkildə təşəkkül tapmamışdı. Elə ki Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfat xəbəri onların arasında yayıldı onların bir çoxu yenidən müşrik olub bütpərəstliyə qayıtdılar. Mədinədə İslam hökuməti ilə açıq-aşkar müxalifət etməyə başladılar İslam vergilərini (xums zəkat və s.) ödəməkdən boyun qaçırdılar. Hələ bu azmış deyə nizami ordu toplayıb Mədinəni möhkəm qorxuya da saldılar. Buna görə də, yeni qurulmuş İslam hökumətinin bunlara qarşı ilk tədbiri o oldu ki müsəlmanlardan ibarət bir ordu təşkil olundu və müxaliflərin qiyamı müsəlman ordusunun səyi nəticəsində yatızdırıldı. (Əlbəttə, bu o demək deyil ki yeni xəlifə Əbu Bəkrin gördüyü bütün işlər düzgün olmuşdur.)
İslamın əvvəlki düşmənlərinin qiyam qaldırıb İslam hökumətini hədələdiyi bir vəziyyətdə İmamın başqa bir bayraq qaldırıb qiyam etməsi əsla düzgün olmazdı.
İmam Misir əhalisinə yazdığı məktubda bu məsələyə toxunaraq buyurmuşdur: «And olsun Allaha mən fikir eləməzdim və heç ağlıma belə gəlməzdi ki ərəblər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İmamət və rəhbərliyi onun ailəsindən alsınlar (başqa yerdə qərar versinlər inanmazdım ki) məni xilafətdən uzaqlaşdırsınlar. Məni narahat edən yalnız camaatın filankəsin (Əbu Bəkrin) başına toplaşıb onunla beyət etmələridir. (Vəziyyəti belə görüb) əl saxladım. Hətta iş o yerə gəlib çıxmışdı ki bir dəstənin dindən çıxıb Məhəmmədin (səlləllahu əleyhi və alih) dinini məhv etmək istədiklərini öz gözümlə gördüm. Belə olduqda qorxdum ki əgər İslama və (hökumətə) müsəlmanlara kömək etməsəm İslamın məhv olmasının şahidi olaram. Bunun müsibəti mənə xilafətdən uzaq düşməyimdən və sizlərə hakimlik etməkdən məhrum olmağımdan da baha başa gələrdi. Çünki bu dünyanın bir neçə günlük faydasıdır bir müddətdən sonra qurtarıb gedəcək. Necə ki yolda görünən ilğım qurtarır və necə ki buludlar aralanıb gedirlər. Belə olduqda mən ayağa qalxdım. Bununla da batil aradan getdi və din möhkəmcə yerində qaldı.» (Nəhcül-bəlağə, 62-ci məktub (Sübhi Saleh); Əl-ğarat, c. 1, səh. 306 çox cüz`i fərqlə)
Əli (əleyhissəlam) bu məsələyə xilafətə gəldiyi ilk günlərdə də toxunmuşdur. Abdullah ibn Cüneyd deyir: "Mən Əlinin xilafətinin ilk günlərində Məkkədən Mədinəyə gəldim. Gördüm bütün camaat Peyğəmbərin (səlləllahu əleyhi və alih) məscidində əyləşib İmamın gəlməsini gözləyir.” Birdən Əli (əleyhissəlam) əlində qılınc evdən bayıra çıxdı. Bütün gözlər ona zilləndi. O minbərdə əyləşib Allaha həmd-səna etdikdən sonra sözlərinə belə başladı: «Ey camaat! Peyğəmbər (səlləllahu əleyhi və alih) bizim aramızdan getdikdən sonra belə fikirləşirdik ki xilafət barəsində heç kəs bizimlə mübarizə etməyib bizim haqqımıza göz dikməyəcək. Çünki biz Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi və onun varisi idik. Ancaq gözlədiyimizin əksinə olaraq camaatın bir dəstəsi bizim haqqımıza təcavüz edib xilafəti bizim əlimizdən aldı. Xilafət başqasının əlinə keçdi. And olsun Allaha əgər müsəlmanlar arasında təfriqə yaranması küfr və bütpərəstliyin bir daha İslam məmləkətinə qayıtması və İslamın məhv olması qorxusu olmasaydı, mən onlarla başqa cür rəftar edərdim.» (İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.1, səh.307; İrşad (Şeyx Müfid) səh. 131.)
3) Dindən çıxmış şəxslərin qiyam etməsi təhlükəsindən başqa bir sıra yalançı peyğəmbərlərin o cümlədən Müseyləmə Tüleyhə və Səccah kimilərin meydana gəlməsi və hər birinin öz ətrafına dəstə toplayaraq Mədinəyə hücum etmək fikrində olmaları da bu təhlükələrdən biri idi. Ancaq müsəlmanların birləşib müqavimət göstərməsi nəticəsində bu təhlükə də sovuşdu.
4) Roma imperiyasının hücum etmə ehtimalı da digər tərəfdən müsəlmanlar üçün təhlükə yaratmışdı. Çünki o vaxta qədər müsəlmanlarla romalılar üç dəfə vuruşmuşdular və elə buna görə də, romalılar müsəlmanları özlərinə böyük təhlükə sanır və onlara hücum etmək üçün fürsət axtarırdılar. Əgər Əli (əleyhissəlam) xilafət uğrunda mübarizəyə qalxsaydı müsəlmanlar arasında vətəndaş müharibəsi baş verər və daxili cəbhənin zəifləməsi nəticəsində romalılar üçün ən yaxşı əlverişli bir fürsət yaranardı.
Bu dörd məsələni nəzərə aldıqda, İmamın səbr etməyi mübarizədən üstün tutması və səbr etməklə uzaqgörənliklə İslam cəmiyyətini böyük təhlükədən qurtarması yaxşı məlum olur.
Əgər Əli (əleyhissəlam) müsəlmanların birliyini istəməsəydi və həmçinin, onların ayrılması nəticəsində irəli gələn təhlükələrin qorxusu olmasaydı heç vaxt xilafətin Peyğəmbərin (səlləllahu əleyhi və alih) həqiqi xəlifələrinin əlindən çıxıb başqalarının əlinə düşməsinə icazə verməzdi.
Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti
Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti aşağıdakı sahələri əhatə edirdi.
1) Allah-taalaya ibadət özü də Əli (əleyhissəlam) kimi bir şəxsiyyətə məxsus olan ibadət! Gör Əli (əleyhissəlam) necə ibadət edirmiş ki ibadətlə məşhur olan İmam Səccad (əleyhissəlam) öz ibadətini Əli əleyhissəlamın ibadəti qarşısında heç hesab edir.
2) Quranın təfsiri və bir çox ayələrdəki müşküllərin həlli və İslam aləminin böyük təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək;
3) Dünya alimlərinin xüsusilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra onun dini barədə maraqlanan və Mədinəyə gəlib müsəlmanlara suallar verən yəhudi və məsihi alimlərinin suallarına cavab vermək; Bu suallara danışığında Tövrat və İncildən xəbərdar olması başa düşülən Əli əleyhissəlamdan başqa cavab verən tapılmırdı. Əgər bu suallara cavab verən tapılmasaydı İslam aləmi rüsvay olardı. Elə ki Əli (əleyhissəlam) onların suallarına qəti və qaneedici şəkildə cavab verirdi, Peyğəmbərin (səlləllahu əleyhi və alih) yerində oturmuş xəlifələrin üzü gülümsəyirdi.
4) İslamda o vaxtadək görünməyən yeni hadisələrin şəri hökmlərini bəyan etmək; Bəzi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki qazılar onun həllində aciz qalırdılar. Bu cür mühakimələrin həlli Əli əleyhissəlamın həyatının əsas məsələlərindən biri idi. Əgər səhabələrin içində Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğuna görə, ümmətin ən biliklisi və qəzavət (mühakimə) işlərinə hamıdan yaxşı xəbərdar olan Əli (əleyhissəlam) kimi bir şəxsiyyət olmasaydı, İslamın ilk vaxtlarında bir çox məsələlər müəmmalı olaraq qalacaqdı.
Bu cür yeni məsələlərin irəli gəlməsi İslamın bütün məsələlərinə (istər kiçik olsun istərsə də böyük) elmi olan Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra elmli və hər şeydən xəbərdar olan öz geniş elmi ilə ümməti səhv yönəlmələrdən və gümana qiyasa əməl etməkdən qoruyan məsum bir İmamın peyğəmbərin yerində olmasını tələb edirdi. Bu ləyaqət isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələrinin etirafına əsasən, Əli əleyhissəlamdan başqa heç kəsdə yox idi.
Əli əleyhissəlamın qəzavətləri və onun Quran ayələrindən çıxardığı gözəl yeniliklər hədis və tarix kitablarında öz yerini tapıb. Bəzi alimlər bunlar haqqında ayrıca kitablar yazmışlar.
5) Ruhu təmiz pak və seyri-süluk üçün hazır olan insanları təlim-tərbiyə etmək; Bu yolla onlar İmamın mənəvi rəhbərliyi sayəsində mənəvi kamal qüllələrini fəth edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mənəvi gözlə görürdülər.
6) Bir çox kimsəsizlər və kasıbların dolanışığını təmin etmək; Hətta İmam öz zəhməti ilə bağlar salıb quyular qazıb onları vəqf edirdi.
7) Xilafətdə olanlar siyasi məsələ və ya başqa işlərdə çətinliklə rastlaşıb çıxılmaz vəziyyətə düşdükdə etimadlı məşvərətçi kimi yalnız Əli əleyhissəlamı görürdülər. Əli (əleyhissəlam) özünəməxsus həqiqət görünüşü ilə müşkülatı həll edir və yolu təyin edirdi. Bu məşvərətlərin bəziləri Nəhcül-bəlağədə və başqa tarix kitablarında gəlmişdir.
ƏLİ (ƏLEYHİSSƏLAM) VƏ XƏLİFƏLƏRİN ELMİ VƏ SİYASİ MÜŞKÜLATININ HƏLLİ
Tarix şahiddir ki Əbu Bəkr və Ömər öz xəlifəlik dövrlərində siyasi maarif əqaid (əqidələr) Quranın təfsiri İslami məsələlərin əsl və fərlərində Əli əleyhissəlama müraciət edirdilər və İmamın bu barədə verdiyi məşvərətlərdən yol göstərmələrindən bəhrələnirdilər. İndi bunların bir neçəsini oxucuların nəzərinə çatdırırıq.
Romalılarla müharibə
Yeni İslam hökumətinin əsas düşmənlərindən biri Roma imperiyası olmuşdur. Roma daima İslamı Şimal tərəfdən hədələyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarınadək Roma imperiyasının təhlükəsindən qafil olmamışdı. Hətta bir dəfə hicrətin səkkizinci ilində Cəfəri-Təyyarın başçılığı ilə Şam istiqamətində bir ordu da göndərmişdi.Ancaq İslam ordusu üç başçısını və bir çox əsgərini itirərək heç bir nəticə almadan Mədinəyə qayıtmışdı. Sonradan bu məğlubiyyətin əvəzini çıxmaq məqsədilə hicrətin doqquzuncu ili Peyğəmbər (səlləllahu əleyhi və alih) böyük bir ordu ilə Təbuk məntəqəsinə tərəf getdi. Ancaq müsəlmanlar düşmənlə rastlaşmadan Mədinəyə qayıtdılar. Bu səfərin bir sıra parlaq nəticələri oldu. Tarixdə bunların hamısı qeyd olunmuşdur. Romalıların hücum təhlükəsi həmişə Peyğəmbərin (səlləllahu əleyhi və alih) fikrini cəlb edirdi. Bu cəhətdən Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarında xəstə olarkən müsəlmanlardan ibarət bir ordu təşkil edib Şama tərəf göndərdi. Bu ordu bir sıra səbəblər üzündən Mədinədən çıxmadı. Ordu Mədinənin bir neçə kilometrliyində olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdi.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkrin xəlifə seçilməsi ilə keçirdiyi böhrandan sonra sakitləşdi. Xilafəti ələ keçirən Əbu Bəkr Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını (romalılarla döyüş fərmanını) yerinə yetirməkdə ikiürəkli idi. (Yəni bilmirdi romalılarla vuruşsun yoxsa vuruşmasın.) Buna görə də, səhabələrin bir dəstəsini toplayıb onlarla məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri qane etmədi. Nəhayət Əbu Bəkr Əli əleyhissəlamla məsləhət etdi. Əli (əleyhissəlam) onu Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki əgər vuruşsan qalib gələcəksən. Xəlifə (Əbu Bəkr) İmamın onu ürəkləndirməsindən sevinib dedi: "Yaxşılığa yozdun və xeyirliyə müjdə verdin. (Tarixi-Yəqubi, c.3, səh.39.)”

Əli (əleyhissəlam) və ikinci xəlifənin onunla siyasi məsləhətləri
Əli (əleyhissəlam) ikinci xəlifənin dövründə də siyasi elmi ictimai bir məsləhətçi idi. İndi ikinci xəlifənin Əli əleyhissəlamla siyasi məsləhətlərindən bir nümunəni sizin nəzərinizə çatdırırıq:
Hicrətin on dördüncü ili müsəlmanlarla Sasani imperiyası (iranlılar) arasında Qadisiyyə adlı məntəqədə çox çətin bir döyüş baş verdi. Gərgin gedən bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu başçısı Rüstəm Fərruxzad çoxlu sayda döyüşçüsü ilə qətlə yetirildi. Bu qələbə nəticəsində İraq bütünlüklə İslamın nəzarəti altına keçdi və Sasani imperiyasının paytaxtı Mədain şəhəri müsəlmanların əlinə düşdü. İran döyüşçüləri canlarını qurtarmaq üçün ölkənin içərisinə tərəf geri çəkildilər. Sasanilər qorxurdular ki İslam ordusu yavaş-yavaş irəliləyib bütün ölkəni ələ keçirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə Sasani imperatoru Yəzdigərd, Firuzanın başçılığı altında yüz əlli minlik bir ordu təşkil etdi. Firuzana tapşırdı ki müsəlmanların ehtimal verilən hücumunun qarşısını alsın və vəziyyət yaxşı olarsa hücuma da əl atsın.
Müsəlmanların ordu başçısı Səd ibn Vəqqas (bir ehtimala görə isə Kufə hökmdarı Əmmar Yasir) xəlifə Ömərə məktub yazaraq onu düşmənin hərəkətindən xəbərdar edib bildirdi ki Kufə ordusu (o vaxtlar İslamın əsas nizami bazası Kufə şəhərində yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən hücuma keçməzdən qabaq yaxşı olar ki biz onları qorxutmaq üçün hücuma başlayaq.
Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən xəbərdar etdi. Xəlifə bildirdi ki özü Mədinədən Bəsrə ilə Kufə arasında olan bir yerə gedib oradan orduya başçılıq etmək istəyir. Bu zaman Təlhə qalxıb xəlifənin fikrini bəyəndiyini bildirdi. Təlhənin sözlərindən xəlifəyə yaltaqlanması açıq-aşkar hiss olunurdu.
Ondan sonra Osman qalxıb nəinki xəlifənin Mədinədən çıxmaq istəmək fikrini bəyəndiyini bildirdi hətta ona belə bir məsləhət verdi: "Şam və Yəmən ordusuna da məktub yaz ki, öz yerlərini tərk edib xəlifəyə qoşulsunlar. Beləliklə, böyük bir ordu ilə düşmənlə qarşı-qarşıya çıxa bilərsən”.
Bu zaman Əli (əleyhissəlam) ayağa qalxaraq buyurdu: «Bu işin (İslamın) qalib gəlib-gəlməməsi ordunun az ya çox olmasına bağlı deyil. Bu Allahın dinidir və O Özü onu qalib edər. O ordusunu Özü hazırlayır və onlara da kömək edir. Allah-taala lazım olduğu yerə qədər İslamı gətirib çıxartdı hara yayılmalı idisə, ora yaydı. Allah-taala bizə qalib gələcəyimizi vəd edib. Biz də bilirik ki Allah Öz vədəsinə əməl edib Öz ordusuna kömək edəcək.
Xəlifənin mövqeyi zəncir halqalarına bənzəyir xəlifə bu zəncirləri bir-birinə bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa dağılıb parça-parça olacaq daha onu bir yerə yığmaq da mümkün olmayacaq.
Bu gün ərəb ordusu sayca az olsa da, İslam qüvvəsi sayəsində çoxdur və birlik vəhdət sayəsində isə əziz və qüdrətlidir.
Buna görə sən (xəlifə) bir dəyirman daşının mərkəzi kimi müsəlmanları hərəkətə gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən çıxıb Kufəyə tərəf getsən, ordu künc-bucaqdan dağılaraq sənin ətrafına toplaşacaqdır. Belə olduqda da, arxada qalanlar qarşıdakılardan mühüm olacaqdır.
Əgər sabah qeyri-ərəbin gözü sənə sataşsa deyəcəklər ki bu ərəblərin rəhbəridir. Əgər onu aradan götürsək, rahat olacağıq. Bu fikir onları səninlə mübarizədə daha da həvəsləndirəcək və düşmənin daha ciddi hərəkətinə səbəb olacaq. Deyirsən, bundan narahatsan bil ki Allah bu işdə səndən də çox narahatdır və Onun bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır.
Ancaq o ki, deyirsən düşmənin ordusunun sayı bizdən çoxdur (unutma ki) biz keçmiş döyüşlərimizdə ordumuzun sayına deyil Allah-taalanın köməyinə arxalanıb qalib gəlmişik!» (Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 146.)
Ömər Əli əleyhissəlamın sözlərini bəyənib Kufəyə tərəf tək getmək fikrindən daşındı. (İbn Əsir, Əl-Kamilu fit-tarix, c.3, səh.8.)
Bu cür çıxılmaz məsələləri həll etməyinə görə Ömər deyərdi: «Bir çətinlik üz verərkən bunun həlli üçün Əbül Həsənin (Əli əleyhissəlamın) tapılmamasından Allaha pənah aparıram.» (Əl-İstiabu fi mərifətil-əshab, c.3, səh.39. Xəlifələrin müxtəlif zamanlarda müsəlmanların çətinliklərinin həlli üçün Əli (ə) ilə müşavirə etmələri barədə geniş mə`lumat üçün Əsgər Qaidanın "Əli ibn Əbu Talibin siyasi mövqelərinin təhlili” kitabına müraciət edə bilərsiniz)

  Müəllif: Mehdi Pişvayi   

Category: Tarix | Baxış: 950 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]