Bazar günü, 2024-12-22, 10:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 29 » Əli əleyihissalam kimdir? (14)
8:35 PM
Əli əleyihissalam kimdir? (14)
HƏZRƏTİN İMAMƏTİ HAQQINDA
Həzrət Peyğəmbərin vəfatından sonra onun canişini olaraq İslam ümmətinə rəhbərlik üçün imamın mövcudluğu bütün firqələrin qəbul etdiyi bir həqiqətdir.Çünki heç bir qurum və cəmiyyət rəyasətsiz və rəhbərsiz yaşaya bilməz. Amma belə bir sual yaranır ki, Peyğəmbərin canişini kim ola bilər? Bu şəxsdə hansı xüsusiyyətlər olmalıdır? Sünnə əhli belə qəbul etmişdir ki, Peyğəmbərdən sonra müsəlmanlara rəhbər xalq tərəfindən seçilməlidir. Xalq tərəfindən seçilmiş xəlifənin isə mə’sumluğundan günahsızlığından danışmağa dəyməz. Beləcə sünni əqidəsinə görə İslami xilafət dünyəvi hakimiyyətlə bir sırada dayanır. Sadəcə, xalq tərəfindən seçilmiş rəhbər Quran pirinsiplərinə əsaslanır.
Şiə əqidəsinə görə isə Peyğəmbərdən sonra imamət məqamı ilahi bir məqamdır. Həzrət Peyğəmbər Allah tərəfindən göndərildiyi kimi, imam da Allah tərəfindən tə’yin olunmalıdır. Rəhbər əxlaqi fəzilətlərə malik olmaqla yanaşı, həm də pak olmalıdır. Onun paklığı və günahsızlığı ilkin şərt sayılır. Pak adamı tanımaq isə xalqın işi deyil. Ona görə də xəlifə seçimində müsəlmanların iştirakı şərt sayılmır. Hətta xalqın bir şəxsə tabe olması da həmin şəxsin imamət dəlili deyil.
İmam sözünü lüğət mə’nasında hər bir rəhbərə aid etmək olar. Məsələn, cəmiyyət namazında pişnamaz dayanan şəxs də imam adlanır. Hətta küfür başçılarına da imam demək olar.
Amma kəlam elmi baxımından imamət dedikdə Peyğəmbərin (s) ilahi canişininin rəhbərliyi nəzərdə tutulur. Belə bir rəhbərə itaət etmək hamının vəzifəsidir. Belə ki, Peyğəmbərin (s) canişini Qur’an pirinsipləri əsasında hakimlik etməli, maarif və dini əhkamı xalqa çatdırmalı, mə’nəvi həyatın dirçəlişinə başçılıq etməlidir.
Şiələrin imamət məsələsində başqa bir dəlili Allahın lütfüdür. Allah bəşəriyyətə lütf göstərərək Peyğəmbərini göndərmişdir. Allah heç zaman yaratdığı bəşəri ilahi rəhbərsiz qoymur. Allah-təala Qur’ani-kərimdə buyurur: «Allah mö’minlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər».("Ali-İmran" 164)
Lütf dəlilini sünnə əhli Peyğəmbərə (s) münasibətdə qəbul edir. Allahın lütfü kamil olmasına baxmayaraq, onlar imama münasibətdə bu həqiqəti inkar edirlər. Hansı ki, ilahi lütfə əsasən, Peyğəmbərdən sonra imam Allah tərəfindən tə’yin edilməlidir. Peyğəmbər (s) öz həyatı dövründə imamı xalqa tanıtdırmalıdır. Bu məsələ Qədire-Xumda nazil olmuş təbliğ ayəsi vasitəsi ilə də təsdiqlənir. Xacə Nəsirəddin Tusi «Təcridul-e’tiqad» kitabında imamət məsələsinin bir lütf olduğunu təsdiqləyir.
Lütf dəlilindən savay bir çox Qur’an ayələri də ilahi imamət və xilafətin gerçəkliyini təsdiq edir. Məsələn, ayələrdən birində belə buyurulur: «Sənin Rəbbin mələklərə «Mən yer üzündə bir xəlifə yaradacağam» dedi».("Bəqərə" 30)Başqa bir ayədə Allah həzrət İbrahimə belə buyurur: «Səni insanlara imam tə’yin edəcəyəm». ("Bəqərə" 124)
Ayənin davamında isə belə buyurulur: «Zalımlar mənim imamlığıma nail olmazlar». Ayədən göründüyü kimi Allah yalnız mə’sum insanları imamət, rəhbərlik məqamına seçir. Əllamə Təbatəbai «Əl-mizan» təfsirində yazır: «Qur’anın müxtəlif ayələrindən bu mövzu ilə bağlı aydın olur ki, harada imam adı çəkilirsə, təfsir ünvanında onun ardınca hidayət sözü də zikr olunur. Qur’anda buyurulur: «Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik». ("Ənbiya" 73)
Başqa diqqət yetiriləsi bir mövzu Allahın imamət məqamı haqqında belə buyurmasıdır: «Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini göstərdik ki, tam qənaətlə inananlardan olsun». ("Ənam" 75) Ayədən göründüyü kimi imam yəqin məqamına sahib olmalıdır.
Şiə əqidəsinə görə, mə’sum imamlar həzrət Məhəmmədə (s) qədər olan peyğəmbərlərdən fəzilətlidirlər. Belə bir sual yarana bilər ki, yalnız imamət məqamına malik olan həzrət Əli (ə) İbrahim kimi həm peyğəmbər, həm də imamət məqamına malik olan peyğəmbərdən fəzilətli ola bilərmi? Bu sualın cavabında deyə bilərik ki, imamət məqamının müxtəlif dərəcələri vardır. Peyğəmbərlər də peyğəmbərlikdə eyni dərəcədə olmamışlar. Həzrət Əli (ə) ən kamil imamət məqamına malik olan şəxsdir. Qeyd olunduğu kimi imam yəqin məqamına da sahib olmalıdır. Allah-təala belə insanlara səmaların sirrini açdığını bəyan edir. Həzrət Əlinin (ə) yəqinliyi həzrət İbrahimin yəqinliyindən üstün olmuşdur. Məhz yəqin məqamının üstünlüyü səbəbindən həzrəti İbrahim peyğəmbərdən fəzilətli saya bilərik. Məsələn, İbrahim öz Allahından diləyir ki, ölüləri necə diriltdiyini ona göstərsin. Həzrət Əli (ə) isə belə buyurur: «Əgər bütün hicablar aradan qaldırılsa, mənim yəqinliyimə bir zərrə də əlavə olmaz».
Bu da mə’lumdur ki, İslam Peyğəmbəri (s) bütün ilahi elmlərin tərcümanı olmuşdur. Qur’anda onun haqqında buyurulur: «Ona çox qüvvətli olan öyrətdi». ("Nəcm" 5) Şübhəsiz ki, bu sayaq elmə malik olmayan şəxs həzrət Məhəmmədin (s) yerində otura bilməzdi. Bir sözlə, imamın da Peyğəmbər kimi qüdsi ruhu olmalıdır.
Fərz edin ki, çoxlu xəstəsi olan vicdanlı bir həkim bir müddət səfərə çıxmalı olur. Mə’lum məsələdir ki, o səfərə çıxdığı müddətdə bu xəstələrin həkimə ehtiyacı olasıdır. Ona görə də həmin həkim səfərə çıxmazdan qabaq yerində inandığı bir həkimi qoyur. Həzrət Peyğəmbər (s) ruhların həkimi idi. Necə ola bilərdi ki, o rehlət edəcəyini bildiyi halda yerində başqa bir ləyaqətli canişin qoymayaydı?!
İmam dinin mühafizi, müsəlmanlar arasında nizamın əsası, dünyanın islah səbəbi, mö’minlərin izzətidir. İmamət çiçəklənməkdə olan İslamın köküdür. İmam Allahın halalını halal, haramını haram bilir. O, ilahi hədlərin icrası üçün ayağa qalxır və dini müdafiə edir. İmam nuru bütün yer üzünü bürümüş günəş kimidir. Onun olduğu üfüqə əl çatmır. İmam on dörd gecəlik ay tək nuranidir. O, qaranlıqlarda yol göstərən hidayət ulduzudur. İmam təşnələr üçün şirin sudur. İmam xalq arasında Allahın əmini, qalibidir!
HƏZRƏT ƏLİ (Ə) HAQQINDA NAZİL OLMUŞ QUR’AN AYƏLƏRİ
1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». ("Maidə" 67) Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Qur’an ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sə’ləbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər.
2. «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir». ("Maidə" 55)Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər təsdiqləyirlər.
3. «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».
«Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara Allahdan lə’nət istəyək». (Ali-İmran" 61)Tarixçilər və təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur.
4. «Təthir» ayəsi: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir». ("Əhzab" 33) Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər.
5. «Bəraət» surəsi: Müxtəlif firqə alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü.
6. «Məvəddət» ayəsi: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm». ("Şura" 23) Zəməxşəri, Gənci Şafei və başqa alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə), Fatimə və onların iki oğlu mənim əhli-beytimdir».
7. «Rə’d» surəsinin 43-cü ayəsi: «Onlara belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım Əli (ə) ibn Əbi-Talibdir».("Şəvahidud-tənzil" c.1, səh.307)
Bəli, həzrət Əli (ə) haqqında nazil olmuş ayələrin sayı üç yüzü keçir.
HƏZRƏT ƏLİ (Ə) HAQQINDA PEYĞƏMBƏR (S) HƏDİSLƏRİ
1. «Qədir» hədisi: «Bütün firqələrdən olan məşhur alimlər təsdiq edirlər ki, vida həccindən qayıdan zaman həzrət Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».
2. «Mənzələt» hədisi: «Əhməd ibn Hənbəl, Şeyx Süleyman Bəlxi, İbn Səbbağ Maliki və bir başqa alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».
3. «Yəvmul-inzar» hədisi: «Əksər mö’təbər kitablarda nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».("Tarixe-təbəri" c.2, səh. 217)
4. «Səqələyn» hədisi: «Əksər firqələrin mö’təbər kitablarında nəql olunmuşdur ki, həzrət Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».
5. «Səfinə» hədisi: İbn-Abbas və başqa rəvayətçilər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».
6. «Haqq» hədisi: «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqda Əli (ə) ilə».
Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik.

  Müəllif: Fəzlullah Kompani  

Category: Tarix | Baxış: 1156 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 3
0  
3 GADİR   (2013-11-17 4:23 PM) [Daxil et]
ALLAH  RAZI OLSUN - ƏHLİ BEYT  ANASİNİN  DAVAMÇİSİDAN. 

0  
2 Ənfal   (2013-11-13 10:32 PM) [Daxil et]
GADIR, halaldir

+1  
1 GADİR   (2013-11-13 8:53 PM) [Daxil et]
ALLAH RAZI OLSUN !  ASSALAMUN ALEYKUM VƏ RAHMƏTULLAH.
ALLAHUMMƏ SALLİ ƏLA MUHƏMMƏDİN  VƏ  ALİ MUHƏMMƏD.


HALAL EDIN SURƏTİN GÖTÜRDÜM.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]