Bazar günü, 2024-12-22, 1:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 9 » Əli əleyihissalam kimdir? (11)
8:13 AM
Əli əleyihissalam kimdir? (11)
ƏLİNİN (Ə) İMAN VƏ İBADƏTİ
İbadət Allaha tə’zim və Ondan qeyrilərinə göz yummaqdır. Ruh üçün ən böyük fəzilət Allaha sitayiş və Onunla yaxınlığa sə’ydir. İbadət zəruri şərtlər ödənməklə yerinə yetirilərsə, olduqca böyük məqam və iftixar əldə edilər. Həzrət Peyğəmbər (s) bir bəndə olaraq vəsf edilir və onun peyğəmbərliyindən qabaq bəndəliyi nəzərə çatdırılır: «Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh».
Kamal mərtəbələrinə səfər üçün ən üstün vasitə nəfsin paklanması və tərbiyəsidir. Bu isə yalnız həqiqi ibadətlə gerçəkləşir. İbadət təkcə ilahi məs’uliyyətdən qurtarmaq deyil. İbadət vasitəsi ilə ağıl yetkinləşir, insan vücudundakı qüvvələr tarazlanır. İbadət insan ruhunu maddi bulaşıqlıqlardan təmizləyir. Riyasız yerinə yetirilən ibadət ən üstün ibadət sayılır. İbadət sırf Allaha görə olduqda insanda təqva sifəti yaranır. Bu şərtlər yerinə yetirilmədən icra olunan ibadət qəbul dərəcəsinə çatmır.
Təqva maddi və fani dünyadan uzaqlaşmaq, ruhani və əbədi aləmə üz tutmaqdır. Təqva ilə zinətlənmiş iman həqiqi imandır. Xaliscəsinə, riyasız yerinə yetirilən ibadət insanı yəqin mərtəbəsinə çatdırır.
Yuxarıda deyilənləri nəzərə alsaq, əmin olarıq ki, həzrət Əli (ə) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (ə) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».
Həzrət Əli (ə) Allaha eşq və məhəbbətlə ibadət edirdi. O, vəzifəni öhdəsindən götürmək üçün yox, həqiqi məhbubunu layiq bildiyi üçün ibadət edirdi. Həzrət ibadət edərkən öz mə’budunun dilrüba camalından başqa bir şey haqqında düşünmürdü.
Həzrət Əli (ə) təqva və ibadətdə o qədər çalışqan idi ki, həzrət Peyğəmbər onun tündlüyündən gileylənənlərə belə buyurmuşdu: «Əlini (ə) məzəmmət etməyin. Çünki o, Allah aşiqidir».
Həzrət Əli (ə) münacat edərkən qulağı eşitməz, gözü görməzdi. O, dünyanı unudar, bütün diqqətini həqiqi mə’buda yönəldərdi. Məşhur bir rəvayətə görə döyüşlərdən birində həzrətin ayağına batmış oxu namaz qıldığı vaxt ayağından çıxarırlar və həzrət bundan xəbər tutmur.
Həzrət Əli (ə) dəstəmaz alarkən təpədən dırnağadək əsərdi. Mehrabda namaza durduğu vaxt bədənini titrətmə bürüyər, Allahın əzəməti qorxusundan gözlərindən yaş süzülərdi. Həzrətin səcdələri uzun idi. Onun səcdəgahı daim göz yaşlarında nəm olardı. Şair bu barədə deyib:
Namazda gözündən axırdısa yaş,
Çöhrəsi gülərdi qopanda savaş.
Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Əbu-Dərda belə deyir: «Qaranlıq bir gecədə xurma bağından keçirdim. Allahla münacat edən bir şəxsin səsini eşitdim. Yaxınlaşdıqda gördüm ki, bu Əlidir (ə). Ağacın arxasında gizləndim. O qorxu və həyəcan içində həzin bir səslə minacat edirdi. Cəhənnəm odundan Allaha pənah aparıb, bağışlanma diləyirdi. Həzrət o qədər ağladı ki, hiss və hərəkətdən düşdü. Düşündüm ki, bəlkə yatıb. Yaxına getdim, onu quru ağac kimi gördüm. Tərpətmək istədim, amma tərpənmədi. Düşündüm ki, yəqin dünyasını dəyişib. Tələsik onun evinə qaçıb, ölüm xəbərini verdim. Həzrət Zəhra (s) soruşdu ki, onu nə vəziyyətdə görmüşəm? Mən gördüyümü danışdım. Həzrət Fatimə (s) buyurdu: «O ölməyib, Allah qorxusundan qəşş edib».("Əmali" 18-ci məclis, hədis:9)
Həzrət Əli (ə) vacib namazlardan əlavə nafilə namazları da qılırdı. Heç vaxt gecə namazını tərk etmirdi. Hətta savaş zamanı da bu ibadəti yerinə yetirirdi. Ləylətul-hərirdə sübhə yaxın həzrət üfüqə baxarkən İbn-Abbas soruşdu: «Məgər o tərəfdən nigarançılığın var? Yoxsa orada düşmənlərin pusqu qurub?» Həzrət buyurdu: «Yox, bilmək istəyirəm ki, namazın vaxtı çatıb, yoxsa yox».
Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (ə) həzrət Əlinin (ə) haqqında belə buyurur: «Babam Əli (ə) kimi ibadət edə bilən kimdir?!»
İbn-Əbil Hədid bu məsələni başqa bir şəkildə bəyan etmiş və yazmışdır: «İbadətə olduqca ciddi yanaşan Zeynəl-Abidindən soruşdular ki, babanın ibadəti ilə müqayisədə öz ibadətini necə görürsən?» Həzrət buyurdu: «Babamın ibadətinə nisbətdə mənim ibadətim Peyğəmbərin ibadətinə münasibətdə babamın ibadəti kimidir».("Nasexut Təvarix" c.7, səh.98)
Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazan ayı ilə başqa aylarda fərq yoxdur».
Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi».
Həzrət Əli (ə) namaz zamanı Allah qarşısında pak qəlb, tam diqqətlə dayanırdı. Onun ibadət-itaəti başqalarınınkı kimi deyildi. Əgər başqaları hansısa bir xüsusi məqsədlə ibadət edirsə, həzrətin məqsədi bambaşqa idi. O özü bu barədə belə buyurur: «Bə’ziləri Allaha rəğbətlə (behişt ne’mətləri üçün) bəndəlik edirlər. Bu növ ibadət tacirlərin ibadətidir. Başqa bir dəstə isə Allaha (cəhənnəm odundan) qorxudan ibadət edirlər. Bu qulların ibadətidir. Üçüncü qrup isə Allaha təşəkkür üçün ibadət edir. Bu azadələrin ibadətidir». Həzrət (ə) Allah dərgahına belə ərz edir: «Pərvərdigara, mən sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan ibadət edirəm. Əksinə, səni pərəstişə layiq bildiyim üçün ibadət edirəm».
Hər bir fərd fitri olaraq zərərləri özündən uzaqlaşdırmaq, xeyir əldə etmək məqsədində olur. Yalnız həzrət Əli (ə) behişt təmənnası və cəhənnəm qorxusu olmadan, sırf Allah üçün ibadət edirdi. Belə bir xalislik həzrətin yəqinliyindən qaynaqlanırdı. Hər şeydən uca bir yəqin! Çünki həzrət yəqinliyin ən son mərhələsinə çatmışdı. O özü belə buyurur: «Əgər pərdələr qaldırılsa, mənim yəqinliyimə bir şey əlavə olunmaz».
Həzrət Əli (ə) bir dalğa tək həqiqət okeanında qərq olmuşdu. Onun bütün düşüncələri, hərəkətləri həqiqətə bağlılığından danışırdı. Həzrət nəfsin paklanması və tərbiyəsi baxımından misilsiz idi. O nəyə baxırdısa, Allahı görürdü. Həzrət buyurur: «Nəyi gördümsə, ondan qabaq, onunla bir vaxtda və ondan sonra Allahı gördüm». Başqa bir rəvayətdə isə belə nəql olunur: «Görmədiyim Allaha ibadət etmədim». Həzrətdən soruşurlar ki, o, Allahı necə görür? Həzrət buyurur: «Zahiri gözlə yox, bəsirət gözü ilə».
Zahir gözlər ilə görünməyən şey
Könül gözləri ilə ediləsi seyr.
Həzrət Əli (ə) Allahın əzəməti qarşısında təvazönü özünə borc bilirdi. Onun dua və minacatlarında təvazö səviyyəsi aşkar görünür.
Həzrətin öz səhabəsi Kumeyl ibn Ziyada öyrətdiyi dua (Kumeyl duası) onun uca ruhunun şah əsərlərindəndir. Həzrətin güclü imanı və sabit yəqinliyi bu duanın cümlələrinə hopmuşdur. Bə’zən o duanın gedişində Allahın mərhəmətindən ümid tapır, bə’zən isə onun qüdrəti qarşısında qorxuya düşür. Belə ki, onda xüşu halı ixtiyarsız olaraq hasil olur. Həzrətin ümid və qorxusundan, xalisliyindən danışan başqa dualar da vardır.
Bir gün Müaviyə Zərar ibn Zəmirə dedi: «Mənim üçün Əlini (ə) vəsf et». Zərar həzrət Əlinin (ə) xüsusiyyətlərini sadaladıqdan sonra dedi: «Gecələr daha çox oyaq qalırdı və az yatırdı. Gecə və gündüz vaxtları Qur’an tilavət edirdi. Canını Allah yolunda fəda edib, ilahi hüzurda göz yaşları axıdırdı. Özünü bizlərdən gizləmir, qızıl kisələri toplamır, yaxınlarına lütf göstərir, zalımlarla tünd rəftar edirdi. Gecə qaranlıq pərdəsinə büründüyü vaxt həzrət ibadət mehrabında Allahın əzəmət qorxusundan göz yaşları axıdır və deyirdi: «Ey dünya! Mənim üçün cilvələnib, məni özünə müştaqmı edirsən? Heç vaxt? Mənim sənə ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm və bir daha üz tutmaram!» Bə’zi dualarında isə həzrət belə deyirdi: «Aman azuqənin azlığından, səfərin uzaqlığından və yolun çətinliyindən!» Zərarın bu sözlərindən sonra Müaviyə ağladı və dedi: «Ey Zərar, kifayətdir. And olsun Allaha ki, Əli (ə) dediyin kimi idi. Allah Əbül-Həsənə rəhmət etsin!»
Həzrət Əlinin (ə) ibadəti namaz, oruc, sair dini əməlləri yerinə yetirməklə başa çatmırdı. Onun bütün hərəkətləri və rəftarları ibadət idi. Ona görə də hədisdə buyurulmuşdur: «Həqiqətən də, əməllər niyyətlərdən asılıdır». Həzrət (ə) bütün hərəkətlərində Allahın razılığını düşündüyündən onun hər bir hərəkəti ibadət sayılırdı. Bu da onun fəzilətlərinin əsas səbəblərindən idi.
ƏLİNİN ELM VƏ HİKMƏTİ
İnsanlar Peyğəmbər və imamların elminə müxtəlif cür münasibət bəsləyirlər. Bə’ziləri elə düşünürlər ki, Peyğəmbər və imamların elmi məhdud olmuşdur, onlar yalnız dini məsələlərdən mə’lumatlı olmuşlar və qeybdən xəbərdarlıq yalnız Allaha aiddir. Onlar bu fikirlərinin təsdiqi üçün Qur’an ayəsi də göstərirlər.("Ənam" 59)
Bə’ziləri isə belə güman edirlər ki, onlar bütün qeybi və təbii elmlərdən xəbərdar olmuşlar. Sünnə əhlinin fikrincə, imamlar da sair rəhbərlər kimi olmuşlar və onların bilmədiyi şeylər var. Onların nəzərincə, rəhbər xalqın bildiyi bir şeyi bilməyə də bilər. Məsələn, Ömərin bir qadına verdiyi cavab misal göstərilir: «Sizin hamınız Ömərdən daha elmlisiniz, hətta pərdə arxasındakı qadınlar da».
Bu mövzunun fəlsəfi baxımdan araşdırılması zehnin tanınması və insan mə’rifətinin dəyəri ilə bağlıdır. Elmin hansı predmetdən olması müəyyənləşməlidir. Elm gerçək bir inkişafdır və o iki qismə bölünür: zati və kəsbi (hüzuri və hüsuli). Zatı elm Allaha aiddir. Bu elmin mahiyyətini təsəvvür etmək bizim üçün əlçatmazdır. Kəsbi elm isə insanlara aiddir. Hər bir insan elmi başqalarından öyrənə bilər. Amma Peyğəmbər (s) və onun vəsilərinə aid olan bir elm də var. Bu elm «lədunni», ilham olunmuş elm adlanır. Bu elm kəsbi elm kimi təhsil yolu ilə əldə edilmir. O həm də Allahın elmi kimi zatı deyil. Bu elm Allah tərəfindən Peyğəmbərlərə və onların canişinlərinə ilham olunur. Bu adamlar Allahın izni ilə keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hadisələrdən xəbər tuturlar. Peyğəmbərlər və onların vəsiləri həmin lədunni elm vasitəsi ilə başqalarının suallarına cavab verirlər. Allah-təala həzrət Xızır haqqında buyurur: «Biz ona öz tərəfimizdən lədunni, qeybi bir elm öyrətdik». Həmin elmə sahib olan həzrət İsa öz qövmünə dedi: «Sizə yediyiniz və evlərinizdə ehtiyata saxladıqlarınız haqqında xəbər verərəm».
Qur’anda yalnız Allaha aid edilən qeyb elmi zati elmdir. Amma peyğəmbərlərə əta olunmuş qeyblə bağlı biliklər lədunni elm sayılmalıdır. Bu elm vəhy və ilah yol ilə çatdırılır. Onlar da öz növbəsində Allahın iradəsi ilə qeybi işlərdən xəbər tuturlar. Allah-təala buyurur: «Allah qeybi biləndir. O, peyğəmbərliyə seçdiyi kəsdən başqa bir nəfərə də qeybi aşkarlamaz». ("Cin" 26) Ötən ayələrə nəzər saldıqda mə’lum olur ki, İslam Peyğəmbəri (s) Allah dərgahına hamıdan yaxın olmuşdur. Təbii ki, ona daha artıq elm əta edilmişdir. Həzrət (s) varlıq aləminin sirlərindən hamıdan çox xəbərdar edilmişdir. Söhbətimizin mövzusu Peyğəmbərin (s) həmin lədunni biliklərindən əxz etmiş həzrət Əli (ə) haqqındadır. Həzrət Peyğəmbər buyurmuşdur: «Mən elmin şəhəri, Əli (ə) isə onun qapısıdır».(İbn MUğazi, "Mənaqib" səh.80) Bu barədə həzrət Əli (ə) özü belə buyurmuşdur: «Həzrət Peyğəmbər məni elmin min qapısı kimi yad etmişdir. Bu qapıların hər birindən min qapı açılır». Şeyx Süleyman Bəlxi «Yənabiul-Məvəddət» kitabında yazır ki, həzrət Əli (ə) belə buyurmuşdur: «Məndən qeybin sirləri haqqında soruşun. Mən peyğəmbərlərin və mürsəllərin varisiyəm». Eyni mənbədən nəql olunmuş başqa bir hədisdə həzrət Peyğəmbərin belə buyurduğu bildirilir: «Elm və hikmət on hissəyə bölünmüşdür. Onun doqquzu Əliyə (ə), biri isə qalan xalqa əta olunmuşdur. Həzrət Əli (ə) həmin bir hissə elmdə də başqalarından alimdir».
İbn-Abbasdan rəvayət olunmuşdur ki, həzrət Peyğəmbər buyurmuşdur: «Əli ibn Əbu-Talib (ə) mənim ümmətimin ən alim şəxsidir. Məndən sonra mübahisəli məsələlərdə mühakimədə ən biliklisi odur».
Sünnə əhlinin böyük alimi İbn Əbil-Hədid «Nəhcül-bəlağə»ni şərh edərkən deyir: «İslam elmləri külli şəkildə Əlidən qaynaqlanmışdır. O, İslam maarifini öz nitqlərində aşkar və dəqiq şəkildə bəyan etmişdir».
Həzrət özü belə buyurur: «Nə qədər ki, aranızdan getməmişəm, məndən soruşun». Bu qısa cümlədə həzrətin elminin dərinliyi aydın olur. Çünki o öz buyuruğunda hansısa mövzuları qeyd etmir və suallar dairəsini məhdudlaşdırmır. O, xalqı istənilən bir elm sahəsində suallar verməyə çağırır. Həzrət Əlidən (ə) başqa kimsə bu iddiada olmamışdır. İbn Əbil-Hədid deyir ki, yalnız Əlinin (ə) belə bir söz söyləməsi hamı tərəfindən yekdil şəkildə qəbul olunmuşdur.
Alimlər və tarixçilər yazırlar ki, Həzrət Əli (ə) buyurmuşdur: «Nə qədər ki, aranızdayam, məndən soruşun. And olsun Allaha, əgər fitva kürsüsündə otursam, tövrat əhli ilə tövratla, incil əhli ilə incillə, zəbur əhli ilə zəburla və Qur’an əhli ilə Qur’anla mühakimə apararam. Əgər Allah-təala o kitabları dilə gətirsə, onlar deyərlər ki, Əli (ə) düz deyir, o bizə əsaslanaraq fitva verdi. Nə qədər ki, aranızdayam məndən soruşun. And olsun toxumu cücərdənə və insanı yaradana, əgər məndən Qur’anın ayələrini bir-bir soruşsanız onların nazil olma vaxtı, nazil olma səbəbləri haqqında danışar, nəsx olmuş, möhkəm və mütəşabeh ayələri haqqında mə’lumat verərm».
Həzrət Əli (ə) belə misilsiz elmə sahib olmasına baxmayaraq, cahil və nadan insanlar arasında tənha qalmışdı. Onun elmindən yalnız xüsusi səhabələr istifadə edirdilər. Sə’di öz şe’rində bu məsələyə belə toxunur:
Cahillər içində həqiqi alim,
Korlar arasında şahiddir bilin.
Həzrət Əli (ə) yaranış sirləri haqqında danışmaq, çətin elmi məsələləri açıqlamaq üçün elm əhli axtarardı. O öz köksünə işarə ilə buyurardı: «Mənim sinəmdə elmin coşqun dəryası təlatümdədir. Əfsus ki, kimsədə bunu dərk etmək iste’dadı yoxdur!»
Bu gün avropa alimlərinin adına yazılmış bir çox təbiət qanunları əsrlərcə qabaq həzrət Əlinin (ə) xütbələrində açıqlanmışdır. Həzrətin xütbələrindəki fəlsəfi həqiqətlər və İslami maarifdən Sədrul-Mutəəllihin kimi bir çox böyük alimlər yetərincə istifadə etmişlər.
İyirmi beş il müddətində xilafət kürsüsünü işğal etmiş üç xəlifə öz elmi və hüquqi problemlərinin həllində həzrətdən kömək istəyərdilər.
Həzrətin xilafət dövründə bir yunan və bir yəhudi filosofu onun hüzuruna gəlib elmi məsələlər barədə söhbətlər apardılar. Yunan filosofu dedi: «Bu şəxs fəlsəfəni Sokrat və Ərəstundan yaxşı bilir. Yəhudi isə belə dedi: «O, fəlsəfənin bütün incəliklərindən xəbərdardır». Əlbəttə ki, hər hansı filosofu həzrət Əli (ə) ilə müqayisə etmək olmaz. Çünki imamın biliyi əvvəldə qeyd olunduğu kimi, lədunni, qeybi bilik idi.
Elmlərin ən şərafətlisi məad, ölümdən sonrakı həyat haqqında elmdir. Bu elm həzrət Əlinin (ə) kəlamlarında ən gözəl şəkildə bəyan olunmuşdur. Bu mövzunun incəliklərini həzrət kimi açıqlayan ikinci şəxs olmamışdır.
Səhabəsi Kumeylin sualına cavab olaraq həzrətin buyurduğu nəfs və həqiqət hədisləri hikmət və irfan alimləri tərəfindən təfsir olunmuşdur. Həzrət Əlinin (ə) buyuruqlarını anlamaqda bəşəriyyət hələ də çətinlik çəkir. Həzrət müxtəlif elm sahələrinə aid on bir min qısa kəlamın müəllifidir. Bu kəlamlarda əqli, dini, ictimai və əxlaqi məsələlər bəyan olunmuşdur. Həzrət Əli (ə) İslamda ilahi fəlsəfə məsələlərini açıqlayan ilk şəxsdir. O, aydın və dərin dəlillərlə müxtəlif mövzuları sübuta yetirmişdir. Həzrət həmin dövr filosoflarının xəbərsiz olduğu bir çox məsələləri izah etmişdir. O bir çox din alimləri tərbiyə etmişdir. Həzrətin tələbələri arasında Üveys Qərəni, Kumeyl ibn Ziyad, Meysəm Təmmar kimi zahid və arif insanlar olmuşdur. Bu insanlar İslam irfanında nümunə sayılan şəxsiyyətlərdir.("İslamda şiə" səh.20)
Həzrət Əlinin (ə) ərəb ədəbiyyatında xüsusi bir məharəti vardı. İlkin ərəb qrammatikası onun tərəfindən işlənilmişdir. Həzrət ən çətin məsələlərin cavabını dərhal verər, ali hikmətləri sadə sözlərlə bəyan edərdi. Həzrət ən çətin riyazi sualları dərhal cavablandırardı. Bir dəfə həzrətdən birdən onadək ədədlərin ən kiçik ortaq bölünəni haqqında soruşurlar. Həzrət belə cavab: «Həftə günlərinin sayını (7) ilin günlərinin sayına (360) vur və istədiyin rəqəmi (2520) əldə et». 2520 rəqəmi birdən onadək bütün ədədlərə bölünən ən kiçik rəqəmdir.
Həzrətin iti ağlı elm sahiblərini heyran edərdi. Ömər deyərdi: «Ya Əli (ə), sənin bütün elmi, hüquqi, fiqhi məsələləri bilməyin məni təəccübə gətirir. Sənin bütün məsələlərlə bağlı suallara dərhal cavab verməyin heyranedicidir». Həzrət onun cavabında buyurmuşdur: «Ey Ömər, əlində neçə barmağın var?» Ömər ərz edir: «Beş barmağım». Həzrət buyurur: «Sən nə üçün bu sualın cavabında düşünmədin?» Ömər ərz edir: «Bu aşkar bir məsələdir və düşünməyə ehtiyac yoxdur». Həzrət Əli (ə) buyurur: «Sənin üçün beş barmaq necə aydındırsa, mənim üçün də bütün elmi məsələlər eləcə aydındır».
Həzrət Əli (ə) varlıq aləminin sirlərinə həkimanə baxardı. Onun tövhid, metafizik aləm haqqındakı buyuruqları «Nəhcül-bəlağə» və sair əsərlərdə əks olunmuşdur.
ƏLİNİN (Ə) ŞÜCAƏTİ VƏ HEYBƏTİ
İnsan üçün ruhani fəzilətlərdən biri də şücaət sifətidir. Şücaət təhlükəli işlər qarşısında insanın mətin dayanmasıdır. Həzrət (ə) əsil şücaət simvolu olmuşdur.
Biz əvvəlki söhbətlərimizdə həzrətin (ə) hərbi xidmətləri, qəzavatlardakı fədakarlıqları haqqında danışdıq. Amma bu barədə nə qədər danışsaq da, həzrətin şücaətini olduğu kimi göstərməkdə acizik.
Tarixçilərin yazdığına görə həzrət Əlinin (ə) rəngi buğdayı, mübarək gözləri iri və cazibəli, qaşları bitişik və sıx, dişləri möhkəm və mirvari tək ağ olmuşdur. Onun biləkləri sanki sümükdən, ətdən və dəridən yox, vahid və möhkəm bir tökmədən ibarət olmuşdur.
Həzrət orta boylu, möhkəm bədənli və nəhayət həddə güclü olmuşdur.
Tarixçilər bu fikirdədirlər ki, ərəblər arasında Həzrət Əli (ə) kimi şücaətli və güclü bir insan olmamışdır. Atası Əbu-Talib onu ərəb cavanları ilə güləşdirərdi. Yaşca öz rəqiblərindən kiçik olan həzrət Əli (ə) onları bir göz qırpımında yerə vurardı. Zübeyr ibn Əvvam and içir ki, döyüş meydanında Əlidən (ə) başqa kimsədən çəkinmədim. Həzrətin qarşısında titrətməyə düşən təkcə Zübeyr olmamışdır. Heç bir ərəb qəhrəmanı onunla üzbəüz gəlməyə cür’ət etməmişdir.
Həzrət o qədər heybətli olmuşdur ki, rəqibi onun gözünə baxdıqda vücudu lərzəyə gəlmişdir. İmamın heybəti rəqibin bütün müqavimət və hücum qüdrətini qırmışdır. Həzrətdən soruşurlar ki, öz rəqiblərinə necə qalib gəlirsən? O buyurur: «Mən kiminlə üz-üzə gəlmişəmsə, həmin şəxs özü özünə qarşı mənə yardımçı olub». Seyyid Rəzi bildirir ki, imam bu kəlamında rəqibin qəlbində yaranmış qorxunu nəzərdə tutur. Həzrətin qəzavatlardakı misilsiz rəşadətləri, Peyğəmbərə sui-qəsd təşkil olunarkən onun yatağında yatması onun misilsiz şücaətindən danışır. Heç bir cəngavər düşmən qoşununu təkbaşına yarmağa müvəffəq olmamışdır.
Müaviyə həzrət Əlinin (ə) gözündə öz hərbi qüdrətini böyük göstərmək üçün ona yazdığı məktubda qoşununun əzəmətindən və döyüş hazırlığından ağız dolusu danışırdı. Tirmah Müaviyəyə dedi: «Sənin öz qoşununun çoxluğu ilə Əlini (ə) qorxutmağın ördəyi suyun çoxluğu ilə qorxutmaq kimidir».
İmam Səccad (ə) Yezidin məclisində özünü tanıtdırmaq üçün oxuduğu xütbədə həzrət Əlinin (ə) bə’zi fəzilətlərini sadalamış və demişdir: «Mən bir kəsin övladıyam ki, hamıdan güclü, şücaətli, əzmli və iradəli olmuş, cəsarətli şir tək döyüş vaxtı atılmış oxları, ona yaxınlaşan süvariləri dəyirman kimi üyütmüşdür. Qara yel otların üstündən əsdiyi kimi, o da düşmən üstünə şığıyıb onları pərakəndə salmışdır».("Biharul-Ənvar" c.45, səh.138)
İmam Səccadın (ə) öz babasını bu sayaq vəsf etməsi ailə bağlılığından doğmur. Əlinin (ə) şücaəti inkarolunmaz bir həqiqətdir. İmam Səccad (ə) babasının məqamından xəbərdar bir adam kimi onun fəzilətlərini bəyan edir.
Həzrətin şücaətini e’cazkar bilən Şeyx Müfid yazır: «Ondan savay bütün döyüşlərdə qalib gələn cəngavər olmamışdır. Əksər cəngavərlərin həm qələbəsi olmuşdur, həm də məğlubiyyəti. Eləcə də, heç bir döyüşçünün bir zərbəsi ilə rəqib dünyasını dəyişməmişdir. Bə’zən zərbələr ölümcül olmuş, bə’zən isə zərbə alan rəqib sağalmışdır. Yalnız Əmirəl-mö’minin Əli (ə) bütün mübarizələrdə qalib olmuş və vurduğu zərbədən sonra ayağa qalxan olmamışdır. Bu özü də həzrətin e’cazlarından biridir. Həzrətin ən ali sayılası işlərində də qəribəliklər müşahidə olunmuşdur. Bütün bunlar Allahın aşkar dəlillərindəndir».("İrşad " c.1, 3-cü bab, 56-cı fəsil)
Əlinin (ə) iman və yəqindən qaynaqlanan qəlb gücü kimsədə görünməmişdir. Bir dəfə Siffeyn döyüşündə üzünə niqab salıb adi bir döyüşçü tək şamlıların önünə çıxmışdı. O qarşısına çıxan bütün döyüşçüləri qanına qəltan etdiyi vaxt Müaviyə Əmr Asa dedi: «Bu şücaətli, ürəkli qəhrəman kimdir?» Əmr dedi: «Ya Abdullah ibn Abbasdır, ya da Əlinin (ə) özüdür». Müaviyə dedi: «Bəs necə tanımaq olar?» Əmr dedi: «İbn Abbas şücaətli kişidir, amma qoşunun ümumi həmləsi qarşısında tab gətirə bilməz. Bütün qoşuna əmr et hücuma keçsin. Onda mə’lum olar ki, bu şəxs kimdir. Əgər geri dönsə, İbn-Abbasdır, yox yerində qalıb döyüşsə, Əlidir (ə). Çünki Əlinin (ə) üstünə bütün ərəblər də yerisə, yerindən tərpənən deyil».
Müaviyə Əmr Asın sözlərini yoxlamaq üçün ümumi hücum əmri verdi. Bütün qoşun meydandakı cəngavərin üstünə yeridi. Amma fədakar döyüşçü əzəmətli dağ tək meydanda dayanıb, sağa-sola qılınc çalırdı. Onlar anladılar ki, bu Əlinin (ə) özüdür. Ona görə də geri çəkilmək qərarına gəldilər.
Döyüş meydanında Əlinin (ə) səsi eşidiləndə düşmən cəngavərləri tir-tir əsərdi. Cəməl və Siffeyn döyüşlərində Həzrət Əli (ə) tək-tənha düşmən qoşununun üzərinə yeriyər və qoşunun bağrını yarıb, pərən-pərən salardı.
Həzrət Əlinin (ə) heç zaman döyüş meydanından qaçmadığını onun ən qatı düşmənləri də təsdiq edir. Həzrət Əli (ə) zirehi yalnız döyüş libası olaraq geyərdi. Onun zirehinin sinə hissəsində yalnız bir neçə halqa vardı. Zirehin arxa hissəsi isə tamamilə açıq idi. Ondan zirehi haqqında soruşulduqda həzrət belə buyurmuşdur: «Mən heç vaxt düşmənə arxa çevirmirəm, ona görə də arxadan zirehə ehtiyacım yoxdur». Sə’di bu barədə yazır:
Düşməninə arxa çevirməyən kəs
Arxasında zireh gəzdirməz əbəs.
Döyüşlərdən birində komandanlar həzrət Əliyə (ə) dedilər: «Əgər qarşıdakı döyüşdə məğlub olsaq, hansı nöqtədə görüşəcəyik? Yaxşı olar ki, əvvəlcədən belə bir nöqtə müəyyənləşdirək». Həzrət buyurdu: «Məni harada itirsəniz, orada da axtarın. Harada döyüşə başlasam, oradan tərpənən deyiləm».
Səhabələrdən biri həzrətə belə ərz etdi: «Döyüş üçün iti qaçan bir at seçin ki, çətin vəziyyətlərdə sizi qaçırıb qurtara bilsin». Həzrət buyurdu: «Mən düşmən qabağından qaçan deyiləm ki, iti qaçan ata ehtiyacım olsun. Qaçan düşməni də tə’qib edən deyiləm ki, belə bir ehtiyac yaransın. Buna görə də mənim üçün atın necə qaçmasının əhəmiyyəti yoxdur».(Səduq, "Əmali" 32-ci məclis, 4-cü hədis)
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) keçmişdəki qəhrəmanların adını tarixdən silmiş və gələcəkdəki qəhrəmanlara tarixdə yer qoymayan şücaətli bir cəngavər idi. Onun qolunun gücü kimsədə yox idi. Ən şücaətli döyüşçünü həlak etmək üçün bircə zərbəsi yetərdi. Onunla üzbəüz gələn heç bir döyüşçü canını sağ qurtarmamışdı. Onunla döyüşənin qılınca ehtiyacı yoxdu. Həzrət öz rəqibini həlak edəndə təkbir deyərdi. Ləylətül-hərirdə onun təkbirlərinin sayı 523-ə çatmışdı. Bu onu göstərirdi ki, 523 düşmən həzrətin (ə) əli ilə dünyasını dəyişmişdi. Ühüd döyüşündə qəbilə üzvlərini itirmiş Savab adlı həbəş qulam Peyğəmbəri öldürəcəyinə and içmişdi. Bu qulam böyük cüssəyə malik olduğundan rəqibləri ondan çəkinərdi. Həzrət Əli (ə) bir zərbəsi ilə onu kəmərindən ikiyə böldü. Onun qurşaqdan yuxarısı yerə aşmış, qurşaqdan aşağısı isə ayaq üstə qalmışdı. Bu səhnə ətrafdakıları heyrətə gətirmişdi.
Həzrət Əli (ə) yalnız Allah yolunda döyüşürdü. Müsəlmanlar onun ruhiyyəsindən güc alırdılar. Əlini Zülfüqara aparanda bütün ətrafdakılar əmin olurdu ki, qələbə yaxındadır. Müşriklərin rəftarları səbəbindən həzrət Peyğəmbər (s) qəm-qüssəyə düşdüyü vaxt müxaliflər həzrət Peyğəmbəri (s) qətlə yetirmək istədikləri zaman həzrət Əli (ə) Allah rəsulunun qəm-qüssəsini aradan qaldırdı.
Həzrətin qollarının gücü hətta düşmənlərin də e’tiraf etdiyi bir səviyyədə idi. O iki barmağı ilə Xalid ibn Vəlidin boğazını sıxdığı vaxt Xalid zarıyıb boğulmağa qalır. Peyğəmbərin (s) iştirak etdiyi bir çox qəzavatlarda müharibənin taleyini həzrət Əlinin (ə) qılıncı həll edir.
Əlinin (ə) həyat tarixində qorxu sözünə yer olmamışdır. O bütün ömrünü ölümlə üzbəüz dayanmış və şəhadət şərbətini içmək eşqi ilə yaşamışdır. O özü belə buyurur: «And olsun Allaha, Əbu-Talibin oğlu ölümü südəmər körpə anasının döşünü sevdiyi tək sevir».
Həzrət Siffeyn döyüşündə meydana zirehsiz çıxır. İmam Həsən (ə) öz atasına belə ərz edir: «Döyüş vaxtı bu ehtiyatsızlıq deyilmi?» Həzrət buyurur: «Oğul can, atan ölümə doğru getməkdən, ölümün ona doğru gəlməsindən qorxmur».
Həzrətin bir çox yaxınları onun şücaətindən ehtiyat edərdilər. Onlar həzrətə ərz edirdilər ki, həzrət döyüş gedişində ehtiyatsızlıq göstərir. Həzrət (ə) onların cavabında belə buyurmuşdur: «Ölümdən iki dəfə həzər qılmağa dəyməz. Qəzavü-qədər olan gün çalışmaq səmərəsizdir, qəzavü-qədər olmayan gün isə ölüm barədə düşünməyə dəyməz».
Qəbilələr öz döyüşçülərinin həzrət (ə) tərəfindən öldürülməsini özləri üçün fəxr sayardılar. Xəndək döyüşündə Əlinin (ə) öldürdüyü Əmr ibn Əbdəvədin bacısı deyir: «Əgər qardaşımı Həzrət Əli (ə) yox, başqa biri öldürsəydi, ömür boyu ağlayardım. Amma Əlinin (ə) bütün dünyada oxşarı yoxdur. Onun əlində ölmək özü də iftixardır».
İbn Əbil-Hədid «Nəhcül-bəlağə»nin şərhində yazır: «Bir gün Müaviyə yuxudan oyananda Abdullah ibn Zübeyri ayaqları tərəfdə oturmuş görür. Abdullah zarafatla Müaviyəyə deyir: «Əgər istəsəydim səni öldürərdim». Müaviyə deyir: «Bizdən sonra şücaətindən danışarsan». Abdullah deyir: «Nə üçün mənim şücaətimi inkar edirsən? Mən müharibədə Həzrət Əli (ə) ilə üzbəüz dayanan adamam». Müaviyə deyir: «Əgər belə bir cür’ətin olsaydı, yəqin ki, Əli (ə) səni və sənin atanı sol əli ilə öldürər, sağ əli ilə isə bir başqasını gəzərdi».("Biharul-Ənvar" c.41, səh.143)


Category: Tarix | Baxış: 1085 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]