Bazar günü, 2024-12-22, 11:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 11 » İnsanı tanımaq
3:18 PM
İnsanı tanımaq


İNSAN «MÜRƏKKƏB» [RUH VƏ CİSMƏ SAHİB OLAN]

BİR VARLIQDIR



          İnsan islam dini baxımından başqa mövcudlarla fərqli olaraq, mürəkkəb şəxsiyyətli bir varlıqdır. Onun mürəkkəb bir şəxsiyyətə malik olmasını bütün din və fəlsəfələr, eləcə də alim və psixoloqlar təsdiq etmişlər. Bu artıq isbata ehtiyacı olmayan aksiomaya çevrilmişdir. Yəni insan vücudunun ruh və cismdən təşkil edildiyinə heç kəs şübhə etmir.
               Qurani-kərim insan yaradılışını bəyan edərkən bu məsələyə də toxunur. Allah-taala mələklərə xitabən buyurdu:
«...Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam» dedikdə, mələklər: Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?—söylədilər...» (Bəqərə-30).
Bu onların insan müqəddəratına bədbin yanaşmalarının nişanələrindəndir.
         Bəşər övladını başdan-başa şər hesab edib insan həyatının yalnız bir tərəfini nəzərə alan mələklər «Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» sualını verib bu işin hikmətini xəbər aldılar. Onlar bununla demək istəyirdilər ki, bəşər təbiətcə nifaq yaradıb qan tökməkdən başqa heç bir iş bacarmır. Gördüyünüz kimi, insan vücudunun sirrindən mələklər belə baş aça bilməmişlər. Bu öz-özlüyündə bəhs olunmalı böyük bir məsələdir. Onun vücudunun bütün sirlərini yalnız Yaradan bilir.
             Allah-taala mələklərin insan barəsində irəli sürdükləri nəzəri qəbul etmədi və üstəlik onlara «Mən bildiyim şeyi siz bilmirsiniz!»-deyə buyurdu. «Siz insan barəsində olan bədbin fikrinizdə yanılırsınız.»
Allah-taala insanı yaratdıqdan dərhal sonra onu sınaqdan keçirməklə bir növ, mələklərin yanıldıqlarını sübut etdi.
         Qurani-kərimin insan yaradılışı barəsində olan ayələrinin birində mələklərə belə buyurulur:
«Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona [ibadət yox, təzim məqsədilə] səcdə edin!»
         Quran bununla da, insanı torpaqdan yaratdığını, onun maddi bir varlıq olduğunu və eyni zamanda ilahi ruhdan da qidalandığını demək istəyir. Biz ilahi ruhun nə olduğunu bilmirik. Amma insanda torpaq, su və bu kimi digər təbii və maddi ünsürlərdən başqa bir şeyin də olduğunu yaddan çıxarmamalıyıq.
Həmçinin Peyğəmbər (s) buyurmuşdur:
«Allah-taala mələklərin təbiətini şəhvətlə yox, yalnız ağılla və heyvanların təbiətini ağılla yox, şəhvətlə zəngin yaratdı. Amma insan təbiətində bunların hər ikisinə yer verdi. Hər kəsin ağılı şəhvətinə qələbə çalsa, mələklərdən üstün olar və hər kəsin şəhvəti əqlinə qələbə çalsa, heyvanlardan da aşağı olar».

BU MÖVZUNUN İSBATI ÜÇÜN BİR NEÇƏ DƏLİL


          Allah-taala insana öz-özünə qazilik etmək bacarığı vermişdir. İctimai məsələlərdə hakim ilə şikayətçi və məhkum olunan şəxs başqa-başqa insanlar olmalıdır. Adətən kimsə birindən şikayət edəndə hər iki şəxs üçüncü bir şəxsin, yəni hakimin yanına gedir, hakim də bunlar arasında ədalətlə qəzavət edir. İnsanın özündən özünə şikayət etməsini və ya bir adamın eyni zamanda həm hakim, həm də şikayətçi olmasını təsəvvür etmək mümkündürmü?
İnsaf nədir? Ümumiyyətlə insaflı adamın mənası budur ki, insan özünə aid olan məsələlərdə bitərəf olaraq hökm irəli sürsün, yəni özü müqəssir olsa da belə, öz əleyhinə qərar çıxarsın. Bu nə olan şeydir? Bu, insanın həqiqi şəxsiyyətinin mürəkkəb olmasını göstərən xüsusiyyətdən başqa bir şey deyildir.
İnsanın öz-özünü danlaması (məzəmmət etməsi);
İnsanın öz-özünə nəsihət verməsi;
İnsanın öz-özü ilə haqq-hesab aparması;
İnsanın öz ətrafında olan məsələləri ölçüb biçməsi;

     Bütün bunlar onun şəxsiyyətinin mürəkkəb olmasına dəlildir. Bu mürəkkəb şəkildə olan şəxsiyyət iki qismə bölünür: onlardan biri onun insanlığına, o biri isə heyvanlığına (heyvanlarda olan xüsusiyyətlərə) aid olan hissədir.
        Deməli, insan həqiqətən təzadlı sifətlərin təzahür etdiyi bir məkandır. Heç bir varlığın vücudunda insanda olan qədər daxili ziddiyyətlər hökm sürmür. Başqa sözlə desək, insana xas olan xüsusiyyətlərdən biri, onun mələkut və səmavi aləmlə məhdud və dünyəvi aləm arasında hökm sürən ziddiyyətləridir. Qədim alimlər insanın daxilində baş verən bu prosesi, ağıl və nəfs arasında olan çəkişmələr adlandırmışlar. Odur ki, insan daimi olaraq cəzbedici maddi və təbii istəklərin təsirinə məruz qalır.
Yeməyə olan meyl, cinsi məsələlər, istirahət etmək və bu kimi sair işlər insanı maddiyyat və təbiətə doğru çəkib aparır. Amma insanı özünə doğru çəkən cəzbedici qüvvələr tək bunlar deyil. Onu qeyri-maddi şeylərə tərəf çəkib aparan ayrı cəzbedici qüvvələr də vardır. Bu gün artıq bütün insanlar tərəfindən qəbul olunan bir sıra mənəvi baxışlı, cəzbedici qüvvələr kəşf olunmuşdur. Onlar aşağıdakılardır:
1. Elm və bilik (həqiqət istəyi);
2. Əxlaqın xeyirli olması (fəzilət və dəyər istəyi);
3. Gözəllik və camal;
4. Yaradıcılıq və ixtira;
5. Eşq və pərəstiş.

        İnsanın bütün bu istəkləri, onun ilahi yaradılışından doğur. Çünki İslam dini baxımından, insanın ilahi xilqət və zatında bu şeylər mövcuddur. Onun başqa canlılarla əsas fərqi, fitrət məsələsində, yəni aləmə baxış və istəklərindəndir.

FİTRƏTİN MƏNASI


          Qurani-kərimdə «fətərə» kəlməsi dəfələrlə istifadə olunmuşdur.
(«Fətərəhunnə», «fatirus-səmavati», «izəs-səmaun fətərət» və s.)
Bu kəlmə bütün yerlərdə yaradılış (misli olmayan yaradılış) və xəlq etmək mənasını daşıyır. Amma bu kəlmə «filət» vəznində olanda yalnız insan və din barəsində işlədilmişdir. Ərəb ədəbiyyatında kəlmənin «filət» şəklində işlədilməsi, onun hər hansı bir növ mənasına dəlalət etməsini bildirir. Məsələn, oturmaq mənasını bildirən «cilsət» kəlməsi bu şəkildə işlənərsə, xüsusi bir oturuş tərzi mənasını bildirəcəkdir. Bu qrammatik qaydaya əsasən, «fitrətəllah» kəlməsi xüsusi yaradılış forması mənasını daşıyacaqdır. Bununla demək istəyir ki, biz insanı xüsusi bir yaradılış tərzilə xəlq etmişik.
Qeyd etdiyimiz kimi, «fitrət» «ibtidai yaradılış» mənasını daşıyır. İnsan gördüyü işləri təbiətdən götürür. Belə ki, əvvəl təbiət mövcud olmuş, sonra isə insan onu özünə örnək tutaraq müxtəlif lazımi vəsaitlər düzəltmişdir. Amma Allah-taalanın gördüyü işlər təqlidetmə və örnək götürmə üslubu ilə deyildir. Ona görə də Quranda fitrət kəlməsi örnək əsasında olmayan, ibtidai yaradılış mənasını daşıyır.
        İbni Abbas demişdir: Mən Qurani-kərimdə işlədilən fitrət kəlməsinin mənasını iki qəbilədən olan ərəblə qarşılaşdıqdan sonra başa düşdüm. Bu iki ərəbin quyu üstündə ixtilafları varmış. Ərəblərdən biri o birisinə «ənə fətərtuha», yəni «onu birinci mən düzəltmişəm» sözlərini deyirmiş. Müşahidə etdiyimiz kimi, ərəblər quyu üzərində olan malikiyyətini və quyunu birinci qazdığını bildirmək üçün «fətərə» kəlməsindən istifadə etmişlər. Bu kəlmə ayrı yerlərdə də «ibtidaiyyət» mənasını daşıyır.
Fitrət kəlməsini araşdırdıqdan sonra belə bir nəticə əldə olunur.
1. İnsan yaradılışı sabiqəsi olmayan bir xilqətdir;
2. Bu yeni məxluqda qabaqca yaradılmış varlıqlarda olmayan xüsusiyyətlər vardır.
Bu yeni xəlq edilmiş varlığı (insanı) başqa varlıqlardan ayıran hansı xüsusiyyətlərdir? Məxluqatın saysız-hesabsız xüsusiyyətləri vardır, amma onlardan yalnız üçünün bəhs etmək istədiyimiz mövzuya bağlılığı vardır:
1. Təbiət;
2. İnstinkt;
3. Fitrət;

İndi isə bu elmi terminləri müxtəsər şəkildə araşdıraq. Yeri gəlmişkən fitrət məfhumunu digər oxşar terminlərlə müqayisə edərək onun həqiqi mənasını daha da aydınlaşdıraq.

1. TƏBİƏT VƏ YA XİLQƏT


           Bu termin cansız əşyalar və bəzən də canlılar barəsində işlədilir. Əşyaların özünəməxsus xassələrinə xilqət deyilir. Bu da öz növbəsində təbiət adlanır. Su, torpaq və digər şeylərin təbiət və xassələri kimi. Varlıqların ətraf mühitə göstərdiyi xüsusi təsir mənşəyinə təbiət deyilir.

2. İNSTİNKT


      İnstinkt, heyvanların yaşayış tərzində yol göstərici rolunu oynayan daxili bir qüvvədir, yəni bu xüsusiyyət yarımagah bir halət hesab olunur. Heyvanlarda olan bu xüsusiyyət özləri tərəfindən qazanılmayıb; bu xislət onların yaranışında qabaqcadan qoyulmuş təbii bir qüvvədir.

3. FİTRƏT


           Fitrət yalnız insanlara aid olan bir xüsüsiyyətdir. Qurani-kərim bu kəlməni ilk dəfə insan barəsində işlətmişdir. İnsanlarda olan bu xüsusiyyət, sonradan özləri tərəfindən qazanılmayıb və təbii olaraq qabaqcadan xəlq olunmuş zati bir qüvvədir.

FİTRƏT VƏ İNSTİNKT ARASINDA OLAN FƏRQLƏR


         İnsan heyvanlardan fərqli olaraq, öz fitri qüvvələrindən agah olub daxilində mövcud olan bütün təbii xüsusiyyətlərdən xəbərdardır. Amma heyvanlar bu cür deyillər. Onlar instinktual istəklərdən doğan işləri agahlıq olmadan, ya da yarımagah bir halda görürlər.
             Fitrət və instinkt arasında başqa bir fərq də vardır. Qərizə qüvvəsi heyvan həyatının maddi məsələləri qarşısında dövr edən, fitrət isə insanın həm özü, həm də onun fövqündə duran məsələlərlə bağlı olan təbii bir qüvvədir.
        Fitrət insan vücudunun iki nahiyəsində zahir olan bir sıra xüsusiyyətlər və təsiredici qüvvəyə malikdir. Bu xüsusiyyətlərin zahir olan nahiyələrindən birincisi anlayışlar (agahlıqlar), yəni ağıl, o birisi isə istəklərdir. Agahlıqla bağlı olan bəhslər birinci üsulda açıqlandı. İndi isə istəklərlə bağlı olan məsələlər barəsində danışaq.

İNSAN İSTƏKLƏRİ İLƏ BAĞLI OLAN FİTRİ XÜSUSİYYƏTLƏR


                Deyildiyi kimi, insani istəklər iki qismdən ibarətdir. Onlardan bir qismi onun cisminə, o birisi isə ruhuna aid olan istəklərdir.
1.Cismə aid olan istəklər: Burada tam cismlə bağlı olan istəklər, yəni yemək, istirahət etmək və bədən quruluşuna aid olan bu kimi digər işlər nəzərdə tutulur. (Nəzərdə tutulan bəhslərdən qıraqda duran instiktual istəklərlə işimiz yoxdur).
      2. İnsan ruhu ilə bağlı olan istəklər: Psixoloqlar insan ruhu ilə bağlı olan meyllərdən söz açmış və bu istəklərdən doğan ləzzəti, ruhi qida adlandırmışlar: məsələn həqiqətsevərlik, həqiqət axtarmaq, gözəlliyi sevmək, yaradıcılıq, kəşf və ixtiraya qarşı olan meyl və istək. Bütün bunlardan üstün olan eşq və pərəstiş kimi istəklər də vardır. Bu növ istəklər iki əsas xüsusiyyətə malikdir. Birincisi, bu istəklərin insanın təkcə özünü deyil, başqa varlıqları da əhatə etməsi. İkincisi, bu növ istəklərin müqəddəs olması.

HƏQİQƏTSEVƏRLİK


          İnsanın, mövcudat aləmini olduğu kimi dərketmə istəyinə həqiqətsevərlik deyilir. İnsan elm və biliyi, təkcə təbiətə qalib gəlib insanlara xeyir verən abadlıq işləri görəcəyinə görə sevmir. İnsan adlı bir varlıqda həqiqət axtarışı deyilən bir qərizə və istək vardır. Elm və bilik öz-özlüyündə insan üçün bəyənilən bir şeydir.
Elm insanlara yaxşı yaşamaq və müxtəlif işlərin öhdəsindən daha məharətlə gəlməyi öyrədir. Bəşəriyyətin bəyənilmiş xüsusiyyətlərindən biri də onun elmli olmasıdır. İnsan təbiətən cahillikdən elmə doğru qaçır. Buna görə də elm və bilik insan mənəviyyatına aid olan xüsusiyyətlərindən biri sayılır.

ƏXLAQİ FƏZİLƏT


      İnsan bir çox şeyləri mənfəətli və xeyirli olduğu üçün əldə etməyə çalışır. Bu istəklər insanın özü ətrafında dövr edən istəklərdir. Amma bəzən o, «ağıl ilə xeyirli sayılan» bir sıra şeylərə də meyl göstərir. Mənfəət cismə, fəzilət isə insan ağlına aid olan xeyir sayılır. İnsan dəyərli işləri xeyir əldə edib ziyandan qaçmaq üçün deyil, «əxlaqi duyğular» adlanan rəğbətinin təsiri altında görür. O, «insanlıq belə hökm edir» deyə, etiqadla bu işləri görür. Yaxşılığa yaxşılıq, etinasız insanları məzəmmət etmək kimi qəzavətlər insan vicdanı və əxlaqından doğan hökmlərdir. Bu cür işlər əxlaqi xeyir adlanır. İnsanın zahirdə xeyir hesab etdiyi bir çox işlər bu meyardan doğan hökmlər nəticəsində görülmür. «Əxlaqi xeyir» insanın mənəviyyatına aid olan şeydir. Ayrı canlılarda bu şeylər mövcud deyil və onlar üçün əxlaqi dəyərlərin heç bir mənası yoxdur.
GÖZƏLLİK
İnsanın mənəviyyatına aid olan şeylərdən biri də onun gözəlliksevərliyidir. İnsanda istək mövcud olduğu üçün onun həyatının çox bir hissəsini məhz gözəllik təşkil edir. İnsan, həyatının bütün sahələrində gözəllikdən istifadə edir. Soyuq və istinin qarşısını almaq üçün geydiyi paltarın gözəlliyinə də əhəmiyyət verir. Yaşamaq üçün tikmək istədiyi evin hər şeydən əvvəl gözəlliyinə fikir verir. Hətta yemək üçün sərilən süfrə, onun üzərində qablar və xüsusi tərzdə çəkilmiş xörəklər də gözəllik üsullarından kənarda deyildir. İnsan öz adının, paltarının, xəttinin, yaşadığı şəhər və küçəsinin gözəl olmasını istəyir. Qısa sözlə desək, insan öz həyatının bütün sahələrini gözəl görmək istəyir.

               Heyvanlar üçün gözəlliyin heç bir mənası yoxdur. Heyvanları yalnız axurun içindəki ot-ələf maraqlandırır və onun gözəl olub-olmaması onun üçün heç bir məna daşımır. Həmçinin onlar üçün palan, mənzərə, tövlə və qeyri şeylərin gözəl olub-olmamasının mənası yoxdur.


YARADICILIQ VƏ KƏŞF


         İnsan xüsusiyyətlərindən biri də yaradıcılıq və kəşf etmə istəyidir. Düzdür ki, bəşər həyatda olan ehtiyaclarını ödəmək üçün yaradıcılıq və kəşflərə can atmışdır, amma buna baxmayaraq, elm öz-özlüyündə insan üçün gərəkli olaraq bəyənilmişdir. Elmin zati olaraq bəyənilməsi onun öz-özlüyündə gərəkli olması deməkdir.

PƏRƏSTİŞ VƏ YA EŞQ VƏ PƏRƏSTİŞ


             İnsanda eşq adlandırılan bir sıra ilkin şərt və şəraitlər də mövcuddur. Eşq məhəbbətin fövqündə dayanan bir şeydir. Məhəbbət hər bir insanda mövcud olan bir şeydir. Eşq isə bundan fərqli olaraq bir sıra ayrı şəraitlər də tələb edir. Eşq insanın yuxusunu gözündən qaçırıb və fikrini təkcə məşuqda mərkəzləşdirir. İnsanın fikrində bir növ vəhdət yaradıb hər bir şeydə yalnız öz məşuqunu axtarmasına səbəb olur.
              İnsan ruhunun ən güclü təzahürlərindən biri də onun pərəstiş hissidir. Pərəstiş hissi, onun vücudunun əsas hissələrindən birini təşkil edir. Bəşər tarixini oxuyarkən onların hər zaman pərəstiş etdiklərini yaxşı başa düşmək olar. Pərəstişlər arasında olan fərq, təkcə məbud və onlara edilən ibadətlərin müxtəlifliyidir. Bəşər övladı müxtəlif zikrlər, cəm şəklində rəqslər formasında ifa edilən ibadət növlərindən tutmuş ali dərəcəli zikr və sitayişlərə qədər dini ayinlər həyata keçirmişdir. Bəzən onlar daş, torpaq, kəsək və öz əli ilə düzəltdiyi müxtəlif əşyalara və bəzən də əzəli və əbədi olan ulu Tanrıya sitayiş etmişlər.
               Peyğəmbərlər insanlara pərəstiş etməyi deyil, onun necə və hansı şəkildə olmasını gətirmişlər. Eləcə də vahid olan Allahdan qeyrisinə ibadətin və ya başqa sözlə desək, şirk və bütpərəstliyin qarşısını almağa çalışmışlar.
Pərəstiş hissi bütün bəşər övladlarında mövcuddur. Erik Forum bu barədə deyir:
                  «İnsanın canlılara, ağac və ya qızıldan düzəlmiş bütlərə, daşlara, gözə görünməyən Allaha, yüksək mənəviyyatlı bir insana, hətta şeytan sifətli bir rəhbərə sitayiş etməsi mümkündür. Həmçinin onun əcdad, millət hansısa bir təbəqə, partiya və hətta pula da sitayiş etməsi mümkün olan bir şeydir. Bəzən insanın özünü dinsiz hesab etməsi, yəni heç bir dini qəbul etmədiyini zənn etməsi də mümkündür. Əsas məsələ insanın dindar olub-olmaması deyil, onun hansı dində olmasıdır.
Vilyam Ceyms bu hissin bütün insanlarda ümumi bir şəkildə olması barəsində deyir: «İnsanların öz daxili hisslərindən təsirlənmələrinin müxtəlif olması bir həqiqətdir. Bu hisslər bəzi şəxslərdə daha güclü olur və bu da onların daha dindar olmasına səbəb olur. Mən, özlərini aldadaraq «bu hisslərdən uzağıq» deyən şəxslərin az da olsa dindar olduqlarına tam əminəm».
         Pəhləvan, alim və dindar şəxslərin əfsanəvi qəhrəmana çevrilməsi insanlarda olan pərəstiş və müqəddəsçilik hissindən doğan bir şeydir. İnsan təbiətin fövqündə olan sitayişə layiq bir mövcudun olmasını istəyir.
Müasir dövrdə də bəşərin öz milli qəhrəmanlarını həddən artıq şişirtməsi, hər hansısa bir partiya, məslək, bayraq, su və torpağa sitayiş və bunların yolunda fədakarlıq etməsi pərəstiş hissindən doğmuşdur. Bütün şəraitlərdə insanda zahir olan bu hiss mütləq və kamil bir varlığa pərəstiş hissindən yaranmışdır. Hər hansı bir məxluqa, hansı şəkildə olursa-olsun pərəstiş edilməsi, bu hissin düzgün yoldan çıxması deməkdir.
İnsanın ibadət və pərəstiş etməsi, onda hansısa bir imkan və meylin olmasını göstərir. İnsanlara xas olan xüsusiyyətlərdən biri də onun maddi aləmin fövqündə duran geniş üfüqə qovuşmaq meylinin olmasıdır. Odur ki, pərəstiş insanın mənəviyyat və ruhuna aid olan daxili hisslərdən biri sayılır.
Adlarını çəkdiyimiz bu beş əsas üsulların hər birinin mənşəyi insan fitrətidir. Çünki qeyd etdiyimiz kimi, islam dini nöqteyi-nəzərindən insan ruh və bədəndən təşkil olunmuş bir varlıqdır. Onun ruhu ilahi bir həqiqətdir.
          «Ona öz ruhumdan üfürdüm».
            İnsanın vücudunda təbii ünsürlər olduğu kimi, qeyri-təbii ünsürlər də vardır. İnsanda olan bu daxili ziddiyyət (heyvani və insani hisslər) onda bir-birinə qarşı olan təzadlı istəklərin yaranmasına səbəb olur. Allah-taala insana ağıl, iradə və ixtiyar vermiş, onu iki yol ayrıcında qoymuş və bu işdə onu öz ixtiyarına buraxmışdır. Buna görə də Kant və Dekartın fikirlərinə müxalif olaraq, islam dini insanın doğulduğu ilk anlarında aktual olaraq bir sıra idrak və istəklərə malik olduğunu qəbul etmir.

            Həmçinin islam, marksist və eqzistansialistlərin insan fitrəti barəsində irəli sürdükləri nəzəriyyəni, yəni onun dünyaya gəldikdən sonra sırf təsirlənmiş varlıq olduğunu da rədd edir. İslam dini baxımından insanın bir sıra potensial istəkləri təhrik olunur və mühit şəraitinin köməyi ilə daxili bir qüvvə tərəfindən bu istəklərə sövq edilir. Əgər onda olan bu potensial qüvvə həyata keçərsə, insanlıq deyilən dəyərə yetişmiş olar. Əks təqdirdə o, məsx olunmuş (öz həqiqi surətini əldən vermiş) bir varlığa çevriləcəkdir.


                Müəllif: Ustad Mürtəza Mütəhhəri  


Category: Exlaq | Baxış: 937 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]