Bazar günü, 2024-12-22, 7:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 30 » İslam əxlaqında valideynə necə dəyər verilir?
2:52 AM
İslam əxlaqında valideynə necə dəyər verilir?
İslam  əxlaqında valideynə necə dəyər verilir?

İslam dinində mühüm əhəmiyyət kəsb edən əxlaqi məsələlərdən biri də valideynə olan ehtiramdır. Həyatda çox insanlar var ki valideynə xidmət edib onların qayğısına qalmaqla ata və analarının xeyir dualarını almışlar. Bu xeyir dua vasitəsilə həm mənəvi, həm də maddi cəhətdən yüksəlmişlər. İslam dininin buyurduğuna görə valideynin övladına etdiyi dua mütləq qəbuldur. Allah təala bizlərə ata və anaya yaxşılıq etməyi tövsiyə edərək müqəddəs kitabımız olan Qurani Kərimdə belə buyurur:

"Və Rəbbin ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların sərt davranışları müqabilində narahatlığını biruzə vermə, hətta) onlara "uf” demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de”

.(İsra surəsi: ayə.23)

Ata və ananın qədrini bilib onlara qayğı göstərənlər hər bir dövrdə olmuşdur. Xalq arasında hörmət və məqam sahibi olan bir şəxsdən soruşurlar: xalqın arasında olan bu şöhrət və məqama necə çatmısan? O şəxs belə cavab verdi:

 Anamın duası ilə. Anam bir gecə məndən su istədi, su gətirdim, amma qayıdanda gördüm yatıbdır. Sübhə qədər onu gözlədim. Anam sübh vaxtı ayıldı, məni başının üstündə görüb təəccüb elədi və soruşdu:

Nə üçün burda dayanmısan? Əhvalatı ona danışdım. Anam bir söz demədi, ayağa qalxdı, namaz qıldı və belə dua etdi:

İlahi oğlum məni böyük və əziz tutdu, sən də onu xalq arasında böyük və əziz eylə.

Bəli Allah təala ananın övladına etdiyi duasını qəbul etmiş və övladı xalq arasında hörmət və məqam sahibi olmuşdur.

İslamın nəzərində valideynin, xüsusilə də ananın haqqı övladın boynunda o qədər böyükdür ki, övlad heç cür onun haqqını qaytara bilməz. Həzrəti Muhəmməd (s)-ın dövründə bir kişi anasını da çiyninə almış Allah evini – Kəbəni təvaf etməklə məşğul idi. Təvaf vaxtı Peyğəmbəri gördü və o həzrətdən soruşdu:

Ya Rəsuləllah mən bu işi görməklə anamın haqqını yerinə yetirə bilmişəmmi?

Peyğəmbər(s) buyurdu:

Xeyr! Sən bu işlə hətta ananın sənə hamilə olarkən çəkdiyi nalələrdən birinin də əvəzini verə bilməyibsən. 

Doğrudan da İslam dini ata-anaya çox hörmət qoyur. Valideynə qəzəbli baxmamağı, hətta onlara qarşı uf kəliməsini belə işlətməməyi məsləhət edir.

 Maraqlıdır ki Yusif peyğəmbərin bir an atasına diqqətsizlik etməsi, peyğəmbərlik nurunun onun əlindən çıxmasına səbəb oldu. İmam Sadiq(ə) buyurur: "Yaqub peyğəmbər ömrünün ixtiyar çağında oğlu Yusif peyğəmbərin yanına gəldi. Həzrəti Yusif atasını qarşılamağa çıxdı. Amma izzət və şöhrət onu tutduğuna görə atasının qarşısında atdan enməyi unutdu. Sonra Allahın böyük mələklərindən sayılan vəhy mələyi Cəbrail nazil oldu və dedi:

Ey Yusif əlini aç! Həzrəti Yusif əlini açan zaman əlindən bir nur qalxdı və göylərə getdi.  Hz. Yusif soruşdu:

Ey Cəbrail əlimin içindən çıxan nur nə idi?

Allahın vəhy mələyi Cəbrail belə cavab verdi: o nur, peyğəmbərlik nuru idi. İxtiyar yaşlı atanın qarşısında enmədiyin üçün peyğəmbərlik nuru səndən alındı. Bundan sonra sənin övladlarından heç biri peyğəmbər olmayacaq”.

Bu hadisəyə əsasən də demək olar ki, valideynimizə ehtiram və məhəbbət etməkdə qüsur etməməliyik. Amma təəssüflər olsun ki, bəzi övladlar ata-analarına qarşı diqqətsiz olur, onlara ehtiram etmir, hətta onlara qəzəblə də cavab verirlər.

 İmam Sadiq(ə) gördü ki bir cavan hörmətsizlik, etinasızlıq və ehtiramsızlıq etmək qəsdi ilə atasının qarşısında üç addım atdı. İmam buyurdu:

"Bura gəl oğul. Oğlan gəldi. İmam buyurdu:

And olsun Allaha etinasızlıq və ehtiramsızlıq qəsdi ilə atanın qarşında atdığın üç addıma görə Allah təala 30 il ömrünü azaltdı”.

Hüquqları yerinə yetirməyin mərhələləri vardır, əvvəlcə Allahın haqqıdır sonra valideynin haqqıdır. Yəni insan əvvəlcə Allahın buyurduqlarını yerinə yetirməli, sonra isə valideynin buyurduqlarını yerinə yetirməlidir. Əgər valideyin Allahın haram etdiyi bir şeyi övladının yerinə yetirməsini əmr edərsə, bu zaman övlad valideyninin sözünə qulaq asmayacaq, Allahın buyurduğuna əməl edəcək.

Vəzifə və məqam gərək bizlərə valideynimizə ehtiram etməyi unutdurmasın. Hansı bir məqamda olsaq da valideynimizi özümüzdən üstün bilməliyik.

Valideynə yaxşılıq etmək yalnız müsəlmanlara aid de-yil. Gərək bütün insanlar öz valideyinlərinə ehtiram və yaxşılıq etsin.

İslam dininin buyurduğuna əsasən övladların boynunda bir vəzifədir ki, öz ata-analarına qarşı heç olmasa təvazökar və ədəbli olsunlar, onların şəxsiyyətini əziz və möhtərəm bilsinlər. Bu vasitə ilə onlar, valideyinlərinin razılığını qazanarlar və Allah təala da bu övladlardan razı qalar. Çünki həzrəti Muhəmməd(s) buyurur:  Allahın razılığı, ata-ananın  razılığında və xoş olmasındadır”.                                                                                                                                                                      


Qurban Qurbanov
iman.ge

Category: Exlaq | Baxış: 932 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]