Bazar günü, 2024-12-22, 11:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 16 » İnsan və tərbiyə
7:25 AM
İnsan və tərbiyə
İnsan və tərbiyə
    İnsan tərbiyə oluna biləndir. O həm müsbət, həm də mənfi tərbiyənin hər ikisini qəbul eləyir. Hər yaradılanın başlanğıcı, hər yaradılışın məqsədi var. Daş əvvəlki gündən daş yaranıb axıradək də daş olaraq qalır. Heyvan, bitki, mələk əvvəlki gündən necə yaranıb axıradək də heyvan, bitki, mələk olaraq qalır. O insanın təbiətidir ki, dəyişir və irəli gedir. Onun tərbiyəyə ehtiyacı var. Uşağa süd vrməyəndə ya barmağını sorur, ya da əlinə keçəni ağzına atır. Çünki yeyib doymağa ehtiyacı var. İnsanın da tərbiyəyə ehtiyacı var. Uşaq gedib dükandan bir şey oğurlayır. Niyə? Ona görə ki, onun istədiyini verməmisən. O da dükanda görəndə sakitcə götürür. Tərbiyəyə möhtac olan insana lazım olan yolu göstərmədikdə o yolunu azır. Müaviyə uşaqları Əliyə (ə) qarşı nifrətlə böyütmək üçün Əmr Asa deyir: Elə elə ki, uşaqlar Əlini (ə) tanımasınlar. O da uşaqlara quzu paylayır. Onlar məhəbbətlə quzuları böyüdüb boya başa çatdırdıqdan sonra gəlib onların əlindən alır və deyir ki, Əli quzuları yığmağı əmr eləyib. İnsanı düzgün istiqamətdə tərbiyə eləmədikdə o tərbiyə olunması çətin olan bir məxluqa çevrilir. Şəlalənin altında qalan daşa müəyyən müddətdən sonra gəlib baxsan görürsən ki, bir az yonulub. Amma düzgün tərbiyə olunmayan insan nə qədər tərbiyə eləsən də yonulmur ki, yonulmur. 
    İnsan mənfəət tələb olduğu üçün tərbiyə edən ona həqiqi xeyir və zərəri göstərməlidir. Bu isə yalnız din eynəyi ilə mümkündür. 
Allah Rəbb, yəni tərbiyə edəndir. Tərbiyə eləmək, yaxşını və pisi öyrətmək üçünsə məktəbə ehtiyac var. Görəsən Allahın tərbiyə elədiyi məktəb hansıdır. O məktəb dünyadır. Bu dünya tərbiyə olunduğumuz məktəbdir ki, o məktəbi yaxşı bitirmək üçün səbrə, dərslərin çətinliyinə dözməyə, yaxşı oxumağa ehtiyac var. Amma bəziləri təəssüf olsun ki, dünyanı istirahət yeri görmək istəyirlər. Məgər məktəbdə dərs oxuyan şagird istirahət eləsə yaxşı qiymət ala bilər. Düzdür o məktəbin istirahər vaxtı, tətilləri var. Amma o tətillər daha çox güc yığıb geri qayıdanda daha yaxşı dərs oxumaq üçündür. 
    Dərsi müəllimlərdən öyrənirik. Deməli Allah da bu dünya məktəbinə müəllim təyin eləmişdir. O müəllimlər peyğəmbərlər, imamlardır. Müəllimin tədris eləməzdən qabaq özünün elmə, əmələ, düzgün tədris eləmək, öyrətmək qabiliyyətinə ehtiyacı var. O müəllimi də tədris mərkəzləri tanıyıb dərs demək üçün təyin edir. Bizim ruhi müəllimlərimiz də Allah tərəfindən tanıtdırılıb təyin edilib. Onların müəllimləri isə Allah özüdür. Allah çox dəqiq müəllimdir. O tərbiyə eləmək üçün hər kəsin öz qüvvəsinə uyğun tələb edir. Lakin tələb etdiklərində çox dəqiqdir. Həzrət Yusif (ə) neçə illər atasından ayrı qaldıqdan sonra onunla görüşəndə onu qarşılamaq üçün atdan düşməyə yubanır. Allah ona buyurur ki, əlini aç. O əlini açanda əlindən bir nur çıxır. Həzrət Yusif (ə) O nurun nə olduğunu soruşanda Allah cavab verir ki, o peyğəmbərlik nuru idi. Səndən sonra sənin nəslindən heç kəsə nəsib olmayacaq. Səbəbi atanı görəndə onu qarşılamaq üçün camaat qarşısında olduğun üçün düşüb düşməməyin barəsində tərəddüd eləməyin oldu. 
Başqa bir rəvayətdə buyurulur ki, Allah Həzrət Musaya (ə) buyurur: Ey Musa, get dolan vəziyyəti səndən də pis olanı tap gətir. Həzrət Musa (ə) gedib çox gəzib dolanır, çox fikirləşir, hər kimə yaxınlaşırsa fikirləşir görür o ondan da pis vəziyyətdədir. Axırda küçədə yaşayan pis vəziyyətdə olan itlə qarşılaşır. Onu götürüb Allahla söhbət eləməyə gedir. Yolda çox fikirləşdikdən sonra iti buraxıb Allahla söhbət eləməyə özü tək gedir. Allah buyurur: Ey Musa! vəziyyəti səndən də pis olanı tapmadınmı? Musa (ə) buyurur: Hər nə qədər gəzdimsə özümdən pisini tapmadım. Allah-təala buyurur: And olsun izzət və cəlalıma əgər azacıq da olsa təkəbbür eləsəydin səndən sonra nəslindən peyğəmbər qərar verməzdim. 
    Məktəbin hədəfi olmalıdır. Çünki hədəfsiz görülən işin səmərəsi olmaz. Evdə bir stəkan su ilə oynayan uşağın anası o stəkanı onun əlindən ala da bilər, əlavə bir stəkan da verə bilər ki, uşaq su ilə daha da maraqla oynasın. Bu onun hədəfinə bağlıdır. Əgər onun hədəfi evinin təmiz qalmağıdırsa suyu uşağın əlindən alır və onu oynayıb təbii istəyini dəf eləməkdən məhrum edir. Yox əgər hədəfi Allahın məhəbbətini qazanmaqdırsa onda uşağı özündən razı salıb əlavə bir stəkan da verir ki, uşaq o su ilə rahat oynasın.Allahın yaratdığı məktəbin də bir hədəfi var. O da onu tərbiyə eləyib xəlifətullah məqamına çatdırmaqdır. Yəni Allahın yer üzündəki canişini məqamına. Fəzilətli şəxslərdən biri atası ilə gecə vaxtı yola düşür. Onlar hər dəqiqə təqib olunmaqdan qorxurdular. Həyatları təhlükə içində idi. Atası əvvəldən oğluna demişdi ki, maşına benzin doldursun. Yarı yolda maşın xarab olur. Atası deyir: Oğlum, sənə deməmişdim maşına benzin doldur. Oğlu deyir: Demişdin amma yadımdan çıxıb. Oğul sükan arxasına keçir. Benzini olmayan maşını işə salır və sürüb canlarını xilas edir. Budur hədəfi fəth eləmək və xəlifətullah məqamına çatmaq. 
    Məktəbdə oxumaq üçün şagird olmalıdır. Allahın məktəbinin şagirdləri biz insanlarıq. Məktəbdə ən çətin iş şagirdin işidir. Dərs oxumaq, əməl eləməkdir. Kimya dərsini öyrənmək üçün təcrübəyə ehtiyac var. Təcrübə olmasa o dərsi yaxşı başa düşmək olmur. Deməli oxuduqlarımızın o vaxt dəyəri olur ki, onu tətbiq eləyək. Tətbiq olunmayan elm zehnimizdə görünməz olaraq qalır. Bu dünyada da Allahın bizə öyrətdiklərinin tətbiq eləməli, sınaqdan çıxmalı, çətinliklərə səbr eləməliyik. Döyüşə gedən igid o vaxt igid adını alır ki, o rəşadət göstərsin. Bu dünyada da rəşadət göstərmək üçün Allahın bizə lazım bilib seçdiyi yolu qət eləməliyik. Çünki biz özümüz öz yaxşılığımızı təyin edə bilmirik. Kuzə düzəldən düzəltdikləri kuzələri günün altına yığıb dua eləyir ki, yağış yağmasın. Əkin əkən də dua eləyir ki, yağış yağsın, məhsul bol olsun. Allah bəndənin xeyrini görür və hər şeyi nizamlayır. Çətinlik məqamı yüksəldir. Həkimə gedəndə onun yazdığı nüsxəyə etibar edib dərmanları qəbul edirik ki, sağalaq. Çünki həkim o işin mütəxəssisidir. Allah da həkim, rəhim hikmət sahibi olduğu üçün bizim üçün ən gözəl nüsxəni yazıb ən xeyirli dərmanları təyin edir. Su bir yerdə tərpənmədən qalanda çirklənir. Hərəkət eləməlidir ki, təmizlənsin. Çətinlik və müsibətlər də Allahın lazım bilib bizim təmiz qalmağımız üçün təyin elədiyi vasitədir. Bataqlıq axar çaydan soruşur. Sənin suyun niyə belə dupdurudur? Deyir axıb daşların arasından süzüldüyüm üçün.

Pərviz Piriyev
haqyolu

Category: Diger me'lumatlar | Baxış: 800 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]