Bazar günü, 2024-12-22, 6:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 27 » İMAMƏTƏ AİD AYƏ VƏ RƏVAYƏTLƏR
10:34 AM
İMAMƏTƏ AİD AYƏ VƏ RƏVAYƏTLƏR
 
İMAMƏTƏ AİD AYƏ VƏ RƏVAYƏTLƏR

İslam Peyğambərinin (s) canişinləri haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
 
 1-Maidə surəsi, ayə,55:
 
Allah təala bu ayədə buyurur: «Şübhəsiz sizin rəhbəriniz Allah, Onun elçisi və iman gətirib namaz iqamə edən və ruku halında zəkat verənlərdir.»
 
Həzrət peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə) belə nəql edir:
 
«Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən bir yoxsul məscidə daxil oldu. Heç kəs ona bir şey vərmədiyindən əllərini göyə qaldıraraq dedi: «İlahi! Şahid ol ki, mən sənin peyğəmbərinin məscidində kömək istədim, amma heç kəs mənə bir şey vermədi.
 
 Elə bu vaxt namazda rükuya getmiş Həzrət Əli əleyhissalam barmağında olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü həzrət Əli əleyhissalamın barmağından çıxararaq getdi. Həzrət Peyğəmbər (s) bu səhnəni gördükdə əllərini qaldırıb belə dua etdi:...İlahi! Qardaşım Musa əleyhissalam Səndən özü üçün qardaşı harunu vəzir (və köməkçi) istədi. İlahi! Mən də sənin peyğəmbərin və seçilmiş bəndənəm.....Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və möhkəm dayaq qərar ver.
 
Əbuzər (r.ə) deyir: Həzrət Peyğəmbərin duası qurtarmamış Cəbrail əleyhissalam nazil olaraq bu ayəni (Nisa surəsinin 55-ci ayəsini) çatdırdı.»
 
 Bu rəvayət təkcə şiələr tərəfindən deyil, həm də bir çox əhli sünnət alimləri tərəfindən nəql olunmuşdur.
 
Mərhum Əllamə Əmini (r.ə) nəql olunmuş hədisi özünün «Əl-ğədir» kitabında gətirmiş və onun 30-a yaxın sünnü alimi tərəfindən də nəql olunduğunu qeyd etmişdir ki, Təbərinin təfsiri, 6,165, İbni Kəsirin «Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin «Əs-səvaiq, səh.25 və s... kitablar buna nümunə ola bilər.(«Əl-ğədir», 2-ci cild, səh-52 )
 
2-Nisa surəsi, 59:
 
Allah təala bu surədə belə göstəriş verir:
 «Ey mö'minlər! Allaha, peyğəmbərə və əmr sahiblərinə itaət edin.»
 
«Cabir ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət Peyğəmbərə (s) nazil olanda soruşdum: Ey Allahın elçisi! Biz Allahı və Onun peyğəmbərini tanıdıq, amma sizinlə yanaşı itaəti (vacib) olanların kim olduğunu bilmirik. Həzrət Peyqəmbər (s) cavabımda buyurdu:
 
«Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır.
 
Onların birincisi Əliyyibni Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd ibni Əlidir ki, sən onu görəcəksən.
 
Ey Cabir, onu görəndə mənim salamımı ona çatdırarsan. Sonra Sadiq Cə'fər ibni Mühəmməd, sonra Musəbni Cə'fər, sonra Əliyyibni Musa, sonra Mühəmməd ibni Əli, sonra Əliyyibni Mühəmməd, sonra həsən ibni Əli və daha sonra mənim adımda olan Allahın höccəti (Sahibəz-zəman əleyhimus-səlam)-dır.»(«Əl-mizan təfsiri», 4-cü cild, səh.435  )
 
3-«Əl-ğədir» hədisi:
 
Bir çox hədis mən'bələrində nəql olunmuş «Əl-ğədir» hədisinin məzmunu belədir:
 
«Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm hicrətin 10-cu ilində sonuncu həcc səfərindən qayıdarkən, «Qədir-Xum» adlı bir yerdə ona ilahi vəhy nazil oldu. Allah təala öz vəhyində buyurdu:
 
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ...
 
«Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan və Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır.»(«Maidə» surəsi, ayə.67 )
 
həzrət Peyğəmbər bu vəhyi aldıqdan dərhal sonra, təxminən 120-min nəfərə yaxın olan müsəlmanların bir yerə toplaşmasını əmr edib buyurdu: «Qabaqda gedənlər geri qayıtsın və arxada qalanlar özlərini bura çatdırsınlar».
 
Müsəlmanlar bir yerə toplaşdıqdan sonra o həzrət uca bir yerə qalxaraq söhbətə başladı və xütbə oxuduqdan sonra buyurdu:
 
من كنت مولاه فهذا على مولاه...
 
«Mən hər kəsə rəhbər idimsə, Əli də onun rəhbəridir.
 
İlahi! Əlini dost tutanları dost, düşmən tutanları düşmən tut, onu sevənləri sevib, ona qəzəb edənlərə qəzəb et. (İlahi!) Əliyə kömək edənlərə kömək ol, onu zəlil etmək istəyənləri zəlil et və hər bir yerdə haqqı onunla birgə et.»
 
Mərhum Əllamə Əmini (r.ə) bu hədisi əhli sünnətin altımışdan artıq mö'təbər kitablarından nəql etmiş, onların müəllifini, və dəqiq ünvanlarını da qeyd etmişdir.
 
 Daha sonra müsəlmanlar bir-bir imam Əli əleyhis-salamla görüşüb bey'ət edir və bununla da öz gələcək rəhbərlərinə bu məqamı təbrik deyirdilər.
 
Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm üzünü müsəlmanlara tutaraq bu xəbəri başqalarına çatdırmağı da göstəriş verdi.
 
 Qeyd etməliyik ki, Əllamə Əmini (r.ə) «Əl-ğədir» hədisini Həzrət Peyğəmbərin (s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman, Ayişə və sairlər də gözə dəyir.(Əl-ğədir» 1-cild, səh.14-61 )
 
Bə'zi inadkar şəxslər bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş «mövla» sözünə rəhbər deyil, dost mə'nası verirlər.
 
Görəsən, Ərəbistan çölündə, yay fəslində, günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb «Əli mənim dostumdur» sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər haqqında nə dərəcədə düzgün ola bilər?!
 
Halbuki bu iş, ilahi peyğəmbərdən deyil, adi bir insandan da baş versəydi, gülünc bir iş olardı. Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin bu sözləri tə'kidlə buyurması və s.. əlamətlər inadkarların iddia etdiyi sözün əsassız olmasını yetirir.
 
4-Səfinə hədisi:
 
Bu hədisə əsasən Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm öz Əhli-beytini həzrət Nuhun gəmisinə bənzədərək buyurur:
 
«Agah olun! Şübhəsiz mənim Əhli-beytim Nuh peyğəmbərin öz milləti arasında olan gəmisi kimidir ki, o gəmiyə minən nicat tapar, ondan üz döndərən isə qərq olar.»(«Səhihi Müslüm» 7, 122, «Müstədrəki hakim» 3,109, «Səfinətul-bihar» 4-cü cild, (Səfinə kəlməsi) və s... )
 
 Mə'lum olur ki, peyğəmbərimin (s) Əhli-beytindən üz döndərmək, şiddətli tufanlar qarşısında qurtuluş gəmisindən üz döndərmək kimidir.
 
 Qeyd etmək lazımdır ki, Mərhum Mir hamid hüseyn (r.ə) «Səfinə» hədisini özünün «Əbəqatul -ənvar» kitabında 90-a yaxın əhli sünnət alimlərindən nəql etmişdir.(İlahiyyat, səh,406 )
 
 5-Səqəleyn hədisi:
 
İmamət və rəhbərliyə aid olan əhəmiyyətli rəvayətlərdən biri də «Səqəleyn» hədisidir.
 
 həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm bu hədisdə belə buyurur:
 
 اِنّى تارِكٌ فِيكُمُ الثِقْلَيْن ما إِنْ تَمَسَّكْتُمْ بِهِما لَنْ تَضِلُّوا: كِتابَ اللهِ عِتْرَتى أَهْلَ بَيْت
 
 "Mən sizin aranızdan gedərkən, iki )ağır əmanəti( qoyuram ki, o iki əmanətdən itaət etsəz, heç vaxt yolunuzu azmayacaqsınız. )O iki əmanət( Allahın kitabı (Qur’an) və mənim Əhli-beytimdir”.(Yənabiul–məvəddət, 1 / 37, Sunənut–Termezi, 5 / 666, hədis / 3786, 3788, Əhlul–beyt fil–kitabi vəs–sunnə, səh-115, hədis/ 166, Səfinətul-bİhAr>>1-ci cild, (Səqəleyn kəlməsi) və s... )
 
 Mərhum Mir Hamid Hüseyn (r.ə) bu hədisi 3-13-cü əsrlərdə yaşamış 200-ə yaxın əhli sünnət alimlərindən nəql etmişdir.(İlahiyyat, səh- 403 )
 
Bura qədər qeyd olunmuş ayə və rəvayətlərə kifayətlənir və imamət haqda mövcud olan bir çox ayə və rəvayətlərin mütaliəsini öz öhdənizə qoyuruq.
 
Nəql olunmuş ayə və rəvayətlər, Həzrət peyğəmbərimizdən sonra başqalarının deyil, yalnız o həzrətin Əhli-beytinin rəhbərliyini təsdiq edir və imamətin (ilahi rəhbərliyin) yalnız Əhli-beyt [əleyhis-salam]-a məxsus olduğunu yetirir.
 

 
Category: Diger me'lumatlar | Baxış: 1001 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]