Şənbə günü, 2024-12-21, 9:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 24 » İnsanı tanımaq
6:58 AM
İnsanı tanımaq
İNSAN MUXTAR (İXTİYAR SAHİBİ OLAN) BİR VARLIQDIR
İnsan müxtəlif cəzbedici qüvvələrdən təsirlənmək və onlardan hansısa birini seçmək bacarığına malik olmaqla başqa varlıqlardan fərqlənir. İnsanda olan bu qüvvə onda iradə və ixtiyar qüvvəsinin də olmasını bildirir.
İnsanın heyvan, bitki və qeyri-üzvi maddələrlə olan fərqlərindən biri də onun hər hansı bir işi iradi olaraq öz mövcud güc və qüvvəsindən, meyl, şövq və ya qorxu üzündən həyata keçirməsidir. Məsələn, maqnitin dəmiri özünə tərəf çəkməsi, istək, şövq və ya qorxu üzündən deyil, təbii qanunlarla əlaqədardır. Həmçinin odun yandırıcı olması, bitkinin torpaqda bitməsi, ağacın tumurcuqlayıb meyvə verməsi, bütün bunlar və bunlara oxşar işlər hamısı cəbri və təbii şəkildə baş verir.
Amma heyvanların yol getməsi cəbri deyildir və o, bu işdən xəbərdardır və istəməsəydi bu işi etməzdi. Odur ki, heyvanı «istəyi ilə hərəkətdə» olan varlıq adlandırırlar. Başqa sözlə desək, heyvanda mövcud olan qüvvələrin bir hissəsi onun istəyinə tabedir. Belə ki, heyvan istəsə o qüvvələr iş görür və istəməsə görmür.
İnsanda da onun istəyinə tabe olan bir sıra güc və qüvvələr mövcuddur. Bu güc və qüvvənin heyvanda olan qüvvələrlə fərqi, heyvanın bu təbii və instinktual şəkildə olan istəyin qarşısını ala bilən başqa bir qüvvənin olmamasındadır. Heyvanın meyli bir şeyə təhrik olunarsa, hökmən o işi görəcəkdir. Çünki onun özündə bu işin qarşısını ala bilən başqa bir qüvvə yoxdur. Həmçinin heyvanda ölçüb-biçmə qüdrəti, uzaqgörənlik və meyli çəkən şeyin hansı tərəfi yaxşı və hansı tərəfi pis olduğunu ayıra bilən qüvvə də mövcud deyildir.
Amma insan belə deyil. O, öz daxili istək və meyllərinin qarşısını almaq və istədiyi işi necə icraetmə qüdrətinə malikdir. İnsanda olan bu qüdrət onun iradəsindən doğan bir şeydir. İradə də öz növbəsində ağıl qüvvəsinə tabedir. Belə ki, ağıl işi müəyyənləşdirir, iradə isə onu icra edir.
İnsan ağıl və iradəsinə arxalanaraq, xaricdən göstərilən təsirlərin qarşısını alıb «azad» və müstəqil bir «adaya» çevrilir. O öz ağıl və iradə gücü sayəsində özünə malik olur və şəxsiyyətini möhkəmləndirir.
İNSANIN ÖZ ŞƏXSİYYƏTİNİ FORMALAŞDIRMASINDAKI ROLU
Məxluqat iki qismə bölünür: canlı və cansız. Cansız varlıqlar özlərinin formalaşmasında heç bir rol oynamır. Su, od, daş və torpaq cansız varlıqlardır, öz təkamül və təşəkkül tapmalarında heç bir rol oynamırlar. Bu proseslər sırf xarici amillərin təsiri nəticəsində baş verir. Bəzən də bu amillərin təsiri nəticəsində bir növ kamal əldə edirlər. Bu cür varlıqlarda özünədiqqət və ya özünü necə formalaşdırma kimi şeylərin heç biri müşahidə olunmur.
Amma bitki, heyvan və insan kimi canlı varlıqlarda özlərini təhlükələrdən qorumaq, başqa maddələri özlərinə cəzb etmək, eləcə də törəmə və çoxalma işlərində bir sıra çalışqanlıqlar müşahidə olunur. Bitkilərin vücudunda gələcəkdə necə formalaşması üçün rol oynayan bir sıra təbii qüvvələr mövcuddur. Bu təbii qüvvələrdən bəzisi hava və ya torpaqdan müxtəlif maddələri özünə cəzb edir, bəzisi cəzb olunmuş bu maddələri bitkinin inkişafına yönəldir, bəziləri də bitkinin törəmə və artmasına imkan yaradır.
Heyvanlarda saydığımız bu təbii qüvvələrdən əlavə, bir sıra qərizə ilə olan görmə, eşitmə, hiss etmə və dadmaq kimi qüvvələr də mövcuddur.
Heyvan bu qüvvələr sayəsində bir tərəfdən özünü müxtəlif təhlükələrdən qoruyur, digər tərəfdən də fərdi inkişaf və həyatını davam etdirir.
İnsanlarda bitki və heyvanlarda olan qüvvələrin olmasından əlavə, bir sıra başqa qüvvə və meyllər də mövcuddur. İnsan bütün bunlardan əlavə, ağıl və iradə kimi qüvvələrə də malikdir. Bu iki möcüzəvi qüdrətə malik olan qüvvə insanlarda öz gələcək həyatını istədiyi kimi qurmaq və formalaşdırmaq imkanı yaradır.
Dediklərimizdən belə nəticə çıxır ki:
1. Bəzi mövcudlar gələcək həyatının necə formalaşmasında heç bir rol oynamır (qeyri-üzvi maddələr).
2. Bəzi məxluqların bu prosesdə öz rolu vardır, amma agah və azad şəkildə deyil, təbii və daxili qüvvələrin belə xəlq olmasına görə (nəbatat).
3. Bəzi varlıqlar bu prosesdə daha çox rol ifa edirlər. Onlar öz işlərindən agah olurlar, amma icrasında isə tam azad deyillər. Belə ki, agah olaraq özlərini müdafiə edir və həyat uğrunda mübarizə aparırlar (heyvanlar).
4.İnsan isə öz həyatını qurmaqda daha geniş, daha fəal rol oynayır. O, ifa etdiyi bu rolda həm agah və həm də azaddır, gələcəyi nəzərə alaraq, ağıl və iradəsi ilə gördüyü işdən, eləcə də özündən və ətraf mühitdən xəbərdardır və öz gələcəyini istədiyi kimi seçə bilir (insanlar).
Heyvan və bitki kimi bəzi canlılar da müxtəlif üsullarla müəyyən dərəcədə tərbiyə olunub formalaşa bilirlər, amma bu proses onların öz əli ilə deyil, insanlar vasitəsi ilə həyata keçir. Həm də onlarda baş verən bu dəyişikliklər insanla müqayisədə çox az olur. İnsan özünü formalaşdırmaqda tam azad, çatması mümkün olan kamalı isə sonsuzdur. Çünki, insan vücudunun həqiqəti bütün varlıqlarla fərqli olaraq, yaradılışdan sonra necə olmaq mərhələsinə qədəm qoyur. İnsan yaradıldığı kimi deyil, özü istədiyi kimi olur. O, öz iradəsi ilə necə olacağını təyin edir. Başqa sözlə desək, hər bir varlıq mahiyyətcə necədirsə, real olaraq keyfiyyətcə də o cür olacaqdır. İnsan isə belə deyil. O, potensial istedad və qabiliyyətlərlə birgə yaradılmışdır; hansısa bir mane və çətinlik yaranmazsa, potensial qüvvələr baş qaldırıb insanlığa yetişəcəkdir. Onda olan bu qüvvələr insan fitrəti adlanır.
İnsan bitgi və heyvanlardan fərqli olaraq, şəxs və şəxsiyyətdən təşkil olunmuşdur. O, bir şəxs kimi bədənə lazım olan bütün cihazlarla təchiz olunduğu halda dünyaya gəlir və bu baxımdan heç də heyvanlarla fərqlənmir. Amma ruhi baxımdan, yəni yaradılışdan sonra öz şəxsiyyətinin qurulması baxımından potensial bir varlıqdır. İnsani dəyərlər onun vücudunda qeyri-fəal şəkildə yerləşdirilmiş və inkişaf etməyə tam hazırdır. İnsan ruh və mənəvi baxımdan cism mərhələsindən bir addım arxadadır. Belə ki, cismə aid olan bütün cihazlar, yaradıcı amillər vasitəsi ilə ananın bətnində vücuda gəldikdən sonra ruh və mənəviyyatla bağlı olan şəxsiyyət inkişaf etdirilməli, bünövrəsi qoyulmalıdır. Başqa sözlə desək, insan xasiyyət və müxtəlif xislətlər baxımından potensial qüvvəyə malik olan bir varlıqdır, yəni dünyaya gəldikdə heç bir xasiyyətə malik olmur. Amma heyvanlar bundan fərqli olaraq, hər biri öz-özlüyündə bir sıra xislət və xasiyyətlərlə doğulurlar. İnsan dünyaya gəldikdə xasiyyət və xislətlərə malik olmadığından və digər tərəfdən də müxtəlif xasiyyətləri qəbul etmə qüvvəsinə malik olduğundan, fitri xüsusiyyətlərdən başqa ikinci dərəcəli xüsusiyyətləri qazanmağa başlayır. Hər bir varlıq, hətta heyvanlar (cism deyil, istedadları baxımından) xilqətinin əvvəlindən necə yaradılıblarsa, eləcə də qalırlar. Amma insan istədiyi kimi ola bilər. Elə buna görə bütün heyvan növləri, cism quruluşu baxımından bir-birlərinə oxşar olduqları kimi, ruhi xislətlər baxımından da bir-birlərinə oxşardırlar. Bütün bitgilər bir cür xasiyyətə malikdirlər, eləcə də it, qarışqa və s. Bunlar arasında fərq olsa da, çox azdır. Amma insana gəldikdə, onların əxlaqi xüsusiyyətlərində olduqca çox fərqli olan ayrı-ayrı xislətlərlə rastlaşırıq. Buna görə də insanı öz şəxsiyyətini istədiyi kimi qura bilən yeganə varlıq hesab edirlər.
Deməli, insandan başqa hər bir varlığın özü və onun mahiyyəti arasında fərq olduğunu təsəvvür etmək qeyri-mümkündür. Məsələn, daş və daşın mahiyyəti arasında olan fərq... İnsan özü və mahiyyəti (insan və insaniyyəti) baxımından fərqli olması ilə bütün varlıqlardan seçilir. Belə bir sual meydana çıxa bilər ki, bir şeyin özü və mahiyyəti arasında necə fərq ola bilər? Şübhəsiz, vücud üçün onun mahiyyəti lazımlı bir şeydir. Əgər vücud potensial surətdə mövcud olsa, onun mahiyyəti də potensial şəkildə mövcud olacaqdır.
Eqzistansialistlər vücudun əsil olmamasını iddia edərək deyirlər ki, insan mahiyyətsiz bir varlıqdır və hər hansı bir yolu seçməklə özünə mahiyyət bəxş edir. Bu onların fəlsəfəsini mənalandıran əsaslardan biri sayılır.
İslam filosofları, xüsusilə Molla Sədra həmin mətləbə əsaslanaraq deyir: «İnsan növ deyil, növlərdir; hər fərd və şəxs ola bilər; bir gün bir növdə, o bir gün isə tam ayrı bir növdə olması mümkündür.»

İNSAN «MƏSULİYYƏTLİ» BİR VARLIQDIR
İnsan agah, mürəkkəb və muxtar (ixtiyar sahibi) olduğu üçün məsuliyyət sahibi olan bir varlıqdır. Onda olan bu imkan və xüsusiyyətlər onu məsuliyyətli bir varlıq olmaq, yəni ona öz gələcək həyatını qurmaq imkanlarını vermişdir. Şəhid Mütəhhəri insanda bu xüsusiyyətlərin onun məsuliyyətli olmasına səbəb olduğunu təsdiqləyərək söyləyir: İnsanın öz gələcək həyatını təyinetmə xüsusiyyətinə malik olması onda olan üç xislətdən irəli gəlir:
1. Onun dünya və ətraf mühitə baxışı və agahlığın geniş olması; İnsan elm gücü ilə dünyaya baxış və agahlıq dairəsini genişləndirib, təbiətin dərinliklərini dərk etməyə çalışır. O, bu yolla təbiətin qanunlarını tanımağa başlayır. Bununla da o, təbiəti özünə yararlı surətdə qurub düzəltmək imkanlarını genişləndirir.
2. İnsan istəklərinin geniş və tükənməz olması. Bu, insanın mürəkkəbliyinə, yəni cism və ruhdan təşkil olmasına edilən işarədir. Bu xüsusiyyətin insanda olması, onda olan istəklərin iki qismə bölünməsinə səbəb olmuşdur.
a). Cismə aid olan istəklər;
b). Ruha aid olan istəklər;
3. İnsan bütün varlıqlarla fərqli olaraq özünü qurub yetişdirmək imkanına malikdir.
Qurani-kərimin «Dəhr» surəsinin 2-3-cü ayələrində söylədiyimiz bu xüsusiyyətlərin hamısı bir yerdə bəyan olunur.
«Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq.»
İnsanı başqa varlıqlarla fərqli olaraq azad və muxtar yaratmışıq. Elə buna görə də görəcəyi işlərə görə sorğu-sual olunacaqlar. Bunun ardınca deyilir:
«Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]».
İnsan azadlığını və azadlıq mənşəyini, eləcə də onun ixtiyar sahibi olmasını bundan gözəl şəkildə ifadə etmək mümkün deyil. Onu sorğu-sual etdik, onu eşidən, görən və agah yaratdıq, ona haqq yolu göstərdik. Deməli, insan öz aqibət və yolunu özü təyin etməlidir.
Ona görə də insanın şəxsiyyəti müstəqil və azaddır. Allahın əmanətçisidir, onun yer üzündə olan elçisidir və buna görə də məsuliyyət daşıyır. Ondan öz işi və təşəbbüsü ilə yer üzünü abad etməsi və öz ixtiyarı ilə iki yoldan birini, səadət və ya bədbəxtlik yolunu seçməsi tələb olunmuşdur.
Qurani-kərim «Əhzab» surəsinin 72-ci ayəsində buyurur:
«Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi.]»
TƏKLİF ETMƏYİN MƏNASI NƏDİR?
Təklif etməyin mənası belə aydınlaşdırılır ki, Allah-taala bütün varlıqlara müəyyən kamillik təqdim edir və onu yalnız istedadı olanlar qəbul edir. Belə bir sual meydana çıxa bilər: Görəsən Allah-taala tərəfindən bəzi insanların peyğəmbərliyə seçilməsi məhz onlara məxsusdur, yoxsa yox? Başqa sözlə desək, görəsən bu yüksək məqam təkcə peyğəmbərə təklif olunub və başqaları bundan məhrumdur? Əgər mənə təklif olunsaydı, qəbul edərdimmi?
Vəhy və peyğəmbərlik heç kəsdən əsirgənilməyən bir həqiqətdir. O bütün məxluqata təklif olunur. Daş da qəbul edə bilsə, təklif olunur, amma daşda onu qəbul etməyə qabiliyyət yoxdur. Heyvan da həmçinin. Eləcə də insanlar, bəzi şəxslər müstəsna olaraq, bu ağır vəzifəni qəbul edə bilmirlər. Qabaqda zikr etdiyiniz əmanət məsələsi də elə bu cürdür. Allah-taala buyurur: Biz əmanəti bütün məxluqata təklif etdik, amma onu insandan başqa heç biri qəbul edə bilmədi.
Bununla da məlum olur ki, insan heç bir varlıqda olmayan bir istedada malikdir. Bu əmanətin məhz insana verilməsi, onda bu istedadların mövcud olmasından irəli gəlir (bu məsələ qabaqda oxucuların nəzərinə çatdırılmışdır).
ƏMANƏT MƏSULİYYƏT DEMƏKDİR
İndi isə görək əmanət nədir? Biz «yəhmilnəha» kəlməsindən onun mənasını başa düşə bilərik. Maddi və cismani deyil, məsuliyyətli bir vəzifədir. Rəvayətlərdə deyilir ki, əmanət, məsuliyyət, təklif (dini borc), vəzifə və qanun deməkdir. İnsan həyatı vəzifə və təkliflər əsasında yaşanılmalıdır. Gərək onun üçün qanunlar təyin olunsun. O da bu məsuliyyəti öz öhdəsinə götürməlidir. Bu xüsusiyyətlər insandan başqa heç bir varlıqda mövcud deyildir. İnsandan başqa bütün varlıqlar gördükləri hər bir işi məsuliyyət hissi keçirmədən və məcburi olaraq görürlər. Yalnız insanlar üçün qanun təyin edib onları bu qanunlara əməl etməkdə azad buraxmaq olar. Yalnız insanlara demək olar ki, səadət istəyirsənsə bu yolla, bədbəxtlik istəyirsənsə ayrı bir yolla get. Hər hansını seçmək öz ixtiyarındadır. Bu məsələyə təklif və ya dini vəzifə deyilir.
Buna görə də heyvan mükəlləf (dini vəzifəsi olan bir varlıq) sayılmır və onun öhdəsinə heç bir vəzifə və məsuliyyət qoyulmamışdır. Sanki maşına bənzəyən bir varlıqdır. İnsan isə gördüyü hər bir işdən ötrü məsuliyyət daşıyır. Allah-taalanın Quranda əmanət kəlməsindən məqsədi elə bunlardır. Yəni dini borc, vəzifə və məsuliyyət hissi. Qurani-kərimdə buyurulur: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər». Əlbəttə göylər, yer və dağlar bir nümunə kimi zikr olunur, amma həqiqətdə əmanət bütün məxluqata təklif olunmuşdu; onlarda onu qəbul etmək üçün istedad və qabiliyyət yox idi. Təkcə insan bu məsuliyyəti qəbul etməyə hazır oldu. O, dedi: Ey mənim Allahım! Mən bu məsuliyyəti öhdəmə götürürəm. Bu kamal və səadət yolunu öz ayaqlarımla getməyə hazıram. Çünki sən mənə misli olmayan yaradıcılıq və təşəbbüs qüvvəsi bəxş etmisən.
Müəllif: Ustad Mürtəza Mütəhhəri 

Category: Exlaq | Baxış: 983 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]