Bazar günü, 2024-12-22, 2:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 27 » Əli əleyihissalam kimdir? (5)
9:32 PM
Əli əleyihissalam kimdir? (5)
FƏDƏKİN QƏSBİ
Əbu-Bəkrin çirkin işlərindən biri həzrət Peyğəmbərin qızı Fatimədən fədəkin alınması oldu. Əvvəlcə fədək haqqında qısaca mə’lumat verək.
Fədək Xeybərlə Mədinə arasında bir kənd idi. Mədinədən Fədəkədək iki mənzillik (dayanacaq) yol vardı. Torpaqları bərəkətli idi, məhsuldar xurma bağları vardı. Orada yəhudilər sakin idilər. Hicri yeddinci ildə İslam qüvvələri gücləndiyindən, Allah-təala Xeybər qələbəsindən sonra yəhudilərin qəlbinə qorxu saldığından onlar Fədəkin düz yarısını Peyğəmbərə verib, yarısını özlərinə saxladılar. Bu torpaqlar şəxsən Peyğəmbərə verildiyindən onun xüsusi mülkiyyəti sayılırdı. Belə ki, torpaqlar heç bir döyüşsüz təhvil verilmişdi. Fədəkin şəxsən Peyğəmbərə məxsus olması Qur’an ayəsi ilə də təsdiqlənir: «Allahın onların malından öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Allah öz Peyğəmbərini istədiyi kimsələr üzərində belə hakim edir. Allah hər şeyə qadirdir». [(«Həşr» surəsi, 6.) Bəli, Fədək torpaqları hücum yolu ilə ələ keçirilmiş qənimətlərdən fərqlənirdi. Əgər başqa qənimətlərdən döyüşçülərə pay düşürdüsə, Fədəkdə onların heç bir payı yoxdu. Qur’ani-Kərimdə oxuyuruq: «Ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır». («Ənfal» surəsi, ayə 41.) Amma döyüşsüz ələ keçirilən hər bir şey yalnız Allah və onun rəsuluna məxsusdur və «Ənfal» adlanır: «De ki, qənimətlər Allahın və Peyğəmbərinindir». («Ənfal» surəsi, ayə 1.)
İmam Sadiq (ə) buyurur: «Ənfal odur ki, onun əldə olunması yolunda at və dəvə sürülməmiş olsun. Xalqın könüllü olaraq verdiyi mal da ənfaldır. Qeyri-abad torpaqlar, çayların təki Peyğəmbərə məxsusdur. Peyğəmbərdən sonra isə bu malın üzərində imam ixtiyar sahibidir».(«Üsule-kafi» 2-ci cild.)
Beləcə, Fədək də ənfal sayılmalıdır. Çünki Fədəkin əldə olunmasında heç bir müsəlman iştirak etməmişdi. İmam Sadiqin (ə) buyurduğu kimi yəhudilər özləri bu torpağı Peyğəmbərə vermişdir. Demək, Fədəkin sahibi həzrət Peyğəmbərin özüdür.
«Məcməül-bəyan» və «Üsule-kafi» kitablarında «İsra» surəsinin 26-cı ayəsinin təfsiri ilə bağlı yazılır: «Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) çağırdı və buyurdu: «Allah-təala mənə göstəriş verdi ki, Fədəki sənə verdim». Fatimə dedi: «Ey Allahın rəsulu, mən bunu Allahdan və sizdən qəbul etdim». Bu əhvalat sünni kitablarında da nəql olunmuşdur. «Təfsire-Sə’ləbi», «Şəvahidut-tənzil», «Yənabiul-Məvəddət» kitablarını misal göstərmək olar. Uyğun mənbələrdə qeyd olunur ki, «Qohum-əqrəbaya da, miskinə də, müsafirlərə də haqqını ver» ayəsi nazil olduqdan sonra Peyğəmbər Fədəki qızı Fatiməyə (s) verdi. Həzrət Peyğəmbərin həyatı dövründə Fədək Fatimənin (s) ixtiyarında idi. Buranın məhsulu toplanır, bəni-haşim fəqirləri və başqalarına verilirdi. Amma Peyğəmbərin vəfatından sonra Əbu-Bəkr həzrət Fatimənin (s) vəkilini Fədəkdən çıxardı. Onun göstərişi ilə Fədək həzrət Zəhradan alındı.
Əbu-Bəkrin bu hərəkəti haqq və ədalətin tapdalanması idi. Əvvəla, Fədək başqa qənimətlərdən fərqlənirdi və Ənfal sayılırdı. O, həzrət Peyğəmbərin şəxsi mülki idi. İkincisi, həzrət Peyğəmbər özü Fədəki qızına bağışlamışdı. Üçüncüsü, atasının dövründə həmin torpaqlara həzrət Zəhra nəzarət edirdi. Mühacir və ənsarın iştirakı ilə Peyğəmbər məscidində Əbu-Bəkr bu məsələyə görə xanım tərəfindən ittiham olunmuşdu.
Əbu-Bəkr uydurma bir hədisə əsaslanır və bu hədisi Peyğəmbərdən eşitdiyini deyirdi. Guya Peyğəmbər demişdi ki, peyğəmbərlərdən irs aparılmır və onlardan nə qalarsa sədəqədir. Həzrət Zəhra Əbu-Bəkrə buyurdu: «Ey Əbu-Quhafənin oğlu, Allahın kitabında yazılmışdırmı ki, sən atandan irs aparırsan, mən isə yox? Əgər peyğəmbərlərdən irs qalmırsa, nə üçün Qur’anda peyğəmbərlərin irsi haqqında ayələr nazil olmuşdur? Nə üçün mənim atama böhtan atırsan? Məgər Qur’anda buyurulmurmu ki, Süleyman atası Davuddan irs aldı? Bəs hansı dəlillə məni atamın irsindən məhrum edirsən? Yoxsa siz Qur’anı mənim atamdan və əmioğlumdan yaxşı bilirsiniz?»
Həzrət Fatimə (s) Əbu-Bəkr və onun ətrafındakıları rüsvay etsə də, onun məntiqi qarşısında heç bir cavab verilməsə də, xanım haqqını almadan evinə döndü.
Bəli, səqifə firqəsinin bu əməli olduqca çirkindir. Həzrət Peyğəmbərin vəfatından sonra onun ailəsinə təsəlli vermək əvəzinə onu irsdən məhrum etdilər. Hansı ki, Peyğəmbər bütün əzab-əziyyətləri müqabilində yalnız öz Əhli-beytinə ehtiram istəmişdi.
Amma nankor firqə Peyğəmbərin qızının evini yandırdı, həzrətin yeganə yadigarını atasının qəbrinə sığınmaq məcburiyyətində qoydu. Tarixçilərin bildirdiyinə görə bütün bu təzyiqlər həzrət Fatimənin ruhuna sarsıdıcı tə’sir göstərdi və o, yatağa düşüb, bir müddət sonra dünyasını dəyişdi.

ÖMƏRİN ALTI NƏFƏRLİK ŞURASI
Əbu-Bəkr iki ildən bir qədər artıq çəkmiş xəlifəlikdən sonra xəstələndi. Onun xəlifəliyə çatması yolunda Ömərin çəkdiyi əziyyətlərə cavab olaraq, Əbu-Bəkr özündən sonra Ömərin xəlifə olması üçün şərait hazırlayırdı. Müxalifləri razı salan Əbu-Bəkr səhabələrdən bir qrupunu yanına çağırıb onların hüzurunda Öməri canişinliyə tə’yin etdi. Əbu-Bəkr vəfat etdiyi gün (hicri 13-cü il) Ömər xilafət kürsüsünə oturdu. Əbu-Bəkri dəfn etdikdən sonra Ömər məscidə gedib, xalqa öz xəlifəliyi haqqında mə’lumat verdi və onlardan bey’ət aldı. Həzrət Əlidən (ə) savay əksər müsəlmanlar Ömərə bey’ət etdilər.
Ömərin xəlifəliyi on il altı ay çəkdi. Ömər bütün bu müddət ərzində İran və Rumla müharibə vəziyyətində oldu. Ömər öz həyatının son anlarında növbəti xəlifəni seçmək üçün altı nəfərdən ibarət şura topladı: Əli, Təlhə, Zübeyr, Əbdür-Rəhman Ovf, Osman, Sə’d Vəqqas. Əbu-Təlhə Ənsari ənsardan beş nəfəri şuranın toplantısı keçirilən evin ətrafında qoyub, tapşırdı ki, beş nəfər birinə səs verdiyi vaxt bir nəfər onlara qarşı çıxsa, həmin bir nəfərin, dörd nəfər bir nəfərə səs verdiyi vaxt iki nəfər bu dörd nəfərə qarşı çıxsa, həmin iki nəfərin boynunu vursunlar. Əgər üç nəfər birinə, üç nəfər isə başqasına səs verərsə, Əbdür-Rəhman ibn Ovfun olmadığı üç nəfər qətlə yetirilsin. Yox əgər bu altı nəfər heç bir qərara gələ bilməsələr, altısının da boynu vurulsun xəlifə seçimi xalqa tapşırılsın.
Ömər adı çəkilən altı nəfərin şuraya üzv seçilməsini belə izah edirdi: «Həzrət Peyğəmbər (s) dünyasını dəyişdiyi vaxt bu altı şəxsdən razı olduğu üçün mən xilafət məsələsini onlara tapşırıram». Şura üzvləri bir yerə toplandıqdan sonra Ömər öz düşüncəsinə əsaslanaraq həmin adamların zəif tərəflərini sadalamağa başladı və dedi: «Ey Zübeyr, sən acıxasiyyət və işkorlayansan. Əgər razı qalsan, imanın qalacaq, narazı qalsan kafirsən. Buna görə də gah insan, gah da şeytan. Ey Təlhə, sən Peyğəmbəri (s) incitdin. Həzrət dünyadan köçərkən səndən incik getdi. Bunun səbəbi hicab ayəsi nazil olanda dediyin sözlər oldu. Ey Osman, bil ki, peyin səndən yaxşıdır. Sən isə ey Sə’d, təkəbbürlü və təəssübkeşsən. Xilafət sənin işin deyil. Ey Əbdür-Rəhman, sən zəif adamsan». Sonra üzünü Əliyə (ə) tutub dedi: «Əgər sən zarafatcıl olmasaydın, xilafətə yarayardın. Vallah sənin imanın bütün yer əhlinin imanından üstündür».(«Müntəxəbut-təvarix» səh. 172.)
Şura əhvalatını şərh etməzdən qabaq Ömərin nöqsan dolu vəsiyyəti haqqında qısaca söhbət edək. Qeyd etməliyik ki, Əbu-Bəkr, Ömər və Əbu-Übeydə arasındakı məhrəmanə razılaşmaya əsasən bu üç şəxs növbə ilə xəlifə olmalı idi. Ona görə də Peyğəmbər dünyasını dəyişən zaman hər üç şəxs tələsik səqifəyə getdi.
Əbu-Bəkr və Ömər öz məqsədlərinə nail olsalar da, növbə Əbu-Übeydəyə çatanda artıq o həyatda yoxdu. Xəlifə seçimini altı şəxsə tapşıran Ömər bildirdi ki, əgər Əbu-Übeydə və ya Salim (Huzəyfənin Qulamı) diri olsaydılar, xilafət üçün həmin iki şəxs şuradakı altı nəfərdən daha layiqli olardı.
Həzrət Əli (ə) Əbu-Bəkrə bey’ət məqsədi ilə məcburi şəkildə məscidə gətirildiyi vaxt Əbu-Übeydə həzrətə dedi: «Əgər biz bilsəydik ki, sənin xəlifəliyə könlün var, Əbu-Bəkrə yox, sənə bey’ət edərdik. İndi isə iş işdən keçib və xalq Əbu-Bəkrə bey’ət edib». Belə ki, Əbu-Bəkrə bey’ət edən Əbu-Übeydənin özü Əlini (ə) xəlifəlik üçün daha layiqli sayırdı. Belə bir vəziyyətdə Ömərin Əbu-Übeydəni xəlifəliyə Əlidən daha layiqli bilməsi gülünc görünür. Əbu-Übeydə və Salim hər ikiləri münafiq idilər və Peyğəmbərin (s) dəvəsi ilə bağlı ləyaləye-əqəbə hadisəsində iştirak etmişdilər. Onların ikisi də Üsamənin qoşununa qoşulmaqdan boyun qaçırmışdılar.
Ömərin insafsızlığı bir həddə çatmışdı ki, hətta ikiüzlü bir qulamı da xəlifəliyə Əlidən layiqli bilir, onun ölümünə təəssüflənirdi. Digər bir tərəfdən, səqifədə ənsarla mübahisələr zamanı həzrət Peyğəmbərin Qüreyş haqqında buyurduğu sözləri Əbu-Bəkr özlərinə aid etdi və bildirdi ki, imamlar yalnız Qüreyşdən ola bilər. İndi isə Ömər ənsardan olan Salimi, yə’ni Qüreyşdən olmayan bir şəxsin xəlifəliyi haqqında danışırdı.
Üçüncüsü Ömər şuradakı altı nəfərin hər birinin eyblərini saydı və bildirdi ki, heç biri xilafətə yaramır. Maraqlıdır ki, bu altı nəfərdən heç birini xəlifəliyə layiq bilməyən Ömər onları nə üçün şuraya toplamışdı?
Dördüncüsü, Ömər bu altı nəfəri seçməyinin səbəbi kimi həzrət Peyğəmbərin (s) onlardan razılığını göstərmişdi. Hansı ki, bir qədər sonra Təlhəyə müraciətlə dedi ki, o Peyğəmbəri incitmişdi.
Beşincisi, bu altı nəfər arasında Əbdür-Rəhmanın hansı fəziləti vardı ki, səslər bərabər bölündükdə onun düşdüyü üçlüyə üstünlük verilirdi? Hansı ki, bir az əvvəl Ömər onun zəif iradəyə malik olduğunu bildirmişdi. Ömər şuraya Əliyə (ə) zidd adamları toplamaqla əslində Əlinin qətlinə fərman vermişdi.
Bu altı nəfər arasında yalnız həzrət Əli (ə) və Osmanın xəlifə seçilməsi mümkün idi. Əbdür-Rəhman Osmanın əqd qardaşı, həm də yeznəsi idi. Əbdür-Rəhmanın səsinə imtiyaz verməklə Osmanın seçilməsi üçün şərait yaradırdı.
Şuranın üzvlərindən biri də Bəni-haşimlə adətən müvafiq olmayan Təlhə idi. Təlhə Əbdür-Rəhmanla səmimi dost idi. Bu halda onun da Osmanı himayə edəcəyi şübhə doğurmurdu. Sə’d Vəqqas isə həm Əbdür-Rəhmanın göstərişlərinə tabe olur, həm də Təlhə ilə eyni cür düşünürdü. Bu altı nəfər arasında həzrət Əli (ə) ilə yeganə razılaşacaq kəs Zübeyr idi. Səsvermə nəticəsində azlıqda qalan həzrət Əli (ə) və Zübeyrin qətli labüd olmuşdu. Ömər bütün işləri bu sayaq planlaşdırsa da, hadisələr növbəti şəkildə cərəyan etdi:
Ömərin qətlindən üç gün sonra şuranın altı üzvü Ayişənin mənzilində toplaşdı. Öncə Əbdür-Rəhman sözə başlayıb dedi: «Müsəlmanlar arasında təfriqə düşməməsi üçün biz altı nəfər yekdil olub, eyni bir qərara gəlməliyik. Hər kəs öz səsini başqasına verərsə, ixtilaf da aradan götürülər».
Öz səs hüququnu Təlhə Osmana, Zübeyr Əliyə, Sə’d Vəqqas isə Əbdür-Rəhmana verdi. Bu yolla şuradakı altı səs üç səsə qədər azaldı. Həzrət Əliyə (ə) aydın idi ki, bu iş Osmanın xeyirinə tamamlanacaq. Çünki Əbdür-Rəhman xəlifəlik fikrində deyildi. Onun belə bir tamahı olsa da, aşkarda Osmanı müdafiə edəcəkdi.
Əbdür-Rəhman yenidən söhbətə başlayıb onları müxalifətçilikdən çəkindirmək istədi. Çünki bu qurama şurada müxalifətçilik pusquda dayanmış əlli nəfərin qılıncına tuş gəlmək demək idi.
Əbdür-Rəhmanın məqsədindən xəbərdar olan Osman Əliyə (ə) təklif etdi ki, hər ikisi səslərini Əbdür-Rəhmana versinlər və o nə deyirsə, o da olsun. Əbdür-Rəhman Osmanın təklifini həvəslə qarşıladı və and içdi ki, özünün xəlifəlik fikri yoxdur, bu işi ya Əli (ə), ya da Osmana tapşıracaq.
Həzrət Əliyə (ə) şuradakıların bütün gizli məqsədləri aydın idi. Bu dəfə Osman dedi: «Ya Əli (ə), müxalifliyə icazə yoxdur. Ömərin vəsiyyətinə əsasən hər kəs müxaliflik etsə, öldürüləcək. Gəl sən də Əbdürrəhmanın hakimliyini qəbul et». Əli buyurdu: «Bir halda ki, dövran sənə üz tutub, nə üçün tələsdin və məni öldürməklə hədələdin? Mənə aydındır ki, Əbdür-Rəhman sənin tərəfini saxlayacaq, haqqın ziddinə danışacaq. Amma başqa çarə olmadığından, Allahın razılığını və ümmətin xeyirini əsas götürəcəyi şərti ilə onun hakimliyini qəbul edirəm». Əbdür-Rəhman da and içdi ki, hər şey Əli (ə) dediyi kimi olacaq.
Əbdür-Rəhman camaatı Peyğəmbər (s) məscidinə topladı ki, mühacir və ənsarın hüzurunda öz rə’yini bildirsin. Özünü bitərəf göstərmək məqsədi ilə əvvəlcə Əliyə yaxınlaşdı və dedi: «Ya Əli, mən də onu məsləhət görürəm ki, bu gün bütün müsəlmanlar sənə bey’ət etsinlər. Amma bu şərtlə ki, Allahın göstərişi, Peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifənin yolu əsasında hakimlik edəsən». Əbdür-Rəhman gözəl bilirdi ki, bütün yeri və göyü Əliyə versələr haqqın ziddinə danışmaz və hərəkət etməz. O yaxşı başa düşürdü ki, əvvəlki xəlifələr haqqın ziddinə hərəkət etdiyindən Əli (ə) onların yolunu qəbul etməz. Əbdür-Rəhman bu yolla Əlinin (ə) imtina etməsini istəyirdi. Həzrət Əli (ə) buyurdu: «Mən Allahın göstərişi və Peyğəmbər sünnəsi əsasında hakimlik edəcəyəm. Başqalarının yolu ilə yox, Allah razılığı və Peyğəmbər sünnəsinə əsaslanan öz yolumla gedəcəyəm». Əbdür-Rəhman və Osman, eləcə də bütün camaat Əlidən (ə) başqa bir söz gözləmirdi. Hamı yaxşı bilirdi ki, həzrət Əli (ə) yalan danışmaz, haqq yoldan sapmaz.
Digər bir tərəfdən həzrət Əli (ə) Əbu-Bəkr və Ömərin xilafətini qəsbi sayırdı. O öz haqqının qəsb olunmasından şikayətləndiyi halda, həmin iki şəxsin yolunu necə qəbul edə bilərdi?!
Əbdür-Rəhman Əlidən (ə) kənarlaşıb, Osmana tərəf getdi və Əliyə (ə) dediklərini ona da dedi. Şübhəsiz ki, sevincindən baş-ayaq seçməyən Osman Əbdür-Rəhmanın təklifinə müsbət cavab verdi. O belə bir və’di öz qanı ilə yazıb imzalamağa razı idi. Osman fəryad çəkərək dedi: «And içirəm ki, şeyxlərin (əvvəlki xəlifələrin) yolu ilə gedəcək və həmin yoldan kənara çıxmayacağam».
Əbdür-Rəhman bey’ət üçün əlini Osmana uzatdı və onu təbrik etdi. Belə bir fürsətin intizarında olan bəni-Üməyyə dəstə-dəstə Osmana yaxınlaşıb bey’ət etdi. Amma bəni-haşim və səhabələrdən bir qrupu, məsələn, Əmmar Yasər, Miqdad bey’ət etməkdən çəkindilər. Beləcə, Əbdür-Rəhman ibn Ovf öz rolunu məharətlə oynadı və Osmanı xilafət kürsüsünə oturaraq Ömərin məqsədini həyata keçirdi. Həzrət Əli (ə) həqiqət sorağında olduğundan üçüncü dəfə öz qanuni haqqından məhrum edildi.
Ömərin tədbirləri sayəsində baş tutmuş müqəddimələr Osmanın xilafətə gətirilməsi və müxaliflik edəcəyi təqdirdə Həzrət Əli (ə) qətlə yetirilməsi məqsədi daşıyırdı. Həzrət Əli (ə) şuranın təşkili və Əbdür-Rəhmanın hiylələri haqqında buyurmuşdur: «Hiylə, özü də necə hiylə!» Bəli, Ömərin şurası hiyləgərlikdən başqa bir şey deyildi.
Təbərsinin nəql etdiyinə görə, həzrət Əli (ə) həmin altı nəfərlik şura məclisində öz fəzilətlərini və üstünlüklərini şuradakıların diqqətinə çatdırdı. Şuradakılar həzrətin dediklərini yekdil şəkildə təsdiqlədilər. Həzrət Əli (ə) buyurdu: «Bir olan Allahdan qorxun, onun hökmünə qarşı çıxmayın, haqqı sahibinə qaytarın, Peyğəmbərinizin sünnəsinə əməl edin. Əgər siz onunla müxalif olsanız, Allaha müxalif olmuşsunuz. Ona görə də xilafət haqqını onun əhlinə qaytarın». Şuradakılar bir-birlərinə baxıb dedilər: «Onun fəzilətini tanıdıq və bildik ki, o, xilafət işinə hamıdan layiqlidir. Amma o kimsəni üstün saymır, bərabərliyə əməl edir. Əgər onu xəlifəliyə seçsəniz, sizi xalqla eyni tutacaq. Amma Osman xəlifəliyə seçilsə, sizin mənafelərinizi qoruyacaq.

XƏLİFƏLƏRİN ƏLİDƏN (Ə) ASILILIĞI
Həzrət Əli (ə) Əbu-Bəkrin, Ömərin və Osmanın iyirmi beş il çəkmiş xəlifəliyi dövründə zahirən kənara çəkilib evdə otursa da, İslamın qorunması xatirinə xəlifələrin aciz qaldığı işlərdə onlara yardım əli uzadır, onlara büdrəmələrini xatırladır, çox dəyərli məsləhətlər verirdi. Xəlifələr özləri şəxsən müxtəlif məsələlərlə bağlı yardım almaq üçün Əliyə (ə) müraciət edirdilər. Həzrət (s), doğrudan da, kənara çəkilmiş olsaydı, xəlifələrin nadanlığı səbəbindən İslam öz həqiqi simasını itirərdi. Bə’zi məqamlara işarə edək:
1.Əbu-Bəkrin xəlifəliyi dövründə bir şəxs şərab içmişdi. Əbu-Bəkr göstəriş verdi ki, ona cəza verilsin. Şərab içmiş şəxs isə e’tiraz edirdi ki, guya şərabın haramlığından xəbərsiz olub. Əbu-Bəkr tərəddüddə qalmışdı. Nəhayət, həzrət Əliyə (ə) müraciət etdi. Həzrət buyurdu: «Mühacirlə ənsar bir yerə toplandığı vaxt bir nəfər uca səslə soruşsun ki, bu adama şərabın haramlığı haqqında bir söz deyən olubmu? Əgər iki nəfər şəhadət versə ki, ona bu barədə deyiblər, cəza verilsin, əks-təqdirdə o azad edilsin». Əbu-Bəkr həzrət Əlinin (ə) dediyi kimi də etdi. Topluma verilən sual cavabsız qaldı və kimsə şəhadət vermədi. Beləcə, cəzalandırılası şəxs azad edildi və ona tapşırıldı ki, tövbə edib bir daha belə bir iş görməsin.
2.Yəhudi alimlərindən biri Əbu-Bəkrin yanına gəlib dedi: «Sən bu ümmətin Peyğəmbərinin canişinisən?» Əbu-Bəkr dedi: «Bəli». Yəhudi dedi: «Biz tövratda oxumuşuq ki, peyğəmbərlərin canişinləri həmin ümmətin ən elmli şəxsləri olar. Mənə de görüm Allah-təala haradadır? Səmadadır, yoxsa yerdə?»
Əbu-Bəkr dedi: «Allah səmada, ərşdədir». Yəhudi dedi: «Demək, yer üzündə Allah yoxdur. Sənin deməyindən belə çıxır ki, Allah bir yerdə var, bir yerdə isə yox?» Əbu-Bəkr dedi: «Bu söz zındıqların (kafirlərin) sözüdür. Məndən uzaqlaş, yoxsa səni öldürərəm». Yəhudi Əbu-Bəkrin sözlərinə təəccüb edərək, İslamı məsxərəyə qoya-qoya uzaqlaşdı. Söhbətə şahid olan həzrət Əli (ə) yəhudini saxlayıb dedi: «Ey yəhudi sənin nə soruşduğunu və nə cavab aldığını eşitdim. Biz deyirik ki, Allah-təala məkanın yaradıcısıdır və onun üçün heç bir məkan yoxdur. Allah heç bir məkanla təmasda olmadan bütün məkanlarda vardır. Onun elmi məkanda olan bütün şeyləri əhatə edir. Onun tədbir dairəsindən kənarda heç bir şey mövcud deyil. Dediklərimin doğruluğunu öz kitabınızla sübuta yetirərəm. Görsən ki, düz deyirəm, iman gətirərsənmi?» Yəhudi dedi: «Bəli». Həzrət buyurdu: «Öz kitablarınızda oxumamısanmı ki, bir gün məşriq tərəfdən bir mələk Musa ibn İmranın yanına gəldi və Musa ondan soruşdu ki, haradan gəldin? Mələk dedi ki, Allah-təala tərəfindən». Sonra Musa məğrib tərəfdən gəlmiş mələyə eyni sualı verdi. Həmin mələkdən də eyni cavabı aldı. Daha sonra başqa bir mələk yeddinci səmadan gəldiyini bildirdi. Növbəti mələk isə yeddinci yerdən gəldiyini bəyan etdi. Musa dedi: «Pakdır O Allah ki, hər yerdə vardır və bir yerə o birindən yaxın deyil».
Yəhudi dedi: «Şəhadət verirəm ki, dediklərin həqiqətdir. Yenə şəhadət verirəm ki, sən Peyğəmbərin canişinliyi məqamını ona zorla qəsb edəndən daha layiqsən».(«İrşad» 1-ci cild, 2-ci bab, 58-ci fəsil.)
3. Həzrət Peyğəmbərin vəfatından sonra bir qrup yəhudi Mədinəyə gəlib dedi: «Qur’anda Kəhf səhabələri haqqında bildirilir ki, onlar 309 il orada yatmışlar. Hansı ki, tövratda bu rəqəm 300 kimi göstərilmişdir. Bu iki bildiriş bir-birinə ziddir».
Yəhudilərin bu iradı qarşısında təkcə xəlifə yox, bütün səhabələr də aciz qaldılar. Nəhayət, yardım üçün Əliyə (ə) müraciət etdilər. Həzrət buyurdu: «Bu iki bildiriş arasında ziddiyyətin səbəbi odur ki, yəhudilər günəş, ərəblər isə ay təqvimindən istifadə edirlər. Tövrat yəhudi, Qur’an isə ərəb dilində nazil olmuşdur. Günəş təqvimi ilə 300 il qəməri təqvimi ilə 309 ilə bərabərdir. Günəş ili ilə ay ili arasında on bir gün altı saat fərq vardır. Nəticədə otuz üç şəmsi ili təqribən otuz dörd qəməri ilinə bərabər olur».(«Müntəxəbut-təvarix» səh. 697.)
4.İbn Şəhr Aşub nəql edir ki, Əbu-Bəkrə belə bir sual verdilər: «Bir kişi səhər vaxtı bir qadınla izdivac etdi. Axşam vaxtı həmin qadın hamiləlikdən azad oldu. Kişinin əcəli çatdı və o öldü. Ana və övladı onun varına sahib durdular. Hansı halda bu iş mümkündür?» Əbu-Bəkr uyğun suala cavab verməkdə aciz qaldı. Həzrət Əli (ə) buyurdu: «Həmin kişinin əvvəlcədən ondan hamilə olmuş kənizi vardı. Doğuş vaxtı yaxınlaşdıqda kənizi azad edib onunla izdivac etdi. Axşam qadın hamiləlikdən azad oldu. Əri öldüyü üçün qadın və onun övladı ərinin varına sahib durdular». Bəli, Əbu-Bəkr bu sayaq suallara cavab verməkdə aciz idi.
5.İki kişi bir kisəyə yüz dinar qoyub həmin kisəni bir qadına əmanət tapşırmışdılar. Demişdilər ki, yalnız ikimiz birlikdə gəldikdə əmanəti qaytaracaqsan. Bu əhvalatdan bir müddət ötmüş həmin iki şəxsdən biri gəlib öz dostunun dünyasını dəyişdiyini bildirdi və yüz dinarı istədi. Qadın onun tək gəldiyini əsas gətirərək pulu qaytarmaqdan imtina etdi. Kişi qadının qohum-əqrəbası ilə görüşüb məcburi şəkildə qadından yüz dinarı aldı. Bir il keçdikdən sonra ikinci kişi gəldi və yüz dinarı istədi. Qadın bildirdi ki, həmin pulu onun yoldaşı gəlib götürmüşdür. Kişi israr etdi ki, qadın pulu ona qaytarmalıdır. Beləcə mübahisə yarandı və onlar Ömərə müraciət etdilər. Ömər bildirdi ki, qadın zamin olduğundan əmanəti kişiyə qaytarmalıdır. Qadın dedi: «Səni Allaha and verirəm, sən bizi Əlinin (ə) yanına göndər, qoy o öz hökmünü versin». Ömər bu təklifi qəbul edib, onları Əlinin (ə) yanına göndərdi. Həzrət əhvalatı dinləyib başa düşdü ki, həmin iki kişi qadına qarşı hiylə qurmuşlar. Həzrət buyurdu: «Məgər əmanəti tapşırarkən şərt kəsməmişdinizmi ki, yalnız ikiniz birlikdə gəlib əmanəti götürə bilərsiniz?» Kişi ərz etdi: «Elədir». Həzrət buyurdu: «Sənin pulun bizdədir, get öz dostunu gətir və pulunu götür». Hiyləgər kişi çarəsiz qalıb, qadından əl çəkdi.(«Zəxairul-üqba» səh. 79.)
6.Ömərin yanına bir divanə qadın gətirib, onun günaha yol verdiyini dedilər. Ömər qadının günahına müvafiq olaraq onun daşqalaq edilməsini hökm verdi. Məsələdən xəbər tutan həzrət Əli (ə) Ömərə buyurdu: «Məgər eşitməmisənmi ki, həzrət Peyğəmbər buyurmuşdur: «Üç şəxs mühakimə olunmur: Ağılı başına qayıdanadək divanə, həddi-büluğ olmamış uşaq, yatmış şəxs». Bu sözlərdən sonra Ömər qadını azad etdi.(«Kəşful-ğəmmə» səh. 33.)
7.Zinaya yol vermiş hamilə bir qadını Ömərin yanına gətirdilər. Qadın günaha yol verdiyini e’tiraf etdi. Ömər onun daşqalaq edilməsini hökm verdi. Qadını daşqalaq etmək istəyərkən həzrət Əli (ə) gəldi və əhvalatı öyrənib qadını Ömərin yanına qaytardı və buyurdu: «Zinaya görə qadın cavabdehdir, onun bətnindəki körpə yox. Bundan əlavə sən onun başına qışqıraraq qorxutmusan və e’tiraf etməyə məcbur etmisən». Ömər dedi: «Bəli, dediyin kimidir». Həzrət Əli (ə) buyurdu: «Məgər eşitməmisənmi ki, Peyğəmbər (s) buyurmuşdur: «Əzab əziyyətlə günahı e’tiraf etdirilmiş kəsə hədd (cəza) yoxdur? Axı istənilən adama işgəncə verilərsə, o, əziyyətdən qurtarmaq üçün ittihamı qəbul edər». Ömər qadını azad edib dedi: «Qadınlar Əliyə (ə) oxşar övlad doğmaqda acizdirlər. Əgər Əli olmasaydı, Ömər həlak olardı.(«Kəşful-ğəmmə» səh. 33.)
8.Altı aylıq uşaq doğmuş qadını Ömərin yanına gətirdilər. Belə bir fikir vardı ki, əgər qadın doqquz aydan tez doğmuşsa, demək, o hansısa günaha yol vermişdir. Ömər qadının daşqalaq edilməsinə hökm verdi. Həzrət Əli (ə) Ömərin mühakiməsinə e’tiraz edərək buyurdu: «Bu qadına cəza yoxdur». Belə bir mühakimənin səbəbini soruşduqda həzrət buyurdu: «Qur’ani-Kərimdə buyurulur: «Analar uşaqlarını əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün tam iki il əmizdirsinlər». («Bəqərə» surəsi, ayə 233) Hamiləlik və südvermə müddəti birlikdə 30 aydır. Qadın altı ay hamilə olmuşdur. İyirmi dörd ay isə övladını əmizdirmə müddətidir». Ömər qadını azad edib yenə də «Əli olmasaydı, Ömər həlak olardı» söylədi.
9.Ömərin yanına bir qadın və bir kişi gətirdilər. Kişi qadını zinakarlıqda ittiham edir, qadın isə ona belə deyirdi: «Sən məndən də zinakarsan». Ömər göstəriş verdi ki, hər iki şəxsə cəza verilsin. Hadisəni müşahidə edən həzrət Əli (ə) buyurdu: «Mühakimə yürütməkdə tələsməyin, bu düz olmaz». Soruşdular ki, bəs nə edək? Həzrət buyurdu: «Kişini azad edin, qadına isə ikiqat cəza verin. Çünki kişinin zina etdiyi sübuta yetirilməyib, amma qadın zina etdiyini e’tiraf edir. Qadın kişini özündən də zinakar saymaqla əslində öz zinakarlığını e’tiraf etmişdir. Onun digər bir günahı isə kişini zinada ittiham etməsidir. Hansı ki, iddiasının sübutu üçün heç bir dəlili yoxdur».(«Mənaqibe-İbn-Şəhr Aşub».)
10. Bir kişi bir şəxsi qətlə yetirmişdi. Öldürülənin ailəsi Ömərin yanına şikayətə gəlmişdi. Ömər göstəriş verdi ki, qatili öldürülən şəxsin atasının ixtiyarına versinlər ki, qisas alsın. Öldürülənin atası qatilə iki zərbə yetirib, onun öldüyünü güman etsə də, qatilin canı çıxmadığından o altı ay müalicədən sonra sağalıb ayağa durmuşdu.
Qətlə yetirilənin atası bir gün həmin şəxsi bazarda görüb təəccübləndi. Onu yaxşı tanıdığından yaxasından yapışıb, Ömərin yanına gətirdi. Əhvalatı Ömərə danışdı. Ömər növbəti dəfə qisas üçün göstəriş verdi. Hadisəni izləyən həzrət Əli (ə) Ömərə buyurdu: «Ey Ömər, bu nə hökmdür verirsən?» Ömər dedi: «Ya Əbül-Həsən, bu şəxs bu kişinin oğlunu qətlə yetirib. Ona görə də kişi ondan qisas alıb öldürməlidir». Həzrət buyurdu: «Məgər bir şəxsi iki dəfə öldürmək olarmı?» Ömər həzrətə cavab verməkdə çətinlik çəkdi. Bu vaxt həzrət Əli (ə) qətlə yetirilmiş şəxsin atasına dedi: «Məgər qatil sənin oğlunu iki zərbə ilə öldürməyib?» Kişi ərz etdi: «Mən onu öldürdüm, amma o hələ də sağdır. Əgər onu yenidən öldürməsəm, oğlumun qanı yerdə qalar».
Həzrət Əli (ə) buyurdu: «Əgər iddiandan əl çəkmirsənsə, onda o şəxs sənə iki zərbə vurmalıdır. Əgər sağ qalsan, onda bu şəxsi öldürərsən». Qətlə yetirilənin atası dedi: «Ya Əbəl-Həsən, bu qisas ölümdən də çətindir. Mən fikrimdən daşınıram». Beləcə, həmin iki şəxs arasında sülh bərqərar oldu. Ömər bu sonluğu müşahidə edib dedi: «Əli olmasaydı, Ömər həlak olardı».
11.Ömərin xəlifəliyi zamanı iki qadın bir uşaq üstündə davaya qalxmışdı. Hər biri iddia edirdi ki, uşaq ona məxsusdur. Bu qadınların heç birinin şahidi yoxdu. Başqa bir şəxs də uşaq haqqında iddia irəli sürmürdü. Məsələ Ömərə qaranlıq qalmışdı. O çarəsizlikdən Əliyə (ə) müraciət etdi. Həzrət Əli (ə) həmin iki qadını nəsihət edib, ilahi əzabla qorxutdu. Amma heç bir nəticə hasil olmadı və qadınlar öz iddialarından əl çəkmədilər. Həzrət vəziyyəti belə görüb buyurdu: «Mənə bir hərə (mişar) gətirin». Qadınlar həzrətdən mişarı nə üçün istədiyini soruşdular. Həzrət buyurdu: «Uşağı ikiyə bölüb hərənizə yarısını verəcəyəm». Qadınlardan biri susdu o biri isə fəryad çəkərək dedi: «Səni and verirəm Allaha, ya Əbəl-Həsən, əgər bundan başqa bir yol yoxdusa, mən payımdan keçirəm və uşağı bu qadına verirəm». Həzrət buyurdu: «Əllahu Əkbər! Bu uşaq sənindir, ey qadın. Əgər onun uşağı olsaydı, o da sənin kimi öz körpəsinin ölümünə razı olmazdı. Bu söhbətdən sonra o biri qadın həqiqəti e’tiraf etdi və bildirdi ki, uşaq o biri qadınındır. Beləcə, Ömər çətin vəziyyətdən çıxdı və Əliyə (ə) dua etdi.(«İrşad» 1-ci cild, 2-ci bab, 59-cu fəsil.)
12.Əsbəğ ibn Nəbatədən belə nəql olunur ki, zina ittihamı ilə beş nəfəri Ömərin yanına gətirdilər. Ömər göstəriş verdi ki, həmin beş nəfər daş-qalaq edilsin. Həzrət Əli (ə) e’tiraz etdi: «Xalq üzərində mühakimə belə də asan deyil. Bu adamların vəziyyəti nəzərə alınmalıdır». Araşdırma apardıqdan sonra mə’lum oldu ki, həmin beş nəfərdən biri məsihidir və müsəlman qadınla zina edib. Həzrət Əli (ə) buyurdu: «Bu zimmi kişi İslam hökumətinin himayəsində olduğu halda zimmə haqqını pozmuşdur. Ona görə də boynu vurulacaq». İkinci şəxs ailəsi olduğu halda zinaya yol vermişdi. Həzrət buyurdu ki, onu Qur’an hökmü əsasında daş-qalaq etsinlər. Üçüncü kişi isə subay halda zinaya yol verdiyindən həzrət onun haqqında buyurdu: «Ona yüz qamçı vurun». Dördüncü şəxs qul idi. Həzrət bildirdi ki, qulun cəzası azad şəxsin cəzasının yarısı qədərdir. Ona görə də bu şəxsə əlli qamçı vuruldu. Beşinci şəxs isə dəli idi. Həzrətin göstərişi ilə onu azad etdilər. Ömər Həzrət Əli (ə) haqqında əvvəllər söylədiyi məşhur sözü təkrarladı: «Əgər Əli olmasaydı, mən rüsvay olardım».
13.Yəmən əhli olan bir kişi arvadını Yəməndə qoyub Mədinəyə iş dalınca gəlmişdi. Bu şəhərdə bir qadınla zina etmişdi. Onu zina ittihamı ilə Ömərin yanına gətirdilər. Ömər göstəriş verdi ki, onu daşqalaq etsinlər. Amma həzrət Əli (ə) Ömərin hökmünə e’tiraz edərək buyurdu: «Bu kişinin ailəsi yanında olmadığından daş-qalaq edilməməli, qamçılanmalıdır. Ona subay kişinin cəzası verilməlidir». Ömər işin belə sadə həll olduğunu görüb dedi: «Allah məni elə bir çətinliyə salmasın ki, Əli həmin çətinliyi aradan qaldırmaq üçün orada olmaya».
14.İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərhində» yazır: «Bir gün Ömər ibn Xəttabın yanında Kə’bə evinin bərbəzəyinin çoxluğundan danışıldı. Bə’ziləri təklif etdilər ki, həmin qiymətli şeylər qoşun əhlinə paylansın. Guya Kə’bənin ehtiyacı olmayan bu şeyləri əsgərlərə paylamaqla daha çox savab qazanmaq olar. Ömər ona verilən məsləhəti yerinə yetirmək istədi. Əvvəlcə, Əlinin fikrini öyrənmək qərarına gəldi. Həzrət Əli (ə) buyurdu: «İslam Peyğəmbərinə nazil olmuş Qur’an bütün sərvətləri dörd hissəyə bölmüşdür: Müsəlmandan qalmış mal vərəsələrə çatır, qənimət ona haqqı olanlar arasında bölünür, xüms iki istiqamətdə Allah hökmü ilə xərclənilir, sədəqənin də öz sərfolunma yerləri var. Göründüyü kimi Kə’bənin zinətləri haqqında bir söz deyilməyib. Eləcə də, Allah bu barədə söz deməyi yaddan çıxarmayıb. Sən də Allahın və Onun rəsulunun çəkdiyi xətti keçmə». Ömər həzrətin göstərişi ilə Kə’bənin zinətlərindən əl çəkdi.
15.İran və Ərəb arasındakı müharibə zamanı müsəlmanlarla məsləhətləşən Ömərə hərə bir təklif verirdi. Bə’ziləri də təklif edirdilər ki, Şam qoşunu toplanıb Nəhavəndə göndərilsin. Bə’ziləri isə Ömərin öz komandanlığı altında cəbhəyə getmək istəyirdilər. Ömər üzünü həzrət Əliyə (ə) tutub dedi: «Ya Əbəl-Həsən, nə üçün bizə məsləhət vermirsən?» Həzrət Əli (ə) buyurdu: «Şamdan qoşun toplanması və sənin özünün cəbhəyə getməyin məsləhət deyil. Birinci vəziyyətdə Rumla sərhədlər boş buraxılır, ikinci vəziyyətdə isə sən məğlub olacağın halda müsəlmanların üz tutmağa yeri qalmır. Özün komandanlıq fikrindən əl çək və təcrübəli bir adam seç. Həm də cəbhəyə kömək üçün Bəsrə əhlindən qoşun topla. Çünki Bəsrənin vəziyyəti Şamın vəziyyətindən fərqlənir». Ömər həzrətin göstərişinə əməl etdi və müharibədə qələbə qazanıldı. Rum və ərəb döyüşündə də Əlinin (ə) məsləhətləri əsasında qələbə əldə olundu.
16.İbn Səbbağ Maliki «Füsulul-muhimmə» əsərində yazır: Ömərin yanına bir kişi gətirdilər və bildirdilər ki, sübhü necə açdın sualına belə cavab verib: «Sübhü elə bir halda açdım ki, fitnəni sevirəm, haqqı xoşlamıram, yəhudi və məsihiləri təsdiq edirəm, görmədiyimə iman gətirmişəm və yaranmışı təsdiqləyirəm!» Ömər həzrət Əlinin (ə) ardınca adam göndərib, onu yanına çağırdı. Kişinin danışdıqlarını ona danışdı və izahat istədi. Həzrət Əli (ə) buyurdu: «Bu şəxs fitnə dedikdə övladlarını nəzərdə tutur,(«Ənfal» surəsi, ayə 28.) onun xoşlamadığı həqiqət ölümdür(«Qaf» surəsi, ayə 19.), yəhudi və məsihilərin sözünü təsdiq edərkən Allah-təalanın buyuruğunu nəzərdə tutur: «Yəhudilər dedilər ki, məsihilər düzgün bir şeyə istinad etmir, xaçpərəstlər dedilər ki, yəhudilər düzgün bir şeyə istinad etmir».(«Bəqərə» surəsi, ayə 113.) Bu şəxs görmədiyimə iman gətirdim dedikdə Allah-təalanı nəzərdə tutur».
Ömər dedi: «Allaha pənah aparıram o çətinlikdən ki, onun həllində Əli (ə) yanımda olmaya».(«Füsulul-muhimmə» səh. 18)
Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında yazır: «Həzrət Peyğəmbərin səhabələri Qur’anın hökmləri barədə ona müraciət edər və ondan fitva istəyərdilər. Necə ki, Ömər dəfələrlə demişdi: «Əli (ə) olmasaydı, Ömər həlak olardı».
Osman da öz xilafəti dövründə müxtəlif problemlərin həllində həzrət Əlinin yardımlarından faydalanmışdı. Həzrət Əli (ə) onu elmi, siyasi, fiqhi və digər məsələlərin həllində doğru yola yönəltmişdir. Həzrət Əlinin (ə) bütün bu işlərdə məqsədi İslam və müsəlmanların ümumi mənafeyi olmuşdur. Həzrət İslamın zahiri təşkilatının hifzi üçün səbr və dözüm göstərmiş və ümmət arasında təfriqəyə yol verməmişdir. Həzrət Əli (ə) əksər xəlifələrə, eləcə də, Osmana daim tövsiyələr vermişdir. Amma Osman həzrətin nəsihətlərini qulaqardına vurdu və nəticədə müsəlmanlar tərəfindən qətlə yetirildi.

Ardı var...
  Müəllif: Fəzlullah Kompani     


Category: Tarix | Baxış: 1124 | Added by: Ənfal | Rating: 3.7/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]