Bazar günü, 2024-12-22, 10:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 22 » Əmirəl-Мöminin Əli ибн Əbutalib əleyhissəlamın həyati (1)
7:17 AM
Əmirəl-Мöminin Əli ибн Əbutalib əleyhissəlamın həyati (1)
ƏMİRƏL-MÖMİNİN ƏLİ ƏLEYHİSSƏLAMIN HƏYATI
Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında
İlk müsəlman olmuş şəxs
Böyük bir şücaət
Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi
İki əsas yol ayrıcı
Üç cəbhədə mübarizə
Əmirəl-möminin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa məlumat
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. (Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min Şəblənci) səh. 76.) Atası Əbutalib (Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında "rical” katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab etmişdir. ("Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21)) anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.
Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri
Həzrət Əli əleyhissəlamın besətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:
1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) besətinə qədər;
2)–Besətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;
3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;
4)–Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər;
5)–Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər).
1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) besətinə (peyğəmbərliyə seçilməsinə) qədər
Yuxarıda qeyd etdik ki əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) besətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:
«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu. (İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2, s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa; Təbəri: Tarixül-üməm vəl-mülük; Darul-qamusul-hədis, c.2, səh.213; İbn Əbil-Hədid: Şərhi Nəhcül-bəlağə, c.13, səh.119.)»
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki Allah –taala da onu mənim üçün seçmişdir. (Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü tutmuşdu.
Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O mənə yemək yedizdirərdi.
Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki ona riayət edim.» (Nəhcül-bəlağə, 192-ci xütbə (Sübhi Salehin redaktəsi olan nüsxə).)
Əli (əleyhissəlam) hira (Hira mağarası Peyğəmbərin (səlləllahu əleyhi və alih) orada peyğəmbərliyə seçildiyi yerdir. Bəziləri onu Həra kimi tələffüz edir. Lakin doğru tələffüzü Hiradır. (Mütərcimdən)) mağarasında
Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kəbəni yeddi ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı. (İbn Hişam: Sireyi Nəbəviyyə, c.1, səh.252.)
Tarixi faktlardan məlum olur ki Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.
Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Məhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.
Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: "Bu nə qışqırıqdır?” Cavab verdi ki bu Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki o camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim canişinimsən və xeyir-bərəkətlisən.»
Bu ifadənin Peyğəmbərin (səlləllahu əleyhi və alih) Peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq, ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olmasından başa düşmək olar ki bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir.
Hansı halda olursa-olsun bu ifadə bunu göstərir ki Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.
İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır:
«Səhih (Səhih kitablar sünni məzhəbinin mötəbər bildiyi altı kitabdır. O kitablar bunlardır: 1) Səhihi-Müslim. 2) Səhihi-Buxari. 3) Sünəni-Termizi. 4) Sünəni-İbn Macə. 5) Sünəni-Nəsai. 6) Sünəni-İbn Davud. (Mütərcimdən)) kitablarında rəvayət olunmuşdur ki Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun Peyğəmbər seçildiyini bildirdikdə Əli (əleyhissəlam) da peyğəmbərin yanında idi. (Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), səh.208.
2. Besətdən Peyğəmbərin hicrətinədək
Həzrət Əli əleyhissəlamın ömrünün ikinci hissəsini besətdən Mədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə on üç ildən ibarətdir. Həzrət Əli əleyhissəlamın İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Elə xidmətlər ki İslamda Əli əleyhissəlamdan başqa heç kimə nəsib olmayıb.
İslamı qəbul etmiş ilk insan
Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. (Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18.)Yəni Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mənaya deyil ki o bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mənayadır.)
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər fəzilətdir ki Quran açıq-aşkar ona işarə edərək buyurmuşdur:«Bir də öndə olanlar öndə olanlar! Bunlar [Allahın dərgahına Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»  ("Vaqiə” surəsi, ayə 10-11.)
Quranın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarı ilə daha üstündürlər. Bununla belə Allah-taala onların hamısına [həm birincilərə həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] vəd buyurmuşdur.»  (Hədid” surəsi, ayə 10.)
Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə şübhəsiz ki İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.
Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması məlum olur.
Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlar
Əli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər sübutlar qeyd etmişlər ki onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
a) Hamıdan əvvəl Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü Əli əleyhissəlamın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.» (Əl-İstiab fi mərifətil əshab, c.3, səh.28. və buna oxşar çoxlu sayda hədislər)
b) Alimlər və rəvayətçilər söyləmişlər:
«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.» (İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13, səh.229.)
v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: "O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»
q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»
d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə bilin ki o yalançıdır. Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»  (Tarixül-üməm vəl-mülük, c.2, səh.57.)
e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül–həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kəbəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə, üçü də namaz qılmağa başladı.
Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: "Bu çox böyük hadisədir!” O da mənə dedi: "Bu üç nəfəri tanıyırsan?” Dedim ki xeyr. Abbas dedi: "Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin (səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih) iddia edir ki onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.» (Tarixül-üməm vəl-mülük, c.2, səh.212)
Bu hadisədən çox gözəl məlum olur ki Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissəlam) qəbul etmişdir.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini
İslam peyğəmbəri öz dəvətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə dəvətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama dəvət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki Peyğəmbər dəvətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Quranda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan möminləri qanadın altına al! [Onlarla yumşaq davran nəzakətlə rəftar et köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar onlara belə de: «Şübhəsiz ki mən sizin əməllərinizdən uzağam!» ("Şüəra” surəsi, ayə 214-216)
Ümumi və aşkar dəvətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki əgər bir nəfərin dəvətini onun öz qohum-əqrabası qəbul etməsə onun sözü başqalarına əsla təsir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə qohum–əqraba onun dəvətini qəbul etmədikdə bu iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki Bəni–Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi təyin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki səhəri gün yenə qohumlarını nahara dəvət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də təyin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki sizi tövhidə təkallahlığa və öz nübüvvətimə dəvət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı (Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e`lan etdiyi vaxt yaşının neçə olduğu barədə əlavə mə`lumat almaq üçün "Şər`i Nəhcül-Bəlağə”, c. 13, səh. 234-235; "Rövzətül-kafi”, səh. 339-a müraciət edin.) Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə beyət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki yerində əyləşsin.
İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni–Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).» (Tarixül-üməm vəl-mülük, c.2, səh.217; Əl-Kamilu fit-tarix, c.2, səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.211.)
Beləliklə sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə təyin olundu.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi yəni Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan məlum olur ki bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.
Böyük bir şücaət
Besətin on üçüncü ili zilhiccə ayının on üçündə peyğəmbərlə Yəsrib (Mədinə) şəhərinin sakinləri arasında ikinci Əqəbə peymanı bağlanır. Mədinəlilər peyğəmbərin Yəsribə gəlməsini istəyərək bildirdilər ki onlar peyğəmbəri himayə və müdafiə edəcəklər. Həmən günün səhərindən etibarən Məkkə müsəlmanları yavaş-yavaş Yəsribə köçməyə başladılar. Bundan xəbər tutan müşriklər bildilər ki İslam dini üçün yeni mərkəz qurulur və bu onlar üçün böyük bir təhlükə yaradır. Onlar qorxurdular ki Peyğəmbər Yəsribə köçdükdən sonra çəkdiyi əzab-əziyyətlərin müşriklərin ona və müsəlmanlara qarşı göstərdiyi təzyiqlərin intiqamını almaq fikrinə düşüb müşriklərlə müharibəyə başlayacaq. Əgər müharibə etmək fikri də olmasa, Qüreyş tayfasının (Məkkənin) Yəsrib şəhərinin kənarından keçdiyi Şam (indiki Dəməşq) şəhəri ilə Məkkəni birləşdirən ticarət yolunun qarşısını kəsəcək. Bu təhlükənin qarşısını almaq üçün besətin on dördüncü ili səfər ayının sonunda «Darun-nədvə»də – Məkkənin şura yığıncağında yığışıb təkliflər irəli sürdülər. Bəziləri belə təklif verdilər ki Məhəmmədi (səlləllahu əleyhi və alih) ya sürgün etsinlər ya da həbsə alsınlar. Ancaq bu təklif hamı tərəfindən qəbul olunmadı. Çox götür-qoy etdikdən sonra nəhayət belə qərara gəldilər ki peyğəmbəri öldürsünlər. Ancaq onu öldürmək heç də asan iş deyildi. Çünki əgər onu öldürsələr, Bəni–Haşim sakit oturmayıb ayağa qalxacaq və qatildən qisas tələb edəcəkdi. Nəhayət belə planlaşdırdılar ki hər qəbilədən bir nəfər (gənc) yığışıb gecə vaxtı Məhəmmədi (səlləllahu əleyhi və alih) yuxuda olarkən qətlə yetirsinlər. Belə olduqda qatil təkcə bir nəfər olmayacaq və Bəni-Haşim qisas tələb edə bilməyəcək. Çünki Məhəmmədin (səlləllahu əleyhi və alih) qətlində hər bir qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb Məhəmmədin (səlləllahu əleyhi və alih) qan bahasını (qan pulunu) almaqla kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək.
Bu planı həyata keçirmək üçün müşriklər rəbiül-əvvəl ayının birinci gecəsini təyin etdilər.
Allah-taala Quranda müşriklərin irəli sürdükləri hər üç təklifi açıqlayaraq buyurmuşdur: «[Ya Məhəmməd!] Yadına sal ki bir zaman kafirlər səni həbs etmək və ya öldürmək yaxud da [Məkkədən] çıxarıb qovmaq üçün [Darun-nədvədə] sənə qarşı hiylə qururdular. Allah onların da [bu hiyləsinə qarşı] tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır.» ("Ənfal” surəsi, ayə 30.)
Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu işdən xəbərdar etdi və bildirdi ki Peyğəmbər (səlləllahu əleyhi və alih) (doğma vətəni olan) Məkkəni tərk edib Yəsribə getməlidir.
Burada Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədən çıxmaq üçün «iz itirmək» taktikasından istifadə etməli idi. Buna görə də, canından keçmiş şücaətli ürəkli bir nəfər lazım idi ki gecəni peyğəmbərin yatağında yatsın. Beləliklə, evi mühasirəyə almış müşriklər yatan şəxsin Məhəmməd (səlləllahu əleyhi və alih) olduğunu güman edib bütün nəzərlərini evə cəlb etsinlər və yollara nəzarət etmək fikrindən daşınsınlar. Belə bir şəxs Əli əleyhissəlamdan başqa kim ola bilərdi?
Bu səbəbdən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı müşriklərin qurduğu hiylədən agah edib ona dedi ki bu gecə o peyğəmbərin yerində yatmalı və Peyğəmbərin yatarkən üstünə örtdüyü yaşıl parçanı üstünə çəkib kafirlərin fikrini özünə cəlb etməlidir. (Bu yolla onlar məni təqib edə bilməyəcəklər.)
Əli (əleyhissəlam) peyğəmbərin dediyi kimi də etdi.
Müşriklər gecə olan kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) evini mühasirəyə aldılar. Səhərə yaxın əllərində qılınc Peyğəmbərin (səlləllahu əleyhi və alih) evinə tökülüşdülər. Bu vaxt Əli (əleyhissəlam) yataqdan qalxdı. Səhərə qədər planlarını dəqiqliklə və yüz faiz həyata keçdiyini güman edən müşriklər yataqda olan şəxsin Əli (əleyhissəlam) olduğunu gördükdə, bərk qəzəblənərək Əli əleyhissəlamdan soruşdular: "Məhəmməd (səlləllahu əleyhi və alih) hardadır?” Əli (əleyhissəlam) onların cavabında buyurdu: "Məgər Məhəmmədi (səlləllahu əleyhi və alih) mənə tapşırmışdınız ki indi də məndən istəyirsiniz? Siz elə iş gördünüz ki o evini atıb getməli oldu.” Vəziyyəti belə görən müşriklər Əli əleyhissəlamı tutub (Təbərinin dediyinə görə) ona əziyyət verməyə başladılar. Onu Məscidül-hərama aparıb bir az saxladıqdan sonra buraxdılar. Sonra Peyğəmbəri (səlləllahu əleyhi və alih) tutmaq məqsədilə Yəsribə tərəf hərəkət etdilər.
Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Sur mağarasında gizlənmişdi. (İbn Hişam, Sirətun-nəbəviyyə, c.2, səh.124-128)
Qurani-Məcid Əli əleyhissəlamın fədakarlığını əbədi tarixə yazaraq bir ayədə bu məsələyə toxunmuş və Əli əleyhissəlamı canını Allah-taala yolunda fəda edən şəxs kimi qələmə vermişdir: «İnsanlardan eləsi də var ki Allah-taalanın razılığını qazanmaq yolunda [Allah Rizası üçün] öz canını fəda edər. Allah-taala Öz bəndələrinə qarşı çox mehribandır.» ("Bəqərə” surəsi, ayə 207)
Təfsirçilər deyirlər: «Bu ayə Əli əleyhissəlamın böyük fədakarlığı Peyğəmbərin (səlləllahu əleyhi və alih) yatağında yatması barədə nazil olmuşdur”. (O gecə İslam tarixində «Leylətül-məbit» adı ilə məşhur olmuşdur.)
Əli əleyhissəlamın özü də Ömərin əmrilə xəlifə təyin etmək üçün təşkil olunmuş altı nəfərlik şurada bu məsələyə toxunaraq şura üzvlərinə meydan oxumuş və buyurmuşdur: «Sizi and verirəm Allaha deyin görüm o təhlükəli gecədə Peyğəmbər Sur mağarasına gedərkən kim onun yerində yatıb özünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) qalxan etdi?»
Hamı «Səndən başqa heç kim» deyə cavab verdilər. (Əl-Xisal, c.2, səh.560; Ehticaci-Təbərsi, c.1, səh.75)
3. Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək
Əli (əleyhissəlam) Peyğəmbərin qardaşı
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. O cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə (Yəsrib şəhəri Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən sonra «Mədinətur-rəsul» adlandırıldı. Mənası Peyğəmbər şəhəri deməkdir. Sonralar qısa olaraq Mədinə adı ilə məşhur oldu.(Mütərcimdən)) gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.
Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhissəlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan! (Əl-Mustədrəku ələs-səhihəyn, c.3, səh.35.).» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu. (Əl-İstiabu fi mərifətil-əshab, c.3, səh.35.)
Bu məsələ Əli əleyhissəlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhissəlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.
Əli (əleyhissəlam) döyüş meydanlarında
Əli əleyhissəlamın həyatı Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.
Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli (əleyhissəlam) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli (əleyhissəlam) iştirak etməmişdir. Onda da Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı Mədinədə saxlamışdı ki münafiqlərin çevrilişinin qarşısını alsın.
Bu müharibələrin hamısı haqqında danışmaq bu kitabın tutumundan xaric olduğu üçün təkcə Əli əleyhissəlamın Peyğəmbər dövründəki dörd əsas müharibədə göstərdiyi hünər və şücaətlərdən söhbət edəcəyik.
1) Əli (əleyhissəlam) Bədr döyüşündə
Hamıya məlumdur ki Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi.
Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbərə (səlləllahu əleyhi və alih) xəbər çatır ki Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hərəkətdən məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olmaqla onları rahat buraxmasalar müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər.
Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edərək Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi.
Əbu Süfyanın başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər.
Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü–Ütbə (Əbu Süfyanın qaynatası Hindənin atası) Şeybə (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar: "Ey Məhəmməd! Bizimlə vuruşmağa öz qohumlarımızdan bizim şənimizə layiq olan adamlardan göndər!”
Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbutalibə əmr etdi ki meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər: "Bəli siz bizim şənimizə layiqsiniz”. Beləliklə, Həmzə Şeybə ilə Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan Əli (əleyhissəlam) Müaviyənin dayısı (Əbu Süfyanın qaynı Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də, rəqiblərini öldürmüş Əli (əleyhissəlam) ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni də öldürdülər. (Əs-sirətün-nəbəviyyə, c.2, səh.277; Əl-Kamilu fit-tarix, c.2, səh.125)
Əli (əleyhissəlam) (xəlifə olduğu dövrdə və Müaviyənin ona düşmən kəsildiyi bir vaxtda) Müaviyəyə yazdığı məktubların birində bu hadisəyə işarə edərək buyurur: «Bədr döyüşündə baban Ütbəni dayın Vəlidi və qardaşın Hənzələni öldürdüyüm qılınc indi də məndədir.» (Nəhcül-bəlağə, 64-cü məktub.)
İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü...
Bu döyüşdə ölən müşriklərin yarıdan çoxu Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirildi.
Mərhum Şeyx Müfid Bədr döyüşündə ölənlərin otuz altısının Əli (əleyhissəlam) tərəfindən öldürüldüyünü qeyd etmiş və onların hamısının adını çəkmişdir. O yazır ki «şiə və sünni hədis söyləyənləri hamı yekdilliklə qeyd etmişlər ki bunları (otuz altı nəfəri) Əli (əleyhissəlam) təkbaşına öldürmüşdür. Yalnız bir neçə nəfərin qatili barədə mübahisə var. Bir neçə nəfərin qətlində isə Əli (əleyhissəlam) başqaları ilə şərik olmuşdur.» (Əl-İrşad, səh.29)

Ardı var...

Müəllif: Mehdi Pişvayi     

Category: Tarix | Baxış: 1156 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]