Əsas səhifə » 2011 Iyul 27 » Kamala çatmağa mane olan amillər
8:57 AM Kamala çatmağa mane olan amillər | |
O, çox mühüm və çətin bir işdir. Bu yolda çoxlu maneələr vardır ki, müridlər onları cihad meydanında özlərinə rəqib bilərək onlara qarşı mübarizə aparmalıdırlar. Əks halda məqsədə çatmayacaqlar. BİRİNCİ MANEƏ QABİLİYYƏTİN OLMAMASİ Allah dərgahına doğru mənəvi təkamülün, ilahi məqamlara çatmağın ən böyük maneəsi mürid şəxsin nəfsinin qabiliyyətinin olmamasıdır. Günaha batmaq nəticəsində aludə olub qaralan bir qəlb ilahi nurların saçma məkanı ola bilməz. İnsanın qəlbi günah nəticəsində şeytanın əmr mərkəzinə çevrilsə, Allah dərgahına yaxın olan mələklər ora necə nazil ola bilər?! İmam Cəfər Sadiq (ə) buyurur: "İnsan günaha mürtəkib olan zaman onun qəlbində qara bir nöqtə yaranır. Əgər günahdan tövbə edərsə, həmin qara nöqtə məhv olub aradan gedir. Əgər günaha davam edərsə, qara nöqtə də tədricən böyüyür. Nəhayət qəlbin hər bir yerini örtür. Belə olan halda bu qəlb sahibi heç vaxt nicat tapmaz.” İmam Cəfər Sadiq (ə) buyurur: «Atam belə buyurdu: "İnsan qəlbi üçün günahdan da pis bir şey yoxdur. Çünki günah qəlblə müharibəyə başlayır, nəticədə, ona qələbə çalır. Belə olduqda qəlb tərsinə çevrilir.”» Günahkar şəxsin qəlbi tərsinə çevrilir və öz yolunun əksinə hərəkət edir. Belə olan halda Allah dərgahına necə yaxınlaşa bilər və ilahi nuru necə əxz edə bilər?! Deməli, mürid insana vacibdir ki, əvvəlcə nəfsini saflaşdırsın, günahlardan təmizlənməyə çalışsın. Məhz bundan sonra riyazət və zikrə başlasın. Əks halda onun zikr və ibadətdəki səyləri və fəaliyyətləri onu Allah dərgahına yaxınlaşdırmayacaqdır. İKİNCİ MANEƏ DÜNYƏVİ BAĞLİLİQLAR Bu yolun ən böyük maneələrindən biri maddi və dünyəvi bağlılıqlardır. O cümlədən, mal-dövlətə, həyat yoldaşına, övladlara, evə, həyat-məişət vasitələrinə, mənsəbə, məqama, rəyasətə, ata-anaya, qardaşa, bacıya, hətta elm və biliyə olan bağlılıq buna misal ola bilər. Bu cür bağlılıqlar insanı mənəvi yüksəliş yolundan və hərəkətdən saxlayır. Maddi varlıqlara könül verib onlara məftun olan qəlb onlardan necə əl çəkə bilər və yüksək aləmlərə necə seyr edə bilər?! Dünyəvi işlərin mərkəzi olan bir qəlb ilahi nurların saçmasına necə ləyaqəti çatar?! Bundan əlavə, hədislərə uyğun olaraq dünya məhəbbəti bütün günahların mənşəyidir və günahkar insan Allah dərgahına yüksəliş yolunu ötüb keçə bilməz. İmam Cəfər Sadiq (ə) buyurur: "Dünyaya məhəbbət bütün günahların mənşəyidir.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var: Dünyaya bağlılıq, rəyasətə bağlılıq, qadına bağlılıq, yeməyə bağlılıq, yatmağa bağlılıq və rahatlığa bağlılıq.” İmam Cəfər Sadiq (ə) buyurur: "Bəndənin Allahdan ən uzaq olan vaxtı odur ki, qarnını doyurmaqdan, şəhvət hisslərini təmin etməkdən başqa bir məqsədi olmasın.” Cabir deyir: «İmam Məhəmməd Baqirin (ə) hüzuruna getdim. O, mənə buyurdu: -Ey Cabir! Mən qəm-qüssəliyəm, qəlbim məşğuldur. Ərz etdim: -Sənə fəda olum, sənin qəm-qüssəli və məşğul olmağına səbəb nədir? Buyurdu: -Allahın saf və xalis dini hər kəsin qəlbinə daxil olsa, qəlbi Allahdan başqa şeylərdən təmizlənər. Ey Cabir! Dünya nədir?! Nə dəyəri vardır?! Görəsən bir tikə yeyilməlidən, geyilməli paltardan, evləniləcək qadından da başqa bir şeydən ibarətdirmi? Ey Cabir! Möminlər dünyaya və onun həyatına etimad etməzlər. Axirət aləminə daxil olmaqdan özlərini amanda görməzlər. Ey Cabir! Axirət əbədi dünya, dünya isə keçid yeridir. Lakin dünya əhli bu məsələdən qafildirlər. Möminlər düşüncə, təfəkkür və ibrət əhlidirlər. Qulaqlarına çatan şeylər onları Allahın zikrindən yayındırmır, dünyanın qızıl-gümüşünü (bər-bəzəyini) görmək onları Allahdan qafil etmir. Onlar axirətin savabını dərk edib ona çatırlar.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İnsan imanın şirinliyini yalnız o zaman dada bilər ki, dünya yeməklərinə etinasız yanaşsın.” Deməli, təkamül yolçusu bu əlaqə və bağlılıqları öz qəlbindən çıxarmalıdır ki, yüksək mənəvi, ilahi məqamlara doğru hərəkət etmək onun üçün müyəssər olsun. Dünya işlərinin fikrini qəlbindən çıxarsın ki, onun yerinə Allahın zikri keçsin. Qeyd olunmalıdır ki, hədislərdə məzəmmət olunan şey dünyəvi işlərin özləri yox, onlara qəlbən bağlılıq və ona məftun olmaqdır. Təkamül yolçusu sair insanlar kimi, öz həyatını davam etdirmək üçün yeməyə, geyməyə, məskənə, həyat yoldaşına ehtiyacı var və bu kimi ehtiyacları o, hökmən təmin etməlidir. Nəslin davam etməsi üçün insan evlənməlidir, cəmiyyətin həyatını idarə etmək üçün müəyyən ictimai məsuliyyətləri qəbul etməlidir. Məhz buna görə də müqəddəs islam şəriətində bunların heç biri məzəmmət olunmamışdır, əksinə, onların hər biri qürbət qəsdi ilə yerinə yetirilərsə, ibadət hesab olunur və insanı Allah dərgahına yaxınlaşdırır. Bunların özləri insanın mənəvi yüksəlişinə maneə, Allahın zikrindən qafilliyə səbəb olmaz. Maneə bu kimi dünyəvi işlərə bağlılıq və məftun olmaqdır. Əgər bu işlər həyatda əsas məqsədə çevrilsə, insanın bütün fikrini-zikrini özünə məşğul etsə, onda bunun ardınca Allahdan qafil olmaq gəlir. Pulpərəstlik, qadın və vəzifə düşkünlüyü, məqampərəstlik, elmpərəstlik məzəmmət olunur və insanı Allah dərgahına seyr etməkdən saxlayır, amma pul, məqam, elm özü isə öz-özlüyündə belə deyildir. Məgər Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əmirəl-möminin (ə), İmam Səccad (ə) və sair imamlar (ə) çalışıb fəaliyyət etmir və ilahi nemətlərdən bəhrələnmirdilərmi? Bu da islamın ən böyük məziyyətlərindən biridir ki, həm dünya, həm də axirət işləri üçün müəyyən hədd-hüdud təyin etmişdir. ÜÇÜNCÜ MANEƏ HƏVAYİ-NƏFSƏ TABE OLMAQ Üçüncü maneə nəfsani meyllərə (həvayi-nəfsə) tabe olmaqdır. Nəfsani istəklər qatı tüstü kimi qəlb evini qaraldır. Belə bir qəlbin ilahi nuraniyyəti qəbul etməyə ləyaqəti çatmır. Həva-həvəslər daimi olaraq qəlbi o tərəfə bu tərəfə sürükləyir, onun rahat və asudə olmasına, Allahla xəlvət etməsinə, Onunla ünsiyyət yaratmasına imkan vermir. Gecə-gündüz nəfsani istəklərini təmin etməyə çalışır. Belə bir şəxs nə vaxt dünyadan hicrət edərək Müqəddəs Dərgaha yaxınlaşa bilər?! Mütəal Allah Qurani-Kərimdə buyurur: "Həvayi-nəfsə itaət etmə, çünki o, səni Allah yolundan saxlayar.” Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Camaatın ən şücaətlisi odur ki, öz həvayi-nəfsinə qələbə çalsın.” DÖRDÜNCÜ MANEƏ ÇOX YEMƏK Allahı daim yad və zikr etməyin maneələrindən biri də çox yemək, və qarınqululuqdur. Daim yaxşı və ləzzətli yeməklər hazırlayıb qarnını müxtəlif yeməklərlə doldurmaq istəyən bir şəxs Allahla necə xəlvət edib Onunla ünsiyyət yaradıb raz-niyaz edə bilər?! İnsan dolu qarınla ibadət və dua halını necə əldə edə bilər?! Ləzzəti yalnız yemək-içməkdə görən bir şəxs Allahla münacatın ləzzətini nə vaxt dada bilər?! Buna görə də islamda çox yemək, qarınqululuq məzəmmət olunmuşdur. İmam Cəfər Sadiq (ə) Əbu Bəsirə buyurdu: "Qarın çox yemək nəticəsində tüğyan edir. Bəndənin Allaha ən yaxın olduğu vaxt qarnının boş olduğu, ən uzaq vaxtı da qarnının dolu olduğu vaxtdır.” O Həzrət (ə) yenə buyurur: "Mütəal Allah qarınqululuğu məzəmmət etmişdir.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Qarınqululuq etməyin, çünki o, sizin qəlbinizdəki mərifət nurunu söndürər.” İmam Cəfər Sadiq (ə) bir hədisdə buyurur: "Mömin şəxsin qəlbi üçün çox yeməkdən də ziyanlı bir şey yoxdur. Çox yemək qəlbin qəsavətli olmasına, şəhvətin təhrik olunmasına səbəb olur. Aclıq möminin yeməyi, ruhunun qidası, qəlbinin təamı və bədəninin sağlamlığıdır.” Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Allah bir bəndənin məsləhətini istədikdə ona az danışmağı, az yeməyi, az yatmağı ilham edər.” Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Aclıq–nəfsin (istəklərinin) nəzarət altına alınmasına və adətlərin pozulmasına ən yaxşı köməkdir.” Əmirəl-möminin Əliyyibni Əbitalibdən (ə) rəvayət olunur ki, Mütəal Allah me”rac gecəsi Peyğəmbərə (s.ə.v.v) buyurdu: "Ey Məhəmməd! Kaş, aclığın, sükutun və xəlvət yerdə olmağın şirinliyini, onların əsərlərini dadaydın!” Rəsuli-Əkrəm (s.ə.v.v) ərz etdi: "Pərvərdigara! Aclığın faydası nədir?” Mütəal Allah buyurdu: "Hikmət, qəlbin hifz olunması, Mənə yaxınlıq, daimi hüzn, az xərc etmək, haqq danışmaq, çətinlikdə, yoxsa rifahda olmasının heç bir fərqi olmaması.” Bəli, Allah yolunun yolçusu sair insanlar kimi yaşayıb həyatını davam etdirmək və ibadətə qüvvə almaq üçün qidaya ehtiyac duyur. Amma o, bədəninin ehtiyaclarını təmin edəcək miqdarda yemək yeməli, qarınqululuqdan ciddi şəkildə uzaq olmalıdır. Çünki həddindən artıq çox yemək və qarınqululuq halsızlığa, ibadətə rəğbətsizliyə, qəlbin qəsavət bağlamasına və Allahdan qafil olmağa səbəb olur. Bunun əksinə olaraq az yemək və aclıq insanın yüngül olmasına, ibadət etmək və Allaha diqqət yetirməkdə hazırlığına səbəb olur və bu məsələ də tamamilə müşahidə olunur. İnsan ac olan halda ruhi səfaya, nuraniyyətə, xoşluğa malik olur ki, dolu qarınla heç vaxt belə vəziyyətlərə malik olmur. Deməli, təkamül yolçusu bədənin ehtiyacı qədər yeməli, xüsusilə zikr, dua və ibadət hallarında ac olmalıdır. BEŞİNCİ MANEƏ ZƏRURİ OLMAYAN SÖZLƏR DANİŞMAQ İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, hüzuri-qəlb yaranmasına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır. Mütəal Allah insana nitq qüvvəsi vermişdir ki, öz ehtiyaclarını aradan qaldırsın. Əgər ehtiyac qədərində danışarsa, bu böyük nemətdən düzgün istifadə etmiş olur. Amma əbəs, zəruri olmayan işlərə sərf edərsə, Allahın bu böyük nemətini zay etmiş olur. Bundan əlavə, çox danışmaq, hətərən-pətərən sözlər demək insanın fikrini pərakəndə və pərişan edir, nəticədə, Mütəal Allaha diqqət yetirib hüzuri-qəlb tapa bilmir. Məhz buna görə də çox və faydasız sözlər danışmaq hədislərdə məzəmmət olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Çox danışmaqdan çəkinin, yalnız Allah zikrindən başqa. Çünki çox danışmaq – Allah zikrindən başqa – qəlbin qəsavətli olmasına (bərkiməsinə) səbəb olur. Allahdan ən çox uzaq olan insanlar qəlbi qara olanlardır.” Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Dilini saxla və sözlərini say ki, xeyir deməkdən başqa bir sözün olmasın.”[438] Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Danışıq üç cürdür: Faydalı danışıq, sağlam danışıq və faydasız danışıq. Faydalı danışıq Allah zikrindən ibarətdir. Sağlam danışıq Allah tərəfindən sevilən danışıqdır. Faydasız danışıq isə camaat barəsində deyilən əbəs (lazımsız) sözlərdir.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: "Dilini saxla. Çünki bu, nəfsin üçün ən yaxşı hədiyyədir. (Sonra buyurdu:) İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar.” İmam Riza (ə) buyurur: "Üç şey dərrakə və düşüncənin nişanələrindəndir: Səbirli olmaq, elm, sükut. Sükut hikmət qapılarından olan bir qapıdır. Sükut məhəbbətə səbəb olur və hər bir xeyrə yol göstərir.” Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Əql kamil olduqca söz (danışıq) azalar.” İmam Cəfər Sadiq (ə) buyurur: "Heç bir ibadət sükutdan və Allah evinə (həccə) piyada getməkdən fəzilətli deyildir.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: "Sənə uzun müddətli sükutu tövsiyə edirəm, çünki bu vasitə ilə şeytan səndən uzaqlaşar. Sükut dini qorumaq üçün yaxşı bir köməkdir.” Bir sözlə, Allah dərgahına doğru seyr etmək istəyən şəxsə vacibdir ki, öz dilini tamamilə nəzarət altına alsın və ölçülüb-biçilmiş söz danışsın, çox danışmaqdan ciddi şəkildə uzaq olsun, dünyəvi işlər barəsində onun həyatı üçün zəruri olan miqdarda danışsın. Bunun əvəzində dilini zikr, elmi və faydalı mətləblərə, ictimai məsələlərə məşğul etsin. Böyük ustadımız rəbbani arif əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (rəhmətullahi əleyh) buyururdu: «Mən sükutdan çox dəyərli nəticələr müşahidə etdim. Qırx gecə-gündüz sükut edin, zəruri olan işlərdən başqa bir şey danışmayın, fikr (təfəkkür) və zikrə məşğul olun ki, sizin üçün qəlbi səfa və nuranilik hasil olsun.» ALTİNCİ MANEƏ ÖZÜNÜ SEVMƏK Təkamül yolçusu bütün bu maneələri aradan qaldırdıqdan, bütün mərhələləri qət etdikdən sonra daha böyük bir maneə ilə qarşılaşır ki, o da özünü sevməkdir. O, məhz bu zaman anlayır ki, onun bütün əməlləri, hərəkətləri, hətta ibadətləri belə, özünü sevməkdən qaynaqlanır. İbadət, riyazət, zikr, dua, namaz və oruc öz nəfsinin kamala yetirməsi, axirət mükafatını alması üçündür ki, bu da onun nəfsinə qayıdacaqdır. Belə ibadətlər, insanı behiştə və axirət savabına çatdırmasına baxmayaraq, gözəl məqam olan zikr, şühud və liqa məqamına yüksəltməyəcəkdir. İnsan zat məqamından, nəfsi sevmək mərhələsindən çıxmayınca Mütəal Allahın misilsiz camalını müşahidə etməyəcək. O, bütün hicabları, hətta nəfsin hicablarını yırtmayınca, İlahi nurların onun qəlbinə saçmasına ləyaqət tapmayacaqdır. Deməli, Bu yolun yolçularına zəruridir ki, cihad və riyazətlə özlərini zatını sevmək hüdudlarından çıxarsınlar, özünü sevməyi Allahı sevməyə çevirsinlər, bütün işlərini yalnız Allahın razılığı üçün yerinə yetirsinlər. Yemək yeməsi yalnız Allaha yetişmək üçün olsun, ibadət etməsi Allahı ibadət və pərəstişə layiq gördüyü üçün olsun. Belə bir insan nə dünyanı istəyir, nə də axirəti. Əksinə, yalnız Allahın Özünü istəyir. Hətta şühud, kəşf və kəraməti də istəmir. Həqiqi mə”buddan başqa heç bir şeyi nəzərində canlandırmır. Əgər son dərəcə çətin olan bu mərhələdən də keçsə, tövhid meydanına qədəm qoyaraq, çox dəyərli liqa, şühud mərtəbəsinə yüksələ və "fi məq”ədi sidqin ində Məlikin muqtədir” dərgahına yüksələ bilər. YEDDİNCİ MANEƏ İRADƏNİN ZƏİFLİYİ Bu yolun bəlkə də ən mühüm maneələrindən biri iradənin zəifliyi, qəti qərara gəlməyə dair qüdrətin olmamasıdır. Bu maneə insanı ilk əvvəldən əməldən saxlayır. Şeytan və nəfsi-əmmarə ilk əvvəldə riyazət, seyri-süluk (kamal yolunu qət etmə) kimi məsələləri kiçik, əhəmiyyətsiz və qeyri-zəruri məsələlər kimi qələmə verir və çalışır ki, insanı hüzuri-qəlb olmadan, sadəcə zahiri vəzifələri yerinə yetirməklə, qane etsin. O deyir: «Sənin bu vəzifə və ibadətləri yerinə yetirməkdən başqa vəzifən yoxdur, hüzuri-qəlblə, diqqət və zikrlə nə işin var?!» Bəzən bu fikirlərə düşsə də belə yüzlərlə hiylə və məkrlə onun iradəsini zəiflədir. Bəzən, bu mövzunu o qədər çətin nəzərə çarpdırır ki, tamamilə məyus olur. Lakin mürid bir insan şeytanın vəsvəsələrinin və nəfsi-əmmarənin istəklərinin qarşısında sinə gərməli, Quran ayələrinə, Əhli-beyt (ə) hədislərinə, mərifət və əxlaq kitablarına müraciət etməklə seyri-sülukun, hüzuri-qəlbi əldə etməyin, zikr və şühudun dəyərinə vaqif olur. Bunların dəyərinə agah olduqdan, özünün əbədi səadətini onda gördükdən sonra tam ciddiyyətlə əməl məqamına gəlir. Özündə ümidsizliyə əsla yol vermir, öz nəfsinə xitab edərək deyir: «Bu yol çətin olsa da, mənim gələcək səadətim ona bağlıdır, əmələ başlamalıyam, çünki, Allah-Təala buyurur: "O kəslər ki, Bizim yolumuzda cihad edərlər, onları Öz yolumuza hidayət edərik.”» Bizim ruhi-mə”nəvi təkamül və Allah dərgahına yaxınlaşmağımızın ilk vasitəsi olan Allah zikri ilə əlaqədar söhbətimiz sona çatdı. Buna görə də əziz oxuculardan üzr istəyirik. (Ayətullah İbrahim Əmininin "Nəfsin saflaşdırılması" kitabından) islam-azeri.az | |
|
Total comments: 0 | |