Bazar günü, 2024-12-22, 4:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 18 » İradə
2:22 PM
İradə
  İradə

     Allah-Taala iradə barəsində buyurur: «Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar».(«Kəhf», 28)
     «İradə» fars dilində istəmək mənasındadır və o üç şeyə əsaslanır:
     1. Muradın dərki.
     2. Muradda olan kamalın dərki.
     3. Muradın yoxluğu.
     Deməli, əgər, murad elə bir iş olsa ki, (hələlik mövcud deyil, amma) onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə yanaşı olsa, murad əldə ediləcək.
     Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb olacaqlar, (bu fərqlə ki,) əgər onun qovuşmasında bir durğunluq yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona «şövq» deyərlər. Şövq (həmişə) vüsaldan qabaq olur. Əgər vüsal tədrici olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala «məhəbbət» deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar.
     Və amma iradə bir etibarla sülükla yanaşı, başqa bir etibarla sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə aradan getsə, (o zaman) hərəkət də dayanacaqdır. (Əlbəttə) sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma kamal əhlinin iradəsi (belə olmayıb) eyni kamal və məhz murad olar.
     
Bu barədə bir rəvayət

     Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu «Tuba» (Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır.) Ariflərin dilində Tuba müxtəlif sirli mənalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari özünün «Kəşfül-Əsrar» adlı əsərində bu barədə deyir: «Tuba Haqla ünsiyyət məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba və (yarın) zülfü var, sabah Tuba və (yarın) hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mərifətin zövqü və məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə zinətləndirilmiş yeddi ölkə dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü dərddir. Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və dərddən bir zərrəsi bütün kainatda aşkar olsa, yaradılış əhli həmin o zərrənin ləzzətindən, şadlığından eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər».
     Mövlana Tubanı mərifətin bir rəmzi sayır: 
     Tubanın sayəsini gör də rahat yat.
     Baş qoyaraq o sərkeşin sayəsinə yat.
     İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin «Əqli sorx» (qırmızı əql) əsərində kinayə olaraq «külli nəfs»in yerində gəlir. Deyir: «Qaf dağlarının üçüncü (silsilə) dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur». Başqa bir yerdə deyir: «Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: «Tuba ağacı böyük və əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində həmin ağacı cənnətdə görər və şərhini verdiyimiz on bir dağdan birində yerləşər». Dedim: «Heç onun meyvəsi varmı?» Dedi: «Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır, sənin yanında olan bu meyvələr də − hamısı onun səməridir». Həmçinin dedi: «Simurğun yuvası Tuba ağacının başında olar».)
     adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların bəzisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, (halbuki) bəzi adamların savabı onların əməllərinin eyni olar. Bu söz ona dəlalət edir ki, bəzi adamların iradəsi, eyni onların muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük şəxsiyyətlərdən biri belə deyir: «Əgər məndən soruşsalar ki, nə istəyirsən? Deyərəm: «İstəyirəm ki, heç nə istəməyim».

XACƏ NƏSİRƏDDİN TUSİ
Category: Exlaq | Baxış: 968 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]