Bazar günü, 2024-12-22, 11:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 31 » İnsan və mənəviyyat - Ağıl
5:45 AM
İnsan və mənəviyyat - Ağıl
İnsan və mənəviyyat - Ağıl

Bəzi alimlərin tədqiqatına əsasən insanın ağlı güclü olarsa və yaxşını pisdən ayırd edə bilərsə o ağıl insanı və cəmiyyəti hidayət edib təkamülə çatdıra bilər. Bu sözün doğru olub-olmamasını araşdırmağa ehtiyac vardır. Biz bilməliyik ki, görəsən ağıl insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün ağılın tərifini bilmək lazımdır.

Ağılın mahiyyətinin nə olduğunu heç kəs müəyyənləşdirə bilmir. Bu cövhərin nə olduğu heç kəsə bəlli deyildir. Lakin biz onun xüsusiyyətlərindən və keyfiyyətindən xəbərdarıq. Quran ağıla çox böyük qiymət vermişdir. Lakin onun mahiyyəti barədə bir söz qeyd etməmişdir. Quran ağlın mahiyyəti barədə bir söz buyurmadığına görə biz də onun həqiqətini bilmirik. Biz yalnız ağılın səmərəsinin düşüncə və fikir olduğunu bilirik və düşüncəli insana da ağıllı insan deyirik. Kimin fikri gözəldirsə, demək onun ağlı da gözəldir.
İmam Sadiq(ə) buyurur: "Ağıllı insanla axmaq insanın fərqi budur ki, ağıllı insan həmişə fikirləşər, sözü ölçüb-biçdikdən sonra danışar, işlərini fikir və düşüncə ilə həyata keçirər. Lakin axmaq insan isə əksinə, əvvəl danışar, işləri xarab edər, sonra da peşmançılıq çəkər.”
Bizdən "ağıl nədir?” –deyə soruşduqda biz bu suala belə cavab veririk. Ağılın səmərə və bəhrəsinin düşüncə və fikir olduğunu bilirik, lakin onun mahiyyətini dərk etmirik.
Allah-təala bu barədə "Rəd” surəsinin 4-cü ayəsində buyurur:
"Şübhəsiz ki, bunda da (ağıllı) anlayıb dərk edən insanlar üçün Allahın nişanələri və əlamətlər vardır.”
Bu ayədən məlum olur ki, məhz ağıllı insanlar həmişə düşünüb fikirləşər və Allahın nişanələri ilə Onu tanıyarlar.
İmam Sadiq(ə)-dan "ağıl nədir?”- Deyə soruşduqda imam belə cavab verərək buyurdu: "Ağıl odur ki, insan onun vasitəsilə Allahı tanıyıb Ona ibadət etsin və onun vasitəsilə Cənnəti qazansın.”
Əgər bir insan Allahı tanıyarsa və ona ibadət edərsə və ya Cənnəti qazanarsa demək o şəxs ağıllı insandır. Bunların hamısı ağılın bəhrələridir. Başqa bir ayəyə diqqət yetirək. Bu ayədə bir qrup insanlar Cəhənnəmə gedərkən belə deyəcəklər:
"Əgər biz eşitsəydik və ağlımızı başımıza yığsaydıq Cəhənnəm əhli içində olmazdıq.”
Bu ayə açıq aydın olur ki, ağılsız insanlar heç vaxt Cənnətə gedə bilməzlər.
Allah-təala "Zümər” surəsinin 18-ci ayəsində belə buyurur:
"O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Məhz onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır!”
Bu ayə insanlara bildirir ki, yalnız ağıl sahibləri öyüd nəsihəti və haqqı qəbul edərlər, Allah da onları doğru yola yönəldər.
Qurani-Kərim ağıla çox üstünlük vermişdir. Təfsir alimləri qeyd etmişlər ki, Rum surəsinin 28-ci ayəsindən başqa Quranda ağıl barədə ayə olmasaydı belə bu ayənin özü ağlın fəzilətli olması barədə kifayət edərdi. Allah-təala bu ayədə belə buyurur:
"Biz (Allahın nişanələrini) və ayələrimizi ağılla düşünən bir qövm üçün belə ətraflı izah etdik.”

Bu ayədən belə məlum olur ki, Quranın hədəflərindən biri də ağıla tərbiyə verməkdən ibarətdir. Quran bu ayədə ağıla çox qiymət verərək onu qiymətləndirir. Yəni hər kəsin ağlı çox olarsa Quran ona daha çox hörmət edir.
Mərhum Koleyni "Üsuli-Kafi” kitabında İmam Sadiq(ə)-dan belə bir hədis nəql etmişdir. "Allah ağılı yaratdıqdan sonra onunla söhbət etdi və ağıla hər nə əmr etdisə ağıl əmrə tabe oldu və onu hər nədən çəkindirdisə ağıl ondan çəkindi. Bir sözlə ağıl Allahın bütün əmrlərinə tabe oldu. Allah-təala ağıla xitab edərək buyurdu: "İzzət və cəlalıma and olsun, mən səni şərəfli bir varlıq olaraq xəlq etdim. Və çox istədiyim şəxsə də kamil ağıl verərəm.”
Sonra Allah-təala buyurdu: "Mən insanlara onların ağlına görə cəza və savab verərəm.”
Yəni Allah-təalanın insanlara əcr və ya cəza verməsi onların ağlına görədir və əsas meyar da ağıldır.
İmam Sadiqdən(ə) bu barədə olan ikinci hədis belədir: "Ağıl odur ki, insanın əməlləri onun vasitəsilə ölçülür.”
Əgər insanın ağlı az olarsa onun əməlinin çoxluğuna qiymət verilməz. Çünki burada əsas meyar əməlin çoxluğu yox, ağılın çoxluğudur.
İmam Sadiq(ə) bu hədisi buyurduqdan sonra bir rəvayəti əlavə etdi: "Bir adada abid yaşayırdı və Allaha çox ibadət edərdi. Mələklər gördülər ki, o abid Allaha gecə gündüz ibadət edir, lakin onun əməl dəftərinə az savab yazılır. Mələklər Allaha təəccüblə dedilər: "İlahi, o Sənə gecə gündüz ibadət edir, lakin onun nameyi əməlinə az savab yazılıb. Bunun səbəbi nədir? Allah-təala mələklərə onunla söhbət etməyi əmr etdi. Mələklər gəlib bir gecə-gündüz söhbət etdikdən sonra gördülər ki, o abidin ağılı çox yüngül və azdır. Başa düşdülər ki, Allah ağılı yüngül və az olan şəxslərə çox ibadət etsələr belə savab yazmır. Çünki insanın əməlini onun ağıl keyfiyyətləndirir. Əgər ağlı az olarsa, əməlin keyfiyyəti də az olar.
Yuxarıda qeyd etdiyimiz ayə və hədislər ağlın fəzilət və şərafəti barəsində idi. Lakin əsas məqsədimiz budur ki, ağıl bu qədər fəzilət və şərafətilə hər bir halda insanı idarə edə bilərmi? İnsana ağıldan başqa idarə və islah edən bir amil lazımdırmı?
Bu sualların cavabında belə qeyd etmək lazımdır ki, ağıl insanı adi hallarda idarə edə bilər. Lakin insanın daxilində şəhvət hisləri cuşa gəldikdə və ya heyvani qərizələr insanın daxilində baş qaldırdıqda ağıl tamamilə kənarda qalır və insanı idarə etməyə qüdrəti çatmır. Məsələn bir cavanın daxilində şəhvət cuşa gəlib tüğyan etdikdə onun gözləri artıq pisliyi görmə qabiliyyətindən düşər. Yəni görəcəyi işin aqibətini düşünməyi unudar. Çünki artıq şəhvət onun ağlını aradan aparmışdır. Əgər insanda qəlbən Allaha iman olmasa ağıl təklikdə onu idarə edə bilməz. Allah-təala "Yusif” surəsinin 24-cü ayəsində buyurur:
"Doğurdan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi (imanın ən yüksək mərhələsi olmasaydı), (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”
Züleyxa ilə Yusif bir otaqda idilər. Onların ikisindən başqa heç kəs yox idi. Orada Yusifi günahdan saxlayan Allaha qəlbən imanı olması idi. Züleyxa öz bütünün üzərinə bir parça atdı. Yusif soruşdu: Niyə bütün üzərinə parça saldın? Züleyxa dedi: Bizi görməsin deyə mən onun üzərinə parça atdım. Yusif dedi: Sən görməyən, eşitməyən bir bütdən həya edib utandığın halda, mən necə hər bir şeyi görüb-eşidən Allahımdan həya etməyim və utanmayım?
İnsanın daxilində şəhvət tüğyan etdiyi zaman ağıl onu idarə edə bilməz. Bu zaman insana qəlbən iman lazımdır ki, onu idarə və islah etsin. Çünki şəhvət ağılı aradan aparar.
Bu bəhsimizin nəticəsində bir daha qeyd edirik ki, ağıl insanı adi halda islah edə bilər, lakin qərizələr insanın daxilində tüğyan etdiyi zaman qəlbi iman olmazsa ağıl insanı idarə və islah edə bilməz.

"İnsan və mənəviyyat" kitabından.
islam-azeri.az

Category: Bezi meslehetler | Baxış: 1128 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]