Bazar günü, 2024-12-22, 9:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 18 » Əli əleyihissalam kimdir? (13)
7:50 AM
Əli əleyihissalam kimdir? (13)
ƏLİNİN (Ə) YEMƏYİ VƏ GEYİMİ
Bu baxımdan həzrəti kimsə ilə müqayisə etmək mümkünsüzdür. O kəpəyi təmizlənmiş arpa çörəyi yeyərdi. Həzrət Əlinin (ə) süfrəsi kimi sadə bir süfrə tapmaq çətin idi.
Həzrət heç vaxt iki yavanlığı bir vaxtda yeməzdi. Şəhadət gecəsi onun üçün çörək, süd və duz hazırlamış qızı Ümmü-Gülsümə belə buyurdu: «Məgər bilmirsənmi ki, atan bu vaxtadək yalnız bir qəza yeyib? Südü götür, duz kifayət edər». Həzrət Baqir (ə) buyurmuşdur: «And olsun Allaha, cəddim Həzrət Əli (ə) qullar sayaq yeyər, yerdə oturardı. İki köynək alanda qulamına təklif edərdi ki, köynəklərdən birini seçsin. . . Beş illik xilafəti dövründə özü üçün kərpic üstə kərpic qoymadı, qızıl-gümüş toplamadı. Xalqa buğda çörəyi və ət yedirtdi, özü isə arpa çörəyi yedi. İki yaxşı işdən birini seçməli olduqda ən çətinini seçdi. Öz əlinin zəhmət haqqısı ilə minə yaxın qul azad etdi. Bu işdə əli torpağa bulaşdı, çöhrəsi tərə. Kimsədə onun işini görmək qüdrəti yoxdur».("Əmali" 47-ci məclis, 14-cü hədis)
İbn Cövzi yazır: «Bir gün Abdullah ibn Rəzin həzrət Əlinin (ə) evinə getdi. Gördü ki, həzrət bir miqdar ətlə arpanı suda qarışdırıb qaynadır. Abdullah ərz edir: «Ya Əmirəl-mö’minin (ə), bu nə qəzadır yeyirsiniz? Siz müsəlmanların xəlifəsisiniz və bütün beytül-mal əlinizdədir. İxtiyarınız var ki, aclığınızı aradan qaldıracaq həddə güclü xörəklər yeyəsiniz». Həzrət buyurdu: «Müsəlmanların valisi üçün bundan artıq yemək caiz deyil».
Abdullah ibn Əbu-Rafe deyir: «Bir bayram günü həzrətin yanına getdim. Ona ağzı möhürlü bir torba gətirdilər. Torbanın içində quru arpa çörəyi gördüm. Həzrət bu çörəkdən yeməyə başladı. Ərz etdim: «Ya Əmirəl-mö’minin (ə), bu torbanı nə üçün möhürləyirsinz?» Həzrət buyurdu: «Qorxuram ki, Həsən və Hüseyn bu çörəkləri yağla yumşaldalar».
Bəli, həzrət olduqca az və sadə yeyərdi. O buyururdu: «Qarnınızı heyvanat qəbristanlığına çevirməyin».(«Yənabiul-məvəddət» 51-ci bab, səh. 150.)
«Zəxirətul-Muluk» kitabında yazılır ki, bir gün həzrət Əli (ə) Kufə məscidində e’tikaf (oruc halda məsciddə qalmaqla yerinə yetirilən ibadət) etmişdi. İftar vaxtı həzrətin yanına bir ərəb gəldi. Həzrət Əli (ə) torbadan arpa çörəyi çıxardı. Çörəkdən bir qədər ərəbə verdi. Amma ərəb çörəyi yeməyib özü ilə götürdü. Sonra həmin şəxs Həsən və Hüseynin evinə gəlib onlarla birlikdə qəza yedi. O dedi: «Məsciddə bir qərib kişi gördüm. Bu quru çörəkdən başqa bir şeyi yoxdu. Onun halına acıdım. Bu yeməkdən bir qədər aparım ona verim». Həsən və Hüseyn ağladılar və dedilər: «O bizim atamız Əmirəl-mö’minindir (ə). O bu riyazətlə nəfsi ilə cihad edir».(«Yənabiul-Məvəddət» 51-ci bab, səh. 147.)
Bir gün Ədi ibn Hatəm həzrət Əlinin (ə) yanına gedir. Həmin vaxt həzrət qəza yeməyə məşğul imiş. Ədi görür ki, həzrətin süfrəsində bir kasa su, bir parça arpa çörəyi və duz var. Ədi ərz edir: «Ya Əmirəl-mö’minin, gündüzlər bir bu qədər əziyyət çəkir, gecələr ibadətə məşğul olursunuz. Yeməyiniz isə budur». Həzrət Əli (ə) buyurur: «Azğın nəfsi riyazətə adət etdirmək lazımdır ki, tüğyan etməsin».
Varlı bir kişi həzrət Əliyə (ə) bir qədər halva pay gətirir. Həzrət halva olan qabın ağzını açdıqda ondan xoş ətir duyur və buyurur: «Rəngindən və ətrindən mə’lumdur ki, yaxşı dadın var. Amma səni dada bilmərəm. Çünki mənim xəlifəliyim altında elə bir kəs tapıla bilər ki, gecəni ac yatmışdır».
Əhnaf ibn Qeys belə bir rəvayət nəql edir: «Bir gün Müaviyənin yanında idim. Yemək vaxtı çatdıqda onun üçün çeşidli bir süfrə açdılar. Süfrədə min bir ne’mət vardı. Müaviyə qarınqulu adam olduğundan yeməklərə özü xüsusi diqqət yetirər, onların qədərinə və keyfiyyətinə nəzarət edərdi. Mən Müaviyənin süfrəsinə baxıb ağladım. Müaviyə ağlamağımın səbəbini soruşdu. Dedim: «Əlinin (ə) halına ağlayıram. Bir gün onunla birlikdə iftar edirdim. Möhürlü torba gətirdilər. O, torbanı açıb, quru arpa çörəyi çıxardı. Sonra yenidən kisənin ağzını möhürləyib Fizzəyə verdi. Soruşdum ki, ya Həzrət Əli (ə) məgər səndən başqası bu çörəkdən yeyə bilirmi ki, onun ağzını möhürləyirsən? Həzrət Əli (ə) buyurdu: «Torbanı möhürləməkdə məqsədim budur ki, mən olmayanda övladlarım bu çörəkləri yağda yumşaltmasınlar». Müaviyə dedi: «Düz deyirsən, ey Əhnəf. Əli kimi olmaq kimsəyə müyəssər deyil. Kimsə onun fəzilətini inkar edə bilməz».
Həzrətin geyimi də yeməyinə uyğun idi. Paltarları cod parçadan olardı. Hansı ki, bu şəxs Şamdan savay bütün İslam məmləkətinin rəhbəri idi.
O, daim yalın torpaq üstə oturardı. Bu səbəbdən də ona Əbu-Turab (torpaq atası) deyərdilər. Evinin döşənəcəyi həsir idi. Ayaqqabısını özü yamayardı. Başqa işlərini də özü görərdi.
Həzrət Bəsrə valisi Osman ibn Hunəyfə yazdığı məktubda belə buyurur: «Mən sizin imamınız olduğum halda iki nimdaş libas, iki parça çörəklə kifayətlənmişəm. Hansı ki, ipəkdən libas geyməyə, ləziz xörəklər yeməyə imkanım var. Belə ki, nəfs istəkləri mənə qalib gələ bilmir». Həzrət buyurur: «Mən elə yeməklər yeyir, elə geyimlər geyirəm ki, bunu görən fəqirlər öz fəqirliyinə dözə bilsin». Başqa bir vaxtda həzrət belə buyurur: «Mən bilirəm ki, kimsə mənim kimi yaşaya bilməz. Amma imamla mə’mun arasında oxşarlıq da ola bilər. Belə ki, bacardığınız qədər mənim yolumu gedin».
ƏLİNİN (Ə) ƏDALƏTİ VƏ HAQPƏRƏSTLİYİ
Həzrət Əli (ə) haqq və ədalət kişisi idi. Həzrət bu baxımdan o qədər ciddi idi ki, öz sevimli oğlunu həbəş qoşunu ilə bir tuturdu. İmam öz işçilərinə ciddi nəzarət edir, zalımları cəzalandırırdı ki, məzlumların haqqı itməsin. Həzrət buyurur: «Mənim nəzərimdə məzlumlar əziz, sitəmkarlar isə zəlildirlər». Həzrət Əlinin (ə) hökuməti ədalət, təqva, bərabərlik üzərində qurulmuşdu. O öz mühakimələrində yalnız haqqa əsaslanırdı. Heç bir çətinlik onu tutduğu haqq yoldan döndərə bilməzdi. Həzrət bəndələrin haqqına riayət olunmasında özünü Allah qarşısında məs’ul sayırdı. Həzrət sözün əsil mə’nasında ictimai ədaləti bərpa etməyə çalışırdı. Həzrət haqqa münasibətdə ən yaxın adamlarına belə ən kiçik işlərdə güzəştə getməzdi. Onun qardaşı Əqil öz maaşını artırmaq üçün nə qədər çalışdısa da, həzrət müsəlmanların beytül-malına toxunmadı. Həzrət bu məsələ ilə bağlı buyurur: «And olsun Allaha, əgər gecəni tikan üstə başa vursam da, məni tikanlar üstə zəncirləsələr də, bu iş bəndələrə zülm etmiş halda qiyamət günü Allah və onun Peyğəmbəri ilə görüşməkdən yaxşıdır . . . And olsun Allaha, Əqil yoxsulluğun son həddində ikən sizin malınızdan bir qədər buğda istədi. Onun körpələrini səliqəsiz və çirkin halda gördüm. Onların çöhrələri torpağa bulaşıb qaralmışdı. Əqil öz xahişini tə’kidlə təkrarladı. O elə güman edirdi ki, dinimi ona satacaq, öz yolumdan dönəcəyəm. Mən bir parça dəmiri qızdırıb, ona yaxınlaşdırdım ki, ibrət götürsün. Onun ağrısından xəstə tək fəryad çəkdi. Az qaldı dəmirin hərarətindən yansın. Dedim ki, ey Əqil, analar əzanda ağlasın. Sən insanların oyun üçün düzəltdiyi bir parça dəmirə görə nalə çəkirsən. Amma məni Allahın öz qəzəbindən şö’lələndirdiyi oda çəkirsən. Sən bu kiçik ağrıdan nalə çəkirsənsə, mən cəhənnəm odundan nalə çəkməyim?! Bundan da maraqlısı bir şəxsin (Əş’əs ibn Qeys) bir payla yanımıza gəlməsi oldu. Hədiyyə halva idi. Bu halva məndə ikrah yaratdı. Sanki ağız suyu ilə yoğrulmuşdu. Ona dedim: «Bu hədiyyədir, yoxsa zəkat, sədəqə? Sədəqə biz Əhli-beytə haramdır. Dedi: «Yox, nə sədəqədir, nə də zəkat, hədiyyədir». Ona dedim: «Anan əzanda ağlasın, din pərdəsi altda bizi aldatmaqmı istəyirsən?.»
And olsun Allaha, səma altda olanlarla birlikdə yeddi iqlimi mənə versələr ki, arpa qabığı aparan qarışqanın haqqını pozum, bu işi etmərəm. Sizin bu dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında yarpaqdan da dəyərsizdir. Əlinin (ə) ötəri dünya ne’mətləri, davamsız ləzzətlərlə nə işi?!»(«Nəhcül-bəlağə» 215-ci xütbə.)
Abdullah ibn Əbu-Rafe həzrətin vaxtında beytül-malın xəzinadarı idi. Həzrət Əlinin (ə) qızı qurban bayramında iştirak etmək üçün müvəqqəti olaraq Abdullahdan bir boyunbağı götürmüşdü. Həzrət qızının boynunda mirvari boyunbağını görüb, fəryad qopardı: «Bu boyunbağı haradandır?» Qız qorxu içində əsərək ərz etdi: «Bu boyunbağını Əbu-Rafedən bir neçə saatlıq götürmüşəm». Həzrət Əli (ə) Abdullahı çağırıb buyurdu: «Ey Əbu-Rafe, müsəlmanların malına xəyanətmi edirsən?» Əbu Rafe dedi: «Allaha pənah aparıram, əgər müsəlmanların malına xəyanət etmişəmsə!» Həzrət buyurdu: «Necə olur ki, beytül-maldakı boyunbağını məndən icazəsiz, müsəlmanların razılığı olmadan mənim qızıma verirsən?» Əbu-Rafe ərz etdi: «Ya Əmirəl-mö’minin, o sizin qızınızdır. Onu məndən əmanət götürüb. Mən özüm həmin boyunbağıya zaminəm». Həzrət buyurdu: «Elə bu gün onu yerinə qaytar. Məbada ikinci dəfə belə bir iş görəsən. Belə etsən, bil ki, səni cəzalandıracağam. Əgər qızım onu əmanət götürməmiş olsaydı, əli kəsilmiş ilk haşimi qadın olacaqdı». Həzrətin qızı bu sözləri eşidib ərz etdi: «Ya Əmirəl-mö’minin (ə), mən sənin qızınam. Bu şeylərdən istifadə etməkdə məndən də ləyaqətlisi varmı?» Həzrət buyurdu: «Ey Əlinin (ə) qızı, nəfs istəyin səni doğru yoldan azdırmasın. De görüm, bütün mühacir qadınlarmı bayramda belə boyunbağı taxmışdı?» Sonra həzrət boyunbağını ondan aldı və yerinə qaytardı.(«Biharul-ənvar», 40-cı cild, səh. 377.)
Təlhə və Zübeyr həzrət Əlinin (ə) xilafəti dövründə varlı olsalar da, həzrətdən umacaqları vardı. Həzrət onların bu istəklərini təəccüblə qarşılayıb, hansı dəlilə əsaslandıqlarını soruşdu. Ərz etdilər: «Ömərin xilafəti dövründə bizim maaşımız daha çox idi». Həzrət buyurdu: «Deyin görüm, Peyğəmbərin dövründə sizin maaşınız nə qədər idi?» Ərz etdilər: «Başqaları kimi». Həzrət buyurdu: «İndi də sizin alacağınız başqaları qədər olacaq. Mən Peyğəmbərin yolunu gedim, yoxsa Ömərin yolunu?» Həzrətin məntiqi qarşısında cavab tapmayan Təlhə və Zübeyr dedi: «Bizim xidmətlərimiz var». Həzrət buyurdu: «Mənim xidmətlərim sizdən də çoxdur. Mən xəlifə olduğum halda ən fəqir adamla mənim aramda nə fərq görürsünüz?» Bir sözlə, Təlhə və Zübeyr ümidlərini üzüb geri döndülər.
Həzrət Əli (ə) bütün sahələrdə ədaləti qoruyurdu. Həqiqət nəyi tələb edirdisə, onu da yerinə yetirirdi. Onun öz əyalət hakimlərinə göndərdiyi məktublar hüquqi və əxalqi nəsihətlərlə zəngin idi. Mütəxəssislər həzrətin bu məktublarından xeyli istifadə etmişlər. Corci Zeydan «İslam mədəniyyəti tarixi» kitabında belə yazır: «Biz ki, nə Əlini (ə), nə də Müaviyəni görmüşük, onların haqqında necə mühakimə edə bilərik?» Xeyir belə deyil! Həzrət Əli (ə) və Müaviyədən qalmış məktublar on dörd əsr sonra onların haqqında mühakimə yürütməyə ciddi əsas verir.
Müaviyənin öz hakimlərinə yazdığı əksər məktublarından belə görünür ki, onun məqsədi xalqı əsarət altına almaq, var-dövlət toplamaq olmuşdur. Hakimlər xalqdan topladıqları məbləğin bir hissəsini özlərinə götürür, bir hissəsini isə Müaviyəyə göndərirdilər. Həzrət Əli (ə) isə bütün məktublarında öz hakimlərini pərhizkar olmağa, Allahdan qorxmağa, namaz və digər vacib əməlləri yerinə yetirməyə, oruc tutmağa, əmr be mə’ruf və nəhy əz münkərə, yoxsullarla mərhəmətli davranmağa, fəqirlərdən muğayət olmağa, imkansızlardan xəbərsiz qalmamağa çağırır. Həzrət tabeliyində olanlara bildirir ki, Allah onların bütün əməllərini görür və həyatın sonu bu dünyadan köçdür.(«Nəhcül-bəlağə nədir?» səh. 3.)
Dar baxışlı insanlar belə düşünürlər ki, həzrət Əli (ə) siyasətçi olmamışdır. Onlar həzrətin Müaviyəni işdən dərhal kənarlaşdırmamasını, altı nəfərlik şurada Əbdürrəhman ibn Ovfun təklifi ilə razılaşmamasını, Süffeyn döyüşündə Əmr Ası azad buraxmasını onun siyasətlə tanış olmaması ilə izah edirlər. Amma unutmaq olmaz ki, həzrət Əli (ə) səxavətli, nəcib, mərhəmətli, haqq-ədalət tərəfdarı olan bir insan idi. O, xalqa Müaviyə və onun kimi dünyapərəstlər tək rəhbərlik edə bilməzdi. Çünki həzrətin xilafəti ilahi bir xilafət idi. Bu xilafətdə ilahi əxlaq, haqq-ədalət prinsipləri əsas götürülmüşdü. Hiylə işlətmək, tələ qurmaq həzrət Əliyə (ə) yaraşmayan işlər idi. Onun belə yollara əl atmaması bu işləri bacarmaması demək deyildi. Həzrət özü bu barədə buyurur: «And olsun Allaha, Müaviyə məndən zirək, bacarıqlı deyil. O sadəcə hiylə işlədir, günaha batır». Başqa bir məqamda həzrət buyurur: «Əgər təqva olmasaydı, mən bütün ərəbdən zirək olardım. Amma Əlini (ə) başdan ayağa haqqın təcəllası bürümüşdü. O, haqqı deyirdi, haqqı görürdü, haqqı axtarırdı, haqqı müdafiə edirdi.
Həzrət Əlinin (ə) ədaləti haqqında belə bir əhvalat nəql olunur: «Əmarə Həmdaninin qızı Sudə həzrət Əlinin (ə) şəhadətindən sonra Müaviyəyə onun hakimi Bosr ibn Ərtatdan şikayət etdi. Müaviyə onu Siffeyn döyüşündə Əlini (ə) müdafiə etdiyi üçün qınadı və dedi: «İstəyin nədir ki, bura gəlmisən?» Sudə dedi: «Bosr bizim var-dövlətimizi aldı, kişilərimizi öldürdü. Sən Allah yanında hakimlərinə görə məs’ulsan. Biz nizam-intizamı qorumaq üçün sənə görə ona toxunmadıq. İndi mənim şikayətimə baxsan, sənə təşəkkür edərik, yoxsa səndən üz döndərərik». Müaviyə dedi: «Ey Sudə, məni hədələyirsən?» Sudə başını aşağı salıb dedi:
Ya Rəbb, salam göndər sən o kəsə ki,
Ədalət dəfn oldu onunla sanki.
Müaviyə soruşdu: «Kimi nəzərdə tutursan?» Sudə dedi: «And olsun Allaha, o Əmirəl-mö’minin Əli (ə) idi. Onun xilafəti dövründə bir nümayəndəsi ədalətdən kənar rəftar etdiyi üçün həzrətin yanına şikayətə getdim. Xidmətinə çatdığım vaxt həzrət namaz üçün müsəllada dayanmışdı. Təkbir demək istədiyi vaxt məni görüb dayandı və mehribanlıqla gəlişimin səbəbini soruşdu. Mən onun nümayəndəsinin ədalətsizliyi haqqında danışdım. Bu sözləri eşitdikdə həzrətin gözləri yaşardı, üzünü göyə tutub dedi: «Ey qahir və qadir Allah, Sən bilirsən ki, mən həmin şəxsi xalqa zülm-sitəm üçün göndərməmişəm». Sonra cibindən bir dəri parçası çıxarıb həmin nümayəndəyə məzəmmətli bir məktub yazdı. Əmr etdi ki, həmin şəxs bir daha xalqın qapısına getməsin və onun yerinə bir başqası göndəriləcək.
Müaviyə bu sözləri eşitdikdən sonra katibinə göstəriş verdi ki, Bosra məktub yazsın. Müaviyə məktubunda Bosra əmr edirdi ki, Sudənin qəbiləsindən aldığı mal-mülki onlara qaytarsın.(«Kəşful-ğəmmə» səh. 50.)
Bəli, həzrət Əli (ə) öz hakimlərinə yazdığı bütün məktublarda onları ədalətə çağırırdı. Bunu Corci Zeydan da öz kitabında təsdiq edir. Əgər həzrətin hakimiyyəti uzun çəksəydi, onun beş illik hakimiyyəti dövründə daxili müharibələr, hərc-mərclik olmasaydı, müsəlman cəmiyyətinin vəziyyəti başqa cür olardı. Çünki həzrətin hakimiyyət üsulu ədalətin zahiri bir nümunəsi idi. Bu mövzunu daha da aydınlaşdırmaq üçün həzrətin Malik Əştərə yazdığı əhdnaməyə nəzər salaq: «Ey Malik, səni elə bir yerə göndərmişəm ki, orada səndən qabaq zalımlar hakimlik edib. Xalq sənin işinə elə baxır ki, sən əvvəlki hakimlərin işinə elə baxırsan. Sən əvvəlkilərin haqqında nə deyirsənsə, onlar da sənin haqqında onu deyirlər. Sən yaxşıları Allahın onlar haqqında xalqın dilinə gətirdiyi sözlərlə tanıyarsan. Ona görə də sənin üçün ən yaxşı ehtiyat yaxşı əməl olsun. Ey Malik, nəfs istəklərinin cilovunu əlinə al. Nəfsini caiz və halal olmayan şeylərdən qoru. Nəfsin istəyib-istəmədiyi şeylərdə xəsislik etmək ədalət və insafdır. Xalqla qəlbən mehriban ol, onlarla xoş və dostcasına rəftar et. Onları parçalamağı qənimət sayan heyvan kimi rəftar etmə. Çünki onlar iki dəstədirlər: Ya din qardaşlarındır, ya da sənin kimi Allah məxluqlarıdır. Onlardan xətalar baş verir, bilərəkdən və ya bilməyərəkdən günaha yol verirlər. Buna görə də onları bağışla. Necə ki, özünün bağışlanmağını istəyirsən. Çünki sən onların rəisisən. Səni onlara hakim tə’yin edən səndən yuxarıdır. Allah isə səni vali tə’yin edəndən də uca və üstündür. Allah səndən onların istəklərini yerinə yetirməyini gözləyir və onları sənin üçün imtahan qərar vermişdir.
Ey Malik, məbada Allahla döyüşə çıxasan. Çünki nə Onun qəzəbi qarşısında durmaq qüdrətin var, nə də mərhəmətindən ehtiyacsızsan. Başqalarını bağışladığın üçün peşiman olma. Başqalarına verdiyin cəza səni sevindirməsin. Udmaqla ucalacağın qəzəbə tələsmə. Sən deməməlisən ki, mənə əmirlik verilib, mən göstəriş verirəm. Çünki bu üsul qəlbin xarabalığına, dininin zəifləməsinə, hadisələrin yaxınlaşmasına və ne’mətlərin əvəz olmasına səbəb olar.
Ey Malik, hakimlik sənə qürur gətirəndə səndən uca olan Allahın əzəmətinə, özünə münasibətdə onun qüdrətinə, gücün çatmayacaq işlərə nəzər sal. Bil ki, belə bir baxış və düşüncə sənin azğınlığını və təkəbbürünü azaldar».
Göründüyü kimi, həzrət Əlinin (ə) bütün göstərişləri təqva, ədalət, haqpərəstlik, mehribanlıq haqqındadır. Həzrət (ə) təkcə Malikə belə tövsiyə verməyib. O bütün hakimlərinə bu sayaq nəsihətlər buyurmuşdur.
ƏLİNİN (Ə) MƏHƏBBƏTİ VƏ CAZİBƏSİ
Hər bir cəmiyyətin möhkəmliyi ondakı fərdlər arasındakı məhəbbət və cazibədən asılıdır. Məhəbbət və cazibə isə pak və sağlam qəlbdə tərbiyə oluna bilər. Bu sifətlərə malik olan insan başqalarına canıyananlıq göstərir, hətta onların asayişini öz rahatlığından üstün tutur. Həzrət Əli (ə) məhəbbət və cazibə məzhəri idi. O əzab-əziyyət çəkir, işləyir, alın təri axıdır, nəhayətdə öz zəhmətinin qazancını yoxsullara və imkansızlara sərf edirdi.
Həzrət Əli (ə) ehtiyaclılar üçün böyük bir sığınacaq idi. O, yetimlərə ata, dul qadınlara yardımçı, zəiflərə arxa idi. Xilafət dövründə gecələr evdən çıxar, qaranlıqda miskinlərə və kimsəsiz qadınlara xurma və çörək aparardı. Həzrət götürdüyü azuqə və pulu özünü tanıtdırmadan paylayırdı. Bu xeyirxah insanı kimsə tanımazdı.
Həzrət harada bir yetim görərdisə, mehriban ata tək nəvazişlə onun başını sığallayar, yemək və geyim alardı. Həzrət bir gün küçə ilə getdiyi vaxt çiynində məşk aparan bir qadın görür. Məşkin ağırlığından qadın ikiqat əyilmiş vəziyyətdə olur. Həzrət bu səhnəyə dözə bilməyib, məşki qadından alıb onun yanına düşür və bu ağır yükü mənzil başına çatdırır. Həzrət qadından dolanışıq vəziyyəti barədə soruşur. Qadın isə həzrəti tanımdan deyir: «Ərimi Əli (ə) döyüşə göndərdi, o da şəhadətə çatdı. Mən özümü və balalarımı saxlamaq üçün camaatın qapısında işlməyə məcburam». Qadının sözləri həzrət Əlini (ə) silkələyir. Sübh açılan kimi böyük bir zənbili buğda və xurma ilə doldurub qadının evinə aparır və deyir: «Mən dünən sənin məşkini götürən adamam». Qadın azuqəni alıb həzrətə təşəkkür edir və deyir: «Mənim övladlarım, yetim, başsız qaldılar. Əli (ə) ilə mənim aramda Allah özü hesab çəksin!» Həzrət evə daxil olub deyir: «Mən sənə xidmət üçün, savab qazanmaq üçün hazıram. Mən uşaqları saxlayım, sən çörək bişir». Qadın çörək bişirməklə məşğul olur, həzrət Əli (ə) isə dizi üstə oturub yetim uşaqları dalına mindirir və xəfif-xəfif ağlayır. Həzrət onların ağzına xurma qoyaraq deyir: «Ey mənim balalarım, əgər Əli (ə) sizin işinizə yaramasa, onu halal edin. Onun pis məqsədi olmayıb». Təndir hazır olduqdan sonra həzrət özünə deyir: «Ey Əli (ə), atəşin istiliyini hiss et, cəhənnəm odundan qorx. Yetimlərin və kimsəsiz qadınların halına yanmayanların vəziyyətindən xəbərdar ol». Bu vaxt qonşu qadın həyətə daxil olur. O, həzrəti tanıyıb, ev sahibəsinə onun kim olduğunu bildirir. Həzrəti tanıyan ev sahibəsi ona yaxınlaşıb peşimançılığını bildirir və üzr istəyir. Həzrət buyurur: «Sənin bu işdə təqsirin yoxdur. Yetimlərin və kimsəsizlərin halına yanmaq mənim vəzifəmdir».(«Biharul-ənvar» 41-ci cild, səh. 52.)
Həzrət xalqla ünsiyyətdə hədsiz dərəcədə sadə və mehriban idi. Onun böyüklüyü və təvazösü dillər əzbəri idi. Hətta düşmənlər həzrətin bu fəzilətlərini e’tiraf edirlər. Həzrətin qatı düşmənlərindən olan Müaviyə deyir: «Əgər mən məğlub olsam və Əli (ə) qalib gəlsə qorxum yoxdur. Çünki ondan üzr istəmək kifayətdir. O, böyük və mərhəmətli insandır».
Həzrət öz qoşununa daim belə deyərdi: «Heç vaxt qaçan düşmənin ardınca getməyin, yaralılara dərman verin, əsirlərlə xoş rəftar edin». Həzrət Cəməl döyüşündə qalib gəldikdən sonra Ayişəni böyük hörmətlə Mədinəyə göndərdi. Bu fitnəni törətməkdə payı olan Abdullah ibn Zübeyr, Mərvan ibn Həkəm və bir çox başqaları bağışlandılar.
Həzrətin məhəbbətindən pay almayan yoxdu. O, qatili haqqında belə buyurur: «Onunla keçinin, ac və susuz saxlamayın». Əlbəttə ki, bu sayaq hisslər yalnız həzrətin pak qəlbində yer tapa bilərdi. İbn Əbil-Hədid deyir: «Sübhanəllah! Bir insanda bu qədər fəzilət?! Əlinin (ə) şəxsiyyətinin bəyanı kimsənin gücü çatası iş deyil».

Ardı var...

Müəllif: Fəzlullah Kompani   


Category: Tarix | Baxış: 997 | Added by: Ənfal | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]