Bazar günü, 2024-12-22, 10:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 3 » Əli əleyihissalam kimdir? (10)
10:48 PM
Əli əleyihissalam kimdir? (10)
 HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ
Həzrət Əli (ə) Nəhrəvan döyüşünü başa vurduqdan sonra Kufəyə qayıtdı və Şama hücum haqqında düşünməyə başladı. Əyalət hakimləri həzrətin fərmanına uyğun olaraq imkan həddində könüllü toplayır və təchiz olunmuş dəstələri imamın xidmətinə göndərirdilər.
Nəhayət, hicri 40-cı il şə’banın axırlarında əyalətlərdən göndərilən qüvvələr Kufəyə daxil olub, Nuxəylə düşərgəsinə qatıldılar. Həzrət Əli (ə) səfərbər olmuş qüvvələri hərbi nizama saldı. Həzrət gecə-gündüz çalışmaqla döyüşçülərin zəruri ehtiyaclarını ödəyirdi. Qəlbləri Müaviyə, xüsusi ilə də Əmr Asın hiylələri səbəbindən kinlə dolmuş sərkərdələr həzrətə kömək edirdilər. Nəhayət, hicri 40-cı il, mübarək ramazan ayının ikinci yarısında həzrət Əli (ə) bir xütbə ilə döyüşçülərin qəlbini riqqətə gətirib, onları Şama doğru hərəkət üçün hazırladı. Amma təqdir onun üçün başqa bir tale müəyyənləşdirmişdi.
Xəvaric fərariləri Məkkəni özləri üçün əməliyyat mərkəzi seçmişdilər. Əbdürrəhman ibn Mülcəm, Bərk ibn Abdullah və Əmr ibn Bəkr adlı üç xəvaric bir gecə əyləşib müsəlmanların keçmişi haqqında söhbət edirdilər. Söhbətin sonunda onlar belə bir qərara gəldilər ki, tökülən qanlarda Müaviyə, Əmr As və Əli (ə) günahkardır. Onların fikrinə görə əgər bu üç şəxs aradan götürülərdisə, müsəlmanlar rahatlığa çıxardılar. Nəhayət, həmin üç xəvaric belə bir razılığa gəlib and içdilər ki, hərəsi həmin üç şəxsdən birini öldürsün. İbn Mülcəm həzrət Əlini (ə), Əmr ibn Bəkr Əmr Ası, Bərk ibn Abdullah isə Müaviyəni öldürməyi öhdəyə götürdü. Onlar qılınclarına öldürücü zəhər çəkib qərarlarını həyata keçirmək üçün ramazan ayının on doqquzuncu gecəsini seçdilər. Hərə öz vəzifəsini icra etmək üçün yola düşdü. Əmr ibn Bəkr Misirə, Bərk ibn Abdullah Şama, İbn Mülcəm isə Kufəyə getdi.
Bərk ibn Abdullah qədr gecəsi Şam məscidində səcdəyə getmiş Müaviyəni yalnız yaralaya bildi. Ağır yaralanmış Müaviyə yatağa düşdü. İbn Abdullahı onun yanına gətirdilər. Müaviyə dedi: «Sən hansı cür’ətlə bu işi gördün?» İbn-Abdullah dedi: «Əmr məni bağışlasa, ona müjdə verərəm». Müaviyə soruşdu: «Məqsədin nədir?» Bərk dedi: «İndicə Əlini də öldürdülər». Müaviyə bu xəbərin düzgünlüyünü yoxlayanadək, onu zindana saldı. Verilən xəbərin düzgün olduğu sübuta yetdikdən sonra Müaviyə ibn Abdullahı azad etdi». (bə’zi rəvayətlərə görə Müaviyə onun boynunu vurdurdu).
Müaviyəni müayinə edən həkim dedi: «Əgər əmir övlad istəmirsə, onun yarasını dərmanla müalicə etmək olar. Yox əgər övlad istəyirsə, yara yeri qızdırılmış dəmirlə dağlanmalıdır». Müaviyə dedi: «Qızdırılmış dəmirə dözümüm yoxdur. İki oğul mənə bəs edər».
Əmr ibn Bəkr də öz növbəsində gecə yarı Misirdə məscidə gedib, öz məqsədini həyata keçirmək istədi. Amma Əmr As şiddətli qızdırma içində olduğundan məscidə gələ bilmədi və oğlunun məsləhəti ilə şəhər qazisini camaat namazına göndərdi.
Namaz başladıqdan sonra birinci rəkətdə qazi səcdəyə gedərkən Əmr ibn Bəkr bir zərbə ilə onu qətlə yetirdi. Məsciddə hay-küy qopdu. Namaz yarıda qaldı, qatil misirlilərin əlinə keçdi. Camaat onu Əmr Asın ağır əzabları ilə qorxutduqları vaxt Əmr ibn Bəkr təəccüblə soruşdu: «Məgər Əmr As ölməyib?» Camaat ona bildirdi ki, onun öldürdüyü şəhər qazisi olub.
Əmr qazini nahaqdan öldürdüyü və məqsədini həyata keçirə bilmədiyi üçün ağlamağa başladı. Əmr As ondan ağlamasının səbəbini soruşduqda dedi: «Mən öz həyatım üçün ağlamıram. Təəssüf edirəm ki, qazini öldürmüşəm, sən isə sağ qalmısan. Heyf ki, dostlarım öz işini yerinə yetirdi, mən isə yox». Əmr As bu əhvalatı ondan soruşdu. Əmr dostları ilə birlikdə hazırladığı plandan danışdı. Əmr As göstəriş verdi ki, onun boynunu vursunlar. Bəli, Əmr Asın və Müaviyənin qətli planı baş tutmadı.
Əbdürrəhman ibn Mülcəmin taleyi başqa oldu. Bu şəxs hicri qırxıncı il şə’ban ayının axırlarında Kufəyə çatdı. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm bu qadınla ilk görüşdə onun gözəlliyinə aldandı və eşqini e’lan etdi. Qutam dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən». Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin qanıdır». Necə də ağır bir mehriyyə! Şair bu barədə deyir:
Qutamın mehrinə tarix məəttəl-
Tələb etdi: Əli qanın götür gəl.
Bəli, İbn-Mülcəmin cinayəti tarixdə görünməmiş bir cinayət oldu. Məqsədini daim gizli saxlamış İbn-Mülcəm Qutamı yoxlamaq üçün dedi: «Nə istəsən verərəm, Əlini qətlə yetirmək necə mümkündür?» Qutam dedi: «Bəli, adi halda kimsə bu işi görə bilməz. Onu yalnız qəfildən hücum edib öldürmək mümkündür. Onu öldürüb, mənim könül dərdimə şəfa ver, həm də öz kamına çat. Əgər bu işi görərkən ölsən, axirət mükafatın dünya mükafatından da üstün olacaq». İbn-Mülcəm başa düşdü ki, Qutam da xəvaricdəndir və onun əqidə yoldaşıdır. Dedi: «And olsun Allaha, mən Kufəyə yalnız bu işi görmək üçün gəlmişəm». Qutam dedi: «Mən də bu işi görməkdə sənə yardım edərəm. Sənə yardım üçün bir neçə nəfər ayıraram». Qutam İbn-Mülcəmi öz qəbiləsindən olan xəvaric əqidəli Vərdan ibn Məcalidin yanına göndərdi. Vərdan Qutamın istəyini yerinə yetirəcəyinə söz verdi.
İbn-Mülcəm özü də Əşcəə qəbiləsindən olan Şəbib adlı xəvarici köməkçi götürdü. Onlar öz məqsədlərindən Siffeyn döyüşündə həzrət Əlini sülhə məcbur etmiş Əş’əs ibn Qeysi də xəbərdar etdilər. Əş’əs söz verdi ki, nəzərdə tutlmuş vaxt o da məsciddə olacaq. Nəhayət mübarək ramazan ayının on doqquzuncu gecəsi çatdı. İbn-Mülcəm öz yoldaşları ilə məscidə gəlib həzrət Əlini (ə) gözləməyə başladı.
Həzrət Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi isə qızı Ümmü-Gülsümün qonağı idi.
İftar zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək təşviş içində oldu. Bə’zən səmaya baxıb ulduzları seyr edirdi. Sübh çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss edirəm ki, haqla görüş məqamı yaxındadır».
Nəhayət, hövlnak gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O, atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu: «Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir».
Həzrət məscidə üz tutdu. Dama çıxıb sübh azanını e’lan etdi. Sonra məscidə daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü. Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal qaçdılar.
Həzrət Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kə’bənin Allahına, qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram». Bu vaxt həzrət Cəbrailin yer ilə göy arasından nida çəkdiyini eşitdi: «And olsun Allaha, hidayət sütunları uçuldu, təqva nişanələri məhv oldu, xaliqlə məxluq arasındakı ən möhkəm bağ qırıldı. Peyğəmbərin əmisi oğlu öldürüldü. Həzrət Əli (ə) şəhadətə çatdı. Ən zalımların ən bədbəxti onu şəhid etdi».
Məsciddə hay-küy qopdu. Həsən və Hüseyn evdən məscidə qaçdılar. Bir qrup adam da İbn-Mülcəmin ardınca gedib onu tutdu. Həsən və Hüseyn haşimilərin köməyi ilə həzrəti kilimin üstünə qoyub evə gətirdilər. Dərhal həkim ardınca adam getdi. Həkim gəldikdən sonra yaranı müayinə edib yaranın sağalmaz olduğunu bildirdi. Çünki həzrətin vurulduğu qılınca zəhər çəkilmişdi.
Həzrət Əli (ə) başqalarından fərqli olaraq ölümünün labüd olduğunu eşitdikdə narahat olmadı. O, Həsən və Hüseynə vəsiyyət edirdi. Bəli, həzrət ölümdən qorxmurdu. O dəfələrlə buyurmuşdu ki, uşaq anasının döşünə müştaq olduğu tək o da ölümə müştaqdır.
Həzrət Əli (ə) ömür boyu ölümlə çarpışmışdı. Düşmənlər həzrət Peyğəmbərin (s) yatağını qılınclamaq istədikləri vaxt həzrətin (s) yerində yatan Əli (ə) idi. Həzrət daim İslam qəzavatlarında olmuş, ölümün gözünə dik baxmışdı. Həzrət buyurdu ki, mənim üçün fərqi yoxdur ki, ölüm mənim sorağıma gələ, ya mən ölümün sorağına gedəm». Həzrət (ə) Həsən və Hüseynə belə vəsiyyət etdi: «Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Dünya sizin ardınızca gəlsə də, siz onun ardınca getməyin. Əlinizdən dünya malı çıxdıqda təəssüflənməyin. Doğru və haqq söz danışın. Axirət mükafatı üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı olun.
Sizə, bütün övladlarıma və Əhli-beytimə məktubum yetişən hər bir adama təqvanı, Allahdan qorxmağı, həyat işlərini tənzimləməyi, öz aralarında sazişi vəsiyyət edirəm. Çünki babanız Peyğəmbərin belə dediyini eşitmişəm: «İki nəfər arasında sülh yaratmaq namaz və orucdan üstündür». Yetimlərə münasibətdə Allahdan qorxun. Onların ağzı üçün növbə qərarlaşdırmayın (bə’zən tox, bə’zən isə ac olalar). Sizin diqqətsizliyiniz səbəbindən onlar zaya çıxmasınlar. Qonşulara münasibətdə Allahdan qorxun. Onları Peyğəmbər tapşırmışdır. Həzrət qonşuları elə tapşırardı ki, güman edərdik qonşu qonşudan irs aparacaq. Qur’ana münasibətdə Allahdan qorxun. Ona əməl etməkdə sizi ötüb keçməsinlər. Namaza münasibətdə Allahdan qorxun. Namaz dinin sütunudur. Kə’bəyə münasibətdə Allahdan qorxun. Nə qədər ki, dirisiz, Allah evini boş qoymayın. Əgər o boş qalsa, cəzada möhlət almayacaqsınız. Cihada münasibətdə Allahdan qorxun. Malınız, canınız, dilinizlə Allah yolunda cihad edin. Əlaqələrinizi qoruyun və bir-birinizə bağışlayın. Bir-birinizə arxa çevirməkdən, bir-birinizdən ayrılmaqdan çəkinin. Əmr be mə’ruf və nəhy əz münkəri (yaxşıya əmr, pisə qadağa) tərk etməyin. Yoxsa şər adamlar sizə hakim olar. Bu halda siz Allahı çağırsanız da, O sizin dualarınıza cavab verməz.
Ey Əbdül Müttəlib övladları, məbada «Əmirəl-mö’minin öldürülüb» deyə, xalqın qanını tökəsiniz. Bilməlisiniz ki, mənə görə yalnız məni öldürən qətlə yetirilə bilər. Elə ki, mən onun zərbəsindən öldüm, siz də əvəzində ona bir zərbə vurun. Onun meyitini təhqir etməyin. Həzrət Peyğəmbər (s) buyurub ki, muslə (meyiti təhqir) etməkdən çəkinin».
Həzrət Əli (ə) zərbə aldıqdan sonra üç gün yataqda qaldı. Bu müddət ərzində təkcə ailəsi yox, həm də səhabələri onun yanında olurdu. Ətrafındakılar ömrünün son saatlarında həzrətin dəyərli buyuruqlarından faydalanırdılar. Həmin vaxt həzrətin buyurduğu dürlü öyüdlərdən biri də budur: «Mən dünən sizin müsahibiniz idim. Bugünkü vəziyyətim isə sizin üçün bir ibrətdir. Sabah isə sizdən ayrılaram».
Həzrətə bir qədər süd gətirdilər. Azca içdi və sonra buyurdu: «Zindana saldığınız adama da bu süddən bir qədər verin. Onu incitməyin. Əgər sağ qalsam, özüm bilərəm, əgər ölsəm, ona yalnız bir zərbə vurun. Çünki o mənə bircə zərbə vurub». Sonra üzünü Həsənə tutub buyurdu: «Oğulcan, məndən sonra sən vəliyye-əmr, mənim qanımın sahibisən. Onu bağışlamaq istəsən, özün bilərsən. Əgər öldürsən, mənə bircə zərbə vurduğu üçün ona birdən artıq zərbə vurma». Qılınca çəkilmiş zəhər həzrətin bədəninə sirayət etdiyindən o hərəkətdən düşmüşdü. Ona görə də namazını oturaq halda qılır, daim zikr edirdi. Ramazanın iyirmi birinci gecəsi ölümü yaxınlaşan məqamlarda buyurdu: «Son görüş üçün ailə üzvlərimi çağırın. Hamının hüzurunda vəsiyyət etmək istəyirəm».
Həzrətin övladları onun ətrafında cəmləşdi. Onların gözləri ağlamaqdan qızarmışdı. Həzrətin vəsiyyətlərini dinləyirdilər. Amma həzrətin vəsiyyətləri təkcə onun övladlarına aid deyildi. Bu vəsiyyətlər dünyanın sonunadək bütün bəşərə aid idi. Əxlaqi və əməli fəlsəfəyə aid göstərişlər silsiləsindən bə’zilərinə nəzər salırıq:
Sözümün əvvəli Allahın yeganəliyinə şəhadətdir. Sonra Məhəmməd ibn Abdullahın (s) Peyğəmbərliyinə şəhadət verirəm. O, mənim əmimoğlum, Allahın bəndəsi və seçilmişidir. Onun be’səti Allah tərəfindəndir, göstərişləri Allahın göstərişləridir. Xalq cəhalət və nadanlıq içində olduğu vaxt həzrət onları doğru yola, qurtuluş yoluna hidayət buyurdu: «Onların əməllərinin qiyamət günündəki cəzaları ilə qorxutdu.
Ey mənim övladlarım, sizi təqva və pəhrizkarlığa də’vət edirəm. Tövsiyə edirəm ki, çətinliklər qarşısında səbirli və dözümlü olasız. Dünyaya bağlanmayın. Əlinizdən çıxan şey üçün üzülməyin. Sizi birliyə çağırıram. Nifaq və pərakəndəlikdən həzər qılın. Haqq və həqiqəti me’yar götürün. İstər qəzəbləndikdə, istər qəmli vaxtınızda, istərsə də şadlandığınız vaxt sabit ədalət qanunlarına tabe olun.
Ey mənim övladlarım, heç vaxt Allahı unutmayın. Daim onun razılığı haqqında düşünün. Məzlumlarla ədalətli rəftarınızla, yetimlərə və çarəsizlərə isar və ətanızla Allahı razı salın. Həzrət Peyğəmbərdən belə buyurduğunu eşitdim: «Behişt yetimlərə öz övladları kimi himayədarlıq edənlərin iştiyaqındadır. Cəhənnəm odu yetimlərin malını yeyənlərin intizarındadır».
Qohum-əqrəbanızla münasibətdə sileye-rəhm və yaxşılıq edin. Dərvişlərə və möhtaclara əl tutub, xəstələri yoxlayın. Çünki dünya hadisələr məhəllidir. Ona görə də arzu-istəklərə giriftar olmayın. Daim ölüm və axirət aləmi haqqında düşünün. Lütfünüzü qonşulardan əsirgəməyin. Çünki qonşunun haqqının qorunması Peyğəmbərin (s) vəsiyyətlərindəndir. Dini göstərişləri möhtərəm sayın. Onlara həvəslə əməl edin. Namaz və zəkatı, əmr be mə’ruf və nəhy əz münkəri yerinə yetirin. Allahın əmrlərinə itaət etməklə Allahın razılığını qazanın.
Ey mənim övladlarım, alçaq insanlarla ünsiyyətdən çəkinin. Saleh və təqvalı insanlarla yoldaş olun. Əgər həyatınızda elə bir işlə rastlaşsanız ki, dünya və ya axirəti seçməli olasınız, dünyadan keçin və axirəti qəbul edin. Dövrün çətinlikləri zamanı Allaha pənah aparın. Hər bir işdə Ondan kömək istəyin. Xalqla mehribanlıqla, xoş üzlə rəftar edin. Təqva və insana xidməti özünüzə şüar qərar verin. Körpələrə nəvaziş, yaxşılara ehtiram göstərin».
Həzrətin övladları sakitcə oturmuşdular. Boğazlarını qəhər tutmuşdu. Həzrətin ürəyəyatan, könül oxşayan sözlərini dinləyirdilər. Həzrətin vəsiyyətinin bu hissəsi bir əxlaq dərsi idi. Bu dərslərə əməl edən hər bir kəs kamal həddinə çatar. Həzrət vəsiyyətinin bu hissəsini «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim» cümləsi ilə başa çatdırdı. Sonra huşunu itirdi. Bir an sonra gözlərini açıb buyurdu: «Ey Həsən, sənə də bir neçə sözüm var. Bu mənim ömrümün son gecəsidir. Canımı tapşırdıqdan sonra mənə öz əlinlə qüsl ver, kəfənə bük, dəfn işlərimə özün bax. Cənazə namazımı qıl və məni gecənin qaranlığında Kufə şəhərindən kənarda, adsız bir yerdə torpağa tapşır və kimsə bundan xəbər tutmasın».
Bütün haşimilər, eləcə də ələvi ailəsi səsini çıxarmadan ağlayırdı. Onların göz yaşları yanaqlarına süzülürdü. Həsən atasına hamıdan yaxında oturmuşdu. O qədər qəmli idi ki, imamın diqqətini özünə cəlb etdi və imam buyurdu: «Ey oğlum, səbirli və dözümlü ol. Bu həssas məqamda sənə və qardaşına səbirli və dözümlü olmağı tövsiyə edirəm».
Sonra buyurdu: «Məhəmməddən də muğayət olun. O da sizin qardaşınızdır, atanızın oğludur. Mən onu sevirəm».
Həzrət yenidən huşunu itirdi. Bir an sonra azca tərpəndi və Hüseynə buyurdu: «Oğlum, sənin də həyatının bir macərası olacaq. Səbirli və dözümlü ol. Həqiqətən də, Allah səbir edənləri dost tutur».
Bu məqamda həzrət canvermə vəziyyətinə gəldi. Azca sonra mübarək gözlərini yavaşca yumdu və son nəfəsində buyurdu: «Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh».
Şəhadət kəlmələrini dedikdən sonra həzrətin aralı və nazənin dodaqları qapandı. Onun ruhu fələklərə pərvaz etdi. Beləcə, bütün ömrü boyu haqq və həqiqətdən savay məqsədi olmamış bir insanın həyatı başa çatdı. (Məqatilut-Talibin")
Həzrət Əli (ə) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o otuz il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə oturdu. İmam vəfat etdikdə həzrət Həsən həzrət Hüseynlə birlikdə atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə (bugünkü Nəcəf) dəfn etdi. Belə bir qorxu vardı ki, həzrətin qatı düşməni olan bəni-Üməyyə və xəvaric onun cəsədini qəbirdən çıxardıb təhqir edə. Ona görə də həzrət özü vəsiyyət etmişdi ki, diqqəti çəkməmək üçün onun qəbrini yerlə bərabər səviyyədə etsinlər. Həzrətin qəbri imam Sadiqin (ə) dövrünədək məxfi qaldı. Yalnız ikinci abbasi xəlifəsi imam Sadiqi Mədinədən İraqa çağırarkən həzrət Kufəyə gəlib atasının qəbrini ziyarət etdikdə bu qəbrin yeri mə’lum oldu.
Həzrət Əlinin (ə) qəbrinin müəyyənləşməsi haqqında Şeyx Müfid də bir rəvayət nəql etmişdir. Onun dediyinə görə, Abdullah ibn Hazim belə nəql etmişdir: «Bir gün Harun ər-Rəşidlə birlikdə ov üçün Kufədən çıxmışdıq. Kufə ətrafında rastlaşdığımız ahuları ovlamaq üçün ov itlərini buraxdıq. İtlər bir saata yaxın ahuların ardınca qaçdılar. Amma heç bir nəticə hasil olmadı. Ahular həmin ərazidəki təpəyə çıxıb orada dayandılar. İtlər təpəyə çıxmış ahuları tə’qib etməyib geri döndülər. Harun bu məsələyə təəccüb etdi. Ahular təpədən düşən kimi itlər onların üstünə cumur, ahular təpəyə qalxanda itlər geri qayıdırdılar. Bu hadisə üç dəfə təkrarlandı. Harun dedi: «Gedin bu ərazidə kimi tapsanız yanıma gətirin». Biz getdik və bəni-Əsəd qəbiləsindən olan qoca bir kişi tapdıq. Onu Harunun yanına gətirdik. Harun dedi: «Ey Şeyx, bizə bu təpə haqqında danış». Kişi dedi: «Əgər aman versəniz sizə bu barədə danışaram». Harun dedi: «Mən Allah qarşısında əhd edirəm ki, sənə heç bir əziyyət verməyəcəyəm». Şeyx dedi: «Atam öz babalarının dilindən belə nəql edirdi ki, Əli ibn Əbu-Talibin qəbri bu təpədə yerləşir. Allah-təala bu təpəni əmin-amanlıqda qərar vermişdir. Kim o təpəyə sığınarsa, amanda qalar».
Harun bunu eşidib atdan düşdü. Su istədi. Ona su gətirdilər. Harun dəstəmaz aldı. Təpənin yanında namaz qıldı. Üzünü torpağa sürtüb ağladı və Kufəyə qayıtdı.("İrşad" c.1, bab:1, 6-cı fəsil, 4-cü hədis)
Həzrət Əlinin (ə) qəbri haqqında başqa bir maraqlı əhvalat da nəql olunmuşdur: «Osmanlı sultanı olan Süleyman Kərbəlaya gəldiyi vaxt həzrət Əlini (ə) ziyarət edirdi. O Nəcəfdə həzrətin qəbri yaxınlığında atdan düşdü və niyyət etdi ki, həzrətə ehtiram əlaməti olaraq onun qəbrinədək piyada gedəcək.
Həmin vaxt müfti olan qazi Əsgər sultanı müşayiət edirdi. Sultanın ziyarətindən xəbər tutub qəzəbli halda onun yanına gəldi və dedi: «Sən diri sultansan, Əli (ə) isə ölü sultan. Sən nə üçün onun ziyarətinə piyada gedirsən?» Bu qazi həzrətə qarşı düşmən mövqedə duran nasibi idi. Qazi öz fikrini sübuta yetirmək üçün sultana dedi: «Əgər bu işin sənin sultanlıq şə’ninə əskiklik gətirəcəyinə şübhən varsa, Qur’anı aç həqiqətdən xəbər tut». Sultan onunla razılaşıb, Qur’anı əlinə götürdü və doğru yolda olub-olmadığını bilmək üçün ilahi kitaba müraciət etdi. Sultanın açdığı səhifə bu ayə ilə başlayırdı: «Mən, həqiqətən, sənin Rəbbinəm, nə’ləynini (ayaqqabını) çıxar ki, müqəddəs Tuva vadisindəsən». (Ta-ha- 12) Sultan üzünü qaziyə tutub dedi: «Sənin məsləhətinlə ayaqqabılarımı da çıxarmalı olacağam». Sonra sultan ayaqqabılarını çıxarıb, ayaqyalın həzrətin qəbrinə üz tutdu. Onun ayaqları yaralanmışdı. Ziyarətini başa vurduqdan sonra inadkar qazi onun yanına gəlib dedi: «Bu şəhərdə rafizilik əqidəsini yayanlardan birinin qəbri var. Yaxşı olar ki, o qəbiri açıb oradakı cəsədin sümüklərini yandırmağı əmr edəsən». Sultan dedi: «O alimin adı nədir?» Qazi dedi: «Onun adı Məhəmməd ibn Həsən Tusidir». Sultan dedi: «Bu şəxs ölmüşdür. Allah onun layiq olduğu savabı və cəzanı özü verər». Qazi isə inadından əl çəkməyib mərhum Şeyx Tusinin qəbrinin açılmasını tələb edirdi. Nəhayət, sultan göstəriş verdi ki, Nəcəf kənarında böyük bir tonqal qalasınlar. Amma onun məqsədi qəbirdəki cəsədi yox, qazinin özünü yandırmaq idi. Beləcə, həmin məl’un cəhənnəm odundan qabaq dünya odunda yandı.
«Muntəxəbut-Təvarix» kitabının müəllifi nəql edir ki, Nadir şah həzrət Əlinin (ə) qəbrinin üzərindəki günbəzi zinətləndirərkən ondan qübbəyə nə yazılması barədə soruşurlar. Nadir dərhal deyir: «Allahın əli bütün əllərin fövqündədir». Səhəri gün Nadir şahın vəziri Mirza Mehdi xan deyir: «Nadir savadsızdır, bu kəlam ona ilham olunub. Əgər inanmırsınızsa, yanına gedib, yenidən bu barədə soruşun». Bu məqsədlə yenidən Nadirə müraciət edirlər. O belə cavab verir: «Dünən dediyim sözü!»
Həsən və Hüseyn, eləcə də yaxın adamları həzrət Əlini (ə) dəfn etdikdən sonra Kufəyə qayıtdılar. Həzrətin qatili İbn-Mülcəm də həmin gün, yə’ni ramazan ayının iyirmi birinci günü imam Həsənin qılıncı ilə cəhənnəmə vasil oldu. Uyğun mövzuda dövrün ustad şairləri bir çox əsərlər yaratmışlar. Əsvəq Nəxəinin qızı Ümmü-Heysəmin yazdığı şe’rdən bir neçə misranı nəzərdən keçirək:
Ey gözlər, vay olsun bu halınıza,
Bu qəmli gecədə dönmüsüz buza.
Ən üstün insanı vermişik əldən,
Üzür könülləri ağrılı dərd qəm. . .
Həzrət Əlinin (ə) vəsiyyət etdiyi kimi, ondan sonra imamət və xilafət məqamı oğlu Həsənə çatdı. Abdullah ibn Abbas məscidə gəldi və xalqa müraciət edərək dedi: «Əlbəttə, bilirsiniz ki, Həzrət Əli (ə) öz oğlu Həsəni sizin üçün xəlifə tə’yin etmişdir. Amma o sizdən bey’ət almaq üçün israrlı deyil. Əgər bey’ət etmək fikriniz olsa, mən ona deyərəm, məscidə gələr. Yox əgər bey’ət etmək istəmirsinizsə, özünüz bilərsiniz».
Xalq ümumi şəkildə müsbət cavab verdi. İbn-Abbas həzrəti məscidə gətirdi. İmam Həsən (ə) minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra Peyğəmbərə (s) salam göndərdi və belə buyurdu: «Bu gecə dünyadan elə bir insan köçüb ki, xeyir işdə kimsə onu qabaqlamayıb. Gələcəkdəkilər də əməl baxımından ona çatası deyillər. Bu şəxs həzrət Peyğəmbərlə (s) çiyin-çiyinə döyüşlərdə vuruşmuş, öz canını həzrətə (s) sipər etmişdir. Həzrət Peyğəmbər (s) bayrağı onun əlinə vermiş və din düşmənləri ilə savaş üçün Cəbrəil və Mikail sağında və solunda olmaqla onu göndərmişdir. O, döyüşlərdən yalnız qələbə ilə dönmüşdür. Allah ona daim fatehlik nəsib etmişdir. O, İsa ibn Məryəmin səmaya qalxdığı gecədə şəhadətə çatmışdır. Həzrət Musanın canişini Yuşə ibn Nun da həmin gecə dünyasını dəyişmişdir. Bu şəxs dünyasını dəyişərkən dünya malından cəmi yeddi yüz dirhəmi olmuşdur. O bu pulla öz ailəsinə xidmətçi tutmaq istyirdi. (İmam bu sözləri deyərkən boğazını qəhər tutdu, ağlamağa başladı)». İmam Həsən (ə) atasının xatirəsinə söylədiyi bu xütbədə həzrət Əlinin (ə) məqamını cəmiyyətə anlatdı. Onun dediyi sözlər bir oğulun atası haqqında öz söylədiyi tə’rif deyildi. İmam Həsən (ə) hamıdan yaxşı tanıdığı imamı vəsf edirdi.
İmam Həsən (ə) xalqdan bey’ət aldıqdan sonra Müaviyəyə məktub yazıb onu da bey’ətə də’vət etdi. Aydın məsələdir ki, Müaviyə imamın də’vətini qəbul etmədi. Müaviyə hələ də zəif mövqeyə malik olduğu bir zamanda həzrət Əliyə (ə) bey’ət etməkdən çəkindi. İndi isə onun hakimiyyəti möhkəmlənmişdi. Zəif vaxtında bey’ət etməyən bir şəxs güclü vaxtında bey’ət edərdimi?! Bir sözlə imam Həsənin məktubunu alan Müaviyə məktubun cavabında ona bildirdi ki, özünü xəlifəliyə daha layiqli sayır və imam ona bey’ət etməlidir.
Digər bir tərəfdən, həzrət Əlinin (ə) öz şəhadətindən qabaq Nuxəylə düşərgəsində təchiz etdiyi qoşunun böyük bir hissəsi dağılmışdı. İmam Həsən (ə) atasının dövründə Kufə əhlinin vəfasızlıq və laqeydliyini görsə də və belə bir şəraitdə Müaviyə ilə döyüşün səmərə verməyəcəyini bilsə də, azsaylı (İbn Əbil-Hədidin nəqlinə görə on altı min nəfərlik) qoşunu ilə Şam yoluna üz tutdu. İmam qoşunun on iki min nəfərini Übeydullah ibn Abbasın komandanlığı altında Müaviyənin üstünə göndərib, özü Mədaində mövqe tutdu ki, ətrafdan qoşun toplasın. Amma Müaviyə bir milyon dirhəm verib Übeydullah ibn Abbası özünə tərəf çəkdi.
Übeydullah qızıl sikkələrin çingiltisinə uyaraq imam Həsəndən (ə) üz döndərdi və gecə yarı kiçik bir qrupla məxfi şəkildə qaçıb Müaviyəyə qoşuldu. Mədaində isə başqa bir hadisə baş verdi. Bu hadisə nəticəsində qoşunda təfriqə və ixtilaf yarandı və döyüş üçün heç bir münasib şərait qalmadı. İmam Həsən (ə) mövcud vəziyyəti, İslamın və müsəlmanların məsləhətini nəzərə alaraq qoşunu buraxmağa məcbur oldu. Mövcud şəraitdə başqa bir yol görmədiyindən həzrət imam (ə) Müaviyə ilə sülh bağladı.

ƏLININ (Ə) ŞƏXSIYYƏTI VƏ ƏXLAQI FƏZILƏTLƏRI
ŞƏXSİYYƏT MƏFHUMU
Fəlsəfi baxımdan hər bir insanın şəxsiyyətini onun ruhani xüsusiyyətlər məcmusu təşkil edir. Xalq arasında isə insanın şəxsiyyəti onun hansısa səciyyəvi xüsusiyyətləri ilə tə’yin olunur. Məsələn, siyasi bacarığa malik olan adama siyasi şəxsiyyət, həyatını elmə sərf edən insana elmi şəxsiyyət deyirlər. Psixologiyada sübut olunmuşdur ki, insanın ruhani və fiziki keyfiyyətləri arasında əlaqə mövcuddur. Hər hansı bir fərdin şəxsiyyətini kamil şəkildə tanımaq üçün onun ruhani və cismani xüsusiyyətlərini araşdırmaq zəruridir.
İnsanın fiziki və ruhani keyfiyyətləri ilə tanış olmaq üçün təbiət elmlərindəki müşahidə və təcrübə üsulundan istifadə edilir. Çünki insanın ruhunun və ruhani keyfiyyətlərinin mahiyyətini tanımaq qeyri-mümkündür. Bu həqiqətlər haqqında yalnız onların əsərləri vasitəsi ilə mə’lumat əldə etmək olur.
Digər maraqlı nöqtə odur ki, insan özündə olan xüsusiyyətləri başqalarında da asanlıqla müəyyənləşdirir. Dişi ağrıyan adam başqalarının dişağrısını daha dəqiq qiymətləndirə bilir.
Digər bir tərəfdən hər bir insanın ruhunun keyfiyyətləri onun varlıq tamında bir hissədir. Psixologiyada bu tamlıq vəhdət adlandırılır. İnsan şəxsiyyətini göstərən bu anlayış bəşər tarixi boyu hifz olunmuşdur.
Deyilənləri nəzərə alsaq, həzrət Əlinin (ə) cismani və ruhani keyfiyyətləri ilə tanışlıqda mühüm bir çətinliklə rastlaşırıq. Çünki həzrətin böyük ruhunda olan bir çox xüsusiyyətlər bizim üçün məchuldur.
Həzrət Əli (ə) insan idi. Amma onun xüsusiyyətləri kimsədə görünməmişdi. Həzrət başqalarına oxşamadığından ətrafdakıların onu düzgün dəyərləndirməsi də problemə çevrilir. Həzrətin e’cazla dolu varlığı bütün keçmişdəkiləri heyran qoymuş və gələcəkdəkiləri də heyran qoyasıdır.
Onun bütün əməlləri qeyri-adi olmuşdur. Güclü adam, adətən başqalarının müxalifətinə dözmür. Çünki səbir qüdrətlilikdən çox, acizliyə yaxın olan haldır. Amma həzrət Əli (ə) qeyri-adi gücə malik olmaqla yanaşı, qeyri-adi səbrə də malik idi. Bunu mö’cüzədən başqa bir şey adlandırmaq olmaz.
Adətən, xoş rəftarlı insanlar savaş meydanında kara gəlmirlər. Amma həzrət Əli (ə) istisna təşkil edirdi. Ərəb qəhrəmanlarına diz çökdürən bu cəngavər həm də bir uşaq kimi həlim idi.
Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam demişdir. Axı mə’nəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin toplandığı e’cazkar bir insan idi.
İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin kölgəsində qalırdı».
Hamıya mə’lumdur ki, təvazökar insanlar heybətli olmur. Həzrət Əli (ə) misilsiz təvazöyə malik idi. O yalın torpaq üstündə oturduğundan Əbu-Turab (torpaq atası) ləqəbini almışdı. Amma bu sadə insanın savaş meydanındakı heybəti ərəb qəhrəmanlarının bədəninə titrətmə salırdı. Bir gün Müaviyə Qeys ibn Sə’də dedi: «Allah Əbül-Həsənə (Əliyə) rəhmət etsin, çox zarafatcıl adam idi». Qeys ona belə cavab verdi: «And olsun Allaha, o nə qədər xoşrəftar idisə də, heybəti hamıdan artıq idi. Onun heybəti təqvadan doğurdu və sənin Şam əhli qarşısındakı heybətindən deyildi».
Bu da aydındır ki, müəyyən ixtisas sahibi həmin ixtisasda ümumi mə’lumata malik olan adamdan üstündür. Məsələn, ürək həkimi ürəklə bağlı xəstəliklərdə can həkimindən daha çox mə’lumatlıdır. Bir sözlə, peşəkar şəxs mütəxəssisdən üstündür. Bir şe’rdə deyildiyi kimi:
İxtisas sahibi olsan da bil sən
Peşəkardan üstün olan deyilsən.
Həzrət Əli (ə) bütün kamal sifətlərinə malik olmaqla yanaşı, istənilən bir kamal sifətinin ən üstün dərəcəsinə sahib idi. Hər hansı bir fəzilətdə onunla müqayisəyə gələcək insan yox idi.
Adətən, insan kolorili qidalar yedikdə güclü olur. Əgər insanın qidadan aldığı enerji onun işə sərf etdiyi enerjidən az olarsa, orqanizm zəifləməyə başlayar. Həzrət Əlinin (ə) yediyi arpa çörəyi idi və hər süfrəyə oturanda üç tikədən artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı. Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur: «Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən qoşununa necə hücum edib onun sıralarını yarıram».
Savaş adamları, adətən, bir o qədər də mərhəmətli olmurlar. Onların qəlbi qan tökdükcə bərkiyir. Amma ərəb cəngavərlərini diz üstə çökürən həzrət Əli (ə) yoxsulları və ehtiyaclıları gördükdə mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı. Bir şe’rdə həzrətin bu halı belə vəsf olunur:
Savaşa girəndə aslandı, şirdi,
Bir yetim görəndə ona əsirdi.
Ona görə də həzrəti, «təəccüblər təəccübü» adlandır-mışdılar. Həzrətin vücudu təzadlı xüsusiyyətlər məcmusu idi. Çünki məntiq baxımından ziddiyyətlərin ictiması qeyri-mümkündür.
Təbiətşünaslar, psixoloqlar və alimlər sübut etmişlər ki, insan beyni fikir və düşüncələr mərkəzidir. Onun bir nöqtəsi zədələnərsə, insanın düşüncəsində və yaddaşında problemlər yaranar. Hansı ki, İbn-Mülcəm öz zəhərli qılıncı ilə həzrəti başından yaraladıqdan sonra o çox dəyərli vəsiyyətlərini buyurur. Həzrətin başıyarılı vəziyyətdə söylədiyi sözlər onun adi vaxtlardakı danışığından fərqlənmir. Həzrət yaranın ağırlığından bə’zən huşunu itirsə də, ayılan tək sözünün ardını buyurmağa başlayır. Onun danışığında zərrəcə rabitəsizlik, dolaşaqlıq sezilmir. Söhbətimizin müqəddiməsində qeyd etdiyimiz kimi həzrət Əlinin (ə) şəxsiyyətinin vəsfi kimsənin gücündə deyil. Onun əməl və rəftarlarını bizim ölçümüzlə dəyərləndirmək mümkünsüzdür. Bəli, Mövləvinin tə’birincə, pakların işini özümüzlə müqayisə etməli deyilik. Sadəcə, həzrətin böyük şəxsiyyətinin fəzilətlərini dərk etməkdə aciz olduğumuzu e’tiraf etməliyik.
Əmirəl-mö’minin Əlinin (ə) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir. Növbəti söhbətlərimizdə bu şəxsiyyət haqqında danışmaqda məqsədimiz həzrətin şəxsiyyətinin mahiyyətini açıqlamaq yox, zehinlərimizi cilalamaqdır. Çünki həzrət bütün keyfiyyətlərinə görə Peyğəmbərin varisi idi. Xəyal quşu onun fəzilət səmasında qanad çalmaqda acizdir, bu nəhayətsiz okeanda üzmək iste’dadından məhrumuq. Həzrət Peyğəmbər (s) Əliyə (ə) belə buyurur: «Məndən və səndən başqa kimsə Allahı layiq olduğu kimi tanımadı. Səni də məndən və Allahdan savay lazımınca tanıyan olmadı».(Mənaqib" c.2, səh. 51)
Nizam adlı məşhur filosof uyğun mövzu ilə bağlı deyir: «Əmirəl-mö’minin haqqında danışmaq çətindir. Əgər onun haqq və məqamına uyğun tə’rif demək istəsək, həddi aşarıq. Əgər naqis danışsaq, kafir olarıq. Amma lətif və dəqiq bir orta hal var. Bu halın idrakı Allahın tövfiqindən asılıdır».
Ardı var...
Müəllif: Fəzlullah Kompani   

Category: Tarix | Baxış: 1110 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]