Əsas səhifə » 2010 Oktyabr 27 » Mələklər haqqında
8:07 AM Mələklər haqqında | |
Mələklərin çeşidli hal və surətdə görünməsi
Quran ayələrinə görə insan ölüm zamanı və ölümdən sonra mələkləri müşahidə edə bilər. Hətta insan onlarla danışır. Maraqlı haldır ki, insan ölüm mələyi onun canını alarkən, bərzəx həyatı zamanı və həmçinin qiyamət aləmində mələkləri görmək qabiliyyətinə malik olur. Maddi həyat zamanı təbiətdə belə bir görüm müyəssər olmur. Əvvəlki bəhslərdə mələklərin görünməsi ilə bağlı olan ayələrə işarə etmişik. Burada yalnız bir ayəyə işarə edirik. Bu ayəyə görə, hətta günahkarlar ölümdən sonra mələkləri müşahidə edə bilirlər, deməli, bu məsələ möminlər üçün daha asandır. Furqan surəsi, 22-ci ayə: Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir mücdə olmaz. Mələklər onlara: «Sizə şad xəbər (eşitmək) haramdır!» – deyərlər. Adi insanlar dünyəvi həyatda mələkləri müşahidə edə bilməzlər, lakin peyğəmbər və övliyalar Quran ayələrinə görə, mələkləri görə bilirlər. Əlbəttə, belə düşünmək olmaz ki, mələklər öz mücərrəd və qeyri-maddi varlığını itirərək maddi və cismani varlığa çevrilə bilərlər. Mələklərin görünməsi ilk baxışda insanda belə bir yanlış təsəvvür oyada bilər, çünki yalnız maddi-fiziki varlıqlar zahiri baxımdan adi gözlə görünə bilir. Mələklərin görünməsi Quran ayələrində təmsil yolu ilə bəyan edilir – yəni mələklər müxtəlif surətlərdə peyda olub insan gözünə həmin şəkildə görünə bilər. Aşağıdakı ayədə mələklərin Həzrəti İbrahimə (ə) görünməsi təmsil yolu ilə verilir. Hud surəsi, 69-70-ci ayələr: Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına mücdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib: «Salam!» – dedilər. İbrahim də: «Salam!» – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi. İbrahim (qonaqların) əllərinin yeməyə uzanmadığını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: «Qorxma, (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!» Yuxarıdakı ayələrə görə, mələklər insan surətində Həzrəti İbrahimin (ə) yanına gəlir və hətta İbrahim (ə) onlara yemək gətirir. Lakin mələklər yemək yemir və İbrahimə (ə) başa salırlar ki, onlar adi bəşər deyil, mələkdir – sadəcə insan timsalında peyda olmuşlar. Başqa bir yerdə mələklər gözəl üzlü cavanlar şəklində Həzrəti-Lutun (ə) yanında olur. Lut (ə) peyğəmbər də Həzrəti İbrahim (ə) kimi öncə onları tanımır. Öz fəsad əhli olan qövmündən onlar üçün törənən xoşagəlməz hadisələr üçün bərk narahat olur. Ancaq çox çəkmir ki, mələklər özlərini Lut (ə) peyğəmbərə tanıdırlar və onu nigarançılıqdan qurtarırlar. Hud surəsi, 77-78-ci ayələr: Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: «Bu, çox çətin, başabəlalı bir gündür!» – dedi. Qövmü (qonaq gəldiyini bilən kimi) tələsik Lutun yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. Hud surəsi, 81-ci ayə: (Mələklər) dedilər: «Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?» Qurani-Kərimdə Həzrəti-Məryəm (ə) üçün də mələklərin görünməsi təmsil vasitəsilə bəyan edilir. Məryəm surəsi, 16-17-ci ayələr: (Ya Məhəmməd!) Quranda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin şərq tərəfində ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili) Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü. Bu ayələrdə işlənən təmsil sözü belə bir məzmunu çatdırır ki, mələklər bəşər timsalında övliya və ya peyğəmbərlərin qarşısında peyda olmuşlar. Onlar mələkləri bir insan şəklində öz zehinlərində təsəvvür etmişlər. Deməli, mələklər insan deyil və onlar heç də həqiqi mənada bəşər şəklinə düşmür. Mələklər xarici aləmdə – yəni maddi dünyada da elə həmin öz mücərrəd varlığını saxlayırlar və onların mahiyyəti heç vaxt dəyişmir. Mələklərlə üzləşən insanlar öz subyektiv mülahizəsinə və zahiri təsəvvürünə görə onları bəşər kimi və ya insan simasında təsəvvür etmişlər. Bir məsələni də xatırlamaq yerinə düşər ki, övliya və peyğəmbərlər dünyəvi aləmdə mələkləri müşahidə etməyə qabil olurlar, adi insanlar isə belə bir istedada malik deyillər. Bu da onunla izah edilir ki, övliya və peyğəmbərlər özlərini maddi işlərdən və dünya məhdudluğundan kənara çıxara bilirlər. Onlar öz cismani varlığı ilə dünya həyatında ola-ola özlərini axirət aləminə keçirə, həmin aləmin abü-havası ilə qovuşa bilirlər. Bu bir irfani təcrübədir. Maddi dünyanın bağlı çərçivəsindən çıxaraq ruhani bir aləmlə ünsiyyətdə olmaq yalnız pak övliyalara nəsib olar. Hər kəs özünü dünyəvi həyatın çirkinliyindən və çamurundan qurtararaq Allaha yaxınlıq məqamına yetişərsə, o, qeyb aləmini müşahidə edə bilər. Peyğəmbər və övliyaların mələkləri görməsi bu mənada izah edilir. Mələklərin məqamı Qurani-Kərimdə mələklər dəfələrlə təriflənir və onlar ehtiram və kəramətlə yad edilir. Allah-Taala mələklərin məqamını çox uca tutur. Onların dəyər və dərəcəsi o qədər yüksəkdir ki, Allah onları çox tərifləyir və əzizləyir. Mələklər Tanrı nəzərində möhtərəm və kəramətli bəndələr kimi dəyərlidir. Ənbiya surəsi, 26-cı ayə: Kafirlər: «Rəhman (mələklərdən Özünə) övlad götürdü!» – dedilər. O, pak və müqəddəsdir! (Belə şeylərdən təmamilə uzaqdır!) Xeyr, mələklər (Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır. Mələklər bəndə kimi Allaha ibadət edərlər. Allah onların bəndəlik məqamı haqqında belə söylər ki, mələklər həmişə Tanrıya ibadət edər və heç vaxt yorulmazlar. Bu məsələ bir neçə ayədə təkrar vurğulanır. Saffat surəsi, 166-cı ayə: Və (Allahı) təqdis edib şəninə təriflər deyirik. Fussilət surəsi, 38-ci ayə: Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (ya Məhəmməd!) sənin Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər. Ənbiya surəsi, 19-20-ci ayələr: Göylərdə və Yerdə olan bütün məxluqat Allahındır (Tanrının qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər. Qurani-Kərim mələklərin bəndəlik keyfiyyəti və Allahdan qorxub çəkinmələri haqqında belə buyurur: Ənbiya surəsi, 27-28-ci ayələr: Mələklər Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar. Qurani-Kərimdə vurğulanır ki, mələklərin batinində Allahdan qorxu hissi vardır, onlar Allahın qüdrət və əzəmətini dərk edərək həmişə bu mənalı qorxu hissini bəndəlik məqamına uyğun yaşayırlar. Nəhl surəsi, 49-50-ci ayələr: Göylərdə və Yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! Onlar öz fövqlərində olan Allahdan qorxar və özlərinə buyurulanları edərlər! Səba surəsi, 23-cü ayə: Nəhayət, ürəklərindən o müdhiş qorxu çıxınca onlar (şəfaət edəcək kəslərə, yaxud mələklərə sevinclə): «Rəbbiniz nə buyurdu?» – deyə soruşar, o birilər də: «Haqqı buyurdu! (Şəfaətə izn verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!» – deyə cavab verərlər. Bu ayədə qorxudan doğan hissi ifadə edən söz işlənmişdir. Bir nəfər qorxu hissi keçirərkən onun ürəyində iztirab baş qaldırar. Quran ayəsi həmin daxili iztirab hissini vurğulayır. Yuxarıdakı şərafətli ayəyə görə, mələklər də qorxu hissinə malikdir. Onların qəlbi öz başlanğıc mənşəyindən doğan həqarətə görə pərişan olur və həmişə bu hissdən nigarançılıq çəkir. Onların bu narahatlığının gökündə sadə qorxu yox, vicdan əzabı və məsuliyyət dayanır – yəni Allah eləməmiş, birdən ilahi əmrləri düzgün yerinə yetirməzlər. Gerçəklikdə, bu ayəyə görə mələklər həmişə Allahı yada salır, Ondan gələn ilahi əmrləri yerinə yetirməyə hazır vəziyyətdə olurlar. Allahın əmrlərini yerinə yetirməklə öz nigarançılıqlarını azaldırlar. Mələklər haqqında müxtəlif baxışlar Molla Sədra «Məfatihül-qeyb» kitabında mələklər haqqında altı mülahizə söyləmişdir ki, bu əsərdə onları yada salmaq yerinə düşər: 1. Bəzi alimlərin əqidəsinə görə mələklər lətif cism və havadan ibarətdir. Onlar göylərdə yerləşir və müxtəlif şəkillərə düşə bilirlər. 2. Bütpərəstlər isə öz baxışlarına uyğun belə güman edirlər ki, mələklər gerçəklikdə elə göylərdə olan ulduzların bir qismidir. Bunların iki sifəti vardır: uğur və nəhs sifəti. Rəhmət mələkləri uğur və səadət gətirər. Nəhs və şər gətirən mələklər isə əzab və işgəncə gətirər. 3. Zərdüştlüyə bağlı olan məcusilər (atəşpərəstlər) isə belə fikirləşirlər ki, dünya iki əzəli tərkibdən ibarətdir: nur və zülmət. Hər ikisi şəffaf cövhərdən ibarət olub qüdrət və ixtiyar sahibidir. Onlar eyni zamanda bir-biri ilə təzad və mübarizə halındadır. Nurlu-işıqlı cövhər xeyir və əmin-amanlığa, zülmətli cövhər isə şər və iztiraba səbəb olur. 4. Nəsara xaçpərəstlərin fikrincə, mələklər öz substansiyasına görə nitqə malikdir. Onlar öz qəliblərindən uzaq və ayrı olur. Mələklər canlı varlıqdır, lakin cismani deyil və hər hansı məkana sığmır. 5. Bir sıra filosofların nəzərincə, mələklər öz substansiyası ilə mövcud olan cövhərdən ibarətdir və məkana sığmır. Lakin öz mahiyyətinə görə bəşərə xas olan natiqə nəfslə müxalifət təşkil edir. Onlar güc baxımından insanlardan qüdrətlidir. Onların elmi, əhatə və düzəni daha genişdir. Mələklər insan nəfsində günəş şüaları kimi işıq saçır. 6. Bəzi filosoflar isə başqa bir növ mələklərin olduğunu sübut etməyə çalışmışlar. Bu isə Yer mələkləri adlanır. Həmin mələklər bu dünyanın işlərini sahmana salır və dünyəvi işlər üçün tədbir görürlər. Əgər mələklər tədbir görərkən dünya işlərini xeyir və yaxşılıq məcrasına yönəldirsə, onlar gerçək mələklər sayılır, yoxsa əgər, şər və pis işlərə sövq edirsə, şeytan adlanır. ABDULLA NƏSRİ | |
|
Total comments: 0 | |