Bazar günü, 2024-12-22, 10:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 13 » Əli əleyihissalam kimdir? (12)
9:41 AM
Əli əleyihissalam kimdir? (12)
ƏLİNİN (Ə) SƏBR VƏ HELMİ
Ruhun müsbət səciyyələri sırasında səbr və helm əsas yerlərdən birini tutur. Bu iki səciyyə psixoloji baxımdan insanın öz meyllərinə qalib gəlməsində mühüm əhəmiyyətə malikdir. Ruhani böhranlar, müxtəlif həyat çətinlikləri səbr və dözüm vasitəsi ilə aradan qaldırılır.
Səbr çətinliklə, müxtəlif böhranlara dözməkdir. Eləcə də, insan səbr vasitəsi ilə vacib dini vəzifələrin yerinə yetirilməsində dözümlü olur və günahdan çəkinir. Bir sözlə, səbr insanın zinətidir. Hər bir insan özünü səbrlə zinətləndirməlidir.
Həzrət Əli (ə) bütün baxımlardan səbirli və həlim idi. Bu səciyyələr onun rəftarında aydın müşahidə olunurdu. O hətta döyüşün ən qızğın məqamlarında da səbrini və helmini əlindən vermirdi.
Həzrət (ə) kamal həddində elmə malik olmuşdur. O bütün çətinliklərə dözmüş, yalnız dinin taleyi təhlükə altında olduqda ayağa qalxmışdır. Həzrət (ə) səbirli olmaqla yanaşı, həqiqətin müdafiəsində heç nədən çəkinməmişdir.
Müaviyənin də helmi haqqında danışanlar var. Amma bu helm sün’i və saxta helm olmuşdur. O öz maddi mənafelərini qorumaq xatirinə helmdən hiyləgərliklə istifadə etmişdir. Hansı ki, həzrət Əlinin (ə) helmi əxlaqi bir fəzilət olmuşdur. Həzrət öz helmi ilə haqqın qələbəsi, dinin inkişafı, azğınların doğru yola gəlməsi üçün faydalanmışdır.
Həzrət Əli (ə) həzrət Peyğəmbərin (s) bütün qəzavatlarında döyüş çətinliklərinə dözmüş, Allahın rəsulunu (s) himayə etmişdir. O din uğrunda bütün çətinlikləri gülər üzlə qəbul etmişdir.
Həzrət Peyğəmbər (s) Əlini (ə) xəbərdar etmişdi ki, onun vəfatından sonra xilafət məsələsində ixtilaflar yaranasıdır. Həzrət bu məqamlarda Əlini (ə) səbr etməyə çağırmışdır. Həzrət Əli (ə) İslamın zahiri nizamını qorumaq xatirinə iyirmi beş il çətinliklərə səbr etmişdir. O özü bu barədə buyurur: «Mən gözünə tikan batmış, boğazında sümük qalmış bir adam kimi səbr etdim».
Həzrət Əli (ə) öz haqqını müdafiə etmək üçün hər zaman qüdrətə malik olmuşdur. Amma dinin qorunması üçün səbr etmişdir. Bu çox böyük bir məzlumiyyətdir. Əlidən (ə) başqa kimsə bu müsibətlərə dözə bilməzdi. Həzrət (s) bu barədə buyurur: «Dəfələrlə bu zalım qövmlə təkbaşına vuruşmaq və haqqımı geri qaytarmaq istədim. Amma Peyğəmbərin vəsiyyətinə və dinin qorunmasına xatir öz haqqımdan keçdim». Bundan da böyük bir zülm ola bilərdimi ki, Muğəyrə ibn Şö’bə, Xalid ibn Vəlid kimi rəzil şəxslər həzrəti zorla məscidə aparıb, Əbu-Bəkrə bey’ətə vadar etsinlər. Belə bir müsibətə səbr etmək yalnız Əlinin (ə) işi idi. Hansı ki, o həmin məqamlarda qılınca əl aparsaydı, qarşısında bütün ərəb qövmü dayana bilməzdi. Nəql edirlər ki, həzrət Əlini (ə) Əbu-Bəkrə bey’ət üçün zorla aparanda Əlinin (ə) şücaətinə yaxından bələd olan bir yəhudi onun bu səbrini görüb İslamı qəbul etdi. Səbəbini soruşduqda dedi: «Mən bu şəxsi tanıyıram. Bu həmin şəxsdir ki, döyüş meydanına çıxanda adlı-sanlı cəngavərlərin qəlbinə titrətmə düşüb. Bu həmin şəxsdir ki, əzəmətli Xeybər qalalarını fəth etdi və onun dəmir qapılarını yerindən oynatdı. İndi isə o bir ovuc fitnəkarın qarşısında susur. Bu hikmətsiz iş deyil. O yalnız dini qorumaq üçün susur. Əgər bu dində həqiqət olmasaydı, o bu zülmə dözməz, qılınca əl aparardı. Onun bu rəftarı mənə sübut edir ki, İslam haqq dindir. Ona görə də müsəlman oldum».
Həzrət Əli (ə) kimi bir şəxsiyyətin öz qoşununun vəfasızlığı ilə barışmasından böyük məzlumiyyət ola bilərmi?! O bu qoşunu nə qədər nəsihət etdisə də faydası olmadı. Nəhayətdə, həzrət Əli (ə) Allahdan ölüm istədi. O təpərsiz kufəlilərlə bir yerdə qalmaqdansa, ölümü üstün tutdu.
Həzrət Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra daim ruhi iztirablar içində oldu. Onun səbr və dözümdən başqa çarəsi yoxdu. İbn Əbil-Hədidin dediyinə görə, bir dəfə həzrət (ə) nalə çəkib məzlumiyyətindən gileylənən birinin səsini eşidir və buyurur: «Gəl bir yerdə nalə çəkək. Mən həmişə məzlum olmuşam».
Biz həzrətin (ə) məzlumiyyətini, eyni zamanda misilsiz dözümünü əziz oxuculara yetərincə çatdırmaq üçün onun Şiqşiqiyyə xütbəsini tərcümə edirik:
Həzrət (ə) bu xütbədə buyurur: «Bilin ki, «filankəs» xilafət libasını əyninə geyindi. Amma yaxşı bilirdi ki, dəyirmanın oxu onun daşı üçün necədirsə, mən də xilafət üçün eləyəm. Elm və hikmət seli mənim ağuşumdan axmaqdadır. Ucadan uçan düşüncə quşu kamal fəzasında nə qədər yüksəyə qalxsa da, mənim qülləmə çatmaq gücündə deyil.
Bununla belə xilafət yükünü çiynimdən yerə qoyub, bu yükdən uzaqlaşdım. Qarşımda iki yol vardı. Düşünürdüm ki, tək-tənha hücuma keçim, yoxsa qocaları üzmüş, cavanları qocaltmış, mö’minləri Allahla görüşə sövq edən əziyyətə salmış korluq zülmətinə dözüm? Gördüm ki, bu zülm-sitəmə dözmək daha ağıllı işdir. Belə ki, gözünə tikan batmış, boğazında sümük qalmış, mirası qarət olunmuş kimi səbr etdim. Axır ki, «birinci» öz yolunu başa vurub, xilafət gəlinini Xəttab oğlunun ağuşuna atdı. Təəccüblüdür ki, həyatı boyu öz ləyaqətsizliyini və mənim ləyaqətli olduğumu e’tiraf edən bu adam ömründən bir neçə gün qalmış xilafət məqamını bir başqasına ötürdü. Bu iki şəxs xilafət dəvəsinin südünü sağdılar. Xilafət sərt təbiətli, acı dilli, dini işlərdə xətası çox, üzrü az olan birinə verildi.
O isə cilovu burnunun pərəsindən çıxmış harın dəvə kimi idi. O öz süvarisini heyrətə gətirmişdi. Onun cilovunu bərk çəkdikdə burnu paralanır, cilovunu boş buraxdıqda süvarisini uçuruma yuvarladırdı. And olsun Allaha, xalq onun dövründə səhvə düçar oldu, doğru yoldan çıxdı. Mən də bu müddət ərzində qəm-qüssə çətinliyinə dözdüm. O da öz yolu ilə getdi və bir cəmiyyət arasında xilafət qurdu ki, məni də o cəmiyyətdəkilərdən biri kimi güman etdi.
Pərvərdigara, yardım buyur. Bu şuraya nəzər sal, gör bu xalq məni «birinci» ilə necə bir tutdu və haqqımda şəkkə düşdü. Nəticədə, həmin adamlar sırasında qərar tutmuşam. Amma yenə də dinin məsləhətinə görə səbr etdim, eniş-yoxuşlarda onlarla həmahəng oldum. Bir kişi (Sə’d Vəqqas) keçmiş kininə görə haqq yoldan azdı və batil yola qədəm qoydu. O biri kişi (Əbdürrəhman ibn Ovf) Osmanın yeznəsi olduğu üçün məndən üz döndərib ona meyl etdi. Başqa iki nəfərin (Təlhə və Zübeyr) adını çəkməyim də pisdir. Bu yolla iki çiyni şişmiş «üçüncü» işin cilovunu əlinə aldı və atasının övladları da (bəni-Üməyyə) onunla əl-ələ verib hərisliklə yaşıl yaz otlarını yeyən dəvə kimi Allahın malını yeməyə başladılar. Nəhayət, bağlanmış ip açıldı və əməlləri onu qətlə düçar etdi.
Məni qorxuya salan yalnız xalqın mənə hücum edib dörd tərəfimi tutması oldu. Belə ki, izdihamdan Həsən və Hüseyn əl-ayaq altda qaldı, libasımın iki tərəfi paralandı.
Xalq yerində fırlanan qoyun sürüsü kimi ətrafımda toplandı. Elə ki, onların bey’ətini qəbul etdim, bir dəstəsi bey’əti sındırdı, o biri dəstəsi bey’ətdən çıxdı, bə’ziləri də batilə doğru hərəkət etdi. Sanki bu adamlar Allahın belə bir kəlamını eşitməmişdilər: «Biz axirət evini o kəslər üçün qərar vermişik ki, yer üzündə fitnə-fəsad törətməsinlər».
Bəli, and olsun Allaha, bu ayəni şübhəsiz eşitmiş və əzbərləmişlər. Amma dünya onların nəzərində cilvələnmiş, onun zinətləri bu adamları aldatmışdır.
And olsun toxumu cücərdən, bəşəri xəlq edən Allaha, əgər izdihamın hüzuru və onların yardımı ilə höccətin qiyamı olmasaydı, Allah alimlərdən zalımların hakimiyyəti altına düşməmək haqqında və’d almasaydı, hər an xilafət dəvəsinin cilovunu onların üstünə atardım. Siz dərk edirsiniz ki, sizin bu dünya mənim nəzərimdə keçi burnunun suyundan da dəyərsizdir»."Nəhcül-Bəlağə" xütbə:3)
Həzrət Əli (ə) bu xütbədə gizli və dərin həyəcanın tə’sirindən öz məzlumiyyətini izhar edib, hamıya aydınlaşdırır ki, belə bir məzlumiyyətə dözmək necə çətindir. Həzrətin öz misilsiz səciyyələri ilə Sə’d Vəqqas, Müaviyə və bu kimi başqa rəzillərlə üzbəüz dayanması əslində məntiqi baxımdan təzadlı idi. Həzrət buyurur ki, dövran məni elə bir yerə endirdi ki, Müaviyə də özünü mənim kimi bildi. Həzrət (ə) bütün bu çətinliklərə din xatirinə dözürdü. Ona görə də öz ölümünü gülər üzlə qarşıladı.
ƏLİNİN (Ə) SƏXAVƏT VƏ İSARI
Səxavət kərəm səciyyəsindən doğur və cəmiyyətdə fərdlər arasında məhəbbəti bərqərar edir. Səxavətli şəxsin hər hansı eybi olsa da, xalq onu sevməkdə davam edir.
Həzrət Əli (ə) səxavətdə məşhur idi və çarəsizlərin istək kə’bəsi sayılırdı. Ehtiyacı olanlar ona müraciət edər, o da öz növbəsində fitri nəcabəti ilə onlara cavab verərdi. Haris Həmədani ona öz ehtiyacını bildirdiyi vaxt həzrət buyurur: «Məni istəyini bildirməyə layiq sayırsanmı?» Haris ərz edir: «Bəli, ya Əmirəl-mö’minin». Həzrət dərhal çırağı söndürdü. O istəmirdi ki, ehtiyaclı şəxs öz istəyini bildirərkən xəcalət çəksin.
Bir gün bir yoxsul həzrət Əlinin (ə) yanına gəlib öz ehtiyacını bildirdi. Həzrət xidmətçisinə buyurdu ki, bu şəxsə min dinar versin. Xidmətçi soruşdu: «Qızıl verim, yoxsa gümüş?» Həzrət buyurdu: «Yoxsulun ehtiyacı hansınadırsa, ondan da ver». Həzrətin qatı düşməni olan Müaviyə bir şəxsdən soruşdu: «Haradan gəlirsən?» Həmin şəxs Müaviyəyə yaltaqlanaraq dedi: «Ən xəsis adam olan Əlinin (ə) yanından». Müaviyə dedi: «Vay olsun sənə, Əlidən səxavətlisi dünyaya gəlməyib. Əgər onun ixtiyarında bir anbar saman, bir anbar qızıl olsa, qızılı samandan qabaq bağışlayar».
Bir gün həzrətin (ə) xidmətçilərindən biri həzrətin mülk qazancını ona təqdim edir. Həzrət (ə) bu qazancı dərhal fəqirlər arasında bölüşdürür. Xidmətçi səhəri gün görür ki, Həzrət Əli (ə) ailəsinə çörək almaq üçün bazarda qılıncını satır.
Həzrət Əli (ə) heç vaxt ona ağız açanı rədd etmədi. Özü belə buyurur: «Əgər hiss etsəm ki, biri məndən nə isə istəmək fikrindədir, o mənə ağız açmamış, istəyini yerinə yetirərəm. Çünki əsl səxavət istənilmədən verməkdir».
Həzrət (ə) buyurmuşdu: «İstəyi olanlar istəklərini kağıza yazsınlar ki, ağız açmağın xəcaləti çöhrələrində görünməsin». Bir dəfə həzrət əlindəki dörd dirhəmin birini gecə, birini gündüz, birini aşkar, birini isə gizlində infaq etdi. Həmin vaxt nazil olmuş bir ayəni təfsirçilər həzrətin nəfəqəsinə aid edirlər."Bəqərə" 274)
Osmanın qətlindən sonra həzrət xilafət kürsüsünə oturduğu vaxt bir ərəb onun hüzuruna gəlib ərz etdi: «Mənim üç növ xəstəliyim var: bədən xəstəliyi, cəhalət xəstəliyi və yoxsulluq xəstəliyi». Həzrət buyurdu: «Xəstəliyi təbibə, cəhaləti alimə, fəqirliyi varlıya bildirmək lazımdır». Ərəb dedi: «Siz həm təbibsiniz, həm alimsiniz, həm də varlı». Həzrət göstəriş verdi ki, beytül-maldan üç min dirhəm ona versinlər. Sonra kişiyə buyurdu: «Min dirhəmi xəstəliyinin müalicəsinə, min dirhəmi pərişanlığı aradan qaldırmağa, min dirhəmi isə nadanlığı aradan götürməyə sərf et».("Cameul-Əxbar" səh.162)
Əksər alimlər və təfsirçilər nəql etmişlər ki, həzrət Əli (ə) məsciddə namaz qıldığı vaxt rüku vəziyyətində olarkən, məscidə daxil olmuş yoxsula öz üzüyünü bağışlamışdır. Onların bildirdiyinə əsasən, vilayət ayəsi də məhz həmin məqamda nazil olmuşdur.
Həzrət təkcə maddi yardımlarla kifayətlənmirdi. O haqq yolda öz canını da isar etmişdi. Hicrət gecəsi Peyğəmbərə (s) xatir ölümlə üzbəüz dayanaraq, onun yerində yatmışdı.
İsar insanın başqalarını özündən üstün tutmasıdır. Nəfsinə tam hakim olmayan insan belə bir səciyyəyə sahib ola bilməz. İsar sifəti ən üstün əxlaqi və ilahi sifətlərdəndir. Həzrət böyük əziyyətlə qazandığı çörəyi evinə apararkən yolda rastlaşdığı yoxsulun əl açdığını görüb həmin çörəyi ona verir. Bir dəfə həzrət (ə) qulamı Qəmbərlə bazara gedir və iki köynək alır. Nimdaş köynəyi özü geyir, təzəni isə Qəmbərə verir.
Əksər mühəddislər və tarixçilər «Dəhr» surəsinin «Həl-əta» ayəsinin həzrət Əlinin (ə) isarı haqqında nazil olduğunu bildirirlər. Yazırlar ki, Həsən və Hüseyn xəstələndiyi vaxt ata-anaları, həm də özləri nəzr edirlər ki, sağaldıqdan sonra üç gün oruc tutsunlar. Evin xadiməsi də bu işdə onlara qoşulur.
Allah-təala Həsən və Hüseynə şəfa verdikdən sonra onlar öz əhdlərinə vəfa edib oruc tuturlar. Həzrət qonşudakı yəhudidən arpa borc alır. Həzrət Fatimə birinci gün həmin arpadan beş çörək bişirir. Axşam iftar zamanı bir yoxsul qapını döyür. Həzrət beş çörəyin beşini də yoxsula verir. Ailə yalnız su ilə iftar edir.
İkinci gün Fatimə arpanın digər hissəsindən yenə də beş çörək bişirir. Yenə də şam vaxtı qapı döyülür və bir yetim ac olduğunu bildirir. Peyğəmbər ailəsi yenə də beş çörəyi yetimə verib su ilə iftar edir. Üçüncü gün isə şam vaxtı bir əsir onlara müraciət edir və ailə iftar üçün hazırladığı çörəyi ona verib, su ilə iftar edir. Dördüncü gün Həsən və Hüseynin aclıqdan əsdiyini görən Peyğəmbər (s) buyurur: «Allaha pənah aparıram ki, siz üç gündür bu vəziyyətdəsiniz. Cəbrail dərhal nazil olur və «Həl-əta» sursinin on səkkizinci ayəsini gətirir.
ƏLİNİN (Ə) FƏSAHƏT VƏ BƏLAĞƏTİ
İnsanın nitqi məntiq elmi baxımından onu digər canlılardan fərqləndirən mühüm xüsusiyyətdir. Allah-təala öz hikməti ilə insana belə bir imtiyaz vermişdir."Ərrəhman"3)
İnsanlıq mahiyyətini təşkil edən ruh gövhəri onun danışığı ilə təcəlla edir. Sə’di demişkən:
Nə qədər ağzını açmamış insan
Eybi və hünəri canında pünhan.
İmam özü belə buyurur: «Kişi dilinin altında gizlənmişdir». İnsanın nitqi nə qədər səlis olarsa, onun dediyi sözlər də bir o qədər tə’sir edər.
İslamın zühuruna yaxın cahiliyyət dövründə ərəbistanda İmrəul-Qeys kimi e’cazkar şe’r ustaları vardı. Bununla belə, həzrət Əlinin (ə) fəsahəti bütün ərəb ədiblərini heyrətə gətirirdi. Onlar bu ilahi fəsahət qarşısında diz çöküb, həzrəti «kəlam əmiri» adlandırmağa məcbur olmuşdular.
İbn Əbül-Hədid deyir: «Əli natiqlər ustadı idi. Onun kəlamı şə’nində deyilmişdir ki, bu kəlam Allah sözündən aşağı, bəşər sözündən yuxarıdır. Bütün peşəkar xətiblər natiqliyi ondan öyrənmişlər. Qeyd olunur ki, həzrətin fəsahət və bəlağət dərəcəsinin isbatı üçün onun «Nəhcül-bəlağə» kitabı kifayətdir. Heç bir natiq səhabə bu kitabın onda birini, hətta iyirmidə birini yaza bilməz».("Şərhe Nəhcül-Bəlağə" c.1, səh.12)
Həmin müəllif həzrətin fəsahət və bəlağəti haqqında belə deyir: «Təəccüblüdür, Məkkədə doğulmuş həmin şəhərdə boya-başa çatmış, heç bir hikmət sahibi və alimlə görüşməmiş bir kəs natiqlikdə belə bir məharət sahibidir! Sanki öz aləmi onun ixtiyarındadır. İstədiyi bir mə’nanı ən fəsih şəkildə bəyan etmişdir».
«Nəhcül-bəlağə nədir?» kitabında belə yazılır: «Bir şəxs bir məsihi alimdən xahiş etdi ki, həzrət Əlinin (ə) kəlamlarından seçib bir kitab tərtib etsin. Həmin alim o şəxsə belə cavab verdi: «Məndən istəyirsən ki, ərəblərin ən bəlağətli şəxsindən yüz kəlam seçim və sən onu kitab kimi nəşr edəsən. Məndə sənin istəyini tə’min edəcək bir kitab yoxdur. Bir neçə kitabım var və onlardan biri də «Nəhcül-bəlağə»dir. Bu əzəmətli kitabı vərəqlədim. And olsun Allaha, bilmirəm Əlinin (ə) kəlamları arasında yüz kəlamı necə seçim?! Daha doğrusu, hansı sözü hansı sözdən ayıracağımı bilmədim. Bu iş bir yaqutu başqa yaqutlardan ayırmaq kimidir. Nəhayət, bu işi gördüm. Amma bir yaqutu ayıranda o birilərinin nurundan gözüm qamaşdı».("Nəhcül-Bəlağə nədir?" səh.22)
Həmin kitabın müəllifi Şəhristani başqa bir kitabında belə yazır. Ərəb ədəbiyyatı üzrə mütəxəssis olan bir ingilis alimi Qur’anın e’cazı haqqında verilən suala belə cavab verir: «Qur’anın kiçik bir qardaşı var, onun adı «Nəhcül-bəlağə»dir. Məgər bu kiçik qardaşın oxşarını gətirə bilirikmi ki, böyük qardaş haqqında danışmağa macalımız olsun?!»
Həzrət Əli (ə) öz danışığında fəsahət və bəlağət qaydalarını izləməmişdir. Onun danışığı zatən şirin və səlis olmuşdur. Bu danışığı fəsahət qaydaları ilə ölçmək yox, fəsahət qaydalarını həmin buyuruqlardan öyrənmək lazımdır.
Həzrətin kəlamları həqiqəti hərarətli bir özünəməxsusluqla bəyan edir. Onun sözlərinin tərkib hissələri mütənasib və əlaqəlidir. Zahiri gözəllik və batini mə’na bir-birini tamamlayır. Onun dəlilləri möhkəm, məntiqi isə nüfuzludur.
Müaviyə demişdir: «Fəsahət və bəlağət yolunu Qüreyşdə Əlidən (ə) başqa açan olmayıb və danışıq qanunlarını ondan başqası tə’lim etməyib». Adlı-sanlı ərəb ədəbiyyatçıları e’tiraf etmişlər ki, yazı-pozu qaydalarını həzrətin xütbələrindən öyrənmişlər.
Düşüncə gücü bəlağətin şərtidir. Natiq insan iti düşüncə ilə mə’naların dəqiqliyini zehnində hazırlayır. Belə bir düşüncə və zəka həzrət Əlidə (ə) zirvə həddində idi. Ən qaranlıq mətləbləri belə bir anda öz zəka işığında aydınlaşdırardı.
Həzrət Əlinin (ə) kəlamlarında cümlələr arasında məntiqi bir bağlılıq vardır. Həzrətin düşüncəsindən ötüşən hər bir hikmət dərhal ən üstün şəkildə şirin kəlamlara çevrilirdi.
Həzrətin söz düzümü, natiqlik sənəti hamını heyran edirdi. İbn Şəhr Aşub nəql edir ki, bir gün Peyğəmbər (s) səhabələri məsciddə oturub elmi və ədəb məsələlər barədə söhbət edirdilər. Söhbət ondan gedirdi ki, əlif hərfi əksər sözlərdə var və əlifsiz söz çox azdır. Söhbəti dinləyən həzrət ayağa qalxıb yeddi yüz əlifsiz sözdən ibarət bir xütbə oxuyur. Həzrətin elə xütbəsi də var ki, həmin xütbədə bir dənə də olsun nöqtəli hərf iştirak etməmişdir.
Bir şəxs həzrət Əlidən (ə) soruşur ki, vacib iş və vacibdən də vacib iş nədir? Həzrət buyurdu: «Xalqa vacibdir ki, tövbə etsin. Amma günahdan uzaqlıq ondan da vacibdir». Növbəti sual belə oldu: «Təəccüblü nədir və daha təəccüblü hansı işdir?» Həzrət buyurdu: «Zaman öz gedişində təəccüblüdür. Bu dövranda xalqın qəflət və bixəbərliyi daha təəccüblüdür». Üçüncü sual belə oldu: «Çətin nədir və daha çətin nədir?» Həzrət buyurdu: «Hadisələr qarşısında dözüm çətindir. Amma mükafatı əldən vermək daha çətindir». Həmin şəxsin dördüncü sualı belə oldu: «Nə yaxındır və nə daha yaxındır?» Həzrət buyurdu: «Ümid edilən şey yaxındır. Ölüm isə hər şeydən yaxındır».
Bədahətən belə bir cavab verilməsi, ardıcıl olaraq yeddi yüz əlifsiz sözdən ibarət xütbə oxunması həmin şəxsin fəsahət və bəlağətinin aşkar sübutudur. Bundan ötrü ərəb ədəbiyyatına tam sahib olmaq lazımdır.

Ardı var...

Müəllif: Fəzlullah Kompani 

Category: Tarix | Baxış: 1038 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]