Bazar günü, 2024-12-22, 10:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 14 » İMAM ZAMAN (ə.f.) ERASININ BAŞLANMASI
6:57 AM
İMAM ZAMAN (ə.f.) ERASININ BAŞLANMASI

İMAM ZAMAN (ə.f.) ERASININ BAŞLANMASI


   Cümə söhbətləri

   
    «Rəbiül-əvvəl ayındayıq. Bu ayın xüsusi təbərrüklüyü ondadır ki, İslam tarixinin hesablanmasının əvvəli kimi götürülən hicrət hadisəsi – Həzrət Peyğəmbərin (s) öz məsləkdaşları ilə Məkkədən Mədinəyə köçməsi məhz bu ayda baş vermişdir, - deyə İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu növbəti cümə xütbəsinə başladı, - bu böyük mənəvi yüklü bir hadisə sadəcə köçməklə səciyyələnmir. Əslində, bu hadisə mübarək İslam dininin təbliğ və çatdırma mərhələsindən quruculuq mərhələsinə keçməsinin başlanması ilə xarakterizə olunur. Məhz Mədinədə əziz İslam Peyğəmbəri (s) ümmətin həqiqi mənada rəhbərliyini, imamətini həyata keçirməyə başlayır və ümmətin mənəvi və maddi ehtiyaclarının ödənməsi tam dolğunluğu ilə Həzrətin (s) mübarək vücudunda təzahür tapır».
  
  10-cu İMAMIN (ə) MÜJDƏSİ



    «Mədinə dövründə İslamın bütün göstəriş və təklifləri tədricən ümmətə çatdırılır. Və bu gün əgər mübarək İslam dini təmsilçilərinin, alimlərinin bütün məsələlərə dair, hətta xırda nöqtələrədək belə açıqlama vermək istedadına malik olması – o cümlədən, məhz həmin Mədinə dönəminə xas bərəkətin nəticəsidir. Yeri gəlmişkən, onu xüsusilə vurğulamaq gərəkdir ki, Peyğəmbərin (s) özündən sonra ümməti rəhbərsiz qoyması barədə, başlı-başına buraxması barədə qeyri-məntiqi və qeyri-elmi iddialar hicrət kontekstində və sonrakı proseslər prizmasında xüsusilə əsassız görünür. Mədinəyə hicrətdən başlayaraq, bütün dövr ərzində ən xırda məsələlər də əziz Peyğəmbərimiz (s) tərəfindən dəqiqliklə tənzimlənmiş, Rəsuli-Əkrəmin (s) mübarək vücudunun ətrafında cəmləşərək, öz həllini tapmışdır.

    Rəbiül-əvvəl ayının mühüm tarixlərindən biri də İmam Həsən Əsgərinin (ə) şəhadəti ilə bağlıdır. Mənfur müstəbid olan Abbasi xəlifəsi tərəfindən təqiblərə məruz qalan İmam Həsən Əsgəri (ə), nəhayətdə, hicrətin 260-cı ilində zəhərlədirilərək şəhid edilmişdir. Bu şəhadət, o dönəmdə müsəlman ümmətinin son dərəcə ağır və acı vəziyyətinin bütün təfərrüatlarını açıqlamış olur.

    Bununla yanaşı, 11-ci İmamımızın (ə) şəhadəti ilə yeni bir eranın – Qiyamətdən öncəki eranın başlanğıcı qoyuldu. Dünya sonuncu İlahi Rəhbərin imaməti dövrünə keçid etdi. Və Zəmanə Sahibinin (ə.f.) günümüzə qədər də davam edən imamətinin başlanğıc mərhələsi məhz həmin gündən – İmam Həsən Əsgərinin (ə) şəhadəti günündən başlanır. İmam Hadi (ə) buyurmuşdur: «Məndən sonra imam – Həsəndir (İmam Həsən Əsgəri (ə)). Və Həsəndən sonra (imam) onun oğlu Qaimdir (İmam Mehdi Sahib-əz-Zaman (ə.f.)). O, zülm və sitəmlə doldurulan Yer üzünü, ədalət və insafla dolduracaq».

    Görürük ki, 10-cu İmam özündən sonrakı 2 İmamın təqdimatını edir. Və özündən sonrakı İmamı (ə) tanıtdırmaqla yanaşı, tam mənada İlahi ədalət və əmin-amanlığın bərqərar olacağı dövrün mütləq gələcəyi və bu mübarək prosesin məhz İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) rəhbərliyi və imaməti vasitəsilə həyata keçiriləcəyi barədə müjdə verir.

    İmam Həsən Əsgəridən (ə) sonra başlayan mərhələ həmişə düşmənləri, zalımları narahat etmişdir. Və onlar həmişə çalışmışlar ki, 12-ci İmamın (ə.f.) dünyaya gəlişinin belə qarşısını alsınlar. Lakin, Uca Allahın lütfü ilə, əlbəttə ki, bütün mənfur planlar puç olub və inşəallah da, olacaqdır». 


    ZALIMIN NÖKƏRLƏRİNİ HAQQ YOLA GƏTİRƏN İMAM (ə)


    «İmam Həsən Əsgəri (ə) cəmi 28 il ömür etmişdir. Və bu qısa, lakin haqq uğrunda, İlahi dəyərlərin yaşadılması uğrunda mübarizəyə həsr edilmiş ömrünün 3 ilini İmam (ə) zindanda keçirmişdir. Önəmli məqam budur ki, hətta zindanda olanda da zalım müstəbidlər İmamdan (ə) qorxur, Həzrət Peyğəmbərin (ə) mübarək yolunun daşıyıcısı olaraq, onun insanları hidayət yoluna gətirməsindən dəhşətə gəlirdilər. Mənbələrdən birində Məhəmməd ibn İsmayıldan belə nəql edirlər: «(İmam Həsən Əsgəri (ə)) zindanda olan zaman, məmurlardan ona qarşı daha da qətiyyətli olmağı və macal verməməyi tələb etdikdə, Saleh adlı bir məmur bunun cavabında bildirmişdir: «Ona daha nə edim? Tapa bildiyim ən pis 2 adamı onun üzərinə qoymuşam, amma o 2 nəfər (o Həzrətin rəftarlarını görərək) tamamilə ibadət və namaz əhli olublar»».

    Təsəvvür edək, 2 nəfər ən əzazil və qəddar adamı zindanda olan İmamın (ə) üzərinə nəzarətçi qoyurlar ki, onunu üçün əziyyət və müsibətli bir durum yaratsınlar. Amma İmamın (ə) ali əxlaqı, Peyğəmbər (ə) əxlaqı, İmam Əli (ə) və Həzrət Fatimə (ə) əxlaqı bu qəddar insanların ruhunu çirkinlik və qəsavətdən təmizlədi, onları Allah bəndəliyinə doğru yönəltdi.

    Zalımlar nə qədər çox təzyiq edirlər, nə qədər çox incitməyə çalışırlarsa, nə qədər çox üzüntülər, sıxıntılara məruz qoyurlarsa, əvəzində daha böyük əzm, daha yenilməz bir ruh görürlər. Əhli-beyti (ə) təqib edənlər, onun tərəfdarlarının sayını artırır, davamçıları daha da əzmli və rəşadətli edir». 

    FİLOSOFUN HİDAYƏTİ


    «İmam Həsən Əsgərinin (ə) İlahi nuru yayma misallarından digəri də xüsusi maraq kəsb edir. Nəql edirlər ki, Samirrada bir xristian məbədi vardı və bunun başçısı xristianların böyük simalarından sayılırdı və çox hörmətli bir adam idi. Həmin xristian bir gün İmamın (ə) hüzuruna gəlir və burada İslamı qəbul edir. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə, belə cavab verir: «Mən bu insanda yalnız Həzrət İsada (ə) mövcud olan nişanələri gördüm».

    Hidayət olunanlarla bağlı çoxsaylı maraqlı faktlardan biri kimi başqa bir misala nəzər salaq. Nəql edirlər ki, məşhur filosof Əl-Fərabinin ustadı olan Kindi, Quranda «ziddiyyətlər» tapmaq kimi qəribə bir xülyaya rəvac verir. Yəni, guya Quranda olan hansısa təzadları toplamaq fikrinə düşür. Qeyd etmək lazımdır ki, Kindi elə-belə, sıradan bir adam deyildi. Dünya fəlsəfi fikrinin tanınmış şəxslərindən sayılırdı. Lakin, filosof Kindi İmam Həsən Əsgəri (ə) ilə ünsiyyətdən sonra öz səhvini başa düşür və İmamın (ə) təsiri nəticəsində bu yanlış istiqamətdə apardığı yazılarını da belə öz əlilə yandırır. Yəni, bu işinin qeyri-elmi və mənasız olduğunu, ona təzad kimi görünə bilən şeylərin əslində kifayət qədər bilgisinin olmamasının məhsulu olmağı ona aydın olmuşdur.

    Zalımlar maksimum çalışıblar ki, İmamların (ə), xüsusilə də İmam Həsən Əsgərinin (ə) xalqla ünsiyyətini əngəlləsinlər, insanlara hidayət nurunu çatdırmasının qarşısını alsınlar. Və belə bir dözülməz və sıxıntılı şəraitdə İmam (ə) insanlara həqiqət və nicat nurunu çatdırmış, insanları doğru yola dəvət etmişdir». 


    ƏSHABA TÖVSİYƏLƏR


    «Bu bəhslər mücərrəd və ümumi bir səciyyə daşımır. İmamın (ə) nəsihətlərinə nəzər saldıqda, bunların nə dərəcədə təravətli və hər zaman üçün aktual olduğunu görə bilirik. Belə ki, İmam Həsən Əsgərinin (ə) öz səhabələrindən birinə yazdığı məktubun bir hissəsindən götürülən tövsiyələrə diqqət yetirək:

    «Allaha həmd və sənadan sonra, bizim əshabımızdansan deyə, sənə tövsiyə edirəm: pəhrizkar və təqvalı ol, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohum-əqrabalarına həmişə baş çək, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərində diqqətli ol».

    İmam ilk olaraq xatırladır ki, həyatda qurtuluş və nicatın yolu məhz təqvadan keçir. Sonra insanları bağışlamaq tövsiyəsini görürük. Məlum olduğu kimi, İslamın bağışlamaq məsələsinə ikili yanaşması vardır. Əgər ictimai zülmləri, günahları bağışlamamaq tövsiyə olunursa, fərdi müstəvidə əksinə, güzəştli olmaq tələb olunur.

    Əxlaqi tövsiyələr sırasında, insanın imkansızlara münasibətdə diqqətli və qayğıkeş olması xüsusilə qeyd olunmalıdır. O məşəqqətli və sıxıntılı dövrlərdə belə, Əhli-beyt (ə) ardıcılları imkansız insanlara diqqətli olmağa dəvət edilir.

    Tövsiyələr zahirdə sadədir. Amma məhz bu sadə şeyləri ixlas və diqqətlə yerinə yetirməkdədir bəndəlik. Hansısa ilğımların ardınca qaçmaq lazım deyil. İnsan öz təklifinə, vəzifəsinə riayət edərsə, gözəl nəticələrə nail olar. Əks təqdirdə, heç bir yaxşı aqibət qazana bilməyəcəkdir. Allahdan istəyimiz budur ki, bu işlərdə hamıya kömək olsun, bütün insanlara nəcib islami keyfiyyətləri əldə etmək tofiqatını nəsib etsin!».

    Hacı İlqar qeyd etdi ki, İmam Sahib-əz-Zamanın (ə.f.) erasının başlanması əslində 2 mərhələyə bölünür: «Bu – kiçik qeyb və indi də yaşadığımız böyük qeyb dövrüdür. Böyük qeyb dövrünün ən əsas məxsusluğu intizar fəlsəfəsinə qayıdır. Bu intizar – süstlük, laqeydlik deyil, əksinə hər vəchlə özünü və toplumu kamilləşdirmək, ətrafa hidayət nurunun yayılmasına səy etmək kimi əməllərə rəvac verməkdən ibarətdir. İmamı (ə.f.) gözləməyin həqiqi mənası – aktiv intizar, yəni, bütün səy və bacarıqla qayıdışın hazırlığını aparmaqdır. Allah Təala cəmi insanları bu mübarək QAYIDIŞI tezləşdirənlərdən qərar versin! AMİN!» 


14.03.08

  Hazırladı: Əli Cəfər
"Deyerler” AİN (www.deyerler.org)

Category: Diger me'lumatlar | Baxış: 1032 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]