Əsas səhifə » 2009 Noyabr 4 » İlahi nəsihətlər
3:16 PM İlahi nəsihətlər | |
Allah qorxusunun məfhumu və zərurəti
"Ya Musa! Məni xof, qorxu, vahimə ilə çağır. Hüzurumda üzünü torpağa qoy, ən şərəfli vücudunla səcdə qıl. Mənimlə qorxmuş qəlblə minacat et. Bütün ömrünü Tövratla diri saxla. Mənim yaxşılıqlarımı və mədh olmuş sifətlərimi cahillərə öyrət, nemətlərimi onlara xatırlat. Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağırdır.” Bu nəsihətin başlanğıcında Allah-taala həzrət Musaya əmr edir ki, qorxu dolu qəlblə onu çağırsın. Bu hissədə hər üçü qorxu mənasını bildirən "xovf”, "işfaq”, "vəcl” sözləri işlədilmişdir. Bu sözlər demək olar ki, sinonimdir və eyni mənanı bildirir. Onların təkrarlanması mənanın vurğulanması məqsədi daşıyır. Hazırkı qüdsi hədisdə və bir çox ayə və rəvayətlərdə Allah qorxusu məsələsi önə çəkildiyindən bu barədə bir qədər danışmaq yaxşı olar. Amma öncə qorxu məfhumunu araşdıraq. Qorxu insanın təhlükə və ya zərər qarşısında özünü göstərən psixoloji durumudur. Qorxu təbii və qeyri-iradi bir reaksiyadır. Bu reaksiya əxlaqi baxımdan dəyərləndirilmir, yaxşı və ya pis sifət sayılmır. Qorxu da şadlıq kimi bir refleksdir. Əgər bir insanın ayağına iynə batarsa o dərhal reaksiya göstərir. Təhlükə ilə üzləşən insan özündən asılı olmayaraq qorxur, rəngi dəyişir. Belə bir hal istənilən bir adamda təbiidir, hətta şücaətli fərdlərdə də müşahidə olunur. Qurani-kərim həzrət Musanın sehrbazların sehrləri müqabilində reaksiyasına işarə ilə buyurur: "Musa bir qorxu keçirdi. Dedik ki, sən üstünsən, qorxma.” [Taha 67-68] Əlbəttə ki, qorxudan öncəki müqəddimələr insanın iradəsindən asılı ola bilər. Onların mənfi və ya müsbət səciyyələndirilməsi mümkündür. Bəzən insan ondakı qorxu hissini gücləndirən hərəkət və rəftarlara yol verir. Məsələn, qorxaq insanlar xüsusi ilə gecə vaxtı tək qaldıqda uydurma təsəvvürlərlə qorxu hissini gücləndirirlər. Nəticədə bu qorxu ciddi ruhi sarsıntıya çevrilir. Bəzən isə insan xüsusi məşğələlərlə özündəki qorxunu azalda bilir. Məsələn, gecə gəzintiləri ilə qaranlıq qorxusunu canından çıxarır. Bu müqəddimələr insanın özündən asılı olduğu üçün yaxşı və ya pis sayıla bilər. Əgər insan qorxduğu üçün qınanırsa, əslində bu qorxunu yaradan müqəddimələr nəzərdə tutulur. Qorxu və qorxaqlıq ayrı-ayrı məfhumlardır. Qorxu qeyri-iradidir və yalnız təhlükə ilə rastlaşarkən yaranır. Qorxaqlıq isə insanın xarakterində möhkəmlənmiş bir sifətdir. Qorxaqlığın rahattələblik kimi mənşələri var. Bu baxımdan qorxaqlıq bəyənilmir. Qorxaq insanda çətinliklərə müqavimət cürəti yoxdur. Belələri müxtəlif çətinliklərlə müşayiət olunan ictimai vəzifələrdən boyun qaçırırlar. Qorxaq insan kiçik təhlükələrdən uzaq olmaq üçün böyük mənfəətlərdən məhrum qala bilər. Ərəb dilində qorxaq insan "cəban” adlanır. Bu söz "cübn” sözündən götürülmüşdür. Bu sözün antonimi "şüca” sözüdür. Əgər qorxaqlıq bəyənilməyən sifətdirsə, şücaət müsbət səciyyə sayılır. Ərəb dilində "cübn” sözü "xovf” sözündən fərqləndiyi üçün "xaif” mənası da "cəban” mənası ilə eyni deyil. Cəban dedikdə qorxaq, xaif dedikdə qorxmuş mənaları nəzərdə tutulur. Qorxaqlıq xasiyyətdirsə, qorxu ötüb keçən bir haldır. Amma hər iki sözün kökü qorxudan olduğu üçün onlar bir-birinə qarışdırılır və yanlış anlaşılır. Hazırkı müqəddimənin ardınca insanın iradəsindən asılı olan, insan tərəfindən zəiflədə və ya gücləndirilə bilən qorxu ilə bağlı üç sualı cavablandıracağıq. Ustad Misbah Yəzdi | |
|
Total comments: 0 | |