Bazar günü, 2024-12-22, 10:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 21 » Əli əleyihissalam kimdir? (1)
4:47 AM
Əli əleyihissalam kimdir? (1)
BIRINCI HISSƏ
PEYĞƏMBƏR (S) ZAMANINDA
MÖVLUD VƏ ƏSİL-NƏSƏB
Nəzər əhli üzü bu gün Kə’bəyə,
Pərdədən süzülür Allahın nuru.
Qiblədən sıyrılır qiblənümamız,
Arzular çin olur, könüllər duru .
Tarixçilərin yazdıqlarına görə həzrət Əli (ə) otuzuncu Fil ilində, rəcəb ayının on üçü, cümə günü Kə’bənin daxilində görünməmiş bir şəkildə dünyaya göz açmışdır. Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:
Ey Kə’bə evində göz açan insan,
Gövhərsən, cisminin sədəfi Məkkə.
Kə’bədə mövludun heyrət doğurdu,
Haqqın evi saldı üstünə kölgə.
Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu-Talibin həzrət Əlidən (ə) başqa daha üç oğlu olmuşdur: Talib, Əqil və Cə’fər.
Amma həzrət Əlinin mövludu, dünyaya gəlişi o biri qardaşlarının dünyaya gəlişindən fərqli olmuşdur. Bu doğuş maraqlı və mə’nəvi dəyişikliklərlə müşayiət olunmuşdur. Həzrətin anası allahpərəst olmuş və İbrahimin Hənif dinində həyat sürmüşdür. Bu qadın daim Allah dərgahına münacat etmiş və qarşıdakı doğuşun asan keçməsi üçün Allaha yalvarmışdır. Fatimə bu uşağa hamilə olduğu vaxt özünü ilahi nura qərq olmuş vəziyyətdə hiss etmiş, sanki bu körpənin başqa övladlardan fərqləndiyi barədə fələklərdən ilham almışdır.
Şeyx Səduq və Qəttal Nişapuri nəql etmişlər ki, Yezid ibn Qə’nəb demişdir: «Mən Abbas ibn Əbdül-Müttəllib və Əbdül-Üzza tayfasından bir qrupla Allah evinin kənarında əyləşmişdim. Əmirəl-mö’mininin anası Fatimə binti Əsəd doqquz aylıq körpəyə hamilə vəziyyətdə doğuş ağrısı çəkə-çəkə deyirdi: «Pərvərdigara, mən sənə, peyğəmbərlərindən gələnə, Sənin tərəfindən nazil olmuş kitablara iman gətirmişəm. Cəddim İbrahim-Xəlilin sözlərini təsdiq edirəm. Bu qədim evin bünövrəsini qoyan o olmuşdur. Səni and verirəm bu evi tikənin və bətnimdə olanın haqqına, bu doğuşu mənim üçün asan et». Yezid ibn Qə’nəb deyir: «Biz öz gözümüzlə Kə’bə evinin arxadan yarıldığını və Fatimənin Kə’bəyə daxil olduğunu gördük. Fatimə gözdən itdikdən sonra divar yenidən birləşdi. Kə’bənin qapısını açmaq istəsək də mümkün olmadı. Başa düşdük ki, bu Allahın işidir. Dörd gün sonra Fatimə qucağında Əmirəl-mö’minin (ə) bayıra çıxdı və dedi: «Mən keçmişdəki bütün qadınlardan üstünəm. Çünki Asiya Allaha elə bir yerdə gizlin pərəstiş edirdi ki, həmin yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün idi. İmran qızı Məryəmi beytül-müqəddəsdə doğuş sancısı tutduqda ona nida edilir ki, bayıra çıxsın, ibadətgahda doğuş olmaz. Mən isə Allahın evinə daxil oldum, behişt meyvələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə, onun adını «Əli» qoy. Nida gəldi ki, Əliyyul-ə’la Allah buyurur: «Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim; odur mənim evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən; xoş o kəsin halına ki, onu dost tutar, ona itaət edər; vay o kəsin halına ki, onu düşmən tutar və ona müxalif olar».(Şeyx Səduq, «Əmali» 27-ci məclis, 9-cu hədis.)
Həzrət Əlinin (ə) dünyaya Kə’bədə göz açmaqla qazandığı iftixar nə keçmişdə kimsəyə nəsib olub, nə də gələcəkdə nəsib olasıdır. Həzrətin dünyaya Kə’bədə göz açması sünnə əhlinin də e’tiraf etdiyi bir həqiqətdir. Necə ki, ibn Səbbağ Maliki, «Füsulul-Mühimmə» kitabında deyir: «Həzrət Əlidən (ə) qabaq kimsə Kə’bə evində dünyaya göz açmamışdı. Bu fəziləti Allah-təala yalnız Əliyə (ə) aid etmiş və bununla da xalqa onun uca məqamını göstərmişdir.»(«Füsulul-mühimmə», səh. 14)
«Biharın» 9-cu cildində Həzrətə ad qoyulması barədə yazılmışdır: «Əbu-Talib körpəni anasından aldı, öz sinəsinə sıxdı. Fatimənin əlindən tutub Əbtəhə (Məkkə və Mina arasındakı yer) gəldi. Allah dərgahına üz tutaraq belə münacat etdi:
Ey qaranlıq gecənin, parlaq ayın sahibi,
Öz hökmünü bəyan et, adlandır bu naibi.
Onlara cavab olaraq qeybdən nida gəldi:
Pak övladınızı çağırın «Əli»,
Allah adındandır onun təməli.
Böyük sünni alimləri də öz kitablarında uyğun məsələyə toxunmuşlar. Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-Talib» kitabında azca dəyişikliklə nəql etmişdir.
Bə’zi rəvayətlərdə nəql olunur ki, Fatimə binti Əsəd körpəsi dünyaya gəldikdən sonra onun adını Heydər qoydu. Körpəni bələyib ərinə verdiyi zaman bu ad barədə mə’lumat verdi. Həzrət Əli (ə) Xeybər döyüşündə tanınmış yəhudi pəhləvanı Mərhəbə buyurdu:
Anam «Heydər» qoymuş mənim adımı,
Bu şirin önündə duran oldumu?!
Həzrətin adı Əli qoyulduğundan Heydər adı onun sair ləqəbləri sırasına qatıldı. Heydər, Əsədullah, Mürtəza, Əmirəl-mö’minin həzrətin məşhur ləqəblərindəndir. Onun künyəsi Əbül-Həsən və Əbu-Türab olmuşdur.
Rəvayətlərdə Fatimə və Əbu-Talibin allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (s) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir.(«Üsule-kafi» 2-ci cild, tarix babı.)
Əbu-Talib də tək Allaha sitayiş etmiş, həzrət Peyğəmbərin be’sətindən sonra ona iman gətirmişdir. Qüreyşin şeyxi və rəisi olduğundan Əbu-Talib öz imanını məxfi saxlamışdır. Şeyx Səduq nəql edir ki, bir şəxs ibn-Abbasa dedi: «Ey Peyğəmbərin əmioğlusu, mənə de görüm, Əbu-Talib müsəlman oldumu?» İbn-Abbas dedi: «Müsəlman olmayan şəxs belə deyərdimi: «Məkkə müşrikləri bilirdilər ki, biz öz övladımız Məhəmmədi qəbul edirik və o, boş sözlərə e’tina etmir». Əbu-Talib Kəhf səhabələri kimidir. O öz imanını qəlbində gizli saxladı və zahirən müşrik kimi göründü. Allah onlara iki savab verdi. Həzrət Sadiq buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».(Şeyx Səduq «Əmali», 89-cu məclis 12-13-cü hədis.)
«Biharul-ənvarda» Əbu-Talibin həzrət Peyğəmbəri mədh edən şe’rləri nəql olunmuşdur. Bu şe’rlərin məzmunundan görünür ki, o İslamı qəbul etmişdir. Əbu-Talib həzrət Peyğəmbərə (s) xitabən deyir:
Də’vətinlə mənə xeyir dilədin,
Dinlərin tacıdır gətirdiyin din.
İmam Sadiqdən soruşdular ki, Əbu-Talibin kafir olduğu düzdürmü? Həzrət buyurdu: «Yalan deyirlər. Kafir belə deyə bilərdimi:
Musa tək tanıdıq Məhəmmədi biz,
Kitablarda adı yazılmış səlis.
Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında Əbu-Talib haqqında yazır: «Qüreyşin rəisi və böyüyü olan Əbu-Talib Peyğəmbərin himayəçisi və yardımçısı idi. O, Peyğəmbəri çox sevirdi. O, həzrətin tərbiyəçisi olmuş və peyğəmbərliyini e’tiraf etmişdi. Əbu-Talib həzrət Peyğəmbər haqqında xeyli şe’r qoşmuşdur.
Həzrət Əlinin Kə’bədə dünyaya gəlməsi Bəni-Haşim üçün böyük iftixar oldu. Ərəb və əcəm şairləri bu barədə xeyli şe’r yazmışlar. Seyyid Həmirinin bu mövzuda yazılmış bir neçə misrasını xatırlayaq:
Anası müqəddəs Kə’bə evində
Gətirdi dünyaya oğlu Əlini.
Libası pakizə, özü pakizə,
Mövlud üçün seçdi eşq məhəllini.

HƏZRƏTİN İLKİN TƏRBİYƏSİ
Həzrət Əlinin atası Əbu-Talib Qüreyş tayfası arasında böyük hörmətə malik idi. O övladlarının tərbiyəsinə ciddi yanaşır, onları təqva və fəzilətə sövq edirdi. Əbu-Talib öz övladlarına uşaqlıq dövründən başlayaraq ərəb adət-ən’ənələri əsasında at çapma, güləş və oxatma tə’lim edirdi.
Həzrət Peyğəmbər (c) uşaqlıq dövründə atasını itirdiyindən öz babası Əbdül-Müttəlibin himayəsində yaşayırdı. Əbdül-Müttəlib dünyasını dəyişdikdən sonra onun oğlu Əbu-Talib öz qardaşı oğlunu himayəyə götürdü.
Həzrət Əlinin (ə) anası Əbu-Talibin zövcəsi Fatimə binti Əsəd həzrət Peyğəmbərə (s) mehriban bir ana kimi can yandırırdı. Belə ki, Fatimə dünyasını dəyişərkən həzrət Peyğəmbər (s) də həzrət Əli (ə) kimi çox kədərləndi. Həzrət Fatimə üçün cənazə namazı qıldı, onu öz köynəyinə bürüdü.
Əziz Peyğəmbər (s) əmisi Əbu-Talibin evində boya-başa çatdığından təşəkkür əlaməti olaraq onun zəhmətləri müqabilində hansısa bir kömək göstərmək istəyində idi.
Təsadüfdən həzrət Əli (ə) altı yaşa daxil olan vaxt Məkkədə böyük bir qıtlıq yaranmışdı. Böyük ailə sahibi olan Əbu-Talib həmin qıtlıq zamanı bir sıra çətinliklərlə üzləşmişdi. Həzrət Peyğəmbər (s) ailə ehtiyaclarını ödəməyə çətinlik çəkən əmisinə yardım olaraq altı yaşlı Əlini (ə) himayəyə götürdü və bu bəhanə ilə onun tərbiyəsi ilə məşğul olmağa başladı. Əbu-Talib və Fatimə binti Əsədin himayəsində boya-başa çatmış Peyğəmbər (s) öz zövcəsi Xədicə ilə birlikdə həzrət Əli (ə) üçün mehriban ata-ana oldu.
İbn Səbbağ «Füsulul-mühimmə», mərhum məclisi «Biharul-ənvar» kitablarında yazırlar: Bir vaxt Məkkədə qıtlıq oldu. Həzrət Peyğəmbər (s) var-dövlət sahibi olan əmisi Abbas ibn Əbdül-Müttəlibə təklif etdi ki, Əbu-Talibi düşdüyü maddi sıxıntıdan çıxarmaq məqsədi ilə hərəsi onun oğlanlarından birini himayəyə götürsünlər. Abbas Peyğəmbərin bu təklifini həvəslə qarşıladı. Onlar Əbu-Taliblə görüşdülər və öz təkliflərini ona bildirdilər. Əbu-Talib dedi: «Əqil mənimlə qalsın, başqa nə bilirsinizsə edin». Abbas Cə’fəri, Həmzə Talibi, Peyğəmbər isə Əlini öz himayəsinə götürdü.(«Füsulul-muhimmə», səh. 15.)
Bir nöqtəni qeyd etmək zəruridir ki, Əbu-Talibin övladları arasında Əlini (ə) o birilərlə müqayisə etmək olmazdı. Həzrət Peyğəmbər Əlini (ə) evinə apardıqdan sonra onların arasında xüsusi bir məhəbbət yarandı. Sanki bir zərrə günəşə qatılmış və ya bir damla dəryaya qovuşmuşdu.
Əlinin (ə) qədrini Peyğəmbər (s) bilər!
Necə zər qədrini bir zərgər bilər.
Haqqında «onu çox qüvvəli olan öyrətdi»(«Nəcm» surəsi, ayə 5.) ayəsi nazil olmuş, özü də ilahi bir məktəbdə tərbiyə almış həzrət Peyğəmbər (s) kimi bir mürəbbi və müəllimə həzrət Əli (ə) kimi şagird və tələbə lazımdır.
Həzrət Əli (ə) uşaqlıq dövründə Məhəmməd səciyyələri ilə cilvələnmiş və həzrətə dərin bağlarla bağlanmışdı. Bu bağlar heç vəchlə qırılası deyildi.
Həzrət Əli (ə) Peyğəmbəri (s) sayəbə-sayə izləmiş, birbaşa onun tərbiyəsi altında ərsəyə çatmışdır. O, Peyğəmbərin əqidə və adətlərinin ardınca getmiş, belə ki, qısa bir müddətdə onun bütün hərəkətlərini, xallarını, əxlaqını və adətlərini əxz etmişdir.
İnsanın həyatı bir neçə mərhələyə bölünür. İnsan hər bir həyat mərhələsində öz yaş tələblərinə əməl edir. Uşaqlıq dövrünün də özünəməxsus hərəkətləri vardır. Amma Həzrət Əli (ə) bütün başqa uşaqlardan fərqli olaraq uşaq oyunları ardınca getməmiş, əyləncələrdən çəkinmiş, elə uşaq dövründən başlayaraq ali düşüncələrə qərq olmuş, əməl və rəftarlarında mə’nəvi bir təkamül, ilahi əzəmətin bir nümunəsi müşahidə edilmişdir.
Həzrət Əli (ə) səkkiz yaşınadək Peyğəmbərin (s) himayəsində olmuşdur. Sonra atasının yanına qayıtsa da, bu qayıdış onun Peyğəmbərlə ünsiyyətinə mane olmamışdır. Həzrət Əli (ə) vaxtının çoxunu həzrətin yanında keçirmişdir. Həzrət Peyğəmbər də qəlbində toplanmış Əbu-Talib məhəbbətini Əlinin (ə) qəlbində əks etdirmiş, Əlinin tərbiyəsini öz əxlaqi fəzilətləri üzərində qurmuşdur. Beləcə, həzrət Əlinin (ə) həyatının ilk on ili Peyğəmbərin pənahında və himayəsində ötüşmüşdür. Həmin ilkin tə’lim-tərbiyə nəticəsində həzrət Əli (ə) Peyğəmbərin (s) ilahi də’vətlərini hamıdan qabaq qəbul etmiş və ömrünün sonunadək haqq və həqiqət yolunda fədakarlığa hazır olmuşdur.

BE’SƏT - HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYƏ ÇATDIĞI DÖVR
Bu fəsildəki söhbətlərə başlamazdan qabaq həzrət Peyğəmbərin be’sətinə nəzər salmaq lazım gəlir. Yalnız bundan sonra be’sət məsələsində mühüm payı olan həzrət Əlinin (ə) həyatını araşdırmaq olar.
Həzrət Peyğəmbər (s) gənclik dövründən başlayaraq, adətən, həmin dövrün çirkin cəmiyyətindən kənarlaşıb, təklikdə düşüncə və ibadətə məşğul olardı. Həzrət yaranış nizamı, təbiətin ümumi qanunları, varlıq aləminin sirlərini mütaliə edərdi. Qırx yaşına çatdıqda özünə ibadət yeri seçdiyi Həra dağında əbədiyyət şö’lələri onun daxilini işıqlandırdı və onun üçün varlıq aləminin sirlərinə pəncərə açıldı. Dili həqiqətlərin açıqlanması üçün hərəkətə gəldi və həzrət xalqın hidayəti üçün əmr aldı. Həzrət Məhəmməd (s) gördüyü hər şeydən həqiqət qoxusu duyur, harada olurdusa həqiqət axtarırdı. Qəlbində fəryad qopmuş bu insanın dili sükuta qərq olmuşdu. Amma onun ilahi siması belə bir həqiqətdən danışırdı.
Könlümün qatında bilməm olan nə,
Mən aram durmuşkən o ağlar yenə.
Həzrət arabir sirrini Xədicəyə açar, başqalarındansa gizləyərdi. Xədicədə öz növbəsində ona ürək-dirək verərdi. Bir müddət belə ötüşdü. Nəhayət, bir gün həzrət Həra dağında bir avaz eşitdi: «Ey Məhəmməd oxu!» Həzrət: «Nə oxuyum», deyə soruşdu. Deyildi: «Yaradan Rəbbinin adı ilə oxu; o insanı laxtalanmış qandan yaratdı; oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir; O Rəbbin ki, qələmlə öyrətdi; o Rəbbin ki, insana bilmədiklərini tə’lim etdi.»(«Ələq» surəsi, ayə 1-5.) İlahi nur qeyb aləmindən onun könül fəzasına süzüldüyü vaxt həzrətin vücudu lərzəyə gəldi və o, dağdan uzaqlaşdı. Hara baxırdısa həmin nurun cilvəsini görürdü. İztirablı və heyran vəziyyətdə evə gəldi. Bədəni yarpaq tək əsirdi. Xədicəyə «məni bürü», dedi. Xədicə onu bürüdü və həzrət yuxuya getdi. Yuxudan oyandıqda həzrətə belə bir ayə nazil oldu: «Ey libasına bürünmüş; qalx (qövmünü) qorxut; öz Rəbbini uca tut; libasını pak et; əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş; etdiyini çox bilib bir kəsə minnət qoyma; Rəbbinin razılığını qazanmaq üçün səbr et.»(«Müddəssir» surəsi, ayə 1-7.)
Amma belə bir də’vəti aşkarlamaq asan iş deyildi. Çünki bu də’vət ərəb və sair millətlərin e’tiqadlarına zidd idi. Bu də’vət dünya xalqlarının, ən əsası isə ərəblərin ictimai, dini və ideoloji müqəddəsliklərini təhqir edirdi. Bu səbəbdən də yaxından-uzaqdan bu barədə eşidənlər, hətta yaxın qohum-əqrəba həzrətə qarşı müxalifət bayrağı qaldırıb, ona tə’nə vurmağa, istehza etməyə başladılar.
Bütün bu müddət ərzində həzrətin ilahi cazibəyə bürünmüş mübarək vücudu bu misilsiz və böyük əta müqabilində Allah dərgahına sitayiş edirdi. Əlinin (ə) iri və dolu gözləri Peyğəmbərin (s) halını heyranlıqla müşahidə edirdi. Həzrət Məhəmməd (s) Peyğəmbərliyə çatdığı ilk andan on yaşlı həzrət Əli (ə) İslamı qəbul etmiş, Peyğəmbərə (s) müt’i olmuşdu. Həzrət Əli (ə) Peyğəmbərin də’vətini qəbul etmiş ilk kişidir. Bütün sünni tarixçiləri və mühəddisləri bu həqiqəti təsdiq edirlər. Mühibbəddin Təbəri «Zəxairul-üqba» əsərində Ömərin dilindən yazır: «Əbu-Übeydə, Əbu-Bəkr və başqaları ilə birlikdə olduğum vaxt həzrət Peyğəmbər (s) əlini həzrət Əlinin (ə) çiyninə qoydu və buyurdu: «Ya Əli, mö’minlər arasından iman gətirmiş ilk şəxs sənsən. Müsəlmanlardan birincisisən ki, İslamı seçdin. Harun Musa üçün hansı məqamda idisə, sən də mənim üçün həmin məqamdasan». («Zəxairul-üqba» səh. 58) Təbəri öz əsərində belə bir qeyd edir: «Həzrət Peyğəmbər (s) bazar ertəsi günü peyğəmbərliyə məb’us oldu və Əli bir gün sonra İslamı qəbul etdi. Süleyman Bəlxi «Yənabiul-məvəddət» əsərinin on ikinci fəslində Ənəs ibn Malikdən nəql edir ki, həzrət Peyğəmbər (s) belə buyurdu: «Mələklər yeddi il mənə və Əliyə (ə) salam göndərdilər. Çünki həmin yeddi ildə yalnız mənim və Əlinin (ə) dilindən Allahın birliyinə şəhadət kəlmələri səmaya ucalırdı».
Həzrət Əli (ə) Müaviyənin qürrələnməsinə cavab olaraq ona göndərdiyi şe’rdə İslama ilkin gəlişin ona məxsus olduğuna işarə edir.(«Füsulul-mühimmə» səh. 16)
Körpə olmağıma baxmayaraq mən
İslama üz tutdum hamıdan öndən.
Həzrət Peyğəmbər Allahın əmri ilə öz qohum-əqrəbasını bir yerə yığıb, onları İslama də’vət etdiyi vaxt on yaşlı həzrət Əlidən (ə) savay kimsə bu də’vətə müsbət cavab vermədi. Həzrət Peyğəmbər elə həmin məclisdə Əlinin (ə) imanını qəbul etdi və məclis əhlinin hüzurunda onun canişinliyini təsdiqlədi. Hadisə belə baş verdi:
«Ən yaxın qohumlarını qorxut» («Şüəra» surəsi, ayə 214.) ayəsi nazil olduğu üçün həzrət Peyğəmbər (s) Əbdül-Müttəlibin övladlarını Əbu-Talibin evində bir yerə topladı. Məclisdə qırxa yaxın adam vardı. Həzrət öz də’vətinin həqiqət olduğunu sübuta yetirmək üçün onlara mö’cüzə göstərməli idi. Həzrət məclisdəkilər üçün bir qoyun budu, on sir (1 sir=75 qram) buğda və üç litr süddən qida hazırlanmasını göstəriş verdi. Hansı ki, məclisdəkilərdən bə’ziləri bütün bu deyilənləri bir dəfəyə yeyərdi.
Süfrə açıldığı vaxt məclisdəkilər gülüşüb, «Məhəmməd heç bir nəfərlik də yemək hazırlamayıb» dedilər. Həzrət buyurdu: «Yeyin Allahın adı ilə». Qonaqlar süfrədə olan təamlardan yeyib doydular. Əbu-Ləhəb dedi: «Məhəmməd bu yeməklərlə sizi sehrlədi».
Həmin vaxt Həzrət (s) ayağa qalxdı və sözünə giriş verib buyurdu: «Ey Əbdül-Müttəlib övladları, Allah-təala məni bütün xalqlar, xüsusi ilə də sizin üçün göndərmişdir. Mən sizi iki sözə də’vət edirəm. Bu sözləri demək asan, əməl etmək isə çətindir. Bu sözləri deməklə ərəb və əcəmə hakim olursunuz və bütün millətlər sizə tabe olur. Həmin iki söz vasitəsi ilə behiştə daxil olur, cəhənnəm odundan qurtulursunuz. Bu iki söz Allahın birliyinə və mənim Onun rəsulu olmağıma şəhadət verməyinizdir. Mənim bu də’vətimi qəbul edib peyğəmbərliyimə yardım göstərən və ayağa qalxan hər bir kəs mənim qardaşım, canişinim, vəzirim, varisimdir».
Məclisə toplanmış böyük ailədən kimsə həzrətin də’vətinə müsbət cavab vermədi. Yalnız həddi-büluğ olmamış on yaşlı həzrət Əli (ə) Peyğəmbərin də’vətini qəbul etdi.
Bəli, həzrət Peyğəmbər (s) həmin məclisdə danışdığı vaxt onun istəyinə bəsirət gözü ilə baxan, bu sözləri qəlbən dinləyən həzrət Əli (ə) ayağa qalxdı, şəhadət kəlmələrini izhar edərək dedi: «Də’vətini qəbul edirəm və çağırışına qəlbən cavab verirəm».
Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli (ə), əyləş». Peyğəmbər (s) öz sözlərini üç dəfə təkrarladı. Amma həzrət Əlidən (ə) başqa onun də’vətinə cavab verən olmadı. Həmin an həzrət camaata müraciətlə buyurdu: «Bu (Əli), sizin aranızda mənim qardaşım, canişinim və xəlifəmdir». Bə’zi mənbələrdə bildirilir ki, həzrət Peyğəmbər (s) Əlinin (ə) özünə belə buyurdu: «Sən mənim qardaşım, vəzirim və varisimsən. Məndən sonra xəlifəm də sənsən». Əbdül-Müttəlib övladları ayağa qalxdılar, həzrətin peyğəmbərlik məsələsini məsxərəyə qoyub gülüşlə qarşıladılar. Əbu-Ləhəb Əbu-Talibə dedi: «Bundan sonra sən qardaşın oğluna və öz oğluna tabe olmalısan». Peyğəmbərin öz qohum-əqrəbasını Allah əmri ilə İslama də’vət etdiyi gün «Yəvmul-inzar» adlandırılmışdır.(«Tarixe-Təbəri» 2-ci cild, səh. 217.)
Bə’zi sünnülər həzrət Əlinin (ə) yəvmul-inzar, eləcə də, həmin gündən qabaq iman gətirməsi məsələsini gözdən salmaq üçün deyirlər: «Həqiqətən də, Həzrət Əli (ə) hamıdan qabaq müsəlman oldu və iman gətirdi. Əbu-Bəkr və başqaları isə Əlidən sonra iman gətirdilər. Amma Əli iman gətirdiyi vaxt uşaq olduğundan, heç bir vəzifə daşımadığından, onun imanı ağıl və məntiq əsasında olmamışdır. Əli uşaqcasına təqlid edərək İslama üz tutmuşdur. Hansı ki, Əbu-Bəkr, Ömər və başqaları yaş və ağılca kamal həddində olmuş, həzrət Peyğəmbərə (s) düşüncə yolu ilə iman gətirmişlər. Şübhəsiz ki, ağıl və araşdırma yolu ilə iman gətirilməsi uşaqcasına təqlid yolu ilə iman gətirilməsindən üstündür».
İman məsələsində Əlini başqaları ilə müqayisə etmək məntiq alimlərinin tə’birincə «Məəl-fariq» müqayisədir. Bu sayaq iradların irəli sürülməsinin səbəbi Mövləvi demişkən, insanın öz işini pakların işi ilə müqayisə etməsindən irəli gəlir. Əvvəla, yaş baxımından həddi-büluğ məsələsi əqli işlərə yox, şər’i hökmlərə aiddir. Allaha iman, Onun yeganəliyinin və risalət məsələsinin təsdiqi şər’i təklif yox, əqli işlərdəndir. İkincisi, ağıl qüvvəsinin yaş artdıqca çoxalması ümumi qanun deyil. Az yaşlı bir insanın ağıl və məntiqi qırx-əlli yaşlı insanın ağıl və məntiqindən güclü də ola bilər. Xüsusi ilə müqəddəs ruha malik olan və Allah tərəfindən yardım olan insanın ağıl və məntiqi başqaları ilə müqayisə edilə bilməz. Necə ki, həzrət İsa yeni doğulmuş körpə olduğu halda buyurdu: «Mən Allahın bir quluyam ki, mənə səmavi kitab verib və məni Peyğəmbər seçib».(«Məryəm» surəsi, ayə 30.) Allah-təala Qur’anda həzrət Yəhya haqqında buyurur: «Biz uşaq ikən ona hikmət verdik».(«Məryəm» surəsi, ayə 12.)
Seyyid Həmiri həzrət Əlini (ə) mədh edərkən bu məsələyə toxunur:
Körpəykən Yəhyaya hikmət gələn tək
Əliyə (ə) vilayət endirdi fələk.
Qur’ani-Kərimdə Yusifin dastanında buyurulur: «Bir şahid belə şəhadət verdi: «Əgər Yusifin köynəyi öndən cırılmışsa, qadın doğru deyir. O isə yalançılardandır».(«Yusif» surəsi, ayə 26.) Təfsirçilərin qeyd etdiyinə görə Yusifin paklığına şəhadət verən şəxs azyaşlı bir uşaq imiş.
Üçüncüsü, həzrət Əlinin (ə) imanı başqalarının imanı kimi olmamışdır. Onun imanı pak fitrətindən qidalanmışdır. Hansı ki, başqalarının imanı küfrdən keçmiş bir imandır. Həzrət Əli (ə) hələ Məhəmmədin (s) peyğəmbərliyindən qabaq fitrətən təkallahçı olmuşdur. Həzrət özü «Nəhcül-bəlağədə» buyurur: «Mən tövhid fitrəti ilə dünyaya gəldim. İmanla və Peyğəmbərlə hicrətlə başqalarından üstün oldum».
Həzrət Hüseyn (ə) aşura günü atasının məqamı ilə fəxr edərək Ömər ibn Sə’din qoşununa buyurur:
Fatimeyi-Zəhra anamdır mənim,
Atam döyüşlərdə düşmənə qənim.
Qüreyş Lat-Üzzaya tapındığı vaxt,
Atam üstün tutmuş Allahın dinin.
Məhəmməd ibn Yusif Gənci və digər alimlər həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: «Ümmətlər arasında üç şəxs iman baxımından başqalarından irəlidədir. Onlar bir göz qırpımında Allaha müşrik olmadılar. Bu üç nəfər Əli ibn Əbu Talib, Yasin sahibi və Ali-Fir’on mö’minidir. Onlar öz imanlarında doğruçudurlar».(«Kifayətut-Talib» 24-cü bab, səh. 123)
Dördüncüsü, həzrət Peyğəmbərin sözü və əməli bizim üçün, dəlil olmuşdur və heç bir nə üçün niyəyə yer qalmır. Çünki Allah-təala həzrət haqqında buyurmuşdur: «O, könlü, istəyəni danışmır; bu ancaq nazil olan bir vəhydir». («Nəcm» surəsi, ayə 3-4.) Əgər həzrət Əli (ə) uşaqyana bir təqlidlə iman gətirmiş olsaydı, həzrət Peyğəmbər (s) hələ həddi-büluğa çatmadığını onun nəzərinə çatdırardı. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imanını nəinki qəbul etmiş, hətta onun varisliyini, canişinliyini və xəlifəliyini xalq arasında bəyan etmişdi. Əlinin (ə) ilkin iman gətirməsi məsələsini şübhə altına alanlar əslində nə Peyğəmbəri tanımışlar, nə də Əlini!
Eləcə də, Əlinin imanının dəyərini Allah daha yaxşı bilir. Qur’ani-Kərimdə onun imanı haqqında xoş sözlər buyurulmuşdur. Əgər tarixçilərin və təfsirçilərin bildirdiyinə görə, Abbas ibn Əbdül-Müttəlib, Şeybə ərəb adətlərinə əsasən fəxr etdiyi vaxt həzrət Əli (ə) onlardan nəyin fəxr sayılması haqqında soruşur. Abbas deyir: «Mən hacılara su vermiş, onların işlərini idarə etmişəm». Şeybə deyir: «Mən Allah evinin xadimiyəm, onun açarları məndədir». Bu məqamda həzrət Əli (ə) buyurur: «Fəxr mənə məxsusdur. Çünki mən sizlərdən çox-çox qabaq iman gətirmiş və qibləyə doğru namaz qılmışam». Bu üç şəxsin heç biri o birilərin sözünü qəbul etmədiyindən həzrət Peyğəmbərin (s) yanına gedirlər ki, kimin haqlı olduğu barədə hökm verilsin. Həmin məqamda Cəbrail ayə gətirir: «Məgər siz hacılara su verməyi və Məscidül-həramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib, bu yolda cihad etməklə eynimi tutursunuz?!» («Tövbə» surəsi, ayə 19.)
Əksər tarixçilər təsdiq edirlər ki, Peyğəmbərin (s) də’vətinə ilk müsbət cavab vermiş və Allaha iman gətirmiş şəxs həzrət Əli (ə) olmuşdur. Sünni və şiə tarixçilərinin bildirdiyinə görə, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Mənim də’vətimi ilkin qəbul edən kəs məndən sonra canişinim olacaq». Bu məsələni sünnə əhlinin nə üçün qəbul etmədiyini onların özündən soruşmaq lazımdır. Biz söhbətimizin beşinci hissəsində bu barədə daha ətraflı danışacağıq.
Ən əhəmiyyətli və maraqlı budur ki, Əlinin (ə) müsəlmanlığı və imanını başqalarının müsəlmanlığı ilə müqayisə etmək olmaz. Çünki həzrət yalnız zahirən və ya Peyğəmbərlə qohum olduğu üçün iman gətirməmişdi. Həzrət Əli (ə) lap uşaq çağlarından həqiqət aşiqi olmuşdu. O, haqla üzbəüz dayandığı vaxt hər şeyi unudardı. Bu səbəbdən də haqqın zühur yeri olan Peyğəmbər (s) qarşısında fani olmuş, onun dinini yaymaq yolunda öz fədakarlığını son həddə çatdırmışdı.
Çəkinmədən deyə bilərik ki, həzrət Peyğəmbərin Əlidən (ə) fədakar yaxını olmamışdı. Həzrət Əlinin (ə) İslam yolundakı fədakarlıqlarını kimsə inkar edə bilməz. O ən çətin məqamlarda canını Peyğəmbərə (s) sipər etmiş və belə bir fədakarlığı qəlbən qəbul etmişdir.
İslamın tülu etdiyi ilk gündən həzrət Peyğəmbər hər gün Qüreyş müxaliflərinin maneələri ilə üzbəüz olmuşdur. Qüreyş hər vasitə ilə Peyğəmbərə əzab-əziyyət verməyə çalışırdı. Be’sətdən sonra Məkkədə olduğu on üç ildə Əbu-Ləhəb kimi yaxın qohumları tərəfindən də olmazın əziyyətlərinə mə’ruz qalan Peyğəmbəri həzrət Əli (ə) kölgə tək izləyərək qorumuş, onu müşriklərin, Məkkə bütpərəstlərinin fitnələrindən uzaqlaşdırmışdır. O, Peyğəmbərlə olduğu vaxtlarda isə Allah rəsulunu incitməyə cür’ət etməzdilər.
Gizli və aşkar də’vət dövrlərində həzrət Əli (ə) heç bir fədakarlıqdan çəkinməzdi. Həzrət Peyğəmbər (s) də öz də’vətini günbəgün itiləşdirir və xalqı açıq-aşkar Allaha doğru çağırır, bütpərəstlikdən çəkinməyə də’vət edirdi. Nəticədə Qüreyşin bə’zi qadın və kişiləri doğru yolu tutub, müsəlman oldular. Bir neçə Qüreyşinin İslamı qəbul etməsi o birilərinə ağır gəldi və Peyğəmbəri incitməkdə daha çox sə’y göstərməyə başladılar.
Əbu-Cəhl, Əhnəz ibn Şəriq, Əbu-Süfyan, Əmr As, Ömər ibn Xəttab, Əbu-Ləhəb həzrət Peyğəmbərin (s) ən böyük düşmənlərindən idilər. Onlar açıq-aşkar Əbu-Talibdən tələb edirdilər ki, Peyğəmbəri himayə etməsin və onu Qüreyşin ixtiyarına versin. Amma Əbu-Talib ömrünün son günlərinədək Peyğəmbəri himayə etdi və onun əqidəsinin genişləndirilməsi yolunda əlindən gələni əsirgəmədi.
Sərt tə’qiblər sayəsində həzrət Peyğəmbər (s) öz qohumları və yaxınlarından bir qrupu ilə üç il Şi’be Əbu-Talibdə ((Bir dərə adı)) gizləndilər və özlərini aşkar etmək, açıq ibadət imkanından məhrum oldular.
Bütün bu çətin mərhələlərdə həzrət Əli (ə) həzrət Peyğəmbərlə birlikdə idi. Bu iki insan bir-birinə ruhən və əxlaqi baxımdan o qədər bağlanmışdılar ki, onları ayrılıqda təsəvvür etmək mümkünsüz olmuşdu.
İslamın zühuru Məkkədə bu sayaq maneələr və problemlərlə üzləşdiyindən ilk on üç ildə elə bir inkişaf əldə olunmadı. İslamın inkişafı üçün yol tapmaq, münasib mühit axtarmaq zəruri olmuşdu. Bütün bu axtarışlar nəhayətdə həzrət Peyğəmbərin (s) hicrəti ilə nəticələndi. Həzrətin hicrəti haqqında növbəti fəsillərdə danışacağıq.


Ardı var...

Müəllif: Fəzlullah Kompani   

Category: Tarix | Baxış: 1008 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]