Bazar günü, 2024-12-22, 11:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 17 » İSLAM - ALLAHIN NAZİL ETDİYİ HƏQİQİ DİN
11:23 AM
İSLAM - ALLAHIN NAZİL ETDİYİ HƏQİQİ DİN
 
İSLAM - ALLAHIN NAZİL ETDİYİ HƏQİQİ DİN

İslam - ilk və son ilahi din...
İslam haqqında bəhs edildikdə ilk öncə «İslam» sözünün mənasının düzgün dərk edilməsi zəruridir. Ərəb dilində «İslam» insanın iradəsinin Allah-Təalaya tam tabe olması, təslim olması, insanın Allaha itaət etməsidir. Öz iradəsini Allaha tabe edən, təslim edən insan - müsəlman (ərəbcə - «müslim») adlanır. İslam nə müxtəlif şəxslərin, nə əşyaların adı ilə bağlı olmayan bir dindir. Məlum olduğu kimi, xristianlıq İsa Məsihin, buddizm Qautama Buddanın, konfuizm Konfusinin, iudaizm isə İudanın adı ilə bağlıdır. İslam isə Allahın, həqiqətən də hələ Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərədək nazil etdiyi dinin adıdır. İslam bütün peyğəmbərlərin dinidir. Müqəddəs Qurana görə, Allah-Təalənın həqiqi dininə iman gətirənlərin hamısı müsəlmandır.
«Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. Allah bundan (Qurandan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız...» (22;78)
Həqiqətən də, bütün ilahi dinlər Allah tərəfindən nazil edilmiş, lakin dövrün təsiri altında insanlar tərəfindən dəyişdirilmiş və təhrif olunmuşdur. Bütün monoteist dinlər yalnız tək Allaha etiqadı təbliğ etmiş və başqa ilahi qüvvələrin olduğunu inkar etmişlər. Zaman keçdikcə, müxtəlif dinlərin nazil olunmasında vasitəçilik edən şəxslər (peyğəmbərlər) ilahiləşdirilir və müqəddəsləşdirilirdilər. Onları Allaha bənzədirdilər. Xristianlıq, buddizm, krişnaizm buna nümunə ola bilər. Öz dövrlərinin peyğəmbərlərindən heç biri özünün Allah adlandırılmasına iddia etməmişdi. Lakin bu gün həmin dinlər öz peyğəmbərlərini Allah kimi tanıyır, onlara sitayiş edir və öz istəklərini onlara ünvanlayırlar.
Bəşəriyyət tarixində dinlərin təhrif olunmuş şəkildə dərk edildiyi dövrdə insanlara dinin həqiqət yolunu göstərmək üçün Allah tərəfindən başqa peyğəmbərlər göndərildi. Onların hamısı eyni vəzifə daşıyırdı. Zaman keçdikcə, bir-birini əvəzləyən peyğəmbərlər yalnız bir məqsədlə göndərilirdilər.
İslam nöqteyi-nəzərindən, peyğəmbərlərin hamısına eyni münasibət bəslənilir, aralarında fərq qoyulmur.
«Deyin ki, «Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladına göndərilənə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilənə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha təslim olanlarıq (müsəlmanlarıq). Əgər onlar da siz inandığınız kimi inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar...» (2; 136-137)
Başqa bir ayədə deyilir:
«Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir!..» (4;152)
Bu o deməkdir ki, Allaha iman gətirən insan peyğəmbərlər arasında fərq qoymamalıdır.
Məhəmməd peyğəmbərədək, Qurani-Kərim nazil olmadan öncə, cəmiyyətdə cəhalət hökm sürürdü. İnsanlar müxtəlif bütlərə etiqad edir və ədəbsiz işlərlə məşğul olurdular. Belə bir şəraitdə Allah insanlara İlahi Göstərişlər nazil etdi və həqiqət yolunu göstərdi, cahillikdən qurtulmaq üçün vasitə bəxş etdi, çünki insanların ilahi biliklərə yiyələnmələri və onlar vasitəsilə düşünmələri, dərk etmələri, fikirləşmələri yalnız bu yolla mümkün idi. Müqəddəs Kitabın ilk nazil olan ayəsi bu olmuşdur:
«Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi». (96; 1-5)
Ümumilikdə, peyğəmbərlər iki qismə bölünürdü: onların bir qismi bizə şəriət qanunlarını gətirir və bu qanunları insanlar arasında yayır, digər qismi isə əvvəlki peyğəmbərin dinini təbliğ edirdi. Bildiyimiz kimi, İslam sonuncu din, Quran sonuncu Müqəddəs Kitab, Məhəmməd isə Allah tərəfindən göndərilən sonuncu peyğəmbərdir.
«Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur!..» (33;40)
Quranda biz şəriət gətirən beş peyğəmbərlə rastlaşırıq: Nuh, İbrahim, Musa, İsa və Məhəmməd. Onları Böyük peyğəmbərlər («ulul-əzm») adlandırırlar. Qeyd etdiyimiz kimi, Məhəmməd onların sonuncusudur və peyğəmbərliyin başa çatması məhz onun adı ilə bağlıdır. Bu məsələyə ikili yanaşma mövcuddur: Məhəmməd Müqəddəs Kitab çatdıran sonuncu peyğəmbərdir, ümumiyyətlə, Məhəmməd peyğəmbərlərin sonuncusudur.
Bildiyimiz kimi, insanlara Müqəddəs Kitabı çatdıran Nuh, İbrahim və Musadan sonra, əvvəlki peyğəmbərlərin şəriətini təbliğ edən çoxlu peyğəmbərlər göndərilmişdi. Belə bir sual meydana çıxa bilər: bəs sonuncu şəriət qanununu çatdıran Məhəmməddən sonra niyə onun dinini təbliğ edən peyğəmbərlər olmayıb? Bu, bir tərəfdən, şəriət daşıyıcıları vasitəsilə peyğəmbərliyin sona çatması ilə izah edilə bilər ki, bunun da mahiyyətini aşağıdakı kimi açıqlamaq mümkündür: bəşəriyyətə ilahi vəhy vasitəsilə çatdırılmalı olanların hamısı ilahi buyruqları ehtiva edən Quran vasitəsilə açıqlanıb. Quran əvvəlki şəriətləri özündə birləşdirir, kamilləşdirir.
«Bu gün dininizi tamamlayıb kamala yetirdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim!» (5;3)
İslam bütün zamanların son dinidir, çünki o, Qiyamət gününədək hökm sürəcək. İslam təlimi, İslam doktrinası, bu dinin prinsipləri, yəqinlik və səmimiyyətlə onlara iman gətirmiş insanların ağlı və idrakı ilə qəbul olunur. İslamda inam abstrakt xarakteri daşımır, o şəxsin əminliyinə əsaslanır və məhz buna görə o sadəcə inam deyil, iman adlandırılır, yəni öz inamında əmin olmaq. Məhz belə iman İslama iman gətirən hər bir insana xoşbəxtlik bəxş edir, onu ilahi yolla Allaha yaxınlaşdırır.
Allah-Təala Quranda bəşəriyyətə ümumi prinsiplər təyin etmişdir. Zaman və coğrafi mühitin daimi təkamülünə baxmayaraq, bu prinsiplər, ümumbəşəri prinsiplər olduğundan, mənəviyyatın dəyişməz qanunlarına çevrilmişlər. Lakin hər bir insanın həmin prinsiplər çərçivəsində rastlaşdığı problemlərin həllini Allah insanın dərrakəsinə, şüuruna həvalə etmiş, onların həyata keçirilməsi üçün insana ağıl, müdriklik vermişdir. Bütün bunlardan sonra, artıq insanın yeni ilahi vəhylərə ehtiyacı yoxdur. Bu səbəbdən də Allah şəriətin yeni daşıyıcısı, yeni peyğəmbər göndərməyə ehtiyac görmür. Digər tərəfdən, bu, şəriəti təbliğ edən peyğəmbərliyin başa çatması ilə əlaqədardır. Bu məsələyə toxunmazdan əvvəl, əvvəlki peyğəmbərlər dövrünü, o zaman hökm sürən qanunları, şəraiti qismən də olsa, nəzərdən keçirməliyik. Nə üçün şəriət qanunlarının daşıyıcılarından, peyğəmbərlərdən sonra Tanrı bizə elə həmin qanunları təbliğ edən yeni peyğəmbərlər göndərmişdir.
Tarix şahiddir ki, həmin dövrlərdə bəşəriyyət cüzi biliklərə malik idi. Quranda da bu barədə deyilir ki, peyğəmbərlər insanlara ilahi göstərişləri çatdırır və onlara haqq yolunu göstərirlər. Lakin çox keçməmiş insanlar, öz cahillikləri üzündən, ilahi göstərişləri unutmağa və bu səbəbdən də onları təhrif etməyə başladılar. Bu onların sanki səciyyəvi bir xüsusiyyətinə çevrildi. Məhz onda, Allah dini təhriflərdən qorumaq, şəriətin orijinallığını saxlamaq üçün başqa peyğəmbərlər göndərirdi və onlar da şəriət daşıyıcısı olan sələflərinin şəriətini təbliğ edirdilər.
Bu yolla Allah Öz dinini təhrif olunmaqdan qoruyurdu və o zaman bu, dinin mühafizəsi üçün yeganə çıxış yolu idi. İndikindən fərqli olaraq, o zaman Müqəddəs kitablar böyük tirajlarla buraxılmır və adətən öz subyektiv fikirlərini, adi istək, arzu və xəyallarını, baxışlarını din kimi qəbul edən xalq isə ilahi din barədə heç düşünmürdü. Din xadimləri də öz missiyalarını layiqincə həyata keçirməyə qadir deyildilər. Onlar öz şəxsi mənafelərini güdür, kahinliklə məşğul olur, xalqı Allahın deyil, özlərinin iradələrinə tabe etməyə can atırdılar. Cəmiyyət yeni yarandığından, dini müdafiə etməyə və qoruyub saxlamağa qadir deyildi. Onun elmi və bilikləri buna imkan vermirdi.
Lakin zaman keçir, elmə, biliklərə və şüurun gücünə əsaslanan cəmiyyət təkamül edir, elm və bilik cəhaləti əvəz edir. İnsanlar düşünməyə, yeni kəşflər etməyə başlayır, tərəqqi yoluna qədəm qoyurlar. Bəşər tarixinin bu mərhələsində insanlar Tanrı və onun göndərdiyi din məsələləri barədə obyektiv düşünməyə, bunlara elmi və şüurlu şəkildə yanaşmağa başlayırlar. Quranın nazil olunduğu dövrdə dinin yayılmasında peyğəmbərlə yanaşı, onun tərəfdarları, davamçıları da fəal iştirak etmiş, peyğəmbərdən sonra onun işini müsəlmanlar davam etdirmişlər.
Quran kitab şəklində bütün dünyada yayılır və şəriət qanunları təbliğ olunur. Quranın qorunması şəriətin təhrifinə yol verilmir. Allah dini prinsipin və yeganə ilahi mənbənin - Quranın təhrifinə yol vermir.
«Şübhəsiz, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən) qoruyub saxlayacağıq!» (15;9)
Quran Allah tərəfindən nazil edilən kitablar içində yeganə dəyişdirilməyəni və təhrif olunmayanıdır. O öz orijinallığını qoruyub saxlayıb və heç bir təhrifə duçar olmayıb. Birincisi, Allah Özü buyurub ki, Quran Allah tərəfindən qorunur, ikincisi isə cəmiyyət artıq onu müdafiə etmək halında idi. Bu, bəşəriyyətin təkamülündən xəbər verir. Qurana qədər nazil olan ilahi kitablara xalqın münasibəti tarixin bu dönəmindəki münasibət kimi deyildi. Bu mərhələdə ilahi vəhylər təhrifdən müdafiə olunduğu və təbliğ edildiyi üçün, başqa peyğəmbərlər göndərmək zərurəti yaranmır. Çünki, bu dövrdə dini təbliğ edən peyğəmbərlərin yerini artıq ilahi buyruqlar bilən üləmalar, mübəlliğlər, vaizlər (ilahi dini yayan din alimləri) tuturlar. Onlar peyğəmbər olmasalar da, dini və ilahi Kitabı təbliğ etməklə peyğəmbərlik missiyasını yerinə yetirirlər. Peyğəmbərimizin şəriətini təbliğ etmək üçün yeni peyğəmbər göndərilməsinə də məhz bu səbəbdən ehtiyac yoxdur. Yəni, hər nə ilahi vəhy ilə nazil olunmalı idisə, tam olaraq nazil olundu və tamamlandı. Allah bütün təhriflərdən qorunan Quranı nazil etdi və insana haqq yoluna yönəlmək və bununla da səadətə qovuşmaq üçün İslama iman gətirməyi buyurdu.
Digər peyğəmbərlərdən fərqli olaraq, Məhəmməd Allah tərəfindən ayrılıqda hər hansı bir tayfa üçün, xalq üçün deyil, bütün bəşəriyyət üçün göndərilən peyğəmbərdir. Allah-Təala Məhəmməd peyğəmbərə buyurur:
«De ki, «Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm!..» (7;158)
Yəni Allah nsanlar üçün haqq yolunu göstərir:
«Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır!..» (3;19)
İslam birinci və sonuncu dindir. Başqa sözlə, o, bəşəriyyətə Adəmdən Məhəmmədə qədər göndərilən, və peyğəmbərlər vasitəsilə insanı səadətə və qurtuluşa aparan haqq yolunu göstərən dinlərin sonuncusudur.
«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! » (3;85)
Allah bizə haqq yolunu göstərmiş, düşünmək üçün bizə ağıl vermişdir. Allah Onun vəhylərini qəbul edib-etməmək qərarını bizim öz ixtiyarımıza buraxmışdır.
«Və de ki: «Haqq Rəbbimizdəndir! Kim istəyir inansın, kim də istəyir inanmasın...» (18;29)
«Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan ayırd edildi. Kim Tağutu (Şeytanı və bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq Allahın ən möhkəm bir ipindən bərk yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! Allah (Ona) iman gətirənlərin dostudur, onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!» (2; 256-257)
Allaha inanan və Onu sevənlər sonuncu peyğəmbəri Məhəmmədə inanmalı və onun göstərdiyi haqq yolunu tutmalıdırlar.
«De ki, «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!». De ki, «Allaha və Peyğəmbərə itaət edin!» Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!» (3; 31-32)
Allah hidayət qapılarını üzümüzə açsın və bizi İslamda - ilk və sonuncu ilahi dində sabitqədəm etsin. Amin!
Category: Diger me'lumatlar | Baxış: 899 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]