Bazar günü, 2024-12-22, 7:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 22 » Əli əleyihissalam kimdir? (2)
9:22 PM
Əli əleyihissalam kimdir? (2)
HİCRƏTDƏ ƏLİNİN (Ə) ROLU
Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti üçün şərait yaradan səbəblərdən biri həmin şəhərdə İslamın yayılması idi. Ərəb qəbilələri Mədinədən Məkkəyə ticarət üçün gəldikləri vaxt həzrət bu adamlarla görüşüb, onları İslama də’vət edirdi. Həzrətin təbliğatı müsbət nəticələr verirdi. Əbu-Talibin vəfatından sonra Mədinədən Məkkəyə gəlmiş Ovs qəbiləsindən bir dəstə adam həzrət Peyğəmbərlə görüşdü. Onlardan altısı İslam dinini qəbul etdi, Mədinəyə qayıtdıqdan sonra şəhər əhlini İslama də’vət etməyə başladı.
Bir müddət sonra Mədinənin yetmişdən çox qadın və kişisi Məkkəyə gəlib, müsəlmanlığı qəbul etdilər. Beləcə, Mədinədə İslam dini sür’ətlə yayılmağa başladı. Mədinə mühitində Qüreyşin müxalifliyi, əzab-əziyyəti kimi maneələr olmadığından bu şəhər İslamın yayılması üçün daha münasib görünürdü. Həzrət Peyğəmbər ardıcıllarından bir qrupuna göstəriş verdi ki, Məkkə müşriklərinin şərindən qurtarmaq üçün Mədinəyə mühacirət etsinlər. Onlar da aşkar və gizli şəkildə Mədinəyə üz tutdular və həmin şəhər əhli tərəfindən mehribanlıqla qarşılandılar.
Digər bir tərəfdən həzrət Peyğəmbər (s) özü də Mədinəyə köçməyə meyl göstərirdi. Amma o məs’uliyyət daşıdığı bir yeri Allahın icazəsi olmadan tərk edə bilməzdi. Elə bu məqamda baş vermiş hadisə həzrət Peyğəmbərin (s) Mədinəyə hicrəti üçün şərait yaratdı. Bu səbəbi Mədinəyə mühacirətin əsas səbəbi saymaq olar.
Mədinədə İslam dininin yayılmasından, eləcə də, bir qrup müsəlmanın həmin şəhərə hicrət etməsindən xəbər tutan Qüreyş qorxurdu ki, İslam dini həmin şəhərdə qüvvətlənib, sonradan onlar üçün təhlükə mənbəyinə çevrilə. Ona görə də bütün ehtimal olunan təhlükələri aradan qaldırmaq üçün həzrət Peyğəmbərin (s) işini bitirmək və ondan birdəfəlik yaxa qurtarmaq qərarına gəldilər.
Amma bu məqsədi həyata keçirmək bir o qədər də asan deyildi. Çünki həzrət Peyğəmbər Əbdül-Müttəlib ailəsindən idi və onun həyatına qəsd edilsəydi, haşimi cavanları qılınca sarılıb intiqam alası idilər. Bəs nə etmək olardı?
Qüreyş başçıları xəlvəti görüşüb uzun-uzadı müzakirələrdən sonra belə bir nəticəyə gəldilər ki, hər qəbilədən yaxşı bir döyüşçü seçilsin və bu dəstə gecə yarı həzrət Peyğəmbərin (s) evinə hücum edib onu yatağındaca qətlə yetirsin. Əgər belə olsaydı, bəni-Haşim bütün ərəb qəbilələri ilə savaşa qalxa bilməzdi. Beləcə, həzrət Peyğəmbərin qanı yerdə qalardı.
Bu şeytani plan Peyğəmbərin məxfi şəkildə aradan götürülməsi üçün cızılmış qəti bir qərar idi. Amma Həra dağında öz camal nurundan həzrət Məhəmmədin (s) vücuduna pay vermiş, onu heyrət işığında qərq etmiş Allah-təala həzrətin işıqlı həqiqət axtarışında olan qəlbini Qüreyşin bu qərarından xəbərdar etdi. Allahın izni ilə həzrət gecə Məkkədən Mədinəyə üz tutdu.(«Ənfal» surəsi, ayə 30.)
Amma Qüreyş kafirlərinin bu hicrətdən qəflətdə qalması üçün bir tədbir görmək lazım idi. Bundan ötrü Həzrətin yatağında kimsə yatmalı, onun yerini boş qoymamalı idi. Peyğəmbərin yatağına uzanıb, özünü Qüreyş təcavüzkarlarının şəmşiri qarşısında kim qoya bilərdi?
Məhz bu məqamda uyğun hadisənin qəhrəmanı özünü göstərməyə başlayır. Bu şir ürəkli qəhrəman yalnız həzrət Əli (ə) ola bilər. Tarix onun oxşarını görməmiş və gələcəkdə də görməyəsidir.
Həzrət Peyğəmbər Əlini (ə) tanıyırdı və onun imanından, ixlasından xəbərdar idi. Həzrət üzünü ona tutub buyurdu: «Ya həzrət Əli (ə), Allahın əmri budur ki, Məkkəni tərk edək və Mədinəyə üz tutaq. Amma bu hicrət adi bir səfər deyil. O məhrəmanə və gizli olmalıdır ki, Qüreyş kafirləri bundan xəbər tutmasınlar. Onlar qərara gəliblər ki, bu gecə məni yatağımda qanıma qəltan etsinlər. Onları qəflətdə qoymaq üçün mənim yatağım boş olmamalıdır. Yatağımı boş görüb məni tə’qib edə bilərlər. Allahın əmri budur ki, mənim yatağımda yatasan və mən gizli şəkildə mühacirət edim».
Həzrət Peyğəmbər (s) sözünü bitirməmiş həzrət Əli (ə) onun də’vətini can-dildən qəbul etdi və dedi: «İtaət edirəm, ya Rəsuləllah. Bu işə görə çox şadam və şükr edirəm».
Həzrət buyurdu: «Sənə olduqca təhlükəli bir iş tapşırılıb. Çünki Qüreyş kişiləri gecə mənim evimə tökülüşəcək və yatağımı yalın qılınclarına tutacaqlar. Sən isə həmin yataqda yatmaq istəyirsən!»
Həzrət Peyğəmbər mövcud təhlükə barədə nə qədər xəbərdarlıq edib bu təhlükənin ciddiliyini Əlinin (ə) nəzərində canlandırmaq istəsə də, Əmirəl-mö’mininin (ə) şadlığı daha da artdı. Nəhayət, o dilləndi: «Ya rəsuləllah, məgər ölüm və öldürülməkdən savay bir şey varmı? Bundan böyük səadət ola bilərmi ki, mən Allahın əmri ilə öz canımı sənin dininin yayılması yolunda fəda edim?»
Əlinin (ə) haqq və həqiqət yolundakı canfəşanlığını görən Peyğəmbərin mübarək gözləri yaşardı. Elə bu halda da Əlini (ə) qucaqlayıb öpdü, onunla vidalaşıb ayrıldı. Həzrət Peyğəmbər Məkkədən mühacirət etdi. Bu hicrət be’sətin on üçüncü ili, rəbiül-əvvəl ayına təsadüf etmişdir.
Həzrət getdikdən sonra iyirmi üç yaşlı Əli Peyğəmbərin yataq paltarını geyib onun yerində uzandı və təhlükəli hadisənin baş verəcəyi anı gözlədi.
«Füsulul-muhimmə», «Kifayətut-Talib» və digər kitablarda yazılır ki, həzrət Əli (ə) həzrət Peyğəmbərin (s) yatağına uzandığı vaxt Allah-təala Cəbrail və Mikail mələklərinə buyurdu: «Mən sizi bir-birinizə qardaş etdim. Birinizin ömrünü o birinin ömründən uzun qərar verdim. Hansınız hazırsınız ki, ömrünüzün artıq hissəsini o birinizə bağışlayasınız?» Ərz etdilər: «Pərvərdigara, bu işdə azadıq, yoxsa məcbur?!» Allah buyurdu: «Azadsınız». Mələklərdən heç biri ömrünün artıq hissəsini o birinə bağışlamaq istəmədi. Allah-təala buyurdu: «Mən öz imamın həzrət Əli (ə) və Peyğəmbərim Məhəmməd (s) arasında qardaşlıq qərar verdim. O, Peyğəmbərin (s) yatağında uzanmışdır. Baxın görün, o öz canını qardaşı yolunda necə fəda edir! Peyğəmbərin (s) həyatını öz həyatından üstün tutur. Yerə nazil olun və onu düşmənin şərindən hifz edin!»
Həmin iki mələk Əlinin (ə) yanına gəldilər. Cəbrail onun başı üzərində, Mikail isə ayaqları tərəfdə dayandı. Cəbrail dedi: «Bəh-bəh, ey Əbu-Talib oğlu, səndən başqa Allahı öz mələkləri qarşısında iftixara gətirəcək birisi varmı?!»
Qüreyş cəngavərləri həzrət Peyğəmbəri aradan götürmək üçün əvvəlcə Darun-Nədvə adlanan yerdə toplaşdılar, gecə oranı tərk edib yalın qılınclarla həzrətin evini mühasirəyə aldılar.
Sübh səhər Məkkəyə sakitlik hakim olan an həzrət Peyğəmbərin evinə soxuldular. Həzrət Əli (ə) başını balıncdan qaldırıb fəryad çəkərək «Kimsiniz və nə istəyirsiniz», deyə sordu. Peyğəmbərin yatağında Əlini (ə) görən Qüreyşlər yerlərində quruyub qaldılar. Nəhayət, sükutu pozub Peyğəmbərin harada olduğunu soruşdular. Həzrət Əli (ə) soyuqqanlılıqla buyurdu: «Mən onun keşikçisi deyildim, siz də onu mənə tapşırmamışdınız ki, indi məndən soruşasınız». Hücum edənlərdən biri dedi: «Əli Məhəmmədin arxasıdır. Yaxşı olar ki, onun əvəzində Əlini (ə) qanına qəltan edək!»
Həzrət Əli (ə) buyurdu: «Əfsus ki, Peyğəmbər mənə hücum etmək icazəsi verməyib. Yoxsa həzrətin evinə soxulduğunuz üçün sizi qılıncdan keçirərdim». Bir sözlə, həzrət onları qovaraq buyurdu: «Uzaqlaşın, siz yolunu azmış bir qövmsünüz. Səadət və qurtuluşdan da məhrum olacaqsınız».
Peyğəmbərin hicrətindən xəbər tutan Qüreyş onu tə’qib etməyə başladı və Peyğəmbərin Əbu-Bəkrlə birlikdə gizləndiyi «Sur» mağarasının ağzınadək gəldi. Amma Allah-təala həzrəti öz pənahında hifz edib Qüreyşin arzusunu gözündə qoydu.
Hicrət hadisəsində Əlinin (ə) fədakarlığı vəsfəgəlməzdir. İyirmi üç yaşlı bu cavan böyük şücaət və ürəklə İslam dininin yayılması üçün özünü qaçılmaz ölümün ağuşuna atdı və Peyğəmbərə sipər oldu. Həzrət bu barədə buyurur:
Bütün yer üzünün ən üstün kəsin
Canımla qorudum özün, kölgəsin.
Qüreyş Allahın rəsulunu qətlə yetirmək üçün hiylə qurduğu vaxt fəzl və kəramət sahibi olan Allah onların məkrini puça çıxardı.
Həzrət Əlinin (ə) bu fədakarlığı müqabilində həzrət Peyğəmbərə belə bir ayə nazil oldu: «İnsanların eləsi vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edir». («Bəqərə» surəsi, ayə 207.) Əksər təfsirçi və tarixçilərin rə’yinə əsasən, ayədə həzrət Əli (ə) nəzərdə tutulmuşdur.(«Şəvahidut-tənzil», 1-ci cild, səh. 96)
Hicrət əhvalatında həzrət Əlinin (ə) fədakarlığı təkcə Peyğəmbərin yatağında yatması deyildi. Peyğəmbərin Məkkədə olmadığı vaxtlarda həzrət Əli (ə) müsəlmanların işləri ilə məşğul olur, onların həzrət Peyğəmbərin yanında qoyduğu əmanətləri yerbəyer edirdi.
Həzrət Peyğəmbər Mədinəyə daxil olduqdan bir neçə gün sonra (bə’ziləri bildirirlər ki, həzrət Peyğəmbər Qobada dayanıb, həzrət Əlinin (ə) gözlədi və yalnız o gəlib çatdıqdan sonra Mədinəyə daxil oldu) həzrət Əli də öz anası, Peyğəmbərin qızı, iki başqa qadın və zəif düşmüş müsəlmanları götürüb Mədinəyə üz tutdu. Həzrət Peyğəmbər çətin yolda ayaqları yaralanmış Əlini (ə) qucaqlayaraq sevincindən ağladı.
Mədinədə də həzrət Əli (ə) daim həzrət Peyğəmbərlə olar, onu düşmənlərdən qoruyardı. Hicri tarixi ilə birinci ildə səhabələr, mühacirlər və ənsar arasında qardaşlıq peymanı bağlandığı vaxt həzrət Peyğəmbər Əlini (ə) özünə qardaş seçdi.(«Füsulul-muhimmə» səh. 22.)
Hicri ikinci ildə həzrət Peyğəmbər (s) öz qızı Fatiməni (s) Əliyə ərə verdi. Həmin vaxt Peyğəmbər (s) buyurdu: «Ya Əli, Allah-təala mənə göstəriş vermişdir ki, Fatiməni (s) sənə ərə verim. Mən onu sənə dörd yüz misqal gümüş mehriyyə müqabilində verirəm». Həzrət Əli (ə) ərz etdi: «Bəyəndim, ya rəsuləllah. Bu işdə Allahın və onun girami Peyğəmbərinin lütfünə görə razıyam». Sonra həzrət Əli (ə) Allah dərgahına şükr olaraq səcdəyə düşdü.
Həmin il Allah tərəfindən müşriklərlə döyüş əmri verildi. Həzrət Peyğəmbər düşmənlər, müxaliflərlə savaşa məşğul oldu. Bu döyüşlərdə qələbənin əsas səbəblərindən biri həzrət Əlinin vücudu idi. Həmin vaxtdan Həzrətin həyatında yeni bir dövr başladı. Bu dövrü onun hərbi xidməti dövrü adlandırmaq olar. Söhbətlərimizin davamında həzrətin bə’zi hərbi xidmətlərini nəzərdən keçirəcəyik.

ƏLİNİN HƏRBİ XİDMƏTLƏRİ
Həzrət Peyğəmbərin on dörd illik də’vəti dövründə onun məntiqi və əsaslı moizələri azğın və bütpərəst ərəb qəbilələrinə tə’sir etmədiyindən Allah-təala tərəfindən cihad hökmü gəldi. Həzrət Peyğəmbərin hicrətin ikinci ilindən doqquzuncu ilinədək olan həyatı dövründə kafirlər, müşriklər, Ərəbistan yəhudiləri ilə səksəndən çox döyüş və qital oldu. Bu döyüşlərdən bə’zilərində həzrət özü şəxsən iştirak edirdi. Həzrətin iştirak etdiyi döyüşlər «ğəzavat» adlanırdı.
Bu döyüşlərdə həzrət Əlinin (ə) fədakarlığı və canından keçməsi kimsəyə sirr deyil. Döyüşlərdə göstərdiyi misilsiz rəşadətlər və şücaətlərə görə həzrətə «Zəyğəmul-ğəzavat» (savaşlar şiri) deyərdilər. Həzrət Əli (ə) yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin göstərişi ilə Mədinədə qalmışdı. Qalan bütün döyüşlərdə qələbə bayrağı daim onun əlində olardı.
Həzrət Peyğəmbərin müşriklər və İslam düşmənləri ilə apardığı savaşlarda həzrət Əli (ə) bir çox ərəb qəhrəmanlarını öz qılıncı ilə diz üstə çökürdü. Bu savaşlara misal olaraq Bədr, Ühüd, Bəni-Nəzir, Əhzab (Xəndək), Xeybər, Məkkənin fəthi, Hunəyn və Taif döyüşlərini göstərmək olar.
Kitabın bu fəslində məqsədimiz həzrət Əlinin (ə) fədakarlıqları və hərbi xidmətləri haqqında danışmaq olduğundan müharibələr haqqında ətraflı danışmayacaq, yalnız həzrətin döyüş səhnələrindəki mübarizələrini nəzərdən keçirəcəyik. Çünki həzrətin döyüş meydanlarındakı qəhrəmanlıqlarını xatırlamadan onun həyatı haqqında danışmaq yetərsiz olardı. Həzrətin mübarizə əzmi ilə yaxından tanış olmaq üçün bə’zi döyüşləri nəzərdən keçirmək zəruridir.

BƏDR DÖYÜŞÜ
Bədr döyüşündən qabaq müsəlmanlarla müxaliflər arasında kiçik qarşıdurmalar baş versə də, yalnız Bədr döyüşünü birinci mühüm savaş saymaq olar. Bu döyüşdə müşriklərdən çəkinən, onlarla qarşılaşmaq istəməyən müsəlmanlar sınağa çəkildilər. Bu barədə Allah-təala Qur’anda buyurur: «Mö’minlərdən bir dəstəsinin xoşuna gəlmədiyi halda, Rəbbin səni müşriklərlə döyüş üçün evindən bayıra çıxardı». («Ənfal» surəsi, ayə 5.) Bu döyüşdə müşriklərin minə yaxın döyüşçüsü yaxşı silahlanmış və təchiz olunmuş halda Əbu-Süfyanın başçılığı altında hərb meydanına girmişdilər. Hansı ki, müsəlmanlar yalnız üç yüz on üç nəfər idi. Onların çoxu silahsız idi. Düşmən yeyin atlara süvar olduğu halda müsəlmanların cəmi yetmiş dəvəsi və bir neçə atı vardı. Bir sözlə, hicri ikinci ildə, ramazan ayının on yeddisində bu iki qrup Məkkə və Mədinə arasında yerləşən «Bədr» adlı quyunun kənarında üz-üzə gəldilər. Allah-təala mö’minlərə öz mələkləri ilə yardım göstərdi. Qur’anda oxuyuruq: «Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda, Allah sizə yardım etdi». («Ali-İmran» surəsi, ayə 123.) Əvvəlcə müşriklərdən üç nəfər Ütbə, Şeybə və Vəlid ibn Ütbə meydana çıxıb qarşı tərəfdən mübariz istədi. Həzrət Peyğəmbərin göstərişi ilə müsəlmanlar tərəfdən Əli, Peyğəmbərin əmisi Həmzə və Übeydə ibn Haris ibn Əbdül-Müttəlib düşmənlə savaş üçün meydana daxil oldu. Həzrət Əli (ə) Vəlidlə üzbəüz gəlib onu qətlə yetirdikdən sonra yoldaşlarının da köməyinə çatdı. Düşmənin hər üç cəngavərinin həyatına son qoyuldu. Öz qəhrəmanlarının qətlə yetirildiyini görən müşriklər qorxuya düşdülər. Sonradan düşmən tərəfindən kim meydana çıxdısa, həzrət Əlinin (ə) qılıncını ağuşuna almalı oldu. Həzrət Əlinin (ə) qəhrəmanlıqları sayəsində Bədr döyüşü müsəlmanların qələbəsi ilə başa çatdı. Düşmənin yetmişdən çox döyüşçüsü qətlə yetirildi, yetmişdən çoxu isə əsir alındı. Abbas ibn Əbdül-Müttəlib və Əqil ibn Əbu-Talib də əsirlər arasında idi. Onlar fidyə verməklə azad oldular və İslamı qəbul etdilər. Tarixçilərin yazdığına görə düşmənlərin yarıdan çoxu həzrət Əlinin (ə) qılıncı ilə dünyasını dəyişmişdi. Həzrətin qətlə yetirdiyi düşmənlər arasında As ibn Səid, Hənzələ ibn Əbu Süfyan, Uməyr ibn Osman kimi Qüreyş başçıları vardı.(Şeyx Müfid, «İrşad».)
Nəhayət, müharibə müsəlmanların xeyirinə və müşriklərin məğlubiyyəti ilə başa çatdı. Müsəlmanlar Mədinəyə qələbə ilə döndülər. Əlinin (ə) adı misilsiz bir şücaətə malik şəxs kimi dildən dilə gəzdi. Onunla düşmənçilik etmək hətta düşüncələrdən də ötüşmürdü.

ÜHÜD SAVAŞI
Ühüd Mədinənin təqribən 6 kilometrliyində yerləşən böyük və məşhur dağın adıdır. Ühüd savaşı hicri 3-cü ildə, şəvval ayında Ühüd dağının ətəyində baş verdi. Qüreyşin hörmət-izzətinin aradan getməsi ilə nəticələnmiş Bədr məğlubiyyəti yeni bir döyüş üçün şərait yaratmışdı. Çünki Bədrdə qətlə yetirilənlərin ailələri, Əkrəmə ibn Əbu-Cəhl, Səfvan ibn Üməyyə kimiləri hələ də Məkkədə əzadarlıq içində idilər. İntiqam hissi ilə alışıb yanan bu adamlar Məkkə camaatını müsəlmanlarla döyüşə təhrik edirdilər. Qüreyş kafirlərinə başçılıq edən Əbu-Süfyan ibn Hərb xalqı ətrafına toplayıb onları müharibəyə səsləyirdi. O hətta öz var-dövlətini bu müharibəyə sərf etmək üçün hazrılığını bildirirdi.(«Tarixe-təbəri».)
Ütbənin qızı və Əbu Süfyanın arvadı Hind bir qrup başqa qadınlarla yanaşı xalqı Bədrdə öldürənlərin qanını almağa çağırırdı. Bu yolla Əbu-Süfyan beş min süvari toplayıb onları silahlandırdı və Mədinəyə üz tutdu.
Bu məsələdən xəbər tutan Peyğəmbər dərhal səhabələrini toplayıb əhvalatı onlara danışdı. Həzrət bildirdi ki, şəhərdə qalıb müdafiə olunmaq lazımdır. Amma bə’ziləri düşmənlə şəhərdən kənarda savaşmaq, hətta onlara hücum etmək əzmində idilər. Nəhayət, müsəlmanlar döyüşə hazır oldular. Həzrət Peyğəmbər (s) şəxsən özü döyüş libası geydi və yeddi yüzə yaxın döyüşçü ilə birlikdə savaşa hazır oldu. Həzrət Peyğəmbər (s) Əlini (ə) bayraqdar tə’yin etdi. Həzrət Ühüdə çatdıqda qəfil və arxadan hücumların qarşısını almaq üçün əlliyə yaxın döyüşçünü Əbdüllah ibn Cubəyrin başçılığı altında münasib bir mövqedə gizlədi. Bunu öncədən görməsi çox düzgün bir qərar idi. Çünki Əbu-Süfyan da Xalid ibn Vəlidi Əbdüllahın dəstəsindən dörd qat artıq qüvvə ilə pusquda qoymuşdu. Pusquda duran dəstə qoşunlar vuruşa başladığı vaxt arxadan müsəlmanlara hücum etməli idi.
Döyüş başladı və Qüreyş döyüşçülərinin çoxu həzrət Əlinin (ə) qılıncı ilə dünyasını dəyişdi. Əbu-Süfyanın bayraqdarı Təlhə ibn Əbu Təlhə olduqca güclü bir adam idi və ona Nəbşul-Kəsibə (döyüşçülərin qoçu) deyirdilər. Bu şəxs həzrət Əli (ə) ilə qarşı-qarşıya çıxdı. Həzrət Əli (ə) onun başından elə bir zərbə vurdu ki, gözləri hədəqəsindən çıxdı. Təlhə nərə çəkib həlak oldu. Sonra müşriklərin bayrağını Təlhənin qardaşı götürdü. O da öldürüldü. Həzrət Peyğəmbərin əmisi Həmzə də öz növbəsində böyük rəşadətlə vuruşur, sıraları pərən-pərən salırdı. Qüreyş döyüşçülərinin ardıcıl qətlə yetirilməsi düşmən qoşununda çaxnaşma saldı. Müsəlmanlar düşməndən çox-çox az olmalarına baxmayaraq onlara qalib gəldilər. Müşriklər qaçmağa üz tutdular. Müsəlmanlardan bir qrupu düşməni izləyir, digər bir qrupu isə meydandan qənimət toplayırdı.
Bu vaxt həzrət Peyğəmbərin (s) pusquda qoyduğu dəstə onun göstərişinə zidd olaraq Əbdüllahın əmrindən çıxdı və döyüşün başa çatdığını güman edib öz mövqelərini boş qoydu.
Belə bir fürsət gözləyən Xalid ibn Vəlid öz süvariləri ilə müsəlmanların pusqusuna hücum edib orada qalan bir neçə nəfəri qətlə yetirdi. Daha sonra düşmənin bu dəstəsi müsəlmanlara arxadan hücum etdi. Qaçmaqda olan Qüreyşilər Xalidin sədasını eşidib yenidən döyüş meydanına döndülər. Müsəlmanlar iki tərəfdən hücuma mə’ruz qaldı. Onlar sayca az olduqlarından və araya təfriqə düşdüyündən əldə olunmuş qələbəni qoruyub saxlaya bilmədilər. Bir sözlə, müsəlmanlar qaçmağa üz tutdu. Döyüşdə Peyğəmbərin (s) əmisi Həmzə şəhadətə çatdı. Əbu-Süfyanın arvadı, Müaviyənin anası Hindin göstərişi ilə Həmzənin ciyərini bayıra çıxardılar. Həmin məl’un qadın Həmzəyə olan nifrəti səbəbindən onun ciyərlərini dişlərinə salıb gəmirməyə başladı. Həmin gündən Hində «ciyəryeyən» adı verildi. Bu döyüşdə həzrət Peyğəmbər özü başından yaralandı, dişi sındı. Həmin döyüşdə həzrət Əli (ə) və başqa iki nəfərdən savay həzrəti qoruyan yox idi.
Həzrət Əli (ə) müşriklərin Peyğəmbərə (s) hücumlarının qarşısını şir tək alır, onları pərən-pərən salırdı. Pərvanə şəm’in başında dolandığı tək həzrət Əli (ə) də Peyğəmbərin (s) ətrafında dövrə vururdu.
Əlinin (ə) Ühüd döyüşündəki fədakarlığı onun həyat tarixçəsində parlaq bir səhifədir. Bu səhifənin qızılı sətirlərindən Cəbrailin Əli haqqındakı nidaları ucalır: «Zülfüqardan başqa qılınc, Əlidən başqa kişi yoxdur».(«Sireye-ibn Hişam», 2-ci cild, səh. 100.)
Şeyx Müfid Əkrimədən, o da öz növbəsində Əlidən (ə) belə nəql edir ki, həzrət buyurmuşdur: «Ühüd savaşında həzrət Peyğəmbərin (s) ətrafındakı adamlar qaçdılar. Özümdə həmin vaxtadək hiss etmədiyim bir hal gördüm. Onun qarşısında dayanıb qılınc çalırdım. Bir dəfə geri çevriləndə onu görmədim. Öz-özümə dedim ki, Peyğəmbər (s) qaçmaz. Onu öldürülənlər arasında da tapmadım. Mənə elə gəldi ki, o bizim aramızdan səmaya qalxıb. Qılıncımın qının sındırıb özümə dedim ki, Peyğəmbərin müdafiəsi üçün bu qılıncla öldürülənədək vuruşacam. Düşmənə hücum etdim, onlar mənim qılıncımın qarşısından qaçdılar. Qarşımda açılan yolda həzrət Peyğəmbərin huşsuz halda yerə yıxıldığını gördüm. Başının üstündə dayandım. Mübarək gözlərini açdı, mənə tərəf baxıb buyurdu: «Ey Əli, camaat nə etdi?» Ərz etdim ki, ya rəsuləllah, onlar kafir oldular və düşmənə arxa çevirib səni tənha buraxdılar. Həzrət Peyğəmbər baxıb, düşmən qoşunundan bir dəstəsinin ona doğru gəldiyini gördü. Mənə buyurdu: «Ya Əli (ə), onları məndən uzaqlaşdır». Mən həmin dəstəyə hücum edib sağa-sola qılınc çaldım. Onlar qaçmağa üz tutdular. Həzrət buyurdu: «Ya Əli (ə), səmadan öz tə’rifini eşidirsənmi? Rizvan adlı mələk nida edir: «La səyfə illa Zulfuqar və la fəta illa Əli». Sevincimdən gözlərim yaşardı və bu ne’mətə görə Allaha şükr etdim.(Şeyx Müfid «İrşad», 1-ci cild, 2-ci bab, 22-ci fəsil, 6-cı hədis)
Əlinin (ə) və bir neçə nəfər başqasının sabitqədəmliyi və dözümü səbəbindən müşriklər gözlərini Mədinədən çəkib Məkkəyə döndülər. Həzrət Əli (ə) özü ağır yaralanmışdı. Bununla belə Peyğəmbəri gözdən qoymurdu. Həzrətin əlini və üzünü yumaq üçün sipərində su hazırladı. Peyğəmbər (s) əl-üzünü yuduqdan sonra buyurdu: «Öz Peyğəmbərinin üzünü qana bulaşdıran qövm Allahın qəzəbinə gəlsin».(«Tarixe-Yəqubi».)
Nəhayət, müharibə qovğası yatdı. Müsəlmanlardan yetmiş nəfər həlak oldu, qalanları qaçdı. Bu döyüşdə öz misilsiz fədakarlıqlarına görə yalnız həzrət Əli (ə) qəhrəman sayıla bilərdi. Həzrətin bədənindəki sarsıdıcı zərbələrin hər biri bir qəhrəmanın qəddini sındıra bilərdi. Həzrətin bədənindəki çoxsaylı yaralar hamını heyrətə salmışdı. Qılıncların doğradığı iyirmi altı yaşlı bu gənc hələ də sağ idi. Əlbəttə ki, həzrəti diri saxlayan onun böyük ruhu və xalis imanı idi. Həzrət bu döyüşün bütün çətinliklərinə razılıqla səbr edirdi.
Həzrət Peyğəmbər (s) Mədinəyə qayıtdı. Həzrət Zəhra əlində bir qab su atasını qarşıladı. Həzrət Əli (ə) isə qolları dirsəyədək qana batmış halda gəlib çatdı. Zülfüqarı Fatiməyə verdi və buyurdu: «Bu gün məni təsdiq etmiş bu qılıncı al».
Götür bu qılıncı saxla Fatimə
Onun günahı yox, mənimsə qorxum.
Çalışdım Peyğəmbər, Allah yolunda,
Əbdud-Dar qanıdır qılıncda baxın.
Həzrət Peyğəmbər (s) Fatiməyə buyurdu: «Ey Fatimə, götür qılıncı, ərin öz borcunu əda etdi. Allah-təala onun qılıncı vasitəsi ilə Qüreyş böyüklərini məğlubiyyətə uğratdı».(«Kəşful-Ğəmmə» səh. 54.) Bu döyüşdə müsəlmanların məğlubiyyətinin səbəbi kiçik bir intizamsızlıq, həzrət Peyğəmbərin (s) göstərişinə diqqətsizlik oldu. Amma böyük və acı bir təcrübə əldə olunmuşdu. Gələcək üçün bu təcrübə böyük bir ibrət idi. Qur’anda da bu məsələyə işarə olunur: «Siz onları Allahın izni ilə qırdığınız zaman Allah sizə verdiyi və’dinə sadiq çıxdı. Lakin o sevdiyiniz şeyi sizə göstərdiyi vaxt zəiflik büruzə verdiniz və əmr haqqında bir-birinizlə mübahisə edərək Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri isə axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün geri döndərdi. Əlbəttə, o sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı mərhəmətlidir». («Ali-İmran» surəsi, ayə 152)
Ühüd döyüşü başa çatdıqdan sonra Mədinə əhlinin bəni-Nəzir və bəni-Qurəyzə kimi bə’zi qrupları bu hadisədən xoşhal oldular. Bə’ziləri isə həzrət Peyğəmbərlə dostluq peymanı bağladıqları halda bu peymanları pozdular.
Demək, Qüreyşlə döyüşdən qabaq Mədinədə əmin-amanlığı və nüfuzu bərpa etmək lazım idi. Yalnız bundan sonra Qüreyşlə mübarizəyə başlamaq olardı. Bu səbəbdən də hicri dördüncü ildə bəni-Nəzirlə döyüşə hazır müsəlmanlar rəbiül-əvvəl ayında Mədinədən bayıra çıxdılar.
E’zam olunmuş qoşunun komandanı həzrət Əli (ə) idi. Həzrət öz rəşadət və şücaəti ilə onları təslim olmağa vadar etdi. Belə bir peyman bağlandı ki, həzrət Peyğəmbər (s) onların qanından keçir, onlar isə Mədinədən çıxaraq Şama gedirlər.(«Tarixe-Təbəri».)
Həzrət Peyğəmbər bu şərti qəbul edib göstəriş verdi ki, hər üç nəfər bir dəvə və bu bir dəvənin götürəcəyi qədər yük apara bilər. Bəni-Nəzir Mədinədən çıxdıqdan sonra onların qalan yükləri müsəlmanlara nəsib oldu.
Ühüd döyüşündən sonra baş vermiş bu hadisə müsəlmanların mövqelərinin möhkəmlənməsi üçün çox münasib oldu. Həzrət Peyğəmbər (s) itirilmiş nüfuzu böyük məharətlə geri qaytara bildi. Müsəlmanlar daha da qüdrətləndi, din düşmənləri isə zəlalətə düçar oldu.

ƏHZAB (XƏNDƏK) DÖYÜŞÜ
Bəni-Nəzir və bəni-Qurəyzə kimi yəhudi qəbilələrinin Mədinə ətrafından çıxarılması onların müsəlmanlara, xüsusi ilə də həzrət Peyğəmbərə olan kinini daha da artırdı. Həmin qəbilələrin başçılarından neçə nəfəri Məkkəyə gedib Qüreyşlə görüşdü və Peyğəmbərə qarşı hazırlıqlarını bildirdilər. Qüreyş başçıları bu fürsətdən istifadə edib, onların təkliflərini həvəslə qarşıladılar. Beləcə, bütün bütpərəst Məkkə qəbilələri yəhudilərlə əl-ələ verərək hicri 5-ci ildə ümumi səfərbərlik keçirdilər və on min nəfərə yaxın döyüşçünü Əbu-Süfyanın başçılığı altında Mədinə üzərinə göndərdilər. Bu xəbər həzrət Peyğəmbərə çatan kimi o müsəlmanları bir yerə topladı və müdafiə olunmaq haqqında müzakirələr başladı. Salman Farsi təklif etdi ki, Mədinə ətrafında xəndək qazılsın. Bu təklifə əsasən düşmən qarşısında onların hərəkətinin qarşısını alası sün’i maneələr düzəldilməli idi. Həzrət Peyğəmbər Salmanın təklifini qəbul etdi. Göstəriş verildi ki, dərhal xəndək qazılmasına başlanılsın. Müsəlmanlar xəndək qazmağa başladılar. Həzrət özü də digər müsəlmanlarla çiyin-çiyinə bu işlə məşğul idi. Düşmən qoşunu çatmamışdan qabaq xəndək qazılıb hazırlandı. Müşriklər xəndəyə yaxınlaşdıqları vaxt təəccübdən yerlərində donub qaldılar. Çünki ərəbistanda həmin vaxtadək bu sayaq müdafiə sistemi görünməmişdi. Qüreyş başçıları qarşılarında açılmış səhnəni müşahidə edib dedilər: «And olsun Allaha, bu ərəb hiyləsi deyil».(Şeyx Müfid «İrşad» 1-ci cild, 2-ci bab, 25-ci fəsil.)
Sayı üç minə çatan müsəlmanlar xəndək ətrafında mövqe tutmuşdular. Qoşunlar bir neçə gün xəndək ətrafında üzbəüz dayandılar. Bə’zən bir-birlərinə daş və ox atırdılar. Nəhayət, Qüreyş cəngavərlərindən olan Əmr ibn Əbdüvəd və bir neçə başqa döyüşçü xəndəyin dar hissəsindən adlayıb keçə bildilər.
Əmr xəndəyi keçən kimi döyüşmək üçün mübariz istədi. Əmrin qorxunc nərəsi fəzada yayılan kimi ürəklərə titrətmə düşdü, rənglər bəyazıdı. Nə üçün?
Çünki Əmri hamı tanıyırdı. Bu şəxs ərəbin adlı-sanlı qəhrəmanlarından idi. Bütün Ərəbistanda onun qarşısına çıxan yoxdu. Əmr təklikdə min döyüşçüyə bərabər sayılırdı.
Əmrin mübariz çağırışı ikinci dəfə müsəlmanların qulağında uğuldadı. Bu məqamda Mədinə qoşununa qorxu dolu bir sükut hakim olmuşdu. Kimsə səsini çıxarmağa cür’ət etmirdi. Əmr deyirdi: «Deyirsiniz ki, sizlərdən kim öldürülsə behiştə gedəcək. Məgər aranızda behiştə getmək istəyən yoxdurmu?»
Nəhayət, həzrət Peyğəmbər (s) sükutu pozdu və buyurdu: «Bu bütpərəstin şərini İslam ümmətinin üzərindən kim götürə bilər?» Hamı nəfəsini içinə çəkib durmuşdu. Kimsədən səs çıxmırdı. Bu vaxt həzrət Əli (ə) ayağa qalxdı və ərz etdi: «Mən, ya rəsuləllah!» Peyğəmbər (s) buyurdu: «Səbr et, olsun ki, başqa bir könüllü də tapıla. Amma kimsə bu ərəb qəhrəmanı ilə üzbəüz gəlmək istəmirdi. Həzrət Peyğəmbər (s) öz sualını bir daha təkrar etdi. Yenə də onun çağırışına yalnız həzrət Əli (ə) cavab verdi. Peyğəmbər (s) buyurdu: «Ya Əli, bu şəxs Əmr ibn Əbdüvəddir». Həzrət Əli (ə) ərz etdi: «Mən də Əli ibn Əbu-Talibəm». Həzrət Peyğəmbər (s) Əlinin (ə) başına əmmamə qoydu, kəmərinə qılınc bağladı və buyurdu: «Get Allah səni qorusun». Sonra başını qaldırıb riqqətlə dedi: «Pərvərdigara, bu döyüş meydanında əmim oğlunu tənha qoyma».
Əmr rəcəz oxuyaraq müsəlmanları döyüşə çağırırdı. Bu vaxt həzrət Əli (ə) pusqudan ovunun üstünə sıçrayan qəzəbli şir tək sür’ətlə Əmrə doğru hərəkət etdi. Həzrət düşmənin rəcəzinə ədəblə cavab verdi.
Özünü adlı-sanlı ərəb qəhrəmanı sayan Əmr həzrət Əliyə (ə) həqarətlə baxdı və dedi: «Məgər səndən başqa behişt istəyən yoxdur? Mən sənin atan Əbu-Taliblə dost idim. Səni əlimdə qanadları qırılmış quş tək çırpınan görmək istəmirəm. Məgər bilmirsənmi ki, mən Əmr ibn Əbdüvəd, böyük ərəb qəhrəmanıyam?!»
Həzrət Əli (ə) buyurdu: «Mən səni əvvəlcə tövhid və İslama də’vət edirəm. Əgər bunu qəbul etmirsənsə, gəldiyin yolla da qayıt, Peyğəmbərlə döyüşdən çəkin».
Əmr dedi: «Mən öz ata-babamın yolundan (bütpərəstlikdən) əl götürmərəm. Əgər döyüşsüz geri qayıtsam, Qüreyş qadınları mənə istehza edər». Həzrət Əli (ə) buyurdu: «Onda atdan düş, vuruşaq. Mən səni Allah yolunda öldürmək istəyindəyəm».
Əmr qəzəbləndi və atdan düşdü. Əli ilə üzbəüz dayananda həzrət Peyğəmbər buyurdu: «İman və küfr tam halda mübarizəyə qalxmışdır». Doğrudan da, belə idi. Həzrət Əli (ə) imanın özü, bəlkə bütünlüklə iman idi. Əgər həmin gün həzrət Əli (ə) olmasaydı, İslamdan ad qalmazdı. Əmr də şirk və küfrün nümayəndəsi, Qüreyşin gözünün işığı sayılırdı.
Nəhayət, bu iki mübariz bir-birinə elə hücum etdi ki, toz-duman havaya qalxdı. Ətrafdakılar onları aydın görə bilmirdi. Əmrin zərbəsi həzrət Əlinin (ə) sipərini ikiyə böldü. Həzrətin başı da yaralanmışdı. Amma Əlinin (ə) cavab zərbəsi Əmrin həyatına son qoydu. Həzrətin təkbir səsi göyə ucaldı. Əlinin təkbir sədasından mə’lum oldu ki, Əmr öldürülmüşdür. Əmrin ölümü isə Qüreyşin qəti məğlubiyyəti demək idi. Əmr ibn Əbdüvədin bacısı bu döyüş haqqında belə bir şe’r oxumuşdur:
İki şir döyüşdü, hər biri taysız,
Sanki buludlardan zərbə yağırdı.
Ey Əli, beləsin yendirməmişdin,
Əlbət ki, bu uğur başqa uğurdu.
Qüreyş öz qəhrəmanının məğlubiyyətindən sonra xar oldu. Bu məğlubiyyət onları rüsvay etdi. Həzrət Əli (ə) Əmrin başını Peyğəmbərin hüzuruna gətirdiyi vaxt Peyğəmbər (s) buyurdu: «Xəndək günü Əlinin (ə) zərbəsi səqələynin ibadətindən əfzəldir». Bə’ziləri isə Peyğəmbərin belə buyurduğunu nəql edirlər: «Xəndək günü Əlinin Əmrə vurduğu qılıncın mükafatı cin və insin ibadət mükafatından üstündür».
Bəli, düşmənin ən e’tibarlı sütununu Əlinin (ə) qılıncı qırdı. Beləcə, növrəstə İslam müşriklərin şərindən xilas oldu. Həmin gün həzrət Əli (ə) olmasaydı, bütün müsəlmanları pərən-pərən salmaq üçün təkcə Əmr kifayət edərdi. O özü deyirdi ki, İslamı tarixin səhifəsindən çıxarasıdır. Bəli, qiyamət gününədək İslamın mövcudluğu xəndəyi adlamış Əmr və onun yoldaşlarını dizə çökürən zərbənin girovundadır. Əmrin və onun yoldaşlarının qətlə yetirilməsi ilə müşriklərin döyüş ruhiyyəsi qırıldı və aralarında qorxu hakim oldu. Bundan əlavə, Allahın əmri ilə güclü bir tufan qopdu və dəhşətə düşmüş Qüreyş Əbu-Süfyanın əmri ilə yubanmadan Mədinəni tərk edib Məkkəyə üz tutdu.
Xəndək döyüşündən sonra həzrət Peyğəmbər əhdi sındırıb müşriklərlə həmkarlıq etmiş bəni-Qürəyzə tayfasını tənbeh etmək qərarına gəldi. Bu tayfa zahirdə müsəlmanlarla peyman bağlayır, əslində isə Qüreyşlə həmkarlıq edirdi. Həzrət Peyğəmbər (s) onlarla döyüşə Əlini (ə) göndərdi. İyirmi beş günlük mühasirə və vuruşdan sonra bəni-Qürəyzə tayfasının fitnəkarlığına son qoyuldu. Müsəlmanlar Mədinə ətrafındakı yəhudilərin şərindən xilas oldular.

XEYBƏR DÖYÜŞÜ
Xeybər kəlməsi qala, möhkəm hasar deməkdir. Mədinədən 120 kilometr şimalda yəhudilərin sakin olduğu bir məntəqə vardı. Buranın sakinləri bir neçə möhkəm qalada yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları vardı. Bu qalaların hər birinin öz adı vardı. Bu yeddi qüllədən ən məşhuru «Naim» və «Qəmus» idi.
Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı dörd minlə iyirmi min arasında olmuşdur. Bir şey qətidir ki, yəhudilər müsəlmanlardan bir neçə dəfə artıq olmuşlar. Çünki həmin dövrdə müsəlmanların sayı min altı yüzü keçmirdi.
Hicri yeddinci ildə həzrət Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər. İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Səhəri gün yuxudan oyanan qala sakinləri müsəlmanları Xeybər ətrafında gördülər. Onlar müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar. Həzrət Peyğəmbər iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri çəkildilər».(«İrşad» 1-ci cild, 2-ci bab, 16-cı fəsil.)
İbn Əbil-Hədid Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:
Hər nəyi unutsam, unutmaram mən,
Qaçmaq günah ikən qaçdız səhnədən.
Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: «Sabah bayrağı bir şəxsə verəcəyəm ki, Allah və Peyğəmbəri (s) onu dost tutur, o da Allah və Onun Peyğəmbərini dost bilir. O bir kəsdir ki, həmişə hücum etmişdir və Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır». Həzrət Peyğəmbərin bu sözləri hamını təəccübləndirdi. Görən sabah qələbə çalacaq kəs kim idi?
Əlinin (ə) misilsiz qəhrəmanlığı hamıya mə’lum olduğu halda, əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Amma bir nöqtəni də qeyd etmək lazım gəlir ki, həmin vaxt həzrət Əlinin (ə) gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı ehtimal olunmurdu. Bu baxımdan Peyğəmbərin həzrət Əli (ə) haqqında danışdığını anlamayanları üzürlü hesab etmək olar.
Nəhayət, və’d olunmuş gün gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: «Əli haradadır?» Ərz etdilər ki, Əlinin (ə) gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya gətirin». Müsəlmanlar Əlinin (ə) çadırına gedib, Peyğəmbərin əmrini ona çatdırdılar.
Həzrət Əli (ə) dərhal yerindən qalxdı və həzrətin xidmətinə tələsdi. Həzrət Peyğəmbər (s) Əlidən (ə) halını soruşdu. Əli (ə) bildirdi ki, başım və gözlərim ağrıyır. Həzrət Peyğəmbər onu qucaqladı və ağzının mübarək suyundan Əlinin (ə) gözlərinə çəkdi. Həzrət Əli (ə) özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və gözağrısı görmədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli, bizim komandanların əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Həzrət Əli (ə) yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu. Peyğəmbər (s) buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi təsdiq edənədək vuruş».
Həzrət Əli (ə) ovuna qarşı arxayınlıqla hərəkət edən şir tək Xeybər qalasının divarlarına yaxınlaşdı. Bayrağı yerə sancdı. Öz adamlarını divarların fəthi üçün hazırladı. Bu vaxt Xeybərin şücaətli döyüşçülərindən bir qrupu çıxıb həzrət Əli (ə) və onun dəstəsinin üzərinə hücum etdi. Şiddətli döyüş başladı. Həzrət bir neçə hücumla yəhudiləri qaçmağa məcbur etdi. Düşmən döyüşçüləri özlərini qalaya çatdırıb qapıları bağladılar. Şücaəti ilə tanınan qala rəisi Haris Əlinin (ə) qalaya daxil olmasının qarşısını almaq istədi. Amma həzrət bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın ən adlı-sanlı döyüşçüsü Mərhəb Xeybəri qardaşının qanını almaq üçün meydana atıldı.
Mərhəb qəribə bir pəhləvan idi. O iki zireh geyinər və bir neçə əmmamənin üzərindən polad dəbilqə qoyardı. Dəbilqədə dəyirman daşına oxşar daşı yerləşdirdiyindən qılınc zərbələri onun başına tə’sir etməzdi.
Bu şəxs ilə Əli arasındakı döyüşdə İslam qəhrəmanının onun başına enən zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar. Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə hücum etdi. Amma həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə qalanın qapılarını bağlamağa məcbur oldular.
Həzrət Əli (ə) öz fövqəl’adə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı. Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi. Şeyx Müfid Əbdüllah Cədəlidən belə nəql edir. Əmirəl-mö’minin (ə) deyirdi: «Xeybərin qapısını çıxardıqdan sonra onu özümə sipər edib yəhudilərlə döyüşdüm. Onları məğlub etdikdən sonra qapını qala ətrafında qazılmış xəndəyin üzərinə qoyub onun üzərindən keçdim. Müsəlmanlar da xəndəyi adladılar. Geri qayıdan zaman həmin qapını yetmiş müsəlman güclə qaldırdı. Şair bu barədə yazır:
Yəhudla amansız savaş zamanı
Qaldırdı Xeybərin ağır qapısın.
Qapını qaytaran yetmiş kişinin
Hamı aşkar gördü işdə cəfasın.
Xeybər döyüşündə həzrətin savaşı, qalaların fəthi, adlı-sanlı yəhudi döyüşçülərinin məğlub edilməsi, xüsusi ilə qala darvazasının həzrət tərəfindən çıxarılıb atılması bir daha sübut edir ki, kimsədə belə bir hünər görünməmişdir. Uyğun hadisə haqqında bir çox qəsidələr qoşulmuşdur. İbn Əbil-Hədid bir qəsidədə deyir:
Qırx dörd əlin aça bilmədiyini
Ey qoparıb atan qəhrəman Əli.
Xeybər döyüşü başa çatdıqdan sonra həzrət Peyğəmbər yəhudilərin istəyi ilə onlarla sülh bağladı. Fədək müsəlmanlara verildi və orada sakin olan yəhudilər öz var-dövlətlərinin yarısını Peyğəmbərə göndərdilər. Fədək yalnız sülh bağlandığı vaxt heç bir tələb olmadan yəhudilərin razılığı ilə həzrət Peyğəmbərə bağışlandı. Ona görə də Fədək Peyğəmbərin özünə, qalan bütün qənimətlər isə müsəlmanlara çatdı. Xeybərdən geri dönərkən itaətsizlik göstərən bə’zi yəhudi qəbilələri də tənbeh olundu. Onlar da müsəlmanlara boyun əyməyə məcbur oldular. Beləcə, müsəlmanlar yəhudilərin fitnələrindən xilas oldular və Mədinə şəhərində əmin-amanlıq bərpa edildi.

Ardı var...

Müəllif: Fəzlullah Kompani 

Category: Tarix | Baxış: 1077 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]