Bazar günü, 2024-12-22, 10:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 7 » İsrafçılar şeytanlarla qardaşdırlar
8:03 PM
İsrafçılar şeytanlarla qardaşdırlar

İsrafçılar şeytanlarla qardaşdırlar



     Yaşadığımız bu cahanda insan övladı olaraq bir neçə başqa canlılar ilə, təbiət ilə əhatəli ömür sürürük. Ünsiyyətdə olduğumuz sahədən asılı olaraq ya ətrafımızı dəyişdirir, yaxud da ətrafımıza uyğunlaşmağa çalışırıq. Bu da yaranan yeniliklər və ekoloji dəyişikliklərdə təzahür edir. Gündəlik oxunan kitablar, əldə edilən yeni məlumatlar, yaşanan təcrübələr dünyaya baxış çərçivəmizə yeni-yeni pəncərələr əlavə edir, bizim kimliyimizi, şəxsiyyətimizi daha da mürəkkəbləşdirir. Bununla bərabər eşitdiklərimiz, gördüklərimiz, anladıqlarımız fikirlərimizə və məqsədimizə təsir etmədən uzaqlaşmır, əksinə cüzi də olsa, öz effektini qərarlarımızda biruzə verir.
     Həmişə olduğu kimi yenə də işdən evə doğru addımlayarkən yolumun üzərində haradansa tökülmüş çörək qırıntısını dənləyən bir neçə sərçə ilə qarşılaşdım. Hamının etinasızcasına yanından ötərək keçdiyi bu ürkək, çöl quşları nədənsə mənim marağımı özünə cəlb edərək yaddaşıma həkk oldu və orada da qərar tutmayıb səhifənin üzərində öz məkanını qərarlaşdırdı.
      Bəlkə də hamımızın gündəlik, pəncərə və eyvanlarımıza tez-tez qonan şən cingiltisi ilə sanki bizlərə həyatın sevilməli tərəflərini göstərən bu qəhvəyi, sarı və qara kiçik lələkləri olan zərərsiz quşlar əslində necə də sadə, bəsit həyat tərzinə malikdirlər.
      Səbəbini izah etmədən haqqında danışdığım bu kiçik quş növü sakinləri olan sərçələri çoxlarımız uşaqlıqdan etibarən müşahidə etmiş, bəlkə də dələduz uşaqlar kimi nadir hallarda xırda daşlar ilə ürkütmüşük. Amma mehriban olan Allah heç bir canlını səbəbibsiz olaraq yaratmadığı kimi, bu kiçik quşları da heç vaxt imtina etmədikləri bir neçə xidmətlər ilə vəzifələndirmişdir. Allah öz müdrikliyi ilə bizə sanki hər gün əyani olaraq açıq dərs kimi nümunələr göstərir və öz müdrikliyini bizim acizliyimiz qarşısında yenə də sübut edir. Bu balaca sevimli, şən quşlar son dərəcə nizam ilə yaradılmış dünyanın əvəz edilməz bir hissəsini təşkil edirlər.
     Bir qədər diqqətli olsaq, biz insanların necə də səhlənkar və israfçı olduğunu anlayarıq. Bizlər israf etməyə o qədər alışmışıq ki, etməkdə olduğumuz hərəkətlərin qənaətcillikdən kənar olduğundan belə bixəbər yaşayırıq. Əllərimizi yuyarkən və ya dəstəmaz alarkən suyu boş-boşuna axıtmağımız, yemək yeyib doyduğumuz zaman qabımızda qalan hissəni tullamağımız, ən əsası isə vaxtımıza qənaət etməyi unutmağımız (televizor, kompyuter oyunları, musiqi, boş-boş söhbətləşib gülüşməklə) və səhər gec vaxtlara qədər yataraq israf etməyimiz hələ də öyrənməli olduğumuz çox şeylərin olduğunu, hələ də yetişməmiş meyvə qədər kal olduğumuzu bizə bir daha sübut edir.
     Müşahidə qüvvəmizi bir qədər artırıb ətrafımıza nəzər salsaq, zamanın dəyərini səhər açılıb axşama qədər solan (ömrünü tamamlayan) çiçəkdən, xırda şəkər tozunun dəyərini qarışqadan, yerə tökülməsinin qarşısını ala bilmədiyimiz çörək qırıntılarının dəyərini sərçədən, axan suyun dəyərini susuz yaşaya bilməyən balıqdan, ağacdan, bitkilərdən və əksər canlılardan öyrənməli oldumuzu anlamaqda yəqin çətinlik çəkmərik. Hər gün israf etdiklərimizi hesablasaq, nemətə qarşı necə də naşükür olduğumuzu görərik. 
     İmam Əli (ə) buyurub: "İsrafçılıq yoxsulluğun başlanğıcıdır”.
     Yerə tökülmüş hər hansısa nemətin həşəratlar və xırda heyvanlar tərəfindən necə hörmət ilə təmizləndiyinə çoxlarımız şahid olmuşuq. Sadəcə qarışqanın misalından hamımıza məlumdur ki, kiçik əsgərlər kimi səfərbər olaraq, səliqə və nizam ilə yerə tökülmüş şəkər dənələrini cərgə-cərgə yuvasına daşıyıb özünə azuqə olaraq saxlayır. Bir çoxlarımızın şüursuz və lazımsız canlı kimi gördüyü bu kiçik həşəratlar yer kürəsinin hər bir məkanında fasiləsiz və davamlı çalışqanlıqları ilə seçilirlər. Yoruldum deməyərək, səhərdən axşama qədər işləyən bu sevimli və əməksevər canlılar çox kiçik olmaqlarına baxmayaraq, yaşadığımız planetin vazkeçilməz hissəsi və ekologiyanın qorunmasında ən böyük vəzifəni daşıyan təvazökar varlıqlardır. 
     Bir zərgər təsəvvür edək ki, ömrünü qızıl, gümüş və müxtəlif dəyərli daş-qaşlar cilalamaq ilə keçirib. Onun qızıl külçəsindən istifadə edərkən necə diqqətli olduğunu hətta qızıl tozlarına qarşı belə səhlənkar davranmayıb, onların dəyərləndirilməsində ləngimədiyini görərik. Təbiətdə mövcud olan heyvanların, xırda həşəratların və cücülərin yerə tökülmüş nemət qalıqlarını necə zərgər dəqiqliyi ilə təmizlədiklərinin şahidi olmaq, bunun bizə göstərilən ismarış olduğunu anlamaq elə də çətin deyil.
     Qənaətkar olmaq zənginlikdən nəsə itirməyə səbəb olmaz, əksinə zənginliyə daha çox zənginlik qatar. Bunu məntiq ilə anlayıb icra etmək bizim verilmiş cürbəcür nemətlər qarşısında olan əbədi məsuliyyətimizdir.
     Çoxlarımız zənginliyi ətrafdakılara israfçılıq etməklə nümayiş etdirirsə də, əslində zənginliyin özü hər zaman qənaətcil olmağı bacarmaqdır. Qənaətcillik – ehtiyacı olduğu zaman nəyi isə istifadə etməkdən aciz olmaq demək deyil, əksinə nəyinsə lazım olduğundan artıq istifadə edilməsinin qarşısını almaqdır.
     Yer kürəsində elə nemətlərlə qarşılaşırıq ki, (yəni tükənmə ehtimalı olan nemətlər) onlara qarşı qənaətcillik ən bəyənilən davranış ülgüsüdür. Amma elə nemətlər də vardır ki, (yəni tükənməsi qeyri-mümkün) o nemətlərə qarşı olan qənaətçilik ən təkzib edilməz, qəbul edilməz səhvlərin başlanğıcıdır. Bunlara nümunə olaraq "sevgini” göstərmək olar.
     Xüsusi ilə "ana sevgisi” tükənmə ehtimalı olmayan, azalıb çoxalmayan ən böyük nemətdir ki, onu gizli saxlamayıb göstərmək lazımdır. Bu iş bir sıra mənəvi şikəstliklərin qarşısının alınmasında ən önəmli məlhəmdir.
     Hər bir ananın daxilində hələ dünyaya gəlməmiş (bətnində daşıdığı) övladına qarşı ana sevgisinin istiqamətlənməsi danılmaz həqiqətdir. Dünyaya gəlmiş övladlar hər zaman təmənnasız olan ana sevgisinə ehtiyac duyaraq yaşayır. Ana sevgisi hər bir gəncin həyatına girən və onun həyatında mühüm rol oynayan, onun gələcək həyatının axarını müəyyən edən strukturdur. Ana sevgisi övladın sağlam düşüncə ilə böyüməsinə və yararlı insan olmağına səbəbdir. Ana sevgisindən ürək ağrıdıcı səbəblər üzündən məhrum olmuş körpələrin necə mənəvi və psixoloji gərginliklər yaşadığını müşahidə edirik. 
     Həqiqətən də hikmət Sahibi olan Allah, tükənən və tükənmə ehtimalı olmayan nemətlərini bizə təqdim edərək, bu nemətlərin istifadəsini də bizə öyrətmişdir. Bu ya müxtəlif insan həyatlarının nəticələrindən əldə edilmiş nümunələr, yaxud da itirilmiş imkanlarla bizlərə göstərmişdir. Bizim praktiki olaraq yaşamadıqlarımızı, nəzəri olaraq başqa həyatlardan öyrənmə şansımız vardır. Bütün canlıların həyatı və hərəkətləri ilə göstərilən dərslər ətrafımızda cərəyan etsə də, biz buna biganə qalırıq. Əgər həmin dərsləri dəyərləndirib, icrasında gecikməsək, hər bir şəxsin fərdi dəyərləndirmə pirinsipləri çərçivəsində dəyişiklik yaranar. Nəticədə kimliyindən, necəliyindən asılı olmayaraq bir-birinə təsir edərək irəliləyən insan ömrü, çox cəhətli həyatın istiqamətini təyin edən göstərici kimi öz həyatının da istiqamətini həmin tərəfə çevirər. 
     
     Müəllif: Pərinaz Məmmədova
     
Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: Diger me'lumatlar | Baxış: 1115 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]