Bazar günü, 2024-12-22, 9:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 1 » Əli əhli-sünnə alimlərinin nəzərində
3:04 PM
Əli əhli-sünnə alimlərinin nəzərində

Əli əhli-sünnə alimlərinin nəzərində


Bismillahir-rəhmanir-rəhim

 

Əli (ə) haqqında əhli-sünnət alimlərinin kitablarından incilər

 

Həzrət Əli (ə) Kəbədə anadan olmuşdur

Əmirəl-möminin Əli (ə)–ın seçilən xüsusiyyətlərindən biri onun doğulduğu məkandır. Həzrət Adəm (ə)-dan Həzrət Məhəmməd (s)-a qədər heç bir peyğəmbər və vəsi bu böyük xüsusiyyətə sahib ola bilməmişdir. O, soy və yaradılışındakı nuraniyyət baxımından seçilmiş olduğu kimi, doğulduğu yer baxımından da seçilmişdir. Həzrət bu mövzuda təkdir, Kəbədə doğulmuşdur.

İsa ibn Məryəm (ə)-ın doğumu əsnasında qeybi bir səs onu məsciddən bayıra çıxartdı. Bu səs belə deyirdi: "Evdən (Beytul-müqəddəsdən) bayıra çıx, bu ev ibadət yeridir,doğum yeri deyil.”

Amma Həzrət Əli (ə) doğumu yaxınlaşdıqda anası Əsəd qızı Fatimə Kəbəyə çağırılmışdı. Həm də təsadüfən məsciddə olan və bir anda doğan bir qadın kimi deyil, onu rəsmən Kəbənin içərisinə apardılar. Amma bəzi cahillər Fatimənin məsciddə olduğunu, ani sancılandığını və çıxa bilmədiyi üçün orada doğduğunu zənn edirlər. Halbuki bu belə deyildir! Əsəd qızı Fatimə doğacağı ay Məscidul-hərama getmiş, orada sancılanmış və Kəbənin ətrafında Allah taalaya doğuşunun asan olması üçün dua etmişdi. Bir an Kəbənin divarı yarıldı və ya bağlı qapısı açıldı (rəvayətlərdə hər ikisi qeyd olunur). Bir səs eşidildi: "Ey Fatimə, Kəbəyə daxil ol!” Ətrafda olanların gözləri qarşısında Fatimə Kəbəyə girdi, qapı və ya divar ilk halına döndü. Hər kəs təəccüb etdi, orada olan Abbas hadisəni gördükdə o dəqiqə Əbu Talibə xəbər verdi. Kəbənin açarları Əbu Talibdə idi. O, tələsik gəldi və nə etdilərsə heç cür qapını aça bilmədilər.

Fatimə tam üç gün, zahirən heç bir yemək və baxıcı olmadan Kəbədə qaldı. Bütün Məkkədə onun barəsində danışılırdı. Üçüncü gün Fatimə Kəbənin hansı yerindən girmişdisə o yerdən də çıxdı. Xalq Fatimənin qucağında ay parçası kimi bir uşaq olduğunu gördü.

Həzrət Əli (ə) bax beləcə Kəbədə doğulma şərafətinə sahib oldu. O Həzrətin anası xüsusi bir dəvətlə dəvət edilmişdi. Bu hadisə hər iki məzhəbin ittifaq etdiyi bir mövzudur. Heç kəs belə bir üstünlüyə sahib ola bilməmişdir. Bu səbəbdən Hakim "Müstədrək” və İbn Səbbağ Maliki "Füsulul-muhimmə” kitabının 1-ci fəslinin 14-cü səhifəsində belə deyir:

"Həzrət Əli (ə)-dan əvvəl heç kəs Kəbədə doğulmamışdır. Allah taala onu ucaltmaq, mərtəbəsini yüksəltmək və ikram olsun deyə, sadəcə ona bu şərafəti vermişdir.”

 

Həzrət Əli (ə)-ın adının qeyb aləmindən qoyulması

Bütün səmavi kitablarda Məhəmməd (s) və Əli (ə)-ın adı peyğəmbər və imam olaraq zikr edilmişdir. "Məhəmməd” və "Əli” adını Allah taala yaradılışdan minlərcə il əvvəl seçmişdir. Bütün göylərdə, cənnət qapılarında və ərşdə qeyd edilmişdir. Allah taala onun adını Peyğəmbər (s)-ın adıyla birlikdə qeyd etmişdir. Bu səbəbdən Məhəmməd ibn Cərir Təbəri "Təfsiri-kəbir”də, İbn Əsakir "Tarix”də Həzrət Əli (ə)-ın əhvalatları daxilində, Məhəmməd ibn Yusif Gənci Şafei "Kifayətut-Talib” kitabının 62-ci fəslində, Hafiz Əbu Nəim "Hilyətul-övliya” kitabında və Şeyx Süleyman Bəlxi Hənəfi "Yənabiul-məvəddə” kitabının 238-ci səhifəsində, 56-cı bab, 52-ci hədis (İstanbul çapı) sənədilə imamul-hərəmiş-şərif Əhməd ibn Abdullah Təbəri Şafeinin "Zəxairul-uqba” kitabından nəql edərək fərqli təbirlərlə Əbu Hureyrədən Peyğəmbər (s)-in belə buyurduğunu qeyd etmişlər:

"Ərşin sütununda  "La ilahə illəllah vəhdəhu la şərikə ləh və Muhəmmədun əbdi və rəsuli, əyyədtuhu bi Əliyyibni Əbi Talib.”

"Allah birdir, Allahdan başqa tanrı yoxdur, bərabəri və ortağı da yoxdur. Məhəmməd (s) mənim qulum və rəsulumdur və Mən onu Əli (ə) ilə gücləndirdim” yazılmışdır.

Cəlaləddin Süyuti  "Xəsaisul-kubra” kitabının 1-ci cildinin 10-cu səhifəsində və "Durrul-mənsur” kitabında "İsra” surəsinin əvvəlində İbn Ədiy və İbn Əsakirdən nəql edərək Ənəs ibn Malikdən Peyğəmbər (s)-in belə buyurduğunu qeyd etmişlər:

"Merac gecəsi ərşin sütununda belə yazıldığını gördüm: "La ilahə illəllah Muhəmmədun rəsulullah, əyyədtuhu bi Əliyyin” "Allahdan başqa tanrı yoxdur, Məhəmməd (s) Allahın elçisidir və onu Əli (ə) ilə gücləndirdim.”

"Yənabiul-məvəddə” kitabının 207-ci səhifəsində İmamul-hərəmi-şərif Əhməd ibn Abdullah Təbəri Şafeinin "Zəxairul-uqba” kitabından nəql olunaraq Peyğəmbər (s)-in belə buyurduğu rəvayət edilir:

"Merac gecəsi yüksək mələkut aləminə çatdıqda ərşin sağ sütununa baxdım. Orada belə yazılmışdı: "Məhəmməd (s) Allahın Rəsuludur, onu Əli (ə) ilə təyid etdim və ona Əli (ə) ilə yardım etdim.”

"Yənabiul-məvəddə” kitabının 234-cü səhifəsində, 19-cu hədisdə İmamul-hərəmeynin "Kitabus-Səbin” kitabında Fəqih Vasiti ibn Məğazəli Şafeinin "Mənaqib”indən nəql edərək, Mirseyid Əli Həmədani Şafei "Məvəddətul-qurba”nın 6-cı məvəddəsində 2 hədis, Xətib Xarəzmi "Mənaqib”də, İbn Şirəveyh "Firdovs”da, İbn Məğazəli Şafei "Mənaqib”də Cabir ibn Abdullahdan Peyğəmbər (s)-in belə buyurduğunu qeyd etmişlər:

"Cənnətin qapısında belə yazılmşdır: "La ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah, əxu Rəsulillah qəblə ən yəxluqəs-səmavati vəl-ərzi bi əlfəy amin.” "Allahdan başqa məbud yoxdur, Məhəmməd (s) Allahın elçisidir, Əli (ə) göylə yer yaradılmadan 2 min əvvəl Allahın vəlisi və Peyğəmbər (s)-in qardaşıdır.”

Fəqih Mirseyid Əli Həmədani Şafei "Məvəddətul-qurba” kitabının 8-ci məvəddəsində Peyğəmbər (s)-in Əli (ə)-a belə buyurduğunu rəvayət edir:

"Dörd yerdə sənin adını öz adımın yanında gördüm:

1-Merac gecəsi Beytul-müqəddəsə çatdıqda orada daşa yazıldığını gördüm: "Allahdan başqa məbud yoxdur, Məhəmməd (s) Allahın Rəsuludur və onun vəziri olan Əli (ə) ilə təyid etdim.”

2-Sidrətul-muntəhaya çatdıqda orada belə qeyd edildiyini gördüm: "Mən Allaham, Məndən başqa məbud yoxdur, Məhəmməd (s) mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli (ə) ilə yardım etdim.”

3-Rəbbul-aləminin ərşinə çatdıqda sütunlarına belə yazıldığını gördüm: "Mən Allaham Məndən başqa məbud yoxdur, Məhəmməd (s) Mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli (ə) ilə yardım etdim.”

4- Cənnətə çatdıqda qapısında belə yazıldığını gördüm:

"Mən Allaham, Məndən başqa məbud yoxdur, təkəm, Məhəmməd (s) Mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli (ə) ilə yardım etdim.”

İmam Sələbi "Kəşful-bəyan” təfsirində, Şeyx Süleyman Bəlxi Hənəfi "Yənabiul-məvəddə”nin 23-cü babında Hafiz Əbu Nəim İsfahanidən nəql edərək, Məhəmməd ibn Cərir Təbəri "Təfsir”də, İbn Əsakir "Tarix” kitabında İbn Abbas və Əbu Hureyrədən nəql edərək "O, səni yardımıyla dəstəkləyəcəkdir...” (Ənfal 62) ayəsinin Həzrət Əli (ə) haqqında nazil olduğunu rəvayət edərək Rəsulullahın (s) belə buyurduğunu nəql etmişdir:

"Ərşdə belə yazıldığını gördüm: "Allahdan başqa məbud yoxdur, Təkdir, bərabəri yoxdur. Məhəmməd (s) Mənim qulum və elçimdir. Onu Əli ibn Əbu Taliblə (ə) gücləndirdim və yardım etdim.”

Həmçinin "Şəfa” və Mənaqib” kitablarında bu məzmunda başqa hədislər də rəvayət edilir. Beləcə "Məhəmməd” və "Əli” adları bilavasitə Allah taala tərəfindən seçilmişdir.

İmam Sələbi "Kəşful-bəyan” təfsirində, Şeyx Süleyman Bəlxi Hənəfi "Yənabiul-məvəddə”nin 24-cü babında Fəqih Vasiti ibn Məğazəli Şafeidən"Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr aldı və tövbə etdi. Şübhəsiz Allah tövbələri qəbul edən və mərhəməti bol olandır” (Bəqərə 37) ayəsinin təfsirində Səid ibn Cubeyr və İbn Abbasdan belə rəvayət edir:

"Peyğəmbərdən (s): "Adəmin aldığı və tövbəsinin qəbuluna səbəb olan kəlmələr nələrdir?” -deyə soruşduqda o Həzrət (s) belə buyurdu: "Allahdan Məhəmməd (s), Əli, (ə) Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)-ın haqqı üçün bağışlanmasını istədi, Allah Taala da tövbəsini qəbul edib onu bağışladı.”

Mirseyid Əli Həmədani "Məvəddətul-qurba” kitabının 8-ci məvəddəsində Abbas ibn Əbdul-Müttəlibdən nəql edərək, Süleyman Bəlxi Hənəfi "Yənabil-məvəddə”nin 56-cı babında və Məhəmməd ibn Yusif Gənci Şafei də "Kifayətut-Talib” kitabında 100 babdan sonra 7-ci babında az bir fərqliliklə belə rəvayət etmişlər:

"Əli (ə) doğulduqda anası, atasının adı olan "Əsəd” adını ona verdi. Əbu Talib bu adla razı olmadı və ona belə dedi:

-Ey Fatimə, bu gün Əbu Qubeys dağına (bəzilərinə görə isə Məscidul-hərama) gedək. Allahdan bu uşaq üçün ad istəyək.

Birlikdə axşam olduqda Əbu Qubeys dağına (və ya Məscidul-hərama) gedib dua etdilər. Əbu Talib duasını şer şəklində belə bəyan etdi:

Ya Rəbbim! Ey qaranlıq gecənin sahibi!

Və nur saçan ayın Rəbbi!

Gizli əmrini bizə bəyan et.

Bu körpənin adını nə qoyaq?

O anda göydən bir səs gəldi. Əbu Talib başını qaldırdıqda, üzərində dörd sətirdən ibarət yaşıl bir lövhə gördü. O dəqiqə lövhəni götürüb bağrına basdı. Lövhənin üzərində bu şer yazılmışdı:

Sizlərə təmiz bir uşaq verdik,

O, pak, seçilmiş və bəyəndiyin biridir.

Adı Allah Taala tərəfindən Əlidir,

Ki, Əliyyul-Əladan alınmışdır.

Məhəmməd ibn Yusif Gənci Şafei isə "Kiifayətut-Talib” adlı əsərində qeybdən bir səs gəldiyini və Əbu Talibə cavab olaraq belə deyildiyini yazır:

Ey Peyğəmbərin (s) Əhli-beyti!

Sizlərə təmiz bir övlad verdim.

Onun adı Əlidir,

Əliyyul-Əladan alınmışdır.

Əbu Talib çox sevindi və səcdə etdi. Daha sonra on dəvə qurban kəsdi və o lövhəni Məscidul-həramda asdı. Haşim övladları Qureyşə qarşı o lövhə ilə öyünürdü. O lövhə Həccacın Abdullah ibn Zübeyrlə etdiyi döyüşə qədər orada dururdu, sonra isə itdi.

 

Həzrət Əli (ə)-ın şəcərəsi

Əsil-nəcabət baxımından Həzrət Əli (ə) həm ana, həm də ata tərəfindən böyük şərafətə sahibdir. Bu da onun məxsus fəzilətlərindən biridir.

Həzrət Əli (ə)-ın əcdadı digərlərinin əksinə olaraq Həzrət Adəmə (ə) qədər hamısı müvəhhid və tovhid əhli olmuşdur. Bu təmiz soy heç bir kirli rəhimdə yer almamışdır. Bu böyük iftixar əshabdan heç birinə nəsib olmamışdır. Həzrət Əli (ə)-ın şəcərəsi belədir:

1.Əbu Talib Əbdul-Muttəlib oğlu;

2.Əbdül-Müttəlib Haşim oğlu;

3.Haşim Əbdul-Mənaf oğlu;

4.Əbdül-Mənaf Qəsa oğlu;

5.Qəsa Kilab oğlu;

6.Kilab Mərrə oğlu;

7.Mərrə Kəb oğlu;

8.Kəb Luvey oğlu;

9.Luvey Ğalib oğlu;

10.Ğalib Fəhr oğlu;

11. Fəhr Malik oğlu;

12. Malik Nəzr oğlu;

13. Nəzr Kənanə oğlu;

14. Kənanə Xuzeymə oğlu;

15. Xuzeymə Mudrikə oğlu;

16. Mudrikə İlyas oğlu;

17. İlyas Muzir oğlu;

18. Muzir Nizar oğlu;

19. Nizar Məd oğlu;

20. Məd Ədnan oğlu;

21. Ədnan Ud oğlu;

22. Ud Ədəd oğlu;

23. Ədəd Yəs oğlu;

24. Yəs Həmis oğlu;

25. Həmis Bənət oğlu;

26. Bənət Səlaman oğlu;

27. Səlaman Həməl oğlu;

28. Həməl Qəyuar oğlu;

29. Qəyuar İsmayıl (ə) oğlu;

30. İsmayıl (ə) İbrahim (ə) oğlu;

31. İbrahim (ə) Tarix oğlu;

32. Tarix Tahur oğlu;

33. Tahur Şaru oğlu;

34. Şaru Əbrəcu oğlu;

35. Əbrəcu Taliğ oğlu;

36. Taliğ Abir oğlu;

37. Abir Şalih oğlu;

38. Şalih Ərfəxşəz oğlu;

39. Ərfəxşəz Sam oğlu;

40. Sam Nuh (ə) oğlu;

41. Nuh (ə) Ləmək oğlu;

42. Ləmək Mətvşəlx oğlu;

43. Mətvşəlx Əxnux oğlu;

44. Əxnux Yarid oğlu;

45. Yarid Məhlail oğlu;

46. Məhlail Qəynan oğlu;

47. Qəynan Ənvəş oğlu;

48. Ənvəş Şeys (ə) oğlu;

49. Şeys (ə) Adəm (ə) oğlu;

50. Adəm (ə) (bəşər atası).

Fərhad Mirzə

islammaarifinde.com


Category: Diger me'lumatlar | Baxış: 991 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]