Bazar günü, 2024-12-22, 8:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 21 » Məhəbbət
7:15 AM
Məhəbbət
Məhəbbət
Allah-Taala məhəbbət barəsində buyurur: «İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir». («Bəqərə», 167)
     «Məhəbbət», bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə yaranan şadlıq, xoş əhval-ruhiyyə mənasındadır.
     Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi bir şeyə meyl etməsidir. Çünki, ləzzət insana xoş gələn bir idrak, yəni kamala qovuşmaq olduğu üçün, məhəbbətdə də ləzzət və ya ləzzətin təxəyyülü olmamış deyil.
     Məhəbbət (dərəcəsinə görə) şiddətli və zəif olur. Onun ilk dərəcəsi iradədir, çünki iradəsiz məhəbbət yoxdur. Ondan sonra (gələn dərəcə) şövqlə yanaşı gələn iradədir və sonrakı mərhələ o yerdədir ki, iradə və şövq murada qovuşmağa səbəb olsunlar ki, belə olan halda məhəbbət daha çox şiddətlənir. Nə qədər ki, insan və onun mətləbi arasında fasilə var, məhəbbət də olacaqdır və eşq, ifrat məhəbbət mənasındadır.
     Ola bilsin insan və mətləbi (həqiqətdə) müttəhid olsun, amma bir etibarla aralarında fasilə olsun. Nə zaman bu etibar aradan qalxsa, (onda) məhəbbət də sona yetəcəkdir. Deməli məhəbbətin sonu ittihaddır.

     
Məhəbbət haqqında filosofların nəzəri

     
Filosoflar demişlər: Məhəbbət ya fitridir, ya da (sonradan) qazanılan (kəsb edilən). Fitri məhəbbət bütün kainatda mövcuddur. (Məsələn,) fələkdə (planetdə) onun hərəkətinə səbəb olan məhəbbət vardır. Məkana və çəkiyə, miqdar, təsir və əks təsir kimi digər təbii hallara meyl edən hər ünsürdə və həmçinin, maqnitdə olan cəzbetmə qüvvəsi kimi – tərkibatda da məhəbbət vardır. Bitkilərdə məhəbbət tərkibatda olduğundan daha çoxdur, çünki inkişaf etmək, qidalanmaq, toxum vermək və növünu qorumaq qabiliyyətinə malikdirlər. Heyvanlarda (olan məhəbbət hissi) bitkilərdən daha çoxdur, çünki onlarda öz həmnövünə qarşı olan üns, ülfət, cinsi meyillilik, balalarına olan əlaqə, məhəbbət bitkilərdə yoxdur.
     Və amma, insanlarda məhəbbət daha çox qeyri-fitri, kəsb edilmədir. Və onun insanda mövcud olmasının səbəbi üç şeydir:
     1. «Ləzzət» – istər cismani olsun, istər qeyri-cisman, istər təxəyyülü olsun, istər həqiqi.
     2. «Mənfəət» – bu da, ya məcazidir, məsələn dünyəvi məhəbbət kimi ki, onun mənfəəti bil-ərəz olar, ya da həqiqi ki, onun mənfəəti biz-zat (Bil-ərəz, biz-zat − Bil-ərəz, yəni zatı olmayan, var olmasında, zahir olmasında başqa bir varlığa möhtac olan. Müstəqil varlığı olmayan. Biz-zat tam bunun əksidir. Özü-özünə, bir kəsə, bir şeyə söykənmədən var olan.) olar.
     3. «Cövhəri oxşarlıq» ki, bunun özü iki növdür: 
     1. Ümumi cövhəri oxşarlıq, məsələn, bir-birinin əxlaqından, rəftarından razı və şad olan iki nəfərin xasiyyəti və əxlaqı arasındakı oxşarlıq kimi. 
     2. Xüsusi cövhəri oxşarlıq, məsələn, haqq əhli arasında olan oxşarlıq kimi ki, hamısı Mütləq Kamaldan kamal kəsb etməkdədirlər.
     Ola bilsin məhəbbətin səbəbi yuxarıda dediyimiz səbəblərdən ikisinin və ya üçünün birləşməsindən (mürəkkəb şəkildə) olsun (yəni həm ləzzət, həm mənfəət, həm oxşarlıq – birlikdə məhəbbətin yaranmasına səbəb olsun) Əlbəttə, mərifətə, idraka əsaslanan məhəbbət də vardır. Necə ki, arifə ləzzət, mənfəət və bütün xeyirlər Mütləq Kamil tərəfindən çatdığı üçün, Ona məhəbbət göstərir. Bu məhəbbət digər məhəbbətlərdən üstün olur. Bu ayənin mənası: «Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir». («Bəqərə», 165) – burada aydın olur.

     
Məhəbbət haqqında zövq əhlinin nəzəri

     
Zövq əhli (Zövq əhli − Zövq əhli bəhs və cədəl əhlinin müqabilindədir. Məqsəd dünya həqiqətlərini bəhs və cidalla yox, zövqlə dərk etmək istəyənlərdir. Ürfan əhli, şühud əhli, söhbət əhli də demişlər. Burada ariflər nəzərdə tutulur. Nəsirəddin Tusi filosofların nəzərini verdikdən sonra ona müqabil olaraq ariflərin də nəzərini gətirir.) demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, riza və təslim – bunlar hamısı məhəbbət üçün lazım bilinən şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə «ümidi» zəruri edir, Onun heybətinin təsəvvürü ilə «qorxunu» zəruri edir, Ona qovuşmazlığın təsəvvürü ilə «şövqü», Ona qovuşmağın təsəvvürü ilə «ünsü», ifrat ünsiyyətin təsəvvürü ilə «şadlığı», inayətə arxayınlığın təsəvvürü ilə «təvəkkülü», məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə «rizanı», özünün aciz, qüsurlu olduğunun, Onun (məhbubun isə) kamalının, əhatəsinin və qüdrətinin təsəvvürü ilə «təslimi» zəruri edir.
     Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman olur ki, aşiq bütün şeyləri məşuqda görür və özünü görmür. Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər onun gözündə hicab (hesab) olunacaqdır. Beləliklə, onun seyri-sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib (yalnız) diqqətini Ona yönəltsin. «Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır».(«Hud», 123)

     
XACƏ NƏSİRƏDDİN TUSi

Category: Exlaq | Baxış: 1057 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]