Cümə axşamı, 2024-11-21, 5:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Dekabr » 22 » Imamlarin derece ve meqamlari
9:22 AM
Imamlarin derece ve meqamlari
 
 
İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
 
İMAMLARIN DƏRƏCƏ VƏ MƏQAMLARI


           Məsum imamların həyat tarixlərini araşdırarkən, hər şeydən əvvəl, onların yüksək məqamlarına diqqət yetirmək, Allah yanındakı dərəcələrini dərk etmək lazımdır. Bu tanışlıq olmadan onların yaşayışı barədə axtarış aparmaq mümkün deyil. Buna görə də, biz əvvəlcə İslam məktəbində məsum imamların (əleyhimus-salam) məqam və dərəcələrini, imamətin malik olduğu yüksək mövqeyi barəsində bir sıra məsələləri araşdırırıq. Ümidvarıq ki, bu iş bizim Allahın seçilmiş bəndələri barəsində olan məlumatımız və mərifətimiz gün-gündən çoxaltsın.

MƏSUMLARIN İSLAMI

Allah-Taala Öz peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in dininin kamil və tamam olmasını xəbər verdiyi, imamət və rəhbərlik məsələsinin o Həzrətin vasitəsi ilə Qədir Xumda elan olunduğu zaman[Maide surelerinin 3-cu, 67-ci ayelerine muraciet ede bilersiniz] Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam) möminlərin əmiri və o həzrətin canişini kimi təqdim edildi. Yəni Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in 23 ildə çəkdiyi bütün zəhmətlər, habelə bu müddətdə Quranın bütünlüklə nazil olması Əliyyibni Əbitalib (əleyhis-salam)-ın imamətinin elan olunması ilə öz məxsus mənasını tapdı. Əgər bir şəxs kamil İslam dininin arxasınca getmək istəsə, onda gərək Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risaləti müddətində gətirdiyi Quran və başqa risalət məsələlərini qəbul etməklə yanaşı, Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-ın müqəddəs vücudunu Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəsi və canişini kimi tanısın; bilsin ki, Həzrətin vilayəti İslam dininin ayrılmaz bir hissəsidir. Yəni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in peyğəmbərliyini qəbul etdiyi kimi, şəksiz Əliyyibni Əbitalib (əleyhis-salam)-ın vilayətini də qəbul etsin. Əgər bir şəxs onun vilayət və rəhbərliyini qəbul etməsə, İslamı və Peyğəmbəri qəbul etdiyini necə iddia edə bilər? Hansı ki, bu din Əmirəl-mömininin vilayəti ilə kamil olmuşdur. Onda gərək deyək ki, bu şəxs həqiqi İslamının yalnız bir qismini qəbul etmişdir.
Qeyd edək ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) özünün son vəsiyyətində buyurmuşdur:
Mən iki ağır şeyi sizin içinizdə əmanət qoyuram: 1-Allahın Kitabını (Quran); 2-Əhli beytimi (Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) və onun övladları.)
Həzrətin məqsədi budur ki, bu iki əmanət heç vaxt bir-birindən ayrılmazlar; hərgah Quranı bəhanə edib sinələrinə vuranları görsəniz, (Ömər dedi: həsbuna kitabullah–Allahın kitabı bizə bəsdir və Əhli-beytə ehtiyacımız yoxdur), bilin ki, yalançıdırlar və xalqı aldatmaq üçün Quranı bəhanə ediblər.
Beləliklə onlar Əhli-beyti işlərdən kənar edib, haqlarını tapdaladılar və onları ev dustağı etdilər. Onlar yalan deyirlər. Məsələn, Siffeyn döyüşündə Müaviyə Quran tərəfdarı olduğunu iddia edir, amma onu nizələrin başına taxır. Məhz bu yerdə Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur: Bu Quranları oxlayın, Quranın natiqi (həqiqətlərini bəyan edən) mənəm, mən Quranın təcəssümüyəm.

PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm)-İN VƏFATINDAN SONRA XALQIN VƏZİYYƏTİ

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra tarixə nəzər salın. Görəsən ümmət bu vəsiyyətə əməl etdimi? Əsla! Əhli-beyt (əleyhimüs-salam) Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-dan, Həzrət Höccət İmam Zamanın (əleyhis-salam)-ın müqəddəs vücuduna kimi ictimai səhnədən kənarda idilər.

MƏSUM İMAMLAR QURAN QANUNLARINI İCRA EDƏNLƏRDİR

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allah tərəfindən ilahi qanunları xalq üçün gətirdi, Əhli-beyt (əleyhimüssalam) Quran qanunlarını icra edənlər idi.
Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) və 11 övladı Allah tərəfindən İmam kimi bir-bir tanıtdırıldılar. Bu gün onun axırıncı övladı Həzrət Vəliyyi Əsr İmam Zaman (əleyhis-salam)-dır.
Əgər camaat ilahi-Quran qanunlarının icra olunmasını istəsəydilər, onda bu qanunları Allah tərəfindən müəyyən olunan şəxslər icra etməli idilər. Çünki Quran ilahi kitab olduğundan, onu icra edənlər də ilahi şəxsiyyətlər olmalıdır. Əlbəttə, bu sözü qəbul etmək ağırdır. Necə ki, min dörd yüz il bundan qabaq o zamanın camaatına çətin idi, məhz bu səbəbə görə də qəbul olunmadı. Amma biz tarixə baxıb camaatın onlara qarşı necə rəftar etdiklərini, başlarına nə gəldiklərini görə bilərik.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra hiylələr başlandı. Onun sağlığında, müxaliftə qüdrətləri, cürətləri olmayan qəddar və kinli düşmənlər həzrətin vəfatından sonra qılınclarını siyirib İslamın təzəcə açılmış güllərinə hücum çəkdilər. Nələr etmədilər? Gəlib biz İslamı istəmirik dedilərmi? Əsla! Din pərdəsi altında dinin kökünü kəsməyə başladılar. Dedilər ki, biz yalnız Quranı istəyirik, vəssalam! Həsbuna kitabullah. Bizim Əli övladları ilə heç bir işimiz yoxdur.
Həzrət Əlini özlərinə layiqli rəhbər kimi görməyə gözləri olmayan bədbəxt camaat sükut edərək Həzrəti 25 il ev dustağı etdilər.
Birinci, ikinci və üçüncü xəlifənin hakimiyyəti dövründə bacardıqları qədər səhvə, xətaya yol verdilər. Xəta xətanın üstündən, səhv səhvin üstündən. Nəhayət İslam cəmiyyətini elə bir çıxılmaz vəziyyətə saldılar ki, yollarını azmış rəhbərlər onun həllində aciz qaldılar. Buna görə gəlib Əli (əleyhis-salam)-ın qapısını döydülər.
Peyğəmbərin vəfatından 25 il keçmişdi. Bu müddət ərzində Quranın başına nələr gəlməmişdi? Quran qanunları bir-birinin ardınca qəsdən təkzib edilmiş, İran və Roma imperiyalarının geniş əraziləri fəth olunmuşdu. Bu iki imperatorluqların və fəth olunmuş başqa ərazilərin müsəlman əhalisi, görəsən, hansı İslamı qəbul etmişdilər? Peyğəmbərin, (Quran və Əhli-beytin) İslamını, yoxsa Əbu Bəkrin, Ömərin, yaxud Osmanın İslamını?
           Axırda Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-ın qapısına gəlmələrinin səbəbi onun məqam, mövqe, əndişə və ideyalarına görə deyildi. Buna görə gəlmişdilər ki, Osman, xüsusilə ömrünün son illərində artıq İslam ümmətinə əsla əhəmiyyət vermir, beytül-malın hamısını özü üçün toplayırdı. İndi Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-dan istəyirdilər ki, onların beytül-mala olan tamahlarını təmin etsin. Halbuki, ictimai ədaləti icra etmək üçün onlarca başqa əsaslı işlər də icra olunmalı idi. Həzrət Əli (əleyhis-salam) İslam və Peyğəmbər sünnətindəki inhirafları görmüşdü. Buna görə də o, xalqın beyət üçün dəvətindən imtina edir, istəklərini qəbul etmir və buyururdu ki, məndən əl çəkib, başqasını xilafət üçün seçin. Əgər mənə beyət etsəniz, bir sıra işlər görəcəyəm ki, sizin üçün müxtəlif müşgüllər, çətinliklər yaradacaq. Ürəkləriniz ona dözüb əqllər onu qəbul edə bilməyəcək. Üfüqləri və siyasətləri qara buludlar örtmüş, işıqlı yol əvəz olunmuşdur.
        Xalqın Həzrət Əmirəl-möminin (əleyhis-salam)-la beyət etməsindən sonra, bu xalqla çətinlikləri başlandı. Elə bir xalq ki, vilayət məqamı ilə ümumiyyətlə tanışlıqları olmayıb həqiqi İslamdan xəbərsiz idilər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in besətinin əsas məqsədini unutmuşdular.
         Digər tərəfdən küfr, dinsizlik və nifaq başçıları, qəbilə başçıları, dinlərini dünyaya satan alimlər tərəfləri qızıl, güc və hiylə olan üçbucaqda bir yerə yığışıb haqqın nurunu söndürmək istədilər.
Mövla Əli (əleyhis-salam)-ın kifayət qədər vəfalı dostları olmadığı halda nakisin, qasitin və mariqinlərin müqabilində dayandı. Bəli... beş il nur və zülmət arasındakı çarpışmadan sonra zülmətə adət etmiş, nurdan qorxub qaçan və onu qəbul etməyə taqəti olmayan xalq işi o yerə çatdırdı ki Həzrət Allahdan onu xalqın arasından aparmasını istədi ki, bu cür insanları görməsin. Xalq isə zülməti sevirdi. Bu nur 40-cı hicri qəməri il, ramazan ayının 19-cu gecəsi Əşqəl-əşqiya[3] İbni Mülcəm Muradi tərəfindən söndürüldü.
             Həzrətin şəhadətindən sonra onun əziz oğlu İmam Həsən (əleyhis-salam)-la zahirdə beyət etdilər, qəlbləri isə Müaviyəyə tərəf can atırdı. Bir neçə aydan sonra bu həqiqət üzə çıxdı–Müaviyəyə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini (?) kimi beyət edib cani-dildən ona bağlandılar. Bu minvalla o, 60-cı hicri ilinə qədər qüdrət kürsüsündə oturdu. Müaviyədən sonra isə Yezidə, (?) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini kimi beyət etdilər.
Biz əhli-beyt (əleyhimüs-salam)-ın davamçıları hər hansı vəchlə olursa olsun, onların haqqını qəsb edənləri müdafiə etməməli, ideoloqi məktəbimizin prinsiplərini dərindən dərk etməliyik. Yəni ideoloqi məktəbimizi məsum imamlarımızın yaşadığı 250 illik dövrdə xilafət barəsindəki nəzərlərini araşdırmalıyıq.
              Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan İmam Zaman (əleyhis-salam)-a kimi məsum imamlardan heç biri dövrünün xəlifəsini təsdiq etməmiş, o xəlifənin məqsədlərinin tərəfdarı olmamışdır. Əgər məsum imamlarımız bütün qəsbkar xəlifələri və rəhbərləri rədd edərək onları, öz haqlarını qəsb edənlər kimi tanıtdırırlarsa, onda biz nahaq, qeyri-qanuni xəlifələri haqq tərəfdarları kimi necə qəbul edə bilərik?

PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm) VƏ MƏSUM İMAMLARIN PROQRAMLARI ZAHİRƏ ƏSASLANIRDI

          Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) və məsum imamların (rəhbərlik məsələsində) xalqla rəftarı zahirə əsaslanırdı. Belə ki, əgər bir şəxs batində Allahı və Onun Rəsulunu qəbul etməyib inkar edirsə də, amma zahirdə özünü imanlı göstərib dildə şəhadəteyni desəydi, müsəlman hesab olunurdu. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) onunla zahiri əlamətlərə görə rəftar etməyə məmur olunmuşdu. Həmçinin Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan İmam Həsən Əsgəri (əleyhis-salam)-a kimi bütün məsum imamlar xalqla, onların zahirlərinə əsasən rəftar etmişlər.
            Bizim məsum imamlar (əleyhis-salam) haqqında əksər suallarımız bu məsələni bilmədiyimizdən irəli gəlir. Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam), İmam Həsən, İmam Hüseyn (əleyhiməs-salam) və digər imamların İslam ictimaiyyətindəki rəftarları məhz bu əsasdadır ki, onu gələcəkdəki hadisələrdə müşahidə edəcəyik.
Əlbəttə, Həzrət Sahibəz-zəman (əleyhis-salam)-ın barəsində bu məsələ istisna olunur. Belə ki, o həzrət Allahın izni ilə zühur edəndə, rəftarı insanların batini əqidələri əsasında olacaq, heç kəsdən şahid, dəlil-sübut istənilməyəcək. O Həzrətin hökmləri və əmrləri qeydsiz-şərtsiz, son dərəcə kəskinliklə icra olunacaq. Müxaliflərlə son dərəcədə sərt rəftar olunacaqdır. Bu rəftar Əhli-beyt (əleyhimüs-salam)-ın bütün müxalifləri və düşmənlərinin məhv olub, bəşəriyyətin mənəvi təkamülünə mane olmadıqları, dünya hökumətinin Həzrət Bəqiyyətullah (əleyhis-salam)-ın əlində olduğu vaxta qədər bu minvalla davam edəcəkdir. Bu barədə bir neçə rəvayətə işarə edirik:
       1. Həsən Haruna deyir: İmam Sadiq (əleyhis-salam)-ın hüzurunda oturmuşdum. Məli ibni Xüneys o Həzrətdən soruşdu: İmam Qaim (ə) qiyam edəndə onun rəftarı Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın rəftarından fərqlənəcəkmi? İmam Sadiq (əleyhis-salam) buyurdu: Bəli! Buna görə ki, İmam Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) öz müxalifləri ilə mülayim rəftar, minnət və güzəşt əsasında rəftar edirdi. O Həzrət bilirdi ki, özündən sonra şiələri düşmənlərin qarşısında zəif olacaqdır. Lakin İmam Qaim (əleyhis-salam) zühur edəndə onlara (onun qarşısında müqavimət göstərənlərə) qarşı rəftarı qılınc və əsarət əsasında olacaq. Çünki o həzrət bilir ki, özündən sonra şiələr heç vaxt düşmən qarşısında məğlub olmyacaqlar.
           2. Məhəmməd ibni Müslüm deyir: İmam Baqir (əleyhis-salam) buyurdu: Əgər xalq İmam Qaim (əleyhis-salam)-ın qiyamından sonra camaatla rəftarının necə olacağını bilsəydilər, çoxları o Həzrəti görməməyi arzu edərdilər. Müxalifləri həddindən artıq öldürəcəkdir. Əvvəlcə Qüreyşdən başlayacaq, onlar üçün qılıncdan başqa heç nə almayacaq, qılıncdan başqa onlara bir şey verməyəcəkdir. İş o yerə çatacaqdır ki, çoxları bu adam Ali-Mühəmməddən deyil. Əgər Ali-Mühəmmədən olsaydı, ürəyi rəhmə gələrdi-deyəcəklər
 
Ardi var...
Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani
 
Category: Tarix | Baxış: 2377 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]