Bazar günü, 2024-12-22, 9:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 23 » Əli əleyihissalam kimdir? (7)
9:50 AM
Əli əleyihissalam kimdir? (7)
CƏMƏL DÖYÜŞÜ
Cəməl döyüşünün səbəbi həzrət Peyğəmbərin vəfatından sonra xəlifələrin azğınlığı ucbatından yaranmış təbəqə ixtilafları idi. Həzrət Əlinin (ə) ədalət və bərabərlik prinsipləri üzərində qurulmuş hakimiyyətində özünə məqam qazana bilməyən Təlhə və Zübeyr kimiləri öz maddi mənafelərinin təhlükə altına düşdüyünü görüb həzrətə qarşı mübarizəyə başladılar. Bu adamlar həzrətə ünvanlanmış müraciətlərinə mənfi cavab almışdılar. Onlar Mədinədə bir iş görə bilmədiklərindən Məkkəyə üz tutdular. Əvvəlcə, Məkkədə ümrə əməllərini yerinə yetirmək bəhanəsi ilə həzrət Əlidən (ə) şəhərdən çıxmaq icazəsi aldılar.
Həzrət buyurdu: «Siz istədiyiniz yerə gedə bilərsiniz. Amma sizin bu səfərinizdə bir hiylə var. Siz öz planınızı Mədinədə həyata keçirə bilmirsiniz». Təlhə və Zübeyr and içdilər ki, bu səfərdə ümrədən başqa məqsədləri yoxdur. Həzrət Əli (ə) onlara icazə verdi və bu iki şəxsi öz əhdlərini pozmağa çağırdı. Onlarla bey’ətini təzələdi və Peyğəmbərin onların iştirakı ilə dediyi sözləri xatırlatdı. Həzrət Peyğəmbər (s) məhz Təlhə və Zübeyrin gözü qarşısında buyurmuşdu: «Ya Əli (ə), məndən sonra alçaq insanlarla döyüşəcəksən».("İsbatul-vəsiyyət" Məsudi)
Nəhayət, Təlhə və Zübeyr həzrətin yanından mürəxxəs olub Məkkəyə getdilər. Bu şəhər onların çirkin fəaliyyətləri üçün daha münasib idi.
Təlhə və Zübeyr Məkkəyə gəlməmişdən Ayişə Məkkədə idi. Ayişə bir vaxt xalqı Osmana qarşı təhrik etmiş və bu hərəkətləri bir kənardan izləmişdi. Ayişə dəfələrlə bəyan edirdi ki, «bu alçaq qocanı öldürün». Osmanın evi mühasirəyə alındıqdan sonra və onun öldürüləcəyinə heç bir şübhə qalmadığı vaxt Ayişə yaxasını kənara çəkib Məkkəyə üz tutdu. O, Məkkədə də Osman haqqındakı pis danışıqlarını davam etdirirdi.
Məkkədə həcc mərasimi başa çatdıqdan sonra Mədinəyə qayıdan Ayişə yolda həzrət Əlinin (ə) xilafətə çatdığını eşidib yenidən Məkkəyə döndü. Həmin vaxt Məkkədə Osmanın tərəfdarı, həzrət Əlinin qatı müxalifi Əbdüllah ibn Həzrəmi hakim idi.
Ayişədən əlavə, Məkkə hakimi, Təlhə və Zübeyr, Mərvan və başqa müxaliflər bir araya gəldilər. Yəməndən gəlmiş Yəli ibn Üməyyə, Bəsrədən gəlmiş Əbdullah ibn Amir də onlara qoşuldu.
Bu toplumun uzun-uzadı söhbətləri Cəməl döyüşü üçün müqəddimə oldu. Ayişə Peyğəmbərin o biri arvadlarını da bu dəstəyə qatmaq üçün çox çalışdı. O, bu məqsədlə Ümmü-Sələmə və Həfsəyə də müraciət edib, onları aldatmaq istədi. Amma Ümmü-Sələmənin sərt cavabı onu geriyə əliboş döndərdi.
Ümmü-Sələmə dedi: «Ey Ayişə, məgər xalqı Osmanın qətlinə çağıran sən deyildin?! Nə olub ki, bu gün onun qanını almaq istəyirsən? Əli həzrət Peyğəmbərin (s) qardaşı və canişini olduğu halda onunla düşmənçilik edirsən? Bu gün mühacir də, ənsar da ona bey’ət etmişdir. Bunlar bir yana dursun, məgər Peyğəmbər öz qadınları haqqında buyurmayıbmı ki, evlərinizdə qərar tutun və cahiliyyət dövründəki kimi özünüzü nümayiş etdirməyin?!» Ümmü-Sələmənin sözləri, xüsusi ilə də Qur’ani-Məcidə istinad etməsi Ayişəni sarsıtdı. O heç bir cavab tapmayıb Ümmi-Sələmədən ümidini üzdü və Həfsənin yanına getdi. Həfsə onun də’vətini qəbul etdi. Amma qardaşı Əbdüllah ibn Ömər bacısına bu işə qatışmağı qadağan etdi. Həfsədən də ümidi üzülən Ayişə tək-tənha yola düşüb, bu avara dəstəyə başçılığı öz öhdəsinə götürdü. Əvvəldə qeyd etdik ki, Müaviyə Zübeyrə məktub yazıb onu xilafət məqamına tamahlandırmaqla Əliyə qarşı müxalifətə çağırmışdı. Müxalif qrupun fikri bu idi ki, əvvəlcə Şama getsinlər və Müaviyəni də Əliyə qarşı qaldırsınlar. Onların bu qərarından xəbər tutan Müaviyə düşündü ki, əgər bu qrupa qatılsa və onlar Əliyə qalib gəlsələr, Müaviyə Təlhə və Zübeyrə bey’ət etməyə məcbur olacaq. Ona görə də başqa bir şəxsin imzası ilə Təlhə və Zübeyrə məktub yazıb, onlara belə bir məsləhət verdi: «Siz Müaviyənin sözlərinə aldanmayın. Ondan sizə bir xeyir dəyməyəcək. Çünki o, Osman tərəfindən hakim tə’yin olunduğu halda Osmana yardım göstərmədi və Osmanı qətlə yetirdilər. Necə ola bilər ki, Müaviyə sizə kömək etsin?»
Məktub Zübeyrə çatdıqdan sonra o bu məktubun məzmunu ilə Ayişəni tanış etdi. Beləcə, azğın dəstə Şama səfər etməkdən vaz keçdi. Onlar qərara gəldilər ki, Bəsrəyə getsinlər. Çünki Təlhə və Zübeyrin Bəsrə və Kufədə xeyli tərəfdarları vardı.
Nəhayət, Ayişə Təlhə və Zübeyrin və digər Əli (ə) müxaliflərinin yardımı ilə Məkkədə qoşun toplaya bildi. Yə’li ibn Üməyyənin maddi yardımlarının hesabına kifayət qədər döyüş vasitələri alındı. Ayişəni bir dəvəyə oturdub Bəsrəyə yola düşdülər. Döyüş Ayişənin dəvəyə süvar olması ilə bağlı «Cəməl» («Dəvə») və Bəsrədə baş verdiyi üçün «Bəsrə» döyüşü adlandırılmışdır.
Dəstə həzrəti duyuq salmayıb, Bəsrəni ondan qabaq fəth etmək üçün istirahət etmədən sür’ətlə yol gedirdi. Onlar yolda Hoəb adlanan bir yerə çatdılar. Gecə olduğundan yorğunluqlarını almaq üçün bu yerdə dayandılar. Həmin gecə Hoəb itləri Ayişənin çadırı ətrafında çox hürüşdülər. Belə ki, bu itlərin səsindən Ayişə yuxudan oyandı və həmin yerin adını soruşdu. Bu yerin Hoəb adlandığını eşitdikdən sonra qorxuya düşüb tutduğu işdən peşiman oldu. Çünki həzrət Peyğəmbərdən (s) eşitmişdi ki, onun arvadlarından birinə Hoəb itləri hürəcək». Peyğəmbər Ayişəyə müraciətlə demişdi: «Huməyra, məbada sən olasan!»
Həzrətin sözlərini Ayişə indi xatırlamışdı. O, israrla Məkkəyə qayıtmaq istəyirdi. Zübeyr vəziyyəti belə görüb bir neçə yalançı şahid tapdı və onlar iddia etdilər ki, bu yerin adı Hoəb deyil və Hoəb buradan çox-çox uzaqdakı bir məhəllin adıdır. Ayişə onların andına inandı və yola davam etməyə razılaşdı.
Bəsrə yaxınlıqlarına çatdıqları vaxt Zübeyr Bəsrə böyüklərinə məktub yazıb onları Osmanın qanını almaq məqsədi ilə Əliyə qarşı çıxmağa çağırdı. Bəsrə böyükləri belə cavab verdilər ki, Osmanın qatilləri Mədinədədir və sizin bu məqsədlə Bəsrəyə gəlməyiniz məntiqsizdir. Amma müxalif dəstə Bəsrə böyüklərinin sözünə əhəmiyyət verməyib şəhərə hücum etdi. Xeyli adam qətlə yetirdikdən sonra həzrət Əli (ə) tərəfindən Bəsrə hakimi tə’yin olunmuş Osman ibn Hunəyfi təslim olmağa məcbur etdilər. Beləcə, Bəsrə şəhəri müxaliflərin nəzarəti altına keçdi.
Digər bir tərəfdən, həzrət Əli (ə) bu müddət ərzində əyalət hakimlərini dəyişməklə məşğul idi. Əvvəldə qeyd etdik ki, həzrət Əli (ə) məktub yazmaqla Müaviyəni də özünə bey’ətə də’vət etmişdi. Amma Müaviyə həzrətə cavab vermək əvəzində Zübeyrə məktub yazmış, onu Əliyə qarşı çıxmağa vadar etmişdi. Həzrət Əli (ə) ikinci dəfə məktub yazıb Müaviyəni öz mövqeyini müəyyənləşdirməyə çağırdı. Həzrətin Şamdakı nümayəndəsi Müaviyədən ya bey’ət almalı, ya da onun döyüş fikri barədə həzrətə xəbər verməli idi. Müaviyə öz növbəsində həzrət Əlini (ə) Osmanın qətlində ittiham edərək ondan qatilləri təhvil verməsini istədi. Müxalifləri arasında Müaviyənin hamıdan hiyləgər olduğunu bilən həzrət Əli (ə) Şam üzərinə hərəkət edib Müaviyənin işini bitirmək qərarına gəldi. Amma bu məqamda xəbər çatdı ki, Ayişə Təlhə və Zübeyrin yardımı ilə Bəsrəni tutmuşdur və Osmanın qanının alınması bəhanəsi ilə xalqı həzrət Əliyə (ə) qarşı qaldırır. Həzrət Əli (ə) Şam səfərini saxlayıb, Bəsrə qiyamını yatırmaq qərarına gəldi. Həzrət məsciddə minbərə qalxaraq Allaha həmd-səna və Peyğəmbərə salamdan sonra belə buyurdu: «Ey camaat, Ayişə Təlhə və Zübeyrlə birlikdə Bəsrə üzərinə hərəkət etmişdir. Həm Təlhə, həm də Zübeyr hakimiyyəti özü üçün istəyir. Təlhə Ayişənin əmisi oğlu, Zübeyr isə onun bacısının əridir. And olsun Allaha, əgər istəklərinə çatsalar, hansı ki heç vaxt çatmayacaqlar, biri o birinin boynunu vurar. And olsun Allaha, qırmızı dəvəyə minmiş bu qadın özünü və yoldaşlarını fəlakətə salacaq. And olsun Allaha onların qoşunun üçdə biri öldürülər, üçdə biri qaçar və üçdə biri tüğyanından dönər. Bu həmin Ayişədir ki, Hoəb itləri ona hürər. Təlhə və Zübeyr hər ikisi azğın yola düşdüklərini bilirlər. Amma nə çoxdur elmindən faydalanmayan və cəhaləti içində məhv olan alimlər. Bizə Allah yetər və O ən yaxşı vəkildir».
Əlbəttə ki, Peyğəmbərin (s) arvadı, Əbu-Bəkrin qızı Ayişə, eləcə də tanınmış Peyğəmbər səhabələri olan Təlhə və Zübeyrə qarşı qoşun səfərbər etmək asan iş deyildi. Ona görə də həzrət Əli (ə) bu adamların yol verdikləri azğınlıqları Mədinə əhlinə bəyan etdi. Həzrət Mədinə əhlini Cəməl səhabələri ilə döyüş üçün hazırlayırdı. Bu səbəbdən də səhəri gün yenidən minbərə çıxdı və belə buyurdu: «Mənim müxaliflərim Məkkədən çıxdılar və Peyğəmbərin zövcəsini də bir kəniz imiş kimi özləri ilə Bəsrəyə apardılar. Təlhə və Zübeyr öz qadınlarını evlərində saxladıqları halda, Peyğəmbərin zövcəsini qoşun içərisində nümayiş etdirirlər. Bu qoşunda olanlar öz istəyi ilə mənə bey’ət edib, sonradan bey’ətini sındıranlardır. Onlar mənim valimə, müsəlmanların beytül-malının xəzinadarlarına və digər Bəsrə xalqına hücum edib, bir qrupu ağacla, daşla, digərini hiylə ilə öldürənlərdir».
Həzrət Əli (ə) öz aydın xütbəsi ilə Mədinə əhlini vəziyyətdən xəbərdar etdi. Cəməl əshabının çirkin planları, həzrətə bey’ət etdikdən sonra bu bey’əti sındıran qövmün əməlləri xalqa açıqlandı. Bu azğınlığın qarşısının alınması üçün Mədinə xalqı ayağa qaldırıldı.
Həzrət Əli (ə) Səhl ibn Hünəyfi Mədinədə öz yerində qoyub, əksəri Bədrdə olmuş mühacir və ənsarı səfərbər etdi. Qoşun Bəsrəyə üz-tutdu. İmam Həsən, Malik Əştər və Məhəmməd ibn Əbu-Bəkr Kufəyə göndərildi ki, orada qoşun toplanılsın və bu qoşun həzrət Əlinin (ə) ordusuna qoşulsun.
Həmin vaxt Kufə hakimi olan Əbu-Musa Əş’əri tutduğu məqama Osman tərəfindən tə’yin olunmuşdu. Həzrət Əli (ə) ona yazmışdı ki, Kufə xalqından bey’ət alsın. Amma Əbu-Musa elə düşünürdü ki, Osmanın qanının alınmasına havadarlığı, Təlhə və Zübeyrə yardımı onun öz məqamında qalmasına kömək edəcək. O, Kufə xalqını Təlhə və Zübeyri müdafiə etməyə çağırdı. Beləcə, Kufə əhli həzrət Əliyə bey’ətə də’vət olunmadı.
Həzrət Əlinin (ə) nümayəndələri Əbu-Musaya nə qədər nəsihət verdilərsə, heç bir faydası olmadı. İş o yerə çatdı ki, Əştər Əbu-Musanın qulamlarını pərən-pərən salıb vali qərargahını tutmağa məcbur oldu. Həmin vaxt Əbu-Musa məsciddə idi. Malik Əştər məscidə daxil olub Əbu-Musanı minbərdən aşağı endirdi və dedi: «Ey axmaq və xain, xalq Əlidən başqasına bey’ət etməz». Əbu-Musa özünü Malikin əlində aciz görüb susmağa məcbur oldu. Sonra Malik minbərə qalxdı və xalqı Əliyə bey’ətə çağırdı. Təqribən bütün Kufə əhlindən Əliyə bey’ət alındı. Malik Əştər qısa bir müddətdə Kufədə on iki minlik bir qoşun səfərbər edib həzrətin xidmətinə yola düşdü.
Bu qoşun Kufədən çıxıb Zi-qar adlı məhəldə həzrət Əlinin (ə) ordusuna qatıldı. Onlar həzrətlə görüşdən duyduqları sevinci izhar edərək bildirdilər: «Həmd olsun o Allaha ki, səninlə yaxınlığı bizə nəsib etdi». Həzrət Əli (ə) onların məhəbbətlərinə görə təşəkkür edərək, Allaha həmd-səna oxudu, Peyğəmbərə (s) salam göndərdi və kufəliləri Cəməl əshabının hərəkətlərindən xəbərdar etdi. Onlar həzrətin bəyanatlarını dinlədikdən sonra haqq yolda mübarizə aparmaq hazırlıqlarını e’lan etdilər.
Həzrət Əli (ə) öz ordusu ilə Zi-qardan çıxıb Bəsrənin bir neçə kilometrliyində yerləşən Zaviyə adlı məhəldə düşərgə saldı. Sülh və barışı daim döyüşdən üstün tutan həzrət Təlhə və Zübeyrə məktub göndərdi və onları doğru yola də’vət etdi. Məktubdan əlavə, öz yaxın adamlarından bir qrupunu Cəməl əshabı ilə müzakirələrə göndərdi. Amma özünü qarşıdakı savaşda qalib görən müxaliflər heç bir nəsihət dinləmədilər. Həzrət Əlinin (ə) Kufədən yardım ala bilməyəcəyini zənn edən Ayişə həzrəti Bəsrə yaxınlığında görüb, Zübeyrə göstəriş verdi ki, Təlhənin və Mərvanın yardımı ilə qoşunu döyüşə hazırlasın. Ayişənin qoşununda otuz minə yaxın adam vardı. Cəməl əshabı bu döyüşçüləri müxtəlif şəhərlərdən toplamışdılar. Həzrət Əlinin (ə) Cəməl əshabı ilə danışığa göndərdiyi nümayəndə müzakirələrin heç bir nəticə vermədiyini və müxaliflərin döyüşə hazırlaşdığını görüb həzrətin yanına qayıtdı və onu vəziyyətdən xəbərdar etdi.
Bu müddət ərzində Bəsrənin Rəbiə qəbiləsindən üç minə yaxın adam həzrət Əlinin (ə) qoşununa qatıldı. Həzrətin ordusunun ümumi sayı iyirmi min nəfərə çatdı. Həzrət Cəməl əshabının savaş fikrində olduğunu görüb öz komandanlarını, o cümlədən Malik Əştəri, Ədi ibn Hatəmi, Məhəmməd ibn Əbu-Bəkri, Əmmar Yasəri Təlhə və Zübeyrin mövqeyindən xəbərdar etdi və döyüş hazırlığı haqqında əmr verdi.
Ayişə öz qoşunu ilə Bəsrənin şimalında yerləşən və müdafiə üçün münasib olan Zaviyədə mövqe tutdu. Qoşunlar üzbəüz dayanmışdılar. Qoşunların üzbəüz nizama salınması tarixi bə’zi mənbələrdə hicri 36-cı il, cəmadiüssaninin 17-si, bə’zi mənbələrdə isə cəmadiül-əvvəlin 19-u kimi göstərilmişdir.
Növbəti gün Zübeyr qoşunun müxtəlif hissələrinə nizamlı şəkildə Əli ordusunun üzərinə yerimək göstərişi verdi. Həzrət savaş alovunun şö’lələndiyini görüb, qoşununa geri çəkilmək əmri verdi. Həzrət hələ də ümid edirdi ki, iş sülhlə başa çata. Ayişə də öz qoşununa geri dönmək əmri verdi. Beləcə, müharibənin ilk günü savaşsız başa çatdı.
Növbəti gün hər iki qoşun savaş libası geydi və qarşı-qarşıya dayandı. Həzrət Əli (ə) qoşunundan ayrılıb tək-tənha və silahsız, Bəsrə qoşununa tərəf hərəkət etdi. Cəməl qoşununun ön sırasına çatıb uca səslə Zübeyri çağırdı. Hamı yerində donub qalmışdı. Heç kim Əlinin (ə) məqsədini anlaya bilmirdi. Həzrətin zirehsiz və qılıncsız halda düşmən qoşununa yaxınlaşması onun misilsiz rəşadətindən danışırdı.
Başdan ayağa polad zireh içində olan Zübeyr Ayişənin kəcavəsi yaxınlığında dayanmışdı. Nəhayət, atını yerindən tərpədib həzrət Əli (ə) ilə üzbəüz dayandı. Zübeyri Əli ilə üzbəüz dayanmış görən Ayişə onun ölümünü gözü qarşısına aldı. Amma ətrafdakılar ona ürək-dirək verirdilər ki, Əli kimsəni bu şəkildə öldürməyib. Həzrətin qılıncsız gəlməsi onun Zübeyrlə nə barədəsə danışmaq istəyini göstərirdi.
Zübeyr Həzrət Əli (ə) ilə göz-gözə dayanıb onun nə deyəcəyini gözləyirdi. Həzrət Əli (ə) buyurdu: «Bu nə büsatdır qurmusunuz?» Zübeyr dedi: «Osmanın qanını almaq istəyirik». Həzrət Əli (ə) buyurdu: «Əgər düz deyirsinizsə, onda qollarınızı bağlayıb özünüzü Osmanın valisinə təslim edin. Məgər onun qətlində sizdən başqa biri rol oynayıbmı?»
Zübeyr susdu. Həzrət Əli (ə) buyurdu: «Mən gəlmişəm ki, səni yarıyoldan qaytarım. Peyğəmbərin sənə buyurduğu bir çox sözləri unutmusan. Onları sənə xatırlamaq istəyirəm. Ey Zübeyr, yadındadırmı ki, bir gün Peyğəmbərin sorağı ilə Əmr ibn Ovfun evinə gəldiyim vaxt həzrət qabağa düşüb salam verdi. Sən dedin ki, Ey Əli, nə üçün təkəbbür edirsən və Peyğəmbərə (s) birinci salam vermirsən? Həmin vaxt həzrət buyurdu: «Ey Zübeyr, Əli təkəbbürlü deyil. Sən gələcəkdə onunla vuruşacaqsan və sənin savaşın zalimanə olacaq. Yadındadırmı ki, bir gün Peyğəmbər sənə belə buyurdu: «Əlini sevirsənmi?» Dedin ki, bəli, o mənim dayım oğludur. Həzrət buyurdu: «Bununla belə onunla döyüşəcəksən».
Həzrət Əli (ə) Zübeyrə bu sözləri xatırladıqca Zübeyrin iradəsi qırılırdı. O, keçmişləri xatırlayır, Peyğəmbər canişininə qarşı çıxdığı üçün əzaba düçar olacağını hiss edirdi. Nəhayət, Zübeyr xəcalət çəkərək Əlidən (ə) üzr istədi və ərz etdi: «Söz verirəm ki, indicə Bəsrə qoşunundan ayrılacaq və zərrəcə bu işə qarışmayacağam». Həzrət Əli (ə) öz ordusuna tərəf qayıtdı, Zübeyr də Ayişənin yanına döndü.
Ayişə soruşdu: «Əlinin səninlə nə işi vardı?» Zübeyr dedi: «Ötənlər haqqında danışırdı». Ayişə dedi: «Hiss edirəm ki, Əlinin bir neçə kəlməsi səni silkələyib. Əlbəttə ki, buna haqqın da var. Əli ilə üzbəüz dayanıb lərzəyə gəlməyən kimdir?! Bizim rəqibimiz elə bir şəxsdir ki, ərəb qəhrəmanları onun adını çəkəndə titrəyirlər». Ayişə o qədər tikanlı danışdı ki, nəhayət, Zübeyr qəzəbləndi. Onun oğlu Abdullah da Ayişənin sözlərini təsdiqlədi. Zübeyr öz oğluna dedi: «Mən and içmişəm ki, bu döyüşdə əlimə qılınc almayacağam». Abdullah dedi: «Kəffarə verməklə andı pozmaq olar». Zübeyr qəzəbləndi və qulamını çağıraraq andının kəffarəsi kimi onu azad etdi. Sonra birbaşa həzrət Əli (ə) qoşununun üzərinə hücuma keçdi.
Həzrət Əli (ə) buyurdu: «Zübeyri azad buraxın, onun döyüşmək fikri yoxdur». Zübeyr də bir neçə həmlə nümayiş etdirib, kimsəni yaralamadan, özü də yaralanmadan Bəsrə qoşununa tərəf qayıtdı. Oğlu Abdullah və Ayişəyə üz tutub dedi: «Gördünüzmü, mən onlara həmlə etməkdən qorxmuram». Abdullah güldü və dedi: «Bu da bir növ hiylədir». Amma Zübeyr bu sözlərə qulaq asmadı və Cəməl meydanını tərk etdi. O, vadius-səba deyilən bir yerə getdi və orada Əmr ibn Curmuz adlı birinin qonağı oldu. Zübeyr yuxuya getdikdən sonra Əmr qılıncını çəkib onun başını kəsdi. Bədənini torpağa basdırıb, başını həzrət Əlinin yanına gətirdi. Həzrət buyurdu: «Zübeyri öldürdün? Yaxşı iş görməmisən. Çünki o sənin qonağın idi. Bundan əlavə, həzrət Peyğəmbərdən eşitmişəm ki, Zübeyri qətlə yetirənə lə’nət göndərdi və ona nifrin etdi». Əmr heyrətə gəldi və təəssüf etdi. Sonra həzrət Əliyə dedi: «Mən bilmirəm siz bəni-haşim ailəsi ilə necə rəftar etmək lazımdır? Sizə itaətsizlik edənə də lə’nət göndərirsiniz, düşməninizi öldürənə də».("Muntəxabut-təvarix" səh.178)
Zübeyr getdikdən sonra onun oğlu Abdullah Ayişənin göstərişi ilə Cəməl qoşununa Əli ordusunu oxa tutmaq əmri verdi. Kufə əsgərləri də fəryad çəkib həzrətdən döyüş üçün icazə istədilər.
Hər zaman sülhü döyüşdən üstün tutan həzrət Əli (ə) imkan həddində səbr etdi. Amma həzrət Əli (ə) ordusunun sükutu nəticəsində düşmən daha da cür’ətləndi və onların oxları bir neçə nəfər Kufə əsgərini yaraladı.
Həzrət Əli (ə) müxalifləri hidayət etmək, doğru yola çağırmaq üçün növbəti dəfə Müslim adlı bir gənci bir cild Qur’anla onların yanına göndərdi. Bu gənc onları Qur’an hökmləri ilə yaxından tanış etməli idi. Amma könüllü olaraq orduya gəlmiş bu xoşbəxt gənc Cəməl ordusuna yaxınlaşdığı vaxt onların qılınc zərbələri altında qollarını itirdi və şəhadət dərəcəsinə çatdı. Onun əlindəki Qur’anın vərəqləri havaya səpildi!
Bu səhnəni müşahidə edən həzrət Əli (ə) buyurdu: «Artıq savaş şirin olmuşdur. O, döyüşçülərə savaş göstərişi verdi və oğlu Məhəmməd Hənəfiyyəni düşmən üzərinə göndərdi. Həzrət buyurdu: «Dağlar yerindən tərpənsin, sən yerindən tərpənmə. Dişini-dişinə sıx, başını Allaha tapşır, ayaqlarını mıx tək yerə çal və qoşunun son sıralarını gözünə al. Bil ki, qələbə Allah tərəfindəndir».
Məhəmməd Hənəfiyyə dərhal hücuma keçdi. O şücaətli və qəhrəman olmasına baxmayaraq, düşmənin yağdırdığı ox yağışı qarşısında bir qədər dayanmalı oldu. Bu vaxt həzrət Əli (ə) ona yaxınlaşdı və əlini onun sinəsinə vurub buyurdu: «Bu ehtiyat sənə anandan keçib. Atan belə deyil». Həzrət bu sözləri deyib özü düşmən üzərinə hücuma keçdi. Əli saman xırmanına düşmüş alov tək qısa bir müddətdə Cəməl qoşununun sıralarına pərakəndəlik saldı. Qarşısına çıxan bir çox qəhrəmanları qanına qəltan etdi. Həzrət o qədər qılıncı çaldı ki, qılıncı əyildi. Kənara çəkilib qılıncını dizində düzəltdi və yenidən hücuma keçdi. Bir qədər döyüşdükdən sonra qərargaha qayıtdı. Oğlu Məhəmmədə dedi: «Oğlum, belə hücuma keç». Səhabələr həzrətə ərz etdilər ki, Məhəmməd çox şücaətlidir, amma qəlb və qol gücündə sizin kimisi yoxdur.
Bu söhbətdən sonra Məhəmməd Hənəfiyyə bir neçə ənsar və Bədr döyüşçüləri ilə hücuma keçdi. Bu dəfə düşmən qoşunundan xeylisini qılıncdan keçirib geri qayıtdı. Həmin gün Bəsrə qoşununa sarsıdıcı zərbə endirildi. İkinci və üçüncü gün də Kufə əsgərlərinin hücumları nəticəsində Cəməl qoşunu geriyə oturdu. Artıq düşmənin müqavimət gücü qalmamışdı.
Əlinin (ə) Malik Əştər, Əmmar Yasər kimi komandanları hər biri öz növbəsində rəşadət göstərib, düşməni xəzan yarpağı tək yerə tökürdülər. Digər bir tərəfdən Təlhə də xalqı səbr və müqavimətə çağırıb, pərakəndəliyin qarşısını almağa çalışırdı. Bu məqamda Təlhədən heç də xoşlanmayan Mərvan ibn Həkəm öz qulamının arxasında pusqu qurub zəhərli bir ox atdı, ox Təlhəyə dəyib onu həlak etdi.
Təlhənin ölümündən sonra Cəməl qoşunu pərən-pərən düşüb qaçmağa başladı. Həzrət Əlinin (ə) qoşunu əvvəlcə onları tə’qib etdi. Yalnız bəni-Zəbbə qəbiləsi qalıb Ayişənin kəcavəsini dövrəyə aldı və onu müdafiə etməyə başladı.
Həzrət Əlinin sərkərdələri misilsiz şücaətlə hücuma keçib Ayişənin kəcavəsinə üz tutdular. Ayişənin dəvəsinin cilovundan yapışan əl qılınclarla doğranırdı. Nəhayət, Əbdürrəhman ibn Sürəd (başqa bir rəvayətə görə imam Hüseyn) özünü dəvəyə çatdırıb onu saxladı. Kəcavə yerə aşdı, onun müdafiəçiləri baş götürüb qaçdılar.
Həzrət Əli (ə) Ayişəyə yaxınlaşıb buyurdu: «Ey Ayişə, məgər Peyğəmbər sənə beləmi hərəkət etməyi tapşırmışdı?» Ayişə dedi: «Ey Əli, qələbə qazanmısan, yaxşılıq et, malik olmusan, bağışla».(Həmin mənbəə, səh.179)
Həzrət Əli (ə) Məhəmməd ibn Əbu-Bəkrə öz bacısı Ayişədən muğayət olub, onu Mədinəyə aparmağı tapşırdı.
Cəməl döyüşü üç gün çəkdi. Həzrət Əlinin (ə) qoşunu Bəsrə şəhərini tutdu. Həzrətin iyirmi minlik qoşunundan min yeddi yüzü şəhadətə çatdı. Otuz minlik Cəməl qoşunu isə on üç minə yaxın döyüşçüsü qətlə yetirildi. Cəməl döyüşü Ayişə, Təlhə və Zübeyr tərəfindən tövrədilmiş böyük bir fitnə idi. Bu fitnə Təlhə və Zübeyrin ölümü ilə başa çatdı. Həzrətin Ayişə və məğlub olmuş Bəsrə əhli ilə rəftarı onun şəxsiyyətinin böyüklüyündən danışırdı.
Cəməl ordusunun Bəsrə ətrafında gizlənmiş fərariləri aşkara çıxmağa cür’ət etmirdilər. Həzrət Əli (ə) göstəriş verdi ki, silahını yerə qoyub təslim olanlar ümumi əfv fərmanı ilə bağışlanılır. Cəzalandırılacaqlarını gözləyənlər bu xəbəri eşidib, özlərinə gəldilər və silahlarını yerə qoyub evlərinə qayıtdılar.
Həzrət Əli (ə) göstəriş verdi ki, cümə günü xalq Bəsrənin came məscidində namaza toplansın. Əhli məscidə gəlib həzrətlə birlikdə namaz qıldı. Namazdan sonra həzrət Əli (ə) Bəsrə əhlini məzəmmət edərək buyurdu: «Ey Bəsrə əhli, siz bir qadına əsgər və bir dördayaqlıya (Ayişənin dəvəsi) ardıcıl oldunuz. Dəvə ətrafına toplanıb, sonradan qaçdınız. Əxlaqınız süst, əhdiniz e’tibarsız, ayinləriniz ikiüzlülükdür».
Həzrət Əlinin (ə) sözlərini dinləyən Bəsrə əhli xəcalət çəkib üzr istədilər. Onlar məsciddə təkrar olaraq həzrətə bey’ətlərini təzələdilər.
Həzrət Əli (ə) Bəsrədə asayişi bərpa etmək üçün bir neçə gün qaldı. Bu müddət ərzində minbərə çıxıb xütbə oxuyur, xalqı allahpərəstliyə, təqvaya, xeyir işlərə də’vət edirdi. Həzrət öz sözləri ilə xalqı fitnə-fəsaddan çəkindirir, Cəməl fitnəsinin incəliklərini onlara aydınlaşdırırdı. Xalqa anladırdı ki, onların əhdə vəfasızlığı çoxlarının ölümü ilə nəticələndi. Nəhayət, həzrət şəhərdə asayişi bərpa edib, Abdullah ibn Abbası şəhərə hakim tə’yin etdi, özü isə qoşunla birlikdə Kufəyə qayıtdı. Müxtəlif əyalətlərə valilər tə’yin edildi, Malik Əştər isə Nəsibinə vali göndərildi.
Cəməl döyüşünün bir çox ağrılı nəticələri oldu. İslamın mə’nəvi əsaslarına zərbə vuruldu, ərəblər arasında kin-küdurət hissləri qızışdı, ixtilaf və ədavətin əsasları möhkəmləndi. Əlli min nəfərin iştirak etdiyi üç günlük döyüşdə on beş minə yaxın adam tələf oldu. Bə’ziləri isə bu rəqəmin daha böyük olduğunu bildirirlər.
Cəməl döyüşünün digər siyasi nəticələrindən biri əvvəlcədən mövcud olan ixtilafların daha da artması oldu. Həzrət Əlinin (ə) Cəməl döyüşünə qatılmasını fürsət sayan Müaviyə öz hərbi qüdrətini daha da gücləndirdi və onun xilafət arzuları çinləşməyə başladı. Müaviyə bu müddət ərzində müxtəlif bəhanələrlə xalqda həzrət Əliyə (ə) qarşı mənfi münasibət yaradırdı.
SİFFEYN DÖYÜŞÜ
Cəməl döyüşünün qələbə ilə başa çatması həzrət Əlini (ə) asudəliyə çıxarmadı. Ömər zamanından Şamda hakim olan Müaviyənin itaətsizliyi günbəgün güclənirdi. Müaviyə xəlifə olmaq fikrində idi. Həzrət Əli (ə) bu hiyləgər rəqibi aradan götürməyə məcbur idi.
Həzrət Əli (ə) Şama hücum üçün Kufəni fəaliyyət mərkəzi qərar verdi və qoşunu hazırlamağa başladı.
Nəsibinə hakim tə’yin olunmuş Malik Əştər yolda olarkən Müaviyə tərəfindən Hərrana vali tə’yin olunmuş Zöhhak ibn Qeyslə rastlaşdı. Zöhhak Malikin qarşısını kəsmək istədi. Döyüş başladı və Malik Zöhhakın dəstəsini darmadağın etdi.
Zöhhakın məğlubiyyətindən xəbər tutan Müaviyə dərhal Əbdürrəhman ibn Xalidi böyük bir qoşunla Malik üzərinə göndərdi. Malikin dəstəsinə çatan Əbdürrəhman böyük qüvvəyə malik olsa da, Malikin şücaəti nəticəsində biabırçı məğlubiyyətə uğradı. Malikin döyüşçüləri fərariləri tə’qib edib onları şamlıların əlində olan ərazidən çıxardılar.
Malikin məktubu həzrət Əliyə (ə) çatdığı vaxt həzrət minbərə qalxdı və Malikin məktubunu oxuduqdan sonra Müaviyənin hiyləgərliyi haqqında danışdı. Müaviyənin düşmənçiliyinə inanmayanlar onun hiyləgərliyinə əmin oldular. Artıq Müaviyə ilə döyüş üçün hamı öz hazırlığını bildirirdi.
Əvvəlcə qeyd etmişdik ki, həzrət Əli (ə) xəlifə seçildikdən sonra Şama hücum etmək istəyirdi. Amma həmin vaxt Təlhə və Zübeyrin Bəsrəni tutması bu işi tə’xirə saldı. Həzrətin Şama hücum etməkdə məqsədi onun Peyğəmbər canişininə bey’ət etməməsi, hətta bu canişini Osmanın qətlində ittiham etməsi idi. Müaviyə həzrət Əliyə (ə) məktubunda belə yazmışdı: «And olsun canıma, əgər əlin Osmanın qanına batmasaydı, sən də Əbu-Bəkr, Ömər və Osman kimi olardın. Amma sən mühacirləri Osmanın qətlinə təhrik etdin və ənsara Osmana yardım göstərməkdə mane oldun. Nadan xalq sənin sözlərinə itaət edib, onu zalımlıqla qətlə yetirdilər. Nə qədər ki, Osmanın qətlini Şam xalqına, xilafəti şuraya tapşırmamısan, bu xalq səndən əl götürməyəcək. Mən Təlhə və Zübeyr kimi sənə bey’ət etmədiyimdən, onlar üzərində olan hakimliyin mənim üzərimdə yoxdur. Eləcə də, Şam xalqı sənə bey’ət etmiş Bəsrə xalqı kimi deyil. Bununla belə sənin İslamdakı şərafətini, Peyğəmbərlə yaxınlığını, Qüreyş arasındakı mövqeyini inkar etmirəm».("Nasiut-Təvarix" səh.144)
Osmanın qətli ilə bağlı söhbətlərdən mə’lum olur ki, bu qətl həmin dövrdə fitnəkarlıq həvəsində olanlar üçün bəhanə olmuşdur. Bu qətldə elə bir şəxs ittiham olunurdu ki, nəinki bu qətldə iştirak etməmişdi, hətta Osmana xeyirxahlıq göstərmiş, evi mühasirədə oluduğu vaxt ona su göndərmişdi.
Ustad Əbdüllah Ə’layi «Əyyamul-Husəyn» kitabında belə yazır: «Həmin dövrün gülünc qəribəliklərindən biri budur ki, Əmr As xalqı Osmanın qətlinə təhrik etdiyi Ayişə onunla aşkar müxalifətə qalxdığı, Müaviyə ona yardımdan imtina etdiyi, Təlhə və Zübeyr onun müxaliflərinə yardım göstərdiyi halda, bu adamların hər biri Osmanın qətlində Əlini (ə) ittiham edirdi. Hansı ki, Osmana xeyirxahlıq göstərmiş, ona əməllərinin acı aqibətini bəyan etmiş yeganə şəxs Əli idi.
Həzrət Əli (ə) Müaviyəyə məktubunda yazdı ki, mənə bey’ət ümumi bir bey’ətdir. Bu bey’ət Mədinədə olub-olmamasından asılı olmayaraq bütün müsəlmanlara şamildir. Sən məni Osmanın qətlində ittiham etməklə bey’ətdən yaxa qurtarmaq fikrindəsən. Hamı bilir ki, onu mən öldürməmişəm. Osmanın qanına cavab verməyə sən daha layiqsən. Sən özün o adamlardansan ki, Osmanla müxaliflik etdin, səndən yardım istədiyi vaxt yaxanı kənara çəkdin».
Həzrət Əli (ə) başqa bir məktubda Müaviyəyə belə yazırdı: «Sənin Osmanın qətli və qatilləri haqqında çox danışmağın yersizdir. Çünki sən xeyirin olanda Osmana yardım edirdin. Amma o sənin köməyinə ehtiyac duyduqda onu tənha buraxdın».
Həzrət Əli (ə) bir neçə aylıq Kufədə olduğu vaxt məsələni savaşsız həll etmək üçün bir neçə dəfə Müaviyəyə məktub yazdı. Həzrət Əli (ə) Müaviyəni ağır qanlarla nəticələnəcək müxalifətçilikdən çəkinməyə çağırırdı. Amma bu məktublar heç bir müsbət nəticə vermədi. Həzrətin hər məktubuna Müaviyə eyni şəkildə cavab verir və onu Osmanın qətlində ittiham edirdi. Müaviyə məktublarından birini çirkin təbliğatları sayəsində həzrət Əli (ə) ilə düşmən olmuş Əbəsəli bir kişi ilə Əliyə (ə) göndərdi. Həmin şəxs Kufəyə çatan kimi bir başa məscidə getdi və Müaviyənin məktubunu həzrətə təqdim etdi. Həzrət Əli (ə) ondan Şamdakı vəziyyət haqqında soruşdu. Kişi belə cavab verdi: «Bütün Şam əhlinin sinəsi sənə kinlə doludur. Onlar Osmanın qanını almamış sakitləşəsi deyillər». Həzrət Əli (ə) buyurdu: «Ey axmaq, Müaviyə səni aldadıb. Osmanın qatillərindən biri də Müaviyə özüdür». Səhabələr həmin şəxsi öldürmək istəsələr də, həzrət bu işə mane oldu və buyurdu: «O səfirdir. Səfir üçün təhlükə yoxdur». Sonra həzrət Müaviyənin məktubunu açıb, məktubda yalnız «Bismillahir-Rəhmanir-Rəhim» yazdıldığını gördü. Həzrət ətrafındakılara buyurdu: «Müaviyə savaş qərarındadır». Sonra həzrət öz xoş niyyəti və Müaviyənin hiyləgərliyi haqqında danışdı və xalqı bu hiyləgərliklə mübarizəyə çağırdı.
Həzrət Əlinin (ə) sözlərindən həyacana gəlmiş səfir dedi: «Ya Əmirəl-mö’minin, məni bağışla, sənin ən qatı düşmənin mən idim. Amma indi sənin dostunam. Çünki həqiqətləri mənə çatdırdın. Bildim ki, Müaviyə bütün Şam xalqını aldatmışdır. İcazə ver ki, sənin xidmətçilərin sırasına qatılım. Bu yolla sənə qarşı keçmiş kinimi məhəbbətə çevirim». Həzrət Əli (ə) ona nəvaziş göstərib səhabələrinə tapşırdı ki, bu şəxsdən muğayət olsunlar.
Bu xəbəri eşidən Müaviyə çox narahat oldu və dedi: «Bu kişi bizim bütün sirrimizi Əliyə danışacaq. Ona görə də Əli (ə) bizə hücum etməmiş biz qabağa düşək». Müaviyə öz məqsədini həyata keçirmək üçün bütün yaxınlarına, Mədinədəki Peyğəmbər səhabələrinə, xüsusi ilə də bəni-Üməyyəyə müraciət edib, onları həmkarlığa çağırdı. Bütün bu adamlara ayrı-ayrılıqda məktublar yazıldı. Amma bəni-Üməyyədən başqa onun çağırışlarına müsbət cavab verən olmadı. Hətta Abdullah ibn Ömər açıq-aşkar bildirdi ki, Müaviyənin hiylələrindən xəbərdardır və onun Osmana qəsdən kömək etmədiyinə əmindir.
Bə’zi səhabələr və bir çox başqaları Müaviyəyə Abdullahın cavabına oxşar cavab verdilər. Bəni-Üməyyədən başqa bütün müraciət olunanlardan rədd cavabı alındı. Müaviyə anlayırdı ki, öz məqsədinə asanlıqla çata bilməyəcək və Əli (ə) ilə üzbəüz gəlmək hər adamın işi deyil. Çünki həzrət Əli (ə) bütün baxımlardan Müaviyədən üstün idi. Müaviyə nə zöhd və elmdə, nə şücaət və qəhrəmanlıqda Əli (ə) ilə müqayisə oluna bilməzdi. Həzrət Peyğəmbərə yaxınlıq baxımından da Müaviyə çox zəif mövqeyə malik idi. Düşüncə sahibi olan hər bir insan üçün Əlinin Müaviyədən üstünlüyü aşkar bir həqiqət idi. Yalnız insanları ağıldan məhrum etməklə Müaviyənin üstünlüyünə inandırmaq olardı.
Bə’zən təsəvvüründə canlandırırdı ki, döyüş meydanındadır və Əli onu mübarizəyə çağırır. Bu düşüncə onu lərzəyə salırdı. Ölümünü gözünün qarşısına gətirsə də, hakimiyyət istəyi onu rahat buraxmırdı.
Müaviyə bir müddət bu düşüncələr içərisində tənha qaldı. O məqsədinə çatmaq üçün münasib yol tapa bilmirdi. Nəhayət, qardaşı Ütbə ibn Əbu-Süfyan dedi: «Bu məsələnin yeganə həll yolu Əmr Ası işə qoşmaqdır. Çünki o siyasət və hiylə baxımından ərəblər arasında məşhurdur. Hiyləyə əl atdıqda avam xalqı aldatmaq asan olur. Xalqın ağlını oğurladıqdan sonra onu öz üstünlüyünə inandırmaq olar».
Müaviyə dedi: «Əmr As mənim bu də’vətimi qəbul etməz. Çünki o da bilir ki, Əli bütün baxımlardan məndən üstündür». Ütbə dedi: «Sən Əmri pul və və’d ilə aldat, Əmr də xalqı aldatsın!»
Müaviyə qardaşının təklifini bəyəndi və həmin vaxt Fələstində olan Əmr Asa məktub yazdı. Məktubun məzmunu belə idi ki, mən Osman tərəfindən Şamda hakiməm, Osman da Peyğəmbərin xəlifəsi idi; o evində susuz və məzlum halda öldürüldü; sən bilirsən ki, müsəlmanlar onun qətlinə görə qəmlidirlər; Osmanın qanını almaq lazımdır; mən səni bu intiqamda iştirak etməyə çağırıram; bu işdə böyük mükafat və savabın olacaq!»
Müaviyə ilk əvvəl Əmr Asa öz məqsədini açmaq istəmədi. Əmr Ası də’vət etməkdə yeganə məqsədi müharibədə qələbə qazanmaq üçün onun vücudundan istifadə etmək idi. Amma ərəblər arasında hiyləgərlikdə misli olmayan Əmr Müaviyənin məktubunu oxuyan kimi onun əsl məqsədini anladı və Müaviyəyə belə bir cavab yazdı: «Ey Müaviyə, məni haqqa qarşı, Əli ilə döyüşə çağırırsan. Hansı ki, həzrət Əli (ə) Peyğəmbərin qardaşı, canişini və varisidir. Sən ki özünü Osmanın hakimi bilirsən. Osman öldükdən sonra sənin hakimiyyətin başa çatıb». Əmr As öz məktubunda İslam, həzrət Əlinin imanı, həzrətin iştirak etdiyi savaşlar və onun hərbi xidmətləri haqqında danışırdı. O, Müaviyəyə Əli haqqında nazil olmuş ayə və hədisləri xatırladırdı. Məktubunun sonunda isə əlavə etdi ki, sənin məktubunun cavabı budur ki, mən yazdım.
Müaviyə gördü ki, onun oxu daşa dəyib və Əmr Ası qeyd-şərtsiz Fələstindən Şama gətirməyə müvəffəq olmayıb. O məcbur olub, yeni bir məktub yazdı və bu məktubda hər şeyi açıq şəkildə Əmr Asa bildirdi: «Ey Əmr, Təlhə və Zübeyrin Əli ilə savaşı haqqında eşitdin. İndi isə Mərvan ibn Həkəm Bəsrə əhlindən bir qrupu ilə mənim yanıma gəlib, Əli də məndən bey’ət istəyir. Gözümü sənin yoluna dikmişəm ki, bu məsələlər barədə söhbət edim. Özünü mənə yetirməkdə tələs, burada səni cah-cəlal, məqam gözləyir».
Müaviyənin məktubu Əmr Asa çatdıqdan sonra o öz oğlanları Abdullah və Məhəmmədi yanına çağırıb bu iş barədə onların rə’yini öyrənmək istədi. Abdullah bu işə qarşı çıxdı, Məhəmməd isə atasının Müaviyənin yanına getməsini həvəslə qarşıladı. Əmr dedi: «Abdullah mənim axirətimi fikirləşdi, Məhəmməd isə dünyamı». Əmr As bu məsələləri gözəl anlasa da, axirəti yaddan çıxarıb, dünyaya üz tutdu. Dünya Əmr Ası qoca yaşlarında aldatdı və o Müaviyəyə qoşuldu. Hansı ki, onun ömründən cəmi altı il qalmışdı. Əmr hicri 42 (43) ildə Misir valisi ikən dünyasını dəyişdi.
Hərislik qocanı həvəsə salar,
Sübhün yuxusunu gözlərdən alar.
Əmr As özünü tələsik Şama çatdırdı. Müaviyə onu gülər üzlə qarşılayıb girami tutdu. Ara sakitləşdikdən sonra Müaviyə Əmr Asla ikilikdə qaldıqda yenidən rəsmi tərzdə söhbətə başladı və onu Osmanın qanının alınmasına rəğbətləndirdi.
Əmr Müaviyənin qeyd-şərtsiz işə keçdiyini görüb, Əlini mədh etməyə başladı. O həzrət Əlinin (ə) Peyğəmbər (s) qəzavatlarındakı şəhadətlərini yada saldı, sonra isə Müaviyəyə e’tirazla dedi: «Sənin məqsədini həyata keçirmək çətin olmaqla yanaşı, həm də axirətini puça çıxarır».
Müaviyə dedi: «Mən axirət istəyi ilə bu işdə qədəm atıram. Məzlumcasına qətlə yetirilmiş Peyğəmbər xəlifəsi Osmanın qanı uğrunda qiyam etməkdən yaxşı iş ola bilərmi?» Əmr dedi: «Ey Müaviyə, sən məni çağırmısan ki, mən xalqı aldadım. İndi isə özün məni aldatmaq istəyirsən. Ərəbin ən hiyləgər adamını avam yerinə qoyma. Hansı ağıllı adam sənin sözlərinə inanar?! Əgər doğrudan da Osmanın halına yanırdınsa, mühasirədə qalıb səndən yardım istəyəndə nə üçün kömək etmirdin? Sənin xilafətdə gözün var. Osmanın qanının alınması isə bir bəhanədir. Əgər bu işdə səninlə həmkarlıq etməyimi istəyirsənsə, mənimlə öz dilimdə danışmalısan və sədaqətli olmalısan. Çünki biz bir-birimizi yaxşı tanıyırıq və bir-birimizi aldatmağımız da mə’nasızdır. Səninlə həmkarlıq edəcəyim təqdirdə sən xəlifəlik istədiyin kimi, mən də Misir hakimliyini istəyirəm. Öhdənə götür ki, Misir hakimliyi həmişə mənim olacaq və heç vaxt geri almayacaqsan!»
Niyyətindən Əmr Asın xəbərdar olduğunu görən Müaviyə Misir hakimliyini ona və’d etmədən arzusuna çatmayacağını hiss edib Əmrin təklifini qəbul etdi. Aralarında müqavilə imzalandı ki, Müaviyə Əliyə qələbə çalıb xilafət məqamına çatacağı təqdirdə Misir hakimliyini Əmr Asa verəcək. Müaviyə hiylə işlədərək müqavilənin sonunda öz katibinə dedi: «Yaz ki, Əmr Müaviyəyə itaət şərtini pozmayacaq». Müaviyə Əmr Ası mütləq bir bey’ətə sövq etmək istəyirdi. Yə’ni hətta Misir hakimliyi Əmr Asa verilməyəcəyi halda da o, Müaviyəyə qarşı çıxa bilməzdi. Amma Əmr As Müaviyədən cəld tərpənib dedi: «Yaz ki, Müaviyəyə itaət qeyd olunmuş şərtlər pozulanadək sındırılmayacaq». Əmr As demək istəyirdi ki, Misir hakimliyini almayacağı təqdirdə Müaviyəyə itaəti özünə vacib bilməyəcək. Bir sözlə, Əmr As Müaviyədən yazılı öhdəlik aldı və özünü Müaviyənin ixtiyarına verib onun vəziri, müşaviri oldu.
Müaviyə ilkin fürsətdə Əmr Ası hüzuruna çağırıb ona mövcud çətinliklər haqqına mə’lumat verdi. Müaviyənin müşküllərindən biri bu idi ki, onun ilkin düşmənlərindən olan Məhəmməd ibn Əbu-Huzəyfə zindandan qaçmışdı. Bu məsələ Müaviyəni çox narahat edirdi. Ona görə də Əmrə dedi: «Əgər mən Əli ilə döyüş üçün Şamdan çıxsam, qorxuram ki, Məhəmməd arxadan Şama hücum edib onu ələ keçirə. Bundan da təhlükəlisi Əli (ə) ilə savaşdır. O, mənim yanıma adam göndərib bey’ət istəmişdir. Rum dövləti də aramızdakı ixtilafdan istifadə edib Şama hücum etmək fikrindəndir». Əmr As bir qədər düşünüb dedi: «Ən əsası Əli ilə döyüşdür. Əvvəla, Məhəmməd ibn Əbu-Huzəyfə o qədər də qorxulu deyil. Digər tərəfdən Rum dövlətini hədiyyələrlə müvəqqəti də olsa sakitləşdirmək mümkündür. Sənin əsl təlaşın Əli ilə döyüşə yönəlməlidir. Müaviyə dedi: «Nə desən edəcəyəm». Əmr As Məhəmmədi tə’qib etmək üçün xüsusi bir dəstə göndərdi. Onlar Məhəmmədi həbs edib qətlə yetirdilər. Sonra Əmr Rum imperatoruna hədiyyələr göndərməklə onun başını qatdı. Nəhayət bütün güc Əli (ə) ilə döyüş üçün qoşun hazırlanmasına sərf edildi.
Müaviyə həzrət Əli (ə) ilə savaşda qələbə üçün heç bir çirkin yoldan çəkinmirdi. O, Osmanın qanının alınması bəhanəsi ilə Şam xalqını Əliyə (ə) qarşı qaldırdı. Hər yerdə həzrət Əli (ə) təhqir olunur, şamlıların qəlbində ona qarşı kin yaradılırdı. Belə ki, Əliyə (ə) qarşı üç yüz minlik ordu təchiz olundu.
Digər bir tərəfdən, həzrət Əli (ə) sülh yolu ilə Müaviyəni bey’ətə sövq edə bilmədi. Malik Əştərin məktubu da Müaviyə ilə döyüşün labüdlüyünü göstərirdi. Bəsrə valisi Abdullah ibn Abbasa göstəriş verildi ki, şəhər əhlini təchiz edib Kufəyə göndərsin. Bu məqsədlə bir neçə şəxs, eləcə də, Malik Əştər həzrətin hüzuruna çağırıldı. Həzrət özü minbərə qalxdı və onları Müaviyənin məqsədlərindən xəbərdar etdi. Sonra qoşun səfərbərliyinə başlanıldı.
Siffeyn döyüşü haqqında danışmazdan əvvəl Müaviyə və Əmr Asın bioqrafiyasına nəzər salmaq yaxşı olardı.

Ardı var...

 Müəllif: Fəzlullah Kompani     
Category: Tarix | Baxış: 1221 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]