Bazar günü, 2024-12-22, 11:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Aprel » 2 » MƏDƏNİ BƏHANƏLƏR
9:11 AM
MƏDƏNİ BƏHANƏLƏR
 
MƏDƏNİ BƏHANƏLƏR

         Günahın üstünü örtən və günahkarı öz yolunda daha da möhkəmləndirən bəhanə və üzrlərdən biri də mədəni üzrlərdir. Misal üçün:
           1. Günahkar şəxs özünə bəraət qazandırıb günahını yumaq üçün deyir: «Savadsız idim. Bilmirdim» Bu bəhanə də başqa bəhanələr kimi əsassızdır, çünki Allah-təala bir tərəfdən insana əql, vicdan və fitrət veribdir ki, o bunların vasitəsi ilə günah işləri tanıyıb, onlardan qoruna bilər. O biri tərəfdən də Peyğəmbər (s) və İmamlarımızın vasitəsi ilə onu düz yola dəvət edibdir. Deməli, təqsir insandadır ki, düz yolda hərəkət etməyib. "Ənam» surəsinin 149-ci ayəsində oxuyuruq:

قُلْ لِلّهِ الْحُجَّةُ الْبالِغَةُ
«De ki, qəti dəlil Allahın əlindədir».

       Bir şəxs İmam Sadiqdən (ə) bu ayənin açıqlamasını xahiş etdi. İmam o şəxsin cavabında buyurdu: Allah-təala qiyamət günü öz bəndəsinə deyər: «Ey mənim bəndəm! Gördüyün işin günah olduğunu bilirdinmi?» Bəndə bu sualın cavabında «Bəli» desə, Allah-təala yenə soruşar:
           «Bəs nə üçün günah etdin?» Amma bəndənin cavabı «yox, bilmirdim» olsa, onda Allah-təala ona xitab edib deyər: «Nə üçün öyrənmədin?» Bu vaxt bəndə Allahın bu məhkəməsi qarşısında heç bir söz deyə bilməz. Budur, Allahın inanmadığı və qəti dəlili. Nəticə alırıq ki, «başa düşmədim, bilmədim» və bu kimi bəhanələrlə günahın məsuliyyətindən boyun qaçırmaq olmaz. Və bu qədər hidayət nurları ilə yanaşı yolu azmağın nəticəsi, əzab quyusuna düşməkdir.
             2. Günaha səbəb olaraq gətirilən mədəni üzrlərdən biri də insanın öz nəsli ilə iftixar etməsidir. Məsələn: Mömin qardaşı ilə küsən bir şəxsi barışmağa dəvət edəndə, deyir: «Mənim bu cür ailə mövqeyim var. Mən bu mövqeylə onunla barışa bilmərəm.»
             Belə şəxslər özlərini əşraf və varlı-karlı ailələrdən hesab etdiklərinə görə başqalarını təhqir edirlər. Bu nümunələrdən islam tarixində də görmək olur. Peyğəmbərin (s) zamanında özlərini hamıdan üstün tutan kafirlər Bilal, Süheyb və Cuybər kimi təzə müsəlman olan şəxsiyyətləri geridə qalmış adlandırırdılar, həmçinin özlərini zahirdə müsəlman göstərən bəzi şəxslər Salmanı ərəb olmadığına görə təhqir edirdilər. Allahın dərgahından uzaqlaşdırılan Şeytan da özünün oddan, Adəmin isə torpaqdan yaranmasına iftixar etdi. Bu isə onun Adəmə səcdə etməyib  Allahın əmrindən boyun qaçırmasına səbəb oldu. "Əraf» surəsinin 12-ci ayəsində belə oxuyuruq:

قَالَ ما مَنَعَكَ اِلاّ تَسْجُدَ اِذْ اَمَرْتُكَ قالَ اَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نار وَخَلَقْتُهُ مِنْ طِين
           «Allah-təala (şeytana) buyurdu: Sənə əmr etdiyim zaman səcdə etməməyinə səbəb nə oldu? Şeytan dedi: Mən ondan (Adəmdən) üstünəm. Məni oddan yaratmısan, onu isə torpaqdan.»
              Öz nəsilləri ilə iftixar edən şəxslər də şeytanın yolunun davamçılarındandır. Çünki Allah-təala insanların bir-birinə üstünlüyünü nəsildə deyil, təqvada və günahlardan qorunmaqda bilir. Səhv təəssüblər və bəzi yanlış fikirlər də bunun kimidir. Cahiliyyət zamanında (İslam dininin zühurundan qabaq) qızları diri-diri torpağa basdırırdılar. Onların bu işdə bəhanələri bu idi ki, gələcək müharibələrdə bizim qızlarımız əsir düşüb başqa qəbilələrdə uşaq dünyaya gətirə bilərlər. Onlar bu bəhanə ilə minlərlə günahsız qız uşağını vəhşicəsinə diri-diri torpağa basdırır-dılar. Hətta onların nalələrinə də qulaq asmırdılar. Deməli, bəzi bəhanələr günahı o qədər adi şəklə salır ki, ən iyrənc işlər belə cəmiyyətdə ümumi bir qanuna çevrilir. Bu yanlış fikir onlara elə qalib gəlmişdi ki, qızları olması xəbərini eşidəndə üzləri qəzəbdən qaralır və dərhal onu gizlincə bir yerdə basdırmaq fikrinə düşürdülər. «Nəhl» surəsinin 58-ci və «Zuxruf» surəsinin 17- ci ayəsində bu barədə oxuya bilərik.
              3. Mədəni üzrlərdən biri də «səhv» düşüncə tərzidir. Qadınlara «örtüyünüzü qoruyun!», kişilərə isə "özgə qadınlara baxmayın” deyəndə cavabında deyirlər: «Sənin qəlbin təmiz olsun!» Onlar bu cür düşünməklə özlərinin pis fikirdə olmadıqlarını, qəlblərinin təmiz olduğunu vurğulayır, lakin etdikləri əməlin və gördükləri işlərin Allah qarşısında günah olduğunu nəzərdən qaçırırlar. Deyəndə ki, toy məclislərində qadınlarla kişilərin bir yerdə olması haramdır, bundan qaçın, cavabında deyirlər: «Biz hamımız bacı-qardaşıq.» Onlar bu kimi mənasız bəhanələrlə Allahın haram etdiyi işləri zorla halal edirlər.
               Başqa bir halda görürük ki, iki küsülü şəxsdən biri digəri ilə barışmayacağına and içir və bu andı pozmayaraq ona sadiq qalacağını söyləyir.
              Bu cür andlar islam dinində səhv andlar hesab olunur. Çünki bu kimi yerlərdə and içdiyin işin olması olmamağından faydalı və yaxşıdır. Çəkdiyimiz misalda da mömin qardaşla küsülü qalmaq onunla barışmaqdan daha pisdir».
             Hər halda cəmiyyətdə olan günahların bir hissəsi də səhv düşüncələrdən irəli gəldiyini söylənilənin nəticəsi kimi qəbul edə bilərik.
 
Müəllif: Möhsin Qəraəti
 
Category: Exlaq | Baxış: 1086 | Added by: es-selat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]