Bazar günü, 2024-12-22, 11:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 28 » İmam Hüseyni (ə) ziyarət etməyinin fəziləti
12:46 PM
İmam Hüseyni (ə) ziyarət etməyinin fəziləti

Hədislərdə bu məsələyə çox təkid edilmişdir. Kimin Kərbəlaya getməyə imkanı varsa, bunu etməlidir. İmam Baqir(ə) buyurur: «Ey tərəfdarlarımız, gedin Hüseynin (ə) qəbrini ziyarət edin!»Başqa bir hədisdə isə deyilir: «Hüseynin qəbrinin ziyarətinə getməyən (əlbəttə ki, imkan daxilində) şəxs özünü bizim tərəfdarlarımızdan hesab etsə də əslində o, bizim tərəfdarlarımızdan deyil. Öldükdən sonra Cənnətə getsə də orada yalnız qonaq qalar».

Başqa bir hədisdə isə İmam Sadiq (ə) buyurur: «Sizlərdən kimsə 1000 dəfə həcci ziyarət edə, lakin Hüseyni (ə) ziyarət etməyə, Allahın haqqını verməmiş olar». Bir nəfər soruşur ki, ağa, nəyə görə? İmam buyurur: «Çünki Hüseynin hamının boynunda haqqı vardır». Bəli, həqiqətən də belədir. Bu gün dünyada kim namaz qılırsa, kim «la İlahə illəllah» deyirsə, onun boynunda İmam Hüseynin (ə) haqqı vardır. Çünki Yezidin tamamilə aradan aparmaq istədiyi İslamı məhz İmam Hüseyn (ə) yaşatdı. Avropa alimlərindən biri deyirdi: «Gərək biz Avropanın hər bir yerində Müaviyənin heykəlini ucaldaq. Çünki o olmasaydı, indi bütün dünya müsəlman olardı.»

İmam Hüseynin (ə) ziyarəti təkcə insanlara xas olan bir məsələ deyil. Hədislərdə göstərilir ki, o həzrətin (ə) qəbrini mələklər, peyğəmbərlər, hətta Allah-təala Özü də ziyarət edir. İmam Sadiq (ə) səhabəsi Səffan Cəmmala deyir: «Heç Hüseyni ziyarət edirsən?» Səffan həmin sualı İmamın özün qaytararaq deyir: «Siz özünüz də ziyarət edirsiniz?» İmam Sadiq (ə) ona belə cavab verir: «Axı necə ziyarət etməyim? Halbuki Allah da hər cümə axşamı onu ziyarət edir! Hələ mələklər və peyğəmbərlər də onu ziyarət edirlər».


Səs xəlq olundu canibi-Pərvərdigaridən

Əl çəkmərəm Hüseyn, mən Özüm yaruvəm sənin.

Bu qəmsərayi-eşqidə qəmxarünəm sənin

Hüseyn, qoymurlar gər ziyarətüvə Əhli-beytini

Ərvahi-ənbiya ilə zəvvarinəm sənin

Eşqin bir olsun, at nəzərindən Rüqəyyəni

Mən saxlaram o tiflüvi, nigəhdarinəm sənin. 

Hədislərdə deyilir ki, İmam Hüseynin (ə) qəbri daima mələklər və peyğəmbərlərin ziyarətgahıdır.Belə ki, bir an da olsun ora mələk və peyğəmbərsiz qalmır. İmam Hüseynin (ə) zəvvarını mələklər, Peyğəmbər (s), xanım Zəhra (ə) və eləcə də bütün imamlar dua edirlər. Həmin şəxs ziyarət məqsədilə evindən çıxıb evinə qayıdanadək Allahın nəzarəti altında olar. İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə eləsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni Peyğəmbər (s), Fatimə (ə), Əli (ə) və bütün İmamların (ə) dua etdiyi şəxslərin sırasında görməsini istəmirsən?» O həzrət başqa bir hədisdə buyurur: «Muhəmməd qızı Fatimə Hüseyni ziyarət etməyə gəlmiş şəxsin yanında hazır olub onun üçün Allahdan bağışlanmasını diləyər».

Əziz oxucular, Xanım Zəhranın (ə) duasının qəbul edilməməsi mümkündürmü? Buna görə də hədisdə deyilir ki, Kərbəla ziyarətindən gələn şəxsin bütün günahları bağışlanar.

İmam Hüseynin (ə) ziyarətinin həm dünyəvi, həm də axirət mənfəəti vardır. Dünya mənfəətləri bunlardır:

1. Allah onun hacətlərini həyata keçirər.

2. Allah onun ruzisini bol edər və riayət üçün xərclədiyini müxtəlif vasitələrlə ona yetirər.

3. Allah onun 50 illik bütün günahlarını bağışlayar və o, ziyarətdən evinə günahsız qayıdar.

4. İmam Hüseynin (ə) ziyarətinə gedən şəxs səfərdə olduğu müddətdə vəfat edərsə, mələklər enib ona qüsl verər, Cənnət qapıları onun üzünə açılar və qiyamətədək onun ruhu orada qalar.

5. Kərbəla ziyarətinə gedən şəxsin ziyarətdə olduğu günlər həmin şəxsin ömründən sayılmaz.

Qeyd etdiyimiz bütün bunların hamısı hədislərdə göstərilmişdir. İmam Hüseyni (ə) ziyarət etməyin axirət mənfəətlərinə gəldikdə isə aşağıdakı hədisə diqqət yetirmək kifayətdir. İmam Sadiq (ə) buyurur: «Peyğəmbər Hüseyn uşaq olarkən ona baxıb buyurmuşdur: Kim mənim bu uşağımı ziyarət edərsə, Allah ona bizim bir həcc savabından verər. Aişə o Həzrətdən soruşur ki, ya Rəsulullah, bir həcc savabı? O həzrət buyurur, yox, iki həcc savabı. Aişə soruşur ki, iki həcc savabı? Peyğəmbər buyurur ki, yox, dörd həcc savabı. Aişə hər dəfə soruşduqda Peyğəmbər doxsan həcc savabına qədər ona savab verdi». Bəli, məhz belə də olmalıdır. Çünki bu dini gətirən Həzrət Muhəmməddirsə (s), onu yaşadan İmam Hüseyndir (ə). Necə ki, o həzrət Kərbəlada Kufə qoşununa xitabən bunu özü buyurur: «Əgər Cəddimin dini mənim ölümümlə yaşayacaqsa, onda ey qılınclar, parçalayın məni!»


Ta atəşi əşrarə Hüseyn xeyməsi yandi,

Gün batdi, ədu yatdi, şəfəq qanə boyandi,

Nahəqq tökülən zülm ilə xuni-şühədadən,

Qan moci bu səhradə kəran ta be kərandi.

Yer qandi, hava qandi, fələk qandi, şəfəq qan

Lövhü-qələmü ərşi-Xudavəndi də qandi. 
İlahi, İmam Hüseyn (ə) xatirinə bizi Hüseyndən ayrı salma! Günahlarımızı əfv et! Ölənlərimizə rəhmət elə! Aqibətimizi xeyirli et! Dünyada İmam Hüseynin (ə) ziyarətini, axirətdə isə şəfaətini bizlərə nəsib et! Hüseyn (ə) məhəbbətini qəlbimizdən çıxarma! İlahi, Qarabağdan Kərbəlayadək işğal olunmuş bütün müsəlman torpaqlarını Özün azad et! İşğalçıları məhv elə! İslamın uca olan bayrağını daha da uca et! Bizləri namaz qılmayanlardan qərar vermə! Öz mərhəmətini bizlərdən əsirgəmə! İmam Zamanın (ə.f) zühurunu tezləşdir! Hacəti olanların hacətini həyata keçir! Qəbrimizin ilk gecəsində İmam Əlini (ə) bizlərə qonaq elə! İlahi, Peyğəmbər və Ali-Peyğəmbər xatirinə ölən günümüzədək bizlərə halal və minnətsiz ruzi əta et! Verdiyin nemətləri bizlərdən alma! Amin, ya Rəbbəl-aləmin! 

ihq.az


Category: Diger me'lumatlar | Baxış: 1246 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]