Bazar günü, 2024-12-22, 9:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 4 » Əli əleyihissalam kimdir? (15)
10:26 AM
Əli əleyihissalam kimdir? (15)
HƏZRƏT ƏLİ (Ə) HAQQINDA BAŞQALARININ NƏZƏRİ
Böyük mö’təzilə alimi «Nəhcül-bəlağə»nin şərhində deyir: «Fəziləti və üstünlüyü alimlər tərəfindən e’tiraf olunmuş bir şəxs haqqında nə deyim? Kimsə onun fəzilətini pərdələyə bilmədi. Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar. Ona görə də həqiqətləri təhrif etdilər, onda eyb axtardılar. Hətta minbərlərdən ona lə’nət oxudular. Onu dustaq edib, şəhadətə yetirdilər.».
Həzrət Əlinin (ə) fəzilətini düşmənlər də inkar edə bilməmişdir. Hətta hiyləgər Əmr As da həzrətin tə’rifində qəsidələr yazmışdır:
Ona çəkdiyimiz dağlar üzündən
Cəhənnəmdə yanasıyıq sən və mən.
Ən məşhur sünni təfsirçilərindən olan Carullah Zəməxşəri yazır: «Qüdsi hədisdə Allah-təala buyurur: «Əliyə (ə) itaət edən şəxs mənə itaət etməmiş olsa da, onu behiştə daxil edərəm. Əliyə (ə) itaətsizlik göstərən şəxs mənə itaət etsə də, onu cəhənnəmə ataram». Hənbəli firqəsinin qabaqcılı olan Əhməd ibn Hənbəl deyir: «Həzrət Əliyə (ə) nəsib olan fəzilətlər Peyğəmbər səhabələrindən kimsəyə nəsib olmamışdır».
Məşhur ingilis tədqiqatçısı Karlayl deyir: «Bizim onu dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur».
ƏLİDƏN (Ə) QEYRİLƏRİNİN İMAMƏTİNİN İNKARI
Həzrət Peyğəmbərdən sonrakı üç xəlifənin İslamdan qabaqkı dövrdə kafir olması kimsədə şübhə doğurmur. Həzrət Əli (ə) isə fitrətən müvəhhid olmuş, həzrət Peyğəmbərə (s) birinci iman gətirmişdir. Bu onun fəzilətini o birilərindən qat-qat üstün edir. Abdullah ibn Məs’uddan belə bir rəvayət nəql olunur: «Həzrət Peyğəmbər buyurmuşdur: «İbrahimin» Pərvərdigara, məni və övladlarımı bütpərəstlikdən uzaq et» duası mənim və Əlinin (ə) halına şamildir. Heç birimiz heç vaxt bütpərəst olmamış, bütə səcdə etməmişik. Nəticədə Allah-təala məni Peyğəmbərliyə, Əlini (ə) isə canişinliyə seçmişdir.(«Mənaqibe-İbn Məğazi» səh. 276.)
İkincisi, həmin üç xəlifə İslamı qəbul etdikdən sonra da zülmə yol vermişdir. Xəlifələr xilafət məsələsində Allahın göstərişinə açıq-aşkar müxalif çıxaraq, həmin məqamı qəsb etmişlər. Mö’təbər sünni kitabları sayılan «Səhihe-Müslim»də və «Səhihe-Buxari»də nəql olunur ki, həzrət Peyğəmbər dünyasını dəyəşdikdən sonra onun qızı Fatimə (s) Əbu-Bəkrin yanına gedib atasının irsini tələb etdi. Əbu-Bəkr dedi: «Peyğəmbər buyurub ki, biz peyğəmbərlərdən irs qalmır və hər nə qalırsa, sədəqədir». Bu rəvayətdə Əbu-Bəkrin Fatiməni irsdən məhrum etməsi açıq-aydın görünür. Hansı ki, onun bu hərəkəti Qur’ana zidd idi. Çünki Qur’anda peyğəmbərlərin övladlarına irs qoyması aşkar təsdiq edilən bir həqiqətdir. Qur’ani-Kərimdə buyurulur: «Süleymana atası Davuddan irs qaldı». («Nəml» surəsi, ayə 16.) Əbu-Bəkr öz mövqeyini sübuta yetirmək üçün yalançı şahidlər tutdu. Hansı ki, həzrət Fatimə (s) «Təthir» ayəsinə əsasən mə’sum idi. Onun iddiasının rədd olunması Allah sözünün rədd olunması sayılırdı.
Başqa bir tərəfdən həzrət Fatimənin (s) şahidi həzrət Əli (ə) idi. Hansı ki, həzrət Əli (ə) Fatimənin əri olduğu üçün Əbu-Bəkr tərəfindən qəbul edilmədi. Əbu-Bəkr zəkatın Qur’anda göstərilmiş tə’yinatına da əl qatdı. Bu məsələ ilə yaxından tanış olmaq üçün «Əl-Cəvahiratun-nəyyirə» hənəfi kitabına müraciət edin.
Ömər də eynən Əbu-Bəkr kimi Allahın qoyduğu hədləri pozurdu. Qur’ani-Kərimdə müvəqqəti nikah halal sayıldığı halda Ömər öz xilafəti dövründə onu haram bildirdi. Peyğəmbər (s) dövründə halal olmuş bir iş Ömərin dövründə haram sayılmağa başladı. Hansı ki, dində dəyişiklik etmək açıq-aşkar bid’ət idi. Ömərin şəriət hökmlərində apardığı dəyişikliklərdən biri də dəstəmazla bağlı idi. Onun göstərişi ilə adamlar məsh çəkmək əvəzində ayaqlarını yumağa başladılar.
Osmanın ilahi göstərişlərlə müxalifətçiliyini isə sübut etməyə ehtiyac yoxdur. Bu insan işi elə bir yerə çatdırdı ki, müsəlmanlar onun evinə hücum edib, qətlə yetirdilər. Hər üç xəlifənin Qur’an və Peyğəmbər sünnəsi ilə müxalifətçiliyi haqqında yetərincə mə’lumat vardır. Amma kimsə həzrət Əlinin (ə) ilahi göstərişlərə əl qatdığını iddia edə bilməz. Xəlifələrin özlərinin də dini mübahisəli məsələlərdə Əliyə (ə) üz tutması, ondan yardım istəməsi deyilənlərin əyani sübutudur.
SÜNNƏ ƏHLİNİN DƏLİLLƏRİNİN İNKARI
Birinci dəlil: Sünni alimləri iddia edirlər ki, Əbu-Bəkr hicrət zamanı fədakarlıq göstərdiyi üçün xəlifəliyə daha layiqli idi.
Birinci dəlilin inkarı: Hicrət zamanı Əbu-Bəkrin Peyğəmbərlə (s) birlikdə Məkkədən çıxması onların təsadüfi görüşü nəticəsində olmuşdur. Təbəri öz tarix kitabının üçüncü cüz’ündə bu görüşün təsadüfi olduğunu bildirir. Bundan əlavə, ünsiyyət, yoldaşlıq fəzilət əlaməti deyil. Həzrət Yusif zindanda iki kafirlə birlikdə qalmışdı. Göründüyü kimi, əqidəcə düşmən olan insan da yoldaş ola bilər.
İkinci dəlil: Sünni alimləri iddia edirlər ki, Peyğəmbər xəstələndiyi vaxt Əbu-Bəkr pişnamaz dayandığından onu daha fəzilətli hesab etməliyik.
İkinci dəlilin inkarı: Əgər müsəlmanlara pişnamaz dayanmaq xəlifəlik me’yarı sayıla bilərsə, onda xəlifəliyə İtab ibn Üsəyd seçilməli idi. Çünki Məkkənin fəthi zamanı həzrət Peyğəmbər Məkkədə olduğu halda İtab camaat namazında imam dayanmışdı. Bundan əlavə, Peyğəmbər (s) xəstələndiyi vaxt pişnamaz dayanmaq üçün Əbu-Bəkri göndərməmişdi. Əbu-Bəkr özbaşına olaraq Bilalın azan səsindən sonra namazda pişnamaz durmuşdu. Hansı ki, Əbu-Bəkrin pişnamaz dayandığını eşidən Peyğəmbər (s) yataqdan qalxıb məscidə tələsmişdi.
Üçüncü dəlil: Sünni mənbələrində nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Məndən sonra bu iki nəfərə (Əbu-Bəkr və Ömərə) iqtida edin».
Üçüncü dəlilin inkarı: Əgər bu hədisi düzgün saysaq, sünni mənbələrində həzrət Əli (ə) haqqında nəql olunmuş hədislərin taleyi necə olmalıdır? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) həm Əbu-Bəkri, həm də Əlini (ə) özü üçün canişin tə’yin etsin? Əgər Peyğəmbər (s) bu iki nəfəri rəhbər tə’yin etmişdisə, nə üçün Səqifədə altı nəfərdən ibarət şura toplandı? Doğrudan da, Peyğəmbərin belə buyurduğu vardısa, nə üçün Əbu-Bəkr ətrafdakı adamlar tərəfindən seçilməli idi?
Sünni alimlərinin söhbətlərində və yazılarında bu sayaq dəlillər kifayət qədərdir. Bütün bu yanlış dəlillər şiə alimləri tərəfindən yetərincə cavablandırılmışdır.

Ardı var....

Müəllif: Fəzlullah Kompani     
Category: Tarix | Baxış: 939 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]