Bazar günü, 2024-12-22, 10:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 28 » Hüseyn və zillət?!
3:07 PM
Hüseyn və zillət?!
Hüseyn və zillət?!


Məhərrəm ayı daxil olanda İmam Hüseyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: "Hüseyn və zillət?! Hüseyn heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik”. Bu sözlər İmam Hüseynin (ə) qanla yazdığı sözlərdir və Qiyamətə qədər yaşayacaq. Necə ki, yaşayır…

Tarixdə Kərbəla hadisəsinə İmam Hüseyn (ə) və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquşması kimi baxmaq lazımdır. İmam Hüseyn (ə) haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində. İmam Hüseyn (ə) haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı. Hamıya məlum olduğu kimi, tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib. İmam Hüseyn (ə) zülmə qarşı mübarizə aparır və deyirdi: "Mən cəddimin ümməti arasında islahat aparmaq üçün ayağa qalxmışam və bu mübarizəni qanımın bahası hesabına belə olsa da haqq olduğu üçün davam etdirəcəyəm”. Heç şübhəsiz əgər o həzrət bu mübarizədə geri çəkilsəydi, zülm və zalımlara göz yummuşlardan olar, qəlblərdə müqəddəsliyini heç vəchlə ucalda bilməzdi.

Müaviyə oğlu Yezidin zülmü o yerə çatdı ki, artıq İmam Hüseyn (ə) öz doğma vətəni Mədinə şəhərində yaşaya bilməyib Məkkəyə köçmək məcburiyyətində qaldı. O, bütün əhl-əyalını da özü ilə aparırdı. Mədinə şəhərindən çıxmamışdan qabaq qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktubunda özünün məqsədini – zülm və küfrə qarşı çıxdığını belə bəyan edirdi: "Dünya əhli bilsin ki, səltənətə yetişməyə çalışan yalançı, üsyançı, dava-dalaşçı, məqampərəst, zalım deyiləm və belə məqsədlərim də yoxdur. Mən yalnız islah tələb edir, bu yolda qiyam qaldırıram. Mən öz babamın ümmətini – müsəlmanları nəhy əz-münkər (pisliklərdən çəkindirmək, yaxşılığa tərəf aparmaq) istəyirəm”.

Təəssüf ki, çoxları Kərbəla hadisəsini ideya və əqidə carçısı yox, rəyasət və mülkiyyətin savaşı kimi qələmə verirlər. Əgər belə olsaydı, İmam Hüseyn (ə) Yezidin ona təklif etdiyi Yəsrib vilayətini, cəddinin şəhərini – Mədinəni tərk etməz, susuz Kərbəla çölünə getməzdi. Əgər mülkiyyət və rəyasət üstündə mübarizə getsəydi, onlar asanlıqla bölgülərə razılıq verib, aralarında yaranmış problemi həll edərdilər. Lakin bu heç də belə deyildi. Bu mübarizə din və əqidə üzərində qurulmuşdur. İmam Hüseyn (ə) İslamın meyarı olan imanın rəhbəri, Yezid isə küfrün nümayəndəsi idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi İslam şəriətini olduğu kimi yaşatmaq istəyirdi. Yezid isə bütpərəstliyi, qumarı, zinanı, şərabxorluq və bu kimi İslamın yasaq etdiklərini bərpa etmək istəyində idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi şəriətin həyatda qalması üçün bütün varından, qardaşlarından, övladlarından keçdi. O deyirdi: "Əgər cəddimin şəriəti mənim ölməyimlə diri qalarsa, ey qılınclar, gəlin məni doğrayın”.

İmam Hüseynə niyə yas saxlayırıq?

İmam Hüseynə (ə) yas saxlamaq bizlərə Həzrət Mühəmməd Peyğəmbərdən (s) miras qalıb. O Həzrət də həyatı boyu baş verəcək bu hadisəni yad edərək ağlayıb. Hətta bir gün qızı Fatimeyi-Zəhraya belə buyurub: "Hər kim balam Hüseynə ağlasa, biz Qiyamət günü onun Cənnətə daxil olmasına zaminik”.

Göründüyü kimi Həzrət Peyğəmbər (s) hələ sağlığında baş verəcək Kərbəla şəhadətinə qiymət vermiş və İmam Hüseynə (s) ağlayan qəlblərin Qiyamət günü Cənnətlə mükafatlanacağını bildirmişdir. Lakin çox təəssüf ki, bəzi hallarda şiələr istisna olmaqla Peyğəmbər (s) dininin davamçıları onun buyurduğunu əhəmiyyətsiz bir məsələ kimi qəbul edirlər.

İngilis şərqşünası, professor Edvard Braun Kərbəla hadisəsi ilə bağlı belə yazır: "Görəsən, elə bir şəxs tapılar ki, Kərbəla hadisəsini eşidə, onun ürəyi qəmlə, kədərlə dolmaya?”

Alman professoru Marrbinin fikrincə, müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinin nəticəsidir: "Ona görə ki, İmam Hüseyn (ə) eşqilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”. Alman professorunun sözlərinə diqqət etsək, o, burada bütün müsəlmanları nəzərdə tutur. Amma, görəsən, bütün müsəlmanlar İmam Hüseynə (ə) niyə yas saxlamır?

Hindistanın görkəmli dövlət xadimi Mahatma Qandi isə belə demişdir: "Hindistanı xilas etmək istəyirsinizsə, İmam Hüseyn (ə) yolunu tutun”. M.Qandinin necə güclü bir dövlət xadimi olması heç kəsə sirr deyil. O, ölkəsinin xilasını İmam Hüseynin (ə) yolunda axtarırsa, deməli, biz göz yaşlarımızı əbəs yerə axıtmırıq.

Kərbəla hadisəsinə ağlamağın böyük məntiqi və fəlsəfəsi var. İslam alimi Əbdürrəhman Yusifpur bu fəlsəfəni təkcə ağılla yox, həm də qəlbən, böyük bir eşqlə dərk etməyin lazım olduğunu bildirir: "İnsanın bir ideyaya bağlılığı həm əqli, həm də hissi cəhətdən olmalıdır. Necə ki, söz və kəlam ağlın təzahürüdür, göz yaşları da eşqin və məhəbbətin nişanəsidir".

Yezidsevər müsəlmanlar...

Bəzi İslami təriqətlərin Yezid ibn Müaviyəyə edilən beyətə münasibəti də anormaldır. Onlar bu beyəti məqbul sayır. Lakin iki şeyə bu beyətdə irad tutublar: Birinci, bu yolla xəlifə təyin etməsi, yəni, rəhbərliyi oğluna verməsi YENİ BİDƏTİDİR. Rəhbərliyin ötürülməsi ilk vaxtlarda məşvərətlə qeyri-qohumları rəhbər təyin etməklə həyata keçirildiyi halda o, rəhbərliyi özündən sonra oğluna verməklə rəhbərliyi varisliyə çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim qəbul edərdi. Şəxsiyyətindən asılı olmayaraq bu üsulla rəhbər seçmək bəyənilən deyildir. Ona görə alimlər rəhbərliyin varisliyə çevrilməsini qəbul etmirlər.

İkinci, o vaxt Yeziddən başqa, Həsən, İbn Ömər və İbn əz-Zubeyr kimi rəhbərliyə daha layiq olan digər insanlar var idi.

İbn əl-Ərəbi deyir: "Rəhbər seçimini şuranın öhdəliyinə buraxmayan, qohumlarını bu işə qatan Müaviyə artıq xeyirli üslubu tərk etmişdi. Qaldı ki, oğlunu rəhbər təyin eyməsi bəyənilən əməl olsun. Lakin o oğlu üçün hamıdan beyət aldı və insanlar ona beyət etdilər və şəriətə görə onun xilafəti məqbul sayıldı”. (əl-Əvasim Minəl Qəvasim: səh 228.)

Bu zəlalət yolçuları Kərbəla hadisəsini və xüsusən də İmam Hüseynin (ə) şəhadətini əhəmiyyətsiz bir hadisə kimi qiymətləndirirlər. Onların ən radikal qrupları hesab edir ki, İmam Hüseyn (ə) haqlı yerə öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Hətta buna dəlil olaraq Peyğəmbərdən (s) hədis də gətirirlər: "Sizin vahid rəhbəriniz olduğu halda kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün". (Səhih Müslim, Kitab əl-İmarə, № 1852.)

Yaxşı, əgər belədirsə, bəzi İslami təriqətlərin nümunəvi səhabə kimi İslama dürtüştürməyə çalışdığı Müaviyə niyə Həzrət Əliyə (ə) beyət etmədi. Budurmu sizin vəhşət saçan ədalətiniz?

Cənnət cavanlarının ağasını susuz bir çöldə qətlə yetirən xəlifə vəhabilərin gözündə nümunəvi səhabəyə çevrilir. Axı, Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır". (Tirmizi, Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, № 3768.) Budurmu, sizlərin əhli-beytə sünnə nöqteyi-nəzərdən sevginiz...

İmam Hüseynin (s) öldürülməsində Yezidin əli olmadığını bildirirlər. Bəs, Ubeydullah ibn Ziyadı İmamın üzərinə göndərən kim idi?

Zəlalət yolçularının baş biləni İbn Teymiyyə yazır: "Bütün rəvayətçi alimlər (kimlər, qeyri-müəyyəndir. Müəllif) deyirlər ki, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid, İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan vermə. Yezid, Hüseynin qətlini eşitdikdə kədərləndi və onun evində ağlaşma səsləri yüksəldi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə Hüseynin ailəsinə yaxşı baxıb onları yaşadıqları yerə göndərdi.”

İmam Zəhəbi isə demişdir: "Biz Yezidi nə söyür nə də sevirik!”

Bunlar müaviyələrin, yezidlərin törəmələridir. Həyasızcasına şərəbxor, zinakar Yezidin əməllərinə haqq qazandırırlar. Bu müsibətə əcnəbilər belə göz yaşı axıtdıqları halda öz içimizdəkilər... az qala çəpik çalıb oynasınlar.

Onlar bu cəsarəti haradan, kimdən alırlar? Niyə Özbəkistanda olduğu kimi bunları gəldikləri yerlərə göndərmirlər. DEMƏDİ, DEMƏYİN: Dövlətin tolerant münasibəti belə davam edərsə Azərbaycan cəmiyyəti təriqətlər məngənəsində boğulacaq.



Niyaz Niftiyev
haqyolu.com
Category: Diger me'lumatlar | Baxış: 1006 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 1
0  
1 Gultekin   (2011-11-30 10:20 PM) [Daxil et]
Salam.cox sagol. oxudum

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]