Bazar günü, 2024-12-22, 10:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 23 » İslam dunyagörüşü İnsan və iman
9:17 AM
İslam dunyagörüşü İnsan və iman
İNSAN VƏ HEYVAN
İnsan digər heyvanlar kimi bir canlıdır və onlarla müştərək olan bir çox xüsusiyyətlərə malikdir. Amma bununla belə, insan bəzi özünəməxsus xüsusiyyətləri ilə digər canlılardan fərqlənir və bu xüsusiyyətlər onun məqamını ucaldaraq ilahiləşdirir.
İnsanı digər canlılardan fərqləndirən ən başlıca xüsusiyyət isə onun «insan olmasıdır». Başqa sözlə desək, onun malik olduğu mədəniyyət və svilizasiyadır.
Ümumiyyətlə canlılar yalnız özlərini və onları əhatə edən mühiti dərk edə bilir, əldə etdikləri bu məlumatların sayəsində öz istək və armanlarına nail olmaq üçün böyük səy və cəhdlər göstərirlər. İnsan da digər canlılar kimi əldə etdiyi məlumatlarla öz istəyinə nail olmaq üçün həyatla mübarizə aparır və bu yolda böyük məşəqqətlərlə üzləşir.
İnsanın digər canlılarla fərqli xüsusiyyəti, onun ətraf mühitə olan məlumatının daha geniş və kamil olmasıdır.
İnsanı digər canlılardan fərqləndirən və ona ilahi gözəllik bəxş edən məhz bu xüsusiyyətlərdir.

AGAHLIQ NURU VƏ HEYVANLARIN İSTƏK DAİRƏSİ
Heyvanlar ətraf mühitdən əldə etdikləri məlumatları zahiri hiss orqanları (göz, qulaq, burun, dad bilmə [ağız] ləms etməklə) kəsb edə bilirlər. Bu səbəbdən də onların əldə etdikləri məlumatlar zahiri və məhdud olur. Onları insanla müqayisə etdikdə bir neçə fərqli cəhət nəzərə çarpır:
1-Heyvanlar ətraf mühitdə müşahidə etdikləri varlıqların batininə yol tapa bilmir və məlumatları yalnız onların zahiri görnüşündən əldə edə bilirlər.
2-Heyvanların məlumatı insan kimi ümumi deyil, cüzi və məhduddur.
3-Heyvan, yalnız yaşadığı məntəqədən agah olar bilər, ətraf məntəqələrdən isə xəbərsiz qalıb heç bir məlumat əldə edə bilməyir.
4-Heyvan, yalnız yaşadığı müddət ərzində ətraf mühitdən agah ola bilir, onun nə keçmişindən, nə də gələcəyindən xəbərdar olur. Heyvanlar bu barədə səy belə etmirlər.
Heyvanlar belə bir məhdud çərçivədə dünyaya gəlir və oradaca da dünyalarını dəyişirlər. Bu çərçivədən çıxdıqda isə, belə bir proses onların agahlıq və ixtiyarı ilə baş verməyir. Belə bir [qeyri-adi] hadisə yalnız müxtəlif təbii proseslər şəraitində icbari və qeyri-ixtiyari şəkildə həyata keçə bilər.
Heyvanların istəkləri də, ətraf mühitə agah olduqları kimi, məhdud və müəyyən çərçivədədir.
1-Onlar üçün əxlaqi və mənəvi prinsiplər heç bir məna kəsb etməyir və istəkləri yalnız yemək-içməkdən, yatıb-durmaqdan, yuva qurub öz cinsindən istifadə edərək nəsil artırmaqdan ibarətdir.
2-Heyvanların istəyi yalnız onların özlərinə və öz həmcinslərinə aid olur.
3-Yalnız yaşadıqları məntəqəyə aid olur.
4-Ətraf mühitdən məlumat əldə etdikləri kimi, istəkləri də yaşadıqları dövrə aid olur.
Yəni heyvanların ətraf mühitdən əldə etdikləri məhdud məlumatlar onların istəklərinə şamil olur. Amma bəzi heyvanların cəm halda yaşadıqlarının və gələcək haqqında düşündüklərinin də şahidi oluruq.
Bal arısını buna misal çəkmək olar. Onlarda müşahidə etdiyimiz belə bir davamiyyətli prosesi heç də şüur və əqli dərrakə hesab etmək olmaz. Sadəcə olaraq bu onların təbiətində adət halına düşmüş instiktual bir vəzifədir. Onlara belə bir daxili qüvvəni aləmləri nəzmə salan, hər şeydən uca və agah olan bir varlıq bəxş etmişdir.

DÜŞÜNCƏ VƏ İNSANIN İSTƏK DAİRƏSİ
İnsanın istər arzu və istəkləri, istərsə də düşüncə və dərrakəsi böyük bir mətləbi əhatə edir.
İnsan, onu əhatə edən varlıqlar ilə zahiri tanışlıq əldə etdikdən sonra onların batini mahiyyətini və bir-birləri ilə qurduqları əlaqələri dərindən araşdırmağa başlayır. Onun əldə etdiyi məlumatlar daim eyni səviyyədə qalmayıb, zaman və məkan çərçivəsindən kənara çıxır. İnsanın məlumat dairəsi genişlənərək yaşadığı planetdən xaric olur, qalaktikada sayrışan milyonlarla ulduz və planetləri tədqiq etməyə başlayır. Beləliklə, gələcəkdə baş verəcək təbii prosesləri qabaqcadan araşdırır və lazımi tədbirlər həyata keçirir. Habelə insan özünün, yerin, göylərin, dağların, dənizlərin, heyvan və bitki aləminin və digər varlıqların tarixini öyrənir və onların əsrlər boyu keçdikləri mərhələləri yaxından öyrənməyə cəhd göstərir.
Bütün bunlarla yanaşı insan, əbədiyyat və əbədi varlıqlar haqqında düşünür və illər boyu apardığı tədqiqatlar nəticəsində müəyyən məlumatlar əldə edə bilir.
O, məhdud qanunlarla kifayətlənməyib, dünyaya hakim olan ümumi qanunauyğunluqlar haqqında dəyərli məlumatlar əldə edir.
Beləliklə o, təbiət üzərində öz hakimiyyətini bərqərar edir.
İnsan düşüncə və əldə etdiyi məlumatlar kimi, öz arzu və istəklərində də yüksək dərəcələrə nail ola bilir. O, hər şeyi dəyərləndirən bir varlıqdır, onun arzu və istəkləri tək özü üçün müəyyən zaman və məkan çərçivəsində olmayıb, daimi və ümumbəşəridir. Arzu və istəkləri o qədər böyük və sonsuz olur ki, bəzən onu hər şeydən üstün tutur. Belə ki, başqalarının rifah və rahatlığını öz rahatlığından üstün tutur, onların sevinc və kədərinə şərik olur. Bu bağlılıq bəzən elə bir həddə çatır ki, o, bu yolda öz malını və canını fəda etməyə belə hazır olur. Bəşər svilizasiyasının təməlini təşkil edən bu hərəkat məhz insani dururmun üzərində qurulmuşdur.

İNSANIN DİGƏR CANLILARDAN ÜSTÜNLÜYÜ
İnsanın dünya görüşü əsrlər boyu yüksələrək geniş vüsət almışdır. Belə bir dünya görüşü məntiqi qanunlar əsasında kamilləşmiş və sonralar «elm» adlandırılmışdır. Elm bəşəriyyətin həm dünya haqqındakı təfəkkür tərzinə, həm də fəlsəfəyə şamil olunur.
Bəşəriyyətin yüksək mənəvi təmayülü onun iman və etiqadından, habelə mövcud olan bəzi həqiqətlərdən irəli gəlir.
İnsanda mövcud olan belə bir iman və bağlılıq öz növbəsində ona müəyyən qədər də olsa, dünya görüşü və ideologiya bəxş edir. Bunun əsas amili isə, adətən ya peyğəmbərlər, ya da sağlam düşüncəli filosoflar olmuşlar. Onların əsas məqsədi bəşəriyyəti sağlam düşüncəyə yönəldib iman və etiqadlarını gücləndirmək olmuşdur.
Demək insanın yüksək və mənəvi təmayülü etiqad və sağlam düşüncə üzərində qoyulduğu zaman «iman»adlandırılır.
Burada belə bir nəticəyə gəlmək olur ki, insanın digər canlılardan ən ümdə fərqi onun «insaniyyətidir».
İnsanın digər canlılardan üstün olması haqda çox sözlər deyilmişdir. Bəziləri insanın digər canlılardan bir o qədər də fərqli xüsusiyyətə malik olmadığını iddia etmişlər. Onların fikrincə insan digər canlılardan mahiyyət baxımından deyil, yalnız zahiri quruluş və ona xas olan bəzi xüsusiyyətlərlə fərqlənir. Şərq və qərb filosoflarının«insanla tanışlıq» haqqında irəli sürdükləri heyrətamiz və olduqca əhəmiyyətli olan dəyərli mülahizələr sanki onlarda maraq doğurmamışdır.
Bu alimnümalar insanın mətləb və istək baxımından heyvanla heç bir fərqli xüsusiyyətə malik olmadığını bildirmişlər. Bəzilərinin fikrincə isə insanın digər varlıqlardan fərqli xüsusiyyəti onun canlı olmasıdır. Onların fikrincə yeganə canlı məxluq insandır, heyvan aləmi isə canlılara oxşar hiss, ağrı və ləzzət bilməyən və heç bir şeyə meyli olmayan bir varlıqdır. Onlar insanın tərifində deyirlər: «İnsan» həqiqi varlıqdır.
İnsanı yeganə canlı varlıq hesab etməyən digər alim və mütəfəkkirlər isə insanla, canlılar arasında müxtəlif əsas fərqli xüsusiyyət olduğuna işarə etmişlər. Bu səbəbdən də insanı müxtəlif ifadələrlə tərif etmişlər. Məsələn, onu natiq heyvan (fikirləşən və danışan canlı), doymaq bilməyən, [varlıqları və ya mənəviyyatı] qiymətləndirən, qeyri-müəyyən, azad və muxtar (ixtiyar sahibi), üsyançı, ictimai, inzibatçı, nəzm və intizam tələb edən, gözəllik sevən, ədalət tələb edən, aşiq, iki üzlü, vicdan və məsuliyyət sahibi, metafizik aləmi sevən, əqidəpərəsət, iztirablı, təxəyyül yaradan, metafizik varlıq, mənəviyyat qapısı və s. ifadələrlə adlandırmışlar.
İnsana aid olunan bu xüsusiyyətlərin hamısı düzgündür, amma onu digər canlılardan fərqləndirən əsas xüsusiyyətlər ilə tanış olmaq istəsək gərək onun «elm» və «iman»nından söhbət açaq.

Müəllif: Ustad Mürtəza Mütəhhəri    
Category: Exlaq | Baxış: 978 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]