Bazar günü, 2024-12-22, 10:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 31 » İbrahimi dinlərdə arvadların sayı
6:32 AM
İbrahimi dinlərdə arvadların sayı

     Yəhudi dinində
     Müqəddəs kitabda olduğu kimi,"Təlmud”da da arvadların sayının çox olması haram bilinməmişdir, amma qadağalar qoyulmuşdur. Buna baxmayaraq, İbrahim (ə) (Sara və Hacər ilə evlənmiş), Həzrət Yaqub (ə) (Ləya və Rahil ilə evlənmiş), Həzrət Davud (ə) və Həzrət Süleyman (ə) barəsindəki hekayələri oxuduqda belə bir qənaətə gəlirik ki, keçmiş zamanlarda kişilər eyni zamanda bir neçə xanımla ailə qura və onlardan oğul-uşaq sahibi ola bilirdilər.
     Vil Dorant yəhudilərin antik tarixi barəsində belə yazır: "Kişi dövlətli olduğu təqdirdə özünə bir neçə qadın seçə bilərdi. Sara kimi qadın sonsuz olduğu təqdirdə həyat yoldaşına yeni xanım seçməsi üçün icazə verərdi. Bu adət-ənənələri həyata keçirməkdə məqsəd nəslin artırılması idi.”
     Müasir yəhudilikdə arvadların sayının çox olması geniş yayılmış məsələlərdən biridir və çox arvad sahibi olmanın əsas şərti iqtisadi baxımdan tam təminatdır. Digər tərəfdən də arvadların sayı baxımından da heç bir məhdudiyyət nəzərdə tutulmamışdır, amma başqa bir dini etiqada əsasən, bir kişinin həyat yoldaşlarının sayı dörddən çox olmamalıdır.
     
     Xristianlıqda
     Xristianlar orta əsrlərdə çoxarvadlılığı qadağan etdilər və xristianların hakimiyyəti altında yaşayan yəhudilər çoxlu həyat yoldaşına malik olmalarından utanaraq yeni qanuna əsasən yaşamağa başladılar. Çoxarvadlılığı qadağan edən qanunun banisi kimi "Ravin Qarşum”un adı çəkilir. Bunu da qeyd etmək lazımdır ki, digər məlumatlara əsasən, bu qadağa bir çox cəmiyyətlərdə mövcud olmuşdur.
     Burada bir məsələni qeyd etmək lazımdır ki, boşanmaq və yenidən ailə qurmaq xristian cəmiyyətinin ən böyük problemlərindən biri kimi sayılır. Bu problemə münasib cavabın tapılmaması xristian cəmiyyətini iki hissəyə parçalamışdır: mütləqlik nəzəriyyəsinin davamçıları və nisbilik nəzəriyyəsinin davamçıları.
     Mütləqlik nəzəriyyəsinin davamçılarının nəzərincə, xristian ailəliyi ömürlükdürsə və belə bir kəbin kəsilmişdirsə, ikinci ailəlik zina xarakteri daşıyır.
     
     İslam dinində çoxarvadlılıq
     Arvadların sayının çox olması İslam dinin ixtirası deyildir və tarixə nəzər saldıqda görərik ki, bu, İslamdan öncə də bir çox cəmiyyətlərdə və dinlərdə mövcud olmuşdur.İslam dininin həyata keçirdiyi fəaliyyətlər nəticəsində bu məsələnin əsas prinsipi qəbul olunsa da, bu məsələ xüsusi qanun-qayda şəklinə salındı və hansı insanların çox həyat yoldaşına sahib olmasının bütün şəraiti nəzərə alındı.Daha dəqiq desək, İslam dininin həyata keçirdiyi fəaliyyətlər islahatçı xarakter daşıdı.Bu sahədə atılmış ilk addımın nəticəsi olaraq arvadların sayı məhdudlaşdırıldı. İslam dinindən öncə arvadların sayı sahəsində heç bir məhdudiyyət mövcud deyildi və bir şəxs eyni zamanda yüzlərlə arvada sahib ola və xanımlardan hərəm yarada bilərdi. Amma İslam dini arvadların sayı sahəsində xüsusi qayda-qanun tətbiq edərək onu məhdudlaşdırdı.
     İslam dininin bu sahədə apardığı islahatçı addımlarından biri də arvadlar arasında ədaləti bərqərar etmək məsələsindən ibarət oldu.Yəni bu addımın atılması ilə kişinin öz xanımları arasında ayrıseçkilik yaratmasına qəti şəkildə icazə verilmədi. Qurani-Kərimdə açıq-aydın şəkildə belə buyurulmuşdur:
     "Əgər (qadınlarla) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.”("Nisa” surəsi, ayə 3)
     İslam dini arvadlar arasında ədalətin bərqərar olunması məsələsinə şiddətli dərəcədə təkid göstərir. Belə ki, kişinin ikinci dəfə ailə qurmasından sonra birinci və ikinci arvad arasında ayrıseçkilik yaratmasına, onların yaşayış şəraiti arasında fərq qoymasına qəti şəkildə icazə vermirdi.
     Bundan əlavə, biz bəşəriyyətdə mövcud olan problemlərə ümumi bir nəzər salsaq, çoxarvadlılığa rəsmi formada icazə verilməsinin olduqca ağıllı və düşünülmüş addım olmasının şahidi olarıq. Belə ki, qeyd etdiyimiz qanunun həyata keçirilməməsi nəticəsində cəmiyyət üçün problemli şərait meydana çıxmış olacaq.
     Belə ciddi əxlaqi və etik şəraitin bərqərar olunması ilə həyat yoldaşlarının sayının çox olması kişinin öz şəhvani hisslərini həyata keçirməkdən daha çox, onun öz üzərinə düşən vəzifələri həyata keçirmək mənasını daşıyır. Bir məsələni də diqqətimizdən yayındırmamalıyıq ki, İslam dinində çox arvada sahib olmaq məsələsi mövcud olsa da, bu işi görməyə ciddi şəkildə təkid göstərilməmişdir və belə bir addım atmaq tövsiyə edilməmişdir. Çünki ailə həyatında ən əsas prinsip bir həyat yoldaşına sahib olmaqdır. Çox arvad almaq sahəsində meydana çıxmış zərurətdən sonra, şəriət tərəfindən tənzimlənmiş xüsusi qanun-qaydalara riayət etmək vacibliyi meydana çıxır.
     
     Bəhsimizdən əldə olunan nəticə
     Bütün deyilənləri nəzərə alsaq, belə qənaətə gələ bilərik ki, arvadların sayı barəsində də müxtəlif fərqlər mövcuddur. Belə ki, yəhudilər arvadların sayı barəsində heç bir məhdudiyyət qoymurlar, xristianlar buna icazə vermirlər və İslam dinində xüsusi qanun-qaydalar çərçivəsində arvadların sayı sahəsində müəyyən hədd qoyulmuşdur.
     
Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: Diger me'lumatlar | Baxış: 852 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]