Bazar günü, 2024-12-22, 10:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 24 » Əli əleyihissalam kimdir? (3)
10:01 PM
Əli əleyihissalam kimdir? (3)
MƏKKƏNİN FƏTHİ
İslam ordusu müxtəlif kiçik və böyük döyüşlərdə sınaqdan keçdikdən, say baxımından böyüdükdən sonra hicri səkkizinci ildə həzrət Peyğəmbər Məkkəyə doğru hərəkət edib, anadan olduğu və Qüreyşin işgəncələri ilə hicrətə məcbur edildiyi şəhəri tabe etmək qərarına gəldi.
Həzrət Peyğəmbər (s) Məkkədə olduğu on üç il ərzində Qüreyş müşriklərini tövhid və allahpərəstliyə də’vət etdi. Nəinki bu də’vətlərdən müsbət nəticə hasil olmadı, hətta doğru yola də’vət edilənlər həzrət Peyğəmbərə (s) olmazın əziyyətlərini verdilər. Həzrət Peyğəmbərin hicrətdə olduğu bütün dövr ərzində Məkkə müşrikləri müsəlmanlarla qarşıdurma vəziyyətində oldular. Bir vaxt Məkkədən qorxu içində çıxmış mühacir müsəlmanlar indi qüdrət və əzəmətlə Məkkəyə doğru hərəkət edirdilər. Artıq həzrət Peyğəmbərin arxasınca qalib vəziyyətdə Məkkəyə daxil olmaq vaxtı çatmışdı.
Bə’zi müsəlmanlar dərin fikrə gedib işin sonundan qorxsalar da, həzrət Peyğəmbər (s) onları qələbə ilə müjdələyirdi. Çünki Allah-təala Peyğəmbərinə göndərdiyi ayədə qələbə və’d etmişdi: «And olsun ki, Allah-təala öz Peyğəmbərinin rö’yasının çin olduğunu təsdiq etdi. Siz, inşaallah, əmin-amanlıq içində, başınızı qırxdırmış, saçınızı qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bimədiklərinizi bilir. O bundan əlavə, tezliklə bir qələbə də bəxş edəcəkdir». («Fəth» surəsi, ayə 27.) Məkkənin fəthindən qabaq nazil olmuş «Nəsr» surəsində də Məkkənin fəthi və həmin şəhər əhlinin müsəlman olması haqqında mə’lumat verilir.
Həzrət Peyğəmbərin (s) əsil məqsədi bu idi ki, Məkkənin fəthi Allah evinə hörmət əlaməti olaraq döyüşsüz və qansız həyata keçsin. Ona görə də Həzrət (s) hərəkət vaxtını hamıdan gizli saxlayırdı. O bu işdə yalnız həzrət Əli (ə) ilə məsləhətləşmişdi. Çünki Qüreyş bu işdən xəbər tutsaydı, işin gedişi başqa cür ola bilərdi. Bir qədər sonra səhabələrdən də bir neçəsi məsələdən xəbər tutdu. Hatəb adlı mühacir Məkkədə qohum-əqrəbası olduğundan Peyğəmbərin məqsədi haqqında Qüreyş müşriklərinə məktubla mə’lumat vermək istədi. O bu məktubu bir qadın vasitəsi ilə Məkkəyə göndərdi.
Allah-təala öz Peyğəmbərini bu məsələdən xəbərdar etdi. Həzrət Peyğəmbər (s) həzrət Əli (ə) və Zübeyri qadının arxasınca göndərdi. Onlar qadına çatıb məktubu ondan aldılar.(«Tarixe-Təbəri».)
Həzrət Peyğəmbər hicri səkkizinci il, ramazan ayının əvvəllərində mühacir və ənsardan təşkil olunmuş on iki min nəfərlik ordusu ilə Mədinədən çıxdı. Peyğəmbər öz qoşunu ilə Məkkə yaxınlığına çatdığı vaxt Abbas ibn Əbdül-Müttəlib Qüreyşləri İslam ordusunun çoxluğu və təchizatı ilə qorxutmaq üçün Məkkəyə tələsdi. Məkkə əhalisi Peyğəmbərin gəlişindən qismən də olsa xəbərdar idi. Bu səbəbdən də Əbu-Süfyan daha çox mə’lumat toplamaq üçün Məkkədən çıxdı və yolda Abbasla rastlaşdı.
Abbas ibn Əbdül-Müttəlib müsəlmanların çoxluğunu və yüksək döyüş əzmini Əbu-Süfyana nəql etdi. Abbas bu işin acı nəticəsini Əbu-Süfyanın nəzərinə çatdırıb onu təslim olmağa razı saldı.
Əbu-Süfyan çarəsizlik ucbatından bu təkliflə razılaşdı və Abbasın himayəsində əzəmətli İslam qoşununun arasından keçib Peyğəmbərin xidmətinə getdi. Bir qədər söhbətdən sonra Əbu-Süfyan İslamı qəbul etdi.
Əbu-Süfyan iyirmi bir il müddətində Qüreyş kafirlərini Peyğəmbərə qarşı təhrik etmişdi. İndi isə İslamın əzəməti qarşısında təslim olurdu. O nizamlı və qüdrətli İslam ordusunu heyranlıqla seyr edirdi. O öz keçmişinə görə bağışlanacağı intizarında idi.
Qur’ni-Kərimin bildirdiyi kimi həzrət Peyğəmbər (s) böyük mərhəmət sahibi idi. Həzrət (s) Əbu-Süfyanı Məkkəyə göndərdi və bildirdi ki, İslamı qəbul edənlər amanda qalacaq.
Peyğəmbər (s) əvvəlcə bayrağı Sə’d ibn İbadəyə vermişdi. Amma sonradan Sə’din Məkkə əhli ilə sərt davranacağını nəzərə alaraq bayrağı ondan alıb Əliyə (ə) verdi. Müsəlman qoşunu böyük əzəmət içində Məkkəyə daxil oldu. Həzrət Peyğəmbər (s) Məkkənin qapısı qarşısında dayandı və dedi: «La ilahə İlləllah, Vəhdəhu Vəhdəh, Sədəqə və’dəhu və Nəsərə Əbdəhu». Bu tövhid, allahpərəstlik şüarlarının Məkkədə aşkar səsləndiyi ilk gün idi. Həmin gün Bilalın azan nidası Kə’bənin üstündən Məkkə fəzasını bürüdü. Müsəlmanlar həzrət Peyğəmbərə iqtida edib namaz qıldılar. Sonra həzrət cəza və intiqam gözləyən Məkkə əhlinə üz tutaraq buyurdu: «Özünüz haqqında nə deyirsiniz və nə güman edirsiniz?» Dedilər: «Sözümüz yaxşılığadır, yaxşılıq ümidindəyik. Kərimin qardaşı və Kərimin qardaşı oğlusan. Bizim üzərimizdə qüdrətə çatmısan». Həzrət Peyğəmbər onların bu sözlərindən riqqətə gələrək buyurdu: «Mən qardaşım Yusifin dediyini deyirəm». Sonra əlavə etdi: «Gedin, hamınız azadsınız».(«Tarixe-Təbəri».)
Bu ümumi əfv Məkkə əhlinin ruhiyyəsində yaxşı tə’sir qoydu. Qəlblərdə ixtiyarsız olaraq həzrətə məhəbbət yarandı. Sonra Peyğəmbər bütün bütlərin qırılması haqqında göstəriş verdi. Əli ilə birlikdə Kə’bəyə daxil oldu. Bütün bütlər və bütpərəstlik əlamətləri məhv edildi. Qırılmış bütlər Kə’bədən bayıra töküldü.
Həzrət Əlinin (ə) sifətlərindən biri də bütsındıran olmasıdır. O, xalq arasında bütpərəstlik əlamətlərini müşahidə etməyə dözümsüz idi. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) Hobəl kimi böyük bütləri aşırıb, müqəddəs Kə’bə məkanını bütpərəstlik çirkabından təmizlədi.

HÜNEYN VƏ TAİF DÖYÜŞLƏRİ
Məkkənin fəthindən sonra şəhər əhli dəstə-dəstə İslamı qəbul edirdi. İslamı yenicə qəbul edənlər Peyğəmbərə bey’ət edirdilər. Həzrət bir müddət Məkkədə qalıb şəhərin işlərini nizama saldı. Şəhərdə əmin-amanlıq bərqərar olduqdan sonra öz qalib ordusu ilə Mədinəyə döndü. Məkkənin İslamı yeni qəbul etmiş əhalisindən iki min nəfəri də İslam ordusuna qatıldı. Beləcə, İslam ordusu daha da əzəmətləndi. Bu qüdrəti müşahidə edən Əbu-Bəkr dedi: «Biz bu qədər döyüşçü ilə heç vaxt məğlub olmayacağıq». Amma onlar bilmirdilər ki, döyüşçülərin çoxluğu bir o qədər də mühüm deyil. Ən əsası Allaha təvəkkül və Allahdan yardım istənilməsidir. Axı Ühüd döyüşündə müsəlmanlar çoxsaylı olmalarına baxmayaraq, meydandan qaçdılar. Əbu-Bəkrdə qaçanların arasında idi. Bəni-Haşimdən yalnız doqquz nəfər və başqa qəbilədən bir nəfər Peyğəmbərin ətrafında qalmışdı. Yalnız Allahın kiçik dəstəyə yardımından sonra qaçanlar geri dönüb düşmənə yenidən həmlə etdilər və qalib gəldilər. Bu barədə Allah-təala Qur’ani-Kərimdə buyurur: «Allah sizə bir çox yerlərdə, eləcə də, Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı. Gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız». («Tövbə» surəsi, ayə 25)
Hadisə belə baş verdi: Həzrət Peyğəmbər Məkkədən Mədinəyə dönmək qərarına gəldiyi vaxt müsəlmanlığı qəbul etməmiş Həvazən və Səqif qəbilələri əl-ələ verib müsəlmanlara qarşı çıxmaq fikrinə düşdülər.
Bu iki qəbilənin döyüşçüləri Malik ibn Əvfin komandanlığı altında Məkkədən Mədinəyə qayıdası Peyğəmbər qoşununa hücum etmək üçün Hüneyn məntəqəsində pusquda dayandılar. Onların sayı müsəlmanların sayından çox idi.
İslam qoşununun Xalid ibn Vəlidin başçılığı altında öndə gedən hissəsi pusquya düşdü. Gecə yarıdan keçdiyindən və hava tam qaranlıq olduğundan düşmənin qəfil hücumu onları çaşdırdı və geri çəkilərkən aralarında təfriqə yarandı. Əbu-Süfyan və onun əlaltıları kimi İslamı yeni qəbul edənlər qorxuya düşüb qaçmağa başladılar. Bəni-Haşimdən yalnız doqquz nəfər Peyğəmbərin ətrafında qaldı. Həzrət Əli (ə) Peyğəmbərin qarşısında dayanıb düşmənlə vuruşaraq onları həzrətə yaxınlaşmağa qoymurdu. Şeyx Müfid yazır ki, bəni-Haşimdən olan digər adamlar Əliyə (ə) arxayın olaraq Peyğəmbərin (ə) ətrafında qalmışdılar. Əlinin (ə) əzmlə döyüşməsi sayəsində qaçanlar da geriyə dönmək qərarına gəldilər.(«İrşad» 1-ci cild, 2-ci bab, 40-cı fəsil.)
Həzrət Peyğəmbər (s) uca səsə malik olan əmisi Abbas ibn Əbdül-Müttəlibə buyurdu: «Mühacir və ənsarı bir yerə toplanmağa də’vət et, təfriqə və pərakəndəliyin qarşısını al». Abbas uca səslə müsəlmanları sakitliyə və bir yerə toplanmağa çağırdı və əlavə etdi ki, həzrət Peyğəmbər (s) sağdır. Onun bu çağırışından sonra qaçanlar yavaş-yavaş geri dönməyə başladılar. Hava getdikcə işıqlanırdı. Bir yerə toplanmış müsəlmanlar düşmənin üzərinə qəti hücuma keçdilər. Həzrət Əli (ə) düşmənlərin qəbilə rəisi və bayraqdarını qılıncdan keçirdi. Bundan sonra düşmən sıralarına pərakəndəlik düşdü. Qaçanları müsəlmanlar tə’qib edirdilər. Bir sözlə, düşmənin bir hissəsi öldürüldü, digər hissəsi əsir alındı.
Hüneyn döyüşü başa çatdıqdan sonra müsəlmanlar Taifə üz tutdular. Çünki Səqif qəbiləsi Taifdə məskunlaşmışdı və Peyğəmbərin (s) həmin məntəqəyə göndərdiyi Əbu-Süfyan ibn Haris orada müvəffəq ola bilməmişdi. Ona görə də həzrət özü Taifə getdi və oranı mühasirəyə aldı. Taifin mühasirəsi iyirmi gündən çox çəkdi.
Həzrət Peyğəmbər Taif ətrafındakı bütlərin sındırılmasını Əliyə (ə) tapşırdı. Həzrət Əli (ə) həzrət Peyğəmbərin bu əmrini yerinə yetirərkən Xəs’əm qəbiləsinin cəngavərlərindən olan Şəhabı öz qılıncı ilə ikiyə böldü. Beləcə, bütün bütlər məhv edildi. Həmin tayfanın başqa bir qəhrəmanı Nafe ibn Qilan həzrətin (s) qılıncına tuş gəldi. Bir dəstə qılınc qorxusundan İslamı qəbul etdi, digər bir dəstə isə qaçıb gizləndi. Həzrət Əli (ə) qələbə bayrağı ilə Peyğəmbərin hüzuruna qayıtdı. Bu döyüş də müsəlmanların qələbəsi ilə başa çatdı.
Taif döyüşü müsəlmanların ərəblərlə son daxili döyüşü sayılır. Çünki bu döyüşdən sonra Ərəbistan daxilində Peyğəmbərə qarşı çıxmağa kimsədə cür’ət qalmadı. Bütün Ərəbistan yarımadası həzrət Peyğəmbərin (s) hakimiyyəti altına keçdi. Qarşıda digər ölkələrdə İslamın yayılması vəzifəsi dururdu. Belə bir qərarın müqəddiməsi həzrət Peyğəmbərin (s) iştirak etdiyi son, Təbuk döyüşü oldu. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) bu döyüşdə iştirak etmədi.
Həzrət Əlinin (ə) Peyğəmbər dövründəki hərbi xidmətlərindən danışdıq. Həzrətin xidmətləri sayəsində İslam bayrağı göyə ucaldı və müsəlmanlar əksər döyüşlərdən qalib çıxdılar. Həzrət Peyğəmbər buyurmuşdur: «Əgər Əlinin (ə) qılıncı olmasaydı, İslam möhkəmlənməzdi».

ƏLİNİN (Ə) İMAMƏTİ HAQQINDA E’TİBARLI SÖZ
Hicrətin onuncu ilində həzrət Peyğəmbər həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə üz tutdu. Həzrət Peyğəmbəri müşayiət edən adamların sayı haqqında müxtəlif rəqəmlər göstərilmişdir. Amma qəti şəkildə demək olar ki, bu səfərdə həzrəti bir neçə mindən çox müsəlman müşayiət edirdi. «Həccətul-vida» adı ilə məşhur olan bu həcc mərasimində Peyğəmbərlə gəlmiş xeyli müsəlman iştirak edirdi. Həzrət Peyğəmbər həcc əməllərini başa vurub Mədinəyə qayıdarkən zil-həccənin on səkkizinci günü Qədir-Xum adlanan məntəqədə dayandı. Çünki ona çox mühüm bir vəhy nazil olmuşdu. Bu vəhy bütün xalqa e’lan edilməli idi. Həzrət Peyğəmbər Allah-təalanın əmri ilə Əlinin (ə) vilayət və xilafətini xalqa bildirməli idi. Ayədə buyurulurdu: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanların şərindən qoruyacaq». («Maidə» surəsi, ayə 67.)
Həzrət Peyğəmbər (s) göstəriş verdi ki, bütün hacılar bir yerə toplansınlar. Qabaqda gedənlər dayandı və arxada gedənlərin gəlib çatmasını gözlədi. Axı nə baş vermişdi?
Hamı bir-birindən nə baş verdiyi barədə soruşurdu. Görən həzrət Peyğəmbər (s) hacıları bu üzücü istinin altında nə üçün saxlamışdı? Yer o qədər isti və yandırıcı idi ki, bə’ziləri ayaqlarını, ətəklərinə bükmüş, dəvələrin kölgəsində oturmuşdular. Nəhayət, intizar başa çatdı. Hacılar bir yerə toplandıqdan sonra həzrət Peyğəmbər göstəriş verdi ki, minbər düzəldilsin. Həzrət hamının onu görə biləcəyi və səsini eşidə biləcəyi minbərə çıxdı. Əlini (ə) isə öz sağ tərəfində dayandırmışdı. Həzrət xütbə oxuyub Qur’an və itrəti haqqında tövsiyə verdikdən sonra buyurdu: «Məgər mö’minlərin işində mən onların özlərindən daha irəli deyiləmmi?» Ərz etdilər: «Bəli». Həzrət buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Pərvərdigara, onun dostunu dost tut, düşmənini düşmən. Ona yardım göstərənə yardım et, onu tənha buraxanı alçalt». Sonra həzrət göstəriş verdi ki, müsəlmanlar dəstə-dəstə Peyğəmbərin xeyməsi ilə üzbəüz xeyməyə daxil olub, Əlini (ə) canişinlik məqamına görə təbrik etsinlər. Onu birinci təbrik edən Ömər ibn Xəttab oldu. Ömər ərz etdi: «Bəh-bəh, ey Əli, sən bu gün artıq mənim və hər bir kişi və qadının əmirisən.(«İrşad» 1-ci cild, 2-ci bab, 50-ci fəsil.) Beləcə, həzrət Peyğəmbər (s) Əlini (ə) öz canişini tə’yin etdi və göstəriş verdi ki, bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.
Həssan ibn Sabit həzrət Peyğəmbərdən icazə istədi ki, Əlinin (ə) imamət və vilayəti, Qədire-Xumda Peyğəmbərə canişin tə’yin olunması haqqında bir qəsidə oxusun. Həzrət ona icazə verdi.
İslam Peyğəmbəri Qədire-Xumda
Üz tutub ümmətə verdi bir sual:
Sizlərin rəhbəri mən deyiləmmi?
Hamı təsdiq etdi, yox başqa xəyal.
Belə davam etdi sözünə həzrət (s):
Məni mövla bilən bilsin bu gündən
Mənim canişinim, öz ağası tək
Əlini (ə) tanımaq gərəkdir hökmən.
Həzrət Peyğəmbər (s) Həssanın şe’rini dinləyib buyurdu: «Ey Həssan, nə qədər ki, dilinlə bizə yardımçısan, daim ruhul-qüds tərəfindən təsdiqlənmişsən».
Bu xəbərin sübutu firqələr üçün o qədər aydındır ki, kimsə üçün inkar və şübhə yeri qalmamışdır. Çünki sünni tarixçiləri və təfsirçiləri öz kitablarında azca fərqlə bu barədə mə’lumat vermişlər. Onlar da təbliğ ayəsinin zil-hiccənin on səkkizinci günü Qədire-Xumda Əli haqqında nazil olmasını təsdiqləyirlər. Həzrətin (s) «mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır» buyuruğu sünni mənbələrində nəql olunmuşdur.(«Təfsire-kəbire-Fəxre-Razi».) Amma «Mövla» kəlməsi müxtəlif mə’nalara malik olduğundan bə’zi sünni alimləri hədisdə mövla kəlməsinin dost mə’nasında işləndiyini bildirmişlər. Onlar uyğun hədisi «mən kimin dostuyamsa Əli (ə) də onun dostudur» mə’nasında qəbul edirlər. Bu mə’nanı ibn Səbbağ Maliki də öz «füsulul-muhimmə» kitabında bəyan etmişdir. Təəssüb səbəbindən həqiqəti görə bilməyənlərə cavab olaraq «mövla» kəlməsinin müxtəlif mə’nalarını nəzərdən keçirəcəyik. «Mövla» sözünün aşağıdakı mə’naları vardır: İxtiyar sahibi, bəndə, azad olmuş, azad edən, qonşu, həmpeyman, həmand, şərik, yeznə, qonşu, ne’mətyetirən, dost, yardımçı. Bu mə’nalardan bə’ziləri Qur’ani-Kərimdə də işlədilmişdir. «Duxan» surəsində «mövla» sözü «qohum» mə’nasını bildirir: «Məhəmməd» surəsində isə «mövla» «dost» mə’nasında işlədilmişdir. Bu söz «Nisa» surəsində «həmpeyman», «Əhzab» surəsində «azad etmiş» mə’nalarını bildirir.
Amma bu mə’nalardan bə’zilərini həzrət Peyğəmbərə (s) aid etmək olmaz. Çünki həzrət kimsənin qulu və həmandı olmamışdır. Əhəmiyyətli olmayan bir mövzuya görə həzrət Peyğəmbərin (s) insanları qaynar səhrada bir yerə toplayıb saxlaması inandırıcı deyil. İnanmaq olmur ki, həzrət Peyğəmbər (s) hacılara həzrət Əli (ə) ilə dostluq haqqında mə’lumat vermək üçün onları səhrada saxlamışdır. Peyğəmbərə (s) buyurulur: «Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan». Məgər sadəcə dostluğu bəyan etməmək bu qədər ciddi dəyərləndirilə bilərmi?! Əslində Peyğəmbərin (s) bu bəyanatı daha dərin mahiyyətə malikdir. Allah-təala ayənin davamında buyurur: «Allah səni insanların şərindən qoruyacaq». Məgər dostluq nəticəsində hansı nəticələr yarana bilərdi ki, Allah uyğun və’dlə belə bir təhlükəni aradan qaldıracağını bəyan edə.
Digər bir tərəfdən mövla kəlməsinin dostluq mə’nasında tə’bir olunması dəlil tələb edir. Əks təqdirdə, belə bir mə’nalandırma üsul elminə zidd olar. Bu baxımdan yalnız «ixtiyar sahibi» mə’nasının dəlilləri vardır. Həmin dəlilləri nəzərdən keçirək:
Əvvəla, Allah-təalanın Peyğəmbərin bu işi görməsini onun risaləti üçün şərt bilməsi məsələsinin ciddiliyindən danışır. «Mövla» kəlməsinin yalnız «ixtiyar sahibi» mə’nası ciddi mahiyyət daşıyır. Əgər uyğun kəlməni ixtiyar sahibi kimi tə’bir etsək, söhbətin Peyğəmbərdən sonra kimin onun canişini olacağından getməsi aydınlaşar. Ayə Cöhfə yaxınlığındakı Qədire-Xumda nazil olmuşdur. Hacılar, adətən, Cöhfəyə çatdıqda bir-birlərindən ayrılaraq öz vətənlərinə yola düşürlər. Artıq onların bir yerə toplanması mümkünsüz olur. Əlbəttə ki, bu göstəriş Peyğəmbərə bir neçə gün əvvəl nazil olmuşdu. Amma onun dəqiq vaxtını tə’yin etmək çətindir. Həzrət Peyğəmbər (s) yaxşı bilirdi ki, həzrət Əli (ə) döyüşlərdə bir çox düşmənlərin həyatına son qoyduğu üçün həmin qətlə yetirilənlərin qohum-əqrəbası Əliyə qarşı kinlidir. «Allah səni insanların şərindən qoruyacaq» və’di də Əliyə (ə) qarşı kinin mövcudluğundan danışır.
İkincisi, həzrət Peyğəmbər mövla mövzusunda danışmazdan qabaq «mən sizin ixtiyar sahibiniz deyiləmmi», deyə soruşur. Hamı həzrətin belə bir məqama malik olduğunu təsdiqləyir. «Mövla» kəlməsinin ixtiyar sahibi mə’nasında olması həmin bu cümlədən aydın görünür.
Üçüncüsü, həzrət Peyğəmbər (s) Əlinin (ə) mövlalıq məsələsinə toxunduqdan sonra göstəriş verir ki, Əliyə (ə) əmir ünvanında salam verilsin. Əgər məqsəd dost olsaydı, həzrət Peyğəmbər (s) buyurardı ki, ona bir dost olaraq salam verin. Ömərin «mənim mövlam hər bir kişi və qadının mövlasıdır» deməsi də həzrət Əlinin vilayətini təsdiqləyir.
Dördüncüsü, ən məşhur sünni kitablarında da yazılmışdır ki, ilahi fərmanın bəyanından sonra bu ayə nazil olmuşdur: «Bu gün dininizi kamil etdim və sizə olan ne’mətimi tamamladım. Bir din olaraq sizin üçün İslamı bəyənib seçdim». («Maidə» surəsi, ayə 3.)
Həzrət Peyğəmbər (s) buyurur: «Dininin kamilləşməsi, ne’mətlərin tamamlanması, mənim risalətimə və məndən sonra Əlinin (ə) vilayətinə Allahın razılığına təkbir!»
Beşincisi, haqqında danışılan ayədən qabaq Allah-təala buyurur: «Kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun». («Maidə» surəsi, ayə 3)
Kafirlər və müşriklər elə düşünürdülər ki, Peyğəmbərin oğlan övladı olmadığından o dünyasını dəyişdikdən sonra din də aradan gedəcək. Amma Allah əmri ilə Əlinin Peyğəmbərə (s) canişinliyi bəyan olunduqdan sonra onların bütün ümidləri puça çıxdı. Düşmən anladı ki, bu din həmişəlikdir. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, həzrətin buyuruğundakı «mövla» kəlməsi vilayət və canişinlik mə’nasında işlədilmişdir.(Təfsirul-mizan, 5-ci cild.)
Bəli, mövla sözünün uyğun buyuruqdakı yeganə həqiqi mə’nası «ixtiyar sahibi»dir. Başqa mə’nalar məcazidir və onların təsdiqi üçün dəlillərə ehtiyac var. Üsul elminə əsasən həqiqət məcazidən irəlidir. Bir sözlə, «mövla» kəlməsi hədisdə, «ixtiyar sahibi» mə’nasını daşıyır.
Deyilənlərdən əlavə, bu mərasimdən sonra Həssan ibn Sabitin oxuduğu qəsidə mövla sözünün həqiqi mə’nasını aydın göstərir. Həssan öz qəsidəsində həzrət Peyğəmbərin dili ilə Əlinin (ə) canişinliyi haqqında, onun ümmətə imaməti barədə mə’lumat verir.
Əgər «mövla» sözü «dost» mə’nasında olsaydı, həzrət Peyğəmbər (s) Həssanın qəsidəsinə e’tiraz edərdi. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imam və canişin adlandırılmasına e’tiraz etmir, hətta Həssan haqqında xoş sözlər söyləyir.
Çıxış yolu görməyən bə’zi sünni alimləri bu mə’nanı e’tiraf etməyə məcbur olmuşlar. Onlar bildirirlər ki, həzrət Peyğəmbər (s) Qədire-Xum günü Əlinin vilayət və canişinliyini e’lan etmişdir.(«Təzkireye-ibn Cəvzi» səh. 20.)

Ardı var...

Müəllif: Fəzlullah Kompani 

Category: Tarix | Baxış: 945 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]