Bazar günü, 2024-12-22, 10:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 20 » Köksün kenişliyi və onun nişanələri
6:36 AM
Köksün kenişliyi və onun nişanələri

Allahın təkliyinə etiqad qəlbin təsdiq etməsi ilə olmalıdır. İnsan qəlbinin həqiqətlərdən xəbərdar olması onun qəlbinin nurlanmasına səbəb olur. Xatircəmlik və Allah eşqi nuraniliyin əlamət və nişanələrindəndir. Rəvayatə əsasən bunlar qəlb nuraniləşəndə baş verər. «Elm nurdur», «İman nurdur».

Allah-təala Quranda buyurur: «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam üçün açıb genişləndirər». Məcməul-bəyan tərəfindən nəql olunur ki, Peyğəmbərdən (s) köksün genişliyi haqqında sual etdilər. Həzrət (s) bu sualın cavabında buyurdu: O, bir nurdur ki, Allah-təala onu möminin qəlbində qərar verir. Yenə də soruşdular: Ya Rəsuləllah (s) onun əlamət və nişanəsi vardırmı? Köksün genişliyini və nurun əta olunmasını haradan başa düşək?

Peyğəmbər (s) buyurudu: Köksü genişlənmiş adam qəlbini dünyadan üzüb, bütün şövq və diqqətini Allah və axirətə bağlayır. Ölümün vaxtı çatmamış ona hazır olur. Qəlbində nur yarananda Allahdan başqa bütün şeylərin fani və heç olduğunu dərk edir. Allahdan başqa bütün varlıqları nəzərindən keçirib onların sırf asılı və aciz olduğunu başa düşür. Bərəkətin və hər bir şeyin mənbəyinin Allah olduğunu dərk edir. Elə buna görə də qəlbini Allahdan başqa bütün şeylərdən kəsib, yalnız Allaha bağlanır.

Rəvayətə əsasən Əli (ə) və bütün İmamlarımız (ə) Şəbaniyyə duasını oxuyurmuşlar. Bu duada belə bir cümlə zikr olunur: «Pərvərdigara! Səndən başqa şeylərdən əl uzüb, yalnız Sənə diqqət etməyimi mənə əta et!». İnsanın kamil səadəti, ancaq Allaha bağlı olmaqla ələ gəlir. Belə insanlar Allaha təvəkkül edib, ancaq Ondan qorxur və Ona da ümid bəsləyirlər. Ən böyük istəkləri Allahın razılığını aldə etmək olur. Nəticədə Əlinin (ə) «Nəhcül-bəlağə»də dediyi məqama çatırlar. «Təsdiq etməyin kamalı Onu vahid bilmək, vahid bilməyin kamalı isə Ona qarşı tam xalislik məqamına yetişməkdir».

Elmdən faydalanmağın şərti, nəfsin paklanmasıdır.

«Elm nurdur» deyəndə, həmişə təkrarladığımız əqli dəlillər deyil, qəlbin nuru nəzərdə tutulur. Tovhid və fiqh elminin terminlərinin əzbərlənməsinə baxmayaraq, əgər qəlb bunlardan xəbərdar olmasa, o qəlbdə nur yarana bilməz. Bu elmlər nəfsi paklamaqla yanaşı olsalar, o anda nura çevrilə bilərlər. Hədis, təfsir və başqa elmlər də nurdurlar. Amma nə qədər ki, qəlbin qarşısını hicab tutub, o nurdan əsər-əlamət olmayacaqdır. Bunlar həmin elmin səviyyəsinin alçalmağına səbəb olmaz. Bəlkə bu elmlərin nuraniyyətindən faydalanmaq, hicabların aradan qaldırılmasında şərtlənmişdir. Əgər alim elm öyrənməklə yanaşı nəfsini də paklaya bilsə, bu zaman Peyğəmbərin (s) buyurduğu «alimlər peyğəmbərlərin varisləridir» hədisi ilə uyqun gələr. Buna görə də hər bir elmi öyrənib, ona əməl etmək yalnız Allah xatirinə olmalıdır ki, həmin elm insan üçün nur olub onun qəlbini işıqlandırsın.

Allah xatirinə elm öyrənməyin nişanələri.

Əyri işlərini düzgün qələmə verib, mal, sərvət və vəzifə əsiri olan kəs özünü Allah adamı adlandırıb deyir: Mənim mal və sərvət toplayıb vəzifəyə çatmağımdan məqsədim, xalqa xidmət edib onları çətinlikdən nicat verməkdir. Bu böyük məqsədə çatmaq üçün mal və vəzifəni bir vasitə hesab edirəm. həqiqətdə belə insanlar qürur və özünü sevmək xəstəliyinə düçar olublar. Amma mal və vəzifəni uca məqsədlərdən ötrü vasitə bilib, onların ardınca gedən kəslər isə bu şeyləri əldə etsələr də, etməsələr də onlar üçün fərqi yoxdur. Bunları əldə edəndən sonra sevinməyib mal və vəzifəyə çatmazdan əvvəl necə idilərsə, həmin anda da elə qalırlar. Əksinə mal və vəzifəni əldə edəndən sonra təvəzökarlıqları və Allah yolunda xalqa xidmət etməkləri əvvəlki ilə müqayisədə daha da çoxalır. Belə insanların mal və vəzifəni həqiqətən də vasitə üçün istəməkləri məlum olur.

Amma bəziləri mal və vəzifəyə çatandan sonra onların hərislik və paxıllıqları daha da çoxalır; Xalqı özlərindən alçaq hesab edib, özlərindən yuxarıdakı vəzifələrə də göz dikirlər. Xalqa kömək edib onların əlindən yapışmaqda səhlənkarlıq edirlər. Belə insalar həlak olmamışdan əvvəl mütləq özlərini islah etməlidirlər.

Allah rizasına öz malını başqasına fəda etmək.

Mal əldə etməkdə Allaha xatir başqalarını özündən qabağa salmaq fədəkarlığın nişanələrindəndir. Belə adamlar başqasının Allah verdiyi sərvətə daha çox ehtiyaclı olduğunu gördükdə, o adamı özlərindən üstün hesab edərək Həmin sərvəti ona bağışlayırlar. Məsələn, ailəli bir şəxsin evi olmadığı halda özünün iki evindən birini minnət qoymadan ona təqdim edir. Yaxud da, bir vəzifəyə keçəndən sonra başqasının o vəzifəyə daha layiqli olduğunu və işin öhdəsindən gözəl gələcəyini görüb həmin vəzifəni ona tapşırır. Bu tərtiblə sadiq adam yalançı adamdan seçilir.İnsan özünü bu vaxtlarda daha yaxşı tanıya bilər. Çox az adamlar paxıllıq, həsəd və təkəbbürlük kimi xəstəliklərdən nicat tapıb, bu cür çətin imtahanların öhdəsindən gələ bilərlər. Bu məsələni daha yaxşı izak etmək üçün Allahın saleh bəndələrinin biri haqqında hekayə nəql edirik.

Dərs demək kürsüsünü başqasına tapşırdı.

Mərhum Ayətullah Seyyid Hüseyn Türk, şiə məzhəbinin böyük alim və mərcəi-təqlidlərindən olmuşdur. 1844-cü ildə Nəçəfül-əşrəfdə vəfat etmişdir. O Kərbəlada böyük alimlərdən dərs aldıqdan sonra Nəcəf şəhərinə hicrət edir. Tələbələr onun ətrafında toplanaraq, ondan dərs almağa başlayırlar. Günlərin bir günündə dərs  dediyi «İmran» məscidinə vaxtından əvvəl gəldi. Onun şagirdləri hələ gəlməmişdilər. Bir küncdə oturub gördü ki, tanımadığı bir ruhani alim, məscidin o biri küncündə bir neçə tələbəyə dərs deməklə məşğuldur. Seyyid şeyxin   söhbətlərinə qulaq asıb onun elminə təəccüb etdi. O biri gün şeyxin dərsinə qulaq asmaqdan ötrü bilə-bilə məscidə vaxtından əvvəl gəldi. Beləliklə bir neçə gün şeyxin dərslərinə qulaq asandan sonra, yəqin etdi ki, şeyx ondan elmli və fəzilətlidir. Şeyxin dərslərindən istifadə etmək qərarına gəldi.

Bir qədər axtarışdan sonra bu şeyxin Mürtəza Ənsari olduğunu müəyyənləşdirdi. Məlum oldu ki, şeyx dörd illik İran səfərindən yenicə qayıtmışdır. O, İranda böyük və şərafətli alim hacı Molla Məhdi Nəraqanin hüzurunda olmuş və onun elmindən çoxlu istifadə etmişdir. Seyyid öz şagirdlərinin yanına gəlib onlara dedi: Şeyx Ənsari (r) məndən elmli və fəzilətlidir. Onun dediyi dərslər sizin üçün daha mənfəətli ola bilər. Bu gündən etibarən mən də sizinlə birlikdə onun dərslərinə gedəcəyik. Həmin gündən şeyxin şöhrəti yüksəldi, yavaş-yavaş müsəlmanların mərcəi-təqlidi oldu. Şeyx də öz növbəsində seyyidə böyük ehtiram göstərib bəzi dərsləri onun öhdəsinə qoyurdu. Şeyx 1854-cü ildə vəfat edəndən sonra dərs demək kürsüsü seyyidə tapşırıldı.

Görün nə qədər imanlı və sadiq adamdır. Özü ustad və mərcəi-təqlid ola-ola Allahın razılığını əldə etməkdən ötrü öz vəzifəsini şagirdinə tapşırır. Bunu yalnız elm və iman sahibləri başa düşə bilərlər. Buna görə də əgər insanın işləri və elm öyrənməsi həvəs üzündən deyil, Həqiqətən də Allaha xatir və xalqa xidmət etməkdən ötrü olsa, həmin elm onun qəlbində nura dönəcəkdir.

Özlərinə zülm edənlər, orta mövqe tutanlar və öndə olub Allaha yaxın olanlar.

Bu məsələni daha yaxşı izan etmək üçün Quranın bu ayəsi haqqında İmamın (ə) etdiyi təfsiri qeyd edirik. «Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər, kimisi mötədil və orta mövqeyi tutan olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür». Bu ayə haqqında çoxlu izah və təfsirlər olunmuşdur. «Məaniul-əxbar» kitabında İmam Sadiqdən (ə) nəql olunan təfsir daha məqsədə uyğundur.

İmam (ə) buyurur: Bütün nəfsani istəklərin dalınca gedən kəs özünə zülüm edəndir. Onun məbudu yalnız özüdür. Nəfsi istədiyi şeyləri can bahasına da olsa yerinə yetirir. Nəfsinin qarşısında zəlil olub onun istəklərini yerinə yetirməkdən ötrü xəyanət etməyə də hazırdır. Müsəlmandır, amma özünə zülüm edir. Bütün istək və arzuları Allah əvəzinə, dünyadan ötrü olanlar nəfsani istəklərinə uyan kəslərdir. Onlar öz səylərini saraylar tikdirib axrıncı model maşınlar almaqdan başqa bir şeyə sərf etmirlər.

Əlbəttə biz ev almaq, yaşayış ləvazimatlarını əldə etmək və vacibi-kifayi olan hökümət vəzifələrini inkar etmirik. Bəlkə biz əsl hədəfin Allah olduğunu və bu şeylərin isə Ona çatmaqdan ötrü bir vasitə olmağına təkid edirik. Əgər nəfs vəzifə kürsüsü istəyirsə, onu heç vaxt qəbul etmə. Amma əgər bu vəzifəyə səndən layiqlisi tapılmayıb sənə məsləhət olunsa, sən də müsəlmanların işlərini qaydasına salmaqdan ötrü onu qəbul et. Bu anda onların müşkül və çətinliklərinə dözüb onları sahmana salmaqdan ötrü çalış.

Əgər camaat bir müctəhidə təqlid etməkdən ötrü onun risaləsinin çap olunmasını ondan xahiş etsə qəbul etməsi məsləhətdir. Amma əgər mərcəi-təqlid olmağı onun nəfsi istəsə, onda bu işi qəbul etməsi məsləhət deyildir. Çünki bu anda öz nəfsinin qulu olacaqdır.

Şeyxul-Üləma və Şeyx Ənsarinin Müctəhidliyi.

Şeyxul-Üləma mərhum hacı Mirzə Hüseyn, Nəçəfül-əşrəfdə vəfat edəndən sonra, Nəcəf hövzəsinin alim və böyük şəxsiyyətləri Ağa Mirzə Muhəmməd Təqi Şirazinin hüzuruna gəlib dedilər: Mərhum Mirzə Hüseyn dünyadan köçmüşdür, hamı sizin ələm olmağınızı təsdiq edir. Izn verin sizin risalənizi çap etdirək.

Ağa Mirzə Şirazi (r) buyurdu: Çox təəccüblüdür! O qədər alim qıtlığı oldu ki, axır mənim ələm olmağımı təsdiq etdiniz? Zərurətdə və çarəsizlikdən ölü heyvanın ətini yemək halal olduğu kimi, mənim risaləmi də çap etməyin eybi yoxdur. Məşhur «Cəvahir» kitabının müəllifi vəfat edəndən sonra Nəcəfin böyük şəxsiyyətləri Şeyx Mürtəza Ənsarinin ətrafına toplanıb, onun mərcəiyyət və ələm olmağını təsdiq etdilər və ondan risaləsinin çap olunmasına izn verməsini istədilər.

Şeyx onlara müraciət edərək buyurur: Mən dərs oxuduğum illərdə Səidul-üləma Mazandarani adında bir təhsil yoldaşım var idi. O, dərs oxumaqda məndən də çalışqan və bilikli idi. Onun yanına getməyiniz daha məsləhətlidir. Alimlər dedilər: O, Mazandarandadır, yol da çox uzaqdır. Şeyx buyurdu: Mənim axır sözüm budur. O, məndən çox çalışqan və bilikli idi. O, ola-ola mənim risaləmin çap olunması yaxşı deyil. Alimlər naçar qalıb Səidul-üləmanın xidmətinə gedirlər. Ayətullah Mazandarani buyurur: Cənab şeyx doğru buyurmuşdur. Mən Nəcəfdə onunla bir yerdə dərs oxuyanda ondan irəlidə idim. Amma İrana qayıdandan sonra dərsdən ayrılmışam. O, isə Nəcəfdə  hələ  də dərs  oxumaqla məşğuldur, onun mərcəiyyəti daha məqsədə uyğundur. Alimlər qayıdıb bu məsələni şeyx Ənsariyə çatdırdılar. Şeyx buyurudu: - İndiki Səidul-üləma mənim ələm olmağımı təsdiq etdi, risaləmin çap olunmasının eybi yoxdur.

Biz bu misallarla risalə çap olunmasına müxalif deyilik. Amma risalə çap etdirməklə özünü hamıdan qabağa atmağı inkar edirik. Çünki mərcəiyyəti nəfsindən ötrü istəyən alim özünə zülüm edən adamdır. Amma bu iş Allaha xatir olsa onun bəhrəsini axirətdə də görəcəkdir.

Ölkə başçısı, nazir, vəkil və müdir kimi hökümət vəzifələrində də nəfsani istəklərin ardınca getmək çox təhlükəlidir. Amma əgər bu cür vəzifələr qarşıya gəlsə, müsəlmanların işlərini qaydaya salmaq üçün onu qəbul etmək lazımdır. «Özünə zülm etməyin» səbəbi nəfsani istəklərin dalınca gedib ona itaət etməkdir. Bu məsələ haqqında alimlərdən biri gözəl buyurmuşdur: Özünüzü irəliyə atmayın. Amma əgər sizi qabağa çəksələr heç vaxt naz etməyin. Ən yaxşı işlər belə, əgər nəfsani istəklə görülsə batildir.

Bu məsələ o qədər dəqiqdir ki, adam özü də çaşıb qalır. Nəfs Allahlıq iddiası edib insanı başa düşmədiyi bir işə vadar edir. İnsan nə qədər ki, özünə zülüm edir, elm sahibi olması və qəlbinin nurlanmasına səbəb olan iman, geniş köks, qəlb təsdiqi, xatircəmlik və kamillik kimi məqamlardan məhrum olacaqdır. Amma nəfsinin hicablı olduğunu başa düşüb onu paklamaq fikrində olanlar mötədil şəxsiyyətlərdir. Bunlar qəlbin nuraniləşməsinə hicabların çox böyük mane olduğunu dərk edirlər. həqiqi elmə çatmaqdan ötrü nəfsləri ilə cihad edərək daim qəlblərini paklamağa çalışırlar. Bunlar həmin kəslərdirlər ki, nəfslərinə itaət etməyib, hicabların daha qəliz və zülmətli olmasının qarşısını alırlar.

Əmirəl-Möminin (ə) «Nəhcül-bəlağə»də möminlər haqqında buyurur: «Mömin gecə-gündüz özü haqqında narahat olaraq, daim nəfsini paklamaqla məşğuldur. Şeytan min-bir cildə girib onun nəfsini aldatmasın deyə, fikrini həmişə sayıq saxlayır. Niyyətin sırf Allaha xatir olmasından ötrü hər bir işi görməmişdən əvvəl yüz dəfə ölçüb-biçir. həmişə cihad edir, gündən-günə nəfsi ilə mubarizəni daha da artırır».


ihq.az


Category: Exlaq | Baxış: 931 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]