Bazar günü, 2024-12-22, 12:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 18 » Islam ve Əyləncə
11:13 AM
Islam ve Əyləncə
 
Islam ve Əyləncə
 
 
Əyləncə - insan pisixologiyasının ehtiyac duyduğu əsaslı məsələlərdən biridir. Hər bir fərd gündəlik həyatında fiziki fəaliyyəti ilə yanaşı, müəyyən bir zaman dairəsində istirahət və əylənmək üçün də yer ayırmalıdır. Əks təqdirdə, fiziki çalışmaların ağırlığı onun rühiyyəsinə mənfi təsir qoyacaq və onu davamlı şəkildə fəaliyyət göstərməsinin qarşısını alacaqdır. İnsan, bu təbii ehtiyacını sağlam əyləncələr əsasında təmin etməyə çalışmalıdır.
Belə olmadığı halda, mənfi xarakterli əylancələr ruhi iztirablar yaradacaq və insanları tədricən əmək fəaliyyətindən, çalışmadan uzaqlaşdıracaqdır. Bilmək lazımdır ki, səmərəli əyləncələr vaxtın məhv edilməsi deyil, bəlkə də fürsət çevrəsində olan zaman şəraitindən lazımi şəkildə istifadə etmək deməkdir.
Bu baxımdan da yeniyetmə və cavanlara müsbət və sağlam növlü əyləncə vasitələrini tanıtdırmalı, onların öz boş vaxtlarını şad və səmərəli şəkildə həyata keçirilməsinə çalışmalıyıq. Bu məqaləni yazmaqda hədəf, cavanların istirahət vaxtlarını dinin buyurduğu sağlam əyləncələr ətrafında həyata keçməsi üçün yönəldən bir addım atmaqdır.
İslam baxımından əyləncə


Qeyd edildiyi kimi, əyləncəyə maraq insanın təbii ehtiyaclarından sayılır. Və əlbəttə ki, insanın fitrətinə uyğun olan İslam dini, bu təbii ehtiyaca da laqeyd yanaşmamış və bir çox mənbələrdə bu mövzuya işarə etmışdir. Qurani-Kərimdə sırf əyləncəyə işarə edən bir ayə sezilmir. Amma «Yüsif» surəsinin 12-ci ayəsindən bu mövzuya aid mənanı əldə etmək olur. Ayədə Həzrət Yüsifin (ə) qardaşları, öz ataları Yaqub peyğəmbərdən (ə) Yüsifin də onlarla bərabər oynamaq və əylənməsi üçün göndərilməsini xahiş edirlər. Ayədə deyilir: «Sən onun (Yüsifin) bizimlə bərabər əyləncə və oynamaq üçün gəlməsinə icazə ver. Və həqiqətən biz onu qoruyacağıq».
Maraqlıdır ki, Yaqub (ə) övladlarının xahişinə cavab verməklə yanaşı, əməli şəkildə də Yüsifin onlarla getməsinə razı olur. Bu, heç bir sağlam təfəkkürün insanın fitri və təbii ehtiyaclarının ödənilməsini inkar edə bilməməsinə işarədir («Təfsiri-numünə» kitabından). Bu ayənin ətrafında bir neçə məqama işarə etmək münasib və zəruri olardı ki, bu da aşağıdakılardır: - uşaqların əyləncə etmələri valideynlərinin icazəsi (və göstərişi ) əsasında olmalıdır; - əyləncə və idman, eyni zamanda şeytanın insanları azdırmaq üçün istifadə etdiyi vasitələrdən biri olmuşdur. Necə ki, Yüsifin (ə) qardaşları əyləncə bəhanəsilə ona zərbə vurmaq istəyirdilər; - ayənin mənasından məlum olduğu kimi, bəzən cavanlar idman və əyləncə adı ilə haqq yolundan azdırılır, həqiqətdən uzaqlaşdırılırlar(«Təfsiri-nur» kitabından). Yəni, burada bir növ təhlili yanaşma zəruridir ki, meydana gələ biləcək fəsadlardan qorunmaq mümkün olsun. Bir çox rəvayət və hədislərdə də əyləncə və istirahət vaxtlarının şən keçməsinə işarə edilmişdir. Böyük İslam Peyğəmbəri (s) buyurur: «Əylənin və sevinin. Mən dinimin sizə ağır olmasını istəmirəm» («Nəhcul-fəsahət», səh. 105, səh. 531). İmam Əlidən (ə) olan bir hədis isə Rəsuli-Əkrəmin (s) bu kəlamını necə də gözəl mənada tamamlayır. Belə ki, o Həzrət (ə) buyurur: «Mömin bir şəxsin həyatı üç bölümdə xülasələşir - günün bir qismini mənəviyyatla keçirərək Rəbbinə ibadət edir, bir qismini gündəlik tələbatını təmin etmək üçün çalışır, bir qismini isə halal ləzzətlərə aid edir» («Nəhcul-Bəlağə», qısa kəlamlar, səh. 390).
Bəs səmərəli əyləncə vasitələri hansılardır? İslam maarifinə nəzər saldıqda, Rəsuli-Əkrəmin (s) və məsum İmamların (ə) öz davamçılarına sağlam əyləncə növlərini nişan verdiklərinin şahidi oluruq. Qısaca şəkildə bir neçə numünəyə işarə etmək olar: -

Könül oxşayan təbiəti seyr etmək.

Allah Təalanın təbiətə verdiyi xusüsi gözəllik hamını məftun edir. Şəffaf şəlalələr, yam-yaşıl meşələr, mavi dalğalı dənizlər və s. insana yeni ruh və fərəh bağışlayır. Bu gözəl təbiəti seyr etməkdə olan insan, xoş mənzərələrdən zövq almaqla yanaşı, bunları yaradan Allahı da yada salır və təşəkkürlər edir. Tarixdə oxuyuruq: Bir gün İmam Əli (ə), Süffeynə tərəf hərəkət etdikdə, gözəl mənzərəsi olan «Bəliq» məntəqəsi onun fikrini özünə cəlb edir. Bu zaman o Həzrət (ə) qoşunlarına bu səfalı məntəqədə bir müddət dayanmalarını və əsrarəngiz təbiət qoynunda istirahət etmək əmrini verir. İmam Əlini (ə) qarşıda mühüm bir döyüş gözləməsinə baxmayaraq, döyüşçülərinin daha da ruhlanıb, quvvət tapması üçün bu təbiət gözəlliyindən faydalanmalarına göstəriş verir (Futuh ibn Əsəm Kufi, səh 512). Digər bir rəvayətdə isə İmam Əlidən (ə) belə nəql edirlər: «Bir gün Mədinədə çoxlu yağış yağdı. Səhralarda cəmlənən sular xoş mənzərələr yaratmışdı. O zaman Peyğəmbərlə (s) birlikdə təbiəti seyr etməyə çıxdıq» («Mənaqəbul - Faxirə»).

- Şən zarafatlaşmalar

Etik normalara riayət etmək şərtilə gülmək və ya digərlərini güldürməyin heç bir nöqsanı yoxdur. Bəlkə də bu iş normal əyləncə vasitələrindən biri sayılır. İslam peyğəmbəri (s) buyurur: «Mən də (dostlarla) zarafat edirəm. Amma bu əməl yersiz və batil söz deyilməsinə səbəb olmur».
Digər bir hədisdə deyilir ki, «Peyğəmbərin (s) üzündə həmişə təbəssüm olar, möminlərlə şən zarafatlar edərdi» (Cameus-Sadat).
Allahın Rəsulu (s) bir qoca qadına üz tutub buyurdu: «Qoca olan kəslər cənnətə daxil olmazlar». Qadın narahat olaraq dedi: «Ya Rəsuləllah (s)! Mən cənnətə daxil olmaram?»
O Həzrət (s) üzündə təbəssüm olduğu halda buyurdu: «Hamı cavan olduğu halda cənnətə daxil olacaqdır».

İdman oyunları normal əyləncə vasitəsidir.

Cavan və yeniyetmələrin idman oyunlarına isti maraq göstərməsi və idman növləri ilə sıx əlaqəsi normal bir durumdur. Belə ki, idmanın insan sağlamlığında əvəzedilməz rolu danılmaz bir faktdır. Bir yöndən, sağlamlığın təminatçısı olan idman, digər baxımdan əsl əyləncə vasitəsidir. İslam dinində də idman və sağlamlıq böyük məqam kəsb etməkdədir. Qurani-Kərimdə də uşaqların idmana həvəsləndirilməsi tövsiyə edilmişdir. İslam Peyğəmbəri (s) və İmamlar (ə) tərəfindən xatırlanmış hədislərə diqqət yetirdikdə, onların necə də bu mövzuya əhəmiyyət verməsinin şahidi oluruq. Hədislərdə idman növlərindən üzgüçülük, ox atmaq, cıdır, ağırlıq qaldırma, güləş, qaçış və sairəyə işarə edilmişdir. Xatırlamaq lazımdır ki, günümüzdə idman növləri kimi tanınan bir çox oyunlar da (futbol, voleybol, baksetbol və s.) əyləncə vasitələri kimi faydalıdıir.


Category: Diger me'lumatlar | Baxış: 946 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]