Əsas səhifə » 2011 Noyabr 2 » Əli əleyihissalam kimdir? (9)
8:51 AM Əli əleyihissalam kimdir? (9) | |
HƏKƏMİYYƏ VƏ ONUN NƏTİCƏLƏRİ Əbu-Musa və Əmr As həkəmiyyət üçün seçildikdən sonra Mədinə və Şam arasındakı bir qala görüş yeri seçildi. Nümayəndələri hər tərəfdən dörd yüz süvari müşayiət edirdi. Hakimlər bu adamların hüzurunda öz rə’ylərini bildirməli idilər. Əmr As öz süvariləri ilə görüş yerinə üz tutub Əbu-Musadan bir neçə gün qabaq oraya çatdı. Həzrət Əli (ə) Əbu-Musa ilə gedən dörd yüz nəfərə Şərih ibn Harini sərkərdə tə’yin etdi. Abdullah ibn Abbas isə bu dəstənin cəmiyyət imamı kimi onlara qatıldı. Səfərə çıxmazdan qabaq Müaviyə Əmir Asa dedi: «Bilirsən ki, mən və Şam qoşunu səni həvəslə bu işə seçmişik. Əbu Musanın nümayəndəliyini isə zorla qəbul etdiriblər. İndi görək nə edəcəksən.» Abdullah ibn Abbas Əbu-Musaya dedi: «Sən ərəblərin ən böyük hiyləgəri ilə üz-üzə gələcəksən. Məkrdə ərəblər arasında onun misli yoxdur. Özünü gözlə, çalış ona aldanmayasan. Bilirsən ki, həzrət Əli (ə) bütün əxlaqi və mə’nəvi dəyərlərə malikdir və xəlifəliyə ondan ləyaqətlisi yoxdur. Müaviyə isə zülm və azğınlıq yolunu tutmuşdur.» Əmr Asa Əbu-Musanın gəlişi xəbər verildikdə onun qarşısına çıxdı, yaltaqcasına nəvaziş göstərərək ilk görüşdəcə rəqibinin ağlını oğurladı. Əmr Asın hörmət və ehtiramını görən Əbu-Musa özünü itirdi və bütünlüklə Əmrin ixtiyarına keçdi. Vəziyyəti yaxından izləyən İbn-Abbas Əbu-Musaya xəbər göndərdi ki, Əmr Asın təvazö və sadəliyinə aldanmasın. İraq nümayəndəsinin nəzərinə çatdırdı ki, Əmr As ondan daha möhkəm ictimai mövqelərə malikdir və göstərdiyi təvazö yalnız öz əqidəsin qəbul etdirmək məqsədi daşıyır. İbn-Abbasın sifarişini Əbu-Musaya Ədi ibn Hatəm çatdırdı. Amma özünü ixtiyar sahibi hesab edən Əbu-Musa belə dedi: «Sizin bu mühüm işə qatılmağınızı istəmirəm. Bütün müsəlmanlar tərəfindən bu iş üçün seçilmişəmsə, mənə nəsihət verməyin. Sonra Əmr Asa dedi: «Bundan sonra söhbətlərimiz məhrəmanə və məxfi olsun ki, kimsə bu söhbətlərdən xəbər tutmasın». Özü belə bir təklif vermək istəyində olan Əmr As fürsəti fövtə verməyib dərhal bir guşədə çadır qurdurdu. Hətta çadırın ətrafında arx çəkildi ki, kimsə çadıra yaxınlaşa bilməsin. Beləcə Əbu-Musa Əmr Asla ikilikdə müzakirələrə başladı. Əmr As Əbu-Musanı böyük hörmətlə qarşıladı və onu tovlamaq üçün bütün hazırlıqları gördü. Nəhayət, iki nümayəndə arasında müzakirələr başladı. Əmr As Əbu-Musaya dedi: «Osmanın məzlumcasına öldürülməsinə heç bir şəkk yoxdur. Sən özün də Osmanın tərəfdarlarındansan». Əbu-Musa dedi: «Osman öldürülən zaman mən Mədinədə olmamışam. Yoxsa ona əlimdən gələn köməyi edərdim». Əmr dedi: «İndi Müaviyə Osmanın qanını almaq üçün ayağa qalxıb və xəlifəlikdə tamahı yoxdur. Sən də ona kömək etsən Osmanın qanı alınar. Əgər Müaviyəni xilafət kürsüsünə oturtsaq, özü də Qüreyş ailəsindən olan bu tədbirli kişi müsəlmanların xeyrinə iş görər». Əbu-Musa bir qədər tərəddüdlə soruşdu: «Müaviyə şərafətli ailədəndir, yoxsa Əli? Müaviyənin hansı şərafəti var ki, Əli həmin şərafətdən məhrum olsun? Bizim mühakimələrimiz bütün müsəlmanlara bağlıdır və bu sadəliklə qərar çıxarmaq olmaz. Mən elə güman edirəm ki, Abdullah ibn Ömər xəlifəlik üçün daha layiqlidir. Çünki bu vaxtadək fitnə yaratmayıb, həm də nəfsi təmiz, xoşəxlaq adamdır». Əmr dedi: «Xəlifəlik məqamı hər adamın yeri deyil. Müsəlmanların xəlifəsi cür’ətli, tədbirli və uzaqgörən olmalıdır. Abdullahda belə sifətlər yoxdur». Əbu-Musa dedi: «Sən israr edirsən ki, hökmən Müaviyə xəlifə olsun. Mən isə onun xəlifəliyinə razı deyiləm». Əmr As Əbu-Musanın müxalif olduğunu görüb başqa bir hiylə işlətmək qərarına gəldi. Əbu-Musanın əlindən tutub çadırdan bayıra çıxardı və dedi: «Başqa bir təklif edirəm və düşünürəm ki, bu təkliflə müxalif olmayacaqsan». Əbu-Musa dedi: «Məqsədin nədir?» Əmr As dedi: «Bir halda ki, sən Müaviyənin, mən isə Əli ilə Abdullah ibn Ömərin xəlifəliyinə ziddik, onda həm Əlini (ə), həm də Müaviyəni uzaqlaşdırıb, xəlifə seçimini müsəlmanların şurasına tapşıraq. Qoy onlar xəlifəni seçsin, biz isə məs’uliyyətdən azad olaq». Əbu-Musa Əmrin təklifi ilə razılaşdı və bu məsələ ilə bağlı öz mövqeyini e’lan etdi. Əmr As öz məqsədinə tez çatmaq üçün dedi: «Ey Peyğəmbərin (s) ən girami səhabəsi, bizim üçün tə’yin olunmuş vaxt başa çatmaqdadır. Yaxşı olar ki, fürsəti fövtə verməyib, öz rə’yimizi müsəlmanlara açıqlayaq». Əbu-Musa növbəti dəfə Əmrin hiyləsinə uyub səhəri gün bu işin görülməsinə razılıq verdi. Artıq məqsədinə çatmış Əmr As Əbu-Musanı gözdən qaçırmayıb, onun səhabələrlə görüşünün qarşısını almaq istəyirdi. Nəhayət, nəzərdə tutulmuş vaxt çatdı, Əbu-Musa və Əmr As xalqın qarşısına çıxdı. Əmr As növbəti dəfə hiyləyə əl ataraq Əbu-Musanın ağlını oğurladı və onu ilk sözü deməyə vadar etdi. İbn-Abbas Əbu-Musaya birinci danışmamağı tapşırsa da, Kufə nümayəndəsi verilən tövsiyələrə əhəmiyyət vermədən xalqa xitabən dedi: «Ey camaat, kimsəyə gizli deyil ki, Siffeyn döyüşü neçə minlərlə insanın həyatına son qoydu, körpələr atasız, qadınlar dul qaldılar. Bu savaşın səbəbkarı xəlifəlik iddiasında olan Əli və Müaviyə olmuşdur. Məsələ hakimlərin ixtiyarına verilməsəydi, hələ də qardaş qırğını davam edirdi. Müsəlmanların asayişdə yaşaması üçün Əmr Asla razılaşmışıq ki, bu iki nəfəri xilafətdən uzaqlaşdıraq və müsəlmanların şurasını təşkil edib ləyaqətli bir adamı xəlifə seçək. Mən İraq və Hicaz müsəlmanları tərəfindən səlahiyyətimdən istifadə edib, Əlini xəlifəlikdən kənarlaşdırıram». Əbu-Musanın bu sözlərindən sonra ətrafda tərəfdarların hay-küyü qalxdı. Amma Əmr As fürsəti əldən vermədi, Əbu-Musadan sonra sözə başlayıb, qardaş qırğınını pislədi və belə əlavə etdi: «Bu fitnə Əli və Müaviyə arasındakı ixtilafdan yarandığı üçün mən də Əbu-Musanın fikri ilə razılaşıb Əlinin xəlifəlikdən uzaqlaşdırılmasına səs verirəm. Əvəzində isə daha layiqli olduğu üçün Müaviyəni xəlifə seçirəm. Müaviyə bu məqama layiqdir və Osmanın qatillərini cəzalandırmaq onun öhdəsinə düşür». Əmr As sözünü başa çatdırdıqdan sonra ətrafdakı həyəcan daha da şiddətləndi. Əmrin hərəkəti ən çox Əbu-Musanı qəzəbləndirmişdi. O, Əmr Asa dedi: «Ey günahkar hiyləgər, sən Qur’anda haqqında danışılan it kimisən. O iti qamçılasan da, azad buraxsan da hürür». Əmr As gülümsündü və dedi: «Sən isə bir qucaq kitab yüklənmiş uzunqulağın tayısan». Əslində Əmr Asın dediyi sözlər həqiqət idi. Bu hadisədən sonra Əbu-Musanı «Himar (uzunqulaq) Əş’əri» çağırmağa başladılar. Bu şəxs sonradan anladı ki, həzrət Əlinin (ə) onun haqqındakı rə’yi düzgün imiş. Əbu-Musa həzrət Əli və onun tərəfdarlarının qorxusundan Məkkəyə qaçdı. Əmr As isə Müaviyə ilə görüşə tələsib, üz-üzə gəldikdə onu xəlifə kimi salamladı. Həkəmiyyət Müaviyənin bildirdiyi kimi, Əmr Asın oyunlarından biri idi. Döyüşün taleyinin mühakiməyə tapşırılması həzrət Əliyə (ə) zorla qəbul etdirilmişdi. Amma hakimlər onlara tapşırılmış öhdəçilikləri yerinə yetirmədiyindən onun səhabələri yenidən ayağa qalxdılar. Əvvəla, Qur’an ayələrində bu savaşın taleyini həll edəcək göstərişlər yox idi. İkincisi, Təlhə ilə Zübeyrdən başqa kimsə həzrət Əli (ə) ilə bey’ətini sındırmamışdı. Üçüncüsü, Əmr As və Əbu-Musa mövcud ixtilafı Qur’an əsasında həll etməli idilər. Həzrət Əli (ə) mühakimədən qabaq Müaviyəyə yazmışdı ki, mən sənin sözlərini qəbul etməsəm də, Qur’an hökmünü qəbul edirəm. Hansı ki, hakimlər Qur’ana müraciət etməmiş, yalnız Əmr Asın fikirləri Əbu-Musaya təlqin olunmuşdu. Dördüncüsü, bu iki şəxs öz səlahiyyətlərini aşmışdılar. Onlara xəlifələri işdən kənarlaşdırmaq səlahiyyəti verilməmişdi. Bütün bunlardan əlavə, hakimlər hər iki xəlifəni işdən kənarlaşdırıb, xəlifə seçimini şuraya tapşırmağa razılaşmışdılar. Hansı ki, Əmr As bu şərti pozub başqa cür hərəkət etdi. O, Müaviyəni xəlifəlikdən kənarlaşdırmaq əvəzinə, onun xəlifəliyini təsdiqlədi. Onun bu rəftarından aydın görünür ki, Əbu-Musa ilə kəsilmiş şərti pozmuşdu. Bütün bu səbəblərdən həzrət Əli (ə) və onun tərafdarları mühakimənin nəticələrinə e’tiraz etdilər və iş yenidən əvvəlki vəziyyətinə qayıtdı, son sözü qılınclar deməli oldu. Həkəmiyyət nəticəsində həzrət Əlinin (ə) qoşununda pərakəndəlik gücləndi və on iki min nəfərdən ibarət olan xarici məzhəblər ortaya çıxdı. Onlar nəinki həzrət Əliyə kömək etmədilər, hətta ona mane olmağa başladılar. Həzrət Əli (ə) nəticədə Nəhrəvanda bu dəstə ilə döyüşməyə məcbur oldu. NƏHRƏVAN DÖYÜŞÜ Həzrət Əli (ə) hicri 38-ci il, səfər ayının axırlarında Siffeyndən Kufəyə qayıtdıqdan sonra şəhadət gününədək, yə’ni iki ildən artıq bir müddətdə şərhi mümkünsüz bir pərişanlıq halında oldu. Dörd bir yandan hücum çəkən ardıcıl uğursuzluqlar onun böyük ruhunu və qəlbini incitmişdi. Həzrəti incidən Müaviyə və Əmr Asın alçaqlıq və hiyləgərliyi yox, öz qoşununun və tərəfdarlarının vəfasızlığı və axmaqlığı idi. Həzrət bu barədə buyururdu:
Kufəlilərin laqeydliyi həzrəti o qədər incitmişdi ki, hətta bir neçə dəfə ölüm arzulamışdı. Həqiqətən də, belə bir e’tibarsız və süst qövmün şərindən yalnız ölüm insanı xilas edə bilərdi. Həzrət öz xütbələrindən birində əshabını məzəmmət edərək buyurur: «And olsun Allaha, əgər sorağıma ölüm gəlsə və əlbəttə ki, gələcək, aramıza ayrılıq saldığı vaxt görəcəksiniz ki, sizinlə ünsiyyətdən ikrah duyuram». Siffeyndə Qur’anlar nizələrin başına taxıldığı vaxt Əmr Asın həkəmiyyət barədəki təklifi İraq qoşununda böyük bir ixtilaf yaratdı. Həzrət Əlinin (ə) növbəti uğursuzluqlarının səbəbi məhz bu mühakimə hadisəsi də sayıla bilər. Xilafət məsələsində həzrət Əli (ə) ilə Müaviyə arasındakı ixtilaf həkəmiyyətə tapşırıldı, həzrət Əlinin (ə) əqidəsinin ziddinə olaraq onun tərəfindən Əbu-Musa Əş’əri nümayəndə seçildi. Amma sülh müqaviləsindən sonra həzrətin qoşunundan olan bə’zi adamlar «Bəs ölənlərin qanı hara getdi» deyə sual verdilər. Onlar həzrətə e’tiraz edərək dedilər: «Biz Allahın hökmünü istədik, Əbu-Musa və Əmr Asın həkəmiyyətini yox». Hətta hər iki tərəfə qarşı çıxanlar da oldu. Bu adamlar elə düşünürdülər ki, həm Əlinin (ə), həm də Müaviyənin hakimiyyəti batildir və hökm yalnız Allaha məxsusdur. Bu əqidə kök ataraq Siffeyndən Kufəyə ayaq açdı və həzrətin on iki minə yaxın döyüşçüsü bu fikirlə onun qoşunundan ayrıldı. Onlar qoşunun qalan hissəsi ilə mübahisəyə başlayıb, bir-birlərini kafir adlandırdılar. Həzrətin qoşunundan ayrılan bu adamlar Əbdüllah ibn Vəhəbin başçılığı altında bir yerə toplandılar. Xəvaric (xaricilər) adlandırılan bu güruhun şüarı «Allahın hökmündən savay hökm yoxdur» buyuruğu idi. Bu adamlar zahirən abid və zahid idilər. Uzun səcdələr nəticəsində alınları qabarlamışdı. Amma onlar küfr həddinə çatmış axmaqlıqları səbəbindən nə edəcəklərini bilmirdilər. Həzrət Əli (ə) bu adamlar haqqında buyurmuşdu: «Bu adamlar həqiqəti batil zülmətində axtarırlar». Onlara anlatmaq olmurdu ki, onların özlərinə hakim seçdikləri Qur’an kağız və mürəkkəbdən ibarətdir. Bu kitabın hökmlərini yerinə yetirmək üçün hakimə ehtiyac olduğunu bu güruha başa salmaq qeyri-mümkün olmuşdu. İraq müsəlmanlarının əqidəsincə, belə bir adam «Natiqe-Qur’an» adlandırılan Əli ola bilərdi. Amma Müaviyə və tərəfdarları həzrətin hakimiyyəti ilə barışmadılar və nəticədə heç bir hakimlik səlahiyyəti olmayan Əmr As və Əbu-Musaya tale yüklü bir məsələnin həlli tapşırıldı. Həzrət Əli (ə) onların səhvlərini nəzərlərinə çatdırmaq üçün Abdullah ibn Abbası onların yanına göndərdi. Amma azğın firqə öz yanlış əqidəsindən əl çəkmədi. Onların ən mühüm iradı bu idi ki, həzrət Əli (ə) şamlılarla döyüşdüyü halda, nə üçün onların mülkünün qarət olunmasına icazə vermədi? Onların ikinci iradı həkəmiyyət məsələsinin Əbu-Musa və Əmr Asa tapşırılması idi. Həzrət Əlinin (ə) sülh müqaviləsinin «Əmirəl-mö’minin adı» ilə başlaması onların üçüncü iradı idi. Onlar deyirdilər ki, əgər Əli (ə) Əmirəl-mö’minin adı ilə başlamamışsa, demək özü öz xilafətinə əmin deyil. Onların iddiasına görə bu müharibədə həlak olanların qanı hədər getmişdi. Nəhayət, Həzrət Əli (ə) özü onların görüşünə getdi. Bu azğın firqəni nəsihət edərək buyurdu: «Mən də sizin kimi Qur’an hökmlərinin icrasını istəyirəm. Elə bu məqsədlə də Müaviyə ilə döyüşürdüm. Özünüz gördünüz ki, mən döyüşün dayandırılması və Əbu-Musanın hakim seçilməsi ilə müxalif idim. Amma sizin öz təzyiqlərinizlə döyüş başa çatdı və Əbu-Musa hakim seçildi. Biz yenə də əvvəlki mövqeyimizdə qalırıq və Şama növbəti həmlə qərarındayıq. Gəlin siz də bizə kömək edin». Xəvaric həzrətin cavabında dedi: «Biz də, sən də kafir olmuşuq. Biz tövbə etdik, sən isə əvvəlki halında qalmısan. Əgər sən də tövbə etsən, yenidən sənə qoşularıq». Azğın güruh hər şeyi pisləyirdi və bir Qur’an ayəsini şüar etmişdi: «Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər». ("Maidə" 44) Amma bu adamlar heç vəchlə qəbul etmək istəmirdilər ki, Allahdan nazil olan hökmləri həyata keçirəcək rəhbərə ehtiyac var və bu rəhbər Əlidir. Bu adamların islahından ümidini üzən Həzrət Əli (ə) onların köməyi olmadan Şama həmlə üçün hazırlaşmağa başladı. Bu arada bir sıra başqa hadisələr də baş verdi və bu hadisələr iraqlıların uğursuzluğu və həzrət Əlinin (ə) pərişanlığı ilə nəticələndi. Hakimlərin (həkəmiyyətin) rə’yindən razı qalan Müaviyə günbəgün öz mövqelərini möhkəmləndirirdi. O öz hakimiyyət dairəsini genişləndirir və iraqlılar arasındakı ixtilaflardan istifadə edərək həzrət Əlinin (ə) üstünə hücuma hazırlaşırdı. Müaviyə Zöhhak ibn Qeysə demişdi ki, dörd min döyüşçü ilə birlikdə İraq əyalətlərinə basqınlar edib, xalqı çalıb-çapsın, qarşısına keçəni qılıncdan keçirsin. Müaviyə bu basqınlarla iraqlıları daim qorxuda saxlamaq və onları hücum fikrindən daşındırmaq istəyirdi. Alçaq və qaniçən bir şəxs olan Zöhhak Müaviyənin tapşırıqlarını lazımınca yerinə yetirdi. O, İraq sərhəddinə çatıb, qətl-qarətə məşğul oldu. O, Əmr ibn Uməysi öldürüb, onun yoldaşlarının boynunu vurdu. Abdullah ibn Məs’udun qardaşı Əmrin öldürülməsi xəbəri həzrət Əliyə çatanda həzrət qəzəbindən titrədi, minbərə çıxıb, süstləşmiş Kufə əhlinə xitabən buyurdu: «Ey Kufə əhli, əgər Allah yolunda çalışırsınızsa, Əmr ibn Uməysə doğru tələsin. Sizin həmdinlərinizin bir dəstəsini öldürüb, bir dəstəsini yaralayıblar. Düşmənlə savaşa qalxın, biganələri öz torpaqlarınızdan çıxarın. (Xalqdan bir səs çıxmadığını görüb buyurdu). Ey süst, vəfasız qövm, kaş sizin səkkizinizin yerinə Müaviyənin bir əsgəri olaydı. And olsun Allaha, sizdən yaxamı qurtarmaq üçün Allahla görüşə hazıram. Mənə xəbər çatıb ki, Müaviyə Zöhhak ibn Qeysi bizim torpaqlara qətl-qarət üçün göndərib. O alçaq, qaniçən də sizin qardaşlarınızdan bir dəstəsini öldürüb, mal-mülkünü tarac edib. Hansı ki, siz evlərinizdə oturub, özünüzü müdafiə etmək üçün yerinizdən tərpənmirsiniz». Həzrət Əli (ə) Hucr ibn Ədini Zəhhakın üstünə göndərdi. Zəhhak kufəlilərin qabağında dayana bilməyib, on doqquz döyüşçüsünü itirdikdən sonra baş götürüb Şama qaçmağa başladı. Zəhhakdan sonra Bosr ibn Ərtat (Siffeyn döyüşündə Əmr Asın yolunu gedərək ayıb yerini açmaqla həzrət Əlinin (ə) qılıncından qurtaran alçaq) Müaviyənin göstərişi ilə Hicaz və Yəmənə yürüş edib, bir çox Əli şiələrini qətlə yetirdikdən sonra Şama qayıtdı. Həmin vaxt Übeydullah ibn Abbas həzrət Əli tərəfindən Yəmən valisi tə’yin olunmuşdu. Bosrun qarşısında tab gətirməyəcəyini görən Übeydullah Əmr ibn Ərakəni öz yerində qoyub Kufəyə gəldi. Yəmənə daxil olan Bosr qətl-qarətə başladı. O Əmr ibn Ərakəni, Übeydullahın iki körpə övladını qətlə yetirdi. Övladları gözü qarşısında qətlə yetirilən ana dəli oldu. Bosrun qətl-qarətindən xəbər tutan Əli kufəliləri məzəmmət edərək Harisə ibn Quddaməni on iki min döyüşçü ilə Bosrun üzərinə göndərdi. Harisənin gəlişindən xəbər tutan Bosr baş götürüb qaçdı.("Nasiut-təvarix" səh.643) Müaviyə növbəti dəfə Süfyan ibn Ovf adlı sərkərdəsini altı min şamlı ilə qarət üçün İraqa göndərdi. Süfyan Ənbar şəhərinə daxil oldu, şəhər hakimi Həssan ibn Həssanı qətlə yetirdi və xalqı çalıb-çapmağa başladı. Onun döyüşçüləri hətta qadınların zinət əşyalarını da qarət etməkdən çəkinmirdilər. Amma bütün bu qətl-qarətlərin, soyğunçuluqların səbəb kufəlilərin həzrət Əlinin göstərişlərinə laqeyd yanaşması idi. Uyğun hadisələrlə bağlı həzrət minbərə çıxıb buyurdu: «Mənə xəbər çatdı ki, Müaviyənin göstərişi ilə Ənbar şəhərində qətliam törədilmişdir. Şəhər hakimi öldürülmüş, süvarilər şəhərdən çıxarılmışdır. Onların döyüşçülərindən biri bir müsəlman və bir zimmə qadının evinə daxil olub onların zinət əşyalarını götürmüşdür. Düşmənlər Şama böyük qənimətlə qayıtmışlar. Əgər bir müsəlman kişi bunları eşitdikdə qəmdən ölərsə, məzəmmət edilməməlidir. Sizi yayda düşmənlərlə döyüşə çağırdığım vaxt dediniz ki, hava istidir, bizə möhlət ver. Sizi qışda döyüşə çağırdıqda dediniz ki, havalar soyuqdur bizə möhlət ver. Siz ki, bəhanələrlə istidən və soyuqdan qaçırsınız, and olsun Allaha, döyüş meydanında qılıncdan daha tez qaçacaqsınız. Ey namərd insanlar, ey uşaq ağlında olanlar. Kaş sizi görməyəydim və tanımayaydım. Sizi tanımağın nəticəsi peşimanlıq, qəm-qüssədir. Allah sizi öldürsün ki, qəzəbdən bağrımı yardınız, hər nəfəsdə qəm-qüssəni damla-damla boğazıma tökdünüz, öz itaətsizliyinizlə tədbirimi puça çıxardınız».("Nəhcül-Bəlağə" xütbə:27) Amma yuxarıda sadalanmış hadisələrlə iş başa çatmırdı. Aramsız üzücü hadisələr həzrəti bir an olsun belə rahat buraxmırdı. Bu hadisələrdən bə’zilərinə nəzər salaq: Həzrət Əlinin xilafətinin ilkin dövründə Qeys ibn Sə’d Misir hakimi tə’yin olundu. Siffeyn döyüşü zamanı Qeys qoşun bölmələrindən birinə komandan seçildiyi üçün onun yerinə Məhəmməd ibn Əbu-Bəkr göndərildi. Məhəmməd Misirdə valilik işlərinə məşğul olduğu vaxt Müaviyə həkəmiyyət məsələsini başa vurub Əmr Asa və’d etdiyi Misir haqqında götür-qoy etməyə başladı. Bu məqsədlə Misir üzərinə qoşun göndərildi, eyni zamanda Əmr As öz hiylələri ilə Misir xalqını Məhəmmədə qarşı qaldırmağa başladı. Müaviyə qarşısında uğursuzluğa düçar olan Məhəmməd vəziyyət barədə həzrət Əliyə (ə) mə’lumat verib, kömək istədi. Həzrət Əli (ə) Cəzirə əyalətində olan Malik Əştəri Misirə göndərib, Məhəmmədi geri çağırdı. Çünki Misirdə Müaviyə və Əmr Asın hiylələrinə qılıncla cavab verəcək adam lazım idi. Malik Əştər hicri 38-ci il zil-qə’də ayında Kufədən çıxdı və Misirə üz tutdu. Əli (ə) sayaq qərib və fəqirlərə dərin məhəbbət göstərən Malik Əştər yolda rastlaşdığı bir adamdan kimliyini və haraya getdiyini soruşdu. Həmin şəxs dedi: «Adım Nafedir. Mədinədə Ömər ibn Xəttabın qulamı idim. İndi azadam. Mədinədə vəziyyətim yaxşı olmadığından Misirə getmək qərarına gəlmişəm. Olsun ki, Misirdə bir iş tapam». (Əslində Nafe Ömərin yox, Osmanın qulamı olmuşdu). Malik dedi: «Əgər istəsən, mənimlə qala bilərsən. Mən sənin geyimini və yeməyini tə’min edərəm». Nafe dedi: «Necə də böyük səadət! Əlbəttə ki, mən sizinlə qalıram». Malik bu şəxsi özü ilə götürdü. Bir qədər getdikdən sonra Misirdən üç günlük məsafədə yerləşmiş Qəlzəm şəhərinə çatdılar. Gecəni orada qalıb səhəri gün yola düşdükləri vaxt Nafe baldan düzəldilmiş şərbətə bir qədər zəhər qatıb Malikə verdi. Ötən bir neçə gün ərzində bu qulamın canıyananlığını görən Malik şərbəti ondan alıb içdi. Bir neçə saat yol getdikdən sonra Malikin əhvalı dəyişməyə başladı. Nəhayət, onun vəziyyəti ağırlaşdı və yerə yıxıldı. Döyüşçülər Maliki əhatəyə alıb ona kömək etməyə çalışsalar da, artıq zəhər öz tə’sirini göstərmişdi. Malikin yoldaşları onun Nafe tərəfindən zəhərləndiyini bilsələr də, alçaq qulamı tapa bilmədilər. Az sonra Malik gözlərini dünyaya əbədi qapadı. Malikin dəstəsi onun cənazəsi ilə birlikdə geriyə döndü. Nafe zəhərli şərbəti Malikə içirdikdən sonra Müaviyənin yanına gəldi. Onun gətirdiyi xəbər Müaviyəni çox sevindirdi. Şamlılara müjdə verdi ki, artıq Əlinin hücumları həyata keçməyəcək. Həzrət Əli (ə) çox möhkəm bir arxasını itirmişdi. Müaviyə Nafeyə nəvaziş göstərdi və Malikin qılıncından yaralar görmüş şamlılara şadlanmaq icazəsi verdi. Malikin ölüm xəbər həzrət Əlini ağır üzüntüyə saldı. Həzrət ağlayaraq buyurdu: «Malikin ölümü böyük faciədir. Onun oxşarını bir daha tapmayacağıq. Malik nə’rəsi düşmənlərin qəlbini titrədən bir şir idi. Malik kim idi? Əgər o dağ idisə, elə bir dağ idi ki, ona dırmanan zirvəsinə ayaq qoya bilməz, nə də bir quş yüksəkliyinə pərvaz edə bilməz. And olsun Allaha, Malikin şəhadəti Şam əhlini ucaltdı və İraq əhlini xar etdi. Bundan sonra Malik kimisini görməyəcəyik».("Naisut-təvarix" səh.521) Həzrət Əli (ə) Misir hökumətini yenidən Məhəmməd ibn Əbu-Bəkrə tapşırdı. Onu Malikin şəhadətindən xəbərdar etdi. Amma Müaviyə və Əmr As öz hiylələrindən əl çəkməmişdilər. Onlar öz məktubları ilə Məhəmmədi hədələyir, həm də onu yalan və’dlərlə şirnikdirirdilər. Məhəmməd hər dəfə onlara mənfi cavab verirdi. Məhəmməd ibn Əbu-Bəkrin fədakarlığı və sədaqətinə heç bir şübhə ola bilməzdi. Məhəmmədi yoldan çıxara bilməyəcəyini anlayan Müaviyə başqa tədbirlər görməyə başladı. Əmr Asın hiylələri nəticəsində Misir xalqı Məhəmmədə qarşı qiyam qaldırdı. Məhəmməd Misirdə yaranmış vəziyyət haqqında həzrət Əliyə mə’lumat verdi. Həzrət Əli (ə) Məhəmmədə yazdığı məktubu Kufə məscidində camaata oxuyub, növbəti dəfə onları süstlükdə və laqeydlikdə məzəmmət etdi. Həzrət baş vermiş bütün uğursuzluqların səbəbi kimi Kufə xalqının süstlüyünü göstərirdi. Bu çıxışından sonra həzrət on iki min döyüşçünü Malik ibn Kə’bin komandanlığı altında Məhəmmədə köməyə göndərdi. Amma Kufədən gedən kömək Misirə çatanadək Məhəmməd öz azsaylı tərəfdarları ilə Şamdan gəlmiş Müaviyə ibn Xədic və onun dəstəsi ilə vuruşdu və nəhayətdə məğlub olub şəhadət dərəcəsinə çatdı. Həzrət Əli (ə) hələ də Malik Əştərin şəhadəti üçün əza saxlayırdı. Bu vaxt Misirin süqutu və Məhəmmədin şəhadəti haqqında xəbər gəldi. Bu xəbər həzrəti daha da üzdü və o ağlayaraq buyurdu: «Malik və Məhəmmədin şəhadətindən yaranmış üzüntümüz Şam əhlinin bu hadisələrə sevincindən çoxdur». Bəli, üzüntülü hadisələr bir-birini əvəz edirdi. Növbəti acı xəbər Bəsrə hakiminin Müaviyənin təhriki ilə Əlinin (ə) itaətindən çıxıb, Məkkə üzərinə qoşun çəkməsi oldu. Zaman ötdükcə azsaylı həqiqi müsəlmanların vəziyyəti ağırlaşırdı. Həzrət Əlinin (ə) xalqa nəsihətləri heç bir fayda vermir, əhali öz torpaqlarını düşməndən qorumaq üçün ayağa qalxmırdı. Siffeyndən qayıtdıqdan sonra bu uğursuzluqlar iki il davam etdi. Yalnız hicrətin 40-cı ilində həzrət Əlinin (ə) uzun-uzadı çalışmaları və nəsihətlərindən sonra onun öz rəhbərliyi ilə qəti bir hücum üçün qoşun toplandı. Könüllülərin sayı iyirmi minə çatırdı. Qoşun Nuxəylə adlanan yerdə düşərgə qurub həzrətin əmrini gözlədi. Həzrət ona tabe olan hakimlərə qoşun təchizatı haqqında yazılı göstəriş verdi. Amma bu vaxt həzrəti qarşıya qoyulmuş qəti məqsəddən daşındıran bir hadisə baş verdi. Haqqında əvvəlcə danışdığımız xəvaric firqəsi Əbdüllah ibn Vəhəbin başçılığı ilə fitnə yaradıb, əvvəlki əqidələrini yenidən ortaya qoydular. Həzrət Əlinin (ə) komandanlarının iştirakı ilə təşkil olunmuş hərbi şurada xəvaric fitnəsi müzakirə olundu. Belə görünürdü ki, əgər həzrətin qoşunu Şama hücum üçün Kufədən çıxsa, xəvaric Kufəni işğal edəcək. Belə bir məqamda iki cəbhədə müharibə aparmaq lazım gələcəkdi. Ona görə də Şama hücumdan qabaq xəvariclə qarşıdurma həll edilməli idi. Bütün vaxtlarda sülhü müharibədən üstün tutan həzrət xəvaricə məktubla müraciət edib, onları tutduqları yoldan çəkinməyə çağırdı. Həzrət xəvarici haqqın müdafiəsinə və Müaviyə ilə mübarizəyə də’vət etdi. Abdullah həzrət Əlinin (ə) məktubunu oxuyub, onu gətirən şəxsə dedi: «Bizim adımızdan Əliyə de ki, o kafirdir. Əvvəlcə tövbə etsin, sonra bizi köməyə çağırsın». Sonra Abdullah göstəriş verdi ki, bütün xəvaric Nəhrəvana doğru hərəkət etsin. Xəvaric Nəhrəvanda düşərgə qurduqdan sonra ətrafdan tərəfdarları onlara doğru hərəkət etməyə başladılar. Onların sayı artıb on iki min nəfərə çatdı. Nuxəylədə düşərgə qurmuş həzrət Əli (ə) Şam fikrindən daşınıb, Nəhrəvana üz tutdu. Həzrət Əli (ə) Nəhrəvana çatanda xəvaric ağız-ağıza verib ucadan qışqırırdı: «Hökm yalnız Allahındır». Həzrət Əli (ə) nə qədər qəzəblənsə də, bu adamların halına acıyırdı. Çünki bu insanlar əqidə baxımından yanılmışdılar və öz səhvlərini dərk etmirdilər. Həzrət, xəvaric cərgələri ilə üzbəüz dayandı və höccəti tamamlamaq üçün onların komandanı Abdullahla söhbətə başladı. Sonra həzrət bütün xəvaricə üz tutub dərin məntiq və yetərli kəlamlarla onların səhvləri haqqında danışdı. Amma bu nadan insanlar yenə də əvvəlki kimi həzrətin tövbə etməsini istəyirdilər. Həzrət Əli (ə) buyurdu: «Ağ bayrağı Nəhrəvanın kənarında yerə taxın. Xəvaricin tövbə edənləri onun ətrafında toplansın». Azğın qövmün təqribən üçdə ikisi zahirən tövbə edib, ağ bayrağın ətrafında toplandı. Amma dörd min xəvaric və onların başçısı Abdullah ibn Vəhəb əvvəlki mövqedə qalıb, həzrəti kafir adlandırırdılar. Həzrət Əli (ə) çarəsiz qalaraq onlarla döyüşə başladı. Həzrət Əli (ə) Müaviyənin hiyləgərlikləri nəticəsində döyüşə ruhu zəifləmiş müsəlmanların qəlbini gücləndirmək üçün buyurdu: «Bütün bu xəvaricdən on nəfərdən də azı sağ qalacaq. Siz isə ondan da az şəhid verəcəksiniz. Həzrətin uyğun buyuruğu onun mö’cüzələrindən sayıla bilər. Həzrət necə demişdisə, elə də oldu. Savaş başladı və çox keçmədi ki, bütün xəvaric qılıncdan keçirildi. Yalnız on nəfər qaça bildi. Həzrət Əlinin (ə) qoşunundan isə yeddi nəfər şəhadətə çatdı. Həzrətin öncədən görməsi özünü doğrutdu. Döyüş başa çatdıqdan sonra həzrət Kufəyə qayıtdı. Aradan çıxmış on nəfərdən biri olan Əbdürrəhman ibn Mülcəm Məkkəyə qaçdı. Bu şəxs Murad qəbiləsindən idi. Ardı var... Müəllif: Fəzlullah Kompani | |
|
Total comments: 0 | |