Bazar günü, 2024-12-22, 8:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 16 » İslamda tərbiyə
1:26 PM
İslamda tərbiyə

İMAM MUHƏMMƏD BAQİRİN (Ə) ÖVLAD TƏRBİYƏSİ İLƏ BAĞLI METODOLOGİYASI


Tərbiyə insan üçün ən mühüm məsələlərdən biridir. Onsuz dünya və axirət səadətinə çatmaq olmaz. Məsumlar (ə) həyatları boyunca insanların hidayət çırağı olublar. Onlar tərbiyə sahəsində də ən yaxşı nümunədirlər. 

Doğulandan dərhal sonrakı tərbiyə


İslamda tərbiyənin üstünlükləri ondadır ki, övlad dünyaya gəlməmişdən qabaq zəminə yaradıldığı üçün tərbiyə ilk anlardan başlayar. Körpə ana bətnində olanda, onun tərbiyəsi – mühit, ananın yediyi-içdiyi, qulaq asdığı, dediyi, gördüyü və s. barədə dinimizin bolluca tövsiyələri vardır. Bu bəhsdə isə biz, dünaya gəldikdən sonrakı dövrü ehtiva edən tövsiyələrlə bağlı xüsusi tərbiyə metodologiyasından danışacağıq. Əziz 5-ci İmam - Həzrət Muhəmməd İmam Baqirin (ə) mübarək buyuruşları əsasında övlad tərbiyəsinin mühüm nöqtələrini qeyd edək: 

1.Qulağa azan və iqamənin deyilməsi və körpəyə Fərat suyunun içirdilməsi. İmam Baqir (ə) buyurur: "Yaxşı olar ki, körpənin ağzı Fərat suyu ilə açıla və qulağına iqamə oxuna”.

2. Əqiqə və ad qoymaq. İmam (ə) buyurur: "Sizin dünyaya uşağınız gələndə 7-ci günü - əgər oğlandırsa, erkək qoyun və əgər qızdırsa, dişi qoyunu - əqiqə qurbanı edin. Onun ətindən mamaçaya da verin. 7-ci günü ona ad qoyun”.

Ad qoymada ən mühüm cəhətlərindən biri də odur ki, yaxşı adlar seçilməlidir, xoşa gəlməyən adlardan çəkinmək lazımdır. Çünki yaxşı ad övladın xoşbəxtliyinə və xoşa gəlməyən ad isə onun nigarançılığına səbəb olar. İmam Baqir (ə) yaxşı və xoşa gəlməyən adlara aid bir neçə misal çəkir. O, Həzrət (ə) bu haqda buyurur: "Ən sədaqətli adlar - Allaha bəndəliyi iddia edən adlardır və onlardan ən yaxşıları - peyğəmbərlərin adlarıdır”. 

Ana südünün tərbiyəyə təsiri


Övlad tərbiyəsində valideynlər əsas rol oynayırlar. Bu rol və təsir hər bir yaşda eyni səviyyədə deyildir. Tərbiyənin bəzi mərhələlərində atanın rolu mühüm olur və bəzi mərhələlərdə isə ana aparıcı rol oynayır. Ümumi olaraq, onu demək olar ki, körpə ana bətnində olanda və süd yeyən zaman ananın tərbiyəsi başlıca rol oynayır. Ancaq yeniyetmə dövründən sonra, xüsusilə də oğlanlara aid - atanın tərbiyəsi mühümdür. Ancaq bu, o demək deyildir ki, körpə süd yeyəndə atanın rolu və ya övlad yeniyetmə olanda ananın rolu mühüm deyildir. Xeyr, burada məqsəd odur ki, uşağa hansı mərhələdə kim daha çox təsir göstərə bilir.

Körpənin mühüm mərhələlərindən biri onun süd yeyən dövrüdür. Bu mərhələdə ananın birbaşa və əsas təsiri vardır. Bu mərhələdə körpəyə süd vermək ana ilə övlad arasında rabitənin yaranmasına səbəb olar. Ana südü körpənin qida və sağlamlığı üçün mühüm rol oynadığı kimi, körpələrə bəzi xüsusiyyətlərin ötürülməsində də əsas amil sayılır. İmam Baqir (ə) bu haqda buyurur: "Kütbeyin qadınları uşaqlarınıza dayə qərar verməyin, çünki süd vasitəsilə kütbeyinlik və səfehlik onlara keçə bilər”.

O Həzrət (ə) yenə buyurur: "Övladlarınız üçün gözəl dayələr seçin, çirkin üzü olan dayələrdən uzaq durun. Çünki süd (gözəllik və çirkinliyi) ötürəndir”. 

Uşaq və sevgiyə ehtiyac


Sevgi - övladların körpə vaxtı ehtiyac duyduqları zərurətdir. Ona lazımi diqqət olunmasa, körpə düzgün inkişaf etməyəcəkdir. Bu sevgi uşaqlara müxtəlif yollarla ötürülə bilər: öpməklə, qucağına götürüb xoş sözlər deməklə, hədiyyə, oyuncaq almaqla və sair. İmam Baqir (ə) hər bir fürsətdə öz kiçik yaşlı oğlu İmam Sadiqi (ə) qucağına götürməklə və ona xoş sözlər deməklə sevgisini bildirərdi. Bu yolla onun sevgi ehtiyacını ödəyərdi.

O Həzrətin ən yaxın səhabələrindən olan Muhəmməd ibni Muslim nəql edir: "Mən İmam Baqirin (ə) yanında idim. Bu zaman kiçik yaşlı övladı Cəfər (ə) gəldi. Onun əlində əsa vardı ki, onunla oynayırdı. İmam Baqir (ə) onu sevərək qucağına götürdü, sinəsinə sıxdı. Ona dedi: "Atam-anam sənə fəda olsun, əlindəki çubuqla pis iş görmə və oynama”. Sonra buyurdu: "Ey Muhəmməd, məndən sonra o sənin İmamındır. Onun ardınca get və onun elmindən istifadə et. Allaha and olsun ki, o, həmin Sadiqdir ki, Allahın Rəsulu (s) onun Əhli-Beyt (ə) davamçılarının dünya və axirətdə qələbə çalacaqlarını və düşmənlərinin hər bir peyğəmbərin zamanında məlun olacağını xəbər vermişdir”. Bu zaman Cəfər (ə) gülür və üzü qızarır. Sonra İmam Baqir (ə) mənə dedi: "Ona sual ver”. Mən ondan soruşdum ki, ey Allahın Rəsulunun (s) oğlu, gülmək bədənin hansı üzvündən qaynaqlanır. Cəfər (ə) buyurdu: Ey Muhəmməd, ağıl - qəlbdən, qəm - qara ciyərdən, nəfəs - ağ ciyərdən, gülüş də dalaqdan qaynaqlanır”. Bu cavabı ondan eşidəndə yerimdən qalxdım və onu öpdüm.” 
Saleh övladı tərifləmək

Övladı və onun yaxşı işlərini yerli-yerində tərifləmək - onun müvəfəqiyyət qazandığını və güclü olduğunu hiss etməyə bais olar. Eyni zamanda yaxşı işlər görmək üçün stimula çevrilər. Xüsusilə də, əgər tərif yerində olarsa və övladlarının layiqli rəftarları onlar üçün mühüm olan insanların yanında olarsa.

Əli ibni Həkəm İmam Baqirin (ə) səhabələrindən biri olan Tahir haqqında nəql edir. "Mən İmam Baqirin (ə) hüzurunda əyləşmişdim. Oğlu Cəfər (ə) onların yanına gəlir. İmam Baqir (ə) onun haqqında buyurur: "O, Allahın ən gözəl məxluqudur””. Bu hədisdən göründüyü kimi, İmam Baqir (ə) səhabəsinin yanında övladını tərifləyir. 

Valideyn və övlad nəsihəti


Övladları nəsihət etmək və onlarla söhbət etmək valideynin övlada həyatda düz yol göstərməyi ilə yanaşı, övladla valideyn arasında səmimi rabitənin yaranması üçün də zəminə yaradar. Bu yolla da valideyn, xüsusilə də ata, övlada yaxınlaşa bilər. Səmimi və sevgi dolu fəzada, övladının isrəkləri və çətinliklərindən agah halda onlara düz yol göstərər. İmam Baqir (ə) də münasib fürsətdə övladları ilə söhbət edərdi. Bəzən insanların içində, bəzən də tək halda onlara nəsihət verərdi. Onlardan bir neçəsinə işarə edək:

1. İsmayıl ibni Xalid nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişdim ki, buyurur: "Atam Əbu Cəfər (ə) biz övladlarını toplayardı və bizə deyərdi: "Ey övladlarım, başqalarının hüquqlarını tapdalamaqdan çəkinin. Çətinliklərdə səbir edin. Əgər qohumlarınız sizi zərəri faydasından çox olan bir işə dəvət etsələr, yerinə yetirməyin””.

2. O Həzrətin (ə) İmam Sadiqə (ə) verdiyi tövsiyələrdən biri də bu idi: "Allah üç şeyi başqa bir üç şeydə gizlətmişdir. Razılığını itaətdə gizlətmişdir. Ona görə də heç bir itaəti kiçik hesab etmə. Ola bilsin ki, razılığı həmin itaətdə olsun. Qəzəbini və hirsini günahda gizlətmişdir, ona görə də heç bir günahı kiçik sayma. Ola bilsin ki, qəzəbi onda olsun. Övliyalarını bəndələrinin arasında gizlətmişdir, ona görə də onun bəndələrindən heç bir kəsi kiçik sayma. Ola bilsin ki, həmin bəndə onun Vəlisi olsun”.

3. O Həzrət (ə) övladına deyir: "Övladım kəsalət və qəmdən uzaq ol ki, bunların ikisi də hər bir şərrin açarıdır. Çünki əgər süst və tənbəl olsan, haqqı yerinə yetirmək istəməyəcəksən. Əgər qəmgin və qüssəli olsan, haqqa səbir göstərməyəcəksən”.

4. Sufyan Suri nəql edir ki, İmam Sadiq (ə) ilə görüşdüm və ondan istədim ki, mənə nəsihət etsin. O Həzrət (ə) buyurdu: "Ey Sufyan! Atam mənə üç şeyi tapşırmış və üç şeydən uzaq olmağımı tövsiyə etmişdir. Bu tövsiyələrdən biri o idi ki, hər kim pis dostla yol gedər, salamat olmaz. Hər kim ittiham yerinə gedər, ittiham olunar. Hər kim dilini kontrol etməzsə, peşman olar”.

Ailə sakitliyinin tərbiyədə əhəmiyyəti


Şübhəsiz ki, ailənin tərbiyədə mühüm rolu vardır. Övladların düzgün yetişdirilməsində valideynin bu məsələyə ciddi yanaşması və ailədə sakit fəzanın olması çox mühümdür. Ailədəki nizamsızlıq, valideynlər arasında münaqişələr, ailə üzvləri arasında səmimi rabitənin olmaması - kiçik cəmiyyət olan ailədə təhlükəsizliyi pozar və saleh övlad yetişdirməyi xətərə salar. Ona görə də hədislərdən göründüyü kimi, ailədə məhəbbət təzahürü ilə yanaşı, ata ailə üzvləri ilə yaxşı rəftar etməlidir. Bu ona görədir ki, ailədə xoş rəftar etməyin xüsusi əhəmiyyəti vardır. Onun müsbət nəticəsi başqa insanlarla xoş rəftar etməkdir. Belə ki, kiçik cəmiyyət olan ailənin bütün üzvləri bir-biri ilə rabitədədirlər. Bir-birinə təsir qoyurlar. Xoş rəftar və ya pis rəftar bütün ailə üzvlərinə təsir edər. İmam Baqir (ə) bu haqda buyurub: "Hər kəs ailəsinə qarşı yaxşı hisslər və mehribanlıq bəsləyərsə, ömrü uzun olar”. 

Valideyn və müəllimlərin əməli tərbiyəsinin əhəmiyyəti

Müqəddəs tərbiyə cihadında müvəffəqiyyət qazanan müəllimlər sözdə yaxşı rəftara dəvət etməklə yanaşı, saleh əməllə də dəvət edirlər. Onlar söz deməmişdən əvvəl, əməl edərlər. Başqalarını tərbiyə etməmişdən əvvəl, özlərini islah edərlər. Ona görə də övladlarının ilk müəllimləri olan valideynlər övladları ilə əməl dili ilə danışmalıdırlar.

Övladları gərək görsünlər ki, valideynlər dediklərinə əməldə riayət edirlər. O zaman özləri də əməl edərlər. Əməlləri danışıqlarına uyğun olar.

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, Məsum İmamların (ə) tərbiyədəki müvəffəqiyyətlərinin sirləri ondadır ki, onlar övladlarını əməllə tərbiyə edirdilər. Onlar daim dediklərini edirdilər. Bu nöqtə İmam Baqirin (ə) tərbiyə metodunda da gözə çarpır. Bu Həzrətin övladları atalarının saleh əməllərini və düzgün rəftarını görərək, onu özlərinə nümunə hesab edirdilər. 

O Həzrətin (ə) iki rəftarına toxunacağıq:


1. İmam Baqir (ə) və yoxsullara sədəqə: O Həzrətin böyük övladı tərəfindən nəql edilir: "Bir gün atamın yanına gələndə gördüm ki, o, həmin gün Mədinə yoxsullarına 8 min dinar sədəqə verirdi”.

2. İshaq ibni Əmmar İmam Sadiqdən (ə) nəql edir: "Mən daim atamın yatağını açardım və gözləyərdim ki, o, yatağa girsin və yatsın. Sonra durub, öz yatağıma gedərdim. Bir gecə o Həzrət gəlməyəndə onun dalınca məscidə getdim. Bütün insanlar yatmış idi və onu məsciddə səcdə halında gördüm. Ondan başqa məsciddə heç kim yox idi”. 

Övladların mənəvi tərbiyəsi

Tərbiyənin bir çox qolları vardır ki, o cümlədən cismi, əqli, ictimai, əxlaqi tərbiyəni misal göstərmək olar. Bunların içində ən mühümü - mənəvi tərbiyədir. Bizim fikrimizcə, İslami tərbiyədə bu qolun inkişaf etdirilməsi o biri qollardan daha üstündür. Bu tərbiyə növündə insanın Allah ilə rabitəsi üçün zəminə hazırlanır və nəhayətdə insan qurbi-İlahiyə çatmaq üçün tərbiyə edilir. İmam Baqir (ə) öz övladlarının mənəvi tərbiyəsində iki metoddan istifadə edərdi.

1. Zikr və Allahı yada salmaq. Zikr - insan qəlbinin Allaha diqqəti deməkdir. Bəzən söz qəlibinə tökülərək, dildə deyilər və insanın mənəvi inkişafında xüsusi rol oynayar. İbni Qədah İmam Sadiqdən (ə) nəql edir: "Atam Allahı çox yada salardı. Onunla yol gedəndə onu zikr edən halda görərdim, onunla yemək yeyəndə onu Allahı yada salan halda görərdim. İnsanlarla söhbət edəndə Allahı yaddan çıxartmazdı. Mən müşahidə etmişdim ki, onun dili daim "Lə İləhə İlləllah "kəlməsini söyləyir. Atam bizi toplayardı və bizə Allahı zikr etməyi, Onu yada salmağı əmr edərdi. Bu məsələ günəş çıxana qədər davam edərdi. Bizlərdən Quran tilavət edə bilənlərə Quran oxumağı və oxuya bilməyənlərə isə zikr söyləməyi göstəriş verərdi”.

Bu hədisdən iki mühüm nəticə çıxartmaq olar: birincisi odur ki, Həzrətin dedikləri elədiklərinə uyğun gəlirdi. Bu onu göstərir ki, İmam əvvəl özü əməl edir, sonra övladlarına Allahı yada salmağı əmr edirdi. İkinci nöqtə isə odur ki, övladları öz hallarına buraxmaq olmaz. Münasib fürsətlərdə stimul və şövq yaratmaqla onları yaxşı işlərlə məşğul etmək lazımdır.

2. Dua. Dua insanın mənəvi tərbiyəsində çox mühüm rol oynayır. İnsan dua vasitəsilə Allahla rabitə yaradır. İmam Sadiq (ə) buyurur: "O zaman ki, bir məsələ atamı qəmgin edərdi, o, övladlarını və həyat yoldaşlarını toplayar və özü dua edərdi. Onlar da "Amin!” deyərdilər”. Həmçinin Bərid ibni Maviyə nəql edir: "O zaman ki, İmam Baqir (ə) səfərə çıxmaq istəyirdi, ailəsini toplayır və bu cür dua edərdi: "Pərvərdigara! Özümü, əhlimi, malımı və övladlarımı, hazır olanları və olmayanları Sənə tapşırıram. Pərvərdigara, bizi qoru, bizləri daima sağlam et. Pərvərdigara, bizlərə Öz ətrafında yer ver, nemətləri bizdən alma, bizlərə aid olan fəziləti dəyişdirmə”.

Bu iki hədisdən məlum olur ki, o Həzrət (ə) övladlarına dua vasitəsilə Allahı yada salmağı öyrədərdi. Onlara təlim verərdi ki, tək olanda, çətinliklə üzləşəndə Allaha təvəkkül etmək lazımdır və ancaq Ondan kömək diləmək lazımdır. 

Hazırladı: Məşhədi Xanım,
"Dəyərlər”

Category: Exlaq | Baxış: 1388 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 1
+1  
1 nigus-22   (2011-04-16 7:55 PM) [Daxil et]
Cox sag olun Allah razi olsun. Inshallah yazilanlari bacardigim qeder ovladlarimin terbiyesinde istifade edecem. angel1 angel1 :angel: angel1

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]